Əbdülqadir Marağayi. Şərqin musiqi məclisində öz yeri, səsi, sözü ilə
şöhrətlənən Əbdülqadir ibn Qeybi əl-Hafiz əl-Marağayinin doğulduğu il dəqiq məlum
deyil. Onun təxminən XIV əsrin ortalarında Marağa şəhərində dünyaya gəldiyi qeyd
edilir.
Ölməz bəstəkarımız Üzeyir Hacıbəyov yazır: "Yaxın Şərq xalqları musiqisinin
nəzəri və əməli inkişaf tarixində başlıca yeri dünyada məşhur olan iki nəfər
Azərbaycan alimi, nəzəriyyəçi, musiqişünas tutur: Səfiəddin Urməvi və Əbdülqadir
Marağayi (XIV əsr)" (9).
Əbdülqadir Marağayinin musiqi təlimi sahəsində müxtəlif illərdə yazılmış bir
sıra qiymətli əsəri olmuşdur. "Came əl-əlhan", "Məqasid əl-əlhan", "Kənz əl-əlhan"
adlı əsərlərində musiqinin nəzəri və əməli məsələləri barədə ətraflı məlumat
verilir. Əbdülqadirin "Came-əl-əlhan" əsərində musiqi elmi, təsniflər, musiqi alətləri,
çalıb-oxumaq qaydaları və bir sıra başqa musiqi sahələri barədə zəngin məlumat
verilir. C.Farmer göstərir ki, Marağayinin öz dəsti-xəttilə yazılan bu əsərdən iki
nüsxənin biri "Nuri Osmaniyyə", digəri isə Oksford Universitetinin Badalyan
kitabxanasında saxlanılır.
Marağayinin "Kənz əl-əlhan" adlı başqa bir musiqi əsəri təranələr xəzinəsinə
həsr edilmişdir. Təəssüf ki, bu əsərdən hələlik bir nüsxə əldə edilməmişdir. Təkcə onu
demək olar ki, Marağayi "Məqasid əl-əlhan" əsərində özü bəstələdiyi təsnif və
havaların adlarını çəkir və oxuculara bu məsələlər barədə daha ətraflı məlumat almaq
üçün "Kənz əl-əlhan" əsərinə müraciət etməyi tövsiyə edir. Marağayinin məşhur
musiqi əsərlərindən biri də "Məqasid-əl-əlhan"dır. Əsər "Badalyan", İstanbulda "Rauf
Yektabəyin" kitabxanaları və Leyden Universitetinin kitabxanasında saxlanır. Lakin
İranın Məşhəd kitabxanasında saxlanılan nüsxənin əsli və ən qədim olduğu göstərilir.
Bu nüsxədə müəllifin zərif və gözəl xətti nəzərə çarpır. Kitabın 1418-ci ildə yazıldığı
aydın oxunur.
Kitab 88 səhifədən ibarətdir. Kitabdakı başlıqlar, musiqi alətlərinin adları,
başqa izah və məlumatlar seçilsin deyə qırmızı hərflə yazılmışdır.
Kitab müqəddimə, 12 bölmədən və bir neçə fəsildən ibarətdir. Əbdülqadir
müqəddimədə yazır: "Kitabı qədim müəlliflərin fikirlərindən istifadə edərək qələmə
aldım. Əsəri çox ixtisarla yazmağa çalışdım. Məqsədim odur ki, oxucular müxtəlif
134
kitablara müraciət etməyə ehtiyac duymasınlar". Əsərdə səsin yaranması və hansı
amillərə tabe olması, nəğmə və fəsil barədə izahlar, simlərin lazımi nisbətlərə
bölünməsi və simlərin müxtəlif qaydada köklənməsi yolları haqqında olduqca
qiymətli fikirlər vardır. Əsas pərdələr, onların düzülüşü, simlər üzərində barmaqların
gəzişməsi, dəvələr, avazlar və onların qədim şöbələri və elmi şərhləri izah edilir.
Sonra təsniflərin bəstələnməsi qaydaları, onların adları, musiqinin təsir gücündən
ətraflı bəhs edilir. Kitabın ən maraqlı bölmələrindən biri də çalıb-oxumağın qanun-
qaydaları, məşhur çalğıçılar, oxuyanlar, musiqi alətləri və onların istifadə edilməsi
yolları şərh edilir[10].
Marağayi də Urməvi kimi musiqi yazı işarələri, tabulatura düzəltmək işində
böyük təşəbbüskarlıq göstərmişdir. Hətta onun bəzi kitablarında sadə tabulaturalar öz
əksini tapmışdır.
Marağayinin hələ XV əsrdə ana dilində yazdığı şeri insana musiqi təsiri
bağışlayır:
Ey cami cahan bəhre səfa bizni unutma,
Vey mahi cəbin mehri liqa bizni unutma.
Ayrılması canım qılınc ilə eşqindən.
Gər çərxi-fələk qıldı cida bizni unutma.
Vardır Kərəmindən bu qədər bircə təvəqqə,
Gər saldı cida bizni qəza, bizni unutma.
Biz, Şərqin bu böyük oğlunu düşünərkən gözümüz önündə musiqinin nəzəri və
əməli problemlərinə əvəzsiz incilər bəxş edən alim, musiqiyə şeir qoşan gözəl şair,
şerə musiqi bəstələyən ustad bəstəkar, bəstələdiyi mahnını özünəməxsus avazla
oxuyan təbli müğənni, oxuduğu havaları mahirən çalan çalğıçı, müdrik kəlamlarını
zərif qəlbi və zərif barmaqları ilə vərəqlərə nəqş edən rəssam və xəttat Marağayinin
ölməz obrazı canlanır.
Dostları ilə paylaş: |