Azərbaycan XV-XVI əsrləRDƏ



Yüklə 0,96 Mb.
Pdf görüntüsü
səhifə2/29
tarix24.05.2023
ölçüsü0,96 Mb.
#121411
1   2   3   4   5   6   7   8   9   ...   29
Şahin Fərzəıiyev

I FƏSİL 
 
HƏSƏN BƏY RUMLUNUN HƏYATI VƏ
ONUN “ƏHSƏNÜT-TƏVARİX” ƏSƏRİ 
Azərbaycanın tarixçisi Həsən bəy Rumlunun həyatı haqqında məlumat 
olduqca azdır. ―Əhsənüt-təvarix‖ və onun müəllifinin fəaliyyəti ilə B.A. Dorn [105, 
227 - 278], V.Xanıkov [104, 26], Ç.Riyö [117, 36 - 37], Ç.N. Seddon [120, 307 - 
313], V.Minorski [111, 449 - 455], Ç.A. Stori [121, 306 - 308], Məhəmməd 
Möhsün [100, 287], A.A. Romaskeviç [42, 8 - 10], İ.P. Petruşevski [39, 27 – 30; 
40, 249], M. Abidova [25,5], M.X. Nemətova [10, 62], O.Ə. Əfəndiyev [52, 17 - 
18], C. İbrahimov [30, 9], S. Nəfisi [85, 223 - 224], Ə. Hayeri [86, 1069] kimi 
onlarca şərqşünas alim maraqlanmış və fikirlər söyləməyə çalışmışlarsa da, özü 
barədə müəllifin yazdıqlarından əlavə bir şey əldə edə bilməmişlər. Lakin Həsən 
bəy Rumlunun tərcümeyi-halını ətraflı işıqlandırmağa səy edən İran tədqiqatçısı 
Ə.H. Nəvayinin ―Əhsənüt-təvarix‖in Tehran nəşrinə yazdığı ―Müqəddimə‖ 
xüsusilə qeyd olunmalıdır [66, 13 - 32]. 
İstər Həsən bəy Rumludan əvvəl, istərsədə sonra yaşamış bir sıra orta əsr 
tarixçiləri, o cümlədən də ―Əhsənüt-təvarix‖ əsərinin müəllifi barədə ətraflı 
məlumatın olmaması heç də təəccüb doğurmamalıdır, çünki o dövrün 
ədəbiyyatında əsasən hökmdarların həyatı qələmə alınır, fəaliyyəti hərtərəfli 
işıqlandırılırdı. Məhz bu səbəbdən də, başqaları haqqında cildlərlə əsər yaradan bir 



çox tarixçinin tərcümeyi-halı kölgədə qalır, onlar haqqında yalnız kiçik qeydlər 
edilirdi. 
Azərbaycanın rumlu qəbiləsindən olan və sonralar bu qəbilənin adı ilə 
tanınan Həsən bəy Rumlu hicri 937-ci ildə (1530/31) Qum şəhərində anadan 
olmuşdur [65, 238]
2
. O, ehtimal ki, hələ kiçik ikən atasını itirmişdir. Müəllif 
əsərinin heç bir yerində atasının kimliyi, onun cəmiyyətdəki mövqeyi və s. 
cəhətləri barədə danışmamış, ancaq dəfələrlə babası Əmir sultan Rumlunu 
xatırlamışdır. Belə ki, 943 (1536/37)-cü ildə I Şah Təhmasibin (hakimiyyət illəri: 
1524 – 1576) fərmanı ilə Gilana hakim təyin edilən Bəhram Mirzə (I Şah 
Təhmasibin kiçik qardaşı) gilanlıların ona qarşı müxalifəti nəticəsində məğlub 
olaraq Qəzvinə gəldiyi vaxt Həsən bəy Rumlu öz anası ilə ―Əmir sultan Rumlunun 
əcdadına tiyul
3
‖ kimi verilən həmin şəhərdə yaşayırdı [65, 278]. Əgər o zamanlar 
öz yaşlı Həsənin atası sağ olsaydı, oğlu onu xatırlar və sonralar qələmə alacağı 
salnamədə adını çəkərdi. Şahzadə Bəhram Mirzənin Qəzvində öz ailəsi tərəfindən 
qarşılanması barədə Həsən bəy Rumlu belə yazmışdır: ―Bu sətirlərin müəllifi 
Həsən bəy Rumlu o vaxtlarda Qəzvində idi... Anamla onu qarşıladıq və şahanə 
çadırlar, pul, yaxşı atlar və qiymətli mallar verdik‖ [65, 278]. Həsən bəy ailəsinin 
səfəvi şahzadəsinə verdiyi zəngin əşyalara bu nəslin varlı təbəqəsinə mənsub 
olduğunu göstərir. 
946 (1539\40)-cı ildə Həsən bəy Rumlunun həmişə adı ilə fəxr etdiyi 
babası vəfat etdi [65, 278]. O, vaxt hələ yeniyetmə olan gələcək qorçi (xüsusi şah 
alayının döyüçşüsü) və tarixçi, Əmir sultan Rumlunun vəfatına qədər heç bir 
mülki, ya hərbi xidmətdə olmamış, baba və anasının himayəsində yaşamışdı. 
Babasının ölümü isə onun sakit həyatında mühüm dəyişiklik yaratdı və o, özünün 
dediyi kimi, ―qorçilik möhnətinə giriftar oldu‖ [65, 295]. 
Gənc Həsən bəyin hərbi xidmətdə keçirdiyi iki ildə elə bir mühüm hadisə 
olmamış və onun bu vaxt ərzində fəaliyyəti əsərdə xatırlanmamışdır, lakin 948 
(1541/42)-ci ildə I Şah Təhmasibin qorçiləri sırasında o, səfəvi qoşununa tabe 
olmaqdan 
boyun 
qaçıran 
Xuzistan 
valisi 
Əlaüddövlə 
İsmayılın 
cəzalandırılmasından ötrü Dizful şəhərinə tərəf hərəkət etmiş və 980 (1572/73)-ci 
ilədək səfərlərdə ―əzəmətli ordu ilə getmiş və hadisələrin çoxunu şəxsən müşahidə 
etmişdir‖ [65, 301]. 
I Şah Təhmasib hərbi səfərlərini davam etdirdikcə Həsən bəy Rumlu da 
onu müşayiət edir, qorçilər sırasında döyüşürdü. 953 (1546/47)-cü ilin qışında I 
Şah Təhmasib Gürcüstana hücum etmək fikrinə düşdü. Həsən bəy Rumlunun 
göstərdiyi birinci igidliklə bu yürüş vaxtı tanış oluruq. ―O vaxt Əmir sultan 
Rumlunun nəvəsi Həsən bir dəstə rumlu və çəpəni (tayfa adıdır – Ş. F) qorçiləri ilə 
2
Ç.N. Seddon, Ç.A. Stori, İ.P. Petruşevski və O.Ə Əfəndiyev yuxarıda adları çəkilən əsərlərində Həsən 
bəy Rumlunun h. 938-ci ildə doğulduğunu qeyd etmişlər. Halbuki müəllifin özü h. 937-ci ildə 
doğulduğunu bildirmişdir. 
3
Bu qeyri-irsi feodal torpaq mülkiyyəti forması haqqında aşağıda məlumat veriləcəkdir. 



amansız kəbrlər dəstəsinə düçar oldu. Bu həqir
4
Şahqulu adlı bir çəpəni qorçi ilə 
hücum etdi. Onları dağıdıb bir hissəsini yaraladıq və öldürdük. Bir neçə əsir tutub 
qayıtdıq‖ [65, 316]. 
Həsən bəy Rumlunun göstərdiyi ikinci hünər bu hadisədən 4 il sonra baş 
vermişdir. 957 (1550/51)-ci ildə Kürdüstanın Şəhrizur şəhərinin valisi Bəgə 
Ərdalan bir dəstə döyüşçü ilə qızılbaşların əlində olan Sürxab qalasının yaxınlığına 
gəlib çıxmışdır. Bunu eşidən I Şah Təhmasib Bəgənin üstünə qoşun yollayır. 
―Əhsənüt-təvarix‖də oxuyuruq: ―O gün bu sətirlərin müəllifi olan Həsən Rumlu 
Zülm (?) qalasına yaxın olan bir təpədə bir dəstə kürdlə vuruşdu... Bir kürd... 
Şahverdi bəyi tutmaq istədikdə, bu həqirin yoldaşı Hüseynqulu xəlifə fəryad etdi: 
―Ey cavanlar, ya döyüşün, ya da qadın paltarı geyinin‖. Ancaq onlar elə 
qorxmuşdular ki, atlardan düşüb, özlərini yüz məşəqqətlə dağdan atdılar. Bu fəqir 
Hüseynqulu xəlifə ilə hücuma keçərək kürdləri dağıtdı və Şahverdi bəyi ata 
mindirib geri qayıtdı. Qorçiləri təqib etməkdə olan 40 nəfər kürdlə vuruşa-vuruşa 
aradan çıxdıq [65, 345 - 346]‖. 
―Əhsənüt-təvarix‖ salnaməsini yüksək qiymətləndirən tarixçi İsgəndər bəy 
Münşi Hindistan padşahı Hümayunun (hakimiyyət illəri: 1530 - 1555) 951 
(1544/45)-ci ildə səfəvi sarayına gələrək, I Şah Təhmasibə qiymətli hədiyyələr 
təqdim etdiyi vaxt Həsən bəy Rumlunun da həmin məclisdə iştirak etdiyini bildirir 
[59, 99], lakin bizim müəllif nədənsə bu məclisdəki iştirakı barədə məlumat 
verməmişdir. 
―Əhsənüt-təvarix‖dən məlum olur ki, Həsən bəy Rumlu elm öyrənməklə 
də məşğul olmuşdur: ―Bu sətirlərin müəllifi o böyük şəxsin (Mövlana ƏbülHəsənin 
– Ş. F) hüzurunda təcrid elmini öyrəndi‖ [65, 411]. Həsən bəy Rumlu alim 
Cəmaləddin Mahmud Şirazinin yanında bədii sənətin bir sahəsi olan şəmsiyyəni 
öyrəndiyini də xatırlamışdır [65, 142]. 
I Şah Təhmasibin vəfatına qədər sarayda yaşayıb, öz əsərini yazmaqla 
məşğul olan müəllif, səfəvi şahları tarixində ən qəddar bir şahın – II Şah İsmayılın 
hökmranlığı zamanı (1576 – 1577) baş verən hadisələri kənardan izləmiş, 
salnamənin davamı üçün məlumat toplamış və II Şah İsmayılın öldürülməsindən 
bir qədər əvvəl 985 (1577)-ci il hadisələrini də qələmə almışdır. 
Həsən bəy Rumlu öz çoxcildli əsərinin sonuncu cildini İsmayıl Mirzəyə 
(II Şah İsmayıla) ithaf etmişdir. Bu haqda onun belə bir qeydi vardır: ―Bu pərişan 
kəlmələrin müəllifi... Həsən bu cildi də gənc şahzadə İsmayıl Mirzənin adına 
yazmışdır‖ [65, 1]. 
Ə. Nəvayi Həsən bəy Rumlunun II Şah İsmayılın tərəfdarı olduğunu 
bildirir [66, 18, 20], lakin Həsən bəyin özü bu haqda susmuşdur. II Şah İsmayıl 
dövründə bizim tarixçinin Səfəvi dövlətinin paytaxtı Qəzvində yaşayıb-
yaşamaması da müəyyən deyildir. 
4
Əsərdə ara-sıra təsadüf olunan ―bu həqir, bu fəqir‖ ifadələri müəllifin özünə aiddir. 



I Şah Təhmasibin vəfatından sonra Həsən bəy Rumlu doğulduğu Qum 
şəhərinə gedir. Onun harada qaldığı müddət barədə dəqiq məlumat yoxdur. Yalnız 
985 (1577)-ci ildə taxta əyləşməkdən ötrü Qəzvinə gedən Məhəmməd 
Xudabəndənin hüzuruna gələn müəllifin şah tərəfindən hörmətlə qarşılanması və 
―şaha yaxın adamlar‖ zümrəsinə daxil edilməsi məlumdur [65, 500]. 
Yuxarıda qeyd olunduğu kimi, ―Əhsənüt-təvarix‖dəki hadisələrin təsviri 
985 (1577/78)-ci ili də əhatə etdikdən sonra qırılır və əsər natamam qalır. Təəssüf 
ki, Həsən bəy Rumlunun nə qədər yaşaması və salnaməni nə səbəbə tamamlaya 
bilməməsi barədə hələlik heç bir məlumat yoxdur. 
―Əhsənüt-təvarix‖dən bəhs edərkən, hər şeydən əvvəl, onun cildərinin 
miqdarı haqqında danışmaq lazımdır. Bu məsələ xüsusunda bir neçə fikir vardır: 
1. 
Əsər 12 cilddən ibarət olmuşdur. 
2. 
Əsər 12 cilddən ibarətdir və sonuncu 11-ci cilddir. 
3. 
Əsər 10 cilddə (yaxud hissədə) qələmə alınmışdır. 
Birinci fikrin tərəfdarları sırasında İ.P. Petruşevski [39, 28], M. Abidova 
[25,5], M.X. Nemətova [10, 62], O.Ə. Əfəndiyev [52, 17], . C.M. İbrahimov 
[30,9], S.B. Aşurbəyli [27, 8], S.M. Onullahi [11, 36] istifadə etmiş olduqları 
cildlərin XI və XIII cildlər olduğunu göstərmişlər. İranda nəşr olunan ―Rahnoma-
ye ketab‖ məcəlləsində də ―Əhsənüt-təvarix‖in Ç.N. Seddon tərəfindən edilən 
nəşrinin XII cild olması və əsərin XI cildinin 1349-cu ildə (1970) Tehranda çap 
etdirilməsinə dair məlumat dərc olunmuşdur [70, 179]. Lakin salnamənin cildləri 
haqqında birinci fikri sübuta yetirən dəlilə istər onun Leninqraddakı əlyazma 
nüsxəsində, istərsə də Ç.N. Seddon nəşrində təsadüf olunmur, əksinə, Həsən bəy 
Rumlu I Şah İsmayılın həyat və fəaliyyətinin təsvirinə başlayarkən, qələmə aldığı 
cildin X cild olduğunu göstərmişdir ki, bu barədə bir qədər sonra danışılacaqdır. 
Bəs nəyə əsasən tədqiqatçıların əksəriyyəti ―Əhsənüt-təvarix‖in əldə olan cildlərini 
XI və XII cildlər olduğunu söyləmişlər? 
Məlumdur ki, sovet alimlərindən ilk dəfə İ.P. Petruşevski bu salnamənin 
12 cild olduğunu bildirmiş, lakin fikrini əsaslandırmamışdır. O, həmçinin bizimdə 
istifadə etdiyimiz ―Əhsənüt-təvarix‖in Leninqrad əlyazma nüsxəsinə və əsərin Ç.N. 
Seddon nəşrinə müraciət etmişdir, lakin onun fikrini təsdiq edə biləcək məlumat 
həmin nüsxələrin heç birində yoxdur. Ehtimal ki, İ.P. Petruşevskidən sonra 
―Əhsənüt-təvarix‖ə müraciət edən tədqiqatçılar da onun fikrini əsas tutaraq, əsərin 
12 cilddə yazıldığını göstərmişlər. 
―Əhsənüt-təvarix‖ əsərinin cildləri barədə söylənən ikinci fikir M.İ. 
Şəmsinindir. O yazır: ―Əsər 12 cilddən ibarətdir. Lakin onun yalnız 10 və 11-ci 
cildləri dövrümüzə qədər gəlib çatmışdır‖ [24, 9]. Həsən bəy Rumlu və ―Əhsənüt-
təvarix‖ əsəri haqqında olan müxtəlif mənbə və tədqiqat əsərləri araşdırılarkən, biz 
heç yerdə M.İ. Şəmskinin bu fikrini təsdiq edə biləcək fakta rast gəlmədik. M.İ. 
Şəmsi sözünə davam edərək yazır: ―Əhsənüt-təvarix‖ kitabı 1931 – 1934-cü illərdə 
Çarlz Seddon tərəfindən tərtib edilərək iki cilddən ibarət çap olunmuşdur. 1495 – 



1577-ci illər hadisələrindən bəhs edən 2-ci cilddə Kürdüstan tarixi haqqında daha 
ətraflı məlumat verildiyi üçün tədqiqat işimizdə, əsasən, həmin cilddən istifadə 
etmişik [24, 9]. Onun dediyindən belə çıxır ki, Ç.N. Seddon əsərin hər iki cildini 
çap etdirmişdir. Ancaq məlum olduğu kimi, bu belə deyildir. Salnamənin yalnız bir 
cildi Ç.N. Seddon tərəfindən nəşr etdirilmişdir. M.İ. Şəmsinin 2-ci cild kimi 
qələmə verdiyi kitab isə, əsərin Ç.N. Seddon nəşrinin ingilis dilinə müxtəsər 
tərcüməsidir. 
―Əhsənüt-təvarix‖in cildləri haqqında irəli sürülmüş üçüncü fikir isə A.A. 
Romaskeviçə məxsusdur. O, əsərin Leninqrad əlyazma nüsxəsinə əsasən məlum 
cildlərin XI və XII yox, IX və X cildlər olduğunu bildirmişdir [42, 8]. Doğrudur, 
bu barədə ondan çox-çox əvvəl B.A. Dorn məlumat vermişdir, lakin o onları IX və 
X cildlər deyil, hissələr kimi göstərmişdir [105, 277]. 
Beləliklə, ―Əhsənüt-təvarix‖ əsərinin Leninqrad əlyazma nüsxəsinə 
əsasən, demək olar ki, bu salnamə 10 cilddə yazılmışdır. Belə ki, Həsən bəy Rumlu 
əsərin X cildinin əvvəlində üzərində işlədiyi cildin X cild olduğunu bildirərək 
yazır: ―Əhsənüt-təvarix‖in X cildində Şah İsmayılın dövləti idarə etmək istəməsi... 
barədə yazılmışdır‖ [64, 117]. 
Əgər aralarında olan bəzi kiçik fərqləri nəzərə almasaq, görmək olar ki, 
―Əhsənüt-təvarix‖in Ç.N. Seddon tərəfindən nəşr edilən mətni Leninqrad əlyazma 
nüsxəsinin müvafiq cildinin eynidir, lakin bu nəşrdə əsərin əlyazma nüsxəsində 
olan ―X cild‖ sözü yazılmadığından onun neçənci cild olduğu göstərilməmişdir. 
V. F. Minorski ―Əhsənüt-təvarix‖in Ç.N. Seddon nəşrindən üç il sonra 
həmin nəşr haqqında rəy yazmış və naşirin bu sahədə etdiyi xidməti yüksək 
qiymətləndirmişdir, lakin tədqiqatçı salnamənin başqa əlyazma nüsxələrindən 
istifadə etmədiyindən əsərin neçə cild olması xüsusda fikir söyləməmişdir [110, 
449 - 457]. Ç.N. Seddonun özü də ―Əhsənüt-təvarix‖in əvvəlki cildləri barədə söz 
açmasına baxmayaraq, nəşr etdiyi cildin neçənci olduğunu bildirməmişdir [120, 
311]. Elə buna görə də, alman şərqşünası V. Hins II Şah İsmayılın həyatına həsr 
etdiyi monoqrafiyada əsas mənbələrdən biri kimi istifadə etdiyi ―Əhsənüt-
təvarix‖in (Ç.N. Seddonun nəşrinin) neçənci cild olmasını göstərməmişdir [108].
E. Qlasen isə Qazi Əhməd Quminin ―Xülasətüt-təvarix‖ (―Tarixçilərin xülasəsi‖) 
kitabı əsasında qələmə aldığı tədqiqat əsərində ―Əhsənüt-təvarix‖in son cildlərinin 
XI və XII cildlər olduğunu bildirmişdir [108, 17]. İngilis tədqiqatçısı Ç.A. Stori də 
birinci fikrin tərəfdarları sırasındadır [121, 306]. ―Əhsənüt-təvarix‖ əsərinin 
cildlərinin miqdarı və əlimizdə olan cildlərin neçənci olduğu barədə birinci fikrin 
tərəfdarları çoxluq təşkil edirlərsə də, Həsən bəy Rumlunun yaşadığı dövrdən az 
sonra üzü köçürülən [42, 8] salnamənin Leninqrad nüsxəsindəki həmin cümlə 
əlimizdə sanballı bir sübut olduğundan, biz də əsərin cəmi 10 cilddə yazıldığı 
fikrinin tərəfdarıyıq. 
―Əhsənüt-təvarix‖ in son IX və X cildlərindən başqa yazılmış ilk cildlərin 
taleyi barədə hələlik heç bir məlumat yoxdur, lakin dövrümüzə gəlib çatmayan 


10 
həmin cildlərin bəziləri haqqında müəllifin özü, yeri gəldikcə, məlumat verir. O, 
salnamənin X cildinin sonunda bir çox vilayətlərin təfsilatını əsərin əvvəlki 
cildlərində qələmə aldığını göstərmişdir [65, 460]. Bundan başqa, müəllif VI cild 
haqqında yalnız bir yerdə məlumat vermiş [65, 141], VII cildi isə iki dəfə 
xatırlatmışdır [65, 141, 495]. Əsərin VI cildi haqqında Həsən bəy Rumlunun 
verdiyi məlumat belədir: ―VI cilddə yazıldığı kimi, onun əlini kəsdikləri üçün 
(xəttatlığı) öz qızına öyrətdi‖ [65, 141]. Bu cümlədə haqqında danışılan şəxs 
məşhur xəttat İbn Müqlədir. Onun yaşadığı illəri müəyyən etməklə ―Əhsənüt-
təvarix‖in VI cildinin təxminən hansı dövrü əhatə etmiş olduğunu söyləmək olar. 
Əgər İbn Müqlənin 272 (885/86)-cı ildə təvəllüdünü və 328 (939/40)-ci ildə 
öldüyünü nəzərə alsaq, belə nəticəyə gəlmək olar ki, əsərin VI cildi 10 və 11-ci 
əsrlərin müəyyən illərini əhatə edibmiş. 
Əsərinin VII cildini isə Həsən bəy Rumlu belə xatırladır: 1. ―Ondan sonra 
Abbasi xəlifəsi Müstəsimin qulu Yaqut (xəttat) oldu. Onun haqqında da VII cilddə 
yazılmışdır‖ [65, 141]. 2. ―Nadir hadisələrdəndir ki, Misir padşahı İsmayıl ibn 
Hafizəddinüllah da özünün Nəsir adlı bir cavan (oğlanı) tərəfindən bu cür 
öldürüldü. Onun haqqında VII cilddə təfsilatı ilə yazılmışdır‖ [65, 495]. Həsən bəy 
Rumlunun birinci cümlədə işarə etdiyi şəxs xəttat Yaqur Qulamdır. O, Qazan xanın 
hakimiyyəti dövründə (1295 – 1304) yaşı yüzü ötdükdən sonra vəfat etmişdir [14, 
48]. Bu xəttatın yaşadığı illərə əsasən VII cilddə 12 və 13-cü əsr hadisələrinin 
işıqlandırıldığı təxmin edilə bilər. 
Əgər salnamənin VI cildinin 10, 11, VII cildinin isə 12, 13-cü əsrləri əhatə 
etdiyini nəzərdə tutsaq, bu qənaətə gəlmək olar ki, VIII cild XIV əsrlə bağlı 
olmuşdur. IX əsrin 15, X cildinsə 16-cı əsrə aid olduğu məlumdur. Bunlardan bir 
daha təsdiq edilir ki, Həsən bəy Rumlu salnaməni 12 yox, 10 cilddə yazmışdır. 
―Əhsənüt-təvarix‖in əvvəlki cildlərinin bir zamanlar mövcud olmasının 
müəllifdən başqa heç kim tərəfindən göstərilməməsi və habelə onların dövrümüzə 
gəlib çatmaması həmin cildlərin bir vaxtlar həqiqətən də mövcudluğu fikrinə qarşı 
şübhə oyatmamalıdır, çünki göstərdiyimiz kimi, Həsən bəy Rumlu əsərinin əvvəlki 
cildləri haqqında elə inamla məlumat vermişdir ki, ona inanmamaq üçün əlimizdə 
heç bir əsas yoxdur. 
Şərqşünas alimlərdən F. Tauer [66, 26] və F. Sümer [56, müqəddimə] isə 
―Əhsənüt-təvarix‖in son iki cildindən əlavə qələmə alındığı güman edilən əvvəlki 
cildləri barədə öz fikirlərini bildirərək bunların əslində yazılmadığını söyləmişlər. 
Çoxcildli bir salnamə kimi yazılan ―Əhsənüt-təvarix‖ barədə düşünərkən, 
həqiqətən də, qarşıya belə bir sual çıxmaya bilməz: Əgər salnamənin əvvəlki 8 
cildi, doğrudan da, bir zamanlar mövcud olmuşdursa, nə üçün həmin cildlər 
müəllifdən başqa heç bir orta əsr tarixçisi tərəfindən xatırlanmamışdır? 
Məlumdur ki, tarixi əsərin qiyməti onun yazıçı yaşayan dövr hadisələrini 
əks etdirən ilkin mənbə olmasındadır. Məsələyə bu baxımdan yanaşdıqda, 
―Əhsənüt-təvarix‖ əsərinin yalnız X cildi dövrün ilk mənbəyi sayıla bilər, çünki 


11 
həmin cilddə öz təsvirini tapan hadisələr müəllifin öz dövrünün və nisbətən ona 
yaxın olan dövrün hadisələridir. Əsərin əvvəlki cildlərinin bizim dövrə kimi 
çatmamasının səbəbi bizim fikrimizcə, həmin cildlərdə qələmə alınmış hadisələrin 
―Mətləüs-sədeyn və məcməül-bəhreyn‖ [80], ―Kitab-i Diyar-bəkriyyə‖ [56], 
―Rövzətüs-səfa‖ [95], ―Həbibüs-siyər‖ [84] və başqa əsərlərdən əxz 
edilməsindədir. Ç.N. Seddon hələ 1927-ci ildə ―Əhsənüt-təvarix‖in əvvəlki 
cildlərinin həqiqətən də yazılmış olduğunu göstərmişdir [120, 311]. Ə. Nəvayi də 
―Mən inanmıram ki, Həsən Rumlu əvvəlki cildləri yazmamış olsun, çünki onun 
özü kitabının əvvəlki cildləri barədə məlumat vermişdir‖ [66, 27] fikrini söyləyib, 
əvvəlki cildlərin də bir vaxtlar mövcud olduğunu ehtimal etmişdir. 
Həsən bəy Rumlu özündən əvvəlki dövr hadisələrini əks etdirən tarixi 
əsərlərdən kor-koranə istifadə etməmiş, yeri gəldikcə, onların bəzisinə düzəlişlər 
vermiş, hadisələrin yazılışı zamanı dəqiqliyə riayət olunmasını arzulamışdır. Məs., 
―Həbibüs-siyər‖ əsərinə tənqidi yanaşan Həsən bəy Rumlu 913 (1507/08)-cü ildə I 
Şah İsmayılın ona düşmən olan Əlaüddövlə Zülqədər üzərinə etdiyi yürüş vaxtı 
onların arasında üç gün döyüş getdiyini yazan Xandəmirin məlumatını [84, 489 – 
490] təkzib etmiş, döyüşün Əlaüddövlə ilə yox, onun oğlu Sarı Qaplanla (Qasımla) 
baş verdiyini bildirmişdir [65, 94]. 
Yeri gəlmişkən qeyd edək ki, İskəndər Münşi də bu məsələdən bəhs 
etmiş, Xandəmir və Həsən bəy Rumlunun bu xüsusda verdikləri məlumatları 
araşdırmış və döyüşün Əlaüddövlə Zülqədərlə deyil, onun oğlu ilə I Şah İsmayıl 
arasında baş verdiyini bildirmiş, Həsən bəy Rumlunun fikrini qəbul etmişdir [59, 
32]. 
―Həbibüs-siyər‖i ―faydalı kitab‖ adlandıran bizim müəllif [65, 161] eyni 
zamanda ondakı bəzi səhvlərə də laqeyd qala bilmir. O, Xandəmirin başqa bir 
səhvini də tutaraq, osmanlı sultanı Səlim ilə Misir padşahı Sultan Qansu arasında 
921 (1514/15)-ci ildə olmuş döyüşün nəticəsini belə şərh edir: ―Sultan Qansu 
vəziyyəti belə görüb, döyüşdən əl çəkərək, qaçmağa doğru üz tutdu. Rumiyyə 
(osmanlılar – Ş.F) onları izləyib, böyük bir dəstəni məhv etdi. Döyüş meydanında 
Sultan Qansunun meyidini tapdılar... Qəribədir, faydalı ―Həbibüs-siyər‖ kitabının 
müəllifi yazmışdır ki, Sultan Qansu təbii ölümlə öldü və Sultan Səlim o diyarı 
döyüşsüz aldı. Ancaq bu sətirlərin müəllifi Həsən Rumlu, həmin döyüşdə olan on 
nəfərdən çox igidlə görüşərək, onlardan döyüşün şərhini xəbər almışdır. (Hadisə) 
biz yazdığımız kimidir‖ [65, 161 - 162]. 
Böyük bir kitab yazan tarixçinin bəzi hallarda səhvə yol verməsi 
mümkündür. Bizim müəllifi narahat edən əsla bu deyildir. Onun narahatlığına 
səbəb Xandəmirin özünün yaşadığı və bilavasitə şahidi olduğu dövr hadisələrində 
müəyyən diqqətsizliyə yol verməsidir. Həsən bəy Rumlu yuxarıda göstərilən hər 
iki misalda məhz o dövrdə yaşadığı halda bəzi hadisələri səhv izah etdiyi üçün 
Xandəmiri tənqid etmişdir [65, 161]. Beləliklə, bir daha aydın olur ki, Həsən bəy 


12 
Rumlu əsərini yazarkən dəqiq olmağa çalışmış, eyni zamanda başqa tarixçilərin 
əsərlərinə də tələbkarlıqla yanaşmışdır. 
―Əhsənüt-təvarix‖də müəllifin başqa bir düzəlişinə də rast gəlirik. Həsən 
bəy Rumlu bəzi tarixçilərin ağqoyunlu padşahı Uzun Həsənin (hakimiyyət illəri: 
1453 – 1478) qardaşı oğlu Murad bəyin adını səhvən Yusif bəy yazdıqlarını 
göstərmişdir [64, 166a]. 
Salnaməni mütaliə etdikcə əsərini yazarkən Həsən bəy Rumlunun həm 
tarixi kitablara müraciət etdiyini, həm də bir sıra hadisələrin şahidləri ilə görüşüb 
söhbət etdiyini aydınlaşdırmış oluruq. Müəllif əsərdə tez-tez belə qeydlər edir: ―Bu 
sətirlərin müəllifi bəzi adamlardan eşitdi ki, ... [64, 140b]. ―Bu sətirlərin müəllifi 
həmin sülalədən 6 nəfər tapdı‖ [64, 128a], ―Tarix kitablarında o tayfadan 4 nəfər 
tapdıq‖ [65, 156], ―Doğru danışan adamlar deyirlər ki...‖ [65, 284 - 285], ―Bəziləri 
bu əhvalatı belə danışıblar ki...‖ [65, 28] və s. Bunlar bir daha sübut edir ki, 
―Əhsənüt-təvarix‖ əsəri Həsən bəy Rumlunun gərgin əməyi və ciddi axtarışları 
sayəsində yaranmışdır. 
Salnamənin faydalı cəhətlərindən biri də onun məşhur dövlət xadimləri, 
tarixçilər, şairlər, alimlər və başqa görkəmli şəxslər haqqında məlumat 
verməsindədir. Əsərdə Azərbaycan şairlərindən İmadəddin Nəsimi [66, 210 - 211], 
Cahanşah Həqiqi [64, 168b], Ziya Ordubadi [65, 14] və başqa görkəmli simalar 
barədə fikir söylənilmiş, onların yaradıcılıqlarından bəzi nümunələr gətirilmişdir. 
Bunlara baxmayaraq, ―Əhsənüt-təvarix‖ müəllifinin I Şah İsmayılın şair olması 
haqqında fikir deməməsi təəccüb doğurmaya bilməz. Zənnimizcə, I Şah İsmayıl 
kimi məşhur bir hökmdar və sərkərdənin şairliyini göstərmək və onun döyüş 
məharəti əvəzinə şeryazma qabiliyyətini tərifləmək Həsən bəy Rumlunun 
məqsədinə uyğun olmamış və o, bu barədə susmuşdur. Bundan əlavə, ola bilsin ki, 
şan-şöhrətli bir şahın həmin dövrdə adi şairlər kimi şer yazması şahlıq şəninə 
yaraşmayan bir əməl sayılmış və ―Əhsənüt-təvarix‖ müəllifi tərəfindən 
qiymətləndirilməmişdir. 
XV əsr Azərbaycan hökmdarı və şairi Cahanşah Həqiqi haqqında 
salnamədə geniş məlumat vardır
5
. Qaraqoyunlu padşahı Cahanşahın siyasi 
fəaliyyətini öyrəndikcə və şair Həqiqinin şerlərini mütaliə etdikcə, şah Cahanşahla 
şair Cahanşah arasındakı fərqin nə qədər böyük olduğu nəzərə çarpır. Cahanşah 
apardığı döyüşlərdə onlarla şəhəri viran qoymuş, ―böyük kiçiyi, qoca cavanı qətl 
etmişdir‖ [64, 196a]. Onun şəxsiyyəti barədə Həsən bəy Rumlu belə yazır: 
―Sitəmkar, başkəsən, zalım, firon xasiyyətli və eyş-işrətə mail bir padşah idi‖ [64, 
196a]. Cahanşah haqqında Dövlətşah Səmərqəndinin də belə bir qeydi vardır: 
―Etibarsız və pis xasiyyətli bir adam idi. Sərdarları hər bir bəhanə ilə həbs edirdi və 
5
Cahanşah Həqiqinin Azərbaycan dilində yazdığı qəzəl və rübailər bir neçə il bundan əvvəl çapdan 
çıxmışdır [23]. 


13 
onun həbsi əbədi zindan demək idi‖ [73, 547]. Mir Yəhya Qəzvini də Cahanşahın 
etimadsız, bədxasiyyət, pis əməllərə mail şəxs olduğunu göstərir [96, 122a]
6

―Əhsənüt-təvarix‖ əsərində xətt və xəttatlar haqqında da maraqlı qeydlər 
vardır [65, 140 - 142]. Məşhur xətttatlar sırasında Azərbaycan xəttatı Mir Əli 
Təbrizinin də adını çəkmiş və onun haqqında nisbətən geniş məlumat vermişdir 
[65, 142]. 
Salnamədə o zaman müəllifə məlum olan gəmi növləri haqqında da 
yazılmışdır [65, 37 - 38]. Tüfəngin Avropada icad olunduğunu bildirən Həsən bəy 
Rumlunun mülahizələri maraq kəsb edir [64, 266b]. 
Qeyd etmək lazımdır ki, salnamə yazılarkən bəzi məkan adları müəllif 
tərəfindən dəqiq müəyyənləşdirilmədiyindən sətirlərdə bəzən ad yerinə nöqtələr 
qoyulmuş və sonradan həmin yerlər doldurulmamışdır [65, 382, 414, 494]. 
Bununla, Həsən bəy Runlunun dəqiqliyə riayət etdiyi bir daha nəzəri cəlb edir. 
Beləliklə, dövrün feodal sinfinə mənsub olan Həsən bəy Rumlunun 
tərcümeyi-halı və onun tarixi irsinin bütövlükdə öyrənilməsi bir zərurət kimi 
qarşıya çıxmışdır, çünki ―Əhsənüt-təvarix‖ əsərində təsvir edilən ictimai-iqtisadi 
və siyasi tarix məsələləri əhəmiyyətli olduğu vıə Azərbaycan tarixçisinin 
qələmindən çıxdığı üçün olduqca səciyyəvidir. 

Yüklə 0,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin