İtaliyanın böyük quru və dəniz qüvvələri, insan ehtiyatları var idi. Digər üç dövlət
isə həm coğrafi vəziyyətinə, həm də güclü ordusuna görə hər iki blok dövlətlərinə lazım
gəlirdi. İtaliya hökuməti 1914-cü il avqustun 3-də müharibədə bitərəf qalacağını bəyan
etdi. İtaliya diplomatiyası müharibəyə hansı tərəfdən qoşulmaq barədə “bazarlıq” etməyə
başladı. Almanlar Marna və Flandiriyada məğlub edildikdən sonra İtaliya Antanta
dövlətlərinə müttəfiqlik haqqında müraciət etdi. Bundan ötrü İtaliya diplomatiyası şərt
irəli sürdü: Avstriya–Macarıstandan Trentinonu, Brenner aşırımına qədər Tirolu, Triesti,
bütün İstriya və Dalmasiyanı, alban Valonunu almalı, həmçinin bütün Albaniya üzərində öz
protektoratlığını qurmalı, Osmanlı imperiyasının Dodekanes adalarını və Kiçik Asiyada
Adaliya rayonunu tutmalı idi.
Uzun danışıqlardan sonra ingilis və fransız diplomatiyası İtaliyanın bütün tələblərini
yerinə yetirməyə razılıq verdi. Bundan sonra 1915-ci il aprelin 26-da İtaliya, Böyük
Britaniya, Fransa və Rusiya Londonda saziş bağladılar. Sazişə görə İtaliya bir ay sonra
Antanta tərəfindən müharibəyə girməli idi. Beləliklə, Üçlər razılığı Dördlər razılığına
çevrildi. Mayın 23-də İtaliya Avstriya–Macarıstana müharibə elan etdi. Nəticədə Avropada
dördüncü- İtaliya cəbhəsi yarandı.
Dostları ilə paylaş: |