QONAQPƏRVƏRLĠK
Bəşər mədəniyyətinin dəyərlərindən biri olan qonaqpərvərlik adəti xalqın
fəaliyyətini, eyni zamanda, əldə etdiyi uğurları əbədiləşdirən ədəb xəzinəsidir. Milli
xarakter, özünüdərk və digər milli dəyərlərin məcmusu bu ədəb xəzinəsində çox aydın
əks olunmuşdur.
Xalq öz həyatının canlı lövhələrini, məişət tərzini qonaqpərvərlikdə yaşatmış
və onu davam etdirməyə çalışmışdır. Qonaqpərvərliyin mahiyyətində dostluq,
səmimiyyət, şəfqət, mehribanlıq, ehtiyacı olana əl tutmaq, yardım etmək kimi yüksək
insani keyfiyyətlər durur. Bu kimi keyfiyyətlər müəyyən adət və ənənələrin icrası və
davranış qaydalarında öz əksini tapır. Bu isə ev sahibinin mənəvi-əxlaqi
keyfiyyətlərinin aynasıdır.
Hər bir xalqın qonaqpərvərlik adəti özünəməxsus xüsusiyyətləri ilə fərqləndiyi
kimi, icra xüsusiyyətlərinə görə də seçilir. Lakin bütün xalqlarda qonağa böyük diqqət
yetirilməsi şübhəsizdir. Qonaqpərvərlik xalqın qiymətli sərvətinə çevrilərək onun
həyat tərzini əks etdirən bir güzgü olmaqla yanaşı, həm də insanları mənən
zənginləşdirən mühüm amildir.
Avropa ilə Asiyanın ayırıcında yerləşən Azərbaycan gözəl təbiətə və zəngin
sərvətlərə malik bir ölkədir. Ölkə ərazisinin əlverişli təbii-coğrafi mövqeyi, məhsuldar
torpaqları, yerüstü və yeraltı sərvətləri burada ulu əcdadlarımızın yaşayıb-yaratması və
zəngin irs qoyub getməsinə hər cür şərait yaratmışdır. Məhz bu zəmin üzərində
xalqımız özünün maddi və mənəvi mədəniyyətini yaratmış və inkişaf etdirmişdir. Bu
zənginlik onun süfrə mədəniyyətində də müşahidə olunur.
Qonaqpərvərlik adətinin tarixi köklərinin qədim olduğu şübhəsizdir. İbtidai
icma quruluşu dövründə bütün insanlarda maddi və mənəvi mədəniyyət bir-biri ilə sıx
vəhdətdə idi. İnsanlar arasındakı münasibətlər də adətlərə və vərdişlərə uyğun
qurulurdu. Lakin zaman keçdikcə ibtidai icma quruluşu dağıldı və ayrı-ayrı tayfalar
müxtəlif həyat tərzi ilə bir-birindən fərqlənməyə başladılar.
Qonaqpərvərliyin tarixi köklərini çox güman ki, qan qohumluğuna əsaslanan
qəbilənin formalaşdığı və inkişaf etdiyi bir dövrdə axtarmaq lazımdır. Çünki ayrı-ayrı
qəbilələr bir-biri ilə ünsiyyət saxlamağa, iqtisadi münasibətlər qurmağa, gələcək
həyatın zəruri tələbatını ödəmək üçün əlaqə yaratmağa ehtiyac duymuşlar. Aydındır
ki, qəbilə daxilində insanlar bir-biri ilə sıx surətdə bağlı olmuşlar. Müxtəlif qəbilələr
arasındakı belə bağlılıq onların tayfa ittifaqlarında birləşməsi ilə nəticələnmişdir.
Beləliklə, insanların tədricən bir-birinə gediş-gəlişi formalaşmış, nikah
vasitəsilə qohumluq əlaqələri meydana gəlmişdir. Bu isə öz növbəsində insanlar
arasında yaxın münasibətləri zəruri etmiş və nəticə etibarilə birgə əməyin labüdlüyü
zərurətindən doğan kənd icmaları formalaşmışdır. İqtisadi münasibətlər və nikah
əlaqələri zəminində yaranmış gediş-gəliş qonaqpərvərliyin meydana gəlməsinə gətirib
çıxarmışdır.
110
Qonaqpərvərlik uzun bir inkişaf yolu keçərək hansı dövrdə icra edildiyindən
asılı olmayaraq, insanların həyat normasına çevrilmişdir. Təbii ki, qonaqpərvərliyə xas
adətlər hər bir dövrə müvafiq surətdə icra olunmuşdur. Bu baxımdan konkret dövrün
müvafiq qanunauyğunluqlarını nəzərdən qaçırmaq olmaz.
İlk sinifli cəmiyyət və dövlətlərin yaranması qonaqpərvərlik adətinə yeni
çalarlar gətirmişdir. Belə ki, qonşu ölkələrlə daimi əlaqələr saxlayan dövlət başçıları
nəinki oradan gələn hökmdarları, eləcə də qasid və elçiləri də qəbul edərkən müəyyən
qaydalara, qonaqpərvərliyə riayət etmişlər. Qədim mənbələrdə məhz qonaqpərvərlik
barədə məlumata təsadüf edilməsə də, Azərbaycan ərazisində mövcud olmuş ən qədim
Aratta, Lullubi, Kuti və digər qonşu ölkələrlə iqtisadi, siyasi əlaqələr quran dövlətlər
haqqında bəhs olunur. Bu əlaqələr zamanı heç şübhəsiz ki, müəyyən münasibətlər
yaranmış və özünəməxsus qəbul mərasimləri icra edilmişdi.
Mənbələrdə Manna hökmdarı Ullusunun II Sarqonu qəbul etməsi, ona xərac
verməsi, hətta şərəfinə yazılı abidə qoyması barədə məlumat verilir, eyni zamanda
Sarqonun da Manna hökmdarına şərəfli ziyafət verdiyi qeyd edilir[1].
Məlum olduğu kimi, İskəndər Şərq əyanlarına xeyirxah münasibət bəslədiyini
göstərmək üçün çox vaxt məclislərə zəngin Midiya geyimində gələrdi. Onun bu
hərəkəti qarşısındakını necə yüksək dəyərləndirdiyini bildirərdi. "İskəndər Midiyaya
gələrkən Atropat, çarın yaxın adamları ilə birlikdə onun şərəfinə təşkil olunmuş
şənliklərdə iştirak etmişdi"[2].
Xalqımızın məişətində əsrlərdən bəri kök salmış adətlərdən olan
qonaqpərvərlik onun varlığını, gün-güzəranını, həyat tərzini, mənəvi dünyasını,
mədəni səviyyəsini bütün çalarları ilə təqdim edən mütərəqqi bir adətdir. Bu adət
Azərbaycan ərazisində yaşayanların kimliyini, nəyə qadir olduğunu açıqlamaqla
yanaşı, onların mənəvi dünyasına nüfuz etməyə də imkan yaradır.
Orta əsrlərdə qonaqpərvərlik adəti feodal münasibətlərinin güclü təsiri altında
olmuşdur. Həmin dövrdə yaşamış müəlliflərin əksəriyyəti Azərbaycanın siyasi-iqtisadi
vəziyyəti, təbiəti, karvan yolları, münbit torpaqları, buradakı bolluq və ticarət əlaqələri
barədə geniş məlumatla yanaşı, yerli xalqa da qiymət verməyi unutmamışlar. Orta əsr
ərəb müəllifi əl-Müqəddəsi Azərbaycan haqqında məlumatlarında yazır ki, buranın
əhalisi fəsahətli və hörmətlidir[3]. Yaqut Həməvi isə Azərbaycan sakinlərinin gülərüz,
həlim təbiətli və xoşrəftar olmaları ilə fərqləndiyini söyləyir[4].
Ərəb xəlifəsinin Alban hökmdarı Cavanşiri təmtəraqla qarşılaması da tarixi
faktdır. Bu barədə məlumat verən Moisey Kalankatuklu "Albaniya tarixi" əsərində
Cavanşirin xəlifə I Müaviyyə tərəfindən "öz böyük andları və hesabsız mükafatları ilə
birlikdə öz yanına dəvət etməsindən" bəhs etmişdir: "Xəlifə öz əyanlarına əmr etdi ki,
onlar Cavanşirin qabağına çıxıb ona özü mindiyi atları hazırlasınlar. Bax belə bir
fövqəladə ehtiramla Cavanşiri saysız-hesabsız əsgərləri olan düşərgəyə gətirdilər...
Cavanşiri yalnız çarlara layiq olan müstəsna təmtəraqla qəbul etdilər və ona qədər
burada heç kəs belə hörmət görməmişdi". Müəllif Cavanşirin qeyri-adi
müdrikliyindən xoşlanan xəlifənin ona və onunla gələnlərə hədiyyələr bağışladığını
111
yazır. M.Kalankatuklu xəlifənin yanına gedən Cavanşirin ikinci səfərini də qələmə
almışdır. O göstərir ki, bu dəfə də şöhrətli hökmdar olan Cavanşir yenə də böyük şan-
şöhrətlə və şərəflə qarşılanır. Axşam yeməyində xəlifə onu öz yanında oturdur. Xəlifə
ona Hindistandan gətirilmiş fil bağışlayır. Belə hörmətin heç kəsə olunmadığını yazan
M.Kalankatuklu, Cavanşirə və onun adamlarına bağışlanılan hədiyyələr haqqında da
söz açır; bunlara qızıl qınlı polad qılınc, mirvari ilə süslənmiş kaftan, qızıl xaçlar, ipək
parçalar, əba və cürbəcür qiymətli geyimlər, bəzəklər, 52 at və s. daxil idi[5].
Azərbaycanlılar arasında qonağa hədsiz hörmət və ehtiram göstərmək mühüm
şərtlərdən idi. Bu barədə Aleksandr Düma yazır: "Azərbaycanda, eləcə də bütün
Qafqazda hər hansı bir qapını döyüb desəniz ki, mən əcnəbiyəm, gecələməyə yerim
yoxdur, ev sahibi o saat ən böyük otağını sizə verəcəkdir. Özü isə ailəsi ilə kiçik
otaqda yerləşəcək. Üstəlik, onun evində qaldığınız, deyək ki, bir həftə, iki həftə, bir ay
müddətində sizə qayğı göstərəcək, korluq çəkməyə qoymayacaq"[6]. Qonaq
müqəddəs sayılır, ona xüsusi hörmət edilməsinə ciddi surətdə riayət olunurdu.
Öz əsərlərində qonaqpərvərlik kimi nəcib bir adət haqqında dönə-dönə söhbət
açan dahi şair Nizami Gəncəvi "Yeddi gözəl" əsərində yazır:
Bağ gülü kimi qonaqsevər idi,
Qönçədəki qızılgül kimi gülərdi.
Onun bir hazır qonaq sarayı vardı
Ki, boyu yerdən Sürəyyaya ucalırdı.
Süfrə açıb büsat qurardı,
Lütflə bəslənmiş xidmətçilər saxlardı.
Kim gəlsəydi, atının cilovunu tutardılar,
Qaydayla süfrə açardılar.
Ona layiq mehmannəvazlıq edərdilər,
Onun öz şanına görə qonaqlıq verərdilər[7].
Göründüyü kimi, şair burada bir nəfərin simasında bütöv bir xalqın
qonaqsevərliyini tərənnüm etmiş, qonaqpərvərliyə xas olan mühüm cəhətləri yığcam,
lakin əsaslı şəkildə işıqlandırmışdır. Şairin təsvirindən aydın olur ki, qonaqlar üçün
məxsusi yer ayrılır, süfrə açılır, büsat qurulur. Evə təşrif buyuran qonağın xüsusi
hörmət əlaməti olaraq ayrıca otağa dəvət edilməsi məsələsinə toxunan Nizami
Gəncəvi yazır:
Qonaqlar kimi içəriyə, eyvana apardı[8].
Bu misra hər bir ailədə qonağın diqqət mərkəzində olduğunu göstərir. Elə bu
təsvirdə Nizami fikrinə davam edərək qonağın və ev sahibinin bir-birinə hədiyyələr
təqdim etməsindən söhbət açır. Müəllifin, eyni zamanda, qonaqların rahatlığı üçün
ayrılmış guşənin olduğunu qeyd etməsi o dövrün qonaqpərvərlik adətinə xas olan
xüsusiyyətləri anlamağımız üçün kifayət qədər əsas verir. Qonaqpərvərliyin geniş
tətbiqinə meyli səciyyəvi bir hal kimi dəyərləndirən Nizaminin əsərlərində qonaqlıq
süfrəsinin təsvirinə tez-tez rast gəlmək olur.
Nizaminin əsərlərində qonaqlıq məclislərinin təsviri bununla bitmir. Şair eyni
112
zamanda "İskəndərnamə"də Nüşabənin İskəndəri, "Xosrov və Şirin"də Məhin
banunun Xosrovu, "Leyli və Məcnun"da Leylinin atasının gələn elçiləri
qarşılaması və s. bu kimi təsvirlərə yer vermişdir. Nizami Gəncəvinin təsvirlərində
qonaqpərvərlik Azərbaycan xalqının məişətində adi hal alan adət kimi açıq-aydın
nəzərə çarpır və şair ona böyük rəğbət bəslədiyini aydın büruzə verir.
"Xosrov və Şirin" əsərində
qonaqlar
üçün
açılan
bol
yeməklərlə dolu süfrədən bəhs
edərkən şair göstərir ki, yemək
süfrəsində inək, qoyun, quş və
balıq ətindən hazırlanmış müxtəlif
çeşidli yemək növləri vardır[9].
"İskəndərnamə" poemasında da
qonaqlıq süfrəsində
müxtəlif çeşidli
yeməklər, meyvələr, badamlı halva,
hətta şərab və s. olduğu təsvir
edilir[10]. Həmin əsərdə həmçinin,
şair yenə də qonaqlıq süfrəsindən
bəhs edərək burada toğlu ətindən
hazırlanmış yeməklər, süfrənin
bərəkəti sayılan uzun və dəyirmi
çörəklər, məsus və riçal, paxlava,
halva və şərbət olduğunu göstərir.
Orta əsrlərdə elə bir müəllif yoxdur
ki, qonaqdan bəhs edərkən ona
süfrə açılmasının vacibliyini qeyd
etməmiş olsun. Məsələn, XII əsrin
görkəmli şairi Əfzələddin Xaqani yazır:
Səhər-səhər süfrə döşə, huri sənə mehman gələ
Və yaxud:
Gəzirəm bir qonaq ki, süfrəsinə
Ola layiq bu can, tapmayıram (11).
XIII əsrə aid müəllifi bəlli olmayan “Dastani-Əhməd Hərami” dastanında isə
belə deyilir:
Bişirdi xoş təamlar həm buyurdu,
Qonaqlıq etdi, acları doyurdu (12).
Şeyx İbrahimin qonaqpərvərliyindən orta əsr müəllifi Şərafəddin Yəzdi də bəhs
edir. “O yerdə Şeyx İbrahim bir münasib ziyafət tərtib verdi. Həmişə və dövlətin
səadətli dövrlərində, ona köməkçi olduğu kimi, hərənin özünə layiq peşkəşlər təqdim
edib yaxşı bir qul olmaq mərasimini yerinə yetirdi”(13). Bu məsələni digər bir orta əsr
müəllifi Xandəmir də qeyd edir. O, Şeyx İbrahimin hədiyyə və sovqatlarla
113
sahibqıranın (Əmir Teymur nəzərdə tutulur – Ş.B.) hüzuruna gəlməsindən bəhs edir
(14). Görkəmli Aəzrbaycan şairi İmaməddin Nəsimi də “əkrim o əz zeyfə”, yəni
“qonağa hörmət et” deyir (15). Başqa bir yerdə isə şair “Xidmətə bel bağladım
mehmanı gözlər gözlərim” dedikdə də qonağa xidmətin əsas və vacib məsələ
olduğunu vurğulayır (16).
Azərbaycanda qonağa həmişə böyük hörmət, diqqət və qayğı
göstərildiyindən, hər bir evdə rahatlıq tapmasına lazımi şərait yaradılmışdır. Hər bir
ailə qonağı böyük hörmətlə qarşılamağı, saxlamağı və yola salmağı özünə borc
bilir,
şərəf sayırdı. Qonaqpərvərlik adəti təkcə tanışlar arasında geniş yayılmış adət olaraq
qalmırdı, o
həmçinin qəriblər, tamamilə
tanış olmayan adamlar və səfərə çıxan
səyyahlar üçün də tətbiq edilirdi (171). Bu
məsələni öz əsərində şərh edən Aleksandr
Düma göstərir ki, Azərbaycan ərazisində
olduqları zaman yerli əhalidən bir dəstə ilə
rastlaşarkən
onlar
tərəfindən
qonaqpərvərlik əlaməti olaraq ona ilk
növbədə duz-çörək təklif edilmişdir.
Vidalaşarkən səmimiyyətlə əllərini sıxıb
ayrıldıqda dəstənin başçısı yenə
qonaqlara duz-çörək təklif etmiş, həmçinin
onların axşam və səhər yeməklərinin
qayğısına qalmışdır[18]. Bu onu göstərir
ki, Azərbaycanda qonaqpərvərlik insanların
daxili tələbatından irəli gəlir. Yəni
qonaq
şəxsən
dəvət
edilib-
edilməməsindən, ev sahibinin onu
tanıyıb-tanımamasından asılı olmayaraq,
hər kəs ölkəsinə gələn ziyarətçiyə öz
qonağı kimi baxmış, onu
səmimiyyətlə qarşılayıb yola salmağı özünə borc bilmişdir.
Xalqımızı fərqləndirən cəhətlərdən biri də məhz budur.
Səfər boyu onları müşayiət edən bələdçi barədə də fikir söyləməyi unutmayan
A.Düma belə yazır: "Dərbənddən bura qədər xidmətimizdə duran, bizi heç bir şeydən
korluq çəkməyə qoymayan azərbaycanlı bələdçimiz yanımızda idi. İnsafla demək
lazımdır ki, o, üzərinə düşən məsuliyyətli işin öhdəsindən layiqincə gəlirdi"[19]
Göründüyü kimi, səfərə gələnlərin ixtiyarına hətta bələdçi belə verilirdi.
Ölkəni tanımadıqlarına, yollara bələd olmadıqlarına görə, təbii ki, səyyahlara
xüsusi diqqət və qayğı əlaməti olaraq yollarını rahat davam etdirə bilmək üçün onlara
bələdçi vacib idi. Bələdçi də bütün yol boyu qonaqları sadəcə olaraq müşayiət etməklə
kifayətlənmir, eyni zamanda onların ərzaq tədarükünün görülməsilə məşğul olur və
digər işlərdə yardımçı olurdu.
114
Kastiliyadan Əmir Teymurun sarayına səfir gəlmiş XV əsr ispan diplomatı
Klavixonun qonaqpərvərlik haqqında məlumatı da diqqəti cəlb edir. O göstərir ki,
burada adət belədir ki, gələn adamlar atdan düşən kimi xalça üstündə oturmalıdır və
dərhal onun hüzuruna hər evdən müxtəlif yeməklər gətirilir. Yeməklər adətən
düyüdən hazırlanırdı. Klavixo göstərir ki, orada səyyahlar və tacirlər qalmaq üçün
xüsusi evlər var və adət belədir ki, hər kim gəlsə, ona hədiyyələr təqdim edilir. Sonra
müəllif bələdçidən də söhbət açaraq qeyd edir ki, belə bələdçilər qonaqları həm də
ərzaqla təmin edirdilər. Klavixo Əmir Teymurun gələn elçiləri xoş sözlərlə, yüksək
səviyyədə qarşılamasından söhbət açaraq göstərir ki, onların şəninə böyük qonaqlıq
verilir və təqdim olunan yeməklər müxtəlif çeşiddə olurdu. O, elçilərin Teymura yun
və ipək parçadan hazırlanmış paltarlar və qılınc bəxş etdiyini göstərir[20].
Azərbaycanda belə bir ənənə hökm sürür ki, yoldan ötən, tamamilə yad bir
adam belə qonaq olduğunu bildirsə, ev sahibi ona canla-başla qulluq göstərməlidir.
Çox vaxt qonağı yalnız ev sahibi deyil, onun qohum-əqrəbası da evinə dəvət etməyi
özünə borc bilir.
Ailə üzvlərinin hamısı qəfil gələ biləcək qonağın qarşılanmasına həmişə hazır
olurdular. Yüksək səviyyəli qonaqların qarşılanması üçün atlı dəstəsi göndərilirdi.
Xüsusi diqqət mərkəzində olan xarici müsafirləri qonaq düşdükləri yerin bütün şan-
şöhrət sahibi olan adamları görməyə gələr və onu təkidlə öz evlərinə dəvət etməyə
çalışardılar. Həyatı təhlükədə olub imdad diləyən qonağın sağlığının keşiyində
durmaq üçün ev yiyəsi gözətçi belə qoyurdu. Qonağı evin bütün sakinləri yola salırdı.
Ev sahibi uğurlanan qonağa bir qədər də qalmasını təklif edirdi. Ev sahibi hörmət
əlaməti olaraq nəzərləri ilə yola düşən qonağı gözdən itincəyədək müşayiət edirdi.
Azərbaycan ailələrində evə gələn qonaq üçün ya ayrıca bir tikili, ya da evin bir
otağı hazır saxlanılırdı. Gələn qonağın atı vardısa, ilk növbədə onun atının cilovu
tutulur və atı lazımi yerə bağlayırdılar. Hətta atın dincəlməsi üçün lazımi tədarük
görülürdü. Ümumiyyətlə, qonağı çoxlu sualla yormaq, gəlişinin məqsədini soruşmaq
və nə zaman gedəcəyi ilə maraqlanmaq ev sahibi üçün ədəbdən kənar sayılırdı.
Qonaqlar yemək-içməklə, otaqla və yataqla təmin olunurdular. Onlar üçün ayrılmış
qonaq otağı ev sahibi tərəfindən daha gözəl, yaraşıqlı və səliqəli bəzədilir. Yalnız öz
şəxsiyyəti barədə məlumat verdikdən və gəlişinin məramını bəyan etdikdən sonra
ailənin bütün üzvləri ona lazım olan şeylərin əldə edilməsi işində yardımçı olub, öz
kömək əllərini uzadırlar.
Aydındır ki, qonaqların rahatlığının təmin olunması, hər şeyin nizama
salınması, yemək tədarükünün görülməsi, səliqə-sahman yaradılması bir adamın
öhdəsinə düşmürdü. Evin nizama salınmasında, qonaqların qəbul edilməsində ailə
üzvlərinin hərəsinin özünəməxsus vəzifəsi vardı.
Hələ qədim zamanlardan evə gələn qonaq süfrənin yuxarı başında
əyləşdirilirdi. Onun yanında isə evin böyüyü, ehtiram sahibi ağsaqqallar və hörmətli
şəxslər oturardılar. Söhbəti yalnız böyüklər apara bilərdilər. Qonaqlıq zamanı məclis
başında çox danışmaq düzgün sayılmırdı, belə ki, məclisdə hər kəs öz yerini bilməli
115
idi. Ev sahibi qonaqlıq süfrəsindəki yeməklərin də müxtəlif çeşidli olmasına çalışırdı.
Qonağın şərəfinə düzəldilən məclis süfrəsinin bəzədilməsinə xüsusi diqqət verilirdi.
Gələn qonaq üçün açılan süfrə daha ləziz, bol yemək növləri ilə bəzədilir və adi
günlərdə olduğundan fərqlənirdi. Süfrəyə içkilərdən şərbət və ayran qoyulur, bəzi
hallarda şərab da verilirdi. Qonaqlıq süfrəsində yeməklərdən əsasən düyü və ət
xörəkləri üstünlük təşkil edirdi. Xörəklərlə bərabər süfrəyə müxtəlif göyərti də
gətirilirdi. Şirniyyat süfrəsinə isə ayrı-ayrı milli şirniyyat növləri, mürəbbələr və s. ilə
yanaşı, meyvələr də düzülürdü.
Tarixi qaynaqlardan məlum olur ki, 1637-ci il avqustun 16-da Qolşteyn
elçilərinə Şah Səfi sarayında verilən rəsmi ziyafətdən sonra süfrə xeyir-duası
verilmişdir:
"Süfrə haqqına
Şahın dövlətinə
Qazilər qüvvətinə
Allah deyəlim"[21].
XVI-XVII əsrlər Səfəvi tarixçisi Mirzəbəy ibn Həsən əl-Hüseyni Günabadi
farsca yazdığı "Rövzət əs-Səfəviyyə" ("Səfəvilər bağı") əsərində Səfəvilər dövründən
bəhs edərkən bir sıra ziyafət məclislərindən söz açmağı da unutmamış, "ziyafət
mərasimi və peşkəş ədabını və böyüklərin görüş şəraitini yerinə yetirdikdən sonra,
onun hökuməti müxtəsərlə qərarlaşıb yerləşdi"[22]. Müəllif daha sonra qonaqlıq
mərasiminə necə həyəcan və ciddiyyətlə yanaşıldığını vurğulamışdır. Başqa müəlliflər
kimi, Günabadi də burada qonaqlara hədiyyə təqdim olunmasına işarə etmişdir.
Müəllif bununla yanaşı, orta əsrlərdə ziyafət məclislərində nəğmə oxunmasına da
toxunaraq yazır: "Nəğmə oxuyan çalğıçılar hər bir zamanda bir çığırtı və bağırtı
qoparıb qoca-cavan məclisində ən yüksək dərəcədə olanların qulaqlarına çatdırırdılar".
"Beləliklə, şərab qədəhlərini başına çəkməkdə və kəman (kamança - Ş.B.) tellərini
dinləməkdə vaxtlarını xoş keçirirdi" - deyən Günabadi həm şərabdan istifadə
edildiyini, həm də qonaqlıqda kamança çalındığını qeyd edir. Onun məlumatları
bununla bitmir. O, Səfəvilərin qonaqlıq ziyafətini "cənnət nişanəsi" kimi dəyərləndirir,
qonağın məclisin yuxarı başında oturduğunu göstərir. Digər qonaqların da yer aldığı
məclisdə çalğıçılar və xanəndələrin hər birinin münasib yerdə əyləşdiyini qeyd
etməklə bərabər, müəllif həmçinin onların gözəl səs və avaza malik məşhur
xanəndələr olduqlarını da söyləyir.
Günabadi şahidi olduğu qonaqpərvərliyə xas olan xüsusiyyətləri yığcam
şəkildə təsvir etməklə yanaşı, qonaqlıq məclisinin sonunda "bir çox məbləğ qırmızı -
qızıldan və ağ gümüşdən və qiymətli cinslərdən, yəni ipək və zərbaflardan peşkəş yolu
ilə və hədiyyə tərzilə o həzrətin mülazimlərinə verdilər", - deməklə, hədiyyələr
paylanmasına toxunmuş və o şəxsin də öz növbəsində xələtlər və az tapılan libaslar
təqdim etdiyini vurğulamışdır[23]. Maraqlı cəhət budur ki, müəllif hədiyyələrin nədən
ibarət olduğunu da göstərmişdir. Bu cür məlumata məşhur tarixçi alim Fəzlullah
Rəşidəddinin (1247-1318) əsərində də rast gəlmək mümkündür. O da Qazan xanın
116
qəbuluna gəlib ona xidmət edəcəklərini bildirən adamlara xanın verdiyi bəxşişlərdən
söhbət edərkən hədiyyələr sırasında kaftan, papaq, kəmər və digər qiymətli əşyaların
adlarını çəkmişdir[24]. Qazan xan dövrünün tarixini müfəssəl şərh etməyə çalışan
müəllif, eyni zamanda xanın Marağadakı rəsədxananı görməyə getdiyi zaman yerli
hakimlər tərəfindən təşkil olunmuş ziyafətdən də bəhs etmişdir[25].
Beləliklə aydın olur ki, istər keçmişdə, istərsə də müasir dövrümüzdə qonaqlar,
bir qayda olaraq müxtəlif hədiyyələrlə yola salınmışlar. XVII əsr məşhur türk səyyahı
və coğrafiyaçısı Evliya Çələbi Azərbaycanda olmuş və burada Qərşi qalasının ağası
tərəfindən necə qarşılandıqlarını belə təsvir etmişdir: "Şahın dizçökən ağası başındakı
tacı müxtəlif quş lələyi ilə bəzəyib və nəyi var idisə, hamısını başına tac bağlayıb
yanımıza gəldi. Xahiş edib dedi: "Hey qurban sənə. Qədəmin xeyirli olsun. Üz basa-
basa, göz basa-basa səfa gəldiniz", - deyib bizi cahannüma evinə dəvət edib, yaxşı bir
qonaqlıq verdi. Qonaqlıqda adi süfrə yerinə qələmkarı çitdən hazırlanmış süfrə sərildi.
On bir növ plov qoyuldu: avüşlə plov, kükü plov, zəfəran plov, ud plov, şilən plov,
xuruş plov, çilov plov, ənbər plov, sarımsaq plov, kösə plov, düzən plov, qızardılmış
kişmiş ilə plov, müstəbə şorbası, tamlı xörəklər yeyib xoş söhbətlər etdik. Ziyafətdən
sonra elçiyə və mənə, kiçik Həsənağaya zərif vaşaq dəriləri hədiyyə verdi. Oradan
aşağıda yerləşən alaçığımıza gəldik. Bizim arxamızca təqribən əlli qoyun, minə qədər
ağ çörək, 7-8 qatır yükü meyvə və şərbətlər göndərdi. O gecə biz böyük bayram edib
iki gün daha burada qalıb, Qərşi çayı kənarındakı gözəl saraylara tamaşa etdik".
Müəllif Naxçıvanda olarkən mehmandarın onlara çox hörmət etdiyini söyləyir[26].
Aşıq şerinin qüdrətli ustadlarından biri olan Xəstə Qasım yazır:
İskəndər atlandı çıxdı zülmatdan,
Qasım, Xızr içdi abı-həyatdan.
Bəhs düşsə igiddən, qılıncdan, atdan,
Süfrəni hamsınnan kübar deyərlər[27]
Müəllif burada çox maraqlı bir fikir irəli sürmüşdür. Ənənəyə görə, kişiyə
xas
olan ən yaxşı keyfiyyət onun səxavəti və evinə gələnə yaxşı süfrə açıb qonaqlıq verə
bilməsidir. Nahaq yerə deməyiblər ki, səxavətli insanın ruzi-bərəkəti Allahdan olar.
Azərbaycan ərazisinə bu və ya digər məqsədlərlə gələn müxtəlif ölkə
nümayəndələri öz məlumatlarında, yerli əhali tərəfindən necə qarşılandıqları barədə
bəhs etmişlər. 1473-1477-ci illərdə Ağqoyunlu hökmdarı Uzun Həsənin sarayında
səfir olmuş venesiyalı Ambrozio Kontarini "Səyahət" əsərində Azərbaycan ərazisində
olarkən yerli əhali arasında müşahidə etdiyi adət və ənənələr barədə söhbət açmış və
demişdir ki, burada əhali mülayim və xoşsifətdir. Müəllif həmçinin bütün yolboyu
orada heç bir kəs tərəfindən cüzi narahatçılığa və təhqirə məruz qalmadıqlarını xüsusi
qeyd etmişdir.
İsfahanda olarkən Ambrozio Kontarininin gəldiyini bilən kimi Uzun Həsən
dərhal ona müxtəlif tələbat malları göndərir. 1474-cü ilin noyabr ayında Q.İosafat
Barbaro ilə Ambrozio Kontarinini sarayına dəvət edən Uzun Həsənin onları necə
qonaqpərvərliklə qarşıladığını həvəslə şərh edən səfir göstərir ki, "biz otağa daxil
117
olarkən şahı öz əyanlarının əhatəsində gördük. Mən oranın adətincə baş əydim və o
mənə xalçanın üzərində oturmağı təklif etdi. Sonra bizə oranın adətincə bişirilmiş
dadlı yeməklər təqdim edildi. Görüşüb ayrıldıq. O bizi yenə dəvət etdi. Lütfkarlıqla
bizə çay kənarında tikilmiş sarayını göstərdi. Burada da o bizi müxtəlif şirniyyat
şeylərinə qonaq etdi. Ümumiyyətlə, Uzun Həsən tərəfindən tez-tez dəvət olunurduq.
Bəzən biz onun çadırında yemək yeməli olurduq. Uzun Həsənin yanında olmadıqda
isə o bizə çox vaxt müxtəlif tələbat mallarını özü göndərirdi. Təcili olaraq məni evlə
də təmin etdilər"[28]. Xatirələrində Uzun Həsənin qonaqlara göstərdiyi iltifat
haqqında bəhs edən müəllif fikrinə davam edərək yazır ki, Uzun Həsənin yanına dəvət
olunanda onun tərəfindən bizə bəxş edilmiş kaftan təqdim olundu. Sonra isə o bizə
pul, müxtəlif əşyalar və at göndərdi. Nəhayət, Şamaxıdan Dərbəndə yola düşərkən
zaman-zaman türk kəndlərində qalırdıq, orada bizi çox yaxşı qarşılayırdılar[29]. Belə
xatirələr Antoni Cenkinson tərəfindən də qələmə alınmışdır. İngilis taciri və dənizçisi
Antoni Cenkinson XVI əsrdə böyük dəniz səyahətinə çıxmış və Azərbaycan
ərazisində də olmuşdur. Xatirələrində müəllif xalqımızın qonaqpərvərlik adətinə dair
məlumat da vermişdir. O, Şamaxıda Abdulla xanın yanında qonaq olarkən
səmimiyyətlə və çox yaxşı qarşılandığını qeyd edir. Nahar yeməyinə dəvət
olunduğundan söhbət açan qonaq hörmət əlaməti olaraq ona ev yiyəsinin yanında yer
göstərildiyini söyləyir. Yerə qiymətli xalı döşəndiyini və burada dəvət olunanların
yerdə ayağı qatlanmış vəziyyətdə oturduqlarını (bardaş qurub oturmaq nəzərdə tutulur
- B.Ş.) qeyd edir. "Onlar
görəndə ki, mən bu cür oturmağa adət etməmişəm, məxsusi
mənim üçün masa gətirilməsi rica olundu. Beləliklə, süfrə salındı və onun üzərinə
müxtəlif yeməklər düzüldü. Sayı 140 olardı. Bunu yığışdırıb yerinə meyvələrlə dolu
və digər yeməklərlə bəzədilmiş (sayı 150 olardı) süfrə açdılar. Mənə burada "xoş
gəldin" deyildi. Ertəsi gün isə məni ova dəvət etdilər. Ov əyləncəli keçdi. Dönəndə
oranın adətilə tikilmiş uzun paltar təqdim etdilər və məni geyindirib xanın yanına
apardılar. Əlini öpdüm. Sonra o məni yanında oturtdu və naharı birlikdə etdik. Söhbət
əsnasında ovun necə keçdiyi barədə xəbər aldı. Qayıdarkən mənə əla at bağışladı.
Yolu davam etmək üçün hətta bələdçi və nəzarətçi də verdi. Nəhayət, Ərdəbilə
çatarkən xaricilər və müxtəlif səyahətçilər üçün nəzərdə tutulmuş ağ daşdan tikilmiş
karvansarada yerləşdirildik. Burada hamı ərzaq və at üçün yemlə təmin olunur"[30].
Hər hansı bir səyyahın və ya tacirin müəyyən bir evə qonaq sifəti ilə müraciət etməsi
və yüksək səviyyədə qəbul olunması qonaqpərvərlik adətinin Azərbaycanda mühüm
əhəmiyyət kəsb etdiyinə dəlalət edir. Şah İsmayıl Xətayi yazır:
Yenə mehman gördüm, könlüm şad oldu,
Mehmanlar, siz bizə səfa gəldiniz!
Qar-qış yağar ikən, bahar-yaz oldu,
Mehmanlar, siz bizə səfa gəldiniz![31]
Varlı adamların, dövlətlilərin həyətlərində qonaqlar üçün ayrıca tikili mövcud
olurdu. Belə tikililər, adətən, ümumi həyətin münasib yerində inşa edilirdi.
Karvansaraların olmadığı yerlərdə (əsasən dağlıq bölgələrdə və kəndlərdə) buna daha
118
çox ehtiyac duyulurdu.
Qonaq evi görkəmi, yaraşığı və sahmanı ilə diqqəti cəlb etməlidir. Onun
bəzədilməsi də mühüm şərtlərdən hesab olunur. Bu həm ev sahibinin zövqünü, həm də
qonağa hörməti əks etdirən əlamətdir. Evin və ya qonaq üçün ayrılmış otağın
bəzədilməsi onun rahatlığını və tam sərbəstliyini təmin etmək məqsədi daşıyır. Hər
bir ailə belə evlərin və ya otaqların əsasən xalçalarla bəzədilməsinə üstünlük verir.
Özü də qonaq otaqlarını bəzəmək üçün bir neçə xalçadan ibarət dəst xalçalar
ölçüsünə, formasına və kompozisiyasına görə müxtəlif olur: otağın orta hissəsinə
sərilmiş iri xalça (xalı), yuxarı tərəfdə yerə salınan "baş" xalça və ortadakı iri xalçanın
yanlarında salınan "kənarə xalça"[32].
Bundan əlavə, qonaq otaqları yataq
ləvazimatı ilə təchiz olunur və müxtəlif
əşyalarla, hətta musiqi aləti ilə
tamamlanırdı. Ev sahibinin qonaq
qarşısında böyük məsuliyyət daşıması
ilə bərabər, qonağın da özünü necə
təqdim etməsi, ədəb-ərkanı da vacib
sayılır. Qarşılıqlı anlaşma və səmimi
münasibət öz növbəsində qonağın
davranış tərzində təzahür edirdi. Ədəb
qaydalarına uyğun hərəkət etmək,
təmkinini pozmamaq, düşdüyü yad mühitdə, oranın adətinə müvafiq davranmaq kimi
xüsusiyyətlər qonağın üzərinə düşən məsuliyyətdir. Qonaq qətiyyən ailənin daxili
işlərinə qarışmamalı və yersiz müdaxilə etməməli idi. Beləliklə, ev sahibi və qonağın
qonaqpərvərlikdə mövcud davranış qaydalarına riayət edərkən hərəkətləri ölçülü
olmalı, bir-birini tamamlamalı, xalqın adətlərinə uyğun şəkildə icra olunmalı,
qarşılıqlı səmimiyyətlə müşayiət edilməli idi.
119
Azərbaycanda olarkən lütfkar və nəzakətli tacirlər tərəfindən dəfələrlə qonaq
edilən, mehribanlıq, gülər üz görən XVII əsr alman alimi Adam Oleari öz
məlumatlarında qeyd edir ki, azərbaycanlılar bizim üçün yeni, çoxdan arzu etdiyimiz
bir xalq idi ki, biz onlarla daha yaxından tanış olmağa can atırdıq. Müəllif qonaqlıq
mərasimində musiqinin müşayiətindən və musiqi alətlərindən də söhbət açır[33].
Adətə görə, çalğı olan məclisdə ona qulaq asmamaq, başqa bir işlə məşğul
olmaq, çox danışmaq ədəb qaydalarından kənar sayılırdı.
Şamaxıda varlı bir adamın evində qonaq qalan Aleksandr Düma xatırlayır ki,
ev yiyəsi onun şərəfinə yaxşı süfrə açmış, şam və çıraq yandırılmış, xalça ilə
bəzədilmiş xüsusi bir otaqda hər cür rahatlığının təmin olunmasına imkan yaratmışdı.
Hətta A.Düma özünün qaldığı otaqda masa üzərində kağız və qələm belə qoyulduğunu
qeyd edir[34].Qonaq evinin və ya otağının bəzədilməsi heç də formal xarakter
daşımırdı. Evin içi və ya qonaq otağı yüksək zövqlə bəzədilirdi. Qonaq burada qaldığı
müddətdə otaqda olan hər bir əşya qonağın istifadəsinə və ixtiyarına verilirdi, lazım
gəlsə, hətta ona bağışlana da bilərdi. Əlbəttə, ev sahibləri qonaq evlərinin daxili
görkəmi ilə yanaşı, xarici görkəminin də yaraşıqlı olması üçün əllərindən gələni
əsirgəmirdilər.Azərbaycan ərazisinə müxtəlif məqsədlərlə təşrif buyurmuş qonaqları
müvəqqəti sığınacaq yerləri olan ev tipli karvansaralarda yerləşdirirdilər. Azərbaycana
müxtəlif zamanlarda gəlmiş səyahətçilər və tacirlərin demək olar ki, əksəriyyəti belə
karvansaraların mövcudluğundan bəhs etmiş, hətta onların daxili və xarici görünüşü
barədə söz açmağı belə unutmamışlar.1561-1563-cü illər ərzində Səfəvilər dövründə
Azərbaycana gəlmiş ingilis səyyahı, tacir Antoni Cenkinson Ərdəbil şəhərində yalnız
hörmət məqsədilə əcnəbiləri və səyyahları yerləşdirmək üçün ağ daşdan tikilmiş
yaraşıqlı karvansarada qaldığını qeyd edərkən göstərir ki, burada hamıya yemək
verilməklə yanaşı, hətta atlar belə yemlə təmin olunurdu.
121
1623-cü ildən səyahətə çıxan Moskva taciri Fyodor Afanasyeviç Kotov
Azərbaycanda çoxlu karvansaranın olduğu barədə məlumat verir. XVII əsr rus
zadəganı, dini-siyasi xadim Artemi Suxanov Gəncədə nahar edib karvansarada
qaldığını qeyd
edir. XVIII əsr rus dövlət xadimi Artemi Petroviç Volınski də həmçinin
karvansaralar haqqında məlumat vermişdir[35].
1684-cü ildə Azərbaycanda olmuş alman alimi Kempferin Binə kəndinin
camaatı tərəfindən necə qarşılandığı barədə verdiyi məlumat maraq doğurur: "Axşam
düşəndə biz Binə camaatının qonaqpərvərliyinin şahidi olduq. Onlar bizi karvansarada
gecələməyə qoymadılar. Kənddə əhali bizi çox mehribanlıqla qarşılayıb xalçalarla
bəzədilmiş mənzilə apardılar. Biz içəri girən kimi kənd əhalisi salamlaşmaq üçün
axışıb gəldi. Gələnlər özləri ilə üzüm, alma, nar və başqa yeməli şeylər gətirirdilər.
Gecədən xeyli keçənə qədər əhali bizimlə söhbət etdi, musiqi çaldılar, xorla mahnılar
oxudular, kollektiv rəqs etdilər və s."[36].
Kənd mühitində qonaqpərvərliyin icrası haqqında Abdulla Şaiq "Köç"
hekayəsində məlumat verir. O, yaylağa köç edən bir ailədən söhbət açır. Bu ailə hələ
öz alaçığını qurmadığından ondan əvvəl köç edənlərdən birinin alaçığına qonaq
düşməli olur. Hekayədə ailənin necə mehribanlıqla qarşılanmasından, dərhal bütün
qadınlar və uşaqların yığışmasından, gülərüz və mehriban münasibətlərindən bəhs
edilir. Kərim babanın dili ilə "Qonaqları incitməyin, yoldan gəliblər, qoyun bir az
rahat olsunlar", deməsi qonağa münasibətin təzahürüdür[37]. El qaydasına görə,
qonağı qəbul etdikdən sonra onu müəyyən müddət tək buraxmaq məsləhətdir ki, bir
qədər dincini alsın, rahatlansın və yorğunluğu çıxsın. Bu vaxt qonaq təkbaşına qalıb
sərbəstləşir, düşdüyü yeni mühitə uyğunlaşmağa başlayır. Lakin bu müddət də çox
uzun olmamalıdır. Çünki qonağa qarşı laqeyd qalmaq olmaz.
Xalqımıza xas olan qonaqpərvərlik kirvələr arasında da mövcud idi. Hətta
kirvələr yaxın qohumdan belə irəli, qardaşdan da yaxın adam və əziz sayılırdılar. Bu
münasibətlər çox vaxt nəslən davam etdirilirdi. Kirvələr bəzi hallarda başqa xalqların
nümayəndələrindən olurdu. Kirvə tutulan adam evin ən əziz və hörmətli qonağı
sayılırdı. Kirvə ailə üzvlərinin razılığı ilə sayılıb-seçilən ailə başçılarından biri olurdu.
Kirvəliyi qəbul edənlə onu seçən ailə arasında xüsusi hörmət əlaməti olaraq qonaqlıq
mərasimi keçirilir və hədiyyə təqdim edilirdi.
XVII əsrin türk səyyahı Evliya Çələbinin məlumatına görə, Bakıda qonaqları
qarşılamaq üçün xüsusi mehmandar vəzifəsi olmuşdur.
Azərbaycanda qonağa çox böyük hörmət bəslənilir. Qonağın yüksək təsir
gücünə malik olması bu və ya digər məsələyə münasibətdə mühüm əhəmiyyət kəsb
edir. Bəzi hallarda qonaq müşahidə etdiyi müəyyən hadisənin təsiri altında məsələyə
müdaxiləni və öz nüfuzundan istifadə etməyi zəruri sayır. Bu məsələ "Səyahətnamə"
əsərində öz əksini tapıb. Evliya Çələbi Təbriz xanının yanında olarkən necə
qarşılandıqlarını təsvir etmişdir. O yazır ki, "...xan yerindən qalxıb "Səlamü əleyküm",
- dedi. Çünki əski Əcəm adəti belədir ki, otağında oturan ev sahibi içəri girən müsafirə
salam verir. Daha əvvəldən qanunları bildiyimə görə, "Vəəleykum səlam, şanı böyük
122
xanım", - dedim. Ardınca sıra Mustafa paşa ağasına gəlincə, ona da salam verildi. O
da salamı aldı. Və hər birimiz Təbriz divanxanasında yerimizi tutduq... Xana
həddindən çox lütfkarlıq, itaətkarlıq göstərib xoş rəftarla yarınmağa çalışdım"[38].
Sözlərinə davam edərək müəllif qeyd edir ki, xana salamlar və cəvahirli xəncərlə
yanaşı, iki cins at göndərildiyini bildirdikdə, Təbriz xanı qiymətli daşlarla bəzədilmiş
xəncəri divan əhlinə göstərib kəmərinə taxdı və bər-bəzəkli yüyən və gəmli, yəhərli,
qayışlı köhlən atları görüb sevindi və dedi ki, haqq bərəkət versin... və nəhayət, atları
minib bir neçə dəfə dolaşdı. Bu görüşdə Evliya Çələbigilə ziyafət hazırlanır. Ziyafətdə
Evliya Çələbi xandan xahiş edir ki, "bu bədbəxt xanı da, zəncirli olsa da, yeməyə
çağırın". Evliya Çələbinin xahiş etdiyi adam Urmiya xanı idi ki, o, Təbriz xanının
dediklərini yerinə yetirə bilmədiyinə görə qandallanıbmış. Evliyagil bu mənzərəni
görüb çox məyus olurlar. Şah qonağının sözünü yerə salmır və "İran torpağı
qanununda bu, mümkün deyildir"[39] - desə də, istər-istəməz qonağın xahişini qəbul
edir. Bu fakt onu göstərir ki, qonağın qəlbini qırmaq olmaz, onun ricası nə qədər
qəbuledilməz və ümumi qanuna zidd olsa belə, onu nəzərə almamaq və qulaqardına
vurmaq özü də bir o qədər qonaqpərvərlik adətinin qaydalarına ziddir. Deməli,
qonağın xahişi hər şeydən üstündür.
Qonaqpərvərlik zamanı özünü göstərən müəyyən qaydalar hökm sürmüşdür.
Məsələn, yeməkdən qabaq və yeməkdən sonra əllər yuyulmalı və dəsmalla
silinməlidir. Həm də Qərbdən fərqli olaraq, müsəlman Şərqində qonaqlar əl yumaq
üçün xüsusi otağa və ya guşəyə çəkilmirlər, məhz süfrə başında əyləşən qonaqlara
zərif qabda su və ləyən gətirirlər. Süfrə başında oturmazdan əvvəl əl və üz
yuyulmalıdır. Qonaqlar yerlərindən qalxmadan əllərini yuyurlar. Yeməkdən sonra da
aftafa-ləyən gətirilir. Yeməkdən əvvəl əlini axırıncı yumuş qonaq yeməkdən sonra
əlini birinci yuyur. Bir qayda olaraq, qonaqların əlinə suyu xidmətçi, yaxud ev
sahibinin yetkinlik yaşına çatmayan qızları və ya oğulları tökürlər. Xüsusi hörmət
əlaməti olaraq fəxri qonaqlara suyu ev sahibinin özü gətirir. Burada sinfi etika öz
ifadəsini tapır. Yüksək vəzifəli kübar özündən aşağı zümrəyə mənsub adamın evinə
qonaq gəlmişdirsə, onun əllərini yuması üçün suyu ev sahibinin özü gətirir.
Ev sahibi hamıdan əvvəl yeməyə başlamalı və hamıdan sonra yeməkdən əl
çəkməlidir. Yeməyə başlamazdan əvvəl Allahın adını çəkib "bismillah" deyirlər. Əgər
süfrəyə müxtəlif xörəklər gətirilirsə, hər dəfə Allahın adı ayrıca çəkilir. Qaydadır ki,
başqalarına nisbətən süfrədən çox tez əl çəkmək olmaz, digər qonaqlar da yeyib
qurtarana qədər səbir edib gözləmək lazımdır. Əgər başqaları əlini çəkibsə, mütləq
digərləri də ac olsalar belə, əllərini süfrədən çəkməlidirlər. Qonaq yanında yaxşı
davranış, mövcud şəraiti düzgün qiymətləndirmək, mehmana layiq olduğu səviyyədə
qulluq göstərmək, vəziyyətin incəliklərini duymaq ev sahibinin üzərinə düşən
məsuliyyətdir.
Müxtəlif mərasim və bayram şənliklərində təzahür edən qonaqpərvərlik adəti
xalqımızın xarakterini, onun mənəvi zənginliyini aydınlaşdırmağa imkan yaradır.
Uzun sürən tarixi dövrlər ərzində qonaqpərvərlik mövcud olmuş, əsrlər boyu
123
məişətimizdə kök çalmış, insanların demək olar ki, gündəlik həyat tərzinə sirayət
etmişdir. Bu isə insanların daxili aləminin saflığından və mənəvi dünyasının
zənginliyindən xəbər verir. Təsadüfi deyildir ki, insanların ən şərəflisi əliaçıq və
səxavətli adamlar sayılır. İmkan daxilində qonağın tələblərini yerinə yetirən, bacardığı
qədər xeyirxahlıq edənlər ən hörmətli insanlar hesab olunurlar[40].
Şamaxıda Mahmud bəy adlı varlı bir adamın evinə qonaq dəvət olunan və
Azərbaycan
ərazisində
göstərilən
qonaqpərvərliyi gözlədiyindən daha da
üstün sayan Aleksandr Düma göstərir ki,
buradakı qonaqlıq məclisində musiqiçilər
və rəqqasələr də var idi. Belə məclislərə
hətta Qafqazda məşhurlaşmış Şamaxı
rəqqasələri dəvət olunurdular[41]. Düma
bu qonaqlıq məclislərinin musiqinin
müşayiəti
ilə
keçdiyini
göstərir.
Göründüyü kimi, evə gələn qonağı ev
sahibi təkcə yemək və yataqla təmin
etməklə kifayətlənmir. Qonağın tam
sərbəstliyini təmin etmək və onu
əyləndirmək
məqsədilə
məclisə
müğənnilər və rəqqasələr də dəvət edirdi.
Ecazkar
təsir
gücünə
malik
musiqimiz və gözəlliyi, təravəti ilə ürəkləri
riqqətə gətirən rəqslərimiz qonaqlıq
məclislərinin yaraşığı olmuş, insanlara
yüksək sevinc hissi bəxş etmişdir. Dahi
bəstəkar Üzeyir Hacıbəyov "Azərbaycan musiqi həyatına bir nəzər" məqaləsində
yazır: "Azərbaycanın bir çox mahallarında toy və düyün zamanı, yaxud bayram və
başqa bir şadlıq günlərində camaat hamısı bir yerə yığılıb ikitərəfli olaraq" çalıb-
çağırarlar. Xanəndə və sazəndə dəstəsi əksər ovqat üç nəfərdən ibarət olar ki,
onlardan biri oxuyar, təğənni edər, digəri "tar" və üçüncü isə "kamança" çalar; bu
dəstənin əhli bütün muğam və dəstgahları lazımınca bilməlidirlər"[42]. Müəllif fikrinə
belə davam edir: "Aşıq dəstəsi dəxi əksərən üç nəfərdən olub, bunlardan biri həm
oxuyar, həm də "saz" çalar, iki yerdə qalanı isə alət nəğmədən olan "balaban" çalar;
balabançının ikincisinə "züy tutan" və yaxud "dəmkeş" deyirlər ki, bunun vəzifəsi
hava çalmaq olmayıb, yalnız bir sədanı uzatmaqdan ibarətdir; balaban çalanlar "tütək"
və "zurna" dəxi çalarlar; bu halda bunların xanəndəsi dəf (təbil) çalmalıdır: aşıq
dəstəsi çox vaxt muğamat və dəstgahlardan bixəbər olub, "repertuar"ları xalq
mahnılarından və nağıllarından əmələ gəlir; nağıl vaxtı aşıqlar otaq içində gəzişə-
gəzişə icrayi-hünər edib yeri gələndə söz ilə və yeri gələndə hava ilə şirin-şirin
nağıllar söyləyib oxuyarlar. Böyük toylara həm xanəndə və həm də aşıq dəstəsi
124
çağırarlar və növbəylə oxudarlar"[43].
Qonaqpərvərlik adətində qəbul olunmuş əsas şərtlərdən biri də qonağa
hədiyyələr bəxş edilməsi idi. Bu, qonaqpərvərlikdə qəbul edilmiş adi bir hal idi.
Qonaq ev sahibinə müəyyən bir şey bağışlamağa, ev sahibi isə öz növbəsində
qonağını müxtəlif hədiyyələrlə yola salmağa çalışırdı. Bu adət günümüzə qədər gəlib
çatmış və indi də yaşamaqdadır.
"El-oba çörəyi ilə tanınar" - deyib ulularımız. Yəni el-oba həmişə çörəkverən
səxavətli insanları ilə fəxr etmişdir. Səxavətli, qonaqpərvər, əltutan kişilər haqda
"çörək verən adamdır" - deyə şəxsiyyətinə alqışlar söyləmişlər.
Qonaq evə gələndə necə alqışla qarşılanırsa, elə də həmin evi alqışla tərk edir.
Ev sahibinin qayğısı müqabilində qonaqlar onu aşağıdakı kimi alqışlayırlar:
Allah evini şen eləsin!
Allah çörəyini bol eləsin!
Süfrən açıq olsun!
Ruzi, bərəkətin bol olsun!
Evindən qonaq-qaran əskik olmasın!
Ucaların ucası olasan!
Ocağınız nurlu, bərəkətli olsun!
Qonaqpərvərliyin bütün tələbləri gündəlik həyat normalarına və qaydalarına
uyğun gəlirdi.
Bu adət, əvvəllər olduğu kimi, xanlıqlar dövründə də öz mövcudluğunu
qoruyub saxlamışdı. Bəzən ictimai-siyasi baxışları üst-üstə düşməsə belə, xanlar
arasındakı görüşlər yüksək qonaqpərvərlik şəraitində keçirilmişdir. Hətta "Xan divan
yığıncağında olan üzvlərinə qonaqlıq düzəldirdi"[44]. Bayramlarda, təntənəli
günlərdə və ya başqa xanlıqlardan nümayəndələr qonaq gəldikdə onların qarşısına
əsnaflar öz bayraqları ilə çıxmalı idilər[45].
Fətəli xanın Nuxa şəhərində bir neçə gün qonaqlıq və şadlıqlar keçirib Gəncəyə
yola düşdüyü də məlumdur[46]. Mirzə Adıgözəl bəy Naxçıvan hakimi Heydərqulu
xanın Pənah xana qonaq gəldiyini təsdiqləyir[47].
XIX əsr salnaməçisi Mirzə Yusif Qarabaği "Tarixi-Səfi" əsərində belə yazır:
"Qarabağ xanı İbrahimxəlil Avar və Dağıstan hakimi Ümmə xanın bacısı Bikə ağaya
evlənərək onunla qohum oldu. Dağıstan ölkəsindən ona kömək gəlirdi və çox vaxt
ləzgilərin qoşunlarını yanında qonaq sifətilə Qarabağ kəndlilərinin hesabına
saxlayırdı"[48]. Göründüyü kimi, nəinki ayrı-ayrı insanlar, hətta yeri gəldikdə qoşun
belə lazımınca qonaq saxlanılır və ehtiram görürdü.
Xanlıqlar dövründə qonaqlıq məclisinin təsviri yazıçı Yusif Vəzir
Çəmənzəminlinin "Qan içində" əsərində də öz əksini tapmışdır. Burada xanların
qonaqlıq süfrəsi təsvir edilir. Qiymətli xalı döşənmiş taxtın üstündə Qarabağ hökmdarı
İbrahimxəlil xanın, ətrafında ağaların, bəylərin əyləşdiyi göstərilir. Tacir və əsnaflar
da məclisə yığışmışdılar, "onlar divar boyu döşənmiş ipək döşəklərin üzərində dizi
üstə ədəblə oturmuşdular və bir kəlmə belə kəsmirdilər. Məclisə Vaqiflə Mirzə
125
Əliməmməd ağanın gəldiyini görcək bütün məclisdəkilər ayağa qalxır (xan və
oğlundan başqa), onlara yuxarı başda yer göstərilir. Gələnlər oturanlara təzim edərək
yuxarı başa keçib göstərilən yerdə əyləşirlər. Yeni gələnlər oturan kimi təkrar xana və
ətrafdakılara təzim edirlər, cavabında da yerdə oturanlar nizam ilə əyilib-qalxırlar".
Y.V.Çəmənzəminli bu qonaqlıq süfrəsini belə təsvir edir: "Otağı başdan-başa tutmuş,
yeri sumağı rəngdə olan incə haşiyəli xalının ortasına ətrafı zəncirli tirmə süfrə
salınmış, üstünə qızıl, gümüş qablarda şirni, çərəz və şərbətlər düzülmüşdü"[49].
Azərbaycana gələn dövlət xadimlərinə, hərbçilərə, yazıçı və alimlərə göstərilən
qonaqpərvərliyə dair çoxlu tarixi fakt qeydə alınmışdır. Bu barədə H.Quliyev yazır: "I
Pyotrun Dərbənddə yaşayan azərbaycanlılar, knyaz Dolqorukinin Bakı və Salyan
əhalisi, Şamaxı hərbi qubernatorunun Şuşa əhli tərəfindən, A.Bestujev-Marlinskinin
Quba, M.Y.Lermontovun Qusar camaatı, Qazan Universitetinin professoru
İ.Beryozinin A.Bakıxanov tərəfindən mehribancasına qarşılanması və onlara
göstərilən qonaqpərvərlik buna misal ola bilər"[50].
Uzun əsrlər keçib, Azərbaycanda tarix boyu müxtəlif mənşəli gəlmə tayfalar
yerli əhali ilə qaynayıb-qarışıb və milli zəmində heç bir fərq hiss etməyiblər.
V.L.Veliçko bu barədə haqlı olaraq yazır: "Heç şübhəsiz ki, azərbaycanlıların qanı
alicənab qandır; onlar təbiətən xeyirxah, ürəyigeniş, cəsarətlidirlər, əqli və mənəvi
inkişafa qadirdirlər"[51]. Elə bu xüsusiyyətlərə görədir ki, müxtəlif dövrlərdə
deportasiya olunmuş xalqlar məhz Azərbaycan ərazisində məskunlaşıb yaşaya
bilmişlər.
Cəmiyyətdə ən mühüm ünsiyyət saxlamaq vasitəsi olan qonaqpərvərlik adəti
müxtəlif xalqların, eləcə də eyni xalqın və ya müxtəlif etnik qrupların üzvləri, hətta
bir sıra sosial təbəqələr arasında geniş yayılmışdır. Qonaqpərvərlik bir-birindən
uzaqda yaşayan millətləri bir-birinə doğmalaşdırır, bu da tərəqqiyə, mədəni inkişafa
xidmət edir. Gündən-günə möhkəmlənən qarşılıqlı əlaqələr, yaxınlaşma, zənginləşmə
obyektiv inkişaf prosesidir. Qonaqpərvərliyin icrası yalnız yaxşı
süfrə bəzəyib qonağı
yola salmaqdan ibarət deyildir. Qonaqpərvərlik həm də fikirləri, düşüncələri
bölüşməkdir. O, intellektual səviyyənin daha da inkişafı üçün bir vasitə, mədəniyyət
və mənəviyyat ətrafında fikir mübadiləsi deməkdir. Qiraət etməklə bilik sahibi olmaq,
tarixin incəliklərinə vaqif olmaq kimi xüsusiyyətlər həmin məclislərdə mühüm yer
tutmuşdur.
Kənd həyatında müşahidə olunan qonaqpərvərlik adəti özünəməxsusluğu ilə
daha da fərqlənirdi. Burada dinin də müəyyən dərəcədə təsiri, rolu şübhəsizdir.
Ümumiyyətlə, dinin yayıldığı ərazilərdə cəmiyyətin inkişafına onun təsiri
inkaredilməzdir. Qonaqpərvərlik və din bir-biri ilə müəyyən mənada sıx tellərlə
bağlıdır. Təsadüfi deyil ki, qonaq Allah müsafiri sayılır. Bu xüsusiyyət Azərbaycanda
geniş yayılmışdır. Məsələn, Allah qonağı istəmirsinizmi? - sualına ev sahibinin cavabı
belə olur ki, "Allaha da qurban olum, qonağına da". Qonaq da bilir ki, heç vaxt getdiyi
yerdən rədd cavabı almayacaq, dəvətsiz də gedə bilər və kobud söz eşitməz. Ona görə
də qətiyyətlə hər hansı bir evin qapısını utanmadan döyə bilər.
126
Evində yedirdib-içirdib yola salmaq, qonağın müxtəlif ehtiyaclarını təmin
etmək o qədər təbii hal almışdı ki, bunu başqa cür təsəvvür etmək belə mümkün
deyildi. Qonaqlar arasında ayrı-seçkilik qoyulmurdu. Kasıblara belə əl tutmaq özü də
qonaqpərvərliyə xas xüsusiyyətlərdən idi. Qonaqlara xidmət bununla bitmiş hesab
olunmur. Bəzən evinə ən əziz qonağı gəlmiş adam yalnız evdə onun qulluğunda
durmaqla kifayətlənməyib, bulaq başına, meşənin qoynuna aparmağı da zəruri sayır.
Qonaqpərvərlik adəti xüsusən bayram mərasimlərində özünü qabarıq
göstərirdi. Ramazan bayramında iftara qonaq dəvət etmək və ya gedərkən şirni
aparmaq, Qurban bayramında isə qurbanlıq ətindən də götürüb yaxın qohumlara,
qonşulara paylamaq məqsədilə qonaq getmək artıq bir ənənə, borc halını almaqla
yanaşı, həm də savab sayılır. Belə ki, bu bayramlarda nəfsi qorumaqla bərabər, oruc
tutanlara ziyafət vermək, imkanı olanların mərhəmət göstərib Allah yolunda qurban
dedikləri heyvanların ətinin bölüşdürülərək paylanması kimi keyfiyyətlər insanları bir-
birinə isinişdirir və daha da yaxınlaşdırır. Xüsusən də Novruz bayramı günlərində
hamı bir-birinə qonaq gedərdi, küsülülər barışar, hədiyyə təqdim olunar, şirnilər
paylanardı.
Öz zənginliyi və rəngarəngliyi ilə seçilən Novruz bayramı mərasimlərində
Hollandiya dənizçisi Yan Streys də iştirak etmişdir. Dənizçi azərbaycanlıların Novruz
bayramını necə qeyd etdiklərindən söhbət açır. O, eyni zamanda qonaq olduğu xanın
açdığı süfrənin təsvirini verir. Bununla yanaşı, müəllif daha sonra yazırdı ki, bizim
zadəganlar, mən də onlarla birlikdə, gah bu, gah da digər azərbaycanlının yanına
yeməyə qaçırdıq və möhkəm əmin idik ki, müsəlmanların yemək-içməyi ilə bizim
boş, ac qarınlarımız arasında din ayrılığı barədə heç bir narazılıq yaranmayacaq. Bu
isə öz növbəsində, Azərbaycanda qonağa hörmət barədə fikrimizi təsdiq etməyə əsas
verir. Doğrudan da yurdumuzda qonaqlara heç bir fərq qoyulmamış, dini və milli
mənsubiyyətinə görə əsla ayrı-seçkilik edilməmişdir. Burada yardımsevərlik,
xeyirxahlıq, səmimilik, dürüstlük, sadəlik və müxtəlif xalqlara münasibət məsələləri
bir-biri ilə çulğalaşmışdır.
Etnoqrafik
materiallar
Ordubad
bağbanları
arasında
xüsusi
bir
qonaqpərvərliyin mövcudluğunu təsdiq edir. Bu adət bostanpozma adlanırdı. Məhsul
yığımından sonra bağbanlar qonaq çağırır və onu yola salarkən yetişdirdikləri müxtəlif
məhsullardan pay qoyurlar[52]. Göründüyü kimi, el-oba heç vaxt bir-birindən kömək
əlini əsirgəməyib, dara düşənə birgə səylə yardım etməyə çalışıb. Əvəzsiz yardımetmə
halları bu gün də mövcuddur.
Azərbaycanda qonaqpərvərlik vasitəsilə icra olunan digər adətlərdən biri də
damazlıq adətidir. Belə ki, heyvanı olmayan kəndli qonaqlıq edib ən yaxın adamlarını
evinə dəvət edir və elə bu məclisdə gələnlər ona hansı heyvanı bağışlaya biləcəklərini
elan edirlər. Ertəsi gün vəd etdikləri heyvanı göndərirlər.
Müasir dövrdə qonaqpərvərliyə bir sıra hallarda xüsusi diqqət yetirilir ki, bu da
özünü ad günləri, elçilik, nişan və toy mərasimləri zamanı daha qabarıq şəkildə büruzə
verir. Ad gününü təbrik etmək dəb halını almışdır. Bu zaman ad günü qeyd olunan
127
şəxsə müxtəlif hədiyyələr təqdim edilməsi həmin mərasimin şərtlərindən biridir.
Hədiyyə verərkən onun gərəkli olacağına diqqət yetirmək lazımdır. Təbii ki, qonaqlıq
zamanı ev sahibi tərəfindən süfrəyə müxtəlif çeşidli yeməklər və şirniyyat məmulatı
düzülür.
Qonaqpərvərlik adətinin, xüsusilə elçilik, nişan və toy mərasimləri zamanı
icrası daha diqqətəlayiqdir. Belə ki, burada qonaqpərvərlik özünəməxsus tərzdə icra
olunur. Qız evinə oğlan evi hədiyyələr təqdim edir. Ev sahibi də gələn qonaqları
lazımi qaydada qarşılayıb yola salmağa ciddi riayət etməyə çalışır.
Azərbaycan xalqının real həyat tərzinin mühüm cəhətlərini özündə əks etdirən
şifahi xalq yaradıcılığı incilərində, tarixi salnamə olan dastanlarımızda,
nağıllarımızda, əfsanələrimizdə, aşıq yaradıcılığı nümunələrində, atalar sözlərində,
bayatılarımızda qonaq və ona münasibət haqqında geniş məlumat verilir. "Kitabi-
Dədə Qorqud" dastanında deyilir ki, "qonağı gəlməyən qara evlər yıxılsa yey"[53]. Bu
o deməkdir ki, əgər bir evə qonaq təşrif buyurmursa, deməli, o ev ev deyil və
yıxılması qalmasından vacibdir. Bu, qonağın hər bir evdə necə böyük ehtiram sahibi
olmasına dəlalət edir. Elə həmin dastanda ən yaxşı qadın evin dirəyi hesab olunur ki,
onu da bu cür dəyərləndirirlər: "Ozan, evin dayağı oldur ki, yazıdan-yabandan evə bir
qonaq gəlsə, ər adam evdə olmasa, ol onu yedirər, içirər, ağırlar, əzizlər,
göndərər"[54].
Dastanda xanlar xanı xan Bayandırın ildə bir kərə toy edib Oğuz bəylərini
qonaqlaması barədə də bəhs olunur[55]. Farüq Sümərin də İbn Fədlanın verdiyi
məlumata əsaslanaraq oğuzların doğrucul, namuslu və qonaqpərvər olduğunu
söyləməsi dastandan bəlli olan bu fikri bir daha təsdiqləyir (5).
Təsadüfi deyildir ki, nağıllarımızda xeyir qüvvənin təmsilçiləri xeyirxah,
səxavətli, yoxsullara əl tutub kömək edən adamlar sayılır.
"Koroğlu" dastanında deyilir ki, Koroğlu bir qarının qapısını döyüb, gecə
qonaq saxlamasını xahiş edir. Qarı da "qonaq Allah qonağıdı" - deyir[57]. Koroğlunun
özü isə qonağı barədə "Qonaq ki var, mənim əzizim, iki gözümdü" - söyləyir[58].
Dastanda xanın qurduğu məclisin təsviri isə belə verilir: "Elə ki, üzrxahlığını elədi,
yemək-içmək başlandı, saqi girdi məclisə, Ələmqulu xan dəlilərə burada bir qonaqlıq
verdi, bir qonaqlıq verdi ki, nə deyim. Yedilər, içdilər,
çalğıçılar çaldı, oxuyanlar
oxudu, gecədən də bir az keçmiş məclis dağıldı"(59)Koroğlu:
Çənlibeldə köçüm, qonum,
Atlazdan biçilər donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola!..(60)
- deyir. Göründüyü kimi, məişətdə həlledici rol oynayan qonaqpərvərlik adəti görk
səciyyəsi daşımır, yaşam tərzinin bir parçası kimi, arzuolunan bir hal kimi təqdir
edilir. Bu adətin yaranması cəmiyyətin özünün tələbatı ilə baş vermiş, məhz bu
zəmində də müəyyən qaydalar formalaşmışdır.
Xalqlar, o cümlədən insanlar arasında dağılmaz körpü salan qonaqpərvərlik
128
adəti haqqında dastanlarımızda xeyli məlumat vardır. Burada xalqın bütün
təbəqələrinə məxsus olan mehmannəvazlıq öz əksini tapmışdır. Dövrün hadisələrini
əks etdirməklə yanaşı, xalqın real həyat tərzi ilə səsləşən dastanlarımızda xeyirxah
hisslər, vətənpərvərlik, azadlıq uğrunda mübarizə duyğuları ilə yanaşı, qonaqpərvərlik
adəti də tərənnüm olunur. Dastanlarımızda qonaqpərvərlik adəti gündəlik yaşam
tərzinin bir parçası və icrası mütləq zərurət olan keyfiyyət kimi ön plana çıxır. Bu adət
eyni zamanda sadə adamların münasibəti, tərbiyəsi kimi işıqlandırılır.
Nəsillərdən-nəsillərə keçib, əsrlərin sərhədini aşan müdrik atalar sözlərində
qonaq və ona hörmət barədə belə deyilir:
-
Qonaq bərəkət gətirər.
-
Qonaq sevənin süfrəsi boş olmaz.
-
Qonaq süfrənin yaraşığıdır.
-
Qonaq evin gülüdür.
-
Qonağa da qurban olum, gəldiyi yollara da.
-
Qonağın ruzusu özündən qabaq gələr.
-
Qonaqsız ev - susuz
dəyirman.
-
Gəlmək qonaqdan, yola salmaq ev yiyəsindən[61].
Xalqımız arasında qonağa olan münasibət inam və etiqadlarda da özünəməxsus
şəkildə əks olunmuşdur. Məsələn:
-
İki nəfər baş-başa verərsə, deyərlər evə qonaq gələcək(62)
-
Gözləri yol çəkən adamın evinə qonaq gələr, deyərlər.
-
Guya başından bir tük ayrılıb üzünə düşsə, deyərlər qonağın gəlir[63].
-
Səfərə gedənin dalınca su atarlar, deyərlər qoy aydınlıq olsun[64].
Qonaqpərvərlik inanclarda da öz əksini tapıb. Belə ki, "elimizin sınanmış
inanclarına yaxşı bələd olan nənələrimiz xəmirə bulaşmış əllərinə baxaraq onun
çırtladığını görəndə, tez əl-ayağa düşər, ay qız, ay gəlin, hazırlaşın, evə qonaq
129
gələcək" deyərdilər. Qonağın gələcəyini qapı ağzında ayaqqabının ayaqqabı üstünə
düşməsi də sınanmışdı ellərimizdə. Bir də görürdün ki, söhbət əsnasında deyərdilər:
vay, sağ gözüm səyriyir" və ya sevinir, deməli, qonağımız gələcək[65].
Qədim el havalarında da ("Qonağam sizə", "Evlərinin altı qaya", "Qaragöz")
qonaqdan söz açılır[66]. Xalq arasında qonaqlıqla bağlı məzəli əhvalatlar da
yayılmışdır. Hətta bəzən qonaqla bağlı yer adlarına da təsadüf edilir. Belə ki,
Azərbaycanın Quba bölgəsində Qonaqkənd adlı şəhər tipli qəsəbə vardır.
Ev sahibi qonağın adətən təhlükəsizliyinə təminat verirdi. Belə ki, ev sahibi
qonağın bütün rahatlığı ilə bərabər, sağ-salamat yola salınması, heç kəs tərəfindən ona
xətər yetirilməməsi üçün cavabdeh olurdu. Təsadüfi bir qonağın və ya hər hansı
səyyahın müəyyən evdə mehman olduğu müddətdə, onun qayğısına qalmaq ev
yiyəsinin üzərinə düşürdü. Qonağın malının mühafizəsinə təminat da buraya daxil idi.
Qonaq evi tərk etdikdən, yəni yola salındıqdan sonrakı vəziyyət ev sahibinin
səlahiyyətindən kənar sayılırdı. Amma qonağın evi tərk etdikdə müəyyən bir xahişi və
ya arzusu olardısa, təbii ki, onun istəyini yerinə yetirmək üçün ev sahibi əlindən gələni
əsirgəməz və lazım gələrsə, qonağını müəyyən yerədək ötürməyi və ya lazımi yerə
aparmağı özünə borc bilərdi.
Qonağa hörmət uzun əsrlər boyu hər bir ailənin, hər bir evin borcu sayılmışdır,
qonaq isə müqəddəs, toxunulmaz bir şəxs hesab olunmuşdur. Heç şübhəsiz ki, bir sıra
adətlər kimi, qonaqpərvərlik adəti də bəşəriyyətin inkişaf prosesi ilə əlaqədar olaraq
bir sıra dəyişikliklərə məruz qalmışdır.
Qonaqpərvərlik ictimai həyatımızda, məişətimizdə, münasibətlərimizdə mənəvi
keyfiyyətlərin hərtərəfli ifadəsinə xidmət edir. Cəmiyyətin tərəqqisinə yönəldilmiş bir
adət kimi mədəniyyətlərin yaxınlaşmasına və çulğalaşmasına gətirib çıxarır. Əmin-
amanlığa çağıran bu adətlə xalqlar arasında yaranan ünsiyyət və təmas müsbət
nəticələr verir.
Azərbaycanda icra olunan qonaqpərvərlik adəti bir çox xalqlar üçün örnək ola
bilər. Bu adət hər bir dövrdə və təbii ki, hər bir cəmiyyətdə xalqın zövqünü, həyat
təcrübəsini və əxlaqını nümayiş etdirir, zəngin mənəvi keyfiyyətlərinin bariz
nümunəsi kimi ön plana çıxır, insanlar arasında həssas münasibətlərin təzahürü kimi
formalaşır. İnsanların həyatındakı özünəməxsus əlamətlər rəngarəngliyi ilə seçilən
keyfiyyətlərlə yanaşı, onların dünyagörüşünə, təfəkkür tərzinə, o cümlədən
qonaqpərvərliyə də sirayət edir.
Azərbaycan xalqının mənəvi sərvəti olan qonaqpərvərlik adətində zəngin
ənənələrimiz, xalqın məişət tərzi öz təcəssümünü tapır və mövcud olduğu dövrün
səciyyəvi xüsusiyyətlərini əks etdirir. Humanist mahiyyətli Azərbaycan
qonaqpərvərliyi öz əhəmiyyətini və təsir qüvvəsini bu gün də itirməmişdir.
Xalqımızın mənəvi mədəniyyəti tarixində mühüm yer tutan Azərbaycan
qonaqpərvərliyi əsrlərin keşməkeşindən zəmanəmizə qədər gəlib çatmış, qorunub
saxlanmışdır. Milli iftixarımız olan bu adət bütün dünyada bizə şərəf gətirmişdir.
Qonaqpərvərlik Azərbaycan xalqının fədakar, cəfakeş olduğunu bir daha bariz şəkildə
130
təsdiq edir. Qonağa müstəsna diqqət və tükənməz qayğı, sədaqət və inam sağlam
mənəvi-əxlaqi tərbiyəni özündə əks etdirir.
Azərbaycanda yaşayanlar nəyə qadir olduqlarını uzun əsrlər boyu öz yaxşı
əməlləri ilə sübuta yetiriblər. Xüsusən də qonaqpərvərlik adəti ilə hər şeyin fövqündə
durduqlarını açıq-aşkar göstəriblər.
Qonaq yaxşı qarşılanarsa, ev sahibi də ad-san qazanar və bu xüsusiyyətə görə
xalqın şöhrəti ölkənin hüdudlarından kənarda yayılar.
Mənəvi tərbiyənin inkişafında ülviyyətə
səsləyən bir adət olaraq
qonaqpərvərlik müstəsna rol oynayır.
Dostları ilə paylaş: |