AZƏrbaycanda



Yüklə 2.66 Kb.

səhifə14/23
tarix18.01.2017
ölçüsü2.66 Kb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

III. Romantizm ədəbi 
məktəbi 
 
Azərbaycan romantizmi Fransada, İngiltərədə olduğu kimi 
müəyyən bir dövrdə ədəbi həyatda, ədəbi prosesdə üstünlük təşkil 
edən güclü məktəb olmamışdır. Romantizm bizdə realizm ilə 
müvazi yaranmışdır. 
Məlumdur ki, Azərbaycan burjuaziyası çox mürəkkəb və 
ziddiyyətli bir yol keçmişdir. O, yeni dövrün sarsıdıcı 
hadisələrindən qorxmuş,  ən yaxşı hallarda kənarda durmuşdur. 
Doğrudur, ayrı-ayrı tacirlərin və  sənaye sahiblərindən bəzisinin 
mədəni-maarif işlərində  fəaliyyəti olmuşdur. Hətta keçən  əsrin 
axırlarından başlayaraq Avropa mədəniyyətindən mütəəssir olan 
tək-tək adamlar mədəniyyət yolunda az səy göstərməmişlər. 
Bakıda böyük mətbəə  təşkil edən Orucov qardaşları, 
Teymurxanşurada (Maxaçqalada) məskən salan, şair və  ədiblərə 
maddi cəhətdən kömək göstərən, bir sıra  əxlaqi-tərbiyəvi 
yenilikpərəst risalələrin müəllifi olan Təbriz taciri Hacı 
Əbdürrəhim Talıbov, "Səyahətnameyi-İbrahim bəy" kimi məşhur 
əsərin müəllifi Marağalı Zeynalabdin belə adamlar idilər. 
Qabaqcıl ziyalılar Hacı Zeynalabdin Tağıyev kimi varlıların 
maddi imkanlarından istifadə edir, maarif, mətbuat, cəmiyyəti-
xeyriyyə  tədbirlərinə çalışırdılar.  İntibah işinə qeyrətlə yanaşan 
bu tacir və  sənayeçilərin bəzisi həqiqi vətənpərəstlər idisə, 
bəziləri qazanc və şöhrət məqsədi ilə mətbuat və kitab nəşrinə əl 
atırdılar. Hər halda intibah yolunda, adamların diqqətini yeni 
dünya, Avropa 
 
  

 
232
mədəniyyətinə  cəlb etmək yolunda həmin varlıların xidməti 
olmamış deyildir. Burjuaziya və yuxarı siniflər mühitinə az-çox 
yaxın olan yazıçıların çoxu Azərbaycan romantikləri idilər. 
Azərbaycan romantiklərini əsasən iki hissəyə ayırmaq olar: 
mürtəce romantiklər, tərəqqipərvər romantiklər. 
XX  əsrin  əvvəllərində romantik ədəbiyyat, hətta romantik 
təfəkkür üçün Azərbaycanda  əlverişli zəmin yaranmışdı. Müasir 
dövr, yəni ölkənin o zamankı  vəziyyəti heç kəsi təmin etmirdi. 
Feodalizm quruluşu və ictimai ənənələri kökündən laxlamışdı, 
ancaq yıxılmamışdı. Buna görə  də  cəmiyyət bir təbəddülat, bir 
inqilab vahiməsinin  əndişəsi ilə yaşayırdı. Nicat yolu, xoşbəxt 
gələcək arzusu ədəbiyyatda da çox ziddiyyətli şəkildə təzahürünü 
tapırdı. Bəziləri üzlərini keçmişə tutub, islam xəlifələrinin, türk 
sultanlarının hökmranlığı zamanlarını arzulayırdılar. Ona görə də 
keçmişə, tarixə, xilafət zamanına qayıdaraq  şərqilər, 
xitabnamələr, dramlar, faciələr yazırdılar. 
Başqa, daha qüvvətli, get-gedə daha da qanadlanan bir sağlam 
xəyal da var idi. Bu, zəminəsi yerdə olan, qidasını xalq 
hərəkatından alan, gələcək arzularından, yaratmaq həvəs və 
ehtirasından doğan bir xəyal idi. 
Parlayan bir ümid, işıqlı gələcək etiqadı XX əsr tərəqqi-pərvər 
romantiklərinin əsərlərində başlıca səciyyəvi cəhətdir. Bu dövrün 
görkəmli romatiklərindən biri Məhəmməd Hadidir. Məhəmməd 
Hadi, yaşadığı günlərin və mühitin ən müdhiş  mənzərələrindən, 
ən kədərli lövhələrindən yazanda bu ümidlə yaşayır və  təsəlli 
tapır. O, "Meydani-hərb xatirələrindən" adlı bir təsvirində 
müharibə  dəhşətlərini saydıqdan sonra üzünü gələcəyə tutub 
deyir: 
 
Fəryadi-şitadə güləcəkdir yenə gülşən,  
Torpaq qucağı olsa da insanlara mədfən.
1
 
                                                 
1
 
M.Hadi. "Öfraqi-nəfisə", 1919, №2.
 
 
 

 
233
Azərbaycan romantiklərində ictimai-siyasi mövzularla yanaşı, 
təbiətin inikası,  şeirdə  mənzərələr yaradılması xüsusiyyəti 
qüvvətli olmuşdur. Onlar, cəmiyyət hadisələrində olduğu kimi, 
burada da məna, fikir və düşüncə axtarmışlar. Kainatın, təbiətin 
gözəlliklərinə böyük əhəmiyyət vermiş və onları fəlsəfi baxımdan 
mənalandırmaq istəmişlər. A.Səhhət Novruz haqqındakı şeirində 
həyatın ziddiyyətlərini düşünməyə  və bunlar içərisində haqqı 
tapmağa çağırır: 
  
 
Dəmdir ki, şövqi-arizi-dilbərlə məst olaq,  
Dəmdirki, "nisti" arayaq, taki "hast" olaq.  
Dəmdir ki, bütləri unudub həqpərəst olaq,  
Dəmdir ki, cümlə vafiyi-əhdi-əlast olaq.
1
 
 
Bu cəhətdən Hadinin qələmi daha qüvvətlidir. O, məftunu, 
heyranı olduğu kainatın hər zərrəsindəki sirri aramaq, tapmaq 
istəyir. "Bədayei-təbiət" ("Təbiətin gözəllikləri") adlı  şeiri 
əvvəldən axıra qədər bu sirli suallardan ibarətdir. Cəmiyyət 
həyatında "həll edə bilmədiyi" sualların cavabını sularda, 
bulaqlarda arayır, "faciəzar" mənzərələrə heyran qaldığını deyir: 
 
Zülm əhlixərab eylədi gülzari-vücudi,  
Ey vah, sitəm məhv elədi baği-şühudi.  
İştə açıyor hüznlü bir səslə budaqlar,  
Bərxatir edib şişəyi saya şaxçiin ağlar...  
Yarəb, bu necə mənzərəyi-faciəzardır?  
Hərpərdəsi, hərfəsli səzavari-bukadır. 
 
Hər zərrədə məşhud olur asari-fəlakət,  
Bir gövhəri-qəmdənmi doğub tifli-təbiət?...
2
 
 
                                                 
1
A.Səhhət. "Olmalı", (Əlyazması), Nizami adına  Ədəbiyyat  İnstitutunun 
əlyazmaları şöbəsi, inv. № 4098. 
2
  M.Hadi. "Dəbistan", 1906, № 16, səh.5. 
 

 
234
Azərbaycan romantiklərində  də, ümumən romantiklərdə 
olduğu kimi, təbiətə meyl, gələcəyə ümid kollektivdən çox fərdin 
qüdrətini tərənnüm, dil-üslub təntənəsi, müəyyən dərəcədə 
mücərrədlik, üsyankar xitab və suallardan həzz almaq 
xüsusiyyətləri vardır. Ancaq bu ədiblər fransız, rus, hətta rürk 
romantiklərinə çox oxşamadıqları kimi, biri-birindən də 
fərqlidirlər. Bunların hərəsində romantizmin bu və ya digər cəhəti 
daha bariz görünməkdədir. 
Misal üçün, Abbas Səhhət yaradıcılığında incəlik, gözəllik 
mövzularına vurğunluq, zərifliyə böyük rəğbət diqqəti cəlb 
edirsə, A.Divanbəyoğluda kəndi, təbiəti, köçəri məişət və 
adətlərini idealizə etmək meyli güclüdür. Əbdülxalıq Cənnəti isə 
əxlaqi nəsihət ruhlu mənzumələrdə daha çox müvəffəq olmuşdur. 
M.Hadidə mücərrəd fəlsəfəyə, ümumi təfəkkürə, ictimai 
mücadilələrin mənasını axtarmağa, insanları yalnız öz işləri, öz 
münasibətləri haqqında deyil, həm də ümumən varlıq haqqında 
düşünməyə çağırmaq, mövcud "sirli" aləmin mübhəm 
suallarından xilas üçün çarə tapmaq həvəsi, insanın acizliyinə 
dözməmək arzusu üstündür. 
M.Hadi isə  şeirin  şüara çevrilməsini istəyirdi. Onun 
ilhampərvər və coşqun əsərləri Azərbaycan ədəbiyyatında siyasi 
şeirin qüvvətli nümunələrindəndir. Abbas Səhhət sənətdə 
hissiyyatın hakimliyini tərənnüm edirdi. Onun əsərlərində  təbiət 
mənzərələrinin,  şəhər və  kənd lövhələrinin,  əmək həyatının 
təsvirinə geniş yer verilir. Bu cəhətdən A.Səhhət müəyyən 
dərəcədə fransız və rus simvolistlərindən də  təsirlənməmiş 
deyildi. 
M.Hadi, H.Cavid və A.Səhhətin yaradıcılığında gördüyümüz 
bu yeni meyl, ictimai-siyasi şeir, vətəndaşlıq  şeiri XX əsr 
ədəbiyyatında ən qüvvətli cərəyan olaraq inkişaf etdi. 
İnsan və onun əhvali-ruhiyyəsi, qəlb və onun mürəkkəb aləmi 
A.Divanbəyoğlunun əsərlərində başlıca mövzudur. Bu 
 
  

 
235
yazıçılar 
ədəbiyyatımızda yeni romantizmin əsas 
nümayəndələrindəndir. Onların  əsərlərində  vətənpərvərlik, 
azadlıq, sənətdə  həqiqi, canlı, insan hissləri, mədəniyyət və 
ictimai inkişaf tərənnüm olunur. 
Bu yazıçılar da realistlər kimi, M.Ə.Sabir və 
C.Məmmədquluzadə kimi keçmişə, köhnəliyə düşməndirlər. 
Bunlarda da köhnəliyə, cəhalətə qarşı nifrət və  qəzəb vardır. 
Ancaq bunlarda hiss, həyəcan, xitab, müraciət, çağırış meyli 
üstündür. Bunlar bəzən real ictimai münasibətlərdən kənarda 
dayansalar belə, öz ictimai həyəcanları ilə, vətəndaşlıq hissləri 
ilə, böyük ümid və arzuları ilə yaşayırdılar. 
Dil və üslub cəhətdən qəlizliyinə, çətinliyinə, ancaq yüksək 
ziyalı kütlələrinin zövqünə daha uyğun olmasına baxmayaraq, 
mütərəqqi romantiklərimizin bütün gözəl  ənənələri Azərbaycan 
şeirinin inkişafına xidmət edən, onu yeni mərhələyə qaldıran bir 
təcrübə yolu olmuşdur. 
 
  

 
236
 
Məhəmməd Hadi 
 
(1879-1920) 
 
Tərcümeyi-halı 
 
Azərbaycan romantizminin görkəmli simalarından biri olan 
Məhəmməd Hacı  Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə 
Şamaxı  şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində 
doğulmuşdur.  İbtidai təhsilini məhəllə  məktəbində  şamaxılı 
Molla Səmədin yanında almış, sonra Hacı Molla Abbasın
1
 
məktəbində oxumuşdur. 9 yaşında Hadinin atası  vəfat etmiş, 
anası başqa ərə getmişdir. Atasının ölümü və qohumlar ümidinə 
qalması Hadiyə ağır təsir etmişdir. Məhəmməd Hadi bacıları ilə 
bərabər nənəsi Teyyibə xanımın himayəsində qalmışdır. Teyyibə 
xanım öz nəvələrini, xüsusilə  gələcəyinə çox ümid bəslədiyi 
Məhəmmədi böyük qayğı ilə böyüdürdü. O, uşağı ərəbcə, farsca 
oxutmaq, mollalığa hazırlamaq niyyətində idi. Teyyibə xanımın 
vəfatından sonra M.Hadi başqa qohumlarından Mustafa Lütfinin 
himayəsində yaşamalı olmuş və ərəb dilini ondan öyrənmişdir. 
Məhəmməd Hadi fitrətən sərbəst təbiətli, izzəti-nəfsini sevən, 
minnət götürməyən, məhdud yaşamağı bacarmayan istedadlı bir 
uşaq idi. Ona görə də başına gələn fəlakətləri 
 
 
                                                 
1
 Şair Abbas Səhhətin atasıdır 

 
237
dərindən duyur, kiçik yaşlarında belə  mənəvi iztirablar çəkirdi. 
O, mühitinə  sığa bilmir, köhnə  həyatda heç bir təsəlli  əlaməti 
görmürdü. Bu mühitdən qurtulmağa can atırdı. O, uzaq və böyük 
şəhərlərdə, yeni üsul ilə oxumaq, yeni elmləri öyrənmək istəyirdi. 
Lakin o zaman bu, yetim uşaq üçün müyəssər olmayan bir arzu 
idi. Hadi varlı qohumlarından bu barədə kömək istəyirsə də, heç 
kəs onun arzusuna əhəmiyyət vermir. Şair bunu şeirlərinin 
birində belə xülasə edir: 
 
Oxumaqçın nə qədər dadu fəqan etdimsə,  
Olmadı zərrə əsərbəxş şu istimdadım.  
Dağa dersən eşidir, sonra verir əksi-səda,  
Daşa dönmüşlərə əks eyləmədi fəryadım
 
Hadi istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola 
bilmədiyindən,  əmisi oğlunun köməyi ilə ticarət işinə  əl atır, 
ancaq bu iş onun ürəyinə yatmadığından tezliklə tərk etdi. 
Şamaxı zəlzələsindən sonra (1902) Kürdəmirə köçən M.Hadi 
orada müəllimlik edir. 
Hadi mətbuat aləminə 1905-ci ildə  çıxmışdır. "Həyat" 
qəzetinin 109-cu nömrəsində Hadinin "Lövhi-məkatib" adlı şeiri 
çap olunmuşdur. Şair bu şeirində bütün misraları "məkatib" sözü 
ilə başlayaraq bu sözə tərif və sifət verir: 
 
Məkatib cilvəgahi -tələəti-fəyyazi-qüdrətdir,  
Məkatib pərtövü-ənvari-şəmsi-sübhi-vəhdətdir. 
 
Redaksiya bu tərifə aid, şeirin axırında yazır: "Görünür ki, 
məkatib haqqında sözü tamam edib istəmirsiniz ki, sizdən sonra 
da qəzetimizdə söz yazan olsun. Lakin səhviniz var. Bu xüsusda 
nə qədər yazılsa yenə də azdır!...".
1
 
   
  
                                                 
1
 
Həyat, 1905, №109, səh.3.
 

 
238
Hadi mətbuatdakı  şeirləri ilə oxucuların hörmətini 
qazanmaqda idi. Onu yaxından tanıyan Mustafa Lütfi 
Həştərxanda "Bürhani-tərəqqi" qəzetini nəşr edirdi və onun Hadi 
kimi qüdrətli qələm sahibinə böyük ehtiyacı var idi. Onun 
çağırışına görə Hadi tamamilə müəllimlikdən  əl çəkir, 1905-ci 
ildə  Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. M.Hadi 
"Həyat", "Füyuzat" və "Bürhani-tərəqqi" qəzetlərində elmə, 
maarifə çağıran  şeirlər və intibah məsələlərinə dair məqalələr 
yazırdı. M.Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə 
Bakıya gəlib "Füyuzat" məcmuəsində çalışır, buradakı osmanlı 
müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların geniş 
nəşrinə çalışır. "Füyuzat" qapandıqdan sonra o, "Tazə həyat" və 
"İttifaq" qəzetlərində işləyir. 
1910-cu ildə Hadi, İstanbula gedir, "Tənin" qəzetində  Şərq 
dilləri mütərcimi sifəti ilə çalışır, yazıları ilə  də yerli qəzet və 
məcmuələrdə  iştirak edir. Hadinin alovlu bir hiss ilə, 
tərəqqipərvərlik ruhunda yazdığı  şeirlər bütün Yaxın  Şərqdə 
oxunub yayılırdı. Hətta  şairin "Fünun və maarif adlı  şeiri 
Hindistanda, "Həblülmətin" qəzetində farsca tərcümə olunub çap 
edilmişdi. 
1913-cü ildə, hərbi nazirin qəmlu münasibətilə kənardan gələn 
ziyalılardan  şübhələnən Osmanlı hökuməti Hadini də  həbsə alır 
və  Səlanikə sürgün edir. Orada da Hadidən  şübhələnir, onu 
incitməyə başlayırlar. Hadi başına gələn ağır fəlakətlərdən sonra 
1914-cü ildə Bakıya qayıtmağa müvəffəq olur. 1915-ci ildə 
Qafqaz ordusunda feldşeir sifəti ilə çalışdığı zaman Avstriya 
cəbhəsinə, Karpata gedir, müsəlman  əsgərləri arasında alay 
mollası vəzifəsini ifa edir. 
Hadi harada, nə  vəzifədə olur-olsun, qələmindən, odlu 
şeirlərindən ayrılmırdı. Cəbhə, döyüş 
həyatı onun 
yaradıcılığındakı mürəkkəbliyi artırdı. Müharibənin bütün 
dəhşətlərini duyan, həssas  şair bu hadisələrin heç olmasa 
qaralamasını  cızmağa, gələcəkdə özünün fəlsəfi  əsərini 
yaratmağa çalışdı. 
 

 
239
  
Cəbhədən yazdığı  məktublarından görünür ki, Hadi gecə-
gündüz yazır, yaradırmış. O, müharibənin bitməyini aramsız 
gözləyirdi, vətənə dönüb öz yaradıcılıq planlarını  həyata 
keçirməyə can atırdı.  Şair cəmiyyətin gələcəyinə inanırdı: "Elm 
və mərifətlə müsəlləh olmayanlar bundan sonra pək bədbəxt bir 
halda yaşayacaqlar. Yaşayacaqlar deyil, sürünəcəklər. Hal-
hazırda atəşfişani-cahan olan müharibeyi-cəhənnəm nümundən 
sonra yeni həyat, yeni məişət vücuda gələcəkdir. Hər  şeydə bir 
inqilab və  təcəddüd görüləcəkdir. Dünyada bir dəyişiklik hasil 
olacaqdır... Madam ki, həyat daimi bir mübarizədən ibarətdir, bu 
mübarizədə  məğlub deyil, qalib və  zəfəryab olmaq istəyənlər 
vaxtın nə  qədər cahanqiymət bir şey olduğunu anlayaraq, onun 
əmri-tələbinə gərdəndadeyi-inqiyad və itaət olmalıdırlar".
1
 
Hadi cəbhədə ikən bir sıra xırda şeirləri ilə yanaşı tərcümeyi-
halını  əhatə edən "Sərgüzəşt"ini yazmağa başlamışdı. 
Müharibənin təsvirindən ibarət olub, Şərq ilə  Qərbi müqayisə 
edən fəlsəfi poemanı da burada yazmışdır. 
Qafqaz ordusudan qayıtdıqdan sonra (1918) Hadi bir müddət 
Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman Hadi maddi 
ehtiyac içində idi. Yerli hökumət adamları  şairin taleyi ilə 
maraqlanmırdılar. Mətbuatda  şeir çap etdirməklə yaşamaq 
mümkün deyildi. Şair öz əsərlərini vərəqə halında çap etdirərək 
satırdı. Müharibə  dəhşətləri  şairdə  bədbin bir əhvali-ruhiyyəyə 
səbəb olmuşdu. Hadi heç kəsə inanmaq, heç kəsə qoşulmaq 
istəmir, tənhalıqda sinədən dediyi odlu misralarla qəmlərini 
unutmağa çalışırdı. 
M.Hadi 1920-ci ildə Gəncədə vəfat etmişdir. 
Əli Nəzminin öz xatirələrində yazdığına görə, həmin ilin 
baharında şair ağır maddi ehtiyacda idi. Gəncə üsyanından bir 
 
                                                 
1
 M.Hadi. "II məktub", 09.VIII.1916-cı il. Stanislav şəhəri. (Əlyazması), 
Nizami adına Ədəbiyyat  İnstitutunun əlyazmaları şöbəsi, inv. № 3620-21. 
 

 
240
neçə gün sonra (1920, may) Hadi xəstəxanada ağır yatırmış, 
həmin günlərdə vəfat etdiyi güman olunur. 
 
M.Hadinin şeiri 
 
Məhəmməd Hadi Azərbaycan romantizm ədəbi məktəbinin 
görkəmli nümayəndələrindəndir. O, coşqun, alovlu, hərarətli təb 
sahibi, müasir ictimai hadisələrə vaxtında səs vərməyə cəhd edən 
bir şair idi. Azərbaycan şeirində Nəsimi və Füzulidən belə davam 
edib gələn milli romantik ənənələrin yeni, müasir romantizmə 
keçid dövrü Hadi yaradıcılığında öz ifadəsini tapmışdır. 
Hadi dil, təsvir və ifadə vasitələri,  şeirinin quruluşu etibarilə 
qədim klassik poeziyaya daha çox bağlıdır. O bu ədəbiyyatın 
mənəvi qidası ilə böyümüşdür. Lakin Hadi bir çox şairlər kimi 
klassik  şeir məktəbimizin  əsiri olmamışdır. O da Sabir kimi, bu 
şeir ilə müasir ədəbiyyat meydanına çıxmağın mümkün 
olmadığını duymuşdu. O, şeirin  şüara çevrildiyini, fəal bir 
mübarizə vasitəsi olduğunu duymuş  və mövzularının hamısını 
həyatdan, siyasi və ictimai mübarizələrdən almışdır. 
Mətbuatın, elm və  mədəniyyətin faydası, texnika, azadlıq 
hərəkatı, yeni nəslin tərbiyəsi, qadın azadlığı, dünyəvi elmlərin 
kəşf və xariqələri, vətənin tərəqqisi, cəhalətdən xilas olmaq, 
mədəniyyət səviyyəsini yüksəltmək, insani hisslərin 
müqəddəsliyi və s. M.Hadinin başlıca mövzularıdır.  Şair bütün 
bu məsələləri vərdiş etdiyi qəliz və çətin bir dillə ağır, mürəkkəb 
ərəb-fars tərkib və məcazları ilə ifadəyə çalışmışdır. 
 
İnsan o zatdır ki, vəzifəşünas ola,  
Nəxli-əməl misali-səmərbəxşi-nas ola...
1
 
 
                                                 
1
 
M.Hadi. Firdövsi-ilhamat, Bakı, 1908, səh.20

 

 
241
Bu misralarda Azərbaycan sözləri yox kimidir. Olanı da 
ifadənin tələbinə, tərkibinə elə tabe tutulmuşdur ki, "ola" 
kəlməsinin özü də ərəb sözünə oxşayır və qədim əruz ahəngində 
səslənir. 
Qəliz, çətin  ərəb-fars  şeiri üslubunda yazmaq Hadinin 
nöqsanından çox, bədbəxtliyi idi. Ədəbi-bədii dilimizin keçirdiyi 
cürbəcür çətin, mürəkkəb istihalələr və son dövrdəki sürətli 
inkişaf bir çox şairləri, hətta istedadlı şairləri müəyyən vaxtda və 
dərəcədə oxucu kütləsindən ayırmışdı. Hadi yaradıcılığının 
fəlakəti orasındadır ki, şair bilavasitə xalq ilə dilləşə bilmir. Şairi 
ancaq bir ovuc ədəbiyyatçılar,  əsasən, tədqiqatçılar oxuyub 
anlayırlar.  Şair ilə xalq arasında bir növ dilmanc işi görən bu 
tədqiqatçılar kənara çəkildimi, Hadi kütləvi Azərbaycan oxucusu 
üçün, hətta müasir ali məktəb tələbəsi üçün qapalı bir sandıqdır. 
Elə buna görə  də  şairin sənətinə  həqiqi, ya qeyri-həqiqi verilən 
qiymət və  təhlillər geniş miqyasda müzakirə  və müqayisə 
mövzusu ola bilmir. Bir də Hadinin "Füyuzat" məcmuəsində 
işləməsi və yazılarını burada çox çap etdirməsi şairi istər-istəməz 
həmin məcmuənin dil, üslub xəttinə uyğunlaşmağa məcbur 
etmişdir. "Füyuzat" isə sadə yazan və yazanda oxucunu nəzərdə 
tutan ədibləri həmişə məzəmmətləyirdi. 
Bu deyilənləri və  şairin köhnə  məktəb təhsilini nəzərə alsaq
dil məsələsi haqqında artıq danışmağa ehtiyac qalmır. 
Hadinin "Qur'an"dan gətirdiyi nümunələr də  əsasən elmin, 
maarifin, tərəqqinin zərurəti haqqındadır.  Şair oxucu ilə onun 
səviyyəsinə, tərbiyəsinə, mədəniyyətinə görə danışmağı təsirli və 
faydalı sayır. Hadini dindar, ya bədbin tanımaq istəyənlərə 
məsləhət görərdik ki, şairin "Şikufeyi-hikmətə müqəddiməsini bir 
də oxusunlar. Şair burada bir kəlmə də ikimənalı söz deməmişdir: 
"Qırx illik sərmayeyi-həyatını heyvanları  tətöbbə  və  tədqiq 
etməklə keçirən məşhur  

 
242
və hörmətlərə layiq bir simayi-hikmətin, ingilis filosofu Darvinin 
kəşfə müvəffəq olduğu bir həqiqət kitabi-həyatın hər yarpağında 
oxunur. Bu məruf filosof meydana qoyduğu nəzəriyyəsində 
xülaseyi-əfkarını belə  bəyan edir: "Təbiətin  əzəli qanunun 
movicibincə bu həyat mübarizəsində acizlər, zəiflər özlərindən 
daha qüvvətli olanlar tərəfindən yeyilərək,  əzilərək məhv və 
nabud olacaqlardır. Taki istifayi-təbii hasil ola bilsin". Aşağıdakı 
dəyərsiz  şeirlərim o təbiətşünas həkimin bu nəzəriyyəsinin 
ilhamgərdəsidir".
1
 
Şairin, Darvin kimi fılosofun nəzəriyyəsindən xüsusi və fəlsəfı 
bir kitab yazdığını görürük. Hadinin məfkurəsində  bədbinlik 
səciyyəvi deyildir. Onda mübarizədən  əl üzmək, hər mənanı 
badədə axtarmaq kimi bir tərki-dünya  əhvali-ruhiyyəsi yoxdur. 
Şairin məşhur "İnsanların tarixi faciələri" adlı fəlsəfi poemasını, 
romantik fəryadlarını nəzərə almasaq, onun əsərlərində bədbinlik 
yoxdur,  əksinə, həssaslıq, dərinliklərə varmaq meyli, fəlsəfı 
zənginlik arzusu vardır. 
Şairin, xüsusən, həyatının axırlarını laübalı keçirməsi, cibində 
şərab  şüşəsi gəzdirməsi də  çəkməyə  məcbur olduğu ictimai 
iztirablarla bağlıdır: 
 
Füzuli dərd əlindən dağa çıxdı, 
 Dedilər bəxtəvər yaylağa çıxdı. 
 
Hadi də belə "dağa çıxmağa" məcbur olmuşdu. Özü də 
Şamaxı, Gəncə dağlarına yox, həbsxanalardan, Yunanıstan 
sürgünlərindən sonra Karpat dağlarına qədər gedib çıxmışdı. 
Lakin orada, qanlı müharibə meydanlarında Hadi öz xalqının, 
vətəninin dərdi ilə  məşğul idi. Məlumdur ki, müharibədə, 
Karpatda ikən o, "Şərq ilə  Qərbin müqayisəsi" adlı maraqlı bir 
əsər yazırmış.  Şair müharibə meydanlarında gördüyü səhnələri 
bütün çılpaqlığı  və  dəhşəti ilə  təsvir edirmiş. "Şərq ilə  Qərbin 
                                                 
1
M.Hadi. Şikufeyi-hikmət, Bakı, 1914, səh.2. 
 

 
243
müqayisəsi"  əlimizdə yoxdur. Ancaq bəzi parçalar var ki,
1
 
bunları  məzmununa görə  həmin  əsərə aid etmək mümkündür. 
Məsələn, şair köhnə, Firdovsi dövrünün vuruşması ilə müasir isti 
silah vuruşmalarını  "Şahnamə" vəznində  və  "Şahnamə" dili ilə 
belə verir: 
 
Degildir bu qovğayi-Turan zəmin,  
Bu cəngi-fünundur, cəhim afərin,  
Degildir bu qovğayi-Əfrasiyab,  
Bu bir cəngdir, çəngi-aləmxərab!  
Bunu görməmiş Rüstəmi-filtən,  
Bu bir cəngdir, meyvəyi-elmu fən.  
Degildir bu qovğayi-divi-səfid,  
Topun səsləri der ki: həl min-məzid?  
Xəyalatdır əjdəri-həft-sər,  
Həqiqət olur: tupi-dəhşət-əsər.  
Yaxar varını, yoxduq icad edər,  
Həyatı yıxar, mövtü abad edər. 
 
Hadi təxminən 15 ilə yaxın fəal yaradıcılıq dövrü keçirmiş, 
"Firdövsi-ilhamat" (1908), "Şikufeyi-hikmət" (1914), "Eşqi-
möhtəşəm, yaxud ana qucağı" (1914), "Əlvahi-intibah, yaxud 
insanların tarixi faciələri" (1918) adlı şeir kitablarını çap etdirmiş, 
Nizamidən, Sədidən, Hafizdən, Rumidən mə- 
                                                 
1
 
Kamal Talıbzadədə olan və  "Əlvahi-intibah" adı ilə  nəşr olunan vərəqədə, məzmunca 
yuxarıdakı məsələni təsvir edən şer də ehtimal ki, həmin silsilədəndir. Bax: M.Hadi "Əlvahi-
intibah", Bakı, 1914. Mir Cəlal müəllimin bu qeydi ilə  əlaqədar olaraq akademik Kamal 
Talıbzadəyə müraciət etdik. O, Mir Cəlal müəllimin öz mülahizələrində tamamilə haqlı  və 
əsaslı olduğunu söylədi. Kamal Talıbzadə bildirdi ki, Məhəmməd Hadi məzmunca həmin 
əsərinə uyğun gələn serparçalarını çox iri həcmli vərəqələrdə çap etdirərək özüyayırmış. Çox 
güman ki, onlarınəhz "Şərq ilə Qərbin müqayisəsi" əsərinə aid olmuşdur. Həmin vərəqələrdən 
ikisi hazırda Kamal Talıbzadənin şəxsi arxivindədir; - Redaktor. 
 
 
1   ...   10   11   12   13   14   15   16   17   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə