Erkən Orta əsrlərdə (III-VII əsr) Azərbaycanın vahid dövlətin-Sasanilərin tərkibində olması mədəniyyətin inkişafında böyük rol oynamışdır. Atropatenada Sasani dövlətində tətbiq olunan pəhləvi yazı sistemindən, V əsrin əvvəllərində albanlar isə 52 işarədən ibarət fışıltılı və boğaz səsi ilə zəngin olan öz əlifbasından istifadə edirdilər. 1948-ci ildə Mingəçevirdə aşkar edilmiş qısamətnli epiqrafik abidələr bu yazının bir növüdür. Yazı 21 işarədən ibarətdir, 4 sətirlidir. Üzərində alban yazısı olan dördkünclü ştamp da tapılmışdır. V əsrdə alban dilində fərman tərtib edilmişdir. İslam dinini qəbul etmiş əhali ərəb əlifbasından istifadə etməyə başlamışdır.
Bu dövrdə mövcud olan şəhərlərdən Dərbənd, Bərdə (Partav), Çola (Çora), Hunarakert (Hun şəh.), Paytakaran, Təbriz, Şiz, Ərdəbil, Naxçıvan, Gəncə, Şəki, Şəmkir, Qəbələ, Şabran, Xalxal, Beyləqan və s. var idi. Şimala gedən yollar üzərində sədlər tikilmişdir. Beşbarmaq dağından dənizədək qoşa divar uzanırdı. Şirvan səddi (Gilgilçay boyu) Beşbarmaq divarından 23 km şimalda çəkilmiş, Çıraqqala bu səddin başlanğıcında dağ zirvəsində yerləşirdi. Digər sədd Samur çayından şimalda inşa edilmişdir. Ən əzəmətli Dərbənd səddi yüksəklikdən dənizin içinədək uzanırdı. Orta hissəsində qala var idi. Azərbaycan ərazisində Torpaqqala (Alazan çayı sahili), Govuqqala (Ağdam), Cavanşir (İsmayıllı), Çarabkert (Ağdam) qalaları inşa olunmuşdu. Alban məbədlərinin qalıqlarına Qəbələ, Qax, Yuxarı Qarabağ, Şəki, Zaqatala, Mingəçevir, Ağdam, Kəlbəcər, Laçın, Qubadlı və s. yerlərdə rast gəlinir.
Azərbaycanda təkallahlığa (monoteizmə) keçid tam müstəqil dövlət olmaması şəraitində baş verirdi. Zərdüştliliyin təkallahlılığa çağırışı Azərbaycanda (eləcə də İranda) atəşpərəstlik dini ehkamına qarışdı. Sasani hakimiyyəti illərində Mani, sonra məzdəkilərin təlimlərində Xeyirlə Şərin mübarizəsi ideyası Zərdüştlük dininin təsiri altında meydana gəlmişdir. Atəşpərəstlik, oda sitayiş Sasani imperiyasında dövlət dini səviyyəsinə qaldırılmışdır. Günəşə, Aya, suya, göyə və s. ibadət edirdilər. Sehr, cadu və rəmmallığa inam o qədər dərin imiş ki, Azərbaycanda xristianlığı yayanlar ilk növbədə bu işlərlə məşğul olanları cəzalandırırdılar. Xristianlıq zorla qəbul edilirdi. Albaniyada çoxları qədim dinlərini saxladı. Erkən Orta əsrlərdə Azərbaycanda alban, kaspi, müq, qarqar, udin, girdiman adları daşıyan əhali yaşayırdı. Azərbaycanda yaşayan etnosların çoxu (alban, qarqar, uti, sovde, sakasen, hun, girdiman və s.) türk mənşəli idi. Qədim və Erkən Orta əsrlərdə Azərbaycana 2 böyük etnik axın olmuşdur: I axında türk mənşəli kimmer, skit, sak tayfaları, II axında isə türk mənşəli hun tayfaları (kəngər, peçənək, onoqur, sabir, hun, herlat, oğuz və b.). İlk oğuzlar ümumtürk məkanının tərkib hissəsi olan Cənubi Qafqaza, o cümlədən Azərbaycan ərazisinə Dərbənd keçidi və Böyük Qafqazın başqa dağ aşırımlarından keçərək yayılmışdır.
Azərbaycanın bütöv halda Sasani imperiyasının tərkibində olması nəticəsində bütün bölgələri arasinda daxili əlaqələr, ilk növbədə ticarət əlaqələri genişləndi, etnik-siyasi və mədəni birliyinin yarandı, Sasani əsarətinə qarşı uzunsürən azadlıq mübarizəsi ölkənin türk və qeyri-türk əhalisini daha sıx birləşdirdi, onların qaynayıb-qarışmasına müsbət təsir göstərdi. Beləliklə, vahid xalqın yaranması prosesi sürətləndi.
Dostları ilə paylaş: |