Azərbaycanın Stratİqrafİyası Azərbaycanın ərazisində müxtəlif tip süxurlara (çökmə, vulkanogen və metamorfik) rast gəlinir. Ən qədim süxurlar (kvarslı şistlər, qneyslər) K.Qafqazın Əsrikçay, Qovlar, Şəmkirçay ərazilərində qeydə alınmışdır. Bu tip süxurlar B.Qafqazda Şiş kəndi yaxınlığında rast gəlir. Bu süxurları Dzirul massivinin süxurları ilə müqayisə etsək, onları Kembri yaşlı hesab etmək olar. K.Qafqazda bu süxurlar çox da dərində yatmır.
Azərbaycanın ərazisinin stratiqrafik kəsilişi aşağıdakı kimidir:
Devon sistemi. Devon sistemi tam kəsilişlə xarakterizə olunur (onun hər üç şöbəsi iştirak edir) və litoloji tərkibcə əhəngdaşı, argillit, qumdaşı, kvarsitlərin, mergelli şistlərin növbələşməsindən ibarətdir. Çökmə mənşəli bu süxurlar maqmatizmlə yarılmışdır. Maqmatizm ən çox frans mərtəbəsində müşahidə edilir. Devonun ümumi qalınlığı təxminən 4000 m-dir.
Perm sistemi. Əsasən bitumlu və dolomitləşmiş əhəngdaşından ibarətdir, qalınlığı 350 m- m-ə çatır.
Trias sistemi.Trias çöküntüləri dəniz mənşəlidir. Bu kəsiliş həm Böyük, həm də kiçik Qafqazda qeydə alınır. Lakin kəsilişin sahə üzrə davamı qeydə alınmır. Trias çöküntüləri Perm çöküntüləri üzərində qeyri-uyğun yatır. Trias çöküntüləri Naxçıvanda, Quba-Xəzəryanı zonalarında müəyyən edilmişdir. Naxçıvanda hər üç şöbəyə rast gəlinir. Litoloji tərkibcə əhəngdaşlarından ibarət olub, qalınlığı 1000 m-ə qədərdir. Quba-Xəzəryanı zonada, Terek-Xəzər çökəkliyində geniş yayılmışdır. Lakin, çökəkliyin Azərbaycan hissəsində ancaq Ağzıbirqala sahəsində qazılan kəşfiyyat quyusunda müəyyən edilmişdir. Kəsiliş metamorfikləşmiş süxurlardan ibarətdir.
Yura sistemi çöküntüləri respublikamızın ərazisində geniş yayılmışdır. K.Qafqazda hər üç şöbəyə təsadüf edilir.
Alt Yura (Toar). Konqlımeratlardan və gillərdən ibarətdir. Naxçıvanda isə effuziv törəmələrdən ibarətdir. Qalınlığı 440 m-dir.
Aalen mərtəbəsi.K.Qafqazda və eləcə də Naxçıvanda qumlu gillərdən ibarətdir. Qalınlığı 50-60 m-dir. B.Qafqazda, xüsusilə cənubi-şərqdə, alt Yura qumdaşı və gillərdən ibarətdir. Qalınlığı 1550 m-dir.
Orta Yura (Bayos və Bat mərtəbələri). K.Qafqazda vulkanik brekçiyadan, tuflu qumdaşından, tuflu konqlomeratlardan, diabazlı porfiritlərdən ibarətdir. Qalınlığı 5200 m-dir. Orta Yura Naxçıvanda isə əhəngdaşı, qumdaşı, gil və tuflu qumdaşıların növbələşməsi ilə səciyyələnir. Qalınlığı 110 m-dir.
Üst Yura (Kellovey, Oksford, Kimmeric, Titon) K.Qafqazda çökmə (gilli qumdaşı, əhəngdaşı növbələşməsindən, Lüzitan və Titon əhəngdaşı, dolomit və mergellərdən və oksford vulkanogen süxurlardan ibarətdir. Üst Yuranın qalınlığı K.Qafqazda 2000 m, Naxçıvanda 140 m-dir. Digər mərtəbələr rast gəlmir. Üst Yura B.Qafqazda (Kimmeric, Titon mərtəbələri) gil, əhəngdaşı, alevrit və qumdaşılardan ibarətdir, qalınlığı 1450 m- dir.
Təbaşir sistemi. K.Qafqazda alt Təbaşir vulkanogen qatdan və eləcə də əhəngdaşından, mergeldən, gildən və qumdaşıdan ibarətdir, qalınlığı 1500 m- dir. Naxçıvanda alt Təbaşir müəyyən edilmişdir. B.Qafqazda alt Təbaşir əsasən çökmə süxurlardan ibarətdir. Kəsilişdə vulkanogen kompleksə də rast gəlinir. Alt Təbaşirin ümumi qalınlığı 3500 m- ə çatır. Üst Təbaşir (Senoman, Turon, Konyak, Santom) K.Qafqazda tuflardan, tuflu konqlomeratlardan, tuflu brekçiyadan, qumdaşıdan, əhəngdaşından təşkil olunmuşdur, qalınlığı 3100 m- dir. Naxçıvanda konqlomeratlardan, qumdaşıdan, argillitlərdən, əhəngdaşından ibarətdir, qalınlığı 700 m-dir. Orta Kür çökəkliyində üst Təbaşirin kəsilişi K.Qafqazın kəsilişindən heç o qədər də fərqlənmir. Üst Təbaşir Saatlı quyusunda müəyyən edilmişdir.