5. Beynəlxalq marketinq və Azərbaycanın xarici iqtisadi fəaliyyət.
Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra iqtisadi sahədə öz suveren hüquqlarını gerçəkləşdirməyə və müstəqil siyasət aparmağa başlamışdır. Bu siyasətin başlıca istiqamətlərini müxtəlif mülkiyyət formaları əsasında yaradılan iqtisadi sistem, bazar iqtisadiyyatına keçid və dünya iqtisadiyyatına inteqrasiya təşkil etmişdir.
Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövr ərzində Azərbaycan Respublikasının iqtisadi siyasəti və gərgin fəaliyyəti nəticəsində, ağır ilkin şərtlərə baxmayaraq, ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük nailiyyətlər əldə olunmuşdur. Ən böyük nailiyyət isə ondan ibarətdir ki, bu dövrdə ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranmışdır.
Azərbaycan Respublikası dövlət müstəqilliyini qazandıqdan sonra onun xarici iqtisadi siyasətinin mühüm istiqamətlərindən birini beynəlxalq maliyyə-kredit və iqtisadi qurumlarla əlaqələr təşkil etmişdir. Ötən dövr ərzində bu sahədə kifayət qədər iş görülmüşdür. Azərbaycan, demək olar ki, bütün nüfuzlu beynəlxalq qurumlara, o cümlədən 1992-ci ildə Beynəlxalq Valyuta Fonduna, Dünya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, İslam İnkişaf Bankına, 1999-cu ildə Asiya İnkişaf Bankına üzv qəbul olunmuşdur.
Azərbaycan Respublikasının yeni çalarlarla zənginləşdirilmiş sosial-iqtisadi siyasətin strateji məqsədləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik olan sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin olunmasıdır.
Yeni iqtisadi sistemə keçidi normal həyata keçirmək üçün Azərbaycan daimi olaraq beynəlxalq inteqrasiyaya qoşulmalı və öz potensial imkanlarından istifadə edərək orada fəal iştirak etməlidir.
Azərbaycanda bazar iqtisadiyyatına keçid prosesi xüsusi mülkiyyətə əsaslanan on minlərlə müəssisə, cəmiyyət, birlik, təşkilatlara vasitəsiz xarici ticarət əlaqəsi yaratmağa və valyuta-təsərrüfat əməliyyatları aparmağa imkan verdi. Artıq istənilən müəssisə xarici iqtisadi fəaliyyətlə məşğul olmaq hüququna malikdir. Böyük təbii sərvətlərə və iqtisadi ehtiyatlara malik olan Azərbaycanın gələcək iqtisadi inkişafı, həlledici dərəcədə onun ümumdünya təsərrüfatı sisteminə fəal və səmərəli inteqrasiyası prosesindən asılıdır. Beynəlxalq təcrübə təsdiq edir ki, iqtisadiyyatın inkişafı və beynəlmiləlləşdirilməsində xarici investisiya qoyuluşunun böyük üstünlükləri vardır. İnvestisiya qoyuluşu respublikanın milli iqtisadiyyatı ilə dünya iqtisadiyyatı arasında daha səmərəli inteqrasiyanı təmin edir. Ölkənin iqtisadi inkişafında xarici iqtisadi investisiyanın digər rolu, onun sahibkarlıq fəaliyyətinə müsbət təsiri ilə bağlidır. Xarici ölkələrin Azərbaycana investisiya qoyuluşu milli iqtişadiyyatın formalaşması, işgüzar münasibətlər, sahibkarlıq fəaliyyəti formalarına daha geniş meydan verilməsi və maliyyə-kredit münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradır. Belə bir şəraitdən səmərəli istifadə edərək gənc müstəqil respublika öz təbii-iqtisadi, elmi-texniki potensialını beynəlxalq miqyasda tanıtmaq məqsədilə çoxtərəfli iqtisadi inteqrasiya əlaqələrinə daxil olur.
Azərbaycanın xarici iqtisadi münasibətlərinin və əlaqələrinin məzmunu və əsas istiqamətiərini ifadə edən bu cəhətlərinin hər biri ölkənin gələcək inkişafında fəaliyyət proqramının tərkib hissəsi olmalıdır. Azərbaycanın xarici iqtisadi inteqrasiya əlaqələrinin; formalaşmasında daha faydalı və səmərəli iqtisadi münasibətlərin yaradılmasına üstünlük verilməlidir. Əgər göstərilən prinsip əsasında inteqrasiya prosesi həyata keçirilərsə, respublikamızın inkişafında böyük nailiyyətlər əldə etmək mümkündür.
Xarici ölkələrlə iqtisadi əməkdaşlıq Azərbaycanın milli iqtisadiyyatının çoxşahəli inkişafının təmin etmək üçün böyük üstünlüklər verə bilər. Məhz buna görə Azərbaycanın milli iqtisadiyyatının formalaşması şəraitində xarici ölkələrlə qarşılıqlı iqtisadi əlaqələr və bu əlaqələrin inkişafı böyük əhəmiyyət kəsb edir. Azərbaycan bir çox həyati əhəmiyyətə malik siyasi və iqtisadi məsələlər baxımından dünyanın yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb edən bir qütbdür. Mühüm strateji əhəmiyyətli ərazidə yerləşən ölkəmizdə dünyanın nəhəng dövlətlərinin mənafeyi toqquşur, onlar arasında nüfuz dairəsi uğrunda dərin rəqabət mübarizəsi gedir. Azərbaycan Respublikası öz sosial-iqtisadi inkişafında xarici ölicələrlə əməkdaşlığın daha da genişləndirilməsinə can atır və beynəlxalq əmək bölgüsünün dərinləşməsindən irəli gələn üstünlüklərdən maksimum dəyərlənməyə çalışır. Siyasi istiqlaliyyət əldə edilməsi, inzibati-amirlik sistemindən bazar iqtisadiyyatı sisteminə keçilməsi, uzun müddət mövcud olmuş köhnə xarici iqtisadi əlaqələr sişteminə yenidən baxılması və bərabər hüquqlu, qarşılıqlı faydalı münasibətlərin yaradılması üçün mühüm zəmin təşkil edir. SSRİ-nin süqutu böyük bir ərazidə geopoletik vəziyyəti kökündən dəyişdirərək, Azərbaycanın beynəlxalq əlaqələrinin səmərəliliyinin artırılması və intensivləşdirilməsi, beynəlxalq əmək bölgüsünün üstünlüklərindən respublikanın mənafeyinə uyğun olaraq istifadə edilməsi üçün geniş perspektivlər açdı.
Azərbaycan Respublikasının xarici iqtisadi siyasəti dedikdə, beynəlxalq iqtisadi əlaqələrdə qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsinə yönəldilmiş fəaliyyəti nəzərdə tutulur. Xarici iqtisadi siyasət iqtisadi anlayış olub ümumi iqtisadi siyasətin tərkib hissəsidir və ölkənin sosial-iqtisadi proqramı ilə bilavasitə əlaqədardır. Azərbaycan hökumətinin xarici iqtisadi fəaliyyət sahəsində qəbul etdiyi qərarlar iqtisadiyyatın bütün istiqamətlərinə təsirini göstərir. Azad bazar münasibətlərinə keçid şəraitində dövlətin daxili və xarici iqtisadi siyasətini bir-birindən təcrid etmək mümkün deyildir.
Azərbaycan dövlətinin dünya iqtisadiyyatına inteqrasiyasının mühüm istiqamətlərindən biri də onun beynəlxalq iqtisadi təşkilatların işində iştirakıdır. Ölkənin İslam Konfransı Təşkilatına, Qara Dəniz İqtisadi Əməkdaşlığına, EKO-ya, Beynəlxalq Bərpa və İnkişaf Bankına, MDB-yə, İslam İnkişaf Bankına və bir sıra başqa beynəlxalq təşkilatlara üzv olması, onlarla müvafiq əlaqələrin yaradılması və əməkdaşlıq etməsi dünya iqtisadiyyatında inteqrasiyanın uğuru kimi qiymətləndirilməlidir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bazar iqtisadiyyatı yolunda islahatlar həyata keçirdiyi üçün aparıcı beynəlxalq təşkilatlar tərəfindən iqtisadi inkişafın təmin olunması, ödəniş balansı kəsirlərinin ləğvi, milli valyutanın sabitliyinin təmin olunması, milli müdafiəyə ayrılan yardımlarla dəstəklənir.
Beləliklə, cari xarici iqtisadi siyasətin həyata keçirilməsi zamanı ölkənin dünya təsərrüfat sisteminə inteqrasiyasına önəm verilməli, mövcud ictimai əmək bölgüsü, ixtisaslaşma və kooperasiyalaşmadan çıxış edərək bu siyasət yüksək texnoloji səviyyədə həyata keçirilməlidir.
Dostları ilə paylaş: |