Mövzu 14. Trikotaj istehsalında istifadə olunan lifli materiallar, trikotaj hörülmələrinin (trikotaj toxunmalarının) təsnifatı və ekspertizası
Plan:
1. Trikotaj istehsalında istifadə olunan lifli materiallar
2. Trikotaj hörülmələrinin (trikotaj toxunmalarının) təsnifatı.
3. Trikotaj toxunmaların növünün təyini.
1. Trikotaj istehsalında istifadə olunan lifli materiallar
Xammal trikotaj məmulatlarının istehlak xassələrinin və keyfiyyətinin formalaşmasında başlıca amillərdən biridir. Hazırda trikotaj sənayesində demək olar ki, bütün növlərdə müxtəlif lif və onlardan alınan saplardan istifadə olunur. Liflər və saplar araşdırılmasına görə xam, ağardılmış, boyanmış, parlaq, merserizə olunmuş, merserizə olunmamış, müline və s. olur. Trikotaj dəyişək məmulatları istehsalı üçün tətbiq edilən iplik və saplar elastiki olmalı, bütün uzunluğu boyu eyni cür burulmalı, qalınlığı müxtəlif olmamalı, hamar olmalı, dartılmaya davamlı olmalıdır, əyirmə və sonrakı sarıma zamanı nöqsanları olmamalıdır. Standart tələblərinə cavab verməyən iplik və saplardan trikotaj sənayesində istifadə etməyə icazə verilmir.
Təyinatına görə trikotaj istehsalında işlədilən iplik və saplar aşağıdakı növlərə bölünür:
1. Trikotaj corab ipliyi – bu iplik trikotaj polotnosu və ədədi trikotaj məmulatı hazırlamaq üçün işlədilir.
2. Tiftik üçün trikotaj ipliyi – sonradan daranma yolu ilə tiftik əmələ gətirmək üçün trikotaj polotnosuna əlavə edilir.
3. Tikiş bəzək ipliyi – trikotaj məmulatının tikilməsi və bəzədilməsi üçün işlədilir.
4. Rezin damarı – corab istehsalında elastiklik yaratmaq üçün tətbiq edilir. Iplik və sapların əsas növlərinin qısa xarakteristikasını verək.
Pambıq ipliyi – trikotaj istehsalı üçün geniş tətbiq edilən material hesab olunur. Əsas etibarı ilə xammal halında istifadə edilir. Trikotaj üçün müxtəlif teksli pambıq ipliyi tətbiq edilir. Pambıqdan olan 42-Ş teksli ipliklər qadın corabları, qismən üst trikotaj və tiftikli trikotaj üçün istifadə edilir. Ümumiyyətlə, 15.4-29.4 (34-65№), 11.7 (85№) və 5-10 (100-200№) teksli ipliklər daha çox işlədilir.
Trikotaj məmulatlarının istehsalında pambıq ipliyi qarışıq haldada işlədilir. Qarışıq halda olan ipliklərdən hazırlanmış trikotaj məmulatları daha yüksək istismar xassələrinə malik olur. Qarışıq halda olan ipliklər müxtəlif təyinatlı olurlar. Belə ki, pambıq viskoz ipliyi əsas ştapel dəyişək məmulatları, pambıq lavsan (20-40% lavsan) ipliyi dəyişək və üst məmulatları, pambıq-kapron ipliyi corab-naski məmulatları üçün istifadə olunur.
Viskoz lifinin qarışığı məmulata yaxşı xarici görünüş, yumşaqlıq, ipəyə oxşar xassə verir. Lavsan qarışığı məmulatın xarici görünüşünü yaxşılaşdırmaqla möhkəmliyini artırır.
Yun iplik trikotaj istehsalında xalis yun, yarım yun, pambıq, viskoz və ya kapron liflərinin qarışığından hazırlanan ipliklərdən istifadə edilir.
Tərkibində 19, 20 və 30% ştapel kapron olan kapron yun lifi və tərkibində 30% ştapel kapron olan, 40% ştapel viskoz və 30% metis yun olan kapron, viskoz yun ipliyi ən yaxşı fiziki-mexaniki xassəyə malik olur.
Kapron yun ipliyindən hazırlanan əşyaların sürtünməyə davamı 5 dəfədən çox artmaqla bərabər onların istilik saxlamaq xüsusiyyətləri azalır. Son zamanlar tərkibində 50% merinos yunu və 50% lavsan və ya nitron ştapel lifi olan qarışığ ipliyi buraxılır. Bu cür qarışıq iplikdən üst trikotaj və corab-naski məmulatı üçün istifadə edilir.
Ştapel iplik-trikotaj məmulatlarının istehsalında viskoz ştapel lifidə tətbiq edilir. Ştapel ipliyindən hazırlanan üst trikotaj, yundan hazırlanan trikotaja oxşayır. Xalis viskoz ştapelindən başqa kapron ştapel lifləri ilə qarışıq ştapel ipliyi istehsal edilir. Bu cür iplikdən hazırlanan trikotaj yüksək fiziki-mexaniki xassəyə malik olur. Belə trikotajlar yüksək elastiki xassəyə malik olmaqla sürtünməyə qarşı daha davamlı olur.
Viskoz ipəyi-trikotaj məmulatlarının bütün növlərinin istehsalında viskoz ipəyi geniş tətbiq edilir. Xarici görünüşünə görə viskoz ipəyi şüşə kimi parlaq, yarımtutqun və tutqun olur. Parlaq viskoz ipəyi ultrabənövşəyi şüaları yaxşı keçirir. Viskoz ipəyindən olan trikotaj məmulatları saya və yumşaq olur, lakin sürtünməyə qarşı kifayət qədər davamlı deyil. Ancaq digər növ süni ipəklərə nisbətən davamlıdır.
Viskoz ipəyi istini yaxşı keçirir, odur ki, yaz məmulatı üçün daha çox işlədilir. Asetat və triasetat ipəyi – kimyəvi tərkibinə görə prinsipial olaraq viskoz ipəyindən fərqlənir. Asetat lifinin digər süni liflərə nisbətən bir sıra üstünlükləri vardır. Bu ipək işığa, suya daha davamlı və yüksək elastiki xassəyə malik olduğuna görə trikotaj istehsalında geniş istifadə edilir.
Asetat ipəyi əsasən alt dəyişək məmulatları və nazik üst paltarları hazırlamaq üçün işlədilir. Asetat ipəyindən bəzi parçaların əzilmə dərəcəsini azaltmaq və onların xarici görünüşünü yaxşılaşdırmaq üçün də istifadə edilir.
Asetat ipəyindən olan məmulatların əsas çatışmayan cəhəti onların elektrikləşdirmə xassəsinə malik olmasıdır.
Triasetatdan olan parçalar az nəm çəkən olduğuna görə onları dəyişək məmulatları üçün işlətmək məsləhət görülmür.
Kapron – ölkəmizdə istifadə edilən sintetik liflərdən ən çox yayılmışı kaprondur. Trikotaj istehsalında kapron ştapel halında, habelə kapron sapı halında işlədilir. Məlum olduğu kimi kapronun dartılmağa davamlılığı süni və təbii liflərin davamlılığından üstündür. Kaprondan hazırlanan məmulat, süni ipəkdən hazırlanan məmulatdan 8-10 dəfə, təbii ipəkdən hazırlanan məmulatdan isə 4-5 dəfə geyinməyə çox davamlıdır. Bu kapronun yüksək plastik və elastik qabiliyyətə malik olması, habelə onun əyilməyə çox davamlı olması ilə izah edilir.
Trikotaj maşınlarında hörmə prosesinin aparılmasının xüsusiyyətləri olduğuna görə trikotaj ipliyinə bir sıra tələblər verilir. Ipliyin əyilməsi və ondan ilmə əmələ gətirilməsi çox zərif hissələrin vasitəsilə aparılır. Odur ki, iplikdə olan hər bir çatışmamazlıq polotnonun normal qruluşuna, texnoloji prosesə təsir edir.
Trikotaj ipliyinin keyfiyyət nişanələri normal ilmə yaratma prosesini və keyfiyyətli trikotaj polotnosunun alınmasını təmin etməlidir. Bundan başqa trikotaj ipliyinin nöqsanlı olması, əmək məhsuldarlığının aşağı düşməsinə və iynələrin sınmasına səbəb olur. Məsələn, təyin edilmişdir ki, trikotaj üçün yüksək dərəcədə eşilmiş cod ipək işlədildikdə iynələrin sınması və sıradan çıxması təqribən dörd dəfə artır.
Trikotaj istehsalı üçün işlədilən iplik teks, eşilmə, parlaqlıq cəhətcə səlis olmalı, onun yumşaqlığı, təmizliyi, davamlılığı, teksi, eşilmə dərəcəsi, rütubəti standart normaya uyğun olmalıdır. Iplik yaxşı ağardılmış və boyanmış olmalıdır. Süni ipək uzanmasına görə də bərabər olmalıdır.
Trikotaj məmulatlarının keyfiyyətini aşağı salan səbəblərdən ipliyin təmiz olmaması, elementar liflərin yığcamsızlığını və onun bərabər boyanma qabiliyyətinin olmamasınıda göstərmək lazımdır.
Trikotaj ipliyinin yağlı olmasına da yol verilməməlidir. Çünki, yağ ilə çirklənmiş iplik polotnolarda çox zaman sonradan təmizlənməsi mümkün olmayan ləkələrin əmələ gəlməsinə səbəb olur. Belə ləkələr isə məmulatın yaxşı ağardılmasına və boyanmasına maneəçilik törədir.
Trikotaj ipliyi yığcam olmadıqda onun elementar lifləri qırıla bilər. Trikotaj ipliyinin bərabər, səlis boyanma qabiliyyətinə malik olması mühüm amillərdən biridir. Çünki, iplik səlis boyanmadıqda, hörülən əşyalarla zolaqlar əmələ gəlir ki, bu da məmulatın xarici görünüşünə mənfi təsir edir və onun qiymətinin aşağı düşməsinə səbəb olur.
Dostları ilə paylaş: |