Ənənəvi zinət və bəzəklər Azərbaycan əhalisinin geyim mədəniyyətində tarixən bəzək və zinətlər xüsusi yer
tutmuşdur. Həm də «süs» adlanan nəcib metal və qiymətli daş-qaşlardan (cavahiratdan)
düzəldilmiş zinət növlərindən fərqli olaraq, bəzək vasitələri çox geniş yayılmaqla kütləvi səciyyə
kəsb etmişdir. Bəzək təkcə insanın özünü deyil, onun məişətini də bəzəyib yaraşıqlı hala salırdı.
Ona görə də bəzək şeylərinə qızıl-gümüş zinət və ləl-cavahiratdan əlavə insanın geyimini və ev
məişətini bəzəyib yaraşıqlı edən tikmə, ağlabənd məmulatı (bafta, çapara, şahpəsənd, şəms,
qaragöz, sərmə və s.), habelə kosmetik vasitələr (ənlik, kirşan, həna, sürmə, vəsmə) də daxil idi.
Bəzək şeylərinin etnoqrafik məna çalarlarının, başqa sözlə, tipoloji növlərinin bu qədər
geniş və zəngin olması səbəbindən onların hazırlanması ilə müxtəlif peşə sahibləri: zərgər, gümüşbənd, cavahirsaz, ağlabənd, məşşatə(bəzəkçi) məşğul olurdu.
Adları çəkilən bəzək növlərinin hər birinin özünə məxsus xammal növü, istehsal
texnologiyası və tətbiq sahəsi mövcud olmuşdur.