Kinayə. Hər hansı bir frazeoloji vahidi bədii ədəbiyyatda həm əsl mənasında,həm də kinayəli şəkildə işlətmək mümkündür. «Kinayə incə, gizli gülüş deməkdir. Kinayə məntiqi ziddiyyətlərdən, konstrastlardan istifadədə yaranır. Hər hansı bir mənfi hadisəyə, yaxud tipə ona yaraşmayan, zidd olan keyfiyyətləri vermək kinayə doğurur. Kinayə ilk baxışda nəzərə çarpmayan, lakin ən kəskin, öldürücü, ifşaedici bir silahdır» [64,83]. «Kinayə üçün xarakterik cəhət ondan ibarətdir ki, fikrin ifadə tərzi onun məzmununa, daxili mənasına qarşı qoyulur. İfadəyə, danışığa emosional təsir göstərir. Bu təsir gücü nəticəsində kinayə olunan mənfi tip demək olar ki, sarsılır» [6,156].
Kinayə xarakteri daşıyan ifadə üçün həyəcan, yüksək ton, hiddət deyil, sakitlik əsas şərtdir. Sakit, adi şəkildə deyilmiş sözlər daha dərin və ciddi məna kəsb edir.
Qeyd edək ki, ifadəyə kinayə çaları verən həm də intonasiyadır. Lakin kinayə çaları ilə birlikdə sabitləşən–məzmununu kinayə çaları təşkil edən frazeoloji vahidlər də vardır. Bunlar müstəqim mənada işlənmir. N.Xəzri yaradıcılığında kinayəli frazeoloji birləşmələrin özünəməxsus, rəngarəng çalarları diqqəti xüsusilə cəlb edir:
Köhnə dəblər itib gedir
Şair olmaq qəbahətdir
Şöhrət indi var-dövlətdir
Bu şöhrətdən nə umarsan?
Hər gün dondan-dona girən
Həqiqətdən nə umarsan? [123, 196]
Ürəyin doludur - bu meyar deyil,
Ciblərin boşdursa - bax bu meyardır! [123, 39]
Bura humanitar yardım gələndə,
Bizim «humanistlər» yarı bölürlər [123, 94].
Bədii sual. Frazeoloji vahidlərin tərkibində özünü göstərən poetik keyfiyyətlərdən biri də bədii sualdır. Belə vahidlərdə heyrət, təəccüb hissi üstündür.
Bədii sual mahiyyət etibarilə qrammatik sualdan fərqlənir. Belə ki, sualdan nitqdə, adətən, hər hansı bir hadisə, vəziyyət, əhvali-ruhiyyə haqqında müəyyən məlumat öyrənmək məqsədilə istifadə olunur. Lakin bədii sual heç bir şey öyrənmək,məlum olmayanı soruşmaq məqsədi güdmür, əksinə, söz sənətkarına məlum olan bu və ya başqa hadisə ilə əlaqədar fikir təsdiq edilir.Mahiyyəti,meydanagəlmə səbəbi məlum olan bir hadisəni, vəziyyəti, əhvali-ruhiyyəni poetik sual şəklində ifadə etmək onun emosional təsirini daha da qüvvətləndirir.
Sənətkar bədii sualın köməyi ilə güclü emosiya yaratmağın, şeirin bədii təsirini artırmağın mümkün olduğunu nəzərə alaraq, hətta bu və ya digər fikri bütövlükdə sual əsasında verməyə cəhd edir:
Qışqıran sevgilər məyər sevgimi? [123, 32]
Zər saçaqlı tər güllərə səcdə qılaq?
Torpaqlara qara çöksə zülmət deyək?
Pambıqla baş kəsənlərə rəhmət deyək?
Ümid şəmi parlayanda günəş sayaq? [123, 38]
Meşə pıçıldayır, bulaq danışır? [123, 62]
Ümidlər xəyala dönəndə qaldı?
Eşqim bir ürəkdə sönəndə qaldı?
Ömrü dara çəkmək kəməndə qaldı?
Bəlkə bu günün də dünəndə qaldı? [123, 74]
Bəlkə sən beləcə arzuna yetdin? [123, 108]
Bəlkə bir üşütmə düşdü canına?... [123, 124]
Elə ehtiyac da mənimlə gəlib? [123, 119]
Çaylar xəyal olub,
hara axdılar? [123, 130]
Könlümü yandırıb-yaxırsan, maral? [123, 131]
Ümumiyyətlə, sualda xüsusi intonasiya, vurğu mövcuddur. Odur ki,poeziyada ekspessivliyi artırmaq,fikri daha canlı ifadə etmək üçün bədii sualdanı geniş istifadə olunur. Nəbi Xəzrinin üslubu üçün də bu səciyyəvidir, məhz belə bədii suallarla şair öz fikirlərini vurğulaya bilmişdir.
İnversiya. Bədii ədəbiyyatda çox işlənən ifadə vasitələrindən biri də inversiyadır.Nitqin,ifadənin bədii təsirini artırmaq məqsədilə sözlərin qrammatik ardıcıllığının qəsdən pozulması inversiya yaradır. Frazeoloji vahidlərdə mübtəda ilə xəbərin, xəbərlə tamamlığın inversiyasına rast gəlirik. Yəni bir qayda olaraq, dilimizdə xəbər cümlənin axırında işlənir, tamamlıq mübtədadan sonra gəlir. Sözlərin belə müəyyən sırasının pozulması qrammatikanın tələbi baxımından nöqsan sayılmasına baxmayaraq, şair inversiya əsasında sabitləşməyən frazeoloji vahidləri şeirin tələbinə uyğunlaşdırır. Daha doğrusu, komponentlərin yerini şeirin vəzn və qafiyəsinin tələbinə görə dəyişir. Bu cür yerdəyişmə komponentlər arasındakı məna sabitliyini pozmur. Əksinə, şair, sənətkar şeirdə mübtəda ilə xəbəri, xəbərlə tamamlığı qrammatikanın tələb etdiyi kimi işlətsə, bəlkə də şeirdəki ifadənin gözəlliyi itər, estetik təsiri azalar. Şeirdə inversiya poetik ifadə vasitələrindəndir. N.Xəzrinin poeziya dilində güclü inversiya vasitələrinə tez-tez rast gəlinir:
İlahi səs gəlir qədim Gəncədən,
Odlu köynək geyib eşq atəşindən
Ney tək ürək yaxır nalələrilə
Qana susadıqca əli-qanlılar,
Onun harayından titrəyir cahan
Mən göydə tuturam tənə daşını,
Deyir: - Yara dəydi vətən köksünə,
Birdən üşütmələr gəzdi canımda,
Hətta yaddan çıxdı, öz adım, Allah! [123, 29-30]
Əzəl başdan açarıdır sirlərin,
Öz gücünü ürəklərdən alar söz
Müşkül olan dərdə çarə qılar söz
Söz ucaldar bu cahanda insanı,
Əzizləyər bu cahan da insanı.
Vaxt olar ki, bircə anda insanı,
Əlli ilin hörmətindən salar söz.
Çalış, Nəbi, gecə-gündüz yarat sən,
Bəd sözləri öz sinəndən yar, at, sən.
İnci seçib, dürr toplayıb yaratsan,
Səndən eldə bir nişanə qalar söz [123, 11].
N. Xəzrinin «Bu gecə» şeirindən gətirdiyimiz nümunədə qrammatikanın tələbi baxımından birinci misrada «Qədim Gəncədən ilahi səs gəlir», ikinci misrada «Eşq atəşindən odlu köynək geyib», üçüncü misrada «Nalələrilə ney tək ürək yaxır», dördüncü misrada «Əli-qanlılar qana susadıqca», beşinci misrada «Cahan onun harayından titrəyir», altıncı misrada «Mən tənə daşını göydə tuturam», yeddinci misrada «Vətən köksünə yara dəydi», səkkizinci misrada «Birdən canımda üşütmələr gəzdi», doqquzuncu misrada «Allah, öz adım hətta yaddan çıxdı», eləcə də «Söz» şeirindən gətirdiyimiz nümunədə birinci misrada «Əzəl başdan sirlərin açarıdır», ikinci misrada «Söz öz gücünü ürəklərdən alar», üçüncü misrada «Söz müşkül olan dərdə çarə qılar», dördüncü misrada «Bu cahanda söz insanı ucaldar», beşinci misrada «Bu cahan da insanı əzizləyər», altı-yeddinci missralarda «Vaxt olar ki, söz bircə anda insanı əlli ilin hörmətindən salar», səkkizinci misrada «Nəbi, sən çalış, gecə-gündüz yarat», doqquzuncu misrada «Sən bəd sözləri öz sinəndən yar, at», on-on birinci misralarda «İnci seçib, dürr toplayıb yaratsan, söz səndən eldə bir nişanə qalar» formasında olmalıdır. Lakin göründüyü kimi, şair bu misralarda komponentlərin yerini şeirin vəzn və qafiyəsinin tələbinə görə dəyişməklə gözəl inversiya nümunələri yaratmışdır. Nəbi Xəzrinin poeziyasında sintaktik səviyyədə – cümlə üzvlərinin bu cür yerdəyişməsi onun əsərlərinə xüsusi çalarlar gətirməklə yanaşı, fikrinin də oxuculara daha qabarıq çatmasına kömək etmişdir.
Bədii ifadə və təsvir vasitələrinin – məcazların bədii üslubdakı rolu çox mühümdür,onlarsız bədii üslubu təsəvvür etmək mümkün deyil. Məhz məcazlar vasitəsilə ədəbi-bədii dildə bədii ifadələr yaradılır, adi sözlərə qeyri-adi mənalar verilir və nəticədə, ədəbi dil zənginləşir, ifadə imkanları genişlənir, səlisləşir. Bütün bu keyfiyyətlərə əsaslanaraq, deyə bilərik ki, Nəbi Xəzri dildə olan söz və ifadələrə yeni məna incəlikləri verərək onları öz məqsədinə uyğun işlətməklə,fikrini oxuculara çatdırmaqla yanaşı, həm də sözlərin məna çalarlıqlarını artırmışdır.
Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti
«Məlum olduğu kimi, «frazeologiya» anlayışı olduqca genişdir;buraya yalnız mənası komponentlərinin mənasından asılı olmayan parçalanmaz leksik birləşmələr deyil, başqa sabit birləşmələr də: atalar sözü, məsəllər, aforizmlər, qanadlı sözlər, peşə ifadələri, klassik poeziyada rast gəldiyimiz çoxişlənən formul şəklinə düşmüş spesifik ənənəvi ifadələr və s. daxildir» [18,17].
«Obrazlı fikrin ilk yaradıcısı xalq, ilk beşiyi onun şifahi yaradıcılığıdır. Bütün qüdrətli söz üstaları həmişə bu müqəddəs sənət məbədinə söykənmiş bu tükənməz qaynar söz çeşməsindən faydalanmışlar» [21,165].
Hər bir sənətkar kimi N.Xəzri də ümumxalq dilinə, folklorumuza dərindən bələd idi. Çünki hər iki mənbə yaradıcı insan üçün əsas mənbə, əvəzedilməz söz xəzinəsidir. «Yazıçı nə dərəcədə istedadlı olursa olsun, onun yardıcılığı, cilaladığı və beləliklə meydana çıxartdığı poetik incilər yenə də xalq dili, xalq təfəkkürü sayəsində mümkün olur» [1,131]. «Sənətkarın ustalığı da məhz belə bir mənbədən necə istifadə etməsi, ümumxalq dili ifadələrini bədii əsərin dilində işlədə bilmə bacarığı ilə ölçülür. Çünki ümumxalq dili elə tükənməz imkanlara malikdir ki, onu heç bir fərdi yaradıcılıq məhsulu əvəz edə bilməz» [56,157].
Frazeoloji vahidlərin bir qismini xalq,bir qismini isə yazıçılar,şairlər yaradırlar.Atalar sözləri, xalq məsəlləri xalq yaradıcılığının, aforizm,hikmətli sözlər isə sənətkar yaradıcılığının məhsuludur.
Bədii ədəbiyyatda frazeoloji vahidlərin bütün növlərindən istifadə olunur. Bu vahidlər içərisində atalar sözləri, xalq məsəlləri və hikmətli sözlər başlıca yeri tutur.
Məlumdur ki, «yazıçının yaradıcılığı, müəlliflik şəxsiyyəti,qəhrəmanları,mövzusu, əsərdə irəli sürdüyü fikirlər onun dilində cəmləşdirilir. Dil bədii əsərlərə ancaq sözlərin öz yerinə görə düzgün işlədilməsi nöqteyi-nəzərindən bağlı olmur. Dilin ixtiyarında olan ifadə vasitələri öz daxili xüsusiyyətləri ilə daha mühüm rol oynayır. Q.O.Vinokurun fikrincə, dilin də bədii əsər kimi daxili forması vardır – özündə bəzi məzmunlu keyfiyyətlər saxlayır» [6, 140].
Bu cəhətdən frazeoloji vahidlər çox səciyyəvidir. Atalar sözləri, xalq məsəlləri və hikmətli sözlər öz daxili məziyyətlərinə görə bədii ədəbiyyatla bağlıdır. Buna görə də «Atalar sözü və zərb-məsəllərin frazeologiyaya münasibəti» mövzusundan danışarkən əsas diqqət atalar sözləri, xalq məsəlləri və hikmətli sözlərin daxili xüsusiyyətlərinə yönəldilir.Atalar sözləri, xalq məsəllərinin əsl yaradıcısı xalqdır. Burada xalqın həyat tərzini, məişətini, adət və ənənəsini təmsil edən epizodlar əks olunmuşdur. Xalq öz ağıllı və müdrik sözlərinin məna dərinliyinə fikir verdiyi kimi, ifadə formasını da gözəlləşdirmişdir.
Atalar sözləri,xalq məsəllərinin tərkibini təşkil edən səslərin yaratdığı ahəngdarlıq, melodiya, daxili qafiyə və s. dinləyiciyə, oxucuya ləzzət verir, onun estetik zövqünü oxşayır. Bu poetik keyfiyyətlər bədii şeirin əsas tələbləri,ümumi ahəngi ilə birləşərkən daha təsirli olur.
Həcmcə kiçik, mənaca dərin və təsirli olan atalar sözü və məsəllər müəyyən ibrətamiz fikirləri qısa, lakonik və obrazlı şəkildə ifadə edir. «Məsəllər və atalar sözləri mükəmməl bədii poetik nümunələr kimi məişət və cəmiyyətin ən müxtəlif sahələrini əhatə edərək eyibləri açır, yaraları neştərləyir... Cəmi bir neçə sözdən, bir cümlədən ibarət olan atalar sözü və ya məsəl yazılı ədəbiyyatın böyük həcmli əsərlərinin siqlətini özündə təcəssüm etdirir» [36,11].
N.Xəzri öz yaradıcılığında fikri daha təbii, canlı, təsirli, emosional, rəngarəng nəzərə çatdırmaq üçün ümumxalq dilindən, onun folklorundan, xalqımızın əsrlər boyu sınanmış həyat təcrübəsinin dildə təsdiqlənmiş,sabitləşmiş müdrik atalar sözləri və məsəllərin üslubi imkanlarından ustalıqla istifadə etmişdir. Eyni zamanda şair həm atalar sözləri və məsəllərə heç bir dəyişiklik etmədən canlı xalq danışıq dilində olduğu kimi, həm də onlara konkret olaraq bədii üslubun tələbi ilə müəyyən dəyişikliklər edərək öz poeziyasında işlətmişdir. Belə ki, şair əsərlərində «Hayla gələn vayla getdi» [123,92]; «Zahirə aldanma baxıb uzaqdan» [123,12]; «Ağıl yaşda deyil, ağıl başdadır» [123,23]; «Əgər başqasına sən quyu qazsan, Özün düşəcəksən gec ya tez ora» [123,217]; «Bil iki gül ilə olmayır bahar!» [123,234]; «Toxun acdan xəbəri yox» [124, 62]; «Sözü deməmişdən-söz sənin qulun, Elə ki, söylədin–özün qul oldun [124,97]; «İgid bir yol ölər, qorxaq min kərə» [123, 90]; «Ulu sözünə baxmayan, Qalar ulaya-ulaya» [124, 91] və s. kimi dərin mənalı müdrik xalq ifadələrinə, kəlamlarına heç bir dəyişiklik etmədən işlətmişdir.
Xalq təfəkkürünün dərinliyini qeyri-adi bir tamlıqla ifadə edən atalar sözlərini misralara bölüb onlarda qafiyə, rədif axtarmaq heç də düzgün deyil, çünki onsuz da onlar simmetrik və ritmikdir. «Qanadlı söz», «ipə-sapa düzülməmiş incilər», «dilin gülzarı» kimi adlar verilən, az sözlə geniş mənalar ifadə edən bu xalq ifadələri təkcə dilin gözəlliyinə xidmət etmir. Bir dili öyrənərkən o dildəki idiomlarla, frazeoloji ifadələrlə yanaşı, o dilin canlı paremik vahidlərini də bilmək vacibdir. Mərhum dilçi alim S.Əlizadə elm aləminə bəlli etdiyi «Oğuznamə» abidəsinə yazdığı «Müdrikliyin sönməz işığı» adlı ön sözündə doğru,düzgün olaraq yazmışdır:»Atalar sözləri bugünkü oxucuya nə verir, hər bir paremik vahidin ən qiymətli cəhəti nədədir: yığcamlığındamı, nəsihətamiz ruhunda,obrazlılığında, ahəngindəmi və ya dərin ictimai-fəlsəfi məzmunundamı? Əlbəttə, bu xüsusiyyətlərin ideal vəhdətində!
Hətta biz atalar sözlərinə su,çörək,udduğumuz havatək o qədər vərdiş etmişik ki, az qala onları adiləşdirmişik: gündəlik məişət nitqimizdə də, elmi tədqiqatlarda da. Bu əsl möcüzədir ki, «atasız-anasız» doğulan hər bir paremik vahid uzun məsafələr, dolambac yollar keçib, əcdadlarımızın canlı səsini, nəfəsini, gah nikbin, gah bədbin əhval-ruhiyyəsini, təcrübədən çıxmış öyüd-nəsihətini, müzəffər dərrakəsini tarixin qaranlıq girdabından çıxarıb bizə çatdırır. Doğrudan da, atalar sözü bütün sözlərdən uludur, cümlə miqyaslı, traktat siqlətli sözdür; hər bir atalar sözündə bir kitablıq fikir, məlumat xəzinəsi vardır.
Düzlüyü, sərrastlığı, aydınlığı, emosionallığı, lakonizmi və bədii təsir gücü ilə atalar sözünə bərabər tutulası söz hanı?! Min illik zülmətin söndürə bilmədiyi bu idrak qığılcımları hər kəsin yaddaşında həmişə günəş qədər hərarətli, su kimi həyatidir.
Xalqın müşahidələrini,təsəvvür və təfəkkür tərzini, canlı məntiqini hifz eləyən atalar sözü sıxılmış yaydır: onun əsl enerjisi, təsir qüvvəsi nitq məqamında, konkret zaman, şərait daxilində bilinir. Bu halda hər bir paremik vahid əyrini doğrayan qılınca, zülməti dağıdan işığa, yaxud dərdlərə şəfa verən məlhəmə çevrilir» [77,10-11].
Bəzən sənətkar bu hikmətamiz ifadələri işlədərkən onların xalq dilindən alındığını nəzərə çatdırmaq məqsədi ilə misranın əvvəlində və ya sonunda «söz var»,»deyirlər», «dedilər», «deyiblər» və s. söz və ifadələrlə atalar sözü və məsəllərin mənbəyini göstərmişdir.Məsələn; «Söz var ki, namusu itə at, yeməz!» [123,90]; «Deyirlər göz görür, könül də sevir» [123,206]; «Söz var, gözəl doğma, ay anam məni, Ay anam gözəl doğ, mənim bəxtimi» [124,134]; «Deyiblər duz gərək dadınca olsun!» [124,64]; «Artar küsəyənin Payı, - deyirlər» [123,238]; «Dərdlərin əlindən o, dağa çıxdı, Dedilər: bəxtəvər yaylağa çıxdı» [124,53] və s.
Mənzum atalar sözləri və xalq məsəlləri epik və dramatik əsərlərdə işlənməklə yanaşı, poeziya dilində də işlədilir. Frazeoloji vahidin tərkibindəki vəzn bu zaman şeirə xüsusi ritm və ahəngdarlıq verir. Lakin frazeoloji vahid burada da əsasən öz mənzumluğunu saxlayır. Onu da qeyd edək ki, atalar sözləri və zərb-məsəllərdə bütövün məna vahidliyi və bu mənanın ümumiləşdirilmiş xarakteri ümumi şəxsli cümlə formasında ifadə edilir. Nə əkərsən, onu biçərsən; İşləməyən dişləməz;Cücəni payızda sayarlar.Bu baxımdan N.Xəzri əsərlərində yerli-yerində işlənmiş atalar sözləri, hikmətli sözlər fikri obrazlı, ifadəli, aydın, səlis ifadə etməklə, eyni zamanda müəyyən üslubi məqsədə xidmət edir.Buna görə də atalar sözü və hikmətli ifadələrin poeziyada işlənməsi müxtəlif məqsədlər daşıdığı kimi olduqca rəngarəng üslubi effekt yaradır. Hikmətli xalq ifadələri şeirdə öyüd, nəsihət vermək məqsədi ilə işlədilir:
Hər kəlməsi öz yerində deyilsə,
Qılınclardan daha kəskin olar söz [123, 11].
Elə bil söylədi yenidən bu an:
«Zahirə aldanma baxıb uzaqdan» [123, 12].
Ağıl yaşda deyil, ağıl başdadır,
Namərd eləməyin qovaraq mərdi [123, 23].
Sözü deməmişdən-söz sənin qulun,
Elə ki, söylədin-özün qul oldun [124, 97].
İki şey məhv edir mütləq hər kəsi,
Yoxsulluq qorxusu, mənsəb həvəsi [124, 99].
Ulu sözünə baxmayan,
Qalar ulaya-ulaya [124, 91].
Əgər başqasına sən quyu qazsan
Özün düşəcəksən gec ya tez ora! [123, 217]
Sadə, qısa, yığcam yazmaq tələbi, ədəbi dili xalq dilinə yaxınlaşdırmaq arzusu şifahi xalq ədəbiyyatı nümunələrindən istifadə etmək zərurətini doğurur. Burada, xüsusən atalar sözü və xalq məsəllərinin rolu misilsizdir.Çünki onlar xalqın müdrikliyini, xalq zəka və düşüncəsini, xalqın həyat təcrübələrinin nəticələrini özündə əks etdirir, bunlar xalqın dünyagörüşünün, onun əməli həyat fəlsəfəsinin xülasəsi, qısa və dolğun, yığcam və mənalı şəkildə, aforizmlər halında ifadəsidir. Şairin ayrı- ayrı şeirlərindən gətirdiyimiz nümunələr bunu bir daha sübut edir. N.Xəzri şeirlərində anlaşılmaz, qəliz sözlərə çox yer verməmiş, onların əvəzinə canlı həyat ifadələri işlətmiş, ədəbiyyata, bədii dilə xalq dilinin obrazlılığını, onun ahəngdarlığını gətirmişdir.
N. Xəzrinin yaradıcılığına xas olan üslubi xüsusiyyətlərdən biri də onun obrazın xarakterini, təbiətini, daxili aləmini atalar sözü və məsəllər vasitəsilə daha dəqiq qiymətləndirərək sərrast ifadə etməsidir.Çünki poeziyada məhz bu hikmətli ifadələr vasitəsilə obrazın mənəvi aləmi, əxlaqi keyfiyyətləri qısa, lakonik və obrazlı şəkildə oxucuya çatdırılır. «Torpağa sancılan qılınc» dramatik poemasında Dədə Qorqud ayrı-ayrı personajlar haqqında deyir: «Qara fikir bəllidir ki, Qaranlıqda ayaq tutar» [121,127], «Nə vaxtdır düşmənik, mən də, Qazan da, Qaynamaz iki baş bircə qazanda» [121,130], «İnsanlar kor olur gözü qızanda; Belə günə qaldı bizim Qazan da» [121,133], «Od tüstülü, köz dumanlı; Kabab qanlı, igid canlı» [121,135], «Gəlinlər evləri ayıran deyil; Gəlinlər elləri qovuşdurandır» [121,160], «Ara xəlvət oldu-tülkü bəy oldu» [121,180], «Zərgərəm - verərəm mən zərə qiymət!» [121, 192] və s.
Qeyd edək ki, N.Xəzri yaradıcılığında bu cür hikmətli sözlərə təkcə «Torpağa sancılan qılınc» dramatik poemasında deyil,onun əsərlərinin əksəriyyətində rast gəlinir. Sənətkar atalar sözləri və hikmətli sözləri heç də söz xatirinə deyil, onları işlənmə məqamına,hadisələrin tələbinə uyğun olaraq işlədir.
Dilimizin incəliklərinə dərindən bələd olan şair bəzi atalar sözləri və məsəllərə özünəməxsus yaradıcı şəkildə yanaşaraq, onların məzmununu saxlamaqla, yalnız quruluşunda cüzi dəyişikliklər etmişdir. Üslubi məqsədlə atalar sözləri və məsəllər üzərində dəyişikliklər aparan sənətkar bu yolla bir daha əsərlərinin dilini canlı,obrazlı və emosional edir. Belə ki, ümumxalq dilində işlənən «Hər sözün bir məqamı var» [7,127], «Söz bir olsa, zərbi kərən sındırar» [7,211], «Söz - var gələr keçər, söz var dələr keçər», «Sözü yerində söylə», «Sözün doğrusu dəmiri dələr» [7,212] atalar sözlərini «Hər kəlməsi öz yerində deyilsə, Qılınclardan daha kəskin olar söz» [123,11], «Özgəyə quyu qazan özü düşər» [7,199] atalar sözü «Əgər başqasına sən quyu qazsan, Özün düşəcəksən gec ya tez ora!» [121,217], «Bir gül ilə bahar olmaz» [7,58] atalar sözünü «Bil iki gül ilə olmayır bahar» [123, 234], «Qələndər dərd əlindən dağa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb» [7,162] «Dərdlərin əlindən o,dağa çıxdı,Dedilər:bəxtəvər yaylağa çıxdı» [124,50],»Hayla gələn huyla gedər» [7,124], «Hayla gələn vayla getdi-bircə anın içində» [123,92], «Hər enişin bir yoxuşu, hər yoxuşun bir enişi var» [7,126] «Taleyin də öz işi var, hər yoxuşun enişi var» [124,55], «Söz sahibi ölsə də, söz qalar!» [7,211] «Mən ölmərəm, əgər bircə Sözüm qalsa xalqa, xalqa!» [124,59], «Toxun acdan nə xəbəri?!» [7,222] «Toxun acdan xəbəri yox, görmüsənmi?» [124,62], «Öz gözündə tiri görmür,özgə gözündə qıl axtarır» [7,197] «Eyiblərin böyüyü nədir söylə bizə sən? Özündə ola-ola başqasında gəzəsən» [124,96], «Dil adamı bəyan elər» [7,90] «Tanınar kim nə vaxt danışıb dinər: «İnsan öz dilinin altda gizlənər» [124,96], «Söz ağızdan çıxıncan sənindi» [7,211] «Sözü deməmişdən – söz sənin qulun, Elə ki, söylədin - özün qul oldun» [124,97], «Əmanətə xəyanət olmaz» [7,107] «Kim ki əmanətə xəyanət etsə, Sayılsın ən böyük cinayət kimi!» [124,122], «Qorxaq gündə yüz yol ölər, igid ömründə bir yol» [7,171] atalar sözlərini «İgid bir yol ölər, qorxaq min kərə» [123, 90] şəklində işlətməklə oxucuya çatdırmaq istədiyi nəsihətamiz fikirlərini xalqın düşüncəsi, psixologiyasını özündə birləşdirən atalar sözləri və məsəllər vasitəsilə verərək şeirlərinin dilini daha rəvan və axıcı edə bilmişdir.
Ən böyük hikmətləri sadə və dərin şəkildə anladan hikmətli sözlər sərhədsiz bir aləmdir. Fikrin daim canlı olduğu, duyğu dolu bu sözlərdə sözün əsl mənasında xalq ruhunun axıcılığı, sərrastlığı, dərin və təsirli ifadəsi var. Qəlbləri riqqətə gətirən, gözəl və incə olan, möhkəm milli xüsusiyyətə, koloritə malik olduğu üçün başqa dillərə də çox zaman eynilə tərcümə oluna bilməyən bu söz inciləri bütövlükdə bir hikmət xəzinəsidir və incilərin hər biri xalq ruhunun dərinliklərindən doğur,əsrlər boyu təcrübələrdən çıxmış və sınanmış olub dillərdə dolaşan, el içində gəzdikcə isə incələnən və cilalanan qəti fikirləri bildirir.
Atalar sözlərinin daha dərin və dolğun növü hesab edilən hikmətli sözlər mənalı və ibrətamiz semantikaya malik olan sabit söz birləşmələridir. Hikmətli sözlər həm mənasına, həm də quruluşuna görə atalar sözlərinə formal olaraq semantik cəhətdən oxşasalar da,bir-birlərindən fərqlənirlər. Belə ki, hikmətli sözlərin işlənmə dairəsi atalar sözlərinə nisbətən məhduddur. Ən əsası isə atalar sözləri şifahi xalq ədəbiyyatına, hikmətli sözlər isə yazılı ədəbiyyata məxsusdur. Çünki atalar sözlərinin müəllifi konkret olaraq məlum olmadığı halda, hikmətli sözlərin müəllifi məlumdur. Bundan başqa, həm müsbət, həm də mənfi xüsusiyyətli hadisələri xarakterizə etmək üçün atalar sözləri olduğu halda, hikmətli sözlər isə öyüd, nəsihət xarakterli olduğu üçün onlarda, əsasən, müsbət münasibət öz əksini tapır.
«Bu xüsusiyyətlərə əlavə olaraq demək lazımdır ki, hikmətli sözlər ekspressiv-emosional xüsusiyyətə malikdir; fikrin məzmununu dolğunlaşdırır; onların ömrü uzun olur; müxtəlif struktura, fərdi quruluş cizgilərinə malik olur; tərkibində həmcins üzvlərə, nidalara, ara sözlərə, xüsusiləşmiş üzvlərə təsadüf edilmir; didaktik səciyyə güclüdür, mənası müstəqimdir;nəsihət,məsləhət,yol göstərmə xüsusiyyətləri mövcuddur» [31, 92-93].
N.Xəzri yaradıcılığında atalar sözləri və məsəllərlə yanaşı, şairin özünəməxsus, fərdi təxəyyülünün məhsulu olan okkazional hikmətli sözlərə də təsadüf edilir. Bildiyimiz kimi, hikmətli sözlər dərin və dolğun ibrətamiz məna ifadə edən sabit söz birləşmələridir. «Hikmətli sözlərin dəqiq məna ifadə etməsi onların xalq kütlələri arasında sürətlə yayılmasına imkan yaradır. Buna görə bəzi hallarda hikmətli sözlərə qanadlı sözlər [крылатые слова] da deyilir» [ 23,114].
Hikmətli sözlərin bədii-emosional, üslubi funksiyaları müxtəlif və çoxşaxəli olduğu kimi, onların mövzuları da məna etibarilə rəngarəngdir. Buna görə də N.Xəzri əsərlərində işlənmiş hikmətli sözləri ifadə etdikləri mənalarına görə aşağıdakı kimi qruplaşdırmaq olar:
1) Xasiyyət və xarakter haqqında: Bağırmaq cürət deyil, susan mərdlik,cürətdir;Bağırmaq şöhrət deyil, səssiz gələn şöhrətdir [123,97], Saman altdan astaca su yeridənlər; Keyfindədi, nə ağlayar, nə də inlər [124,55], Yerində danışmaq bəlkə qələbə;Yersiz susmaq isə məğlubiyyətdir! [124, 75], Eyiblərin böyüyü nədir söylə bizə sən? Özündə ola-ola başqasında gəzəsən. Kimlər ki, çox danışdı; Səhvi də başdan aşdı [124,96-97], Yaltaqlıq üstündə ucalan ömür, Xalqın ürəyində lənətə dönür; Yaltaq tikən evi - Yel asan yıxar; Yaltaq yıxan evi - el tikə bilməz; Yaltaq öləziyən qara çıraqdır. Bu bəlkə qəribə həqiqətdir ki,Sözü açıq dedin nifrətə dönür [124, 128-129].
-
Xalq, millət, el-oba, vətən, torpaq haqqında: Xalqın namusudur Vətən torpağı; Hər şeydən ucadır namus bayrağı; Şair, sən də yurdun keşiyində dur, Vətən müqəddəsdir, Vətən əzizdir [123, 90], Millət tarac olan vaxtı; Sərvəti də hərrac olur, Qudurğanlar tox gəzərkən; Əzab çəkən el ac olur [123, 181], Bəli, kimin ürəyində torpağına sevgi varsa, o böyükdür; Məgər kiçik xalq olurmu? O, xalqdırsa, o böyükdür! Xalq ölçülmür miqdarıyla; Xalq ölçülür vüqarıyla; Xalq ölçülür dəyanəti, qeyrətilə; Bir də dosta məhəbbəti, bir də yada nifrətiylə! Qeyrətsizə can əzizdir, qeyrətliyə ana torpaq [124,93-95], Son sözü xalq deyir, zaman söyləyir, Şair ki, olmayır hər şeir yazan; Kim ki, öz elinin dərdini bildi; El onun ömrünü uzadacaqdır; Kim ki, öz elilə ağladı, güldü; El onu qəlbində yaşadacaqdır [124,188].
-
Dilin xalqın, insanın həyatındakı rolu haqqında: Dil xalq ürəyinin ənginliyidir ;Yox dil əsrlərin tale səsidir, Azərbaycan dili - Büllur bir bulaq... Dil xalqın adıdır,Xalqın özüdür; Dilin ixtiyarı Xalqdadır ancaq... [123,117-118], Tanınar kim nə vaxt danışıb dinər: İnsan öz dilinin altda gizlənər; İnsanı ağılmı, dilmi tanıdar? Bil ki, dil ağılın tərcümanıdır [124, 96-97], Millətin bəxtidir, dilin taleyi, Dilin taleyi də xalqın baxtıdır [124,201-203].
-
Sözün qüdrəti haqqında: Hər kəlməsi öz yerində deyilsə; Qılınclardan daha kəskin olar söz [123,11], Kim ki, varıb gedər uzunçuluğa; Tapdayar insanlıq ləyaqətini; Deyiblər duz gərək dadınca olsun! Biz deyək söz gərək dadınca olsun! [124,64-65],Yerində danışmaq bəlkə qələbə,Yersiz susmaq isə məğlubiyyətdir! [124,75-76],Mən ölmərəm, əgər bircə; Sözüm qalsa xalqa, xalqa! [124,59],Sözü deməmişdən söz sənin qulun, Elə ki, söylədin özün qul oldun; Söz var bir əbədi kitaba dönər, Söz var, ömür boyu əzaba dönər [124, 97], Bilin qoruduqca səmimiyyəti - Daha dəhşətlidir bu söz rüşvəti! [124, 121], Bu bəlkə qəribə həqiqətdir ki, Sözü açıq dedin nifrətə dönür [124,128].
-
Sevgi,məhəbbət, gözəllik haqqında: Məhəbbət ölçülmür illə, əsrlə, Məhəbbət ölçüsü əbədiyyətdir [123,149], Gözlər gözəlliyi görməsə kordur! Ağıllı gözəllik baş ucalıqdır [123,104],Sevgi həm ölümdür, həm əbədiyyət! [123,107], Zaman tarlasında gərək böyüklər; Mehribanlıq əkib, məhəbbət biçə [123,207], Fəqət dərk elədim bir həqiqəti; Məncə əsl sevgi talesiz olur [123,224], Ali gözəlliyi duymayan kordur; Yalan olan yerdə məhəbbət olmaz, Məhəbbət yoxdursa sədaqət olmaz; Məhəbbəti səslə sən; Ki, özün seviləsən [124, 97-98], Gözəllik yaranıb əzəldən əzəl; Gözəllik əzizdir baş taclarından; Qadını qürurla gözəllik bəzər; Cumar bəd nəzərlər gözəllik üstə; Milçəklər şirəyə daraşan kimi; Dəhşətdir gözəllik yad qucaqlarda; Dönürsə göyümtül əskinaslara;Gözəllik bir dəfə ənam verilir,Fəqət əbədilik sönür gözəllik [124,134-135].
-
İgidlik, qoçaqlıq, cəsarət, qeyrət, qorxaqlıq haqqında: Bu bir həqiqətdir düşüb dillərə: İgid bir yol ölər, qorxaq min kərə [123,90], Cəsarət qorxusu; Acı tufandır; Qorxu cəsarəti;Daha yamandır!Cəsarət qorxusu;Dərdə dözəndir, Qorxu cəsarəti; Başlar üzəndir [124,63], Mərd sözü - ədalət çağırışıdır! [124,75], Qeyrətsizə can əzizdir, qeyrətliyə ana torpaq [124,95], Onunçün yaltaqlar qorxaqlar təki; Bir gündə min dəfə ölüb – dirilər [124,128].
Qeyd etmək lazımdır ki, bədii üslubda sentensiya hadisəsi özünü göstərir.»Üslubiyyatda sentensiya adlanan hadisənin mahiyyəti belədir ki, söz sənətkarları ümumxalq atalar sözlərinə müvafiq gələn səciyyəvi,tipikləşmiş ifadələr yaradırlar və bu zaman xüsusilə onların [atalar sözlərinin] struktur – semantik xüsusiyətlərinə əsaslanırlar. Sentensiya kimi işlənən vahidlər daxili ritmi,ahəngdarlığı, obrazlılığı və yığcamlığı ilə fərqlənir» [3,79].
Dəhşət diri-diri ölü olmaqdır! [123, 123]
Min zəhmət çəksə də insan qış, bahar,
Hər əkilən toxum nədənsə bitmir [123, 194].
Hər parlayan şüşə almas deyildir
Hər suya baş vuran qəvvas deyildir [123, 209]
Bu haqqın sözünü nədimlər dedi:
Namus doğuluşdan büllura bənzər,
Şüşə qab ya sındı, ya cingildədi! [124, 134]
Beləliklə, atalar sözləri ilə sentensiyanın əlaqəsi dedikdə, ümumxalq dilinə məxsus hikmətli ifadələrlə hər hansı bir sənətkarın yaratdığı fərdi ifadələrin əlaqəsi başa düşülür. Çünki hər bir yazıçının, şairin yaratdığı özünəməxsus fərdi hikmətli sözlər ilk növbədə, atalar sözlərinə əsaslanır, onların başlıca keyfiyyətlərini özündə əks etdirir və onun təzahür forması kimi nəzərə çarpır. Bu cəhətdən N.Xəzri sentensiyalarını ümumxalq dili atalar sözlərindən fərqləndirmək bəzən çətinlik yaradır. Deməli, şairin fərdi ifadələri ümumxalq dili hikmətli ifadələrinin tərkibinə qaynayıb-qarışmaqla, onun zənginləşməsinə xidmət edir:
Həqiqət acıdır-fəqət dərmandır,
Yalan şirindirsə-əfi ilandır.
Tamah zülmətli yoldur,
Tamahkar əbədi quldur.
Dünyada yuxuya gedir insanlar,
Ancaq ölüm vaxtı oyanır onlar.
İki şey məhv edir mütləq hər kəsi,
Yoxsulluq qorxusu, mənsəb həvəsi [124, 96-100]
Yaltaq tikən evi-
Yel asan yıxar
Yaltaq yıxan evi-
el tikə bilməz [124, 128].
Qeyri adilik də ilk adilikdir,
Müdriklik ən böyük bir sadəlikdir [124, 136].
Son sözü xalq deyir, zaman söyləyir,
Şair ki, olmayır hər şeir yazan [124, 188]
Nümunələrdən göründüyü kimi, N.Xəzri nəsihətamiz dərin fikirlərini yığcam və özünəməxsus sadə dildə ifadə etməklə, bir çox misra və beytlərini hikmətli sözə çevirmişdir. Çünki «xalqımızın ağlı,kamalı,misilsiz mənəvi qüdrəti, əməksevərliyi, həyat və azadlıq eşqi,vətənpərvərliyi, humanizmi öz parlaq ifadəsini ilk əvvəl məhz atalar sözü, məsəl və hikmətli ifadələrdə tapmışdır» [21,165]. Şairin poeziyasında istər atalar sözləri və məsəllər, istərsə də hikmətli sözlərin tərkibindəki leksik vahidlər ilk, nominativ mənasından başqa məcazi məna kəsb edərək frazeologiyanın xüsusi bir layını təşkil etdiyi üçün bu bəhsə daxil edilmişdir.
Dostları ilə paylaş: |