Zaməddin Ziyadoğlu
Dağlar yada salar
Daha kimd iyada salan şairi...
İlyas Tapdıq
Min nəğmə bəsləyən coşqun dağ çayı
Çağlar, yada salar şairi, qardaş.
Kol dibinin bənövşəsi, nərgizi
Ağlar, yada salar şairi, qardaş.
Dolayları qarış-qarış gəzmisən,
Yaşıl otu o üz-bu üz əzmisən.
Zirvələri tək aşmısan azmı sən?
Bağlar yada salar şairi, qardaş.
Dağ yerinin şaxtasında donmusan,
Gah palıda, gah çinara qonmusan.
İlk sevginin alovunda yanmısan,
Dağlar yada salar şairi, qardaş.
Ağac kölgəsində, bulaq başında
Böyüklər, kiçiklər sənin yaşında,
Bu diyarın torpağı da, daşı da
Saxlar, yada salar şairi, qardaş.
Müzahim fikirdə, xəyallar göydə,
Zaman nə haydadı, insan nə hayda?!
İgidlər məskəni o Gədəbəydə
Dağlar yada salar şairi, qardaş.
Dostları ilə paylaş: |