Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021


) Milli-demokratik və milli-azaqlıq hərəkatı: 1905



Yüklə 315,92 Kb.
səhifə66/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   90
60 saatlıq mühazirələr 2021-2022

8) Milli-demokratik və milli-azaqlıq hərəkatı: 1905-ci il 9 yanvarda Rusiyada baş verən “Qanlı bazar günü” ilə 1905–1907-ci illəri əhatə edən burjua-demokratik inqilabı başladı. Onun təsiri Bakıda da özünü göstərdi. Həmin ilin yayında ümumi tətil təşkil edildi, Tətil komitəsi yaradıldı. Lakin tətilçilərə qarşı qoşun yeridildi, fəal üzvlər həbs olundu. Çar hökuməti Azərbaycanda milli qırğın siyasətinə də əl atdı. Payız aylarında Azərbaycanın digər bölgələrində və müəssisələrində də mütəşəkkil tətillər keçirilməyə başlandı. Hər yerdə fəhlə komissiyaları yaradıldı. 1905-ci ilin noyabrında mədən və zavodlardan seçilmiş fəhlə nümayəndələr Azərbaycanda inqilabi hərəkatı idarə etmək üçün Bakı Fəhlə Deputatları Sovetini (Şurasını) təşkil etdilər. Lakin onun fəaliyyəti qubernatorun əmri ilə 1906-cı ilin fevralında dayandırıldı. Təşkilat dağıdıldı, fəal üzvləri isə həbs olundu. Milli demokratik hərəkat: İnqilabi hərəkatın güclənməsi qabaqcıl ziyalıların və mütərəqqi burjuaziyanın təfəkküründə milli təəssübkeşlik hislərini artırmışdı. Bu şəxslərin əksəriyyəti Avropada və Rusiyanın elm ocaqlarında təhsil almış, qabaqcıl ideyalarla yaxından tanış olmuşdular. Onların arasında H.Zərdabini, Ə.Topçubaşovu, M.Ə.Rəsulzadəni, Ə.Hüseynzadəni, Ü.Hacıbəylini, F.Köçərlini, M.S.Ordubadini, C. Məmmədquluzadəni və digər maarifçi-demokratları göstərmək olar. “Milliyyət və hürriyyət”, “məşrutə və müsavat” ideyaları bu ziyalıların əsas məramına çevrilmişdi. Onların əksəriyyəti öz düşüncələrində və çıxışlarında təkcə Azərbaycanın deyil, bütün Rusiya müsəlmanlarının qabaqcıl ideyalarını ifadə edirdilər. Milli demokratların fəaliyyətində milli burjuaziyanın dəstəyi də böyük əhəmiyyət daşıyırdı. H.Z.Tağıyev, M.Nağıyev və M.Muxtarov kimi sahibkarların maliyyə vəsaitləri demokratik ziyalıların fəaliyyətini daha da genişləndirmək üçün şərait yaradırdı. 1905–1906-cı illərdə məhz onların təşəbbüsü ilə xeyriyyə cəmiyyətləri formalaşdırıldı. “Nəşri-maarif”, “Nicat” cəmiyyətlərinin milli şüurun inkişafında rolu böyük idi. Ziyalılar çox gözəl anlayırdılar ki, Azərbaycanda islahatların keçirilməsi, idarəçiliyin yenilənməsi, təhsilin genişlənməsi vacib məsələlərdir. 1905-ci ilin yazı və yayında çar hökumətinə təqdim edilmək üçün Ə.Topçubaşovun rəhbərliyi ilə xalqın ehtiyaclarını özündə əks etdirən ərz-hallar hazırlandı. Bu, Azərbaycanda müstəmləkəçilik siyasəti əleyhinə çıxan demokratların ilk proqram sənədi idi. Azərbaycanın milli burjuaziyası və demokratik ziyalıları imperiyaya qarşı mübarizədə öz tarixi borcunu vicdanla yerinə yetirməyə çalışırdı. Milli burjuaziyanın lideri H.Z.Tağıyev, milli ziyalılarımızın başçısı isə Ə.Topçubaşov idi.  XX əsrin əvvəllərində baş verən iqtisadi və siyasi böhran bütün Rusiyada inqilabi hərəkatı gücləndirdi. Qanlı bazar günü nəinki sadə rusların, həm də yerlərdə digər xalqların səbir kasasını doldurdu. İnqilabın güclənməsindən narahat olan hökumət güzəştlərə getməyə məcbur qaldı. 1905-ci il 17 oktyabrda çar “Manifest” imzaladı. “Manifest”ə görə, bütün Rusiyada yaşayan əhaliyə şəxsiyyət toxunulmazlığı hüququ, fikir, söz, sərbəst toplaşmaq azadlığı verilirdi. Azərbaycanlı ziyalılar müsəlmanlara qarşı mövcud ayrı-seçkilikdən narazı idilər və onun aradan qaldırılması üçün çar Rusiyasına xüsusi tələbnamə göndərdilər. Azərbaycanlı demokratların bu tələbinə imperiyanın digər müsəlman xalqları da qoşulmağa çalışdı. Bu məqsədlə 1905-ci il avqustda Nijni-Novqorod şəhərində Rusiyanın müxtəlif bölgələrində yaşayan müsəlmanların iştirakı ilə Ümumrusiya Müsəlmanlarının I Qurultayı keçirildi. Qurultayın təşkilində fəallıq göstərmiş və təşəbbüskarlardan biri olan Ə.Topçubaşov sədr müavini seçildi. Qurultay Müsəlman İttifaqının yaradılması haqqında qərar verdi. Məqsəd Rusiya müsəlmanlarının fəaliyyətini birləşdirmək, millətlərə bərabər hüquqlar vermək, onların mədəni və təhsil səviyyəsini artırmaq idi. 1905-ci ilin dekabrında çar Dövlət Dumasının çağırılması haqqında fərman verdi. Qanuna əsasən, Qafqaz müsəlmanlarının da seçkilərdə müəyyən məhdudiyyətlərlə iştirak hüququ var idi. I Dövlət Duması 1906-cı ilin aprel ayında fəaliyyətə başlasa da, Azərbaycanda seçkilər may ayında keçirildi. Əlimərdan bəy Topçubaşov, İsmayıl xan Ziyadxanov, Əbdürrəhim bəy Haqverdiyev, Məmmədtağı Əliyev və Əsədulla bəy Muradxanov xalq tərəfindən seçildilər. Dumada müsəlman fraksiyasına Ə.Topçubaşov rəhbərlik edirdi. Lakin çar Dumanın fəaliyyətindən narazı olduğunu bildirdi və tezliklə onu buraxdı. Dumada azərbaycanlı deputatların fəallığı, xüsusən də Ə.Topçubaşovun fəaliyyəti çar hökumətini narazı salmışdı. Dumanın buraxılmasından dərhal sonra o, Vıborq şəhərində toplaşan bir sıra deputatlarla bərabər “Vıborq bəyannaməsi”ni imzaladı. Bu bəyannamə ilə əlaqədar Ə.Topçubaşov və İ.Ziyadxanov həbs edildilər. 1906-cı ilin yanvarında Peterburqda Müsəlmanların II Qurultayı keçirildi. Qurultay Rusiyada yaşayan türkləri rus imperiyasına qarşı vahid cəbhədə birləşdirmək qərarını verdi. Həmin ilin avqustunda Nijni-Novqorodda III Qurultay təşkil olundu. Burada da Rusiya Müsəlman İttifaqının Mərkəzi Komitəsinin yaradılmasıBakıda fəaliyyət göstərməli olduğu barədə qərar qəbul edildi. Yeni tipli məktəblərin, təhsil ocaqlarının açılması istiqamətində işlərin aparılması qərara alındı. 1907-ci ilin fevralında II Duma öz işinə başladı. Bu Dumaya Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Mustafa Mahmudov, Məhəmməd ağa Şahtaxtinski və Zeynal Zeynalov seçilmişdilər. Amma onun da ömrü uzun olmadı. Həmin ildə keçirilən III Dövlət Dumasına isə çar hökumətinin qoyduğu məhdudiyyətlərə görə yalnız bir azərbaycanlı – Xəlil bəy Xasməmmədov seçilə bildi. Duma 1912-ci ilədək fəaliyyətdə oldu. III Dövlət Duması Rusiyada yaşayan müsəlmanlara və türklərə qarşı qəbul etdiyi mürtəce qərarları ilə daha çox yadda qaldı. Təsadüfi deyil ki, sonrakı IV Dumada çoxmilyonlu Rusiya türklərindən yalnız 7 nəfər deputat seçilə bilmişdi. 1912-ci ilin dekabrından 1917-ci ilədək fəaliyyətdə olmuş Rusiya imperiyasının sonuncu IV Dövlət Dumasına seçkilərə isə Azərbaycandan yalnız bir deputat qatıla bilmişdi. Bu, Məmmədyusif Cəfərov idi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin