10.4. Faydalı qazıntıları
Cənubi-Xəzər çökəkliyinin şimali-qərb hissəsində (Şimali-Abşeron çökəkliyi) quruda sənaye əhəmiyyətli neft-qaz yığımı üçüncü dövr monoklinalında alt və üst Təbaşir, Paleogen, Eosen, və Miosen çöküntülərində aşkar edilmişdir. Sovetabad, Bəyimdağ-Təkçay strukturlarında isə neft və qaz alınmışdır.
Xəzəryanı-Quba neftli-qazlı əyalətində qazılmış quyuların kəsilişlərinin analizi göstərir ki, Mezazoy çöküntülərinin neftlilik-qazlılıq şəraiti şərqə tərəf hiss olunacaq dərəcədə yaxşılaşır. Lakin Şimali-Abşeron çökəkliyində Mezazoy çöküntülərinin böyük dərinlikdə (5 km- ə yaxın) yatmasını nəzərə almış olsaq, onun mənimsənilməsi bir qədər çətinləşir. Çox ehtimal ki, üstdə yatan Paleogen-Neogen çöküntülərində neft və qaz yığımlarına rast gəlinə bilər.
Şimali-Abşeron rayonunun sahilyanı hissəsində 30 m- ə qədər dərinlikdə qazılan struktur axtarış quyularında qazma zamanı intensiv qaz ayrılmalarına rast gəlinmişdir. Ümumiyyətlə, aparılan kompleks tədqiqat işlərinin nəticələrinə görə bu rayon perspektivli rayonlardan biri hesab olunur.
Cənubi-Xəzər çökəkliyi (CXÇ) Xəzər dənizinin əsas neft-qaz çıxarma rayonu hesab olunur. Belə ki, burada başlıca neft-qaz yataqları yerləşir. CXÇ- də Abşeron-Balxanyanı, Abşeron, Aşağıkür-Ənzəli və Qərbi-Türkmənistan kimi neftli-qazlı əyalətlər ayrılır.
Eyni adlı qalxım zonasını əhatə edən Abşeron-Balxanyanı əyaləti Şərqi-Abşeron və Balxanyanı neftli-qazlı rayonlarına ayrılır. Hazırda burada bir sara neft-qaz yataqları- Pirallahı, Gürgan-dəniz, Darvin banrfsı, Neft-Daşları, Günəşli, Çıraq, Azəri, Kəpəz, Livanov, Barinov, Qubkin, LAM, Jdanov, Çələkənyanı kimi yataqlar aşkar olunmuşdur və istismar olunur. Burada əsas neftli-qazlı kompleks alt Pliosen yaşlı Məhsuldar qat (qərbdə) və Qırmızı qat (şərqdə) çöküntüləri hesab olunur. Kollektorların (qumdaşı və alevrolitlər) gilli örtüklərin növbələşməsindən ibarət olan Məhsuldar və Qırmızı qatın alt şöbəsi həm qərbdə, həm də şərqdə neftliqazlıdır. Bir sıra yataqlarda üst şöbənin Balaxanı, Sabunçu, Suraxanı lay dəstələrindən də neft və qazokondensat alınmışdır. Bəzi sahələrdə Ağcagil və Abşeron mərtəbələrinin çöküntüləri ilə əlaqədar olan məhsuldar obyektlər aşkar olunmuşdur. Məsələn, Balxanyanı zonada Qubkin yatağında Abşeron çöküntülərindən sənaye əhəmiyyətli qaz alınmışdır.
Bu zonanın Abşeronyanı hissəsində MQ daha yaxşı kollektor xüsusiyyətinə malikdir. Buarada Abşeron tip fasiyadan ibarət olan kollektor süxurları yüksək məsaməliyə və keçiriciliyə malikdir. Kollektorların, gilli örtüklərin ritmik növbələşməsi və əlverişli struktur şərait Abşeron yarımadasında MQ- ın bütün kəsilişinin neftqazla doymasına səbəb olmuşdur. Burada MQ- ın kəsilişində 40- a qədər neftliqazlı obyekt qeyd olunur. MQ- in neftli-qazlı təbəqələrin effektiv qalınlığı 400 m- ə çatır.
Abşeron-Balxanyanı zonanın şərq hissəsində Çələkən tip fasiya ilə ifadə Qırmızı qatın çöküntüləri Məhsuldar qatdan fərqlənir. QQ- ın kəsilişi şabalıdı rəngli (qonuru-qırmızı) az qalınlıqlı gillərin, qum və qumdaşlarının növbələşməsindən ibarətdir. Kəsilişin aşağı hissəsinə doğru qumluluğun artması və kollektor xüsusiyyətinin yaxşılaşması müşahidə olunur.
QQ- ın kəsilişində ayrılan VIII qat MQ-ın “Fasilə” lay dəstəsinə uyğun gəlir və əsas neftliqazlı obyekt olub, regional neftqazlılığa malikdir. Abşeron-Balxanyanı zonanın şərq hissəsində VIII lay dəstəsinin altında yerləşən IX-XI lay dəstələri də bu hissədə regional neftqazlılığa malikdir və qərb hissənin Qırməki üstü gilli-Qala lay dəstələrinə uyğun gəlir.
Abşeron-Balxanyanı zonanın bütün yataqları çox laylıdır və onların hər birinin kəsilişində antiklinal qırışıqlarla əlaqədar olan struktur və tektonik-litoloji tip ekranlaşmış yataqlara rast gəlinir. Bu zonanın qırışıqları diapirizmlə, palçıq vulkanizmi ilə və çoxlu sayda qırılmalarla mürəkkəbləşmişdir. Struktur tip yataqların tağ, tektonik ekranlaşmış, blok, kontaktyanı formaları daha geniş yayılmışdır. Litoloji tip yataqların isə litoloji ekranlaşmış və litoloji məhtudlaşmış tiplərinə rast gəlinir.
Abşeron-Balxanyanı qalxım zonasının qərb qurtaracağında Abşeron arxipelağı antiklinal qurşağı yerləşir. Bu zonanın nisbətən qalxmış tektonik elementi hesab olunan bu qurşaq şimali-qərbdə 20 yanvar strukturundan başlayaraq Ağburun dənizdən keçərək Gilavar qurşağına kimi davam edir. Ondan cənubi-şərqə nisbətən kiçik olan Darvin bankası Pirallahı-Gürgan-dəniz-Şimalı Cilov, Çilov-Neft-Daşları antiklinal zonası yerləşir.
Dostları ilə paylaş: |