Azərbaycan tariXİ (Ən qəDİm zamanlardan – XXI əSRİN İlk oniLLİKLƏRİNƏDƏK) Ali məktəblər üçün dərslik Bakı 2019


§ 1. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycanın beynəlxalq vəziyyəti. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən istilasının başlanması



Yüklə 3,15 Mb.
səhifə106/173
tarix26.12.2023
ölçüsü3,15 Mb.
#197592
növüDərs
1   ...   102   103   104   105   106   107   108   109   ...   173
Ar2019-47-1

§ 1. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycanın beynəlxalq vəziyyəti. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən istilasının başlanması
§ 2. Birinci Rusiya-Qacar müharibəsi (1804-1813). Gülüstan sülh müqaviləsi § 3. İkinci Rus-İran müharibəsi. Türkmənçay sülh müqaviləsi. İstilanın başa çatması.

§ 1. XVIII əsrin sonu XIX əsrin əvvəllərində Azərbaycanın beynəlxalq vəziyyəti. Azərbaycanın şimal torpaqlarının Rusiya tərəfindən istilasının başlanması


XVIII əsrin sonu - XIX əsrin əvvəllərində Azərbaycanın daxili və beynəlxalq vəziyyəti çox mürəkkəb idi. Azərbaycan ərazisi xırda feodal dövlətlərinə parçalanmışdı. Qonşu xanlığın ərazilərini ələ keçirmək uğrunda xanlar arasında ardı-arası kəsilməyən ara müharibələri, feodallarla ölkə əhalisinin böyük əksəriyyətini təşkil edən kəndlilər arasında sinfi ziddiyyətlərin güclənməsi, iqtisadi tənəzzül Azərbaycanın daxili vəziyyəti üçün səciyyəvi hal idi. Rusiyanın Cənubi Qafqaz barəsindəki işğalçı niyyətləri, İran işğalçılarının viranedici yürüşləri vəziyyəti daha da gərginləşdirirdi.
Göstərilən dövrdə Rusiyanın xarici siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın istilasından ibarət idi. Çarizm Cənubi Qafqazı əlavə gəlir mənbəyinə çevirməyə, Xəzər dənizi hövzəsi üzərində Rusiya ağalığına nail olmağa, Xəzəri Rusiyanın daxili dənizinə çevirməyə can atırdı. Azərbaycanın təbii sərvətləri, xüsusən də faydalı qazıntı yataqları artıq Rusiya elminə məlum idi və təsadüfi deyil ki, II Yekaterina hökuməti bu ölkənin sərvətlərinin mənisənilməsini onun istilası ilə bağlayırdı. Qızıl boya, yun, ipək, pambıq, tütün, yanacaq və s. Rusiya sənayesini xammal və yanacaqla təmin edə bilərdi.
Zaqafqaziyanın siyasi və hərbi-trateji əhəmiyyəti xüsusilə böyük idi. Bu diyarın işğalı ənənəvi rüs-türk rəqabətində qüvvələr nisbətini Rusiyanın xeyrinə həl edə bilərdi. Rusiya Mərkəzi Qafqazı hələ fəth edə bilməmişdi. Cənubi Qafqazın istilası dağlıların ərazilərini şimaldan və cənubdan mühasirəyə almaqdan ötrü əlverişli şərait yarada bilərdi. Nəhayət, rus-ingilis rəqabəti Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əhəmiyyətini artırırdı. Rusiyanın bu yerləri işğal etməsi Böyük Britaniyanın Şərqdə təsirinə, Ost-Hind kompaniyasının inhisarına ağır zərbə endirə bilərdi.
Feodal ara müharibələri və xarici işğalçıların basqınları Cənubi Qafqazı varyoxdan çıxarırdı. Zəruri ilkin sosial-iqitsadi şərtlərin, yetkin siyasi qüvvələrin olmaması üzündən ayrı-ayrı xanların Azərbaycanı öz başçılıqları altında birləşdirmək cəhdləri müvəffəqiyyətsizliyə uğrayırdı.
Qərbi Avropa dövlətlərinn də, xüsusən Ingiltərə və Fransanın Cənubi Qafqaz barədə işğalçı planları var idi. Onlar Rusiyanın bu ərazidə zəifləməyən hərəkətlərini diqqətlə izləyir və çarizmin planlarına mane olmağa çalışırdılar.
1800-cü ilin sonunda İngiltərə nümayəndəsi Malkolm İrana gəldi və 1801-ci ilin əvvəllərində o, bu dövlətlə müqavilə bağladı. Siyasi və ticarət müqavilələrini bağlamaqla İngiltərə İran Qacarların daxili işlərinə qarışmaq imkanı əldə etdi. İngiltərə hər hansı dövlətin İran Qacarlar dövləti üzərinə hücum edəcəyi təqdirdə şaha lazımi qədər xidmət heyəti ilə birlikdə tələb olunan miqdarda hərbi xərc verməyi öz üzərinə götürürdü.
Ticarət müqaviləsi razılığa gələn tərəflərin tacirlərinə öz mallarını hər iki dövlətin ərazisinə azad daşımaq hüququ verirdi. İngiltərə tacirlərinə Qacarların istənilən şəhər və limanında məskən salmağa icazə verilir, onların malları isə hər cür vergilərdən azad olunurdu.
Müqavilələr ölkənin bazarını ingilis tacirlərinin üzünə geniş açır, İranı öz müstəmləkə mülklərini genişləndirmək uğrunda mübarizədə Ingiltərənin antirus siyasətinin alətinə, öz müstəmləkəsini- Hindistanı kənar təcavüzlərdən qorumaq, Zaqafqaziya barəsində özünün uzağa gedən planlarını həyata keçirmək üçün meydana çevirirdi.
Çar hökuməti belə hesab etdi ki, bu müqavilə ilk növbədə Rusiyaya qarşı yönəldilmişdir, ona görə də öz planlarının həyata keçirilməsinə hazırlaşdı. Lakin I Pavelin (1801) öldürülməsindən və I Aleksandrın hakimiyyətə gəlməsindən sonra rəqiblərin qüvvələr nisbəti dəyişdi. I Aleksandr (1801-1825) Fransa ilə əlaqələri qırdı və İngiltərə ilə yaxınlaşdı. Bu dövrdə təcavüzkar napoleonçu Fransanın mövcudluğu şəraitində Rusiya ilə yaxınlaşmanı yüksək qiymətləndirən İngiltərə artıq İran Qacarlar dövlətini açıqca müdafiə edə bilmirdi. Fransa bu vəziyyətdən dərhal istifadə etmək imkanını əldən verməyərək Rusiya ilə müqavilə bağlamağı şah
İranına təklif etdi.
İngiltərə ilə yaxınlaşmasına baxmayaraq, I Aleksandr Cənubi Qafqaz barədə öz planını həyata keçirməyi qərara aldı. O, hər şeydən əvvəl Həştərxan- DərbəndBakı vasitəsilə rus qoşunlarının 1799-cu ildə yenidən daxil olduğu Gürcüstanla əlaqə yaratmağa çalışırdı.
1801-ci il sentyabrın 12-də Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında çar manifesti elan olundu. Rus qoşunları baş komandanı və mülki hakim tərəfindən idarə olunan Tiflis quberniyası yaradıldı. Azərabycan ərazisinin də bir hissəsi – Kartli-Kaxetiya çarlığının vassal asılılığında olan və onunla birlikdə Rusiyaya birləşdirilmiş Qazax, Borçalı, Şəmşəddil sultanlıqları bu quberniyanın tərkibinə daxil edildi. Deməli, Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə Azərbaycan torpaqlarının Rusiya tərəfindən istilasının başlanğıcı qoyuldu.
I Aleksandr 1801-ci ilin dekabrında Qafqaz qoşunlarının baş komandanı general Knorrinqə yazırdı: «Qonşu hakimlər və xalqlarla münasibət saxlayaraq, Rusiya tərəfdarlarının sayını artırmağa çalışmalı. Xüsusən də üzərlərində hələlik Baba xanın (Fətəli şahın) hakimiyyəti yaranmamış Irəvan, Gəncə, Şəki, Şirvan, Bakı və başqa xanları cəlb etməli».
Bu fərmana müvafiq olaraq general Knorrinq 1802-ci ilin sentyabr-dekabr aylarında Şimali Qafqazda, Georgiyevsk şəhərində siyasi və ticarət məsələləri üzrə danışıqlar üçün çar komandanlığının Şimali Azərbaycan xanlarının və Qafqazın digər hakimlərinn nümayəndələri ilə görüşünü keçirdi. Danışıqlarda Tərki şamxalı, Qaraqaytaq üsmisi, Tabasaran hakimi və digər dağlı hakimlərin nümayəndələri ilə yanaşı, iki Azərbaycan xanlığınıın- Quba və Lənkəran xanlığının nümayəndələri də iştirak edirdilər. Digər xanlıqların nümayəndələri görüşdə iştirak etmirdilər. Çünki buna qədər İran Qacar şahının nümayəndəsi İbrahimxəlil xanın yanına gələrək Qarabağın tabe olmasını tələb etmişdi. Bakı xanına da belə tələb verilmişdi.
Beləliklə, Qacarların maneçiliyinə baxmayaraq, Georgiyevskdəki dörd aylıq danışıqlar müvəffəqiyyətlə başa çatdı və 1802-ci il dekabrın 26-da müqavilə imzalandı. Müqaviləyə görə, onu imzalayanlar İran Qacar dövlətinə hücum edəcəyi təqdirdə ona qarşı çıxmağı öz öhdələrinə götürürdülər. Müqavilə Zaqafqaziyada ticarətin genişləndirilməsini, Xəzər dənizində gəmiçiliyin inkişaf etdirilməsini və s. nəzərdə tuturdu. Müqavilədə deyilirdi ki, onu imzalayanlar «onların öz xahişlərinə görə… Rusiya,… himayəsinə» qəbul olunurlar.
Azərbaycanın çar Rusiyası tərəfindən istilası kimi mürəkkəb və zidiyyətli prosesin öz xüsusiyyətləri vardır.
Feodal hakimlər- xanlar yaxşı başa düşürdülər ki, öz qüvvələri ilə İran Qacarlar dövləti, Rusiya kimi dövlətlərə müqavimət göstərməklə öz xanlıqlrını qoruyub saxlaya bilməyəcəklər. Onlar Rusiyanın xanlıqların istiqlaliyyətini qoruyacağı barədə verdiyi yalan vədlərə uyaraq öz xanlıqlarının istiqlaliyyətini bu yolla qoruyacaqlarını zənn edərək, bir tərəfdən rus himayəsini qəbul etməyə meyl etməli olur, digər tərəfdən isə çarizmin vədlərinə qətiyyətsizlik göstərirdilər. Onların bəziləri bu yolla İran və ya Türkiyə qoşunlarının basqın edəcəyi təqdirdə öz torpaqlarını qarətdən və var-yoxdan çıxarılmaqdan müdafiə edə biləcəklərinə ümid bəsləyirdilər. Eyni zamanda, bu xanlar İrana və Türkiyəyə də meyl göstərdiklərindən tərəddüdd edir, öz mövqe və qərarlarını qəti müəyyənləşdirməyə tələsmirdilər. Bu , hər şeydən əvvəl, xanların öz xanlıqlarının daxili idarəsində müstəqilliklərinin saxlanılmasına əmin olmamaları ilə əlaqədar idi.
Rusiya ayrı-ayrı Azərbaycan xanlarını İran və Türkiyə təhlükəsindən müdafiə edəcəyini vəd etsə də, bu heç də onun xanlıqlara müstəqillik vermək niyyətində olması deyildi. Azərbaycanın ayrı-ayrı feodal hakimlərinin Rusiya istilasına müqavimət göstərə biləcəklərindən, habelə öz hüquq və imtiyazlarının bərpası uğrunda mübarizəni davam etdirəcəklərindən ehtiyat edən Rusiya əlavə tədbirlər də həyata keçirmək barədə fikirləşirdi. Bu illərdə qədim gürcü zadəgan nəslindən çıxmış, 1802-ci ilin sentyabrında Qafqazın baş komandanı təyin edilən general P.D.Sisianov Cənubi Qafqazda müstəmləkə siyasətinin icraçısı oldu. Çar hökuməti Cənubi Qafqazdakı bütün mülki-hərbi hakimiyyəti qafqazlı Sisianova etibar edərək, onun vasitəsilə Qafqazı sakitləşdirməyə ümid bəsləyrdi. Sisianov isə Azərbaycan xalqına özünün nifrətedici və amansız münasibətilə fərqlənirdi. Azərbaycanın Rusiya tərəfindən işğalının gedişində onun bir çox Azərbaycan xanlarına göndərdiyi alçaldıcı məktubları buna dəlalət edir.
Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək, özünün Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı. Çünki bu ərazi rus qoşunlarının Gürcüstandan Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. 1803-cü ilin martında Rus qoşunları 5 minlik gürcü qoşunu ilə birlikdə Car-Balakən yerli əhalisinin müqaviməti ilə rastlaşdı. Gürcüstanda antirus, iranpərəst dairələrə başçılıq edən və öz hakimiyyətinin bərpasına çalışan gürcü şahzadəsi Aleksandr isə silahlı dəstə ilə Cara gəldi. Qanıq (Alazan) çayı sahilində döyüş baş verdi. Müqaviməti qırdıqdan sonra general Qulyakov heç bir hərbi ehtiyac olmadan Balakəni yandırdı. Martın 29-da Car fəth olundu. 1803-cü il aprelin 12-də Car-Balakənin 9 nəfərdən ibarət səlahiyyətli nümayəndə heyəti Tiflisə general Sisianovun yanına getdi. Burada onlarla Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə saziş bağlandı.
“Andlı öhdəlik” sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ildə 220 pud ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq əmanətlər verməli, öz ərazilərində rus qoşunlarını yerləşdirməli idilər. Lakin camaatın daxili idarəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücumə məruz qaldılar. Qanlı döyüşdə carlılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.
Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqavimət göstərməyi da-
vam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular.
Car-Balakən camaatının fəthindən sonra qonşu Ilisu sultanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu. Sultanlıqda 40-cı illərin ortalarınadək sultan öz torpaqlarının daxili idrəsində hakimiyyətini qoruyub saxlamışdı.
General Sisianov Gəncə xanlığının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çünki Gəncə qalası rus qoşunlarının Azərbaycanın içərilərinə doğru sonrakı irəliləyişinin açarı idi. «Gəncə qalasının yerli mövqeyi bütün Azərbaycan üzərində hökmrandır. Bax buna görə də bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malikdir».
Gəncə xanlığı XVIII əsrin 90-cı illərindən rus dövləti ilə səmimi diplomatik münasibətlər saxlayırdı. Xanlığın hökmdarı Cavad xan Sisianovun Rusiya himayəsini qəbul etmək təklifinə rədd cavabı vermədi. O, yazırdı ki, 1796-cı ildə «sənin padşahın fərman göndərdi və mən də onun təklifini qəbul edib qalanı təhvil verdim. Əgər indi də sənin padşahın belə fərman göndəribsə, onu mənə göstər. Onda mən onun iradəsini görərək buna uyğun hərəkət edərəm». General tələb etməyi siyasi danışıqlardan üstün utdu. O, məktublarında özünəməxsus yekəxanalıq və etinasızlıqla Cavad xanı özündən uzaqlaşdırdı, bu da qanlı döyuüşlərə gətirib çıxardı. Sisianov Rusiya hakimiyyətini qəbul etmiş digər xanlıqlardan fərqli olaraq, Gəncə xanlığına qarşı daha amansız tələblər irəli sürürdü. O, Cavad xandan ildə 20 min çervon məbləğində, yəni sonralar Şəki, Qarabağ və Şirvan xanlıqları üçün müəyyənləşdirilmiş məbləğdən 3 dəfə çox ödənc tələb edir və yazırdı: «Əgər mənim təklifimi qəbul etməsən, Gəncəyə atəş və qılıncla gələcəyəm».
O, 1803-cü il noyabrın 29-da 11 topu olan 6 piyada batalyonu, 3 eskadron və 2 kazak yüzlüyündən ibarət qoşunu Gəncə üzərinə yeritdi. Bütün bu qoşunlara general Portnyakin komandanlıq edirdi. Gəncəyə doğru yolda, şəhərin iki verstliyindəki Quluqobu adlı yerdə 1803-cü il dekabdın 29-da rus qoşunları ilə gəncəlilər arasında ilk vuruşma baş verdi. Cavad xan bir qədər müqavimətdən sonra gücdən düşərək pozulmuş qoşunları ilə qalaya qayıtdı. Bundan sonra rus qoşunları Gəncəni mühasirəyə aldılar. Mühasirə bir ay davam etdi. 1804-cü il yavarın 2-dən 3-ə keçən gecə rus qoşunları qalaya hücuma başladılar. Onların iki cəhdi dəf olundu. Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan və onun oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına həlak oldular. Gəncə Xanlığında döyüşlərdə 1500 dən çox adam həlak oldu. Gəncə xanlığı ləğv olundu və dairəyə çevrildi, şəhər isə öz qədim adını itirdi və I Aleksandrın arvadının şərəfinə Yelizavetpol adlandırıldı. «Gəncə» adını çəkmək qadağan olundu. Bu qaydanı pozanlar bir ruc gümüş manatı cərimə edilirdilər.
Gəncənin alınması rus qoşunlarının digər feodal dövlətlərini tabe etmək məqsədi ilə Azərbaycanın içərlərinə doğru irəliləməsi üçün böyük əhəmiyyət kəsb etdi. Gəncə xanının vassal asılılığında olan Samux hakimi Şirin bəy Gəncənin süqutundan sonra Rusiya təbəəliyini qəbul etəməyə məcbur oldu. O, hər il Rusiyaya 1000 çervon, yəni 3 min manat bac verməyi öhdəsinə götürdü.

§ 2. Birinci Rusiya-İran Qacar müharibəsi (1804-1813). Gülüstan sülh müqaviləsi


Gürcüstanın, Azərabycanın bir hissəsinin Rusiya tərəfindən işğalı İran və Türkiyənin, həbelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisi A.Bakıxanovun yazdığına görə, «İran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı.
İran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində cəmləşdirdi».
Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yarısından- İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı. Elə həmin ilin sentyabrında Ənzəlidə sahil istehkamları quruldu.
Fətəli şah Zaqafqaziyanı tutmağa hazırlaşaraq, əvvəlcə Gürcüstan və Gəncə ilə həmsərhəd olan bütün xanlıqların ərazilərini ələ keçirmək niyyətində idi. O, bu məqsədlə 1802-ci ilin iyulunda 20 minlik qoşunu sərhədə göndərməyi qərara aldı. Fətəli şah Avropa kralları və imperatorlarına məkutbla müraciət edərək kömək almağa çalışdı.
Lakin İranın daxilində baş vermiş çaxnaşmalar və Ingiltərə tərəfindən real köməyin olmaması davakar əhval-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi. Ingiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa qoşunlarının Rusiya və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha köməyə ehtiyac qalmayıb. Ona görə də İngiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, İranı Rusiya ilə müharibəyə qızışdırırdı.
İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı
birgə çıxışa cəlb etmək məqsədi ilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi.
1804-cü ilin mayında Fətəli şah başda olmaqla İran Qacarlar dövlətinin 000yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyunun 10-da Rusiya ilə İran arasındakı diplomatik əlaqələr kəsildi, 10 il davam edən rus-İran müharibəsi başlandı.
Müharibənin başlanğıcında Zaqafqaziyadakı rus qoşunlarının sayı cüzi idi: 24 topu olan 9 piyada və 2 süvari alayı. Buna baxmayaraq, rus qoşunlarının komandanlığı müharibə aparmağın hücum planını seçdi. İlk döyüş 1804-cü il iyulun 2-də İrəvan xanlığının ərazisində, Eçmiədzin divarları yanında baş verdi. 12 topu olan 3600 nəfərlik piyada, süvari eskadronu və 2 kazak yüzlüyündən ibarət rus qoşunu 20 minlik İran qoşünü ilə qarşılaşdı. Rus qoşunları gürcü süvari dəstələrinin köməyi ilə üstünlük qazandılar.
İkinci döyüş İrəvan xanlığında, Qəmərli kəndinin yanında baş verdi. 1804-
cü il iyulun 29-dan 30-a keçən gecə azsaylı rus qoşun dəstəsi ilə İran qoşunlarının böyük birləşməsi arasında qanlı döyüş oldu. Rus qoşunları tutduqları mövqeləri qoruyub saxlaya bildilər. Lakin azuqənin çatışmazlığı, qoşunların azlığı, habelə İran qoşunlarının kiçik rus dəstəsi yerləşmiş Gəncəyə tərəf irəliləməsi üzündən sentyabrın 4-də rus qoşunları İrəvandan geri çəkildi. Gəncəyə tərəf gəlib onun gündoğanında düşərgə saldı.
Kürəkçay müqaviləsi Gəncənin alınması, rus qoşunlarının sonrakı müvəffəqiyyətləri Azərbaycan xanlıqlarının istilasının sürətlənməsində mühüm rol oynadı. General Sisianov hələ 1804-cü ilin əvvəlində mayor Lisaneviçi Qarabağa İbrahimxəlil xanın yanına göndərərək ondan «Rusiya təbəəliyinə» keçməyi tələb etdi. Ibrahimxəlil xan İran qoşunlarının hücumunun qarşısını almaq üçün Sisianovdan hərbi kömək xahiş edib, «Rusiyaya kömək göstərmək və ona sadiq qalmaq» vədi verdi.
General Sisianov Gəncə yaxınlığındakı Kürəkçayının sahilinə gəldi və düşərgə saldı. İbrahimxəlil xan da buraya gəldi və 1805-ci il mayın 14-də Sisianovla görüşdü. Görüşdə müqavilə imzalandı. Bu müqaviləyə əsasən xan, onun varisləri və xanlığın bütün əhalisi Rusiya təbəəliyinə qəbul olunur və onların üzərinə rus çarına sadiq qalmaq təhəddüdü qoyulurdu. Çar isə öz növbəsində bu xan sülaləsinin hüquqlarını «bütün zamanlar üçün» təsdiq edirdi, lakin hər dəfə xan varisləri çar tərəfindən təsdiq olunmalı idi. Xan öz nəvəsini əmanət verməyi boynuna götürdü. O, Tiflisdə qalmalı idi. Xanlığın daxili idarəsi xanın ixtiyarında saxlanıldı. Lakin o, rus qarnizonunu Şuşaya buraxmağı və onu zəruri şeylərlə təmin etməyi öz üzərinə götürdü. Xan hər il öz gəlirlərindən Rusiya xəzinəsinə 8 min çervon ayırmağı öhdəsinə götürdü.
Sisianovun düşərgəsinə İbrahimxəlil xanla birlikdə onun kürəkəni, bundan bir az əvvəl şirvanlı Müstafa xanın köməyi ilə öz qardaşını qovaraq Şəki xanlığında hakimiyyəti ələ keçirmiş Səlim xan da gəlmişdi. Öz qardaşına və onun tərəfdarlarına qarşı köməyə ehtiyacı olan Səlim xan qaynatasının məsləhəti ilə ruslarla müqavilə bağlamağa tələsdi. Bu müqavilə Qarabağ xanı ilə bağlanmış müqavilənin şərtlərini təkrar edirdi, lakin Şəki xanı rus xəzinəsinə 7 min çervon ayırmalı, rus qoşunları isə Şəkinin özündə yox, tikiləcəyi nəzərdə tutulan qalada yeləşməli idi.
Bəzi xanlıqlar tərəfindən Rusiya hakimiyyətinin döyüşsüz qəbul edilməsi faktı çarzmin burada işğalçı məqsədlər güdməsi kimi qəbul edilməməlidir. İlk zamanlar bəzi xanlıqların daxili muxtariyyət hüququnun saxlanılmasına gəldikdə isə bu, öz qarşısında İngiltərə və Fransanın həvəsləndirdiyi İran və Türkiyə kimi rəqibləri görərək, Zaqafqaziyada böyük ehtiyatla hərəkət etməyə can atan çarizmin müvəqqəti tədbiri idi.
İngiltərə rus-İran müharibəsini qızışdıraraq öz müttəfiqinə-İrana münasibətdə ikiüzlü siyasət yürüdürdü: İran tərəfindən 1801-ci il müqaviləsinin şərtlərinə əməl olunmasını tələb edərək özünü elə aparırdı ki, guya onun özü müttəfiqlik borclarından azaddır.
İngiltərənin belə siyasəti onunla nəticələndi ki, 1804-cü ilin payızında İran şahı Rusiya əleyhinə Fransa ilə ittifaq bağlamağa hazır olması barədə Napoleona məktub göndərdi. Napoleon bundan istifadə etməyi qərara aldı və İstanbuldakı Fransız səfirinə İranla danışıqlara başlamaq barədə göstəriş verdi.
1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında Qarabağa soxuldular və onu talan etdilər.
Pirqulu xan Əsgəranı tutdu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci il iyunun 26-da şah qoşunları polkovnik Koryagin başda olmaqla azsaylı rus qarnizonunun yerləşdyi Şahbulağı mühasirəyə aldılar. Şahzadə Abbas Mirzə qalanın təslim olmasını tələb etdi. Koryagin vəziyyətin çıxılmazlığını görərək qalanı iyulun 8-də təslim etməyə razılaşdı, özü isə iyulun 7-nə keçən gecə dəstəsi ilə düşmənin xəbəri olmadan qalanı tərk etdi. Abbas Mirzə rus dəstəsinin gizlicə oradan çıxmasını bilən kimi onu təqib etməyə başladı, lakin ona hücum etməyə cürət etmədi. Şahbulaqdan şimaldakı Muxrat qəsrində dayanmış Koryaginə kömək gələndə şah qoşunları geri çəkildilər. Koryaginin dəstəsi Gəncəyə gəldi və burada Kotlyarevskinin dəstəsi ilə birləşdi.
İyulda İran qoşunları Qazaxa soxuldular. İran qoşunlarının komandanı yerli əhalinin köməyinə ümid bəsləyirdi. O, kəndxudalara bəyanatla müraciət edərək Qazax sakinlərini Rusiyaya qarşı üsyana çağırdı. Koryagin 570 nəfərlik dəstə ilə döyüş əməliyyatları meydanına tələsdi və iyulun 27-də Zəyəm yaxınlığındakı İran düşərgəsinə hücum etdi.
İran qoşunlarının 1805-ci ilin yay hərbi kampaniyasındakı məğlubiyyəti və bunun ardınca başlamış fasilə Rusiya hökumətinə Azərbaycanda öz mövqeyini daha da möhkəmləndirmək, Şirvan, Bakı və Quba xanlarını tabe etmək imkanı verdi.
Hələ Qarabağ və Şəki xanlıqları ilə müqavilələr bağlanan dövrdə Sisianov Rusiya hakimiyyətini qəbul etməyi şirvanlı Mustafa xandan da tələb etmişdi. Şirvan xanı qonşu Azərbaycan xanlıqları üzərində onun hakimiyyətinin tanınması şərti ilə bu tələblə razılaşdı. Mustafa xan illik bac verməkdən boyun qaçırır, daxili idarədə özünün müstəqilliyi barədə təminat və özünə daimi məvacib təyin olunmasını tələb edirdi. Sisianov isə özünün irəli sürdüyü şərtlərlə Rusiya hakimiyyətini qəbul etməyi tələb edirdi və danışıqların heç bir şey verməyəcəyinə əmin olduqdan sonra 1805-ci ilin noyabrında Mingəçevir yaxınlığında Kürü keçərək Şamaxıya doğru yeridi. Onun 10 topu olan dəstəsi 1100 piyadadan və süvarilərdən ibarət idi.
General Sisianov Şirvana doğru hərəkət edərkən Ibrahimxəlil xandan kömək tələb etdi və o da 1500 süvari ilə birlikdə öz böyük oğlu Mehdiqulu ağanı göndərməyə məcbur oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Mustafa xan Sisianovun tələbini qəbul etmək qərarına gəldi, xanlığın xarici əlaqələr hüququnun Rusiyaya verilməsinə, ildə 8 min çervon bac ödəməyə, xanlığın hüdudları daxilndə ticarətin təhlükəsizliyini təmin etməyə və s. razılaşdı. Bununla belə, xan danışıqlardan boyun qaçırdı, təbii qala və sığınacaq olan Fitdağda mövqeyini möhkəmləndirdi. Sisianov qoşunlarını Şamaxının lap yaxınlarına çəkməyə başladı. Rus qoşunları Fitdağa yaxınlaşdı. Öz vəziyyətinin çıxılmazlığını görən xan Rusiya təbəəliyinə keçməyə razı oldu. Mustafa xan və Sisianovun 1805-ci il dekabrın 27-də imzaladıqları müqavilə əvvəlcə bağlanmış iki müqavilə ilə eyni idi.
Azərbaycanın ən iri xanlıqlarından birinin- Şamaxı xanlığının tabe edilməsi çar Rusiyası üçün bütün Şimai Azərbaycanın ələ keçirilməsində mühüm əhəmiyyətə malik idi. Şamaxı xanlığı digər xanlıqlar arasında mərkəzi mövqe tuturdu, böyük iqtisadi, siyasi və hərbi-srateji əhəmiyyətə malik idi.
Şamaxı xanlığının tabe edilməsindən sonra Bakıya yol açıq idi. 1805-ci ilin əvvəllərində Qafqazdakı rus qoşunlarının baş komandanı Gilanı tutmaq, geri qayıdarkən isə Bakını ələ keçirmək üçün rus donanmasını Xəzərə göndərməyi qərara aldı.
Çar hökuməti Xəzər donanmasının möhkəmləndirlməsinə və onun köməyi ilə Xəzərin qərb sahillərinin ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. Çarın xarici işlər naziri bunu dönə-dönə Sisianova xatırladırdı.
1805-ci il Apreldə desant qoşunları general Zavalişinn rəhbərliyi altında Rəşt istqamətində yola düşdü. Bu qoşunların qarşısına Ənzəli və Bakını tutmaqdan başqa, ötən kampaniyada əsir düşmüş adamların və gürcü knyazlarının geri alınmasını şahdan tələb etmək vəzifəsi qoyulurdu. Iyunun 23-də donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və Rəşti tutmaq üçün göstərilən uğursuz cəhtdən sonra rus eskadrası avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edilməsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq avqustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji məntəqələri tutuldu.
İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək üçün şah sarayına
müraciət etdi. İran tarixçisi Nəsir Nəcminin məlumatına görə, Abbas Mirzə Urmiyalı Əsgər xana Bakı xanına kömək üçün qoşunlarla birlikdə dərhal yola düşməyi əmr etdi. Qubalı Şeyxəli xan da Hüseynqulu xana köməklik etməyə hazırlaşırdı. General Zavalişin Bakıya - Hüseynqulu xana Urmiya və Qubadan köməyin yaxınlaşmasından qorxaraq qalanı ələ keçirmədən Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il fevralın əvvəllərində Sisianov artilleriyası olan böyük qoşun dəstəsi ilə Bakının iki kilometrliyində general Zavalişinin desant dəstəsi ilə birləşdi və Naxırbulaqda düşərgə saldı. Sisianov qalanın təslm edilməsini tələb etdi.
Sisianovun təklif etdiyi şərtlərə görə Bakı xanlığı Rusiya təbəəliyini qəbul etməli, xanlığın ərazisi Rusiyaya birləşdirilməli, xanlığın bütün gəlirləri çar xəzinəsinə göndərilməli, xan isə ildə 10 min manat məbləğində məvacib almalı idi. Şəhər xüsusi qaydalar üzrə idarə olunmalı idi. Bakı qalasında toplarla birlikdə 600-1000 əsgərdən ibarət qarnizonun yerləşdirilməsi nəzərdə tutulurdu. Xarici siyasət və hərbi məsələlərdə xan Qafqazdakı rus qoşunları baş komandanlığının sərəncamlarına tabe olmalı idi.
Bakılı Hüseynqulu xan bu şərtlərlə razılaşdı. Fevralın 8-də Sisianov polkovnik Eristavinin müşayiəti ilə demək olar ki, mühafizəsiz şəkildə onu lap qalanın yanında gözləyən xanla görüşmək üçün yola düşdü. Rəşid bəy İsmayılov bu görüş haqqında yazırdı: Bakı əyani ciddi surətdə şəhərin açarını Sisianova təhvil verib, duz və çörək təqdim etdi. Duz-çörəyi qəbul qəbul edib, qalanın açarını Sisianov əyana qaytardı; xan ilə görüşməyə və açarı məmləkətin sahibi olan Hüseynqulu xanın kendi əlindən qəbul etməyi Sisianov izhar etdi. Məiyyətində İbrahim bəy, Ağa Kərim bəy, Qasım bəy, Səid bəy və Əmir Həmzə olaraq, Hüseynqulu xan bilatəxir şəhərdən çıxdı. Sisianov yavərsiz, ancaq bir kazak və podpolkovnik Yeristov məiyyətində olaraq, xanı istiqbal etdi. Bu əsnada xanın işarəsilə Əli bəyin oğlu İbrahim bəy tapança ilə Sisianovu vurdu. Səid bəy və Əmir Həmzə Yeristovu öldürdülər. Kazak qaçıb qurtulmuşdur. Eyni vəqtdə xanın əsgərləri qaladan topları atmağa başlamışdılar. Hüseynqulu xan Sisianovun başını Fətəli şaha göndərib, cəsədini dəxi qala qapısının qarşısında dəfn etdirmişdir. Rus qoşunu sərkərdəsiz qaldığından, gəmilərə mnib Hacıtərxana getmışdir. Fəqət Azərbaycanın bəzi nöqtələrində müstəhfiz qoşunu qalmışdı. Qətlindən altı ay sonra ruslar Sisianovun sümüklərini Tiflisə gətirib Səbun kəlisasında dəfn etdilər.
General Zavalişin rus qoşunlarını Bakıdan Sara adasına, sonra isə Kızılyara
aparmağa məcbur oldu.
Bakıda Sisianovun öldürülməsinlən sonra Zaqafaziyadakı rus qoşunlarının vəziyyəti ağırlaşdı. Cənubi Qafqazda da şərait mürəkkəbləşdi. Xanların çoxu tərəddüd etməyə başladı. Dağıstanın bəzi feodal hakimləri bu məqamdan istifadə edərək tələsik Zaqafqaziyaya soxulmaq üçün hazırlıq görməyə başladılar. Qazıqumux hakimi Surxay xan Azərbaycana soxuldu. Lakin rus qoşunlarının Şimali Qafqazdakı fəallığı üzündən digər Dağıstan hakimləri Kürə yaxınlaşan, Mingəçevir yaxınlığındakı keçidi ələ keçirməyə ümid bəsləyən, lakin tələsik geri qayıtmağa məcbur olan Surxay xana kömək göstərməyə cürət etmədilər.
1806-cı ilin yazında İran qoşunları yenidən fəallaşdı. Napoleonun vəd etdiyi kömək burada az rol oynamadı. İran qoşunları Arazı keçərək Qarabağa yeridi.
İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı ilin kampaniyasının ilk silahlı toqquşması baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4 min İran sərbazı ilə qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq Şuşaya doğru irəlilədi.
Şahzadə Abbas Mirzə İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus qarnizonunun azlığı üzündən İbrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gəlib çıxmasının xeyli çəkməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. Ibrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin I yarısıda yaşamış Azərbaycan tarixçisinin yazdığı kimi, «bəzi bədniyyətli adamlar xanı mayora elə şərləmişdilər ki, mayor gecə ikən bir dəstə döyüçü ilə onun məskəninə yollandı. Burada fələyin zalım hökmü ilə Ibrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə birlikdə öldürüldü.» Bu qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini səciyyələndirən parlaq misaldır. Belə yolla həm tərəddüd edən feodallar, həm də əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi, «əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi».
1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş general Qudoviç Qarabağın idarə olunması haqqındakı fərmanı Mehdiqulu xana təqdim etdi.
Qəsbkarlar geri çəkilərkən dinc sakinlərdən ibarət kütlələri zorla qovub əsirliyə aparırdılar. Təkcə Şirvandan İrana 6 min nəfər aparılmışdı.
Yay kampaniysının müvəffəqiyyətlə başa çatmasından sonra qarşıda Şimali Azərbaycanın qalan ərazisinin, ilk növbədə Bakı və Quba xanlıqlarının işğalı məsələsi dururdu.
Rus komandanlığı Bakı və Dərbənd qalalarının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi. General Qlazenap 1806-cı il mayın 3-də çara yazırdı: «Nə qədər ki, Bakı alınmayıb, o vaxtadək Şirvan və Qarabağdakı nailiyyətlər həmişəlik təhlükə olacaqdır, elə Gürcüstanın özü də farsların basqınını gözləməlidir». İran hökuməti Rusiya və onun planları üçün Bakının əhəmiyyətini aydın başa düşürdü və Qarabağdakı uğursuzluqlardan sonra rus qoşunlarının irəliləməsinin qarşısını almaq məqsədilə hərbi əməliyyatları Şamaxı xanlığı istiqamətinə keçirdi. Bu vaxt bir rus dəstəsi Zərdaba, digəri isə Cavada daxil oldu. Rus qoşunlarının yaxınlaşdığını eşidən Abbas Mirzə düşərgə saldığı Ağsudan Kür çayına doğru geri çəkildi. Bakı və Dərbəndə doğrü irəliləmək üçün əlverişli şərait yarandı. Qubalı Şeyxəli xan Rusiya təbəəliyini qəbul etmək istəmirdi. 1806-cı ilin iyununda rus qoşunları Quba xanlığına tabe olan Dərbəndə yaxınlaşdılar və iyunun 22-də onu tutdular.
Sonra onlar general Bulqakovun komandanlığı altında Bakıya doğru yönəldilər. General şəhər sakinlərinə müraciət göndərdi. Hüseynqulu xan öz nümayəndə heyətini şəhərin bayrağı, qalanın açarı və duz-çörəklə Bulqakovun yanına göndərdi. Lakin Hüseynqulu xanın özü qisasdan qorxaraq ailəsi ilə birlikdə Qubaya, oradan da İrana qaçdı. Beləliklə, 1806-cı il sentyabrın 3-də Bakı xanlığı Rusiyaya tabe edildi. Tezliklə Quba xanı da qaçdı, onun xanlığı da Rusiyaya tabe olundu. Dərbənd və Quba xanlıqları Tərki şamxalının ixtiyarına verildi, sonralar isə əyalətlərə çevrildi.
Beləliklə, 1806-cı ilin sonunda Lənkəran, İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Azərbaycanın şimal ərazisi Rusiyanın hakimiyyəti altına keçdi.
Göstərilən xanlıqların işğalından sonra rus qoşunları Şəki xanlığındakı üsyanı yatırmaq üçün göndərildi. 1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında həlledici döyüş baş verdi və şəkil Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri müqavimət göstərməkdə davam edirdi. Bununla belə, nuxalıların müqaviməti qırıldı və rus qoşunları hücum edib Nuxanı ələ keçirdilər. Səlim xan İrana qaçdı. Xanlığın idarə olunması üçün Şəkidə yerli, Rusiyaya meylli olan bəylərdən ibarət müvəqqəti idarə təşkil olundu.
Sonra rus qoşunları üsyan bürümüş Car-Balakənə yola düşdü. Rus qoşunları Carda üsyanları və Avar xanının, habelə digər Dağıstan feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezlikl bu üsyan da yatırıldı.
I Rus-İran müharibəsinin başlanğıcında Rusiyanın tərəfinə keçmiş xoylu Cəfərqulu xan Şəki xanı təyin edildi. O, özünün keçmiş Xoy xanlığı əhalisinin bir hissəsini Şəkiyə köçürdü. Azərbaycanlılardan və ermənilərdən ibarət olan köçkünlər Nuxa şəhərinin ətrafında bir neçə kənd (Yenikənd, Cəfəradab və s.) saldılar.
İran hökuməti də güzəştlərə ümid bəsləyərək sülh bağlamaq istəyirdi. 1806cı il sentyabrın ortalarında şah sarayı öz nümayəndəsini sülh bağlamaq təklifi ilə rus qoşunlarının baş komandanı Qudoviçin yanına göndərdi. Çar hökuməti heç nəyi İrana güzəştə getmək fikrində deyildi, əksinə o, İrandan Naxçıvan və İrəvan xanlıqlarını tələb etdi. Çar hökuməti hətta müvəqqəti barışığın imzalanmasına razı idi. Lakin danışıqlar uzandı. İngiltərə və Fransa bu işdə az rol oynamırdı.
Austerlisdən sonra İran və Türkiyədə Napoleon diplomatiyası daha da fəallaşdı. Napoleon 1806-cı ildə öz nümayəndəsi general Romyeni İrana göndərdi. İran Qacar dövlətinin Fransa ilə danışıqları İngiltərəni təşvişə saldı. Bağdaddakı
İngilis səfiri Xarford Cons şah nazirinə müraciət edib ona təminat verdi ki,
İngiltərə 1801-ci il müqaviləsinin şərtlərinə sadiq qalacaqdır. General Romyenin qəfildən müəmmalı şəkildə vəfatı üzündən danışıqlar kəsildi.
Napoleon «rus qoşunlarını Zaqafqaziyadan qovmaq üçün… Fransız qoşun-
larının İran sahillərinə çıxmasına icazə verməyi» İrana təklif etdi.
Fransa bütün vasitələrlə Türkiyəni də Rusiyaya qarşı qaldırmağa çalışırdı.
Napoleonun 1806-cı ildə Istanbula gəlmiş səfiri general Sebastyan hədələr və cəlbedici vədlərlə Türkiyənin bir sıra rüs-türk sazişlərini, o cümlədən də təzəcə imzalanmış müttəfiqlik müqaviləsini təhrik yolu ilə pozmağa nail oldu. 1806-cı ilin sonunda Türkiyə Rusiyaya qarşı müharibəyə başladı.
Rüs-türk müharibəsinin başlanmasından sonra Qafqazdakı rus qoşunlarının komandanlığı Tərtər çayında istehkam yaratmağı qərara aldı. Quba, Bakı və Dərbəndi təzəcə ələ keçirmiş, Şəki və Car-Balakəndə üsyanı yatırtmış, qoşunlar oraya göndərilmişdi. Baş komandan general Qudoviç rus ordusunun başında Gümrüyə yönəldi. Burada rüs və türk qoşunları arasında qanlı döyüş baş verdi. Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazırdı: «Hər iki qoşun Arpa çayında qarşılaşdı və bir-birinin qarşısında yerləşdilər. Bir qədər vaxtdan sonra döyüş baş verdi. Qaş qaralana yaxın osmanlılar məğlub edildilər. Ruslar osmanlılardan qənimətlər və çoxlu top ələ keçirdilər». Bu döyüş 1807-ci il iyunun 18-də baş vermişdi. Elə həmin ildə İran Qacar qoşunlaının Zaqafqaziyaya viranedci yürüşləri yenidən başladı.
Napoleon 1807-ci ilin əvvəllərində İran şahını Rusiya ilə mübarizəni gücləndirməyə çağırırdı. 1807-ci il yanvarın 17-də Napoleon İran şahına yazırdı ki, Rusiya üzərində qələbə «məni səninlə yaxınlaşdırır», ona görə də Rusiya üzərinə hücum etməyi, Zaqafqaziyanı tutmağı, «Xəzər dənizini ruslardan ötrü bağlamağı» məsləhət görürdü. O, «üç dövlətin əbədi ittifaqını» (yəni Fransa, İran və Türkiyənin ittifaqını) yaratmağa çağırırdı.
1807-ci il aprelin sonunda İranın səlahiyyətli nümayəndəsi I Napoleonun olduğu Şərqi Prussiyaya gəldi və danışıqlara başladı. I Napoleon müqavilənin bağlanmasını gözləməyərək, İrana göndərilmək üçün 50 top, 10 min tüfəng və 4 min piyada hazırlamaq əmrini verdi. 1807-ci il mayın 4-də Finkenşteyndə Fransa-İran müqaviləsi imzalandı. Bu müqaviləyə görə, Zaqafqazyanı tutmaq üçün İrana hərbi kömək göstərilməsi nəzərdə tutulurdu.
Rusiya və İran arasında barışığın görünməkdə olan əlamətləri Fransa-İran müqaviləsinin bağlanması və fransız diplomatik nümayəndə heyətinin İrana gəlməsi ilə yoxa çıxdı. Fransızların rəhbərliyi ilə İsfahanda top istehsalı qaydaya salındı. Tehranda isə artilleriya parkı təşkil olundu.
Hələ 1807-ci ilin yayında beynəlxalq vəziyyətdə dəyişikliklər baş verdi. Rusiya ilə Fransa arasında Tilzit sazişi, habelə hücum və müdafiə ittifaqı haqqında gizli rus-fransız müqaviləsi imzalandı. Tilzitdə Napoleon İran və Türkiyənin mənafelərinin təmin olunmasını təkid etmədi. Tilzit müqaviləsinin 2-ci gizli maddəsində qeyd olunurdu ki, Fransa özünün Türkiyə və İran işlərindəki vasitəçiliyindən imtina edir. Lakin sonrakı hadisələr göstərdi ki, Fransa və Rusiya arasında Tilzitdə bağlanmış bu ittifaq məcburi ittifaq idi.
Yaranmış şərait şahı İngiltərə ilə yaxınlaşmağa sövq edirdi. İngiltərə hökuməti şəraitdən dərhal istifadə etdi və İranda öz yerini hər vasitə ilə möhkəmləndirmək qərarına gəldi. 1809-cu ildə İngiltərə Iranla müqavilə imzaladı. Bu müqaviləyə görə, iran İngiltərə ilə düşmənçilik edən bütün dövlətlərlə münasibətlərini kəsməyi öhdəsinə götürdü. İngiltərə şaha Rusiya ilə müharibə müddətində hər il 120 min funt-sterlinq məbləğində maliyyə yardımı göstərməyi, silah, hərbi sursat və təlimatçılar verməyi vəd etdi.
Artıq 1808-ci ilin mayında 10 minlik İran qoşunu İrəvana doğru çəkilirdi. Rus qoşunlarının baş komandanı general Qudoviç də öz qoşunlarını İran sərhəddinə doğru yönəltdi və sentyabrın 4-də Soğanlıq düşərgəsindən 3 min nəfərdən bir qədər artıq qoşunla Pəmbəkə doğru yeridi. O, oradan Iran qoşunlarına hücum etmək niyyətində idi. Qudoviç eyni zamanda Naxçıvanı ələ keçirməyi general Nebosinə əmr etdi. Nebosin sentyabrın 11-də 3 min nəfərlik qoşunla Şuşadan yola düşdü. Sentyabrın 26-da Irəvanlı Hüseyn xan başda olmaqla 4 min nəfərdən ibarət Iran qoşununu məğlub etdi. Rus qoşunları İrəvana geri çəkilən Hüseyn xanı təqib edərək yolüstü Eçmiədzini ələ keçirtdi. Bu zaman general Nebosin Naxçvana doğru irəliləyərək oktyabrın sonunda Qarababa kəndi yanında İran qoşunlarını dağıtdı və Naxçıvanı tutdu. Rus qoşunlarının birləşmiş qüvvələri Irəvanın mühasirəsinə başladı və mayın ortalarında qalaya hücum etdi. Lakin müvəffəqiyyətsizliyə uğrayıb geri çəkildi. Rus qoşunları Naxçıvanı da tərk etməyə məcbur oldular. Abbas Mirzə Naxçıvanı tutaraq rus qoşunlarını təqib etməyə başladı. Qarababa kəndi rayonunda döyüş baş verdi, Qudoviç yenidən məğlubiyyətə uğradı. 1808-ci il kampaniyası uğursuz başa çatdı və Qudoviç istefaya getməyə məcbur oldu.
Yeni baş komandan Tormosov İran Qacarlar hökuməti ilə münasibətləri danışıqlarla nizama salmağa ümid bəsləyirdi. Lakin 1809-cu ilin iyununda şahın özü Qarabağ və İrəvanla kifayətlənmək və qüvvələrini Türkiyə ilə birləşdirmək üçün qərbdə hərbi əməliyyatlar cəbhəsini genişləndirmək niyyəti ilə Cənubi Azərbaycana gəldi. Şah Zaqafqaziya hakimləri və sakinlərinə fərmanlar göndərərək onları Rusiyaya qarşı çıxış etməyə çağırdı. Lakin İran qoşunlarına öz planlarını həyata keçirmək müəssər olmadı.
1809-cu ilin sentyabrında 11 minlik İran Qacar süvari qoşunu Lənkəran xanlığına soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz qoşunlarının qalıqları və ailəsi ilə birlikdə yarımadada gizlənməyə məcbur oldu. Həmin günlərdə
Əsgəranda İran və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi Mirzə Bezürkdən Lənkəran xanlığının müstəqilliyini tanımağı tələb etdi.
İngiltərə və Türkiyənin maneçilliyi üzündən danışıqlar kəsildi. Türkiyə barışıq bağlanacağı təqdirdə İranla müharibədən azad olacaq qoşunların hesabına Rusiyanın güclənməsindən ehtiyat edirdi. Ona görə də sultan danışıqları pozmaq üçün öz səlahiyyətli nümayəndəsini qiymətli hədiyyələrlə Tehrana göndərdi. Şahzadə Abbas Mirzəyə isə 12 minlik nizami seçmə türk qoşunu təklif etdi. Zaqafqaziyadakı rus qoşunları ağır vəziyyətə düşdü.
1810-cu ilin iyununda İran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəlilədi. İran qoşunlarının ön dəstələri Tuğ kəndinin yaxınlığında Qarğabazar adlanan yerdə dayandı. İranlılar Mehridə də möhkəmləndilər. Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan Kotlyarevski Mehriyə doğru hərəkət etdi. İyunun 15-də kəndi hücumla ələ keçirmək ona müəssər oldu. Arazın o tayına geri çəkilmiş iranlılar iyulun 2-də yenidən Mehriyə yaxınlaşdılar. Mühasirə beş gün davam etdi. Şah komandanlığı onun alınmazlığına əmin oaraq geri çəkilmək məcburiyyətində qaldı. İyulun 8-nə keçən gecə Kotlyarevski İran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı. Rus qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün vəziyyəti dəyişdi. 1810-cu ilin avqustunda İran və Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin bunun da köməyi olmadı. İran qoşunları Ahalkələk yaxınlığında darmadağın edildi. Abbas Mirzə rus dəstələri ilə yeni toqquşmalardan çəkinərək barışıq haqqında danışıqlara yenidən başlamaq qərarına gəldi.
1812-ci il martın 14-də,yəni Fransa ilə Rusiya arasında əlaqələrin kəsilməsi ərəfəsində və Banopart əleyhinə İngiltərə-Rusiya ittifaqının yaradıldığı dövrdə Ouzli müqaviləni imzaladı. Bu müqavilə 1809-cu il müqaviləsini təsdiq edirdi. Bu müqaviləyə görə, İngiltərə İrana lazımi miqdarda qoşun göndərməyi və yaxud da Britaniya səfirinin bilavasitə nəzarəti altında bütün müharibə ərzində ordunun saxlanması üçün hər il 200 min tümən pul ödəməyi öz öhdəsinə götürdü. İngiltərə hökuməti Xəzərdə gəmiqayırmanın təşkili, hərbi anbarların tikintisi üçün mütəxəssislər qrupu ayırmağı, zəruri hallarda hərbi gəmilərini Iran körfəzinə göndərməyi öhdəsinə götürdü. Bu gəmilər körfəzin istənilən limanını tutmaq hüququna malik idi.
İran Qacarlar dövləti İngiltərədən belə əhəmiyyətli yardım alaraq barışıqdan imtina etdi və fəal surətdə hücuma hazırlaşmağa başladı.
1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya malik olan şah qoşunların İngilis zabitlərinin komandanlığı altında azsaylı rus qarnizonunu mühasirəyə aldılar və asan qələbə çaldılar.
Rus qoşunları rüs-türk müharibəsinin Qafqaz və Balkan cəbhələrində bir sı-
ra qələbələr qazandılar. M.I.Kutuzovun komandanlığı altında Balkanlardakı qələbə xüsusən təsiredici idi və bu da Türkiyəni sülh istəməyə məcbur etdi. 1812-ci il mayın 16-da Buxarestdə Rusiya və Türkiyə arasında sülh müqaviləsi bağlandı. Bu müqaviləyə görə Türkiyə Zaqafqaziyanın böyük bir hissəsinin Rusiya tərəfindən işğal olunmasını təsdiq etdi.
1812-ci ilin yayında Napoleon fransası ilə Rusiya arasında müharibə başlandı. 1812-ci il iyulun 8-də İngiltərə ilə Rusiya arasında Fransa əleyhinə yönəlmiş müqavilə imzalanmasına baxmayaraq, Ruiyanın başının Napoleonla müharibəyə qarışmasından istfadə edən İngiltərə İranda fəallaşdı. Abbas Mirzə rus ordusunun əsas qüvvələrinin Napoleona qarşı müharibəyə yönəlməsindən istifadə edərək öz ordusunu Zaqafqaziya üzərinə yeni hücuma hazırlamağa başladı.
İran ilk növbədə Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmaq istəyirdi. Bunun üçün də hər şeydən əvvəl general Kotlyarevskinin dəstəsinin yerləşdiyi, möhkəmləndirilmiş Mehrini tutmaq lazım idi. İyulun 12-də İran qoşunları Qarabağa soxuldular, lakin darmadağın edilib Arazın o tayına atıldılar. Avqustda 20 minlik İran qoşunu Lənkəran da daxil omaqla Lənkəran xanlığı ərazisini ələ keçirdi. İran qoşunlarının digər dəstələri Ərçivanı tutub bununla da Azərbaycanın içərilərinə doğru yol açdılar. Rusiyanın Zaqafqaziyadakı vəziyyəti yenə də mürəkkəbləşdi. Rus komandanlığı Abbas Mirzənin sülh bağlamaq üçün 40 günlük barışıq barədə təklifindən istifadə etməyi qərara aldı. Danışıqlar sentyabrın 20-də Aslandüzdə başlandı və oktyabrın 10-dək davam etdi. Tərəflər özlərinin əvvəlki mövqelərindən əl çəkmək istəmədiyinə görə, danışıqlar heç bir nəticə vermədi. Şah qoşunları yenidən hərbi əməliyyata başladı.
Abbas Mirəzənin komandanlığı altında 30 minlik ordu Aslandüz yaxınlığında Araz sahilində cəmləşdi. O, Kotlyarevskinin komandanlığı altında qarşısında dayanmış rus dəstələrinə zərbə endirərək Qarabağa və Yelizavetpola (Gəncəyə), daha sonra isə Gürcüstana doğru irəliləmək niyyətində idi.
Lakin Abbas Mirzənin planları həyata keçmədi. O, ilk zərbəni Ağoğlan adlı yerin yaxınlığında, Araz sahilində aldı. Irəvanlı Hüseynqulu xanın qoşunları isə Pəmbək və Şuragələ soxuldular. Onları çoxsaylı rus qoşunları qarşıladı. Bu qoşunlar Dilican dərəsində erməni əhalisinin köməyi ilə qələbə çaldı. Pirqulu xan da Şəkidə darmadağın edildi. Abbas Mirzə əzilmiş hissələrin qalıqlarını toplayaraq səhərisi gün məğlubiyyətinin əvəzini çıxmağı qərara aldı. Lakin Kotlyarevski Aslandüz istehkamlarına hücum edib onun qoşunlarını darmadağın etdi. Tezliklə Kotlyarevski İran qoşunlarını sıxışdırıb çııxarmaq üçün Lənkəran xanlığına göndərildi. O, 1812-ci il dekabrın 17-də təxminən 2 min nəfərlik dəstə ilə Ağoğlandan yola düşərək Arazı keçdi və dekabrın 21-də Lənkəran xanlığına daxil oldu. Xəzər donanması da buraya göndərilmişdi. Dekabrın 21-də İran qoşunlarının ön dəstələri Muğanda darmadağın edildi. Rus qoşunlarının yaxınlaşdığından xəbər tutan İran qoşunları Ərçivandan geri çəkildilər. Kotlyarevski Ərçivanda kiçik bir qarnizon qoyaraq Lənkərana tərəf irəlilədi. O, xanlığın ərazisinə daxil oldu. Lənkəran qalasının təslim olunması barədə Kotlyarevskinin dəfələrlə etdiyi təkliflər rədd olundu. Rus qoşunları qalanı dekabrın 30-dək davam edən fasiləsiz artilleriya atəşinə tutdu. Dekabrın 31-də Kotlyarevski qoşunu üç hissəyə bölərək axşam qala divarlarına yaxınlaşdı və 1813-cü il yanvarın 1-də səhərə yaxın hücuma başladı. Amansız və qanlı çarpışma 3 saatdan çox çəkmədi və qala alındı.
Aslandüz və Lənkəran qələbələri müharibənin taleyini həll etdi. Artıq aydın oldu ki, demək olar ki, heç bir şey rus qoşunlarının İran Qacar dövlətinin içərilərinə doğru irəliləməsinə mane ola bilməzdi. Qacarlardakı ingilis səfiri Ouzli
Rusiya və İran arasındakı müharibənin dayandırılmasının zəruri olması haqqında Londondan göstəriş aldı. Bu danışıqlar sentyabrın 27-də Qarabağda, Gülüstan kəndində başladı və 1813-cü il oktyabrın 12-də sülh müqaviləsi imzalanması ilə başa çatdı.
Gülüstan müqaviləsinə görə, İran Qacar hökuməti Rusiyanın qələbəsini, Gəncə, Qarabağ, Şəki, Şirvan, Quba, Bakı və Lənkəran xanlıqlarının ərazisinin, habelə Şərqi Gürcüstan və Dağıstanın Rusiyanın ixtiyarına keçməsini tanıdı.
İrəvan və Naxçıvan xanlıqları İranın hakimiyyəti altında qaldı. İran təkcə Rusiyaının Xəzər dənizində hərbi gəmilər saxlamaq barədə hüququnu tanıdı.
Aşağı, 5 faizlik gömrük tarifi qoyuldu ki, bu da o demək idi ki, rus tacirləri üçün İrana yol açılırdı. İranın daxilində isə rus tacirləri daxili gömrük rüsumlarını ödəməkdən azad olunurdu. Bütün bunlar rus-İran ticarətinin inkişafı üçün əlverişli şərait yaradırdı. Gülüstan müqaviləsi Şimali Azərabycanın və bütün Zaqafqaziyanın çar Rusiyası tərəfindən istilasını təsdiq edirdi. Bu müqavilənin bağlanması ilə Azərbaycanın Rusiya-İran tərəfindən bölüşdürülməsinin birinci mərhələsi başa çatdı.
Gülütan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avopada baş verən dəyişikliyə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (16-19)-də Leypsiq altında «Xalqlar döyüşü» oldu. Müttəfiqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı, 1814-cü il martın 31-də müttəfiq oduları Fransanın paytaxtına girdilər. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyarın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də «Yekun aktı» imzalandı.
İngiltərə hər vasitə ilə İranda Rusiya mövqeyinin möhkəmlənməsinə mane olmağa çalışırdı. 1814-cü ildə Tehranda İngiltərə ilə İran arasında yeni bağlaşma imzalandı. 1809-cu ildə olduğu kimi, Rusiya ilə savaş başladığı halda Iran İngiltərədən ildə 200 min tümən (2 milyon gümüş rubl) yardım alacaqdı, ancaq bu böyük yardım Britaniya böyük elçisinin nəzarəti altında xərclənməli idi. Rusiya-İran münasibətlərində İngəltərə hökumətinə «araçı» rolu oynamaq hüququ verildi. Şah sarayında İngiltərənin nüfuzu gücləndi, İran silahlı qüvvələrində Ingilis zabitlərinin işi genişləndi.
İngiltərə 1821-ci il «imtiyazlı» gömrük qanunudan istifadə edərək Transqafqazda, o sıradan Azərbaycanda iqtisadi nüfuzunu genşləndirdi. Rusiya bundan çox narahat olmağa başladı.
1813-cü ildən sonra da Rusiya-İran münasibətləri gərgin olaraq qalırdı. İran öz uğursuzluğu ilə razılaşmır, Rusiya isə yeni torpaqlar ələ keçirmək üçün savaş olmasını istəyirdi.
Gülüstan sövdələşməsinin 1-ci maddəsində dəbdəbəli sözlərlə bildirilirdi ki, tərəflər arasında «mövcud olmuş düşmənçilik və narazılığa bu müqavilə ilə bu gündən və gələcəkdə son qoyulur». Lakin 1826-cı ildə tərəflər arasında yeni savaş başlandı.
Rusiya ilə İran arasında ən çox çəkişmə doğuran 2-ci maddə oldu. Bu maddə dövlətlərarası sərhəd məsələsi ilə bağlı idi. Dəqiqlik baxımından 2-ci maddə diplomatik standarta tam uyğun gəlmir, «birtərəfli (separat) şəkildə» sərhədləri dəyişdirməyə şərait yaradırdı.
Gülüstan müqaviləsinn 2-ci maddəsi əslində tərəflərin heç birini, yəni Rusiyanı da təmin etmirdi. İrəvan və Naxçıvan xanlıqları ələ keçirilməmiş qalırdı. Rusiya məqamın yetişməsini gözləyirdi. Nəticədə Azərbaycan torpağı yeni döyüşlər qarşısında idi.
Tərəflər yeni savaşa yaxınlaşdıqca çar Rusiyası Azərbaycan xanlıqlarını ara-
dan götürməyə tələsirdi.
Rusiyaya silahla qarşı durmağa çalışan xanlıqlar (Gəncə, Quba, Bakı) dərhal
yox edilmişdi. Qafqaz baş komandanı İrandan Tiflisə döndükdən sonra növbə vassal xanlıqlara çatdı.
I.P.Petruşevski haqlı olaraq yazır ki, Yermolovun komandanlığı zamanı rus
hökuməti «yerli xan sülalələrini aradan götürmək üçün birbaşa təxribat üsulları işlətməkdən çəkinmirdi». 1819-cu ildə ilk olaraq Şəki xanlığı ləğv edildi. Rusiya hökuməti sonuncu Şəki hakimi Ismayıl xanın ölümünü bəhanə gətirdi. Amma iş bundadır ki, rus zabitləri özləri də Ismayıl xanın öldürüldüyünü, milliyətcə erməni olan general Mədətovun (Transqafqaz müsəlman əyalətlərinin hərbi rəisi) göstərişi ilə ona zəhər verildiyini gizlətmirdilər. Iran hökuməti bu haqda hətta rəsmi bəyanat vermişdi. Xanlığın bütün xəzinə yatırı və mülklərini Rusiya dövləti müsadirə etdi. Xan ailəsi soyulub var-yoxdan çıxarıldı.
Həmin ildə yerli hakimləri olan Qazax və Şəmşəddil sultanlıqları, 1820-ci ildə isə Şirvan xanlığı ləğv edildi.
General Mədətovun Qarabağ xanlığı üzərində əlləşməsi daha uzun sürdü. Rusiya hərbiçiləri burada ən alçaq üsullara əl ataraq Mehdiqulu xanın yaxın qohumunu yenə ona qarşı qoydular. Ruslardan xanlıq gözləyən Cəfərqulu ağa sakitliklə Simbirskə sürgün edildi. Qarabağ xanlığının bütün var-dövləti Rusiya xəzinəsinə ötürüldü, dövlətin saysız torpaq mülkləri, ilxı və sürüləri bu xəzinənin ixtiyarına keçdi.
İkinci Rusiya-Iran savaşı başlamazdan öncə (1826) Lənkəran xanlığının vassal varlığına da son qoyuldu. Beləliklə, ikitərəfli dövlətlərarası andlaşmalar
(Kürəkçay bağlaşması və b.) ilə xanların iç muxtariyyətinin toxunulmazlığına, onların «ölkənin bütövlüyünün saxlanılmasına imperator zəmanəti»ni çar hökuməti özü pozub atdı. Beləliklə, Şimalı Azərbaycan rus müstəmləkə rejimi hökm sürməyə başladı.
Asılı xanlıqların yox edilməsi birinci Rusiya-İran savaşının verdiyi dərslər-
dən irəli gəlirdi. Mərkəzi Rusiyadan Güneyə uzanıb gələn yollar çətin və təhlükəli idi. Asılı xanlıqların varlığına son qoymaqla çar Rusiyası öz ordusunun arxa təminatını yoluna qoya bildi. Baş komandan I.Paskeviç özü bunu etiraf edib yazırdı: «Istər Iranla, istərsə də Türkiyə ilə indiki (yeni) savaşlar göstərdi ki, bizim ordunu saxlayıb yedizdirən Azərbaycan idi».
Xanlıqların ləğv edilməsi ilə Azərbaycan xanlıqlarının bütöv bir dönəmi sona yetmiş oldu. Çarlıq Rusiyası bununla Quzey Azərbaycanın siyasi fəthini başa çatdırmaq üçün özünə yol açdı. Bununla yanaşı, quzey xanlıqların bütün var və yatırını, bütün təsərrüfatını öz əlinə keçirərək buranın iqtisadi fəthi qarşısında duran xanlıq idarəçiliyini aradan götürmüş oldu. Azərbaycanın dövlətçilik qurumlarının yox edilməsi ilə ölkənin büsbütün sümürgəclik meydanına çevrilməsi üçün yol açıldı.

Yüklə 3,15 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   173




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin