Epik əsərlərin ifadəli oxusu üzrə müstəqil tətbiq və yaradıcı iş üçün mətnlər YASƏMƏN AĞACI I Məktəbimizin bağçasında ucaboylu, cavan bir yasəmən ağacı vardı. Yaz
gələndə bütün ağaclar kimi o da çiçək açardı. Onun açıq-bənövşəyi gülləri
salxım-salxım olub sallanardı.
Məktəbimizin bağçasındakı ağ, çəhrayı çiçəkli alça, armud, şaftalı və ərik
ağacları arasında bu yasəmən ağacının qəribə bir gözəlliyi vardı.
Kəndimizdə yasəmən olmazdı. Məktəbimizdəki yasəməni isə Aslan müəllim
əkmişdi. O, səhər əkdiyi bu ağacın yanına gələr, budaqları əyib salxım gülləri
iylər və dayanıb ağacın gözəlliyinə tamaşa edərdi.
Aslan müəllim ucaboylu, qarabəniz, zəhmli bir adam idi. Alnında sərt
qırışlar vardı. Lakin o, yasəmən ağacını seyr edərkən üzünün nə qədər incə,
mehriban bir ifadə aldığını aydın görmək olurdu.
II Bir gün dərsdə mənimlə bir skamyada oturan yoldaşım Cəfər əyilib
qulağıma pıçıldadı:
– Müəllimim yasəmən ağacında bir bülbül yuva salıb.
Bu sözü eşitcək səbirsizliklə dərsin qurtarmasını gözlədim. Zəng vurulan
kimi Cəfərlə bərabər yasəmən ağacının yanına qaçdıq.
Cəfər düz deyirmiş: salxım-salxım sallanan güllər arasında çör-çöpdən
düzəldilmiş bir yuva gördüm. Mən düşünmədən birbaş ağaca dırmaşdım. Elə
yuvaya yenicə çatmışdım ki, onun içindən pırıltı ilə bir bülbül uçdu və ağacın
gövdəsi ağırlığıma davam gətirməyib şaqqıltı ilə sındı. Mən yıxıldım, yuva da
uçub töküldü.
Ətrafıma toplanmış uşaqlar çığır-bağır salmışdılar. Özümü toplayıb ayağa
qalxdıqda Aslan müəllimin yanımda durduğunu gördüm. Kürəyimin arasından
soyuq bir şey keçdi. Bu halı müşahidə edən uşaqlar susdular. Aslan müəllim
heykəl kimi qımıldanmadan, qəddi qırılmış yasəmən ağacına baxırdı. Bu zaman
birdən bülbül qanadlarını başımız üzərindəki alma ağaclarının çiçəklərinə çırpıb
həyəcanla səsləndi. Aslan müəllim başını qaldırıb, kiçik bir budaq üzərində
oturmuş bülbülə, onun uçmuş yuvasına və mənə baxdı. Sonra o, dinməzcə dönüb
getdi.
III Zəng vuruldu. Mən peşman olmuşdum, Aslan müəllimdən məzəmmət və
cəza gözləyirdim. Lakin o, mənə nə bir söz deyir, nə də üzümə baxırdı. Bu isə
mənim üçün hər şeydən ağır idi. Mən istəyirdim ki, o, məni danlsın, cəza versin.
Lakin o, susurdu.
Bir gün Aslan müəllim məndən keçmiş dərsi xəbər aldığı zaman onun
baxışlarında elə soyuq bir ifadə hiss etdim ki, özümü saxlaya bilməyib cavab
212
vermək əvəzinə ağladım.
O, əvvəlki kimi sakit və təmkinli bir səslə mənə: “Əyləş”, – dedi və başqa
bir şagirdi qaldırdı.
Mən ağlayırdım. O isə elə bil ki, bunu görmür, sakitcə dərsini keçirdi.