20. Valyuta dönərliliyi və valyuta kursu problemləri Valyuta sistemində əsas cəhətlərdən biri də valyuta dönərliyi və valyuta kursu problemidir.
Həmin mövzunun birinci paraqrafında valyutanın növlərini araşdırdıqda qeyd etmişik ki,bu problemlərə görə də valyutalar fərqlənirlər. Beləki, valyutalar tam dönərli, qismən dönərli və qapalı olmaları ilə sə+ciyyələndirilirlər.
Deməli, tətbiq olma qaydasına görə valyutalar başqa valyutalara sərbəst dəyişdirilə bilirsə,buna tam dönərli valyutalar deyilir. Bu vzəiyyətdə heç bir valyuta məhdudiyyətliliyi olmur. Hər bir milli valyutanın tam dönərli olması üçün ölkənin həm daxili iqtisadiyyatında ,həm də xarici aləmlə olan iqtisadi münasibətlərində dərin keyfiyyət dəyişikliklərinin baş verməsi tələb olunur. Odur ki,tam dönərli valyuta tətbiqinə keçmək üçün aşağıdakı şərtlərə ciddi əməl edilməlidir :
Valyuta sahiblərinin əmtəə və xidmətlərlə təmin edilməsi üçün tarazlı əmtəə və pul bazarı mövcud olmalıdır;
Milli valyutaların xarici valyutaya mübadilə etməsi üçün hüquqi və təşkilati qaydanın olması ;
İnflyasiyanın aşağı həddə olması və əsassız pul emissiyasına yol verilməməsi üçün sabit,milli pul –kredit və maliyyə sistemi yaradılmalıdır;
Xarici valyutaya təklif etmək üçün inkişaf etmiş və rəqabətqabiliyyətli ixracın olması əsas götürülür.
Bu baxımdan XƏH (SDR) səbətinə daxil olan valyutalar və eləcə də İsveçrə frankı tam dönərlidirlər.
Dönərlilik dərəcəsinə görə valyutanın kimə mənsub olması əsas rol oynayır. Bu cəhətə görə valyutalar daxili, xarici və tam dönərli olmaları ilə fərqlənirlər.
Eləcə də cari əməliyyatlarda dönərlilik, əsaslı əməliyyatlarda dönərlilik,tam dönərlilik anlayışları da fərqləndirilir.
Hər bir milli valyutanın dönərlilik növü həmin dövlətin həyata keçirdiyi valyuta siyasətinin istiqaməti ilə müəyyən edilir.
Adətən tam dönərlilik sisteminə keçilməsi iki mərhələni əhatə edir :
Cari əməliyyatlar üzrə dönərliyə keçilməsinin təmin edilməsi;
Daha uzun müddətə əsaslı əməliyyatlar üzrə dönərlilik sisteminə keçirilməsi.
Milli valyuta bütün xarici valyutalara dəyişdirilə bilmir.
-Qapalı valyuta dedikdə , ancaq onun ölkə daxilindəki hərəkəti nəzərdə tutulur.
-dünya valyuta bazarında digər valyutalara dəyişdirilə bilmir.
Bütün qeyd etdiklərimizlə yanaşı bir çox hallarda tədavül dairəsində eyni zamanda paralel olaraq qapalı (milli) və tam dönərli valyutalardan da istifadə edilir.
Hazırda dünya miqyasında cəmi pul kütləsinin 20%-ə qədəri paralel işlədilən xarici valyutadan ibarətdir. 30-dan çox ölkədə paralel valyutalar geniş istifadə edilir. Belə hallar Argentina,Boliviya,Peruda, Bolqarıstan, Çex Respublikası,Rumıniya,keçid iqtisadiyyatı ölkələrində daha çoxdur.
Valyuta sistemindəki digər əsas element valyuta kursudur.
Valyuta kursu və yaxud valyuta məzənnəsi dedikdə, bir ölkənin pul vahidinin (valyutasının) digər ölkənin valyutasında ifadə olunan qiyməti nəzərdə tutulur. Məsələn, 1 funt sterlinq – 2 dollara və yaxud 84 qəpik – 1 dollara və s.
Əslində tarixən əvvəllər də bütün valyuta sistemlərində ona uyğun valyuta kursu bu və ya digər qayda da müəyyən edilirdi. Valyutaların bir – birinə bərabərləşdirilməsi müqayisəsi mexanizmi mövcud olmuşdur.
Əmtəə və xidmətlərin ticarətində, kapitalın və kreditin hərəkətində,dünya əmtəə bazarlarında qiymətlərin müqayisə edilməsində,müxtəlif ölkələrin dəyər göstəricilərinin müqayisəsində ,firmaların,bankların, hökumətin, fiziki şəxslər və s. hesablarında olan xarici valyutaların vaxtaşırı qiymətləndirilməsində valyuta kursunda geniş istifadə edilir.
Valyuta kursu vasitəsilə pul vahidinin milli məhdudiyyətliliyi aradan qaldırılır.Onun lokal-məhdud vəziyyətdən beynəlmiləl vəziyyətə (dəyərə) çevrilməsinə imkan yaranır. Beləliklə, valyuta – mübadilə prosesinin qaydaya salınması və tənzimlənməsi yolunda vahid şəkilli dəyər meyarı formalaşır.
Nəzəri baxımdan bir neçə valyuta kursu fərqləndirilir : sərbəst üzən,idarəolunan üzən ,təsbit edilmiş kurslar, qarışıq kurslar və s.
-Sərbəst üzən valyuta kursu bazar tələb və təklifinin təsiri altında formalaşır.
Bu şəraitdə valyuta bazarı təkmil bazar modelinə daha yaxın olur.
-İdarəolunan üzən valyuta kursu sistemində tələb və təklifdən başqa ölkənin mərkəzi bankları və digər bazar subyektləri də valyuta kursuna təsir göstərirlər.
-Təsbit olunmuş sistem dedikdə,məsələn 1944-1974-ci illəri əhatə edən Bretton –Vuds sistemində qəti olaraq ABŞ dolları qızıla müncər edilmişdi. 35 dollar 1 troya unsiyasına (31.1 qr qızıl) bərabər tutlmuşdur. Başqa bütün valyutaların kursu da dollarla (+- 1% dəyişkənliklə) müəyyən edilmişdir.
-Qarışıq valyuta kursu sistemi müasir dövrün valyuta sisteminə uyğun gəlir.Bu sistem bir çox amillərdən asılıdır (qiymətlərin səviyyəsi, tədiyyə balansı,kreditin dəyəri, kapitalın hərəkəti, iqtisadi artım sürəti,siyasi inkişaf perspektivləri və s.).
Burada təsbit olunmuş və üzən valyuta kurslarının elementləri qovuşmuş halda nəzərdə tutulur. Məsələn, 1979-1999-cu illərdə Aİ ölkələri üçün valyuta kursu 1 EKYÜ əsas götürülürdü. EKYÜ vasitəsilə digər valyutalar bərabərləşdirilirdi. Avropa valyuta sisteminə daxil olmayan ölkələr isə sərbəst üzən sistem tətbiq edirdilər.
İnflyasiyanın nəzərə alınması ilə valyuta kursları nominal və real valyuta kursları adı altında da istifadə edilirlər.
-nominal valyuta kursu valyuta bazarında mövcud olan valyuta kursudur;
-real valyuta kursunda isə inflyasiya səviyyəsi nəzərə alınır.
Valyuta kurslarının müəyyən edilməsində “alıcılıq qabiliyyəti bərabərliyi” deyilən nəzəriyyədən də istifadə edilir. (belə bir ideya vaxtilə D.Rikardo tərəfindən irəli sürülmüşdür). Sonralar bu nəzəriyyə ilk dəfə İsveç iqtisadçısı Qustav Kassel (1866-1945) tərəfindən təşkil edilmişdir.
Bu nəzəriyyənin iqtisadi məzmunu ondan ibarətdir ki, beynəlxalq ticarətin obyekti olan əmtəələr müxtəlif bazarlarda çox fərqli qiymətlərlə satıla bilməzlər.Belə şərait alverçilərin fəaliyyətini artıra bilər (bu da son nəticədə qiymətlərin bərabərləşməsinə səbəb olur.)
Deməli, uzun müddətə beynəlxalq mübadilə üçün nəzərdə tutulmuş əmtəələrin qiymətləri (eyni valyuta ilə,vergi və taariflərdən azad olmaqla) eyni olmalıdır.Bu qanun “alıcılıq qabiliyyəti bərabərliyi” adı almışdır.(Buna istehlak dəyərlərinin bərabərliyi də demək olar.C.K).
Bərabərliyə əsaslanan valyuta kursu iki ölkənin milli valyutalarının qiyməti ilə hesablanmış eyni tipli əmtəə və xidmətlər “səbətinin” dəyərinin nisbəti ilə müəyyən edilir.
Bütövlükdə valyuta kursu aşağıdakı bir çox amillərdən asılıdır :
-valyutanın alıcılıq qabiliyyəti
-ölkənin mikroiqtisadi göstəriciləri(ÜDM,ÜMM və s.)
-inflyasiya siyasəti
-ölkənin tədiyyə balansının vəziyyəti
-valyuta siyasəti
-faiz dərəcələrinin səviyyəsi
-beynəlxalq ödəmələrin sürətlənməsi və yaxud ecikdirilməsi
-valyuta bazarının konyukturası
-valyutaya olan inam
-subyektiv amillər və s.
Şərti olaraq bunları uzunmüddətli,ortamüddətli və qısamüddətli amillər də adlandırmaq olar.
Uzunmüddətli amillər – məhsuldarlıq səviyyəsi,ümumi milli məhsulun artımının uzun müddət saxlanılması, hər bir ölkənin xarici ticarətdə və investisiyada rolu və yeri və s. hesab olur. Məhz bu amillər ölkədə pul kütləsi ilə əmtəə və xidmətlərdə olan mübadilənin nisbətini formalaşdırır. Daha doğrusu pulun alıcılıq qabiliyyətini göstərir ki, bu da valyuta məzənnəsinin əsasını təşkil edir.
Ortamüddətli amillərə aiddir : tədiyyə balansının vəziyyəti,uzun müddətli kapitalın hərəkətinin balansının saldosu, depozitlər (əmanətlər) üzrə faiz dərəcəsi, dövlət maliyyəsinin vəziyyəti (büdcə və s.)
Qısamüddətli amillər dedikdə, valyuta bazarının fəaliyyətinə təsir edən psixloji amillər nəzərdə tutulur. Burada böyük bankirlərin , valyuta işbazlarının , qabaqcıl kompaniyaların valyuta şöbələri müdirlərinin fikirləri əks olunur.Eləcə də hökumətin və bankın valyuta bazrına olan müdaxiləsi də bu amilə aiddir. Ona görə də valyuta dəyişilmələrində “üzən” məzənnə deyilən məzənnə də mövcuddur.