AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə1/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
  1   2   3   4   5   6   7   8   9   ...   23

 
 

 
1
 
 
 
 
MİR  CƏLAL 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANDA  
ƏDƏBİ MƏKTƏBLƏR 
(1905-1917) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bakı-2004 
 

 
2
Elmi redaktoru  
və çapa hazırlayanı:  
Təhsin Mütəllimov 
filologiya elmləri doktoru, professor 
 
 
 
 
Mir Cəlal. Azərbaycanda  ədəbi məktəblər (1905-1917) Bakı, 
2004, 391 səh. 
 
Azərbaycan  ədəbiyyatının və elminin inkişafında müstəsna xidmətləri 
olan əməkdar elm xadimi, fılologiya elmləri doktoru, professor Mir Cəlal 
Paşayevin bu kitabı onun doktorluq dissertasiyası əsasında hazırlanınışdır. 
Kitabda 1905-1917-ci illərdə formalaşan və  ədəbiyyatımızın sonrakı 
təkamülündə mühüm rol oynayan ədəbi məktəblərin ideya-estetik 
platforması,  ədəbi metod və üslub özünəməxsusluğu ilk dəfə olaraq 
sistemli, monoqrafik planda təhlil olunmuşdur. Həmçinin mövzu ilə 
əlaqədar olaraq XX əsr Azərbaycan  ədəbiyyatının həm realist, həm də 
romantik qolunu təmsil edən bir sıra görkəmli sənətkarların yaradıcılığı 
geniş elmi təhlilini tapmışdır. Ümumilikdə bu dövrun ədəbiyyatının inkişaf 
istiqaməti və xarakteri haqqında müfəssəl təsəvvür yaradılmış, orijinal 
nəzəri mülahizələr söylənilmişdir. 
 
 
 
 
4603000000-629  
 
© “Ziya-Nurlan” 
N -098- 2004 
 
 
© Mir Teymur (bədii tərtibat) 
  
 
 

 
3
 
 
 
 
 
 
Ustad   yadigarı 
 
Mir Cəlal müəllim ilk növbədə gözəl romanlar, povəstlər və 
hekayələr müəllifi kimi geniş  şöhrət qazanmışdır. Həyatımızın 
tipik lövhələrini, aktual problemlərini xalq yumorunun fəlsəfi 
müdrikliyi və  şux nikbinliyi ilə  təcəssüm edən bu qüdrətli 
sənətkarın bədii yaradıcılığı onun zəngin elmi irsindən daha çox 
diqqəti cəlb etmişdir. Yəqin ki, bu cəhət bədii  ədəbiyyatın 
kütləviliyi və daha geniş auditoriyaya malik olması ilə 
əlaqədardır. Halbuki Mir Cəlal müəllim bir alim kimi 
Azərbaycan filologiya elminin ən böyük və  əvəzsiz 
yaradıcılarından olmuş,  ədəbiyyatşünaslığımızda qüdrətli bir 
elmi məktəb formalaşdırmışdır. 
Bədii təfəkkürlə, elmi təfəkkürün sintezi, qovuşuğu Mir Cəlal 
müəllimin həm yazıçılıq, həm də alimlik fəaliyyətinə xüsusi, 
təkrar olunmaz bir vüsət və qüdrət vərmiş, onun hər iki sahədəki 
böyük uğurlarının məhvəri, əsası olmuşdur. Eyni zamanda həmin 
cəhətlər Mir Cəlal müəllimin son dərəcədə  səmərəli pedaqoji 
fəaliyyəti üçün də tükənməz bir potensiya, gözəl təcrübə  və 
nəzəriyyə  mənbələrini təşkil etmisdir. Lakin yazıçılığında da, 
alimliyində də, pedaqoqluğunda da ən aparıcı, istiqamətləndirici 
amil heç şübhəsiz ki, məhz Mir Cəlal şəxsiyyəti olmuşdur! 
Yaxından tanıyanlar bilirlər ki, Mir Cəlal müəllim bütöv 
xarakterli, müstəqil düşüncəli bir şəxsiyyət idi. 
 
 

 
4
Vəzifəlilərə əyilməzdi, vəzifəsizlərin qəlbinə dəyməzdi. Həmişə də 
yalnız özü məsləhət bildiyini edərdi... Müxtəlif zamanların 
ictimai-siyasi təlatümlərində Mir Cəlal müəllim bədii və elmi 
yaradıcılığında yalnız öz vicdanının səsinə, öz qəlbinin istəyinə 
əməl etmiş, həqiqi  şəxsiyyət və  vətəndaşlıq nümunəsi olmuşdur. 
Hər iki halda şəxsiyyət, ailə, cəmiyyət və dünya məsələlərində 
yalnız onu qayğılandıran mətləblərə müraciət etmişdir. 
Əgər bədii yaradıcılıqda Mir Cəlal müəllimin zəngin nəzəri 
səviyyəsi, biliyi bədii təxəyyülün məcrasına, istiqamətinə 
“nəzarət” edə bilirsə,  əsərlərin poetika qaydaları ilə daha 
monolit və cazibədar  şəklə  gəlməsinə yardımçı olursa, elmi 
yaradıcılığında onun bir sənətkar kimi əsrarlı  bədii prosesə 
yaxından bələd olması orijinal, sistemli nəzəri nəticələr 
söyləməsinə xeyli dərəcədə kömək etmiş olur. 
Mir Cəlal müəllim bir yazıçı kimi ədəbiyyatımızda hansı 
mövqeyə, çəkiyə malik idisə, elm aləmində  də  təxminən o 
dərəcədə məşhur idi. 30-40-cı illərdə o, bədii yaradıcılıqla daha 
məhsuldar və 
səmərəli məşğul olurdusa, sonralar 
ədəbiyyatşünaslıq elmimizin aparıcı simalarından biri kimi 
alimlik fəaliyyətinə xüsusi maraq göstərirdi. 
Mir Cəlal müəllimin elmi maraq dairəsi və erudisiyası çox 
geniş və zəngin idi. O, klassik Şərq poeziyasını və poetikasını da 
kamil bilirdi, içərisində yetkinləşdiyi müasir ədəbi prosesi, çörək 
kəsdiyi  ədiblərin yaradıcılığını da. Özü nasir olsa da, poeziya 
duyumu, poetik obrazlılıq zövqü yüksək idi. Fars dilini gözəl 
bildiyindən klassik ədəbiyyatın bütün mərhələləri onun üçün tam 
şəffaf və doğma idi. Buna görə də Füzulidən də, 
 
  

 
5
S. Vurğundan da eyni dərinlikdə, eyni vüsət və vəcdlə yazırdı. 
Ən çox maraq göstərdiyi sənətkarlar isə M.Füzuli ilə C. 
Məmmədquluzadə idi. 1940-cı ildə  nəşr olunmuş “Füzulinin 
poetik xüsusiyyətləri” kitabı  və onun təkmilləşdirilərək “Füzuli 
sənətkarlığı” (1958) adlandırılmış variantı indi də bu poeziya 
dahisi haqqında ən dəyərli mənbələrdəndir. 
Romantik Füzuli hələ nisbətən cavan Mir Cəlalı 
sehirləmişdisə, sonralar ahıl çağlarında realist Mirzə  Cəlil onu 
daha artıq təsirləndirmişdi. O, Füzuli eşqinin fəlsəfi-estetik 
dərinliyini və zərifliyini böyük fəhmlə kəşf edə bildiyi kimi, Mirzə 
Cəlil dərdinin də gülüş təzahürünü, qəhqəhəli fəryadlarını xüsusi 
həssaslıqla duya bilmiş  və  dərin, dəqiq təhlilə  cəlb etmişdir. 
Ədəbiyyat tarixi və ədəbiyyat nəzəriyyəsi sahəsindəki kamil biliyi 
və üstəlik də  zəngin yazıçılıq təcrübəsi onun elmi təhlillərinə 
xüsusi vüsət verirdi. Bütün bunlardan əlavə Mir Cəlal müəllimdə 
bədii materialın məğzinə, ruhuna, müəllif fıkrinin dərinliklərinə 
nüfuz etmək, dəfələrlə haqqında bəhs olunmuş  əsərlər barədə 
tamam yeni mülahizələr söyləmək və çox dəqiq, həssas təhlil 
aparmaq bacarığı var idi. Özü də ən mürəkkəb fıkirləri belə elə 
sadə, aydın nəzərə çatdırırdı ki, lap adi oxucu üçün də anlaşıqlı 
olurdu. 
Mir Cəlal müəllimin təhlil texnikası, üslubu son dərəcə 
orijinal idi. Bədii təhkiyədə olduğu kimi, elmi-nəzəri təhlildə  də 
o, çox konkretdir, dəqiqdir, lakonikdir. Quru, mücərrəd 
mühakimə  və xüsusən zahiri effekt naminə olan sünipafos Mir 
Cəlal müəllimin elmi mülahizələrinə  və  təhlillərinə yaddır. Mir 
Cəlal müəllim bədii yaradıcılığın mahir diaqnostiki idi. Uzun və 
dolaşıq ehtimallara, yaxud qəliz və mürəkkəb istilah- 
 
  

 
6
lar düzümünə, düyününə uymadan həmişə çox aydın, konkret və 
orijinal nəticələr söyləməyə  cəhd edir, əsaslı, sübutlu, inamlı 
hökmlər verirdi. Ən başlıcası da odur ki, onun fikirləri möhkəm, 
həyati və estetik məntiqlə  əsaslandırılır. Bu təhlillərdə müəyyən 
emosionallığa, bəzən bədii təhkiyəni andıran obrazlı deyim 
tərzinə də təsadüf olunur. Amma zəruri məqamlarda və çox təbii 
şəkildə. Hətta tədqiqat obyektinin xarakterinə uyğun olan 
kinayəli intonasiyalar da bu təhlil üçün yad deyildir. 
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqvərdiyev kimi satiriklərin 
əsərlərindəki tənqidi mətləbləri qabarıq nəzərə çatdırmaq və 
onlara aydın, təsirli münasibət bildirmək üçün məhz belə 
üsullardan istifadə olunmuşdur. 
Mir Cəlal müəllim fikir dərinliyinə  və  dəqiqliyinə, məna 
dolğunluğuna və ifadə aydınlığına xüsusi diqqət yetirərdi. Onun 
“Klassiklər və müasirlər”', “Gülüş  bədii silah kimi”, 
“C.Məmmədquluzadə realizmi haqqında”, prof. P.Xəlilovla 
yazdığı  “Ədəbiyyatşünaslığın  əsasları”, prof. F.Hüseynovla 
yazdığı “XX əsr Azərbaycan  ədəbiyyatı” kitablarında, yüzlərcə 
elmi məqalələrində  məhz bu üslub əsasdır. 
Təcrübə göstərir ki, çox vaxt görkəmli alimlərin maraq dairəsi 
müəyyən tarixi - mərhələvi mahiyyətdə olur; ədəbiyyat tarixinin 
hər hansı bir dövrü, mərhələsi başlıca maraq obyekti, mənbəyi 
seçilir.  Şübhəsiz, bunun da üstün cəhətləri vardır. Lakin elə 
alimlər də  məlumdur ki, onlar üçün bu cəhət səciyyəvi deyildir. 
Mir Cəlal müəllim orta əsrlərdən başlamış lap müasir dövrə 
qədər bir sıra görkəmli sənətkarlara aid dəyərli  əsərlərin 
müəllifıdir. Bu bir cəhətdən Mir Cəlal müəllimin Azərbaycan 
ədəbiyyatına mükəmməl bələdliyi, çox geniş erudisiyaya, maraq 
dairəsinə malik olması ilə əla- 
 
  

 
7
qədardırsa, digər tərəfdən (bəlkə də başlıca olaraq) onun yüksək 
səviyyəli  ədəbiyyat nəzəriyyəçisi olması ilə izah edilə bilər. 
Həqiqi  ədəbiyyat nəzəriyyəçisi isə milli ədəbiyyatın təkamül 
prosesini, mərhələlərini və  əlamətdar xüsusiyyətlərini dərindən, 
sistemli bilməlidir. Mir Cəlal müəllim də  məhz belə  zəngin, 
ensiklopedik biliyə malik çoxcəhətli alim idi. Onun namizədlik 
dissertasiyası Füzuliyə  həsr olunduğu halda, doktorluq əsəri 
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” adlanır. Bu əsərdə 
müxtəlif ədəbi metoda, müxtəlif bədii üslublara əsaslanan bir sıra 
görkəmli sənətkarın yaradıcılığı tarixin və dünyagörüşlərin 
mürəkkəb təzadları fonunda geniş  nəzəri təhlilə  cəlb edilmişdir. 
1946-cı ilin dekabrında tamamlanmış  və 1947-ci ildə  uğurla 
müdafiə olunmuş bu dissertasiya işi Mir Cəlal müəllimin kamil 
bir alim kimi formalaşma prosesinin uğurlu yekunu, nəticəsi kimi 
də qiymətləndirilə bilər. 
Məlum olduğu kimi ötən əsrin əvvəlləri, xüsusən 1905-1917-ci 
illər kiçik zaman kəsiyi olsa da, milli ədəbiyyatımızın bəlkə  ən 
qüdrətli, zəngin və mürəkkəb dövrü kimi səciyyələnə bilər. Məhz 
bu zaman təxminən minillik ədəbiyyatımızın romantik və realist 
ənənələri görünməmiş, qəribə bir təkamül və novatorluq 
zirvəsinə çataraq bütün əvvəlki  əsrlərin təcrübələrini bütün 
sonrakı zamanların  ədəbiyyatına  əmanət etdi; ədəbiyyatımızın 
gələcək nailiyyətlərinə sarsılmaz milli zəmin yaratmış oldu! XX 
əsrin  əvvəllərində milli ədəbiyyatımızın həm realist, həm də 
romantik inkişafında həlledici ideoloji-estetik keyfiyyət dəyişikliyi 
yarandı, eyni zamanda bir növ nəzəri və  əməli istiqamət 
proqramları da müəyyənləşdi. 
Məhz bu dövrün ideoloji-bədii xarakterini, mürəkkəbliklərini 
və sənət xarüqələrini sistemli və mükəm- 
 
  

 
8
məl nəzəri təhlildən keçirmək,  ədəbiyyatımızın həm klassik 
ənənələrini, həm böyük novatorluq yaranışlarını, həm də sonrakı 
ədəbi prosesin təkamül proqramlarını müəyyənləşdirmək üçün 
son dərəcə aktual, mühüm (həm də müşkül!) bir vəzifə idi... 
“Azərbaycanda  ədəbi məktəblər (1905-1917)” adlı  əsərində 
Mir Cəlal müəllim həm geniş məlumatlı ədəbiyyat tarixçisi, həm 
də bədii faktları nəzəri ümumiləşmələr əsasında sistemləşdirən və 
səciyyələndirən mahir ədəbiyyat nəzəriyyəçisi kimi çox dəqiq 
təhlillər aparmışdır. 
Mir Cəlal müəllim bu əsərində dünyagörüşlər, estetik 
baxışlar, metod, üslub və s. cəhətdən forınalaşan və müxtəlif 
sənət yaxınlıqlarına  əsaslanan milli ədəbi məktəblərin meydana 
gəlməsindən və özünəməxsusluğundan bəhs etmişdir. 
Ədəbiyyat nəzəriyyəsinin bir sıra problemləri kimi ədəbi 
məktəb anlayışı da müxtəlif vaxtlarda, məqamlarda müxtəlif 
məzmunlarda başa düşülmüşdür.  Ədəbi məktəb anlayışı  əsas 
etibarilə hər hansı bir böyük sənətkarın yaradıcılığının təsiri ilə 
yazıb-yaradan, onun ənənələrini davam və inkişaf etdirən 
ədiblərin ideya-estetik yaxınlığı, ümumiliyi kimi başa düşülür. 
Mir Cəlal müəllim də  ədəbi məktəblərdən bəhs edərkən 
mahiyyətcə həmin prinsipə əsaslanmışdır. Lakin o, ədəbi məktəb 
anlayışını  bəzən müxtəlif modifikasiyalarda,  fərqli  şəkillərdə, 
modellərdə ədəbiyyat tarixi faktlarına aid etmişdir. 
Mir Cəlal müəllimin bu əsərində ümumilikdə  ədəbi məktəb 
anlayışı daha çox ədəbi platforma birliyi və  ədəbi təsir 
mənalarında işlədilmişdir. Dünyagörüşlərdəki yaxınlıq, inikas 
tiplərinə görə uyğunluq (realist, romantik) və  bədii üslub 
komponentləri əsasında bəzən 
 
  

 
9
də  (şərti mənada) müxtəlif  ədəbi məktəblərin mövcudluğundan 
bəhs olunmuşdur. Məhz bu zəmində eyni tarixi dövrdə yaşamış 
sənətkarların yaradıcılıq səciyyəvilikləri müqayisələr, paralellər 
əsasında daha qabarıq, konkret və  əsaslı  nəzərə çatdırılmış, 
onların qüvvətli-zəif cəhətləri,  ənənəvi-novatorluq keyfiyyətləri, 
fərdi-ümumi xüsusiyyətləri tarixilik və müasirlik meyarları 
əsasında qiymətləndirilmişdir. 
Bu  əsərdə  bəlkə  ən  əhəmiyyətli cəhət isə ondan ibarətdir ki, 
Mir Cəlal müəllimin bir sıra klassiklərimizin dünyagörüşündəki 
və  bədii yaradıcılığındakı özünə-məxsusluq, orijinallıq və 
mürəkkəbliklər haqqında fikirlərini bilmək imkanı yaranır; 
həmçinin onun bir sıra  ədəbiyyat hadisələri, faktları barədə 
münasibəti aydınlaşmış olur. 
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərindən bəzi 
hissələr müxtəlif vaxtlarda müxtəlif  şəkillərdə çap olunmuşdur. 
Xüsusilə Mir Cəlal müəllimin professor F.Hüseynovla birlikdə 
çap etdirdikləri “XX əsr Azərbaycan ədəbiyyatı” adlı ali məktəb 
dərsliyində bu əsərdən də istifadə edilmişdir. Lakin 
“Azərbaycanda  ədəbi məktəblər (1905-1917)” əsəri indiyədək 
bütövlükdə nəşr olunmamışdır. 
*   *   * 
Mir Cəlal müəllimin bu əsərini kitab şəklində hazırlamaq və 
onun redaktoru olmaq mənə təklif ediləndə, dərhal çoxdan olmuş 
bir  əhvalat yadıma düşdü... Univərsiteti bitirərkən diplom 
rəhbərim rəhmətlik Mir Cəlal müəllim idi. Diplom işinin 
mövzusuda xalq yazıçısı  Ə.Vəliyevin “Qəhrəman” romanı idi. 
Mir Cəlal 
 
  

 
10
müəllim diplom işi haqqında rəyini diktə etdi və tapşırdı ki, 
makinada yazdırım, sonra qol çəksin. Mir Cəlal müəllimin rəyini 
oxudum və mənə elə gəldi ki; onun yüngülvari redaktəyə ehtiyacı 
var... Rəyin bəzi yerlərini üslubca “redaktə” etdim və düşündüm 
ki, Mir Cəlal müəllim belə xırda düzəlişləri sezməz, onlara diqqət 
yetirməz. Rəyi makinada yazdırdım və müdafıədən  əvvəl Mir 
Cəlal müəllimə  təqdim etdim. Mir Cəlal müəllim rəyi oxudu, 
gülümsədi və dedi: “Təhsin, rəyə qol çəkirəm, müdafiən də 
uğurlu olsun. Amma yadında saxla, birdə  mənim yazımın 
üslubuna dəymə”. Mir Cəlal müəllim həmişə olduğu kimi öz 
fikrini beləcə böyük səmimiyyətlə, mədəniyyətlə  və pedaqoji 
taktla bildirdi. 
İndi mənə Mir Cəlal müəllimin samballı bir əsəri redaktə üçün 
təqdim olunurdu. Şübhəsiz, bu çox böyük məsuliyyət və diqqət 
tələb edirdi. Dissertasiya təxminən 60 il əvvəl yazıldığı üçün ilk 
növbədə onu sovət, dövrü ideologiyasının təzahürlərindən azad 
etmək lazım idi. Bu ideologiya isə, xüsusən, humanitar 
tədqiqatlara çox qüvvətli  şəkildə, dünya görüş  səviyyəsində 
sirayət etmişdi. Buna görə də o zamankı başqa əsərlərdə olduğu 
kimi Mir Cəlal müəllimin əsərində də bəzi ədəbiyyat faktlarına və 
bir sıra  ədiblərin yaradıcılığına  əsərin yazıldığı illərin tələbləri 
baxımından tendensiyalı münasibət mövcud idi. Vəziyyəti 
yüngülləşdirən o idi ki, Mir Cəlal müəllim “XX əsr Azərbaycan 
ədəbiyyatı” dərsliyi üçün dissertasiyasından götürmüş olduğu 
bölmələri ideoloji baxımdan da müəyyən dərəcədə redaktə 
etmişdi. Lakin onda da sovət ideologiyası  hələ mövcud idi. 
Demək, istər həmin bölmələri, istərsə də dərsliyə düşməyən digər 
hissələri (belə hissələr isə çoxdur) redaktə zamanı bu günün ic- 
 
  

 
11
timai-siyasi tələbləri, obyektivlik meyarları  nəzərə alınmalı idi. 
Eyni zamanda unutmaq olmaz ki, bədii yaradıcılığın ideya-estetik 
mahiyyəti barədə qənaətlər, meyarlar dəyişdikcə, başqalaşdıqca, 
eyni  ədəbi fakta və ya eyni sənətkarın yaradıcılığına 
münasibətlər və kriteriyalar da dəyişir, başqalaşır. Xüsusən 
böyük zaman məsafəsindən sonra eyni ədiblər, əsərlər haqqında 
təsəvvürlər də bəzən dəyişir, yetkinləşir, kamilləşir. Bunun səbəbi 
dünyagörüşlərdəki metamarfozalarla bərabər, elmin özündəki 
inkişaf və o cümlədən hər bir alimin professionallıq təkamülü də 
ola bilər. Mir Cəlal müəllimin “XX əsr Azərbaycan  ədəbiyyatı” 
dərsliyindəki bölmələri də dissertasiyadakından müəyyən 
dərəcədə  fərqlidir. Hətta elə yerlər var ki, Mir Cəlal müəllim 
dərslikdə  əvvəlki fikirlərindən tamam fərqli olan nəticələr 
söyləmişdir.  Şübhəsiz ki, bu Mir Cəlal müəllimin elmdəki 
obyektivliyini, tələbkarlığını və dəqiqliyini göstərən bir cəhətdir. 
Çapa hazırlanan kitabda alimin dərslikdəki son  qənaətləri və 
düzəlişləri yeri gəldikcə  nəzərə alınmışdır. Daha çox məzmunla 
bağlı redaktələr monoqrafiyada da öz əksini tapmışdır. Dərslikdə 
istifadə olunmuş hissələrin çoxu dissertasiyada və  təbii ki, 
monoqrafiyada daha ətraflıdır, müfəssəldir; üslubları da daha 
sərbəstdir, daha obrazlıdır. Dərsliklə monoqrafiyanın 
spesifikalarına görə istər məzmun, istərsə  də üslubca fərqli 
olmaları  əslində tam qanunauyğundur. Məsələn monoqrafiyada 
C.Məmmədquluzadənin publisistikası geniş  və orijinal təhlilini 
tapdığı halda, dərslikdə bu yerlər vərilməmişdir. M.Ə.Sabir, 
Ə.Haqvərdiyev, M.Hadi, A.Səhhət və başqa ədiblərin yaradıcılığı 
monoqrafiyada xeyli əhatəli poetik təhlilini tapmışdır. 
Dissertasiyadakı bir sıra problemlər və ədəbi portret- 
 
  

 
12
lər ilk dəfə çap olunur. Və  təbiidir ki, Mir Cəlal müəllim 
tərəfindən də sonralar redaktə edilməmişdir. Belə hissələrdə 
müəyyən ixtisarlara da ehtiyac olmuşdur. Bu daha çox romantik 
ədəbiyyatla əlaqədar bölmələrə aiddir. 
Məlum olduğu kimi, sosialist realizmi metodunun 
hegemonluğu dövründə romantik ədəbiyyata müəyyən dərəcədə 
ögey münasibətin mövcudluğu görkəmli romantik sənətkarların 
ədəbi irsinin obyektiv qiymətləndirilməsinə imkan vərmirdi. 
M.Hadi, H. Cavid, S.Mənsur kimi böyük romantiklərə olan 
əsassız hücumlar, müxtəlif böhtanlar o zamankı elmi tədqiqatlara 
da öz təsirini göstərmişdir. Mir Cəlal müəllimin 
dissertasiyasında da bu münasibətlər müəyyən dərəcədə öz 
təzahürünü tapmışdır. Şübhə ola bilməz ki, Mir Cəlal müəllim o 
zaman görkəmli bir alim və yazıçı kimi həmin romantik 
sənətkarların həqiqi, obyektiv qiymətini və  ədəbiyyat 
tariximizdəki mövqeyini gözəl bilirdi. Lakin o da başqaları kimi 
zamanənin hakim ideologiyasına tabe olmalı idi. Görünür, elə 
buna görə  də M.Hadi və A.Səhhət yaradıcılığı istisna olmaqla, 
dissertasiyada başqa romantik sənətkarlara az yer vərilmiş, 
onlar haqqında müxtəsər təsəvvür yaradılmışdır. Lakin bu 
hissələr də həmin sənətkarlar haqqında o zamankı qeyri-obyektiv 
mülahizələrə  əsaslandığı üçün kitabda onların bəzisi bütünlüklə 
ixtisar edilmişdir, bəzisi haqqında isə fraqmental məlumatlar 
vərilmişdir. 
Göründüyü kimi, “Azərbaycanda  ədəbi məktəblər (1905-
1917)” kitabının redaktəsi (belə demək mümkünsə, həm də 
restovrasiyası) son dərəcədə mürəkkəb və məsuliyyətli bir proses 
olmuşdur.  İş prosesində bir sıra yerləri dönə-dönə oxuyub 
müəllifin əsl məqsədini, mət- 
 
  

 
13
ləbini tam dəqiqliyi ilə aydınlaşdırmaq və müasir tələblər 
səviyyəsində  təqdim etmək çətinlikləri də az olmamışdır. 
Çətinliyin bir səbəbi də o idi ki, bu şəkildə redaktə etmək isində 
bizdə elə bir təcrübə,  ənənə olmamış, konkret elmi-nəzəri 
kriteriyalar müəyyənləşməmişdir. 
Kitabda hər cəhətdən Mir Cəlal müəllimin fərdi üslubunun 
qorunmasına xüsusi diqqət yetirilmişdir. Özü də mümkün qədər 
(dərslikdən fərqli olaraq) məhz dissertasiyadakı üslubun 
saxlanılmasına və bununla həmin illərin ruhunu, xarakterini də 
mühafızə etməyə cəhd olunmuşdur. Nəhayət, kitabın ümumilikdə 
müasirlik tələblərinə tam uyğun olması nəzərə alınmışdır. 
Məlum olduğu kimi, Mir Cəlal müəllim fars dilini mükəmməl 
bilmişdir. Dissertasiyada fars dilində olan bəzi mətnlərin 
tərcüməsini də özü vərmişdir. Lakin əsər kitab şəklində  nəşr 
ediləndə artıq geniş oxucu auditoriyasının ehtiyacı  nəzərə 
alınaraq fars dilində olan digər mətnlərin də  tərcüməsi vacib 
görünür. CMəmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət,  Ə.Cənnəti, 
Z.Marağalı və Ə.Tahbov ilə əlaqədar olan hissələrdə fars dilində 
vərilmiş elmi və ya bədii nümunələrin tərcüməsi Bakı Dövlət 
Univərsitetinin “İran filologiyası” kafedrasının müdiri dosent 
Tofiq Cahangirova məxsusdur ki, bu zəhmətinə görə ona 
minnətdarlığımızı bildiririk. 
Hər bir işdə olduğu kimi bu əsərin redaktəsində  də  bəlkə 
müəyyən zəif cəhətlər, nöqsanlar tapıldı. Lakin Mir Cəlal 
müəllimin bu əmanətini redaktə edərkən özümü əziz və 
unudulmaz müəllimim qarşısında bir daha imtahan vərən tələbə 
yerində gördüm. Bu dəfə isə “imtahan” qiymətini Ustadın özü 
deyil, hörmətli oxucular vərəsi olacaqlar... 
 
  

 
14
Klassik sənət  əsərləri kimi böyük elm yadigarları da bütün 
zamanlar üçün gərəklidir,  əhəmiyyətlidir. Mir Cəlal müəllimin 
“Azərbaycanda  ədəbi məktəblər (1905-1917)” əsəri də XX əsr 
Azərbaycan  ədəbiyyatını öyrənənlər, tədqiq edənlər üçün daima 
vacib və nüfuzlu elmi mənbə olacaqdır.  İndiyədək yalnız bir 
dissertasiya nüsxəsi olub kitabxanada oxuna biləcək bu əsər, indi 
geniş auditoriya qazanmış olur, ədəbiyyat elmimizin çox dəyərli 
bir nümunəsi kimi gələcək tədqiqatçıların ixtiyarına verilir. 
Gözəl alim, böyük pedaqoq Mir Cəlal müəllimin bu da bir xeyir-
duası olsun!.. 
 
Təhsin Mütəllimov 
 
  

 
15
 
 
 
 
 
 

Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin