İzzət
Büsbütün rədd edərsə?
Orxan
Qəm yemə, Orxan pək də aciz deyil.
(Qarmonun səsi kəsilir)
199
Haydı, İzzət, susdu qarmon, sən çəkil!
İzzət dörd-beş adım çəkilir.
Orxan
(Qayət hiddətli)
İnan ki, alt-üst eylərim aləmi,
İsmət Orxanı rədd edər, öyləmi?!
Allah şahid, bana olmazsa dəmsaz,
Bu topraqda ondan bir iz də qalmaz.
Yaşar dağlar başında qartal kibi,
Qoşar səhralarda bir maral kibi.
Bəndən başqa bulunmaz bir ənisi...
Zərər yoq, gəlsə gəlsin nişanlısı;
Gəlsin Qanpolad, qarşı qoysun bana,
İsmət ya qismətdir bana ya ona.
Bu sırada İsmət dışarı çıqar.
Orxan
Aman, nə yosma qız!
İzzət
Ah!..
Orxan
Çəkil, çəkil!
(İzzət çəkilir, Orxan kəndi-kəndinə)
Yazıq! Əsla qızın könlü şad deyil,
Allah, Allah! Həm dalğın, həm də məhzun.
Bir baqışda eylər insanı məcnun.
(İsmətə doğru)
Aman, yarəbb, İsmət, İsmət!
İsmət
(Orxanı görüncə heyrətlə)
Ah, Orxan!
Orxan
Nə var, nə yoq?
İsmət
Çoq şükür, Qanpoladdan
Bu gün bir məktub gəldi...
Orxan
Nerdə Səlma?
İsmət
Qomşudadır, şimdi gəlir...
200
Orxan
Pək ə’la,
Fəqət niçin?
İsmət
Getmiş mollayı bulsun,
Məktubu oqutsun, xatircəm olsun.
Orxan
Pəki, evdə kim var?
İsmət
Kimsə yoq...
Orxan
(Əlini İsmətin omuzuna qoyaraq)
İsmət!
Allah əsirgəsin, nədir bu halət?
Bət-bənizin solmuş, çöhrən dəyişmiş,
Qolay sanma, deyil bu sadə bir iş.
İsmət
(Geri çəkilərək)
Əvət doğru, fəqət məraq, intizar
Bir az sıqmış bəni...
Orxan
Qərib halın var!
Qanpolad getsin qürbətdə sürünsün,
Sən burda ancaq sol, qayğı çək, düşün!
İsmət
Lakin təhəmmüldən başqa çarə nə?
Orxan
Yazıq İsmət, yazıq!.. Sənin hüsnünə
Bənim kibi binlərcə aşiq varkən...
İsmət
Ah, sus, Orxan, sus!
Orxan
Allahın sevərsən,
Söylədiyim sözlər yalanmı? Söylə!
Söylə, İsmət, yalanmı? Bir fikr eylə
Bütün Dağıstanda var bir şöhrətim,
Yüksək dağlardan böyükdür həşmətim,
Hürmətim, izzətim, varım, sərvətim,
201
Nəslim, nəcabətim, gücüm, qüdrətim.
Günəş kibi parlayorkən, fəqət bən
Yalnız məftunum sana, ah, yalnız sən!..
İsmət
Orxan! Yetər, yetər...
Orxan
İsmət, bir düşün!
Səndən başqa bir düşüncəm yoq bu gün.
Bütün qızlar əsir ikən eşqimə,
Bən sənin eşqində batmışım qəmə.
Səbrim tükənmiş, taqətim kəsilmiş,
Huşum, əqlim uçmuş, uyqum çəkilmiş.
Səndə əsla mərhəmət yoqmu?
İsmət
(Barmağındakı yüzüyü göstərərək, hiddətlə)
Orxan
İştə barmağımda gördüyün nişan
Qanpoladdan bir yadigardır bana,
Ömrüm olduqca bağlıyım bən ona.
Orxan
Bir yüzükdənmi eylərsən ihtiraz?
İsmət
Əvət, bu bir zəncir ki, hiç qırılmaz.
Orxan
İsmət, onun hiç bir mə’nası yoqdur,
O bir boş xəyaldır, səni qorqudur.
Yüzük, nişan yalnız gönüldür, gönül!
Olma çocuq... Sən gəl bana ver gönül!
Yarın atlanıb bu köydən çıqalım,
Yigit kimsə, qarşı çıqsın baqalım.
(Kəndi-kəndinə heyrətlə)
Allah, Allah, yenə çatıldı qaşlar!
Dəhşət verir qartalvari baqışlar!
(İsmətə)
Söylə, fikrin nədir? Cavab ver, İsmət!
İsmət
(Usanmış və sinirli bir halda)
Artıq yetər, Allah için, çəkil get,
Hürmətin, izzətin, varın, şöhrətin,
202
Nəslin, nəcabətin, gücün, qüdrətin
Həp sənin olsun, get, çəkil get, Orxan!
Bən ayrılmam o yoqsul Qanpoladdan.
Bütün dünya alt-üst olub dağılsa,
Ondan başqa sevdiyim yoqdur əsla!
III
Səlma
(Gələrək, sevinc ilə)
İsmət! Qızım, müjdəmi ver, müjdəmi!
Bundan sonra gül, sevin, tərk et qəmi!
Şükür, çoq şükür, sap-sağlam, könlü şad!
Bu gün, yarın gəlmək üzrə Qanpolad.
İsmət
(Kəndisi)
Allaha şükür!..
(Aşkar)
Gəlmək üzrəmi?
Səlma
Hay, hay!
Yazdığından bəs bəllidir ki, bir ay,
Tamam bir ay tədarük etməkdədir;
Çoq ehtimal var ki, bu aqşam gəlir.
İsmət
(Heyrətlə)
Nasıl?
Səlma
Əvət, ya bu aqşam, ya sabah,
Qavuşturur sizi o qadir Allah.
(İsməti süzərək)
Həm də yazmış ki, söylərsən İsmətə;
Toy başlanmalıdır gəldiyim həftə!
(İsmət utanıb başını aşağı dikər)
Gəl, utanma, hifz etsin sizi Tanrım;
Gəl, öpəyim səni, gəl, quzum, yavrum!
(İsməti qucaqlayıb öpərək
)
Gül rəngin afət görməsin, solmasın!
İsmət! Hiç bir günüm sənsiz olmasın!
Gəl evə, elmasım!
203
İsmət
Rüxsət versəniz
Şimdi gedib evimizə söylərim tez,
Yenə tez gəlirim; çünki anamgil
Həp müntəzirdir, kimsə rahət degil.
Səlma
Pəki, quzum! Get söylə, anlat bütün;
Qoy sevinsinlər, fəqət sən çabuq dön!
Çünki evdə bir az hazırlıq görək.
İsmət
(Gedərək)
Çoq gecikməm...
Səlma
Haydı get, parlaq çiçək!
İsmət
(Uzaqlaşaraq kəndi kəndinə)
Ah, fəqət intiqam dilərsə Orxan,
İsmət xoşbaxt ikən olur bağrı qan.
(Göyə doğru)
Ey bizi yoqdan yaradan bir Allah!
Rəhm eylə, səndən başqa yoq bir pənah.
|