müftə ilün
müftə ilün
fA ilün
Ta gəlirik
biz də bir az
anlayaq,
Məhzəri üz
fanda burur
tək səbir.
5.
Münsərih bəhrinin
adı axıcı, cəld, çevik, azad, sərbəst mə-
nalarını verir. Bu bəhrdə yazılan şeirlər axıcı, oynaq olur, asan oxu-
nur. M.Ə.Sabirin “Oxutmuram, əl çəkin!” şeiri münsərih bəhrində
yazılmışdır.
1
müftə ilün
fA ilün
müftə ilün
fA ilün
Yatma dəxi
gözlərin
aç, a Baba
yi –Əmir.
C.Cabbarlı
Lirik əsərlərin ifadəli oxusu və əzbərdən söylənilməsi də xüsusi
diqqət tələb edir. Oxu zamanı lirik əsərin musiqilik, dərin lirizm
kimi xüsusiyyətləri nəzərə alınır. Lirik əsərləri dərsdə istər müəllim,
istərsə də şagirdlər oxuyur, eləcə də bədii oxu ustalarının, əsərin
1
Mikayılov Ş. Ədəbiyyat nəzəriyyəsi. Bakı: Maarif, 1981, s.72-73.
169
müəllifinin ifası ( səs yazısı, video yazı) dinlənilir.
Bəzi müəllimlər əsərin həcminə, dil-üslub baxımından şagird
üçün doğurduğu çətinliklərə baxmadan 10-15 bəndlik şeiri əzbərlə-
məyi tələb edir, növbəti dərsi yalnız yaddaş yarışına çevirirlər.
Unudulmamalıdır ki, əsərin əzbər öyrənilməsi nə qədər əhəmiyyətli
olsa da, məqsəd deyil, vasitədir. Dərsdə əsas diqqət əsərin doğur-
duğu emosional övqatın üzə çıxarılmasına və dərinləşdirilməsinə,
mətnin ideya – məzmunu üzrə işə, müəllif niyyətinin aydınlaşdırıl-
masına, məktəblilərin oxuduqlarını təhlil etmək, qiymətləndirmək,
ifadəli oxu bacarığının inkişafına yönəldilməlidir.
R.Eyvazlı ənənəvi klassik üslubda yazılmış poetik əsərlərin
tədrisində ifadəli oxu ilə bağlı çətinlikləri qeyd edərək yazır ki,
yalnız gözəl oxu, ifadəli qiraət şeir haqqında düzgün təsəvvür yara-
da bilər. Düzgün oxuya bilmək üçün də əsərin məzmunu ilə yanaşı,
onun biçim, forma özəlliklərini, ahəngini, ritmini də bilməyin
önəmi, əhəmiyyəti böyükdür. Bu günün şagirdi nəinki Füzulinin
“Vəfa hər kimsədən kim...” başlanğıclı qəzəlini, hətta S.Vurğunun
“Nizami” şeirini belə ifadəli oxuya bilmir. Səbəb odur ki, hər iki
poetik əsər əruz vəznindədir. Birinci şeir həzəc bəhrinin birinci nö-
vündə məfAilün təfiləsinin dörd dəfə təkrarı ölçüsündə, ikinci şeir
isə yenə həzəc bəhrinin səkkizinci növündə, məfUlü məfAİlü
məfAİlü fəUlün qəlibindədir.
VəfA hƏr kim/-sədƏn kİm, is/-tədİm, Ondan/ cəfA gÖrdüm,
Kimİ kİm, bi/vəfA dÜnya/-da gÖrdÜm, bi/-vəfA gÖrdüm.
(M.Füzuli)
YoğrUldu/ bütÜn vArlı/-ğın Ümmidlə/ hünƏrdən,
ŞimşƏk ki/-mi kEçdikcə / qarAnlıq ge/-cəlƏrdən.
(S.Vurğun)
Deməli, klassik şeirimizin sirlərini, onun gözəlliklərini, musi-
qisini yaxşı duymaq üçün o şeirin bədii ahəngini ifadə edən vəzn-
ləri bilmək gərəkdir. Vəzni bilməsək, şeiri düzgün oxuya bilmərik.
1
1
Eyvazlı R.S. Klassik ədəbiyyatın tədrisində qarşıya çıxan çətinliklər və onların
aradan qaldırılması yolları. Bakı: Müəllim, 2011. S.9-10)
170
Lirik əsərlərin ifadəli oxusu zamanı qarşıya çıxan çətinliklərdən
bir qismi də intonasiya boyalarının əlvanlığı, məntiqi vurğulu söz-
lərin çoxluğu, oxu tempinin dəyişmələri ilə bağlıdır. Bu da klassik
poeziya nümunələrinin şərhli oxusuna, ilkin təhlilinə xüsusi diqqət
yetirməyi tələb edir. Belə ki, şagirdlər müasir poeziya nümunə-
lərindən fərqli olaraq, klassik əsərlərin ideya-məzmun, sənətkarlıq
xüsusiyyətlərinin qavranılmasında daha çox çətinliklərlə qarşılaşır-
lar. Bu da, təbiidir ki, klassik şeir nümunələrinin ifadəli oxusuna
mənfi təsir göstərir.
Bu cəhət nəzərə alınaraq, təlim prosesində ifadəli oxu üçün
seçilmiş klassik söz sənəti nümunələrinin təhlili, müzakirəsinə
xüsusi diqqət yetirilməlidir.
XIX əsr Azərbaycan ədəbiyyatında Seyid Həmzə Nigarinin əruz və heca
vəznlərində, klassik və xalq şeiri janrlarında əsərlər yazan, gələcək nəsillərə
zəngin bədii irs qoyan lirik şair, mütəfəkkir sənətkar kimi özünəməxsus yeri
vardır. O, dövrünün gorkəmli din xadimləri və alimlərindən mükəmməl təhsil
almış, dini elmləri dərindən öyrənmişdir. Nigarinin ədəbi irsinə Azərbaycan və
fars dillərində iki divanı - dini-təsəvvüf şeirlərindən ibarət ” Nigarnamə”, insanın
daxili aləmi, mənəviyyatı ilə bağlı düşüncələrini əks etdirən “Mənaqib” daxildir.
Bu əsərlərdə mütəfəkkir filosof ilahi eşqi,
ilahi həqiqətləri
böyük səmimiyyət və
sənətkarlıqla tərənnüm etmişdir.
Tədqiqatlar göstərir ki, Seyid Mirhəmzə Nigarinin istər təriqət başçılığına və
istərsə də söz sənətinin zirvəsinə gedən yolu asan, hamar olmamışdır. Bu böyük
şəxsiyyət hələ uşaqlıq, yeniyetməlik illərindən qarşısına qoyduğu məqsədlərə
çatmaq, dini elmləri öyrənmək üçün əzmkarlıq göstərmiş, bütün çətinliklərə
mətinliklə sinə gərmişdir. Eyni zamanda Nigari klassik Şərq şeirini dərindən öy-
rənmiş, xüsusən Azərbaycan təsəvvüf ədəbiyyatının bilicisi və yeni mərhələdə -
XIX əsrdə davam və inkişaf etdirən qüdrətli nümayəndəsi olmuşdur.
Klassik və xalq şeiri janrlarında, əruz və heca vəznlərində əsərlər yazmış
Seyid Həmzə Nigarinin XIX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri
vardır.
Nigarinin poetik təfəkkürünün məhsulu olan şeirlərinin əsasında təsəvüff
və irfan düşüncəsi durur. Onun
təsəvvüf şeirlərində eşq mövzusu başlıca yer
tutur.
Şairin bədii əsərlərində
Allaha, Hz. Peyğəmbərə sevgi, eşq yolunda sədaqət
və dəyanət motivləri yüksək sənətkarlıqla əks olunub. O, ilahi eşq mövzusunu
böyük bir səmimiyyət və sənətkarlıqla işləmiş, insanları
ilahi həqiqətlərə, mənəvi
saflığa səsləmişdir.
Nigarinin yaradıcılığı oxucularda böyük maraq oyatmış, həvəslə, şövqlə
əzbərlənən, cəzm adı verilən zikr məclislərində muğamın müşayiəti ilə, mistik bir
həyəcanla, ifadəli şəkildə söylənmiş, daxili zənginlik, dini-mənəvi dəyərlər,
humanizm, mənəvi saflıq, bədii zövq aşılamışdır. O, Amasiya, Şərqi Anadoluda,
171
Azərbaycanda – Borçalı, Qazax və Qarabağda keçirilən məclislərdə əzbərdən,
emosional ovqatla söylədiyi şeirlərdə dinləyiciləri mənəvi saflaşmaya, daxili
təmizlənməyə səsləmişdir.
Nigari əfsanivələşmiş şəxsiyyətdir. Nigarinin şəxsiyyəti və yaradıcılığı bü-
tövlük təşkil edən, “elmü, kəmalı ilə mərufü məşhur olan bir şairdir.” F.Köçərli
onun şəxsiyyətinin böyüklüyünü, insanlara göstərdiyi heyrətamiz təsiri dəyər-
ləndirərək yazırdı: “...Mərhum şeyx uca boylu, xoşsima və xoşətvar, mülayim bir
şəxs imiş. Nə qədər ki, təbii və adəti halında şikəstəxatir, həlim və üftadə nəzərə
gəlirmişsə də, bir o qədər də ibadət vaxtında və səlata durduğu əsnada təbii halət-
dən dəyişirilib başqa bir halətə düşərmiş. Bu halətdə olduqda onun simasında nu-
raniyyət ləmə edərmiş və müqəddəs bir heyətdə əmələ gələrmiş. Belə ki, kənar-
dan onun bu haləti əcibəsinə mütəvəcceh olanları heyrət və əndişəyə salarmış.”
1
Şairin əsərlərinin
öyrənilməsi zamanı lirik qəhrəmanın hiss və həyəcanları,
düşüncələrinin təhlili əsərin sənətkarlıq xüsusiyyətlərinin aydınlaşdırılması ilə
vəhdətdə aparılmalıdır. Bu baxımdan müəllimin izahlı oxusuna böyük ehtiyac
duyulur.
Nigarinin əsərləri ana dilimizin zənginliklərini, şeir-sənət dili kimi misilsiz
imkanlarını, qüdrətini əks etdirən bədii incilərdir. Özünəməxsus, fərdi, bənzərsiz
bədii üslubu olan şair dərin fəlsəfi fikirləri, incə və mürəkkəb mətləbləri ifadə
etmək üçün ən dilimizin bədii söz xəzinəsindən bəhrələnmiş, kamil sənət nümu-
nələri yaratmışdır. Şairin dil və üslubunda fikrin bədii ifadəsi üçün vəzn, qafiyə,
rədif, güclü bənzətmələr, mübaliğələr, təkrirlər, bədii təzad, bədii sual kimi
rəngarəng məcazlar, bədii ifadə vasitələri sistemindən məharətlə istifadə diqqəti
cəlb edir. Bütün bunlar əsərin ilkin təhlilini dərinləşdirən izahlı oxu zamanı şərh
edilməli, oxu zamanı diqqət yetiriləsi məqamlara (məzmunun ilkin qavranılma-
sındakı çətinliklər, tələffüz,vəzn, bəhr, dil, üslub, ilahi və həqiqi eşqin bədii ifa-
dəsi, mətnaltı mənalar, temp, ifaçılıq vəzifələrinin müəyynləşdirilməsi və s.)
aydınlıq gətirilməlidir.
Nigari uca yaradanın - Allahın adının, eşqinin daim fikrində, könlündə oldu-
ğunu ifadə etmək üçün iki beytdə işlənmiş “Əlhəmdülillah,””fikrimdir,””Allah,”
"Könlümdə,” ”dildari-dilxah” təkrirlərindən, inversiyadan sənətkarlıqla istifadə
ilə fikrin bədii təsr gücünü qat-qat artırmağa müvəffəq olmuşdur:
Əlhəmdülillah, fikrimdir Allah,
Fikrimdə Allah, əlhəmdülillah.
Könlümdə, vallah, dildari-dilxah,
Dildari-dilxah könlümdə vallah.
Təkrirlərdən istifadə lirik qəhrəmanın dini düşüncələrini, Allaha məhəb-
bətini, sədaqətini, mənəvi saflaşma yolu ilə ona qovuşmaq niyyətini daha qabarıq
ifadə etməyə imkan vermişdir.
Məhəmməd peyğəmbərə xitabən yazdığı şeirdə şair bədii xitabların və bədii
1
F.Köçərli. Azərbaycan ədəbiyyatı. 2 cilddə. II cild. Bakı: Elm, 1981, s.142.
172
sualın klassik nümunəsini yaratmışdır. Şair Məhəmməd peyğəmbəri bütün ənbi-
yaların, peyğəmbərlərin şahı, ondan kamil, sahibcamal, fateh şəxsiyyət tanıma-
dığını bildirir:
Ey həbibi-kibriya, ey şahi-cümlə ənbiya,
Kimdi səndən özgə bir sərdar, bir sahibliva?
Kimdi səndən qeyri kamil, kimdi bir sahibcamal?
Kimdi səndən özgə fateh, kimdi bir müşkülgüşa?
Səndən özgə bəldeyi-icadi bir fatehmi var?
Səndən özgə bir səbəb aləmdə yoxdur intiha!
“Kimdi”, “Səndən özgə” bədii təkrirləri, bədii sualların ritm, ahəngdarlığı
şeirin bədii təravətini artırmış peyğəmbərə olan məhəbbət və ehtiramı poetik
ustalıqla ifadə etməyə imkan vermişdir.
Vaxtilə böyük Nizami eşqi uca göylərin mehrabı, bütün cahanda diriliyin,
həyatın mövcudluğunun əsas səbəbi adlandıraraq yazırdı:
Eşqdir mehrabı uca göylərin,
Eşqsiz, ey dünya, nədir dəyərin?
Eşqsiz olsaydı xilqətin canı,
Dirilik sarmazdı bütün cahanı.
İ.Nəsimi yazırdı ki, o, bu dünyaya gələn gündən ilahi eşqin feyzindən məst
olmuşdur:
Bəzmi-əzəldə içmişəm vəhdət meyinin cürəsin,
Şöl cürədən kim ta əbəd sərməsti-məxmur olmuşam.
Məhəbbət şairi M.Füzuli eşqi həqiqi gözəlliklə üzvi vəhdətdə götürürdü:
Eşq olmasaydı, olmaz idi hüsn müştəhir,
Hüsn olmasaydı, eşq itirmişdi şöhrətin.
Əlbəttə, bu misralarda məstlik sufiyanə istilah kimi başa düşülməlidir.
Məlumdur ki, klassik şeirdə, sufi ədəbiyyatında badə, saqi, meyxana obrazları
məcazi məna kəsb etmişdir. Bu sufi istilahlarından meyxanə Allaha ibadət edilən
yer, şərab Allaha qovuşmaq vasitəsi kimi təqdim olunurdu.
Seyid Nigari öz oxucusuna eşqin sadə məsələ olmadığını anlamağa, ilahi
həqiqəti dərk etmək üçün ağıl və elmlə yanaşı, eşqin də zəruri olduğunu, eşqin
bütün yaradılışın, mövcudatın səbəbi olduğunu dərk etməyə səsləyir:
Eşqdəndir cümlə əşya ünnəma,
Eşqdəndir əslü-fəri-külləma.
Eşqdəndir nuri-xurşidi nuri-məh
Eşqdəndir cümlə pərtöv vəz ziya.
Eşqdəndir dövri-teyr vəs səmək.
173
Eşqdəndir seyrü kövkəb vəs səma.
Eşqdəndir, ey Nigari, hər nə var.
Eşqdəndir cümlə əşya, intiha.
Şair təsəvvüfdə, irfani düşüncədə eşqi-həqiqinin (ilahi eşqin), “vücudi-küll”
eşqinin nədən ibarət olması barədə düşüncələrini ifadə etmək üçün bənzətmə,
təzad kimi məcazlardan istifadə etmişdir:
Anlagil eşq nədir, dinlə, nə mənadır bu!
Badeyi-lütfi-xuda, bəxşişi-mövladır bu!
İçəlim şamü səhər içrə və lakin bicam,
Camə hacətmi olur, badeyi-mənadır bu!
Hərfsiz aşiqi-şeydalərə təlim eylər,
Dərsi-əsrarı nə xoş, dərsi-dilaradır bu!
İnsanın və maddi aləmin yaranması barədə Quran ayələrinin bədii təfsirini
verən şairə görə, eşq lütfi-xudadır, Allah taala insanı və dünyanı sevərək, lütf
edərək yaratmışdır. Eşq elə bir “badeyi-məna”dır ki, onu içmək, dərk etmək üçün
cama ehtiyac yoxdur. Eşq aşiqi -şeydalara yazısız, kitabsız dərs keçər, çünki bu,
Allaha eşq, sevgi dərsidir.
“Quran”ın “Fatir” surəsində deyilir: Sizi yer üzünün varisləri edən ( bir-
birinin yerinə gətirən) Odur. (Ayə 39) Allah özünün bu dünyada varisi olan, yer
üzünün əşrəfi insanı gözəl yaratmışdır. Bu fani dünyaya gəlmiş insan kamilləş-
məli, Allah sevgisi ilə yanaşmalı, Haqqa can atmalıdır. Təsəvvüf fəlsəfəsinə görə,
eşq yolu asan, hamar deyildir, Allaha olan sevgini, sədaqəti sübut etmək, ona
qovuşmaq üçün insan kamilləşməli, bu yolda bəlalara, cəfalara, əzab-əziyyətlərə
dözməlidir. Şair həqiqi aşiqin “zövqü səfanı cövrü cəfada” görməsinin zəruriliyi
fikrini bədii dillə, bənzətmə və bədii təzadlardan istifadə ilə ifadə etmişdir:
Tirlər qövsi-qəzadan kim, yağar yağmur tək,
Hər biri mehrü vəfa, şəhdü şəfalərdir mənə.
Dəmbədəm zövqü səfa, cövrü cəfalərdən gəlir,
Nazü istiğnayi-dilbər dilrübalərdir mənə.
Talibi-didarəm əmma həmdəmimdir iştiyaq,
Ahu fəryadım dəmadəm rəhnümalərdir mənə.
Digər şeirində şair gözəlinə, dilbərinə müraciət edərək öz eşqi yolunda
səhralara üz tutan, özünü “qəribi-aləm” sayan Məcnuna bənzədir, ləbi-ləl təmən-
nasıyla çəkdiyi cəfaları bədii xitab, bənzətmə, mübaliğələr, daxili qafiyə vasitəsilə
əks etdirir.
Nəzər qıl, ey qəzalım, aşiqin gör kim, nə məftundur,
Tutubdur kuhü səhranı, gəzər avarə, Məcnundur.
Dəmadəm ah edər canım, tökər qan çəşmi-giryanım,
Ləbi-ləlin təmənnasilə çünki bağrı pürxundur.
174
Təsəvvüfdə insanın tərki-dünyalığı deyil, kamilliyi, mənəvi saflığı, nəfsini
cilovlaması, daxili zənginliyi mühüm yer tutur. Bu baxımdan insanın Allaha mə-
həbbəti, Haqq yoluna sədaqəti onun daxili təkamülü, kamilləşməsi, şərdən, nəf-
sin doğurduğu cılız hislərdən, ədalətsizlikdən, dünya malına hərislikdən, rəyasət,
şan-şöhrət düşkünlüyündən uzaqlaşmasına yol açır.
Nigarinin şeirlərində ilahi və dünyəvi məhəbbətin bədii əksi xüsusi bir təd-
qiqat mövzusudur. Adətən tədqiqatçılar Nigarinin təsəvvüf şeirlərinə, poeziya-
sının ilahi eşqlə bağlı istiqamətinə xüsusi diqqət yetirirlər. F.Köçərli diqqəti bu
cəhətə yönəldərək yazırdı ki, Hacı Mirhəmzə əfəndinin yazdığı əşari mütənəv-
veənin cümləsi eşqi-həqiqiyə, məhəbbəti-ilahiyə, hüsni-təbiiyə, mədhi-mövlaya,
mərifəti-xudaya, eşq yolunda sədaqət və dəyanətə və sair övsafi – həmidələrin
mədhinə şamil kəlamlardır. (3, s.143.)
Ancaq mütəfəkkir şairin dünyəvi eşqi, insan gözəlliyini, yaşayıb-yaratmaq,
sevmək-sevilmək istəyini vəsf edən əsərləri də vardır. “Quran ayələrinə isnad
edən təsəvvüf təsfirçilərinə görə, Allah taala “özünü aşkara çıxarmaq və tanıtmaq
üçün” xəlq etdiyi insanı və insana xatir yaratdığı maddi varlığı sevərək və sevgi
üçün xəlq etmişdir. Deməli, sevgi və eşq xilqətin mahiyyət və fitrətindədir.”
1
Bu baxımdan Nigarinin “Eylərdi yar” qəzəlində dünyəvi məhəbbətdən söz
açıldığını söyləmək olar. Şair bu şeirdə “al” sözünün fərqli mənalarda işlətməsi
klassik ənənədən gəlir. Lakin şair Qazi Bürhanəddin M.Füzuli poeziyasında
yaradılmış obrazları təkrar etməmiş, ənənəvi obrazı yeni məna çalarları ilə
zənginləşdirmişdir. Qazi Bürhanəddin “Eylədi” rədifli qəzəlində al sözünün məna
çalarlarından məharətlə istifadə edərək bitkin poetik obraz yaratmışdır:
Yar bizim ilə yenə görki, nə al eylədi,
Ta ki, yaşum qan ola, yanağın al eylədi.
Əsərdə şair “al” sözünü sənətkarlıqla iki mənada işlədir. Beytin birinci
misrasında bu söz hiylə, aldatmaq, ikinci misrasında qırmızı rəng mənasında
işlənilmiş, cinas qafiyə yaradılmışdır. Gözəlin yanaqlarının al rəngdə olması
təbiidir. Lirik qəhrəmanın fikrincə isə, dilbərin öz yanaqlarını al eləməsində də
aşiqə ünvanlanmış bir hiylə vardır. Dilbər bilir ki, aşiq onu görəndə sövq–təbii
nəzərlərini ondan çəkməyəcək, həsrətlə baxıb qeyri-iradi göz yaşı axıdacaqdır. Bu
işvəkar gözəl yanağını qəsdən al rəngdə eləmişdir ki, nəzərlərini ondan üzə
bilməyən aşiqin göz yaşlarında əks olunub onu qan rənginə boyasın.
Bu poetik obraz M.Füzulinin məşhur "Məni candan usandırdı..." qəzəlində
yeni naxış və xallarla zənginləşmiş, şair bədii sual vasitəsilə aşiqin düşdüyü
vəziyyəti, səhnəni tamamlayan daha güclü akkord vurmuşdur. M.Füzulinin dərdli
aşiqi sanki sevgilisinin bu sözləri eşidib inciyə biləcəyini duyaraq, yeni bir
küskünlük üçün onun əlinə bəhanə vermək istəmir, öz halının, vəziyyətinin, qanlı
göz yaşı axıtmasının səbəbini təbiətlə bağlayır, "gül, bahar fəslində çay sularının
bulanıq olması" ilə əlaqələndirir:
1
Babayev Y. Sufizm. Hürufizm.Bakı:Nurlan, 2007, səh. 40.
175
Güli-rüxsarına qarşu gözümdən qanlı axar su,
Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı?
Nigari öz sələflərinin yolunu davam etdirərək, “al eylədi” sözlərini cinas
yaratmaqla yeni məna çalarında işlətmyə müvəffəq olmuşdur. Lirik qəhrəman
keçmişdəki bəxtəvər çağları, yarının “ərzi-cəmal” etdiyi xoş günləri xatırlayır.
Sevgilisi qəsdən yanaqlarını al etməklə hiylə işlədir, aşiqi heyran etməklə öz
gözəlliyinin cazibəsindən çıxmağa qoymur.
Ey xoş ol günlər çıxıb ərzi-cəmal eylərdi yar,
Tərlədib ruxsarı al eylərdi, al eylərdi yar.
Şair “al eylərdi” sözlərini həm də təkrir kimi işlətməklə fikrin bədii təsir
gücünü qat-qat artırmışdır.
Şairin məcazi, dünyəvi məhəbbətə həsr etdiyi “Neyləyim, ey yaran, bir lalə
üzar” qoşmasında xalq şeirinin təsiri açıq-aşkar dünyəvi həyatdan, gözəllikdən
bəhs etmişdir. Təsəvvüf şeirlərindən fərqli olaraq, şair bu əsərdə məhəbbətə
gerçək, həyati məzmun vermiş, real həyatdan, gözəllikdən bəhs etmişdir.
Əsərdə
diqqəti cəlb edən mühüm cəhət aşiqin öz sevgilisinin adını çəkməsi,”lalı-
üzar,””ləbləri-gülnar”,”şirin misal”, “maralım”, “Qıynaq çöllərində oynar qəzalım”
kimi epitet, bənzətmə, metafor kimi bədii təsvir və ifadə vasitələrindən istifadə
edərək onun bədii portretini yaratmasıdır:
Neyləyim, ey yaran, bir lalə üzar
Tarimar eylədi ari-varimi.
Bir ləbləri-gülnar, adı Şahnigar
Kəsdi taqətimi, ixtiyarımı.
Qarabağdan iraq deyil maralım,
Səhrayi-Qıynaqda oynar qəzalım,
Qaraqaş elində şirin misalım
Şamü səhər çəkər intizarım.
Artıbdı möhnətim, artıbdı nazım.
Atəşi-həsrətlə yaxılmış varım,
Ey Seyid Nigari, kəsilməz zarım,
Görməyincə ruyi-Şahnigarım.
Əsərdəki sevgili obrazı öz bütövlüyü – həm zahiri, həm də daxili, mənəvi
gözəlliyi ilə aşiqi heyran edir.Lirik qəhrəmanın məhəbbəti o qədər güclü, yaşadığı
duyğular o qədər gerçəkdir ki, o, öz sevgilisinin yaşadığı mahalın, elin –obanın -
Qarabağın, Qıynağın, Qaraqaşın adını bəyan edir, hətta öz yarının adını belə
məhəbbətlə çəkir, heç kəsdən gizlətmir. Onu təmkin və qürurunu itirməkdə qına-
yan dostlarına üz tutaraq bir qıza bəslədiyi sevgi hislərini etiraf edir, səmimiy-
yətlə “ Neyləyim, ey yaran, bir lalə üzar Tarimar eylədi ari-varimi” deyir.
Əsərdə vüsal həsrətini gizlətməyən, taqətinin, ixtiyarının kəsildiyini aləmə
bəyan edən aşiq obrazı öz hislərinin təbiiliyi ilə diqqəti cəlb edir. Bütün həyə-
176
canlarına, iztirablarına baxmayaraq, lirik qəhrəman–aşiq nikbindir. O, ayrılıq
zamanı möhnətinin artmasından, atəşi həsrətin bütün varlığını yaxmasından söz
açsa da, klassik ədəbiyyatımızda qarşılaşdığımız bir çox aşiq obrazlarından fərqli
olaraq sevgilisini qınamır. Çünki aşiq əmindir ki, sevgilisi – Şahnigarı da şamü-
səhər onun intizarını çəkir, ümid dolu həsrətlə yolunu gözləyir. Aşiqin ahu-
zarının kəsilməsinin, dərdinin bir dərmanı var: o da gözəllik idealı, sədaqət rəmzi
saydığı sevgilisinin üzünü görmək, vüsalına qovuşmaqdır.
Şeirin dili oynaq, ahəngdar, ritmikdir. Onda folklorun, klassik irsin əvəzsiz
lirik incilərindən gələn təbiilik, sadəlik, şirinlik oxucunu heyran edir, onu uzun
müddət öz poetik cazibəsində, şairin füsunkar sənət dünyasının sehrində, möcü-
zəsində saxlayır.
Bu şeir oxucuya şairin Nigari təxəllüsünü seçməsinin də əsl səbəbini aydın-
laşdırır, sənətkarın real, dünyəvi məhəbbəti ilə bağlı olduğunu göstərir. Fikrimizcə,
Seyid Nigarinin ilahi məhəbbəti tərənnüm edən, dini-mistik şeirləri ideya-məzmun
baxımından M.Füzuli, Ş.İ.Xətayi poeziyası ilə səsləşirsə, dünyəvi, real məhəbbətdən
bəhs edən əsərləri M.P.Vaqif poeziyasına xas olan dünyəvi məhəbbət motivləri, real
sevgilinin vəsfi, onun gözəlliyinin tərənnümü ilə diqqəti cəlb edir.
Seyid Nigarinin poetik irsi öz yüksək bədiiliyi, şeiriyyəti, məzmun və forma,
janr-üslub əlvanlığı ilə seçilir. Fəlsəfi-irfani əsərlərində bədii təsvir və ifadə
vasitələrindən, rəmzi mənalı söz və ifadələrdən yüksək sənətkarlıqla istifadə
onun şeirlərinə gözəllik və ahəngdarlıq, təravət gətirmiş, mütəfəkkir sənətkarın
duyğu və düşüncələrinin poetik siqlətini qat-qat artırmışdır.
XI sinifdə M.Ə.Sabirin “Səttarxana” şeirinin təhlili aşağıdakı
sual və tapşırıqlar üzrə aparılır:
1.
Səttarxan kimdir? Cənubi Azərbaycan haqqında tarix dərs-
lərində öyrəndiklərinizi yada salın.
2.
Əsərdə şairin hansı əhval-ruhiyyəsi, ovqatı öz əksini tapıb?
3.
Sabir Səttarxana, Təbrizlilərə necə münasibət bəsləyir?
4.
Səttarxanın hansı cəhətlərinə şair xüsusi diqqət yetirir?
5.
Şairin şah reşiminə münasibəti necədir? Nə üçün? Fikrinizi
əsərdən nümunələrlə əsaslandırın.
6.
Bu şeir Sabirin satiralarından nə ilə fərqlənir? Əsər hansı
janrda yazılıb?
7.
Əsər sizdə hansı fikirlər, düşüncələr doğurdu?
Dərsdə əsərin təhlili zaman qeyd edilir ki, 1908-ci ilin payı-
zında Səttarxan fədailəri şah qoşunlarını məğlub etmiş, tarixi qələbə
qazanmışdı. Bu qələbə xalqımızın azadlıq mübarizəsində mühüm
hadisəyə çevrimiş, C.Məmmədquluzadə, M.Ə.Sabir kimi əməl dost-
larının, ziyalıların yaradıcılığında əks-səda tapmışdı.
177
C.Məmmədquluzadə “Molla Nəsrəddin”jurnalında çap etdirdiyi
“Yaşa”adlı məqalədə yazırdı:” İnsan həddindən artıq bir şeyə se-
vinəndə çox vəqt dili tutulan kimi olar və əvvəl vəqt bilməz ki, nə
desin və nə danışsın.
Şahın namərd qoşunlarının basılmağını eşidib ancaq bunu deyə
bilərik: “Yaşa, Səttarxan!”
Yaradıcılığında satiraya, tənqidə, ifşaya böyük önəm verən
sənətkar sanki bu şeirdə ürəyini boşaldır, ictimai lirika üslubunda,
tərənnüm ruhlu misralarla xalqın qeyrətli oğullarına alqış deyir.
Milli iftixar hissi ilə yazılmış bu əsərdə Sabirin satiralarındakı “göz
yaşları içində gülüş” deyil, təbii, ürəkdən gələn bir sevinc, mənəvi
ruh yüksəkliyi vardır. Şeir öz coşqun pafosu, lirik qəhrəmanın hiss-
həyəcanının təbiiliyi, hərarətli dili ilə diqqəti cəlb edir.
Şair əsəri oxucuya müraciətlə başlayır, öz sevincinin, ruh
yüksəkliyinin səbəbini açıqlayır. Əsərin oxucuya müraciətlə başla-
ması təsadüfi deyildir. “Əfsanə”, “divanə” sözlərini işlətməklə şair
oxucunun onu yanlış anlamamağa çağırır, reallıqdan söz açdığını
söyləyir. Sənətkarın məqsədi oxucunun diqqətini Təbriz fədailərinin
parlaq qələbəsinə cəlb etmək, öz sevincini bölüşməkdir.
Uzun illərdir ki, azadlıq təşnəsi olan şair o qədər həyəcanlıdır
ki, oxucunun onu divanə zənn edəcəyini düşünür. O, azadlıq eşqi ilə
mübarizəyə atılıb qalib gələn “himməti-valaya”- əsl qeyrət nümu-
nəsi göstərən, insanlara sevinc bəxş edən Səttarxana alqış deməklə
Arazın bu tayındakı oxucunu da xəbərdar edir, ayıldır, düşünməyə,
onu da öz hislərinə, duyğularına şərik olmağa səsləyir.
Şeirdə Azərbaycan ədəbiyyatında ilk dəfə olaraq Səttarxanın bir
milli qəhrəman kimi dolğun bədii obrazı yaradılmışdır. Şairin
təqdimində, Səttarxan xalqın ən qeyrətli oğullarındandır.
Sabir Səttarxanın milliyyət etibarilə azərbaycanlı olmasından
böyük iftixar düyğusu keçirir:
İştə Səttarxan, baxız, bir növ iqdamat edib,
Bir vəzirü şahi yox, dünyanı yeksər mat edib,-
İrzü İslamı, vətən namusunu yüz qat edib,
Hörməti-heysiyyəti-milliyyətin isbat edib,
İndi dünyanın təvəccöh nöqtəsi İranədir,
Afərinim himməti-halayı-Səttarxanədir.
178
M.Ə.Sabir Azərbaycan xalqının milli qəhrəmanı Səttarxanı
«oddan qorxmayan pərvanəyə» bənzədir. Səttarxanın xidmətlərinin
islam dünyası, geniş mənada insanlıq üçün böyük əhəmiyyətə malik
olduğu xüsusi vurğulanır:
Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa!
Düstü düşmən əl çalıb, eylər Sizə səd mərhəba!
Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
Cənnəti-əlada peyğəmbər Sizə eylər dua.
Çün bu xidmətlər bütün islamədir, insanədir,
Afərinim himməti-halayi-Səttarxanədir.
Güclü düşmənlə mübarizədə Səttarxanın ən böyük dayağı xalq-
dır. Cənubi Azərbaycanda xalqın Səttarxanla birliyi böyük qələ-
bənin rəhni kimi vəsf olunur. Şair bu birliyi ürəkdən alqışlayır,
Səttarxanla yanaşı, təbrizlilərə də “Afərin Təbriziyan etdiz əcəb
əhdə-vəfa,”- deyir.
İctimai lirika üslubunda qələmə alınmış «Səttarxana» şeirində
Təbriz şəhərindəki yüksək nikbin ovqatın tərənnümü ön mövqeyə
çəkilmişdir. Şair azadlıq yolunda qurban getmiş şəhidlərə ümum-
xalq ehtiramından söz açmışdır:
Ta ki Millət Məcməin Tehranda viran etdilər,
Türklər Səttarxan ilə əhdü peyman etdilər,
Zülmü-istibdadə qarşı nifrət elan etdilər,
Millətə, milliyyətə can nəqdi qurban etdilər,
Ayeyi «zibhi-əzim» itlaqı ol qurbanədir,
Afərinim himməti-halayı-Səttarxanədir.
Şagirdlərin diqqətinə çatdırılır ki, qısa müddətdə bu şeir Cənubi
Azərbaycanın hər yerində geniş yayılmış, böyük maraq doğurmuş-
dur. Milli-azadlıq hərəkatının himninə çevrilmiş «Səttarxana» şeiri
xalq kütlələri, mücahidlər arasında nəğmə kimi oxunmuşdur.
Şagirdlər milli müstəmləkə siyasəti aparan çarizmin Səttarxan
hərəkatının Şimali Azərbaycanda da azadlıq hərəkatını alovlandıra-
cağından qorxuya düşdüyünü, hər vəchlə bu mübarizənin qarşısını
almağa çalışdığını, azadlıq mübarizələrinin adını unutdurmaq
istədiyini qeyd edirlər.
Məktəblilər dərsdə əsər barədə təəssüratlarını bölüşməklə yana-
şı, müasir Azərbaycanın müstəqil dövlət quruculuğu yoluna qədəm
179
qoymasından, onun uğurlu inkişafından, xalqımızın birlik arzuları-
nın həyata keçməsinə inamlarından söz açırlar.
Təcrübə göstərir ki, lirik əsərlərin öyrənilməsi, ifadəli oxusu
zamanı musiqi əsərlərindən istifadə müsbət nəticə verir. Məsələn,
M.Ə.Sabirin “Səttarxana” şeirinin öyrənilməsi zamanı Ü.Hacıbəyo-
vun “Koroğlu” operasından üvertüranın və ya Azərbaycan Respub-
likasının Dövlət Himninin səsləndirilməsi əsərin şagirdlərə emosio-
nal təsirinin güclənməsinə, ideya-məzmununun daha dərindən qav-
ranılmasına səbəb olur.
“Səttarxana” şeirinin ifadəli oxusu zamanı əsərin vətənpər-
vərlik, qəhrəmanlıq ruhunda olması diqqət mərkəzində saxlanılır.
Əsərin vətənpərvərlik, qəhrəmanlıq ruhu şairin Səttarxana, təbriz-
lilərə müraciətində açılır. Səttarxan obrazı vasitəsilə xalqımızın
azadlıq uğrunda mübarizə aparan qəhrəmanlarının səciyyəvi xüsu-
siyyətləri əks etdirilir. İfadəli oxuda azadlıq uğrunda mübarizə apa-
ran xalqımızın qəhrəmanlığı yüksək emosionallıqla çatdırılmalıdır.
İfadəli oxu zamanı “Afərinim himməti-halayi-Səttarxanədir”
misrasına xüsusi diqqət yetirilir. Şair bu misra vasitəsilə hər bənddə
söylədiyi fikirləri bir növ yekunlaşdırır, əsəri yazmaqda məramını
açıqlayır. Odur ki, sənətkarın vətənin azadlığı, qəhrəman oğullarına
ehtiramla bağlı düşüncələrini ifadə edən hər bənddə təkrar olunan
bu fikrir dərindən dərk edilməli, mətnaltı mənası ifadəli oxuda
çatdırılmalıdır.
Şeirdəki həmcinc üzvlər, cümlələr, rədiflər, təkrirlər, bədii
xitablar xüsusi ahəngi duymağa, tədricən sürətlənən templə
çatfırmağa imkan yaradır.
Dostları ilə paylaş: |