Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə137/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   133   134   135   136   137   138   139   140   ...   194
Xam çarıqdan fərqli olaraqaşılı  göndən hazırlanan çarığı peşəkar çarıq ustaları tikirdi. 
Keçmişdə şəhərlərdəki çarıqçı dükanlarından əlavə iri kəndlərdə də peşəkar çarıqçılar fəaliyyət 
göstərirdi. Müştərilər aşılı çarıq üçün onlara müraciət edirdilər. 
Aşılı çarığın əsas müştərisi olan varlı kişilər də, həmçinin, qış mövsümündə «xam çarıq» 
geyməli olurdular. Çünki yağmurlu havalarda, bataqlıq  şəraitində  aşılı çarıq suyu öz məğzinə 
hopdurub ayağa keçirdiyi halda, xam gönün çarığı su buraxmırdı. Digər tərəfdən isə xam çarıq 
yayda quruyub ayağı incitdiyi halda, aşılı çarıq yumşaq qaldığından isti mövsüm üçün ən 
münasib, həm də yaraşıqlı ayaqqabı növü sayılırdı. 
Kənd  şəraitində, o cümlədən elat məişətində çarığın kütləvi ayaqqabı növünə 
çevrilməsində maldarlıq təsərrüfatının inkişafı və onu hər kəsin özünün biçib tikə bilməsi faktı 
mühüm rol oynamışdır. 
Quruluş etibarı kişi və qadın çarıqları bir-birinə  bənzəsə  də, tikiş qaydasına və üstünün 
formasına görə, çarıqların müxtəlif tipoloji növünə təsadüf olunurdu. Buna müvafiq olaraq, kişi 
çarıqları müxtəlif adlarla tanınır və bir-birindən fərqləndirilirdi. 
Şatrı çarıq.  Şirvanın dağ  kəndlərində o, «Sulut çarığı», Kəlbəcər rayonunda «şirmayi 
çarıq» adı ilə tanınırdı. Abı və ya bənövşəyi rəngli ipliklə tikilən şatrı çarığı varlılar gündəliyə, 
kasıblar isə xeyir iş zamanı geyirdilər.  Şatrı çarıq xüsusi olaraq eşilib mumlanmış «çarıq ipi» 
vasitəsilə tikilirdi. Bunun üçün çarığın üçbucaqlı formada biçilmiş, «çitmə» adlanan burnundan 
başlayıb bütün dövrəsi boyunca bir cərgədən ibarət müxtəlif ölçülü «gözək»lər tikir və ona 
xüsusi «çarıqbağı» keçirirdilər. 
Şirazi çarıq. Biçim etibarı ilə şatrı çarığa bənzəyir, lakin tikilmə qaydası ondan fərqlənirdi. 
Aşılı göndən tikilən Şirazi çarığın gözəkləri iki cərgədən ibarət düzülürdü. Çarığın bu növünün 
pəncə gözəklərinə  sıx düzülüb keçirilmiş çarıqbağı onun üst hissəsini  əmələ  gətirirdi. Çarıq 
ayağa geyiləndən sonra çarıqbağının qalan hissəsi çarığın yan və daban gözəklərindən çal-çarpaz 
vəziyyətdə keçirilməklə, əvvəlcə ayağa, sonra isə topuğa dolanırdı. 
Şirazi çarıq yaraşıqlı olduğu üçün, adətən, toy-bayram libası ilə geynilirdi. 
Kalmanı çarıq. Mumlanmış ipliklə tikilən şatrı çarıqdan fərqli olaraq, kalmanı çarıq gönün 
özündən çəkilmiş «köşə» ilə, həm də xam göndən tikilirdi. Bu cəhət onun adında da öz əksini 
tapmışdı. «Xam» sözünün sinonimi olan «kal» istilahı aşılanmamış gönün xam (kal) vəziyyətini 


 
 
150
dürüst  əks etdirdiyindən ondan tikilmiş çarıq da, öz adına müvafiq olaraq «kalmanı» 
adlanmışdır. Kalmanı çarığın gözəkləri eşilmiş köşə ilə tikildiyi üçün ona bəzən «eşmə çarıq» da 
deyilirdi. Digər çarıq növlərindən fərqli olaraq, kalmanı çarığın çitməsi yuxarıya doğru azca 
qatlanırdı. 
Qılbüzmə çarıq. Keçi qəzilindən əyrilmiş qıl  «eşmə»si  ilə tikilən bəsit çarıq növü olub, 
əsasən, kasıblar arasında yayılmışdı. Çarığın bu növünün bağı da çox vaxt qıldan, yəni keçi 
qəzilindən hazırlanarmış. 
Üstlü çarıq.  Çarığın bu növü iki cür tikilib hazırlanırdı. Birinci halda çarığın üstü öz 
gönündən olurdu. Bu məqsədlə düzbucaqlı formada biçilmiş gönün qabaq künclərini öz üzərinə 
qatlama yolu ilə «üst» əmələ  gətirilir və onların kənarları bir-birinə tikilirdi. Sonra çarığın 
yanlarına və dabanına «gözək»lər düzəldilib bərkidilirdi. 
Üstlü çarığın ikinci növünün burnu üçbucaq formada biçilib «çitmə»  əmələ  gətirəndən 
sonra ona tumac və ya kosaladan əlavə «üzlük» tikilirdi. Tumac üzlüklü çarıq, bir qayda olaraq, 
aşılı göndən tikilirdi. Onu başlıca olaraq varlı maldarlar geyərdi. 
Başmaq. Aşılı dəri (kosala, tumac, ətvi, müşkü) və göndən tikilən başmağın yalnız pəncə 
hissəsinin üstü örtülü olurdu. Onun çitməsi dik olub azca geriyə qatlanır, arxası isə açıq qalırdı. 
Hündürdaban ayaqqabı növü olan başmağın dabanına ağacdan xüsusi olaraq «dabanlıq» 
bərkidilir və nal vurulurdu. Keçmişdə başmaq «zənanə» (qadın) və «mərdanə» (kişi) olmaqla iki 
növdə hazırlanarmış. Biçim üsulu və tikiş texnikası baxımından bunlar bir-birinə çox yaxın 
olsalar da, bəzək tərtibatına və  zərifliyinə görə, qadın başmaqları seçilib fərqlənirdi. Qadın 
başmağının üstü çox vaxt məxmərdən tikilərək müxtəlif tikmə növləri ilə bəzədildiyi halda kişi 
başmaqlarına bəzək vurulmurdu.  
Böyük, orta (miyanə) və kiçik olmaqla, üç ölçüdə tikilən kişi başmaqlarının  ən yüksək 
növü sağrı başmaq olmuşdur. El arasında ona çox vaxt «sağrı başmaq» deyilirdi. 
Azərbaycanda sağrı başmaqların istehsal mərkəzləri arasında  Şamaxı,  Şəki, Gəncə ilə 
yanaşı,  Şuşa qalası da mühüm yer tutmuşdur. Məhz bu səbəbdən də Qarabağ  və onun ətraf 
mahallarında sağrı başmağa «Qala başmağı» da deyilirdi. Sarğıdan tikilən Qala başmağı 
keyfiyyət etibarı ilə adi göndən tikilən başmaqdan fərqlənir və üstün tutulurdu. 
XIX əsrin ortalarında Azərbaycanda başmağa tələbatın böyük olduğunu belə bir faktdan da 
aydın görmək olur ki, XIX əsrin 50-ci illərində ölkənin 8 şəhərində (Bakı, Gəncə, Lənkəran, 
Quba, Nuxa, Şamaxı, Şuşa, Naxçıvan) 579 nəfər başmaqçı fəaliyyət göstərirdi.
78
 
Azərbaycanın o zamankı Başmaq istehsalı  mərkəzləri arasında  Şamaxı  və Nuxa (Şəki) 
şəhərləri xüsusilə fərqlənirdi. 1849-cu ildə təkcə Şamaxıda 227 nəfər başmaq ustası çalışırdı.
79
 
Başmaq istehsalında sonrakı yerləri  Şəki və  Şuşa  şəhərləri tuturdu. 1848-ci ildə  Şəkidə 147 
nəfər,
80
 Şuşada isə 84 nəfər
81
 başmaqçı işləyirdi. Azərbaycan Rusiya tərəfindən işğal olunandan 
sonra Avropa geyim nümunələrinin tədricən yerli əhalinin məişətinə sirayət etməsinə 
baxmayaraq, ölkədə milli geyim dəbi qaldıqca başmağa olan tələbat da azalmaq bilmirdi. 
Uzunboğaz çəkmə.  Altlığı  aşılı göndən, ayaqlığı kosaladan, «qunc» adlanan uzun boğazı 
tumac və ya müşküdən tikilirdi. Çitməsi geriyə doğru qatlanıb  əyilmiş uzunboğaz çəkməni, 
əsasən, at belində gəzən varlı-hallı kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq 
üçün çox vaxt çəkmənin dabanına «mahmız» keçirərdilər. Uzunboğaz çəkmə xüsusilə maldar 
elatların yuxarı təbəqələri arasında geniş yayılmışdır. 
Qunclu çəkmənin Dədə-Qorqud dastanlarında adı  çəkilən «soqmə»dən törədiyi güman 
olunur.   
Quncundan (boğazından) tutulub yuxarı «çəkmək» (dartma) üsulu ilə geyildiyi üçün, 
görünür, ona «çəkmə» deyilirdi. 
XIX  əsrdə Azərbaycanın çəkmə istehsalı  mərkəzləri arasında Gəncə  şəhəri xüsusi yer 
tuturdu. 1849-cu ildə burada 75 nəfər çəkmə ustası çalışırdı.
82
 1859-cu ildə, zəlzələdən az sonra 
quberniya mərkəzinin Bakı  şəhərinə köçürülməsinə baxmayaraq, Şamaxıda hələ  də 30 nəfər 
çəkməçi işləyirdi. Lakin yerli «əyriburun» çəkmələr tədricən rus və Avropa modasında tikilmiş 
və nisbətən ucuz başa gələn çəkmələrlə əvəz olunmağa başlamışdı.
83
 Məhz bunun sayəsində XIX 
əsrin 80-cı illərində Şamaxı qəzasının malakanlar yaşayan Mərəzə kəndində 12 nəfər yeni moda 


 
 
151
ilə düz çitməli çəkmə tikən usta-çəkməçi fəaliyyət göstərirdi.
84
 
Çust. Ənənəvi ayaqqabıların ən kütləvi növü olub, kənd əhalisi arasında geniş yayılmışdır. 
Altı  aşılı gön, üzlüyü tumac və ya kosaladan tikilməklə, gündəlikdə geyilən yüngül ayaqqabı 
növü sayılırdı. Başmağa nisbətən ucuz başa gələn çust xüsusilə kənd şəraiti üçün əməli cəhətdən 
daha sərfəli ayaq geyimi idi. Məhz bu səbəbdən də onu əhalinin butun təbəqələri əldə edib geyə 
bilirdi. Dağ kəndlərində çust qoca kişilərin ayağında yaxın zamanlaradək qalmaqda idi. Xüsusilə 
yağmurluq şəraitində, bataqlı kənd yollarında çust arxası açıq başmaqdan üstün tutulurdu. 
 Çust yerli əhalinin məişətinə çox gec, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra, 
ticarət əlaqələri nəticəsində «çuvyak» adı ilə daxil olsa da, əməli cəhətdən sərfəli olduğuna görə 
çox tezliklə kütləvi istehsal səciyyəsi daşıyan ayaq geyiminə çevrilmiş və bütün bölgələrdə geniş 
yayılmışdır. Quba bölgəsində o, «kalış» adı ilə tanınırdı. Çustu, adətən, corabın üstündən 
geyirdilər. 
  Məst. İbadətlə bağlı ayaq geyimi olduğundan məsti ən çox namaz qılan kişilər və ibadətlə 
məşğul olan din xadimləri (molla, axund, müfti, seyid, müəzzin və b.) ev şəraitində geyərdilər. 
Keçmişdə məst təkcə Azərbaycanda deyil, digər müsəlman xalqları arasında da geniş yayılmışdı. 
  Məstin həm altı, həm də üstü tumacdan tikilirdi. Namaz qılan kişilər hər dəfə namazdan 
əvvəl ayaqlarını yuyub, «məs çəkmə» əməliyyatını icra etmək məcburiyyətində qalmamaq üçün 
ayaqlarına yumşaq dəridən məst geyib islaq barmaqlarını onun üzərinə  çəkməklə 
kifayətlənirdilər. Bir qayda olaraq, evdən bayıra çıxan zaman məstin üstündən ayaqqabı 
geyilirdi. Bayırdan qayıdıb evə daxil olarkən ayaqqabını çıxarandan sonra məsti soyunmaq lazım 
gəlmirdi. Corabın üstündən geyilmiş məst gecə yatana qədər çox vaxt ayaqda qalırdı.  

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin