Dialektizmlər
Ədəbi dilin lüğət tərkibinin zənginləşməsi mənbələrindən biri də dialekt leksikasıdır. «Dialektlər ədəbi dilin maddi əsasıdır,onun qida mənbəyidir, dil sistemi həlqəsindən kənarda deyildir» [45,187]. «Dialektlər xalqın təbii danışıq dili, bir növ dilin etnoqrafiyasıdır. Biz dialektləri öyrəndikcə xalqı və onun tarixini öyrənmiş oluruq» [29,116].
Dialekt sözləri ədəbi dil normalarına tabe olmayan, müəyyən ərazidə yaşayan əhalinin yerli danışıq dilində istifadə etdikləri leksik vahidlərdir.Bu vahidlərin mövcud olması dialekt və ədəbi dildə olan sözlər arasındakı sərhədin tam sabitləşmədiyini göstərir. V.V.Vinoqradov ədəbi dillə dialektlərin qarşılıqlı əlaqəsindən bəhs edərək yazır: «Bizdə hələ şivə sözləri ilə ədəbi dil sözlərinin sərhəddi az öyrənilmişdir.Ümumxalq, canlı danışıq dili sözlərinin ədəbi dilə keçməsi yolları hələlik müəyyənləşdirilməmişdir» [93, 214]. T.C.Koqotovka da təxminən eyni fikri təsdiqləyərək yazır:»Canlı danışıq dili və dialekt sözlərinin işlənmə sərhədləri hələ kifayət qədər öyrənilməmişdir» [106,224]. Lakin buna baxmayaraq, milli ədəbi dilin formalaşması üçün bəzi sözlər dialektdən ədəbi dilə, bəziləri isə əksinə, ədəbi dildən dialektlərə keçir. Müşahidələr göstərir ki, müasir dövrdə də ədəbi dilə – bədii dilə müxtəlif üslubi funksiyalarla dialekt sözləri gəlir. «Ədəbi dillə dialektlərin daim yanaşı mövcudluğu onların lüğət tərkibinin qarşılıqlı şəkildə zənginləşməsini təmin edir» [106,124]. Beləliklə də, «bir tərəfdən, ədəbi dil şivələrdə işlənən lazımlı,həyati əhəmiyyəti olan sözləri seçib öz lüğət tərkibinə daxil edir və onu zənginləşdirir. Digər tərəfdən ədəbi dil normaları yerli şivələrə daxil olur və onları sıxışdırır. Bunun nəticəsində şivələrin tədricən aradan çıxması və ədəbi dilin ümumiləşməsi prosesi baş verir» [ 23, 78-79].
Dialektizmlərin ədəbi dilin inkişaf edib zənginləşməsindən bəhs edərkən, ilk növbədə, bu leksik vahidlərin ədəbi dilin bədii üslubu üçün daha çox səciyyəvi olmasını qeyd etmək lazımdır. «Dialekt leksikası elə bir daimi bazadır ki, ondan birinci növbədə ədəbi dilin bədii üslubu bəhrələnir» [71,216]. Çünki dialekt sözləri ədəbi dilə ən çox bədii əsərlər vasitəsilə keçir. «Dialektizmlərin ədəbi dilin lüğət tərkibinə daxil olması üçün bədii ədəbiyyat keçid rolu oynayır. Belə ki, leksik-semantik cəhətdən ədəbi dildə işlədilmə lüzumuna malik olan dialektizmlər yazıçılar tərəfindən bədii ədəbiyyata gətirilir; bunlardan ümumxalq səciyyəsi qazananlar ədəbi dilin lüğət fonduna keçərək onu zənginləşdirir» [45, 187]. Ədəbi dilin başqa üslublarından fərqli olaraq bədii dildə üslubi çərçivə olmadığı üçün yazıçılar əsərlərində dialekt sözlərini işlədirlər.Bu da bədii üslubun dialektizmlərin ədəbi dilə keçməsində vasitəçi olduğunu göstərir. Lakin bu o demək deyildir ki, bədii dildə işlənən dialektizmlərin hamısı ədəbi dilə keçir. Bu sözlər dialekt leksikasını təmsil etsələr də, onları konkret olaraq müəyyən bir dialekt qrupuna aid etmək, canlı danışıq dili sözlərindən fərqləndirmək çətin olur.»Dialektizmlərin ancaq müəyyən bir qismi ədəbi dildə işlənmək hüququ qazanır. Bu mənzərə yazıçı dilinin fərdi neologizmlərinin ədəbi dilə münasibətindəki kimidir. Belə hal dialekt sözlərinin ümumxalq koloriti qazanmağının, gizli üslubi imkanlarının üzə çıxarılmasının qanunauyğun nəticəsi kimi meydana çıxır» [71, 216-217].
«Ədəbi dil lüğətinin dialektlər hesabına inkişafında və zənginləşməsində, əsas etibarilə bu və ya digər dialektin əhatə etdiyi məhəldən yetişmiş şair və yazıçılar böyük rol oynamışlar» [ 22, 9].
«Dialekt və şivə sözləri ən çox bədii dildə geniş meydan tapır və burada da üslubi effekt qazanır, obrazların nitqinin fərdiləşdirilməsində, xarakterlərin yaradılmasında, yerli koloritin verilməsində üslubi vasitələrdən birinə çevrilir» [67,82]. Bədii dilin nəzm qoluna nisbətən nəsrdə dialekt sözləri daha çox işlənir. Çünki şair hər hansı obrazı, hadisəni, təbiəti təsvir və tərənnüm edərkən öz fərdi dili ilə danışırsa,yazıçı əsərdəki surətlərlə danışmaqla yanaşı, eyni zamanda daha çox personajların bir-biri ilə danışığına, dialoqlarına üstünlük verir. Bu zaman surətlərin dilində dialekt sözlərinin işlənməsi üçün real şərait yaranır. Bu haqda Ə.Dəmirçizadə yazır: «Bədii əsərdə bu və ya digər surətin, yaxud surətlər kompleksinin müəyyən yerli-məhəlli şəraitlə üzvi bağlılığını bildirmək belə məhəlli çalarlıqla onları canlandırmaq zərurəti olduqda, tipik şivə sözlərinin işlədilməsi məqsədəuyğun sayılır və ümumiyyətlə, bədii əsərin dilini məzəli, duzlu edir» [25, 89].
S.Ə.Cəfərov da Ə.M.Dəmirçizadənin fikri ilə razılaşaraq yazır: «...hər hansı bir rayonun və ya yaşayış məntəqəsinin həyatını daha real və qabarıq şəkildə vermək, əsərdə ayrı-ayrı surəti canlandırmaq üçün yazıçı o yerin və ya surətin mənsub olduğu şivə xüsusiyyətlərindən geniş istifadə edə bilər» [ 23, 80].
«Məhdud ərazi dairəsində anlaşılan dialekt sözləri bəzən həmin dairənin məişəti ilə, təsərrüfat sahəsi ilə, bəzən həmin dairədə yaşayanların tayfa mənsubiyyəti ilə, bəzən qonşuluğundakı xalq və dil mühiti ilə, bəzən də başqa hadisələrlə əlaqədar olur» [25,87]. Sözsüz ki, belə bir şəraitdə yaşayan istər şair,istərsə də yazıçı öz dilində müəyyən qədər dialekt sözlərini işlədir. Bu həm sənətkarın fərdi lüğət fondunun genişlənməsinə səbəb olur,həm də əsərin ruhuna,obrazlarının dilinə məkan koloriti verir.
Bütün deyilənlər bir daha göstərir ki,dialektizmlər bədii əsərlərin dilinə heç də səbəbsiz deyil, müəyyən üslubi məqamlarla əlaqədar gətirilir və işlənir. Azərbaycanın müxtəlif bölgələrindən olub, canlı danışıq dilinə, dialektlərə yaxşı bələd olan şair və yazıçılar dialektə məxsus söz və formaları müxtəlif üslubi məqsədlərlə əsərlərinə gətirirlər. Burada bir amili də nəzərə almaq lazımdır ki, ədəbi dilin digər funksional üslublarında üslubi çərçivə var və dialekt sözlərinin orada işlənməsi mümkün deyil. Lakin bədii üslubda belə çərçivə yoxdur, bütün üslubların elementləri, eləcə də dialekt sözləri burada işlənə bilir. «Dildə elə bir söz qrupu ola bilməz ki, bədii üslub oradan istifadə etməsin. Dildə nə varsa, bədii üslubun ixtiyarındadır. Bədii üslubda bu və ya başqa üslubi məqam, yaxud surətin nitqini fərdiləşdirmək üçün sənət, peşə ilə əlaqədar və ya dialekt sözlərindən istifadə edilir» [62,28]. «Ümumxalq dilinə əsaslanan hər bir yazıçı ədəbi dilimizi yeni söz və ifadələrlə zənginləşdirmək üçün doğulduğu dairənin lüğət vahidlərindən [burada dialekt sözləri nəzərdə tutulur] istifadə etməli olmuşdur. Bu onlara obrazların dilini fərdiləşdirmək, zəngin sinonim cərgələr vasitəsilə fikri daha obrazlı ifadə etmək kimi bədiilik prinsiplərinin tələblərinə görə lazım idi» [55, 72]. Məhz bu cəhəti nəzərə alan N.Xəzri əsərlərində yerli koloritin bəzi səciyyəvi xüsusiyyətlərini daha qabarıq şəkildə oxucunun nəzərinə çatdırmaq üçün az da olsa, dialektizmlərdən istifadə etmişdir. Şairin əsərlərinin lüğət tərkibində təsadüf olunan dialekt sözləri aşağıdakılardan ibarətdir:
Ahıl [İsmayıllı, Şuşa] – qocalmış, yaşa dolmuş [adam, heyvan və s.]: Ahıl öküz cümə də işə gedə bilmir [ 9, 46]; Ahıllaşdın, qəlbən azca yaşlaşdın [124, 44].
Arı [Ağdam, Füzuli, Qazax, Quba, Şahbuz, Şəmkir, Tovuz] – təmiz, saf. Aydan arıyam, sudan duruyam [Şahbuz]; Aydan arı, sudan duru [Qazax]; Aydan arı, günnən duru [Tovuz] [11, 25]. Bu məsəl eynilə N. Xəzrinin əsərlərində də öz əksini tapmışdır: Aydan arı, sudan duru demiş xalqımız [127, 38].
Qeyd edək ki,bu sözün Bakı,Xaçmaz dialektlərində eyni mənanı ifadə edən «ari» fonetik variantı da mövcuddur: Aydan ari, sudan duri [Bakı] [11, 26].
Azman [Bakı, Ordubad] – iri, çox böyük, nəhəng. Bakidə azman öylər tikilir [Bakı]; Atam bir azman keçi aldı [Ordubad]. Bu söz həm də Bakı, Beyləqan, Cəbrayıl, Füzuli, Qarakilsə, Şamaxı dialektlərində altıillik «qoyun», Ordubad, Zəngilan dialektlərində dördillik «qoyun», Ağdam, Borçalı dialektlərində qocalmış qoyun, keçi mənalarında işlənir [11, 32]. N.Xəzri əsərlərində isə azman sözü «nəhəng, iri» mənasında işlənmişdir:
Axı can üstdədir
bir azman ölkə [124, 73].
Boz [Bakı, Salyan] – həyasız. Boz adam utanmaz; Vəli çox boz adamdı [11, 62]. N. Xəzri də əsərlərində bu sözü hər hansı bir insanın üzünə utanmadan, çəkinmədən sərt şəkildə demək mənasında işlətmişdir: Yaman boz demisən, nə deyim sənə [127, 181]. Qazax dialektində qayaya boz deyirlər: Bozun altında yığışmışdıq.
Dinşəmax – Şəki dialektində qulaq asmaq mənasını bildirir. Bərdə,Cəbrayıl,Kürdəmir,Qax,Qazax,Tovuz dialektlərində bu sözün dinşəməx, Çəmbərək dialektində isə dinşiməx fonetik variantı mövcuddur: Qapı:n dalınnan diηşəyör bizdən qıyvat qırıllarmı? [Tovuz]; Qapının dalınnan diηşədim, çox şey eşitdim [Bərdə]; Diηşə, qör sağa nə deyiyəm [Qax] [11, 136]. N.Xəzri də öz yaradıcılığında bu sözün Çəmbərək dialektindəki variantından istifadə etmişdir: Cahan dinşiyibdir sirli küləyə [124, 41].
Gildir-gildir [Bakı, Gədəbəy, Kürdəmir, Salyan] – gilə-gilə,damcı-damcı.Uşağın gözünnən gildir-gildir yaş gəlir [Salyan] [11, 181]. Axdı gözlərindən yaş gildir-gildir [123, 85].
Harın – Şamaxı,Ağdaş,İsmayıllı dialektlərində ərköyün, naşükür [Sən harın adamsan, sə nolacağ], Qazax dialektində isə tənbəl, işə yaramayan mənalarında işlənir [9, 419; 10, 214]. Zadəganlar harınlaşır [124, 62]; Harınlıq evlər yıxıb [124, 87]. Cənub bölgəsində «harın» sözü var-dövləti hədsiz dərəcədə çox olan və bundan qudurub «gözləri ayağının altını görməyən» frazeoloji vahiddən çıxan məna çalarının ifadə etdiyi mənanı kəsb edir.
İrişmağ klassik ədəbi dilimizdə işlək fellərdəndir. Quba dialektində vuruşmaq, dalaşmaq mənasında işlənən bu söz Borçalı dialektindəki idəşməx [Ə:, nə idəşirsiηiz, gediη uşaxları gətiriη], bu söz də öz növbəsində Çəmbərək dialektindəki iddələşməx sözündən olub mənasız, yersiz mübahisə etmək mənasını bildirir: Ağa:rnan Veysəl bildirdən bəri çox iddələşir [10, 255]. Xaçmaz, Quba dialektlərində irişmağ sözü həm də yersiz, şit-şit gülmək mənasında da işlənir.–Adamın üzünə baxub irişmə [Xaçmaz]. Eyni zamanda bu sözün Meğri dialektində irişmax, Borçalı,Cəbrayıl,Gədəbəy [Nə:η irişeysiη,a bala,qoja-zad görmö:üfsənmi heş?],Goranboy, Hamamlı, İmişli, Qazax, Qarakilsə,Mingəçevir,Zəngilan dialektlərində irişməx fonetik variantları vardır [10, 260]. İrişmək hörmət deyil, səmimi söz hörmətdir [123,97]; Dövrəndə irişən paxıllar ki var; Daha olmayacaq öləndən sonra [124,85].
Karvanqıran – Füzuli,Qarakilsə,Qazax, Tovuz dialektlərində Zöhrə ulduzunun adıdır.Karvanqıran da ulduzdu [Qazax]; Karvanqıran gecədən doğur [Qarakilsə] [10,268]. O dan ulduzu yox, Karvanqırandır [126, 91].
Qarsa-qarsa – Bakı dialektindəki qarsalammağ sözündəndir. Lüğəvi mənası içi yaxşı bişmədən [üzü] yanmaq [çörəyə aiddir]. – Bu ki yaxşı pişmiyib, qarsalanıb [10,313]. Çökür ürəklərə od qarsa-qarsa [124, 57].
Qılıq – Şəki dialektində xasiyyət, rəftar mənalarını bildirən qılıx qılıq sözünün fonetik variantıdır. – Həsənin qılığı çox yaxşıdı; Qılığı pisdi, heş kəsnən yola getmir [9,135]. Həsrətəm xoş söhbət; Xoş qılıq üçün [123,19].
Ləngər – Qazax dialektində yeriş növünün adıdır. Bu ləngər yerişi kimnən örgənifsən? [10,363]. Gedir ləngər ilə, O asta-asta [123,58].
Sısqa – Qafan dialektində suyu az olan bulaq mənasında işlənən sızqa sözündəndir. Bızavları apar sızqadan su içsin [9,363]. Bir çaya döndüm ki,sısqa axıram [123,46]. Sısqa cənub zonasında narın yağan yağış mənasında işlənir. «Sısqa yağan yağış gec kəsər» atalar sözü də buradan yaranıb.
Şiv – Cəbrayıl dialektində qanqal, yemlik çıxarmaq üçün ucu şiş qarğı və ya kiçik ağac [çubuq] mənasında işlənən şibbix sözündəndir. Şibbiyim olseydı, yemlix yığardım [9, 468]. Şivlər kəsilmədi,əllər kəsildi [123,98]. Şiv-yeni pöhrələnmiş ağacların budağına da deyilir: Təzə şivlər əkmişəm.
Yengə–Kirovakan, Zaqatala dialektlərində qardaşın,əminin və dayının arvadı mənalarını bildirir:Mənim yengəm beş yaş mənnən böyükdü [9, 246]. Eyni zamanda həm ədəbi dildə, həm də ümumxalq dilində toyda gəlini müşayiət edən qadına da yengə deyilir. Məsələn; – Mübarək! – Deyərək; Yengə də süzdü [124, 226].
Yeyin–Ordubad,Quba,Şamaxı dialektlərində yaxşı mənasında yey // yeg // yegin fonetik variantlarında işlənir: Sənnən yeg olmasun, yaxşıdı [Ordubad]; Mənim bir dusdım vardi, sənnən yeg ulmasun Bakı şərində; Sənnən yegin ulmasun bir dusdum var mənün [Quba]. Bu sözün yegin forması Bakı, Quba dialektlərində tez, cəld mənalarında işlənir: Yegin ul, apar məni atoun yanına [Quba] [9,242-243]. Tərif atı yeyindir, qürur atı ceydaraq [124, 21].
Zivə – paltar sərilən ip mənasında Ordubad, Bakı dialektlərində istifadə edilir: Bizim yerdə paltarı yuyub zivəyə sərəllər [Ordubad] [11,563]; Yudu uşağının ağ köynəyini; Zivəyə sərməkçin eyvana çıxdı [124,108].
Göründüyü kimi, N.Xəzrinin dilində dialekt sözlərinin əksəriyyəti sadəcə sözü işlətmək xatirinə deyil, üslubun tələbi baxımından işlədilməsi ilə də səciyyəvidir. Çünki geniş anlayışa malik olan dialektizmlər dilə bədii əsərlər vasitəsilə daxil olur. Buna görə də dialektizmlərin işləndiyi əsas üslub bədii üslubdur və onlar yalnız bədii dildə özünə yer tapa bilir.
Onomastik leksika
Dilçiliyin maraqlı bölmələrindən olan onomastika dilin lüğət tərkibində olan xüsusi adlardan bəhs edir. Şəxs, tayfa, xalq, millət, yer adları, səma cisimləri və heyvanlara verilən xüsusi adlar məhz onomastik leksikanın tərkibinə daxildir.
Hər bir xalq xüsusi sözlərin əksəriyyətini öz doğma dillərinin leksik vahidləri əsasında yaradır. Bunlar müəyyən əlamətin, hadisənin, keyfiyyətin və s. mahiyyətini ifadə edir. Dilçilikdə bu cür xüsusi adlar onomastik vahidlər kimi araşdırılır, onların leksik tərkibi, fonetik və qrammatik quruluşu, semantik xüsusiyyəti və s. tədqiq edilir. Onomastik vahidlərdən bədii ədəbiyyatda da geniş istifadə olunur. Dilçilikdə onomastik vahidləri bu istiqamətdə öyrənən sahə poetik onomastika adlanır. Burada, əsasən, bədii əsərlərə, oradakı surətlərə, hadisələrin təsvir olunduğu yerlərin adları, onların üslubi xüsusiyyətləri, əsərin ideya-bədii təsir qüvvəsini artırması və s. məsələlər araşdırılıb tədqiq edilir.
N.Xəzri yaradıcılığı dil cəhətdən çox maraqlıdır. Bu baxımdan şairin poeziyası özlüyündə onomastik mənbə funksiyası daşıyır. «Azərbaycan onomastikasının müasir elmi səviyyədə araşdırılması və tədqiqi üçün əldə istənilən qədər mənbə və məxəz vardır. Lakin hər hansı bir onomastik tədqiqat prosesində bunların hamısından eyni zamanda istifadə etmək həm düzgün, həm də mümkün ola bilməz» [61, 56]. Bu fikrə əsasən deyə bilərik ki, bütün onomastik vahidlərin eyni səviyyədə tədqiqə cəlb olunması mümkün deyil.
N.Xəzri yaradıcılığının özünəməxsus leksik–semantik xüsusiyyətləri, çalarları vardır. Burada sözlər müxtəlif məna məqamlarında işlənir, yerinə görə yeni üslubi çalar kəsb edir. «Sənətkarın üslubu hər şeydən əvvəl obrazlı dili ilə, yaratdığı obrazlar ilə başqalarından seçilir. Ümumiyyətlə, obrazlı dil müəllifin tendensiyalılığını müəyyənləşdirmə vasitəsidir» [3, 173].
N.Xəzrinin şeir dili leksik-semantik baxımdan sistem təşkil edir. Şairin üslubunun özünəməxsusluğunu göstərən başlıca amil onun hər bir hadisəyə fərdi yanaşma və sözdən istifadə tərzidir. Bu da öz növbəsində sənətkarın nəyə qadir olması, onun özünəməxsus düşüncəsini aydınlaşdırır.
Şairin yaradıcılığında apelyativ leksikanın da imkanları genişdir. Onun poeziyasında sözlərin poetikliyi, lakonikliyi fikrin emosionallığını daha da artırır. Bu da şairin xalq danışıq dilinin sadəliyini izləyib və bunu öz poeziyasında mümkün qədər qoruyub saxladığını göstərir. Sözün əsl mənasında poeziyada işlənən xüsusi adlar apelyativ leksikanın fəallığını və fikrin obrazlılığını artırmaqla bir daha göstərir ki, onomastik vahidlər şeirdə poetik vasitə rolunu oynayır.
Azərbaycan klassik ədəbiyyatında olduğu kimi, müasir bədii ədəbiyyatımız da onomastik vahidlərlə olduqca zəngindir. Məhz bizim dilçilik ədəbiyyatımızda onomastik vahidləri həmin istiqamətdə öyrənən sahə poetik onomastika kimi adlandırılır. Poetik onomastika dilçilik ədəbiyyatında onomastikanın üslubiyyatı kimi dəyərləndirilir. Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti, etnik adlar, onomastik vahidlərin obrazlılığı, bədii əsərlərdə istifadə olunan xüsusi ad yaradıcılığı dilçilikdə xüsusi əhəmiyyətə malikdir. Təbii ki, Azərbaycan dilçiliyində bədii əsərlərin onomastikası tam sistem halında tədqiq edilməsə də,müxtəlif onomastik vahidlərin üslubi imkanlarından bu və ya digər əsər və məqalələrdə bəhs olunmuşdur. Əksərən bu izahatlar şəxs adlarında öz əksini tapmışdır.Belə ki, həm şifahi, həm də yazılı ədəbiyyatda onomastik vahidlər leksik-semantik, üslubi cəhətdən bir-birindən fərqlənir. Şifahi xalq ədəbiyyatında bəzən uydurma şəxs adlarına da rast gəlirik.
N.Xəzri yaradıcılığında da həm şifahi xalq ədəbiyyatı, həm də yazılı ədəbiyyata xas onomastik vahidlərdən istifadə olunmuşdur.
Şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrlarından biri olan dastanlarda diqqəti cəlb edən əsas cəhətlərdən biri qəhrəmanların qeyri-adi gücə və qüvvəyə malik olması həmin igidlərə verilən adda ümumiləşir.Belə hallar bütövlükdə folklorumuza məxsus olan keyfiyyət, igidlərimizə xas olan millilik kimi dəyərləndirilir. Ənənəyə sadiq qalan N.Xəzri poeziyasında belə nümunələr işlədilmişdir.
Dəmirgüc, Poladgüc,
Qalxın, qardaşlar! [128, 77]
Şifahi xalq ədəbiyyatı nümunələrinə xas olan üslubi xüsusiyyətlərdən biri də qadın adlarının əksəriyyətinin hörmət mənasını ifadə edən xanım, xatun, kişi adlarının isə molla, dayı, dədə, mirzə, xan və s. sözlərlə işlənməsidir. Bu hal Nəbi Xəzri poeziyasında da müşahidə olunur:
Sonsuz
Oğuz
Düzləridir
Dədə Qorqud keçən yerlər
Qazan xanın ata yurdu,
Duzlu-çörəkli bir çadır
İncəbelli qırx qız ilə
Uzun boylu Burla xatun
Köksü dağlı
Aparıldı [128, 62-64].
Molla Pənah olmur
hər oxuyandan,
Axı, hər yazandan
Vaqif də olmur [123, 187-188].
Bir bayram olardı, Mirzə dayı, sən
Gələndə hər toyun, mağarın üstə [125, 254 ]
Tanıdım mən səni,
a Mahmud dayı
Talış dağlarında neçə yüz ürək
Almış ürəyindən döyüntüsünü [125, 270-271]
«Hər hansı xalqın onomastikası həmin xalqın tarixini əks etdirdiyi kimi, zaman keçdikcə müəyyən təbəddülata da məruz qalır və heç şübhəsiz, Azərbaycan onomastikası da bu baxımdan istisna təşkil etmir. Demək lazımdır ki, onomastik vahidlər içərisində ictimai təfəkkürlə bağlı olaraq, ən çox dəyişən antroponimlərdir» [47, 98]. Antroponimik sistemdə diqqəti cəlb edən əsas məsələlərdən biri əvvəlki adların yeni bir adla dəyişməsi – ad dəyişmə ənənəsidir. Bu hal şifahi xalq ədəbiyyatının nağıl və dastan janrlarında obrazların və ya qəhrəmanların düşdükləri vəziyyətlə, hadisə ilə bağlı baş verən dəyişmələrlə müşahidə olunur.
Sən, ey gözəl Nigar,
sən olmasaydın
Koroğlu Koroğlu olmazdı bəlkə [125, 326]
Orda əfsanəvi
«Mixaylo» qaldı
Bura əfsanəvi Mehdi qayıtdı [126, 244].
Bildiyimiz kimi, Koroğlunun əsl adı Rövşən olmuşdur. Haqqın, ədalətin qurbanı olan Alı kişi Çənlibeli onun üçün məskən seçmiş, onu xalqın azadlığı, istiqlaliyyəti uğrunda yerli feodallara və yadelli işğalçılara qarşı mübarizəyə istiqamətləndirmiş, ona «Koroğlu» adı vermişdir. Eləcə də II dünya müharibəsində Yuqoslaviyada faşist Almaniyasına qarşı mübarizə aparan partizan hərəkatında böyük igidlik göstərdiyinə görə həmyerlimiz Mehdi Hüseynzadəyə «Mixaylo» adı verilmişdir.
Antroponimik sistemdə köməkçi adlar qrupuna daxil olan ləqəblər insanlara zahiri görünüşü, peşəsi, fiziki qüsuru, xasiyyəti və s. ilə əlaqədar verilir. «Dilimizdə mövcud olan bütün antroponimik vahidləri xüsusilə ləqəbləri nəzərdən keçirsək,sözlərin apelyativ mənası ilə ləqəblər arasında əlaqənin olduğunu görərik. Bütün qruplarda ləqəblərin yaranması üçün ilk material eyni ümumi və xüsusi sözlərdir. Ona görə də hər qrupda apelyativ və onomastik ləqəblər mövcuddur. Onu da qeyd edək ki, Azərbaycan dilçiliyində ləqəblərin leksik-semantik xüsusiyyətləri alimlərimizin diqqətini cəlb etmiş və ona müxtəlif istiqamətlərdən yanaşılmış, müxtəlif leksik-semantik qruplar müəyyənləşdirmişlər» [48,34]. Məhz Nəbi Xəzri poeziyasında da bu kimi ləqəblərə rast gəlinir:
Özünə ad verib biri madonna,
Başqa birisi də primadonna! [123, 213]
Sən ki, min budaqlı məğrur çinarsan
Sənə «qoşa budaq» nahaq deyiblər [124, 16].
Şairin «Çal-çağır dünyası» adlı şeirindən verdiyimiz birinci nümunədəki «primadonna» Azərbaycan incəsənətinin görkəmli simalarından olan İlhamə Quliyevanın, ikinci nümunədəki «Əziz dostum» şeirindən gətirdiyimiz «qoşa budaq» isə həm adı, həm də soyadı eyni sözdən [kökdən] ibarət olan AMEA-nın akademiki Budaq Budaqova verilən ləqəbdir.
Azərbaycan şifahi xalq ədəbiyyatına xas olan xarakterik xüsusiyyətlərdən biri də adların bir qrupunun dini-əfsanəvi məzmun kəsb etməsidir. N. Xəzri poeziyasında da belə xüsusiyyətlərə təsadüf etmək olur:
– Dava kiminlə?
– Zülmətlər övladı kor Əhrimənlə
Bu an Fərhad dağı çapıb
Səpələdi nadan üstə
Bəhram Gurun gur səsindən
Qanlı qatil titrəyirdi [124, 118].
Bəlkə «müqəddəslər» xatirəsinə
Qızı Məryəm deyə adlandırdılar [125, 156].
Məlumdur ki,Azərbaycan folklorunda işlənən onomastik vahidlər üslubu xüsusiyyətlərinə görə digər xalqların şifahi xalq ədəbiyyatından fərqlənir.
Azərbaycan şifahi xalq ədəbiyyatı ilə yanaşı, klassik və müasir yazılı ədəbiyyatda da onomastik vahidlərin üslubi imkanlarına geniş yer verilmişdir. Təbii ki, yazılı ədəbiyyatda bu xüsusiyyətlər folklordan xeyli dərəcədə fərqlənir. Adətən, bədii əsərlərdə onomastik vahidlərin yerli yerində işlədilməsinə şair və nasirlər daha ciddi münasibət göstərərək onları əsərin ideyası ilə səsləndirməyə cəhd edirlər. «Bədii əsərlərdə xalqın hüsn-rəğbətini qazanan, yeni əməllər, arzularla yaşayan, yeniliklə köhnəliyin mübarizəsində mətanətlə qalib gələn, xalqın arzu və istəklərini özündə əks etdirən bir çox obrazların adları xalq tərəfindən qəbul edilmiş,ata-analar həmin surətlərin adlarını həvəslə öz yenicə doğulmuş körpələrinə vermişlər» [61,507].
«Bədii əsərlərdə işlənən adlar müəyyən məqsədə xidmət edir. Burada bir məsələni xüsusilə qeyd etmək lazımdır. Ad bədii obrazı adlandırmaq üçün işlənir. Buraya bütün dram, roman, hekayələrdə və s. işlənən adları daxil etmək olar. Yazılı ədəbiyyatda sənətkarlar xüsusi adlardan iki istiqamətdə istifadə edirlər:
1. Xalq tərəfindən yaranan və rəsmi dövlət sənədlərində əks olunan real onomastik vahidlər.
2.Ancaq yazıçının öz yaradıcılığının məhsulu olan poetik onomastik vahidlər» [61,505-506].
Real onomastik vahidlərdən bütün sənətkarlar eyni dərəcədə istifadə edir.Lakin poetik onomastik vahidlərdə obrazlılıq daha güclü olur. Belə onomastik vahidlər müxtəlif janr və üslublarda yazılmış əsərlərdə işlənə bilir.N.Xəzri poeziyasında işlənən Hünər,Elgün,Yanar və s. kimi xüsusi adlar şairin fərdi poetik məhsulu kimi meydana çıxmışdır.
Bağıran Elgünüm, susan Yanarım
Siz mənə Tanrıdan hədiyyəsiniz [124, 67].
Sənə Hünər adı verdim,
mən arzuma yetmədim [123, 92].
Məlumdur ki,dilimizdə olan yer adlarını onomastik şöbənin toponimika yarımışöbəsi öyrənir. Müəyyən bir yerin adını bildirən toponimlər coğrafi məna kəsb etdiyindən sözün geniş mənasında coğrafiya, eyni zamanda bu coğrafi yerlərin adları uzun bir tarixi inkişaf yolu keçdiyi üçün tarix elmi ilə də sıx bağlı olmaqla vəhdət təşkil edir.Bu baxımdan deyə bilərik ki, toponimlər hər şeydən əvvəl, yarandığı dövrlərin dil xüsusiyyətlərini özündə əks etdirir,həmin dilin qrammatik qayda – qanunlarına uyğun surətdə yaranır.
N. Xəzri yaradıcılığında Mil, Muğan, Azərbaycan toponimlərinə diqqət yetirsək,bu toponimlərin leksik-semantik, üslubi xüsusiyyətlərə malik olmasının şahidi oluruq. Mil, Muğan, Azərbaycan doğma diyarımızın ərazi adlarıdır. Lakin N. Xəzri dilində bu toponimlər ərazi adı bildirməklə yanaşı, müdriklik səciyyəsi də kəsb etmişdir:
Hələ min diləyim var,
Burda keçmişim durur,
Burda gələcəyim var,
Gəzsin Mili, Muğanı,
Bütün Azərbaycanı
Kim məni xatırlasa [123, 141].
Bu sahə ilə məşğul olan alimlərimizdən Q.Məşədiyev, T.Vəliyeva, H. Hüseynova Muğan sözünün etimologiyası ilə əlaqədar müəyyən mülahizələr yürütmüşlər. Bəziləri bu sözün Muğ komponenti ilə bağlı olduğunu, tarixilik baxımından bəzi alimlər bu sözün atəşpərəstliyin dini kitabı olan «Avesta»nın yayıcıları, zərdüşt dininin ideoloqlarının Muğlar olması ilə bağlayır. Məlumdur ki, əsasən, Urmiya-Azərbaycan istiqamətində altıya qədər tayfa mövcud olmuş, bu tayfalardan biri də Muğlar olmuşlar. N.Xəzri yaradıcılığında da Muğan adı toponimik vahid kimi tarixi mahiyyət daşımaqla yanaşı, həm də gözəl semantik məna ifadə etmişdir.
«Onomastika ancaq linqvistik üsullardan, toponimika isə bununla yanaşı tarixi və coğrafi amillərdən çıxış edir» [89, 48].
Toponimik vahidlər bu və ya digər keyfiyyət xüsusiyyətləri ilə müxtəlif leksik vahidlərdən qaynaqlanır, formalaşır. Zaman keçdikcə bəzi toponimik vahidlərin nominativ işarə halına düşməsi bir ardıcıllıq təsiri bağışlayır.
Bu baxımdan N. Xəzri dilində istifadə olunan «Koroğlu», «Qartal qayası», «Elçi daşı», «Həcər qalası» və s. toponimik vahidlərinə diqqət yetirək. Bu adlarla bağlı müxtəlif rəvayət və əfsanələr də mövcuddur. Elə məhz həmin əfsanə və rəvayətləri nəzərə alan şair aşağıdakı misraları poetik şəkildə belə ifadə etmişdir:
O «Koroğlu dağı»,
«Qartal qayası»
Vüqarla ucalıb göylərə dəyir
Odur «Elçi daşı»,
«Həcər qalası»
Əsrlər qəlbindən hekayət edir [125, 209].
«Koroğlu dağı» ilk baxışda Koroğlu yaşayan dağ, qaya, daha sonra isə Koroğlu kimi igid, qoçaq qəhrəmana məxsus bir anlayış, eləcə də «Qartal qayası» ilk anlamda qartallar yaşayan qaya, sonra isə ucalıq, əzəmilik, vüqarlıq, əyilməzlik mənası kəsb edir. «Elçi daşı» ifadəsi, adətən, şahlar hüzuruna xəbər gətirən elçilərin oturduğu daş mənasında, ikinci anlamda isə yer, məkan mənası ifadə edir. «Həcər qalası» ilk anlamda əfsanəvi qəhrəmanlığa malik olan xalq qəhrəmanı Qaçaq Nəbinin həyat yoldaşı, qəhrəman Azərbaycan qadını Həcərin adını daşıyan toponimik məna kəsb edirsə, semantik baxımdan isə «Həcər qalası» ifadəsi alınmaz, vüqarlı, əlçatmaz, düşmən həmləsinə tab gətirən mənalarda işlənmişdir. Poetik söz ustaları real toponimik vahidlərlə yanaşı, şəxsi təxəyyüllərinin məhsulu olan poetik toponimik vahidlərdən məharətlə istifadə edirlər. Buna N.Xəzrinin «Arzu kəndi» şeirini nümunə göstərə bilərik:
«Arzu» kəndi, arzulardan
sən də doğuldun
Sənə nələr arzulayım,
ay, «Arzu» kəndi,
Adın «Arzu», özün böyük bir həqiqətsən! [125, 171-172]
Bu şeir parçasında işlədilən «Arzu kəndi» ifadəsini müxtəlif məna çalarlarında səciyyələndirmək olar. Coğrafi ad kimi «Arzu kəndi» məkanı yoxdur. Arzu əslində insanı xoşbəxtliyə, aliliyə,mənəvi kamilliyə,xoşbəxt gələcəyə, bütövlükdə insan qəlbindən keçən min bir istəyə qovuşmaq həvəsidir. «Arzu kəndi» arzulardan doğulan bir kənd, həm də böyük bir həqiqət mənasında işlənmişdir.
Məlumdur ki, müxtəlif leksik vahidlərin üslubi imkanları bədii ədəbiyyatda açılır, mövcud bədii nümunələr bir növ bir vasitə, mənbəyə çevrilir. Başqa sözlə desək, həmin leksik vahidlər ümumi, adi vəziyyətdən başqa üslubi poetik məqamda manevr edir, ilkin variantda bir o qədər də maraq doğurmur, ikinci məqamda isə qeyri-adi təsir yaradır, söz üslubi-poetik, bədii estetik təsir bağışlamaqla yanaşı, həm də sənətkarın fəlsəfi düşüncəsinin, sənət dünyasının nəyə qadir olmasını nəzərə çarpdırır. Bu baxımdan N. Xəzri yaradıcılığında bir şeir parçasına diqqət edək:
Qaranlıq gecədən
Gündüzə çıxdıq,
Məcnun səhrasından
Əsdi bir külək [124, 31].
Şeirdəki «Məcnun səhrası» ifadəsi ilkin anlamda şairin ideal təxəyyülünün məhsuludur. Şair Məcnun sevgisinə, onun ilahi məhəbbətinə, bu məhəbbətin bir məskənə çevrilməsinə işarə edir. Elə bir məskən ki, orada yalnız Məcnun sakin olmuşdur. Lakin bu ifadənin digər qatında isə «Məcnun səhrası» ifadəsi bir toponimik vasitəyə çevrilir, şairin poetik qüdrətini əks etdirən bir məqam çaları yaradır.
N.Xəzri yaradıcılığında təbii ki, real adların, onomastik vahidlərin öz həqiqi mənasında işlənməsi halları da müşahidə olunur.
Bu diyarın keçmişiylə
çox tanışam mən,
Deyirdilər bu yerlərə Dəhnə bağları [125, 127].
Azərbaycan özünün təbii sərvətləri ilə seçilən bir diyardır. «Məcnun səhrası» ifadəsindən fərqli olaraq «Dəhnə bağları» real toponimik vahiddir.Şeirin adından bizə məlum olur ki, «Dəhnə bağları» Sumqayıtda yer adıdır. Məhz şair bu toponimi işlətməklə bu yerin özünəməxsus gözəlliyini, respublikamızda ad-san qazanmasını bir daha nəzərə çarpdırmışdır.
N.Xəzriyə xas olan üslubi xüsusiyyətlərdən biri də toponimlərin təsvir və tərənnümünə fikir verməsidir. Poeziyaya xas olan xarakterik cəhətlərdən biri də fakt və hadisələri təcəssüm etdirməkdir. Belə ki, təsəvvürün özündə də təcəssüm mövcud olur. Şairin təsvirlərinin əksəriyyətində toponimik vahidlərin xatırlanmasına xüsusi yer verilir. Bütün bunlarla yanaşı, həm də həmcins təkrarların təsvirində müxtəlif regionların etnoqrafik ənənələri xatırlanır. Bu baxımdan şairin «Sualsız cavablar» şeiri diqqəti cəlb edir:
– Mən behişt ətirli Lənkərandanam.
– Mənə də deyərlər igid Gəncəli,
– Ordan başlamırmı yurdun cəncəli!
– Mənə mehribandır Tovuz, Qazax da,
– Onlar uzaqdadır, qalsın uzaqda!
– Borçalı elindən gəlmişəm mən ki,
– Xaricdə doğulan əcnəbisən ki?!
– Qəbələm paytaxtdır qədim yurduma!
– Mirzə Səfər demiş: – gəl, min boynuma!
– Şəki torpağında doğulmuşam mən,
– De, Hacı dayıya dost olmuşam mən!
– Mən ki, dağ vüqarlı Kəlbəcərdənəm,
– Söylə ki, satılmış qızıl yerdənəm! [123, 234]
Şeirin birinci misrasında «behişt ətirli Lənkərandanam» deyən şair özünün füsunkar gözəlliyi ilə bütövlükdə Azərbaycanımıza zinət verən Lənkəranı ilahi gözəlliyə malik cənnətlə müqayisə etmişdir. Sonrakı misralarda igidləri ilə şöhrət tapmış Gəncənin, insanlara nəvaziş, mehribanlıq göstərən Tovuz,Qazax, Borçalının, vaxtilə doğma yurdumuza paytaxt olan Qəbələnin, öz lətifələri ilə məşhur olan Şəkinin,respublikamızın qızıl mədəni sayılan dağ vüqarlı Kəlbəcərin ecazkar gözəlliyini nəzərə çatdırmaqla bərabər, həmin yerlərin etnoqrafik xüsusiyyətlərini də əks etdirmişdir.
Dilimizdə bir qrup onomastik vahidlər işlənməkdədir ki, onlara maddi mədəniyyət abidələri, mənəvi mədəniyyətlə sırf bağlı olan əsərlər, ölkə rəhbərliyi tərəfindən verilən fəxri adlar,inzibati idarə, ayrı-ayrı təşkilat adları daxildir. Onomaloji baxımdan məsələnin həllinə diqqət yetirsək,görərik ki, dilimizdə istifadə olunan bir sıra mətbuat, nəşriyyat, bağça, düşərgə, mağaza, qatar, gəmi və s. adları ktematonim kimi dəyərləndirilir. Təbii ki, bu məsələ ilə əlaqədar bir sıra araşdırmalar aparılmış, elmi əsərlərdə müəlliflər müxtəlif qənaətə gəlmişlər ki, H. Hüseynova «S.Vurğunun bədii əsərlərində onomastik vahidlərin linqvistik xüsusiyyətləri» əsərində yazır:
İndisə gör, Xan sarayı nələr deyir–
Daş sütunlar heykəl kimi dayanmışdır.
Müəllif bu iki misraya aşağıdakı kimi izahat verir: «Xan sarayı» qədim toponimlər sırasına daxildir. Bu özlüyündə tarixi səciyyə daşıyır. Daha doğrusu, Azərbaycanda xanlıqlar dövrünün hadisələrini özündə yaşadır. S.Vurğun da həmin tarixi hadisələri xatırlayır. Məlum olduğu kimi, XVIII əsr Azərbaycan xalqının tarixində ictimai-siyasi ziddiyyətlərin ən kəskin dövrü, xanlıqların meydana gəlməsi dövrü kimi xatırlanır. S.Vurğunun Xan sarayı adını xatırlaması həmin vəziyyəti yada salır. Daha onun üçün bu hadisələri təfsilatı ilə vermək ehtiyacı görünmür... Xan sarayı real toponimdir, real yeri, məkanı bildirir və haqqında təfsilatlı məlumat var. S.Vurğun da yaşadılan tarixi qələmə alır [40, 73-74].
Eləcə də həmin əsərin 66-cı səhifəsində müəllif yazır:
«Odur bax! Yazdığım «Aslan qayası»
Silinmiş alnından ellərin yası
Burada Aslan qayası topnimik vahiddir» [40, 66].
Hər iki nümunədə həm «Aslan qayası», həm də «Xan sarayı» ifadələri bizə görə toponim kimi deyil, ktematonim kimi qəbul olunsa daha məqsədəuyğundur.
N.Xəzri poeziyasında tarixin qaynaqlarından qopub günümüzə qədər gəlib çatan bəzi toponimlər verilmişdir ki, həmin torpaqların bu gün fitnəkar, mənfur erməni işğalında olmasına baxmayaraq, onlar bizim real toponimlərimizdir.
Qalxır Daşaltıdan seyrək dumanlar,
Səhər...Cıdır düzü...
Şuşa dağları...
Seyr elə yamyaşıl şehli bağları,
Burda küləyin də özgə ətri var [125, 187].
Bu şeir parçasında şair Azərbaycanın bölünməz tərkib hissəsi sayılan, dilbər guşələrindən olan Qarabağdakı bu real yerləri – Daşaltı, Cıdır düzü, Şuşa dağları toponimlərini tərənnüm etmişdir.
Şairin əsərlərində hidronimlərdən də istifadə edilmiş, həmin hidronimlər çox vaxt rəmzi məna çalarları ifadə etmişdir:
Eşit məni, Xan Arazım,
Səsi mehriban Arazım [124, 101-102].
Şirin nəğməkarsan, a Tərtər çayı [125, 202 ]
Bir dəfə yuyunsan
«Qızıl çay» da sən [125, 209]
Samur çəmənləri dolaşdı gəldi [125, 343].
Xançınçayın sahilindən
Nəğmə yüksəlir [125, 364].
Zaqatala çayı aşıb-daşıbdır [125, 218].
Nümunələrdəki Xan Araz, Tərtər çayı, «Qızıl çay», Samur, Xançınçay, Zaqatala çayı hidronimləri müəyyən mənada bədii obraz kimi işlədilmişdir.
Araşdırmalar zamanı N.Xəzri poeziyasında astronomik adlardan da istifadə olunmasının şahidi oluruq:
O dan ulduzu yox, Karvanqırandır
Səni Dan ulduzu nahaq bilmişəm [126, 91-91].
Çıxaraq yollara Zöhrə ulduzu:
İndicə ümidim gələcək deyir [127, 184].
Beləliklə, N.Xəzrinin əsərlərindəki onomastik vahidlərin təhlili göstərir ki, bu adlar şairin şeirlərində poetik funksiya rolunu daşıyır və sənətkarın fərdi üslubunu müəyyənləşdirir. Şeirlərin mövzusu, məzmunu ilə işlənmiş mətni səciyyəli adlar isə dilin daxili imkanlarını üzə çıxarmaqla yanaşı, bədii üslubu da zənginləşdirir. Digər tərəfdən isə şair tərəfindən Azərbaycana məxsus yer, yurd, el-oba adlarının yazılı şəkildə təsbit olunması onları gələcək nəslə çatdırmaqla yanaşı, eyni zamanda doğma Azərbaycanımızın ayrılmaz, sabit məkanlar olmasını bir daha təsdiqləmiş olur.
Dostları ilə paylaş: |