AZƏrbaycanda



Yüklə 2,01 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix18.01.2017
ölçüsü2,01 Mb.
#5809
1   2   3   4   5   6   7   8   9   ...   23

Cəlil   Məmmədquluzadə 
 
(1869-1932) 
 
Tərcümeyi-halı 
 
Cəlil Məmmədquluzadə (Molla Nəsrəddin) böyük bir ədəbi 
məktəb yaratmış, Azərbaycan ədəbiyyatında yeni bir çığır açmış 
ədibdir. O, 1869-cu ildə Naxçıvanda doğulmuş, 1887-ci ildə Qori 
müəllimlər seminariyasını bitirib 10 il müəllimlik etmişdir. 
1898-ci ildə  ədib  İrəvana köçmüş, orada mütərcimlik və 
vəkillik etmişdir. Sonra xoşuna gəlmədiyindən bu işdən  əl 
çəkmiş, xırda hekayələr yazmağa başlamışdır. "Danabaş kəndinin 
əhvalatları" bu dövrin məhsuludur. Birinci mətbu əsəri olan "Poçt 
qutusu" hekayəsini ilk dəfə  "Şərqi-Rus" (1903) qəzetinin 
mühərriri Məhəmmədağa Şahtaxtlıya oxumuşdur. Məhəmmədağa 
Şahtaxtlı  həmin hekayəni bəyənib müəllifı daha da 
həvəsləndirmiş, onu öz qəzetində işə çağırmışdır. 
C.Məmmədquluzadə 1904-cü ildən "Şərqi-Rus" qəzetində 
mühərrirliyə başlamışdır. 1906-cı il aprel ayının 7(20)-dən 
məşhur "Molla Nəsrəddin" məcmuəsini nəşr etdirmişdir. 

 
60
Ədib  əvvəl "Novruz" adlı bir qəzet nəşr etdirmək fikrində 
olmuşdur. Senzura buna icazə verinəmişdir
1
. "Şərqi-Rus" qəzeti 
bağlandıqdan sonra C.Məmmədquluzadə "Qeyrət" mətbəəsini 
təşkil edərək, bir sıra müəlliflərin kitablarını nəşr etdirir. 
İlk nömrələrindən etibarən "Molla Nəsrəddin" jurnalı bütün 
Yaxın  Şərqdə  şöhrət qazanır, bir çox gözüaçıq  ədib,  şair və 
mühərrirlərin məcmuə  ətrafında toplanmasına səbəb olur. Əvvəl 
Tiflisdə, sonra bir müddət Təbrizdə  və  nəhayət, Bakıda nəşr 
olunan, təxminən 25 ilə yaxın ömür sürən (1906-1931) "Molla 
Nəsrəddin" jurnalı  ədibin ictimai fəaliyyətində, eləcə  də bütün 
Azərbaycan mətbuatı tarixində görkəmli yer tutur. 
C.Məmmədquluzadə mühərrirliklə yanaşı hekayəçilik və 
dramaturgiya fəaliyyətini də davam etdirirdi. "Ölülər", "Danabaş 
kəndinin məktəbi", "Anamın kitabı", "Dəli yığıncağı"  ədibin  ən 
mühüm səhnə  əsərlərindəndir. Bu əsərlər uzun müddət yalnız 
Azərbaycanda deyil, bütün başqa müsəlman  şəhərlərində  də 
oynanılmışdır. C.Məmmədquluzadənin hekayələri dönə-dönə 
nəşr edilmişdir.  Əsərləri qonşu xalqların dillərinə  tərcümə 
olunmuşdur. 
 
 
Mirzə Cəlil məktəbi 
 
Mirzə  Fətəli Axundovdan sonra Azərbaycan  ədəbiyyatının, 
mədəniyyətinin və ümumiyyətlə ictimai inkişafı tarixnin ən 
böyük siması  məhz Cəlil Məmmədquluzadədir. Mirzə  Cəlilin 
ədəbi-ictimai fəaliyyəti o qədər geniş, o qədər zəngindir ki, hələ 
onun sağlığında belə öz təsirini bütün yaxın 
 
                                                 
1
 
"Həyat" qəzetinin səhifələrində oxuyuruq: "Cəlil Məmmədquluzadənin 
Tiflisdə "Novruz" adlı  qəzet nəşr etmək ricasını Qafqaz canişini qəbul etmədi", 
1905, №76, səh.3 
 

 
61
Şərqdə göstərmişdir. Müsəlman  Şərqində, daha doğrusu, 
Azərbaycan dili anlaşılan bütün ölkələrdə elə bir yer yoxdur ki, 
Cəlil Məmmədquluzadəni bu və ya başqa dərəcədə tanımasınlar. 
Onun fəaliyyəti coğrafı hüdud tanımadığı kimi, zaman 
məhdudiyyəti də tanımır. "Molla Nəsrəddin" elə bir həqiqət və 
intibah kitabıdır ki, onu açan hər bir şüurlu oxucu, müəllifin 
böyüklüyünə və cəsarətinə valeh olacaqdır. Azərbaycan xalqının 
oyanmasında,  əsrlərcə feodal zülm və zülmətində yaşayan 
kütlələrin əsarətdən, "ölülər" aləmindən qurtulmasında, tərəqqi və 
səadət yoluna düşməsində, maarif və  mədəniyyətin təbliğində 
"Molla Nəsrəddin"dən böyük iş görən ikinci bir qəzet və məcmuə 
göstərmək çətindir. Elə buna görə  də Azərbaycan xalqı "Molla 
Nəsrəddin" məcmuəsinin və onun fədakar təşkilatçısı  Cəlil 
Məmmədquluzadənin adını həmişə uca tutmuş, hörmət və izzətlə 
yad etmiş və etməkdədir. 
Eynilə  də  bədii yaradıcılıq sahəsində yeni ədəbiyyatın 
istiqamətini düşünərkən Cəlil Məmmədquluzadə bütün əzəməti 
ilə  nəzərimizdə canlanır. Saray ədəbiyyatına, məclis, mey-məzə 
ədəbiyyatına qarşı  həyat və mübarizə  ədəbiyyatının, xalqın 
tərəqqi, yüksəlmək meyllərindən doğan və bu meylləri ifadə edən 
tənqidi realizmin inkişaf etdirilməsində, həyat və  məişətimizin 
əlvan lövhələrinin  ətraflı  və  cəsarətlə  ədəbiyyata gətirilməsində, 
xalq zəka və yumorunun inkişafında, təbiilik, sadəlik və 
həqiqətpərəstliyin bədii bir meyar kimi qalib gəlməsində, Sabir 
qələminin canlanınasında, Sabir ənənələrinin güclənməsində 
Azərbaycan  ədəbiyyatı tarixi hər kəsdən  əvvəl Cəlil 
Məmmədquluzadəyə minnətdardır. 
Cəlil Məmmədquluzadənin yaratdığı "Molla Nəsrəddin" 
məcmuəsi Azərbaycanda xalq hərəkatının məna və ruhunu ifadə 
edən  ən nüfuzlu bir mətbuat olaraq tanınmışdı. Bu məcmuədə 
mütləqiyyətə, irticaçılara qarşı  ən kəskin satiralar, həcvlər, 
taziyanələr yazılırdı. 1906-1911-ci illərdə "Molla 

 
62
Nəsrəddin"  İran  şahı  Məhəmmədəli  şahın taxtdan salınması  və 
qovulması barədə, Soltan Əbdülhəmidin zülmünə qarşı, 
Stolıpinin qaragüruhuna qarşı olduqca kəskin və olduqca təsirli 
yazılar nəşr edirdi. İstər Azərbaycanda, istərsə  də  İran və 
Türkiyədə zülmkarlara, istismarçılara qarşı aparılan  şərəfli 
mübarizələrdə də "Molla Nəsrəddin" mütərəqqi iş görmüşdür ki, 
bunu tarix heç bir zaman unutmayacaqdır. 
Xalqa arxalanan və "Ey mənim müsəlman qardaşlarım sizi 
deyib gəlmişəm!" xitabı ilə  işə başlayan məcmuə oxucular 
arasında müstəsna  şöhrət qazanmış, ildırım sürəti ilə yalnız 
Azərbaycana, Qafqaza deyil, bütün Yaxın Şərqə yayılmışdır. İlk 
nömrəsində  məcmuə intibah zərurətini o "şirin yuxuda yatan 
millətin təsviri" ilə  vərmişdir: "Burada yatanlar haman bizim 
bədbəxt millətimizdir; hərçənd dünyada bədbəxt və lakin axirətdə 
cənnət sahibi müsəlmanlardır. Hərçənd Nikolay, müharibədən 
sınmış  və yorulmuş Nikolay, inqilab ehtiyatı  təsiri altında 
müvəqqəti olaraq camaata azadlıqlar elan edibdir, xoşbəxt 
müsəlmanlar yatıblar. Hərçənd Nikolay padşah bu manifesti min 
cür bəhanə ilə geri almaq istəyir, behiştliklər hələ yatıblar... 
Amma hamısı da yatmayıb; gərnəşənlər də vardır, oyanmaq 
istəyənlər də vardır"
1

Belə bir xitab ilə  işə başlayan məcmuə öz sadəliyi,  şirin 
yumoru, xalqın ürəyindən xəbər vərən doğru, təbii yazılan ilə az 
müddətdə ümumi hörmət və şöhrət qazandı. 
"Molla Nəsrəddin" tez bir zamanda rəğbətini qazandığı geniş 
oxucu kütləsinə, vətəninin azadlıq sevən adamlarına arxalanaraq 
ictimai tənqid dairəsini böyütdü və  məzmununu daha da 
kəskinləşdirdi.  İstər daxildə, istərsə xaricdə irticaçılar üçün ən 
qorxulu mənəvi bir qüvvə oldu. Dönə-dönə  cəriməyə, senzura 
təqibinə  uğrayan və  səhifələri ağ buraxılan, bəzən də aylarla, 
illərlə bağlanan "Molla Nəsrəddin"in səhi- 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh.201. 
 

 
63
fələrində oxuyuruq: "Bu gün Kərbəla meydanı - Azərbaycandakı 
vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, 
namus, vətən hissi varsa, oranın qeydinə qalmalıdır. Axıtmalı 
qanlarımız, ehsan vərməli pullarımız varsa, gözümüzün 
qabağında ürəklər parçalayan Azərbaycan matəmgahı durur... Bu 
gün Kərbəla meydanı Azərbaycan meydanıdır"
1
. Məcmuə heç 
nədən qorxub çəkinmədən, daim öz məqsədində, məsləkində 
sabit qaldı. İstanbulda, Tehranda, Təbrizdə, Aşqabadda, Mərvdə, 
Bakıda təkfir olundu, minbərlərdə axundlar məcmuənin 
müəlliflərini kafır, mürtəd elan etdilər, məcmuəni oxumağı 
qadağan etdilər. Lakin bütün bunlar "Molla Nəsrəddin"in 
nüfuzunu nəinki əksiltmədi, hətta daha da artırdı. 
Xalqı aldatmaq vasitəsi olan dövlət dumasını  və onun 
vəkillərini birinci dəfə ifşa edən, pul gücünə dumaya seçilən Bakı 
varlılarının karikaturasını  çəkən, onların çara necə nökərçilik 
etdiklərini cəsarətlə açıq yazan "Molla Nəsrəddin" oldu. Bu 
məcmuə  İran inqilabını qan içində boğan rus çarına və Hacı 
Səmədxan kimi cəlladların qurduğu dar ağaclarına qarşı hiddət və 
qəzəblə  çıxış edərək, yalnız iranlıları yox, bütün mütərəqqi 
dünyanı etiraza çağırırdı. 
İstanbul, Tehran, Təbriz, Daşkənd, Qahirə  və sair Şərq 
şəhərlərində "Molla Nəsrəddin"i təkfır edən mürtəce ünsürlər 
olduğu kimi, təqdir edən gözüaçıq müsəlman ziyalıları da çox idi. 
"Molla Nəsrəddin"in bir sıra yazılarını azadpərəst qəzetlər 
görürüb dərc edirdilər. Tehranda çıxan "Suri-israfıl" qəzeti 
"Molla Nəsrəddin" haqqında təqdiredici məqalələr,  şeirlər çap 
edirdi. 
""Tazə həyat"ın redaktoru Haşımbəy və "Molla Nəsrəddin"in 
redaktoru Mirzə  Cəlil və bir neçə başqa  şəxslər  İran inqilabına 
böyük hörmət göstərirdilər. İranda baş vərən 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, II c, Bakı, 1936, səh.164
 

 
64
 
hadisələri öz qəzetlərində  işıqlandırırdılar. Məhz buna görə  də 
onların qəzetlərinin  İranda, xüsusilə Azərbaycanda çoxlu 
oxucusu var idi. Xüsusilə "Molla Nəsrəddin" ki, sadə türk 
dilində, satira ilə yanaşı gözəl karikaturalarla çap olunurdu, daha 
çox oxucusu var idi. 
İnqilabın ilk günlərində  Məmmədəli  şah bu məcmuənin 
yayılmasının qarşısını alırdı. Onları poçtada saxlayırdılar. 
Azadxahlar  əncümənlərdən tələb etdilər ki, məclisə teleqram 
vurulsun və  qəzetlərin yayılmasına icazə alınsın. Bu haqda 
Talıbov öz incikliyini bildirmişdir. 
"Molla Nəsrəddin" elə  məcmuələrdəndir ki, o gərək tarixdə 
əbədi yaşasın. Bu məcmuə bir gözəl şair, bir gözəl jurnalist və bir 
neçə şəxsin köməyi ilə dərc olunurdu"
1

Qahirə  qəzetləri "Molla Nəsrəddin"inin kəskin taziyanə  və 
mükalimələrindən istifadə edirdilər. Böyük tarixi-siyasi və 
cahanşümul məsələlərlə yanaşı ölkədə  cərəyan edən ictimai-
mədəni hadisələri də  əhatə edir və öz görüşlərini təbliğə 
çalışırdılar. 
Axund Molla Əbutürabın" Ancaq din elmlərini oxumaqla 
kamil insan olmaq olar" - deyə yazdığı məqalələrinə qarşı kəskin 
çıxış edərək "Molla Nəsrəddin" həqiqi elmi və maarifi müdafıə 
və təbliğ edirdi. 
Dil məsələsində,  əlifba, qadın azadlığı, məktəb,  ədəbi 
istiqamət, sənət məsələlərində davamlı olaraq həqiqi, vətənpərvər 
yol tutan "Molla Nəsrəddin" mühafızəkarlara qalib gəldi. 
Cəlil Məmmədquluzadə  ədəbi fəaliyyətə keçən  əsrin 
axırlarında başlamış, 1904-cü ildən etibarən mətbuatda əsərlərini 
çap etdirmişdir ("Poçt qutusu", "Kişmiş oyunu" və s.). "Danabaş 
kəndinin əhvalatları"ndan sonra məşhur həyat 
 
                                                 
1
 
Seyid Əhməd Kəsrəvi. Tarix-e Məşruteye İran / İran məsrutə tarixi/, səh. 
371-372. 
 

 
65
və  məişət hekayələrini ("Buz", "Usta Zeynal", "Qurbanəli bəy", 
"Saqqallı  uşaq", "Zırrama", "Şeir bülbülləri", "Bəlkə  də 
qaytardılar") və komediyalarını ("Çay dəstgahı", "Ölülər", 
"Danabaş kəndinin məktəbi", "Anamın kitabı", "Dəli yığıncağı") 
yaratmışdır. 
Cəlil Məmmədquluzadə həmişə mövzularını müasir həyatdan 
və ictimai mübarizələrdən, canlı el məişətindən almışdır. Tarixi 
mövzuda  əsər yazmamışdır. Böyük bir həqiqət hissinə, dərin 
müşahidəyə malik olan bu ədib öz xalqının yäşayışını çox gözəl 
bilirdi. O, həmişə xalq içində yaşamış, xalqın sevinc və  kədəri, 
adət və ənənələri ilə böyümüşdür. Onun ən böyük müəllimi xalq 
idi. Ədib həm mübarizə qüvvəsini, həm də ilhamını eldən alırdı. 
Ona görə də xəlqilik onun əsərlərinin başlıca xüsusiyyətidir. 
C.Məmmədquluzadənin ictimai, ədəbi fəaliyyəti zəngin və 
çoxcəhətlidir. O, ictimai inkişaf tariximizdə bir dramaturq, ədib, 
jurnalist, ictimai xadim kimi məşhurdur. 
Cəlil Məmmədquluzadə  nəsrdə  qısa, mənalı, psixoloji 
hekayələrin böyük bir ustadıdır. Onun hekayələrində obyektiv, 
şirin, mülayim bir nağıl üsulu vardır. Oxucunu hadisəyə, əhvalata 
elə bağlayır ki, müəllif yada düşməyir, müəllif görünməyir. 
Demək, istədiklərinin hamısını  həyata, obyektiv həqiqətə 
dedirdir. Oxucu onun əsərlərindəki  əhvalata həmişə olmuş bir 
hadisə kimi baxır. O, bir hadisə, bir tip vasitəsilə oxucunu böyük 
bir aləmə bağlayır, onu düşünməyə  məcbur edir. Mömin bənna 
Usta Zeynalın ("Usta Zeynal") ətalətini bütün bir dinya kimi 
göstərir, Xudayar bəyin azğınlığını nə vaxt və kim tərəfindən isə 
xalqın boynuna qoyulmuş müdhiş zülm qanunu hökmündə təsvir 
edir. Zeynəbin faciəsi ilə insanı  ağladır ("Danabaş  kəndinin 
əhvalatları"). 

 
66
 
Dramaturgiyası 
 
C.Məmmədquluzadə dramaturgiya fəaliyyətinə "Çay 
dəstgahı" (1889) adlı alleqorik mənzum  əsərilə başlamışdır. 
Görünür ki, bu əsər keyfiyyətcə  ədibi təmin etmədiyindən çapa 
yerməmişdir. Bir dramaturq olaraq C.Məmmədquluzadə mövzu, 
məzmun və tarixcə mühüm silsilə  təşkil edən "Ölülər" (1909), 
"Danabaş  kəndinin məktəbi" (1921) və "Anamın kitabı" (1920) 
əsərləri ilə məşhurdur. 
Müəllif, "Ölülər" əsərində dini etiqad və zehniyyəti patriarxal 
münasibət nəticəsində tamamilə kütləşmiş, insani hisslərini 
itirmiş  şüursuz kütləyə çevrilmiş avam, nadan camaatı göstərir. 
Din və mövhumat fırıldaqçıları bu avamların canına daraşmışdır. 
İstismarçılar, avamlığı üzündən kor, kar, lal və duyğusuz olan 
adamların əməyini mənimsəyir, onların əməyi ilə yaşayır, üstəlik 
onlara ağalıq edirlər.  Şeyx Nəsrullah dini "quldurluq tüfənginə" 
(Sabir) çevirmişdir. Xorasandan Araz qırağına, Naxçıvana qədər 
şəhər və  kəndləri gəzir, "möcüzə" göstərib "Məhəmməd 
ümmətinə xidmət edir". Bu "möcüzələr" haqqında hər yerdə 
danışılır, ancaq onu "gördüm" deyən olmur. İnanmamağa da 
kimsə haqlı deyildir, çünki şəkk eləmək küfr sayılır. 
Ədib,  Şeyx Nəsrullahın macərasını  qəribə üsul ilə  gətirib 
müsəlman məişətinə bağlayır. Ailələr arasında xüsusi 
mülkiyyətin törətdiyi murdar iştahanı, vəhşi hərisliyi məharətlə 
açıb göstərir. Bu iştaha, möcüzələrə inanan hər kənddə  və  hər 
şəhərdə əhalinin hər qismində vardır. 
Ədib feodal dünyasında, müsəlman aləmində  mənfəət 
hərisliyi, xüsusiyyətçilik iştahası üzündən hər bir şeyin 
saxtalaşdığını, tacir, əsnaf, mülkədar, hacı  və axundlarda, bir 
sözlə "müqəddəslər" aləmində etiqadın da, sevginin də, nifrətin 
də 

 
67
sadəcə riyadan başqa bir şey olmadığını canlı, inandırıcı 
lövhələrlə yüksək bədii və sadə ana dilində isbat etmişdir. 
Şeyx Nəsrullah qəbristanda  əhalidən "dirilməsini istədiyiniz 
ölülərin adlarını verin", - deyə, siyahı istəyəndə çoxları susur, 
kənara çəkilir. Bunun mənasını müəllif Kefli İsgəndərin dili ilə 
açır: "Amma zəmani ki, ricət məsələsi ortalığa qoyuldu və Şeyx 
Nəsrullah ölülərin dirilmək ixtiyarını qoydu sizin qabağınıza, siz, 
dəriçədən məlakə axtaranlar, ölən qardaşlarınızın, bacılarınızın və 
övrət-uşaqlarınızın dirilməyinə razı olmadınız. Niyə razı 
olmadınız? Ondan ötrü ki, arvadlarınızın hamısını yumruq altında 
öldürmüsünüz; ölən qardaşlarınızın arvadını almısınız, ölən 
dostlarımzın yetimlərinin malını yemisiniz. Razı olmadınız ki, 
dirilib gəlsinlər və sizin əməllərinizi görüb desinlər: Tfu sizin 
üzünüzə!"
1
 
"Ölülər" komediyasında Kefli İsgəndər və Şeyx Nəsrullah bir-
birilə vuruşan iki cəbhədir. Birincisi xalqın həqiqət hissini ifadə 
edən Bəhluli-divanə (danəndə) kimi, həm sərxoş, həm də ayıq-
sayıq bir adamdır.  İkincisi tüfeyli ruhanilərin, fırıldaqçı  və 
hiyləgərlərin nümayəndəsidir. 
İsgəndər çox mürəkkəb və eyni zamanda olduqca aydın bir 
simadır. O, əxlaqsızliq, avaralıq,  şüursuzluq ucundan şəraba 
tutulmamışdır. Bəlkə  də o, heç şərab düşgünü deyildir. Yalnız 
ictimai faciələri görüb duyduğundan və bunlara qarşı özündə və 
cəbhəsində müqavimət və mübarizə qüvvəsini görmədiyindən, 
"həriflə" bərabər qüvvəsi olmadan döyüşə girişdiyindən, 
acizliyini etiraf etdiyindən bu vəziyyətə düşmüşdür. Kefli 
İsgəndərin təkamülünü diqqətlə izləyənlər, ona, o sərxoş, laübali 
gəncə məhəbbət bəsləyirlər. Bəzən də onun halına yanırlar. Başı 
dumanlı olmasına, cibində  şərab  şüşəsi gəzdirınəsinə 
baxmayaraq,  İsgəndər həmişə ictimai dərdləri duyur, onların 
ağrısını hamıdan artıq çəkir. O, balaca 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh. 97. 
 

 
68
bacısı Nazlının üzünə baxıb, sabah - birisi gün onun başına 
gətiriləcək fəlakətləri, onun bir qul kimi satılacağını təsəvvür edir 
və ürəkdən ağlayır. Şəhərdən axşama qədər evdə xalalar, bibilər 
yanında oturub "ərə getmək dərsi" alan yazıq Nazlının taleyi, 
həmçinin bütün Azərbaycan qızlarının taleyi İsgəndərə 
məlumdur. Ona görə  də ürəyinin başı yanır: "Ey mənim gözəl
nazlı bacım!.. Bir bax, bax həyətdə gün çıxıb, sənki, o günü 
görməyəcəksən, nəyə lazımdır onun işığı? Çöldə otlar göyərib, 
ağaclar çiçək açıb; amma nəyə lazımdır sənsiz o çiçəklər, o 
çəmənlər?"
1

İsgəndər eyni həssaslıqla balaca qardaşı Cəlalı dindirir: "Cəlal, 
ay Cəlal, indi sən məndən qaçırsan; Deyirsən ki, kefliyəm; amma 
vallah sən də  mənim kimi dərs oxuyub qurtarandan sonra 
başlayacaqsan  İsgəndər dadaşın kimi küp dibində yatmağa"
2

Bunlar kefli, yaxud şüursuz adam sözü deyildir. Bunlar keçmişi 
və  gələcəyi görüb düşünən, gəncliyin, uşaqların, yeni nəslin 
taleyi və  dərdləri ilə yaşayan adamın sözləridir.  İsgəndəri bu 
dərdlər sərxoş etmişdir. 
Cəlil Məmmədquluzadə Molla Nəsrəddin təxəllüsünü təsadüfı 
qəbul etməmişdir.  Əfsanəyə görə, islam tarixində  həqiqətin  əsl 
tərəfdarı olan üç adam: Molla Nəsrəddin, Bəhlul Danəndə  və 
Həsən Kaşi özlərini dəliliyə vuraraq ürəklərindəki həqiqəti 
deməyə yol tapmışdılar. Hakimlər bu adamları  dəli sayıb 
sözlərinə  əhəmiyyət vərmirdilər, məsuliyyətə  çəkmirdilər. 
Beləliklə, dövlət dairələrindən çoxdan qovulmuş  həqiqət bu 
"divanələr" vasitəsilə yaşayır və bir az da artıq rövnəq tapırdı. 
Molla Nəsrəddin təxəllüsünü qəbul edən  ədibin qəhrəmanı 
İsgəndər qismən bu əfsanəvi şəxsiyyətlərin yolu ilə gedir. Əsərin 
axırında onun dedikləri təsdiq olunur. O, mənfı və 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh. 34-35.
 
2
 
Yenə orada, səh. 34. 
 

 
69
gülünc tiplər  əhatəsində  vərilməsinə baxmayaraq, incə bir qəlb 
sahibi kimi meydana çıxır. 
"Ölülər"  əsərində  ədib  İsgəndərin dili ilə öz vətəndaşlarını 
qəflətdən ayılmağa, intibaha çağırır. 
"Danabaş  kəndinin məktəbi" adlı ikinci məşhur pyesində isə 
C.Məmmədquluzadə  məktəb, maarif məsələsini, xalqın işıqlığa 
çıxması  zərurətini qoyur. Bu tədbiri saxta yollarla aparmaq 
istəyənlərə dərin kinayə ilə gülür. 
"Danabaş  kəndinin məktəbi"ndə baş  vərən  əhvalat,  şübhəsiz, 
Şeyx Nəsrullahın möcüzələrindən sonralara aiddir. Şeyx 
Nəsrullah bu kənddə biabır olub getmiş, onun yerinə müəllim 
Həsənov gəlmişdir.  Şeyx Nəsrullah geridə qalmış bu mühitə 
köhnə aləmdən - mövhumat və xürafat dünyasından gəlmişdi. 
Ona görə  də hörmətlə, qonaqpərəstliklə, "cücə plov ilə" 
qarşılanmışdı. Müəllim Həsənov isə buraya yeni aləmdən - 
maarif, mədəniyyət aləmindən gəlmişdir. Aydındır ki, hərarətlə 
qarşılanmayacaqdı. Həsənovun bədbəxtliyi bir də orasındadır ki, 
o, çinovnik libasında, çar məmurları kimi gəlmişdir. Özü ilə 
bərabər pristavı, yüzbaşını, inspektor və başqalarını  gətirmişdir. 
Xalq isə heç vaxt xeyir görmədiyi və gözləmədiyi bu adamlardan 
haqlı olaraq ürküb qaçır, nə qazıya, nə mollaya, nə yüzbaşıya 
inanır. Bu adamların  şərindən qurtarmaq üçün hər kəs qaçıb bir 
tərəfdə daldalanır. Bütün çətinliklər və anlaşılmazlıqlarla yanaşı, 
Həsənov Danabaş  kəndində  məktəb təşkilinə müvəffəq olur. 
Hətta müəllimin uşaqlara nə öyrədəcəyini bilmək istəyən atalar 
ilk günlər öz balaları ilə  məktəbə  gəlir, onlar ilə  dərs otağında 
orurub Həsənovun söhbətinə qulaq asırlar. Bunlar, Qasım kişilər, 
Kəblə Qulaməlilər,  Şəban nənələr, vaxtilə  Şeyx Nəsrullahın 
firıldağına uymuş adamlardır. Ancaq hələ  də bunların gözü 
açılmamışdır. Bunlar müəllim Həsənovdan ehtiyat edir, hətta 
qorxurlar. Şeyx Nəsrullah necə olsa din, şəriət nümayəndəsi kimi 
gəlmişdi. Onun qara - qorxusu nisyə idi, axirətə aid idi. 
 

 
70
Müəllim Həsənov, yüzbaşı Pirvərdi bəy və inspektor isə çar 
hökumətinin nümayəndələridir. Bunların divanı nisyə deyil, 
nəqddir. Bunlardan bəla  əksik deyildir. Ona görə camaatın 
vahiməsi, xırmanlardan qaçıb dağılması, qadınların ağlaşma 
qurması, uşaqların kərmə qalağında gizlənməsi, kişilərin övladını 
danması təbiidir. 
"Anamın kitabı"ndakı  əhvalat bu hadisələrdən çox-çox sonra 
baş verir. Burada Əbdüləzim kişinin ailəsi göstərilmişdir. Onun 
uşaqları bəlkə də Danabaş kəndində zor ilə məktəb açılan zaman 
dərsə başlamış adamlardır.  İndi onlar oxuyub, savadlanmışlar, 
ziyalı olmuşlar. 
Bu ailənin yaşadığı  şəhər də bambaşqa  şəhərdir. Burada nə 
Şeyx Nəsrullah, nə müəllim Həsənov vardır. Burada mədəni 
həyat başlamışdır. Gənclər tərəqqi, təkamül ilə  məşğuldur. Elm 
dalınca uzaq şəhərlərə, ölkələrə gedirlər. Mətbuat var, ədəbi 
mübarizələr, cəmiyyəti - xeyriyyələr, ictimai yığıncaqlar, 
mübahisələr vardır. Hadisələrin cərəyanından bəllidir ki, əhvalat 
1905-ci il inqilabından sonraya aiddir. Mirzə  Cəlil yaradıcılığı 
üçün o da çox maraqlıdır ki, təsvir olunan həyat irəlilədikcə, 
inkişafa doğru getdikcə bu əsərlərdə süjet dairəsi artıq şeylərdən 
təmizlənir, konkretləşir.  Ədib, daha az hadisədə çox fikir ifadə 
etməyə, dərinliyə doğru gedir. "Ölülər" də biz bir neçə şəhər ilə 
əlaqədar  əhvalatı, Xorasandan Azərbaycana səfər edən  Şeyx 
Nəsrullahın macəralarını gördük. "Danabaş 
kəndinin 
məktəbi"ndə bütün bir kəndi, onun əhalisini görürük. "Anamın 
kitabı"nda isə yalnız bir ailə təsvir olunur. 
Zəhrabəyimin üç oğlu, bir qızı var. Böyük oğlu Rüstəm bəy 
Peterburqda oxumuş, həmişə nitqinə rus sözləri qatan bir 
ziyalıdır; rus tərbiyəsi tərəfdarıdır. Mal həkimi Aslan bəy ilə 
dostdur. Sənəti lüğət tərtib etməkdir. 
Ortancıl oğlu Mirzə  Məhəmmədəli Nəcəfül - Əşrəfdə  təhsil 
almış, həmişə fars ibarələri ilə danışan dindar müsəl- 
 

 
71
man ziyalısıdır,  İran tərbiyəsi tərəfdarıdır. Həmkarı Mirzə 
Nəcəfəli ilə dostdur. Sənəti elmi-ilahi, yəni şəriət dərsi deməkdir. 
Kiçik oğlu Səməd Vahid İstanbulda  ədəbiyyat fakültəsini 
bitirmiş, həmişə osmanlıca danışan bir türkpərəstdir. Osmanlı 
tərbiyəsi tərəfdarıdır,  şeir yazmaqla məşğuldur. Türk dili 
müəllimi Hüseyn Şahid ilə dostdur. 
Üç qardaşın yeganə bacısı Gülbahar isə  vətəndə böyüyüb 
tərbiyə almış, anasını  və qardaşlarını  təmiz və sönməz 
məhəbbətlə sevən, savadsız, ismətli, kamallı bir Azərbaycan 
qızıdır. Zəhrabəyim balalarının hamısını eyni məhəbbətlə sevir, 
onların hər biri üçün ürəyi bir tikədir. 
_Ədib bu ailəni ictimai-siyasi aləmdən keçirmək, adamların 
xüsusiyyətlərini aydınlaşdırmaq üçün gözəl bir vəziyyət 
düşünmüşdür. Rüstəm bəy cəmiyyəti-xeyriyyənin sədridir. 
Qardaşları  və  şəhərin görkəmli simaları bu cəmiyyətin üzvüdür. 
Cəmiyyət Rüstəm bəyin evində iclas edir. Arvadı Zivər xanım da 
münəvvər bir xanım olduğu üçün cəmiyyətin yığıncaqlarında 
iştirak edir. Bəzən fəallıq da göstərir. 
Cəmiyyəti-xeyriyyənin son iclasında dörd məsələ müzakirə 
edirlər. Ədib bura yığılanların xasiyyətlərini aydınlaşdırmaq üçün 
məhz bu məsələləri belə seçmişdir. 
1.  İllik haqq-hesabın təsdiqi; 2. Məktəb məramnaməsi 
barəsində; 3. Acların ərizəsi; 4. Elm-ilahi dərsləri barəsində. 
Bu məsələlərin müzakirəsində  cəmiyyətin fəaliyyəti, il-boyu 
nə ilə  məşğul olduğu görünür. Aslan bəy çıxış edib göstərir ki: 
"Zakon bu sluçäyları tamamən predusmotret eləyibdir. Bizim 
smetanın proqreşnostları o barədədir ki, biz naprimer, təyin 
eləmişik aclara ildə yüz manat paylayaq, amma biz yüz manat 
əvəzinə paylamışıq yüz doqquz manat on dörd şahı iki qəpik..."
1
 
                                                 
1
 
C. Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.190. 
 

 
72
Məktəb məramnamələrinin müzakirəsində  məktəblərimizdə 
ana dilini qüvvətləndirmək vəzifəsi  qoyulur.  Bu  tələbi odlü 
ehtirasla müdafıə edən Hüseyn Şahid nitqə başlayır: "Möhtərəm 
əzayi-əncümən həzrətlərinə öz ixlasımı təqdim edib, mətləbin ən 
ibtidasından bir şəmmə izahat  farz və qarz bilib iltimas 
ediyorum, əfəndim..."
1
 
Azərbaycan məktəblərində ana dili taleyinin kimə tapşırıldığı 
və gülünc vəziyyətə salındığı bu çıxışdan aydındır. Hüseyn 
Şahid, məktəblərdə keçilən "milli ədəbiyyat"dan nümunələr 
gətirib, bu sahədəki müvəffəqiyyətlər ilə fəxr edir: 
İştə  kələbəklər kibi qarlar düşüyor Sanki bir nur eniyor 
hərfidana, Lakin əyləncə olurkən bu sana Yavrı quşlar uçuyor!
2
 
Dostunun nitqinə  Səməd Vahid və onun kimiləri  əl çalır. Bu 
şeiri  əzbərləyən bir şagird ucadan oxuyur. Bununla da dərs 
məramnamələrinin müzakirəsi bitir. Bütün bu söhbətlərə qulaq 
asıb heç bir şey başa düşməyən Gülbahar və başqaları 
mürgüləyirlər. 
Acların  ərizəsi müzakirə olunanda, cəmiyyət kassasındakı 
pulun "zapasnoy fond"a keçirilməsi məsələsi ortalığa çıxır. 
Acların həqiqətən ac olub-olmamasını  təhqiq üçün xüsusi heyət 
seçilməli olur. Aclar bu vəziyəti görüb ağlaşırlar. Mal həkimi 
Aslan bəyin dalınca gələn çobanlar isə  dəsmallarından çörək 
çıxarıb, aclara verirlər, onları təskin edirlər. 
Bu səhnələrdə zahirən gurultulu, təlqinedici görünən gözəl 
sözlərlə  çıxış edən ziyalıların mənəvi miskinliyi, xalqa 
etinasızlığı və yabançılığı müəyyən olur. 
                                                 
1
 C. Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.191-192. 
2
 
Yenə orada, səh.192. 

 
73
Ədib cəmiyyəti - xeyriyyə "dəstəsi" ilə müvazi əsl xalq və 
həyat nümayəndələrini, acları, nökərləri, çobanları  və  nəhayət, 
hammalları göstərmişdir. Bu adamların heç biri xüsusi mənfəətini 
güdmür. Bunların heç biri başqalarını aldatmaq niyyətində 
deyildir. Bunların fəlakəti isə başqa cəhətdədir. Bunlar, Rüstəm 
bəylərə, Aslan bəylərə, Səməd Vahidə, Hüseyn Şahidə 
inandıqları üçün bədbəxtdirlər. Bunlar, müasir ziyalıların zahiri 
və  təntənəli görkəminə uyurlar. Çətinlikdə, yaman gündə bu 
cəmiyyətin qapısına gəlirlər.  Ədib, bu inamı  aşağı kütlələrin 
bədbəxtliyi və  fəlakəti kimi qəbul edir. Həmin məsələ  tək bu 
əsərdə deyildir; adını  çəkdiyimiz pyeslərin üçündə  də bütün 
parlağlığı ilə vərilmişdir. 
"Danabaş  kəndinin məktəbi"  əsərində münaqişə başqa rəng 
almışdır. Burada xalqın hakim qüvvələrə inamı sarsılmışdır. 
Burada çamaat şəhərdən, "oxumuşlar"dan, "böyüklər"dən qaçır. 
Qazıdan, pristavdan, müfəttişdən, hakimdən eyni dərəcədə 
qorxur, vahiməyə düşür. Məlumdur ki, qazı köhnə  zəmanədə 
şəriət nümayəndəsi idi, böyük hörmət sahibi idi. Adamlar çətinə 
düşəndə onun yanına məsləhətə, məşvərətə gedərdilər. Qazı 
məhəl qoyub heç kəsin qapısına, heç kəsin evinə gəlməzdi. 
Burada camaat "Ölülər"dəki camaatdan fərqli olaraq qismən 
qeyri-şüuri də olsa, hiss ilə də olsa, qazının "xeyrə gəlmədiyini" 
duymuşdur. Onunla pristav, naçalnik və maarif müfəttişi arasında 
bir birlik olduğunu anlamışdır. Kütlənin şüurunda intibaha doğru 
ilk meyl görünməkdədir. Doğradur, bu meyl hələ 
müəyyənləşməmişdir, yaxşı ilə pisi həmişə ayırd edəsi səviyyədə 
deyildir. Ancaq hər halda bu meyldə hakimlərə, "böyüklərə" qarşı 
yad bir münasibət vardır.  Şübhə yoxdur ki, bu münasibət 
gələcəkdə inkişaf edib qüvvətlənəcəkdir. 
"Böyüklər" isə Danabaş kəndinin əhalisinə üç tərəfdən təzyiq 
edirlər. Onlar camaata qoyun sürüsü kimi baxırlar. Ca- 

 
74
maatın xeyrinə olan tədbirləri, məktəb açmaq kimi faydalı işləri 
də zor ilə, "şallaq gücünə" yeritmək istəyirlər. Camaat bu 
"şallağı" birinci dəfə görmür; onun acısını çox dadmışdır. 
Şallaqdan xeyr görməmişdir və gözləmir də. Eyni zamanda 
camaat bu böyüklərin dilini də başa düşmür. Qazı uzunca bir dua 
oxuyaraq Romanovlara olan ixlasını bildirir. "Göydə allah və 
yerdə padşahi-mehribanımızın rəhmət və  şəfqətinə möhtacdır 
cəmi ərbab və hacat və zərurat"
1
 . 
Qazının dili, fıkri-xəyalı, duruşu, oturuşu bütün mahiyyəti 
etibarilə xalqa yaddır. 
Qazıdan sonra camaata xitab üçün kürsüyə çıxan müfəttiş də 
öz dili ilə, xalis intelligent ədası ilə nitq söyləyir. O, Danabaş 
əhalisi ilə belə danışır: 
- "Da vı sçastlivı sequdnya... Koqda pedaqoqi, boleya duşoy, 
vmeste s vami, izıskali nakonets porazitelno tonkiy metod 
obuçeniya, tonkiy do toqo, çto vsyakaya i kajdaya abstraktnost, 
otvleçennost krasivo i pravilno odevaetsya v konkretnost..."
2

Qazının da, müfəttişin də sözləri kəndliyə aydın deyildir. 
Birinin  ərəbcə, birinin rusca dediyi mətləbləri "başa salmaq", 
"avam kəndli dilinə" çevirmək üçün, yüzbaşı Pirvərdi bəy irəli 
çıxır. Yüzbaşının "dilini" camaat yaxşı anlayır. O "dil", illər 
uzunu kəndlinin təpəsinə döyülən  şallaqdan ibarətdir. Kəndli 
Qasım kişi cürət edib müəllimdən uşaqların barəsində haqlı bir 
söz soruşur: 
"Ay uşqol! Qurban olum sənə, bir məni başa sal görüm, o ki, 
deyirsən uşaqlar oxuyub adam olacaqlar, bir mənə de görüm 
necə, yəni adam olacaqdır"
3

                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.113.
 
      
2
 Yenə orada, səh.117
 
3
 Yenə orada, səh.130. 
 

 
75
 
Pirvərdi yüzbaşı müəllimə macal vərmir, hirslə  kəndlinin 
üstünə cumur: 
"Qasım kişi, bu sözlər bir qəpiyə  dəyməz... Mən buyruq 
quluyam, mənə buyurublar sür dərəyə, sür dərəyə.  Əgər 
siyahıdakı  uşaqlar uşqola gəlməsələr, mən siznən bax, bu 
şallaqnan danışacağam"
1
 . 
Pirvərdi bəy gözünün içinəcən yalan deyir. O, buyruq qulu 
olduğu üçün yox, şallaq oynatmaqdan həzz aldığı üçün belə 
danışır. O, hər şeydən əvvəl vicdansız, qansız bir çar məmurudur. 
İş şallaqsız aşanda onun xoşuna gəlmir, dözə bilmir. 
Pirvərdi bəy, Qasım kişi ilə kifayətlənməyib, Kəblə Heydərə 
də  hədə  gəlir: "Nə eləyirsən elə, amma bu şallağı yadından 
çıxarma". 
Pirvərdi bəy bəzən anlamadan öz xasiyyətini öz sözü ilə 
büruzə verir. Kəndlilərin mülayim, məsləhət dili ilə danışmasını 
görüb hövsələdən çıxır. Etiraf edir ki: "Çünki, mən yüzbaşıyam, 
mənimki şallaqdı". 
Əvvəl, kənd mollası Mövlam vərdi "uşqol" məsələsində 
şübhələnir, şəriət işlərinə toxuna bilən tədbir olacağından qorxur. 
Çexovun qəhrəmanı Belikov ("Qılaflı adam") kimi düşünür. 
"Sonra içindən bir şey çıxar ha!". Buna görə də səsini kəndlilərin 
səsinə qatır. Müəllim ona: "Siz də həmin uşqolda həftədə iki saat 
şəriət dərsi deyib, ayda on iki manat yarım pul alacaqsınız" - 
xəbərini vərəndə Movlamvərdinin gözü işıqlanır. Dərhal dəyişir, 
məktəb açmaq tədbirinə qol qoyur: "Elm həmişə elmdir, allah 
mübarək eləsin! Allah padşahımızı da səlamət eləsin". 
Beləliklə,  ədib kənddə  məktəb açılışı  məsələsi ilə  əlaqədar 
olaraq yüzbaşılara, qulluqçulara, ruhanilərə  qədər hər zümrənin 
səciyyəsini verir. Bu xasiyyətnamələrdən görünür ki, kəndlilər 
vahimələnməkdə haqlıdırlar. Onlar sinfi şüur səviy- 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.130. 
 

 
76
yəsinə qalxa bilməsələr də, hiss ilə düşmənlərini tanımışlar. Üç 
qüvvənin: mövhumat, yalançı elm, hökümət qüvvəsinin üçünə də 
bir nəzərlə baxırlar. Nə din nümayəndəsi qazıdan, nə "elm" 
nümayəndəsi müfəttiş  və çinovnikdən, nə  də hökümət 
nümayəndəsi yüzbaşıdan xeyir gözləyirlər. Övladlarını  şəhərdən 
gələn bu qüvvələrdən gizlənməyə "kərmə qalağına doldurmağa", 
özləri isə gözə görünməməyə çalışırlar. 
Avamla oxumuşlar, rəiyyətlə hökumət, aşağı kütlələr ilə 
imtiyazlılar arasındakı ziddiyyət "Anamın kitabı"nda daha tünd 
rənğlərlə  təsvir olunmuşdur. Buradakı  vəziyyət, sanki 
"Ölülər"dəki və "Danabaş  kəndinin məktəbi"ndəki vəziyyətlərin 
mabədi, qanuni davamıdır. "Ölülər"dəki  şüurdan məhrum olan 
kəndlilər, "Danabaş kəndinin məktəbi"ndə qorxu yolu ilə olsa da 
düşmənlərini tanımağa, qorunmağa başlamışlar. 
"Anamın kitabı"nda isə  həmin bu çoban və nökərlər 
yuxarıdakılara istehza ilə baxmağa, onlara gülməyə  cəsarət 
edirlər. Çobanlar ilə mal həkimi Aslan bəy arasındakı 
mükalimələr kimin, hansı  tərəfin yüksəkdə durduğunu, hansı 
tərəfin həyata bağlı olduğunu gözəl təyin edir: 
" Aslan bəy - Yaxşı, bir mənə deyin görüm, qoyunun yarasını 
siz dezinfeksiya eləyirsinizmi. 
Qənbər - Qanmadıq, həkim ağa. 
Qurban - Başa düşmədik, qurbanım olum. 
Zaman - O nə sözdü, başına dolanım? (Camaat gülüşür). 
Aslan bəy - Bir də  mənə deyin görüm, qoyun yaralananda 
onun temperaturasını ölçürsünüzmü? 
Qənbər - Qanmadıq, həkim ağa. 
Qurban - Başa düşmədik, qurbanım olum. 
Zaman - O nə sözdü, başına dolanım? (Camaat gülüşür). 
Qurban - Həkim ağa, yaraynan sənin işin yoxdur; yaranın 
dilini biz özümüz bilırik, keçən həftə qumral gərə qoyunu 
canavar yaralamışdı, bax yarası belə kalafa kimi idi, qara nöyüt 
sürtdük, iki gündə yaxşı oldu (Camaat və Gülbahar diqqət ilə 
 
  

 
77
qulaq asır)... Keçən gün Hacı  Əmrahgilin sürüsündən sarı  əbrəş 
qoyunu yenə canavar dağıtmışdı, ona da qara nöyüt sürtdülər, 
sənin yaraynan işin yoxdu; bilirik sən yaxşı  həkimsən, sən bu 
şoqərib qızdırmaya bir dava vər, ya bizə bir məsləhətli söz de, bir 
də səni and verirəm allaha, biznən elə danış ki, başa düşək..."
1

Oxumuş, ali təhsil görmüş, zəmanəsinin qabaqcıl ziyalısı 
adlanan, "cəmiyyəti-xeyriyyə" üzvü Aslan bəy, Qurban, Zaman, 
Qənbər kimi avam kəndlilərdən və çobänlardan çox-çox aşağıda 
qalır. Onların həyat sevən, təcrübəyə söykənən,  əməkdə 
müəyyənləşən həqiqət hissləri möhkəmdir. Onlar nə  qədər çətin 
şəraitə düşsələr də yenə nikbindirlər. Onlar çoban təcrübələri ilə 
Aslan bəyin, onun elminin, həkimliyinin yalançılığını  dərk 
edirlər. Aslan bəyin həkimliyi Rüstəm bəyin alimliyi ilə, Səməd 
Vahidin  şairliyi ilə uyğun gəlir. Yalançı ziyalılar yaxşı 
tapışmışlar. 
"Anamın kitabı"nda  əsas ziddiyyət bu izah etdiklərimiz 
deyildir. Başlıca məsələ  də burada deyildir. Bunlar ancaq 
hadisənin  şəraitidir, təfsilatıdır.  Ədib hər  şeydən  əvvəl bizim 
diqqətimizi Zəhrabəyimin ailəsinə, övladlarına cəlb edir. Bu 
ailənin simasında C.Məmmədquluzadə o zamankı Azərbaycan 
ziyalılarının daxili ziddiyyətlərini, təbəqələşməsini göstərmişdir. 
Bu ziddiyyət və  təbəqələşmənin isə maraqlı  və böyük tarixi, 
ictimai səbəbləri vardır. 
Məlumdur ki, inqilaba qədərki Azərbaycan müstəmləkə 
olmaqdan əlavə bir sıra imperialist dövlətlərin iştahasını oyadan 
bir sərvət mənbəyi olmuşdur. Yalnız Bakı nefti deyil, ölkənin 
mədən ocaqları, məhsuldar torpağı, bərəkətli kənd təsərrüfatı, 
eləcə  də coğrafi mövqeyi, gözəl ab-havası çoxlarını tamaha 
salmışdır. Ölkənin siyasi-strateji vəziyyəti Avropa ilə Asiya, 
Qara dəniz ilə Kaspi dənizi arasında bir 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.202-203. 
 

 
78
keçid məqamında olması,  şərqdən qərbə,  şimala və  qərbdən 
şərqə, cənuba gedən yollar və yolçular üçün düşərgə təşkil etməsi 
əhalinin həmişə talan və qarət qorxusu altında qalmasına səbəb 
olmuşdur. Ancaq qəhrəmanlığı, igidliyi və polad iradəsi 
sayəsində Azərbaycan xalqı min illər boyu öz mənliyini, varlığını 
qorumuş, milli istiqlaliyyətini qazana bilmişdir. 
Xüsusilə XX əsrin  əvvəllərində Azərbaycanda xarici siyasət 
təsirlərinin mübarizəsi daha mürəkkəb və daha kəskin bir şəkil 
almışdı. 
"Anamın kitabı"  əsərində ana vətənin mənəvi həyatını  əsas 
mövzu seçən, ictimai-sinfi qüvvələrin tənasübünü vərən ədib, bu 
əcnəbi təsirləri və bunlardan hər birinin iç üzünü məharətlə 
göstərmişdir. Mirzə Məhəmmədəli, Səməd Vahid və Rüstəm bəy 
bu təsirlərin timsalıdır. 
Əsərin III və IV məclislərində bir ana və bir ata övladı olan bu 
qardaşlar arasında ziddiyyət və mübarizə son nöqtəsinə çatır. 
Bunların "məslək üstündə, kitab üstündə" törəyən mübahisələri, 
nəhayət, kəskinləşir dərinləşir və düşmənçiliyə çevrilir. 
Qardaşların aralanması, ailənin dağılması ilə nəticələnir. 
Bu adamların hər biri XX əsrin  əvvəllərində xarici təsirlərə 
əsir olan bir dəstə Azərbaycan ziyalısını təmsil edir. Bu adamlar 
xalq içindən çıxmamışlar. Bunlar yuxandan yetişmiş, pul və 
qazanc xatirinə  təhsil görmüş adamlar idilər. Bu adamlar 
xalqdan, onun ənənələrindən ayrılmışdılar. Onlar ana vətənin 
yox, kənardan gətirilmiş kitabların, çox zaman zərərli kitabların 
təsiri ilə tərbiyələnmişdilər. Vətəni təmsil edən Ana gördüyü bu 
ixtilafdan iztirab çəkir, həyəcana düşür. O, özünü itirir, nə 
edəcəyini bilmir. Rüstəm bəy anasının təlaşını duyub, onu belə 
"başa salır": 
"- Ana, bax, mən səni lap çox yaxşı başa salım: nə qədər ki, 
mən bu kitablara etiqad eləyirəm (öz kitabları tərəfə əlini 
 

 
79
tutur), Məhəmmədəli də bu kitablara (Mirzə  Məhəmmədəlinin 
tərəfinə  əlini uzadır) və  Səməd də bu kitablara (Səməd Vahidə 
tərəf əlini uzadır) etiqad eyləyirlər, dəxi biz nə təhər ... mehriban 
yola gedə bilərik?"
1

Demək lazımdır ki, bu qardaşlar arasında az-çox həqiqət hissi 
ancaq Rustəm bəydə vardır. O, köhnə kitablar vasitəsilə ölkəyə 
yeriyən  əcnəbi təsiri görür. O, özünün də bu təsirin  əsiri 
olduğunu duyub, təəssüf edir. Bu qardaşların bir evdə, sözbir, 
həmfikir olmasını, "hürriyyət  əsaslarını  kəndli və  əhli-kəsəbə 
içində müntəşir etməsini", "həmin niyyətlərini  əmələ  gətirmək 
yolunda lazımi mətbuat cəm eləyib, qələm ilə çalışmasını" eşidib, 
axtarışa gələn çar senzoru qardaşların kitablarını yoxladıqdan 
sonra çox razı gedir. "Lüğət, elmi-nücum, şeir kitablarından" 
başqa bir şey görməyən senzor mehriban bir dil ilə qardaşlardan 
ayrılır. "Kitablarınızı görəndən sonra dəxi indi fikrimi bilmərrə 
dəyişdim" - deyir. Qorxulu bir macəranın bu cür xoş  nəticə ilə 
bitməsi Rüstəm bəyi sevindirir. O, qah-qah çəkib acı-acı gülür: 
"Hələ indiyə kimi xalq bir şey başa düşmürdü, indiyə kimi xalq 
deyirdi: mərhəba  Əbdüləzimin oğlanlarına, maşallah, biri 
Peterburqda elm təhsil edib, biri İstanbulda, biri də  Nəcəfül-
Əşrəfdə. Üçü də maşallah oxuyub alim olub. Amma bundan 
sonra ağızlarda söylənəcək ki, haman üç alimin biri (Mirzə 
Məhəmmədəliyə işarə edir) xüsuf-küsuf duası yazır, biri (Səməd 
Vahidə baxır) məfaülün-fəülatün, biri də (özünə baxır) vallah 
mən özüm də heç başa düşmürəm ki, mən nəçiyəm... (qah-qah 
çəkir)"
2

Belə ziyalılar azadlıq, maarif, mədəniyyət haqqında 
düşünəndə, "cəmiyyəti-xeyriyyə" tədbirləri iddiasina düşəndə 
xüsusilə gülünc olurlar. Onlar Azərbaycan xalqının nicat yo- 
 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.195.
 
2
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh. 221-222. 
 

 
80
lunu kənarda axtarırlar. Onlar özgələrə ümid bağlayır, hər bir 
tərəqqinin yaradıcısı olan xalqı tanımır, tanıya bilmirlər. Bunların 
heç biri Azərbaycan xalqının həqiqi, doğma ziyalısı deyildir. 
Buna görə  Cəlil Məmmədquluzadə öz əsərlərində bu adamların 
pərəstiş etdikləri boş  və  mənasız kitablara qarşı ananın böyük 
kitabını qoyur. 
Altmış yaşlı  Zəhrabəyim və onun kitabı, böyük ədibin 
əsərində  vətən kitabıdır. Bu elə bir kitabdır ki, bütün balaların, 
vətən övladının adı burada yazılmışdır. Zəhrabəyim həmişə buna 
baxaraq təsəlli alır. Övladları haqqında hər bir şirin və  əziz 
xatirəni bu kitabda tapır. 
Əgər "Ölülər"də son sözü atanın sərxoş  oğlu  İsgəndər 
demişdisə, əgər orada həqiqəti İsgəndər təmsil etmişdisə, burada 
son sözü ananın ismətli və namuslu qızı Gülbahar deyir. Əgər 
"Ölülər"də İsgəndər yalnız balaca qardaşı Cəlal, bacısı Nazlı ilə 
təsəlli tapırdısa, burada Gülbahar anası  Zəhrabəyimə arxalanır. 
Əgər "Ölülər"də  İsgəndər gücsüz, əliboş, köməksiz, tək qalaraq 
Şeyx Nəsrullah dünyasının önündə üsyankar ifadələrdən başqa 
bir əlac tapmırdısa, burada Gülbahar, vətənin və ailənin mübariz 
və iradəli qızı kimi irəliyə yeriyir: 
"(Qaçır içəri otaqdan neft və spiçka gətirir. Kitabların üstünə 
neft töküb od vurur. Kitablar çöldə alışır və Gülbahar durur 
otağın ortasında, qoltuğundan anasının kitabını  çıxardır, bir 
səhifəsini açır və diqqətlə baxır)"
1

Gülbaharın son sözü çox qüvvətli və  təsirlidir. Bu nitq, 
ümumiyyətlə, 
ədəbiyyatımızda 
ən məzmunlu, lirik 
monoloqlardan biridir. Burada müəllif öz fikirlərini yığcam, 
aydın, xülasə halında olduqca bədii, orijinal və yeni bir şəkildə 
qəhrəmanın dili ilə ifadə etmişdir. Gülbahar vətənə əcnəbi təsirlər 
                                                 
1
 
C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.235.
 

 
81
gətirən kitabları  dərin bir nifrətlə yandırdıqdan sonra ürək 
rahatlığı ilə ana kitabını əlinə alaraq həyəcanla deyir: 
"Qaldı bircə kitab: bu da anamın kitabı (bir qədər hamı sakit 
durub baxır). Budur, atam öz əlilə yazdığı  vəsiyyət: (oxuyur) 
Tarixi-hicrinin min iki yüz doxsan dördüncü ilində, rəbiüssaninin 
on ikisində, seşənbə günü sübh azanından yarım saat keçdikdə 
yoldaşım Zəhranın cismindən bir parça qopub ayrıldı ki, ibarət 
olsun Rüstəm balamdan... 
Biçarə övrətin cisminin qalanından genə ...bir parça ayrılıb 
qopdu, haman gün oğlum Məmmədəli anadan oldu... 
Yazıq Zəhranın qalan cismi genə bir tərəfə parçalandı... 
balamız  Səməd dünyaya gəldi. 
... Bundan da bir neçə il sonra baxtı qara övrətin qalan yarım 
canından genə bir parça qopdu ki, adını Gülbahar qoyduq... Yer, 
göy, ay və ulduzlar göylərdə seyr edib gəzə-gəzə genə əvvəl-axır 
günün başına dolanırlar; çünki bunlar hamısı  qədim  əzəldə 
gündən qopub ayrılmış parçalardır. 
Mən etiqad edirəm ki, mənim də balalarım dünyada hər yanı 
gəzib dolansalar, genə əvvəl-axır anaları Zəhranın (əlini anasına 
tərəf tutur) ətrafında gərək dolanalar. Çünki ay və ulduz şəmsin 
parçaları olan kimi, bunlar da analarının ayı və ulduzlarıdır. Vay 
o kəsin halına ki, təbiətin həmin qanununu pozmaq istəyə; onun 
insafı  və vicdanı ona müdamül-həyat  əziyyət edəcək, nə  qədər 
canında nəfəs var, peşiman olacaq..."
1

"Anamın kitabı"nda xalqın taleyi məsələsi geniş  mənada 
qoyulmuşdur. Yalnız məişət məsələsi, yalnız saf duyğular yox, 
əsrin böyük məsələləri irəli sürülmüşdür. 
"Anamın kitabı"nda zəhmətkeş xalqın nümayəndələri, 
camaatın  ən aşağı  təbəqəsindən olan adamlar saf və  səmimi 
duyğuları ilə təsvir edilmişdir. 
                                                 
1
 
1   C.Məmmədquluzadə. Əsərləri, I c, Bakı, 1936, səh.236-237. 
 

 
82
Buradakı çobanlar iftixarla deyirlər: 
 
Biz çobanıq, dağdı, daşdı yerimiz,  
Yoldaşımız qoyun-quzu sürümüz,  
Dərs almayıb, haqdı ki, heç birimiz,  
Amma zövqü-səfalıdı çobanlar,  
Qardaşlıqda vəfalıdı çobanlar. 
 
* * * 
 
Gözəl olur çöldə çəmənlər, çaylar,  
Qışda arandayıq, dağda da yaylar,  
Çoban siidü sağar, hamıya paylar,  
Niyyəti çünki alidir çobanlar,  
Qardaşlıqda vəfalıdı çobanlar
1

 
Bunlar təhsil almamış olsalar da, saf, təmiz zövq sahibləridir. 
Ədibin rəyi ilə desək, çobanlar yalançı  mədəniyyət dərsi 
almamışlar. Buna görə  də qardaşlıqda vəfalıdırlar, buna görə 
südü hamıya paylayırlar, buna görə də ali niyyət sahibidirlər. 
Ədib onların ibtidai, patriarxal həyatını bir qədər idealizə 
etmişdir. Həqiqət axtaran, öz doğma qardaşlarından və 
cəmiyyəti-xeyriyyə iclasından bir vəfa görməyən Gülbahar
çobanların işinə valeh olur, onları dindirir, onların peşələrinə 
məftun olur. 
Rüstəmbəylərin, Səməd Vahidlərin və sairələrinin bəlası 
burasındadır ki, xalqı anlamırlar, xalqı  və onun qüvvəsini 
görmür, duymurlar. Burjua qəzetlərinin boşboğazlığına uyan 
qardaşlar, xalq taleyinə bağlı deyillər və bu tale haqqında onların 
düşüncələri hamıda istehza doğurur. 
 
                                                 
1
 
C.MəmmədquIuzadə. Əsərləri, I c, Bakı, 1936, səh.230. 
 

 
83
 
Ədibə görə qurtuluş, istiqlaliyyət və azadlıq uğrunda 
mübarizələrdə  vətən övladları böyüklü-kiçikli hamı  əl-ələ 
vərməlidir. Səyyarələr günəşin  ətrafında hərləndiyi kimi, vətən 
balaları da öz analarından ayrılmamalıdırlar. Bu həqiqəti 
anlamayanlar, buna əməl etməyənlər  əslini itirənlərdir. Onlar 
ömrü boyunca peşiman olacaq, vicdan əzabı çəkəcəklər. Bu birlik 
sadəcə  kəmiyyət mənasında anlaşılmamalıdır. Bu, xalqın can, 
qan ilə, fikir və ideya ilə bir-birinə bağlı olması deməkdir. 
Adamların bir-biri üçün ürək yandırması, bir-birinin halına 
qalması, dərdinə  ağlaması deməkdir. Bu birlik vətən övladını 
yüksəldir. Hər bir yad, düşmən qüvvəsi bu birliyə rast gəldikdə 
polad sədlərə toxunan saxsı kimi parçalanıb darmadağın 
olmalıdır. 
Bu pyesdəki əsas mətləblərdən biri də mədəniyyətin azadlığı, 
vətənə xidməti məsələsidir. Vətənin azadlığı xalqın birliyini, 
həmrəyliyini tələb etdiyi kimi, onun bütün mənəvi qüvvələrinin 
də  səfərbərliyə alınmasını, ancaq bu istiqamətdə inkişaf 
etdirilməsini tələb edir. Bu tələb  ədibin xüsusilə bu əsərində 
möhkəm qoyulmuşdur, çünki ədib,  əsrinin yalançı burjua 
mədəniyyəti nümayəndələrindən çox bəlalar çəkmişdir. Ömrünü 
bu cür "mədəniyyətçilərlə" mübarizədə keçirməyə  məcbur 
olmuşdur. Böyük ədib bu məsələni təkcə "Anamın kitabı"nda 
deyil, bir sıra başqa pyes və hekayələrində  də  həll etmişdir. 
Buradakı mal həkimi Aslan bəy, "Danabaş  kəndinin 
məktəbi"ndəki müəllim və inspektor, "Ölülər"dəki çinovniklər 
belə "kulturaçılardır". 
Bu cəhətdən  ədibin "Lal" adlı balaca, bir pərdəlik pyesi də 
maraqlıdır. Müəllif bu əsərində küçədə  ağlayan altı  və  səkkiz 
yaşlı iki uşağı  təsvir edir. Onlar müharibə illərində 
xanimanlarından ayrılmış, ata-analarını itirmişlər. Onların səsinə 
bir intelligent, bir çinovnik, bir mömin, nəhayət, sənəti məlum 
olmayan bir lal gəlir. Zəng səsini eşidən intelligent uşaqlara iki 
şahı pul atıb gedir. Azan səsini eşidən mömin də 
 

 
84
gedir. Nəhayət, uşaqların yanında ancaq lal qalır. Bu lal, 
mərhəmət hissi ilə çoşaraq ağlayan uşaqları qucağına alıb, təsəlli 
verir və ovudur. 
Əslinə baxsan milliyyəti, sənəti, peşəsi və  əmlak vəziyyəti 
məlum olmayan bu lal kişini, ədib lal olduğu üçün yox, müəyyən 
dərəcədə kar olduğu üçün təsvir və  tərif etmişdir. Cəlil 
Məmmədquluzadənin təsvir etdiyi şəhərdə  və küçədə ziyalılar, 
çinovniklər, tacirlər, möminlər mühitində yetim uşaqların halına 
qalan yeganə adam laldır. Nə üçün? Çünki, bu lal həm də kardır, 
çünki bu kar zəng səsini, yəni müasir burjua şüarlarını  eşitmir, 
çünki bu kar azan səsini, yəni din nümayəndələrinin hiylə  və 
yalanını  eşitmir, çünki bu karın nə kilsədə, nə  məsciddə, nə 
cəmiyyəti-xeyriyyə iclasında, nə ticarət idarəsində bir şeyi var. 
Çünki bu lal şəxsi mənfəətini güdmür. Buna görə  də  təmiz 
insanlıq hisslərini itirməmişdir. Bu adam vətəndaşı olan, 
həmcinsi olan uşaqların pərişanlığına yanır, onlara bacardığı 
köməyi edir. 
Zəhrabəyimin oğlanları da bu mənzərədə gördüyümüz 
oxumuşlardandır. Bunların hərəsi bir elm sahibidir, hərəsi bir 
peşə sahibidir; amma onların heç biri, bir insan, bir vətəndaş, 
hətta bir ailə üzvü olaraq, bir övlad olaraq, bir qardaş olaraq düz 
adam deyildir. Əksinə, bunlar zərərli adamlardırlar. Bunlar insani 
hisslərdən məhrum, kütləşmiş, ancaq şəxsi mənfəət ilə yaşayan 
tüfeylilərdir. Bunlar xalqının, ailəsinin, anasının, bacısının, 
torpağının nankoru, düşmənidirlər. 
C.Məmmədquluzadənin komediyaları, xüsusilə bir üçlük 
silsiləsi təşkil edən komediyaları ("Ölülər", "Danabaş  kəndinin 
məktəbi", "Anamın kitabı") dramaturgiya tariximizdə yüksək bir 
pillə sayılmalıdır. Bu əsərlər nəinki ideya, ictimai məzmun 
etibarilə, həm də quruluş, texnika, sənətkarlıq etibarilə 
mükəmməl, bitkin əsərlərdir. Bu əsərlərin müəllifi Molyer, 
Qoqol, Mirzə  Fətəli kimi klassiklər səviyyəsində duran bir 
dramaturqdur. Cəlil Məmmədquluzadə öz komedi- 
 

 
85
yalarında  əsasən köhnə dünyanı, durğun, yeknəsək, donmuş bir 
həyatı  təsvir etmişdir. Oblomovların, Manilovların həyatı kimi 
Şeyx Nəsrullahın, qazının, Rüstəm bəyin həyatı da yekrəng idi. 
Belə bir aləmi dramatik gərginlik, intizar, hərəkət, münaqişələrlə 
təsvir etmək olduqca çətindir. Burada sənətkar müstəsna bir 
qüdrət sahibi olmalıdır,  ən nadir bir üsul tapmalıdır ki, bu 
"Ölülər" aləmini hərəkətə  gətirsin və bu aləmin mexanizmini 
açan bədii bir açar tapsın. Mirzə Cəlilin məzhəkələrində hərəkət 
üstünlüyü, münaqişə, intizar, keçidlər, vasitəli xasiyyətnamələr, 
yığcam mükalimələr, təhlili sual və xitablar məharətlə 
yaradılmışdır. Bu əsərlərdə artıq bir şey tapmaq mümkün 
olmadığı kimi, naqis bir cəhət də tapmaq mümkün deyildir. 
Mübarizələr, münaqişələr, qəhrəmanın taleyində elə 
cəmlənmişdir ki, hadisənin  ədib tərəfindən yaradılmasına yox, 
həqiqətən baş  vərmiş bir əhvalat olmasına inanırsan. Dramatik 
üsullar, quruluş  əhvalatın təbiiliyini pozmur, əksinə, bu təbiiliyi 
daha da sabitləşdirir.  Şeyx Nəsrullah camaatı "ölüləri diriltmək 
üçün" qəbristanlığa aparanda tamaşaçı yüksək bir intizar ilə 
gözləyir. Tamaşaçı, ölülərin dirilməyəcəyini bilir. Bir tərəfdən də 
camaatın bu etiqad ilə  qəbristanlığa getməsini görüb ürəyində 
sual verir: "Görəsən indi nə olacaq?" Burada heç kəsin zehninə 
gəlməyən bir hadisə olur. Heç kəs irəli yeriyib öz ölüsünün 
dirilməsinə razı olmur. Nə üçün razı olmurlar? Bunun səbəbini 
İsgəndər çox yaxşı söyləyir və oraya yığılanların riyakar simasını 
açır. Eynilə  də "Anamın kitabı"nda qardaşların mübarizəsi 
gözlənilməz bir üsul ilə həll olunur. Qardaşlar evdə bir-biri ilə az 
qala  əlbəyaxa olduğu halda, polis məmuru içəri girib, axtarış 
aparır ki: "Siz qardaşlar  əlbir olub hökuməti yıxmaq 
istəyirsiniz...". 
Mirzə Cəlilin komediyalarında əhvalat acı gülüş, mənalı gülüş 
yaradan belə vəziyyətlərlə inkişaf edir. 
Mirzə  Cəlilin insan surətləri çox ümumiləşdirilmiş, ictimai-
siyasi cəhətdən çox səciyyəvi surətlərdir. Dramaturgiya- 
 

 
86
mızda bir sıra surətlər var ki, özü-özlüyündə müvəffəqiyyətlidir 
və yaddan çıxmır. Ancaq bu surətlər məhdud və dar bir dairədən 
kənar çıxmır və təsəvvürü məşğul etmirlər. Mirzə Cəlilin surətləri 
belə deyil. Bir Şeyx Nəsrullahın arxasında bütün bir aləm, bir 
dünya görürük. Eləcə  də bizim diqqətimiz Gülbaharın  şəxsi 
simasında dayanıb qalmır. Gülbaharı tanımaqla biz vətəni 
tanıyırıq, onu alqışlamaqla vətəni, yüksəlməkdə və güclənməkdə 
olan vətəni alqışlayırıq. Bu bədii ümumiləşdirmə Mirzə  Cəlilin 
komediyalarını ədəbiyyatımızda misilsiz etmişdir. 
Mirzə  Cəlil dramaturgiyasında tiplərin açıq və müstəqil 
xasiyyətnaməsi vərilmir. O, heç bir qəhrəmanını  tərifləmir, heç 
bir mənfı surəti pisləmir. Onun yolu həmişə  məcaz, bədii 
təfəkkür, kinayə və təriz yoludur. Hadisənin, mübarizənin özü elə 
yollarla davam və inkişaf etdirilir ki, yaxşı da, pis də, cəsur da, 
qorxaq da, cahil də, münəvvər də aydın görünür. Xasiyyət, pislik, 
yaxşılıq bu adamlara kənardan vərilən əlamət deyil, bu adamların 
bütün hərəkətlərini, işlərini, danışıqlarını, fıkirlərini 
istiqamətləndirən daxili bir qüvvədir. Bu qüvvə ilə  çıxış 
etdiklərinə görə də adamlar təbii, həqiqi görünürlər. Mirzə Cəlilin 
həqiqətpərəstliyi, hər bir incə  və cüzi ifadədə  də, eyhamda da 
özünü göstərir. 
 
Yüklə 2,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin