Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə135/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   131   132   133   134   135   136   137   138   ...   194
Baş geyimləri.  Ənənəvi kişi baş geyimləri  dəri, keçə, parça  və s-dən olmaqla üç növdə 
hazırlanırdı.  
Papaq. XIX əsr kişi baş geyimləri içərisində aşılı qoyun dərisindən tikilmiş papaq xüsusi 
yer tuturdu. İmkanlı kişilər,  əsasən, «qaragül» dərisindən  sür  papaq tikdirərdilər. Keçmişdə 
qaragül dərisini kənardan, ən çox Orta Asiya və İrandan gətirirdilər. Buna görə də ona «Buxara», 
yaxud «Şirazi» papaq da deyilirdi. Yerli dəridən tikilən papaqların forma etibarilə bir neçə 
tipoloji  növü yaranmışdır: 
Şiş papaq konusvari formada olub, həmçinin, «Zərnəva papağı», «Molla papağı», «Qəbələ 
papağı», «Züllə papaq» da adlanırdı. 
Şələ papaq forma etibarı ilə azca domba olub gen sağanağa malik idi. Ona «yastı papaq», 
«çoban papağı», «yapba papaq», «motal papaq», «kopan papaq» da deyirdilər. 
Çapma papaq qiymətli (qıvrım tüklü) sür dəridən tikilərmiş. Bu papağın ortası uzunsov 
şəkildə çökək hala salınırdı. Papağın bu növü «sür papaq» da adlanırdı. 
Daqqa papağın sağanağı qaragül dərisindən, üst qapağı isə mahuddan tikilirdi. Bəzi 
bölgələrdə ona «üstlü», yaxud «qapaqlı» papaq da deyilirdi. Ümumiyyətlə, qaragül dərisindən 
tikilən sağanaqlı papaqların hamısı «börk» və ya «sür papaq» adlanardı. 
Qalmığı papaq yenə  də qaragül dərisindən olub sağanağının yuxarısı gen, aşağısı dar 
olurdu. Buna «çərkəzi», «ləzgi», «noğay» papağı da deyilirdi. 
Sarıq papaq. Keçmişdə  Məkkə, Məşhəd, Kərbəlaya ziyarətə gedib qayıdanlar ilk vaxtlar 
başlarına «sarıq papaq» qoyarmışlar. Bu məqsədlə onlar börklərinin yarıdan aşağı hissəsini 
dövrələmə  tənzif və ya ağ parça zolağı ilə sarıtdırarmışlar. Bu əlamətdən onların ziyarətdən 
yenicə qayıtdıqları  bəlli olarmış. Ona görə  də, onların qabağına üzbəsurət çıxan adamlar 
«ziyarətin qəbul olsun» - deyib onu təbrik edərmişlər. 
Qələmi papaq çox hündür («züllə») olmaqla, qıvrım tüklü dəridən tikilirdi. Varlı kişilərə 
məxsus olan bu papağa «şikarı», «qacarı», «qoçu papağı» da deyilirdi. 
Ənənəvi kişi baş geyiminin ən vacib elementi sayılan papaq keçmişdə  əməli vəzifə 
daşımaqla yanaşı, həm də qeyrət, namus, şərəf və igidlik rəmzinə çevrilmişdi. Xüsusilə sür 
dəridən tikilmiş börk geyən kişilər nəinki  ədalətsiz bir iş görməyi özlərinə  rəva bilməz, hətta 
başqalarının haqsız əməlinə dözməyib, onu cəzasız buraxmağı öz qeyrətlərinə sığışdırmazdılar. 
Məhz bu səbəbdən də keçmiş məişətdə qeyrət və hünər rəmzi sayılan papaq (börk) səhər tezdən 
gecə yatana qədər kişilərin başında qalardı. Hətta süfrə ətrafında çörək yeyən zaman kişilər onu 
başlarından çıxarıb kənara qoymazmışlar. Tarix boyu davam edən  ənənəyə görə, yalnız gecə 
yatağa girib yatan zaman papaq başdan çıxarılardı. Hətta ahıl və qoca kişilər gecələr yatan zaman 
başlarına papağı əvəz edən təsək və ya külah (şəbkülah) qoyardılar. 
Dəri papaqlar formasına və geyilmə  tərzinə görə  məhəlli və zümrə xüsusiyyəti daşıyırdı. 
Papağın formasına  əsasən onun sahibinin hansı zümrəyə  mənsub olmasını  və hansı bölgədə 
yaşadığını bilmək olurdu. Dəri papaqlar habelə rənginə görə də fərqləndirilirdi. 
Papağın başa qoyulma tərzi, habelə parça materialının rəngi də onu geyənin hansı zümrəyə, 
yaxud hansı məhəlli əraziyə mənsub olduğunu bildirirdi. Məsələn, məlum olduğu kimi, yaşıl rəng 
müsəlman aləmində müqəddəs rəng hesab edilirdi. Elə bu səbəbdən də seyidlər başlarına «çəltari» 
adlanan yaşıl rəngli papaq geyirdilər. 
Parçadan tikilmə baş geyimləri arasında araqçın (təsək), çəltari, külah, başlıq və s. xüsusi 
yer tutmuşdur. Bunların hər biri də müxtəlif məqamlarda geyinilirdi. 
Təsək, adətən, qiymətli dəridən tikilmiş börkü tərdən qorumaq məqsədi ilə geyilirdi. Ona 
görə də onu, əsasən, tər çəkən pambıq parçadan tikdirərmişlər. Təsəyin üzəri, adətən,  müxtəlif 
səciyyəli tikmə naxışlarla bəzədilirdi. 
Başlıq. Soyuq, şaxtalı havalarda bayıra çıxan zaman geyinilirdi. Astarlı tikilən başlığın 
başa geyiləndən sonra onun qoşa qulaqcıqları hər biri boğazın altından fırladılıb çiyinin arxasına 
atılırdı. Başlıq mahud və ya «dügürd» adlanan yumşaq dəvəyunu şalından tikilirdi. 


 
 
148
Külah.  Qoca və ahıl kişilər  gecə yatanda başlarına külah geyirdilər. Bu səbəbdən də o, 
«səbkülah», yəni «gecə papağı» da adlanırdı. Onu ən çox yaşlı  və qoca kişilər başlarına 
geyərdilər. 
Sarıq. Kişilər işləyən zaman, adətən, başlarına sarıq bağlayırdılar. Sarıq, bir qayda olaraq, 
pambıq parçadan tikilirdi. Bəzən qadınların baş yaylığı sarıq məqsədi ilə başa bağlanırdı. 
Fəs. XX əsrin  əvvəllərindən etibarən ziyalılar arasında başlarına fəs qoyanlara tez-tez 
təsadüf edilərmiş. Onu ən çox Türkiyədə təhsil alıb qayıdan ziyalılar başlarına qoyardılar. 
Araqçın. İsti vaxtlarda varlı kişilər başlarına araqçın və ya şəbkülah qoyar, yaxud «sarıq» 
bağlayırdılar. 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin