Papaqlı göbələklər sırası – Agariacales
Meyvə cismləri yumşaq və birillikdir. Papaqlı göbələklər
əsasən lövhəşəkilli himenoforlarla xarakterizə olunur. Meyvə
cismləri mərkəz və ya yan ayaqcıq üzərində oturan,
papaqşəkilli, ətli və şirəli olur. Bu göbələklər az yaşayırlar.
Bəzilərinin meyvə cismləri quru və dəri kimidir. Lövhəşəkilli
himenoforlar əksəriyyətlə papağın altında, onun ayaqcıqla
birləşən hissəsində radial düzülmüşdür. Əksər nümayəndələrdə
onlar sadədir, lakin bəzilərində budaqlanır və ya anastomozlar
əmələ gətirir. Himenoforların altında psevdoparenximadan
təşkil olunmuş subhimenial qat yerləşir ki, burada bazidilər
yaranır. Lövhələrin mərkəzi hissəsini troma adlanan hiflər
təşkil edir. Bəzi nümayəndələrdə onlar bir-biri ilə qarışır, bir
qismi isə psevdoparenxima əmələ gətirir.
Papaqlı göbələkləri
əksər nümayəndələri meşə
torpaqlarında, çəmənliklərdə saprofit halda yaşayırlar. Burada
mikoriza əmələ gətirən çoxlu miqdarda nümayəndələr vardır,
parazitlər nisbətən azdır. Bəzilərinə qurumuş oduncaq üzərində
təsadüf edilir. Papaqlı göbələklərin qov göbələklərinə nisbətən
təsərrüfat əhəmiyyəti azdır. Lakin onların şpallar, dirəklər,
taxtalar və s. çürüdən növləri də məlumdur. Yeməli papaqlı
göbələklər yalnız qida əhəmiyyətinə malikdir. Bu fəsiləyə,
həmçinin bir çox zəhərli göbələklər də daxildir (şəkil 56).
Papaqlı göbələklərin tipik nümayəndəsi şampinionlardır
(Agaricus və Psalliota). Bu göbələklər peyinli torpaqlarda, yol
kənarı, mal pəyəsi ətrafında və s. yerlərdə yayılmışlar. Buraya
yüksək keyfiyyətə malik yeməli göbələklər daxildir. Xüsusilə
çöl şampinionu (P.campestris) yüksək kalorili qidadır.
Russula cinsinin bir sıra növləri yeməlidir; bəzən bunların
qabığını soyub çiy yeyirlər. Yalnız kötüklərdə təsadüf olunan
armillarianın növündən qida məqsədilə istifadə olunur. Amanita
cinsinə çoxlu miqdarda zəhərli növlər daxildir. Onların
papaqları üst tərəfdən zeytuni-yaşılımtıl, yaşılı-sarı və ya
ağımtıl rəngdə olur. Rütubətli havada yapışqanlıdır. Lövhələri
ağımtıl və ya yaşımtıl-sarıdır. Ayaqcığın içərisi əvvəlcə dolu
olur, sonra burada boşluq yaranır, üzərində örtüyü halqaya
bənzər qalığı müşahidə olunur. Onun qaidəsini əhatə edən
ümumi örtüyündə qayıq müşahidə edilir. Göbələk yeyildikdən
bir neçə saat sonra zəhərlənmə meydana çıxır. Zəhərlənənlər
çox çətin sağalırlar, zəhərlənmə çox vaxt ölümlə nəticələnir.
Zəhərlənmə əlamətləri uzun müddət qalır. Meyvə cisminin
quruluşu, ümumi örtüyün olması, lövhələrin yerləşməsi, troma
tipli hiflərə, himenoforum rəngi, sporun quruluş və rənginə
görə papaqlı göbələklər sırası bir neçə fəsillərə bölünür.
Dostları ilə paylaş: |