Səlma
Hiç olmaz!
271
Murad
Yaşatma, öldür, ana! Bəncə hala,
Billah, gəbərmək yaşamaqdan evla.
Səlma
Xayır, sən bana eylərkən iltica,
Söz vermişim, dönməm sözümdən əsla!
(Bu sırada bir-iki ıslıq və tapança səsi eşidilir)
Murad
(Diksinərək)
Aman, yarəb!
Səlma
(Qolundan tutub çəkərək)
Gəl! Hiç təlaş etmə, gəl!
Qaçmaq gərək... Qorqarım arta əngəl...
Murad
(Kəndisi)
Hər tərəf qorquluq, qaçmaq səmərsiz.
(Aşkar)
Ah, bən nə bir yol bilirim, nə bir iz.
Səlma
Gəl, hiç qəm etmə, gəl! Baq, iştə bir yol...
Düz, qorqusuz bir dərədir, əmin ol!
Burdan çıqar bir köyə, həm çoq sürməz,
Sağ qurtulub gedərsin, kimsə görməz.
İsmət
(Başını qaldırıb həzin və atəşli bir ahənglə)
Yarəb, nə bəxtiyar imiş ölənlər!..
Murad
(Səlmaya)
Ah, nə qadar alicənabsın...
Səlma
(Murada)
Yetər!
Yetər get, durma get! Haydı, çəkil get!
Artıq savuş! Durmaq vaqtı deyil, get!
Murad Səlmadakı böyüklüyə qarşı sıqılaraq şaşqın bir halda yürür. Bir-iki
adım getdikdən sonra dönüb baqar və dərin bir ah çəkərək büsbütün uzaqlaşır.
Səlma
(Muradın getdiyi tərəfə doğru hiddətli və həyəcanlı bir səslə)
Get, namərd qonaq, get! Alçaq mültəci!
Get, miskin hərif, get! Cəllad, yırtıcı!
Get, vicdansız! Kəndini qurtar, yaşa!
Ancaq vicdansızları bəslər dünya!
272
(Daha sinirli və qızğın)
Get, gözüm görməsin! Uzaqlaş, dəf’ ol!
Nə haqsızlıq etdinsə Allahdan bul!
Get, çəkil get! Dinsiz, Allahsız xain!
Murdar izin bu topraqdan silinsin!
Oğlumu söndürdün, yandırdın bəni,
Get, kamə irdirməsin Allah səni!
(Göyə doğru ditrəyərək)
Mərhəmət! Yarəb, mərhəmət, inayət!
Təhəmmül ver! Qalmamış bəndə taqət;
Ah, qəlbim az qalır patlasın Allah!
(Cənazəyə doğru qoşaraq çılğınca)
Allah, nə bədbəxt ana oldum... Eyvah!
Həsrəti könlündə can verən evlad!
Ah, qəhrəman oğul, nakam Qanpolad!
(Haman oğlunu qucaqlayaraq şiddətli və yaqıcı hıçqırıqlar içində boğulub
düşər. Bu sırada Səlim ilə arqadaşı dəxi birər tərəfdən çıqaraq hiddətli və məbhut
bir halda baqa qalırlar.)
63. Aşağıdakı mətninifadəli oxu qaydalarını şərti işarələrlə göstərin.
Ey qarşıma çıxan lalə,
Dərmərəm səni, dərmərəm.
Arzu qönçə qalıb hələ
Dərmərəm səni, dərmərəm.
Qail oldum çoxa, aza,
Bel bağladım mən bu yaza,
Ayrılanlar qovuşmasa,
Dərmərəm səni, dərmərəm.
Dardadır Təbriz, ay gülüm,
Bu nə qış, nə yaz, ay gülüm,
Sevinməsək biz, ay gülüm,
Dərmərəm səni, dərmərəm.
Gün doğmasa bu yollara,
Əlim çatmasa ellərə,
And içirəm mən güllərə,
Dərmərəm səni, dərmərəm.
64. Aşağıdakı mətnin oxusunda ünsiyyətin hansı formasından istifadə etmək
məqsədəuyğundur.
Layla dedim, yatasan,
Qızılgülə batasan...
Hardan gəlir bu səs-səda?
273
Bəlkə illər atxasında
Layla çalır gəlin ana....
...Layla axır... Cocuq baxır,
Bəs nə üçün mürgüləmir?
Bayaq ana südü əmib
İndi ana ruhu əmir.
İllər ötdü yaşa doldum,
Anladım ki, ana dilim
Ürəyimdən çıxmaz mənim,
Doğransam da, dilim-dilim.
65. Mətndəki fasilələrin yerini, növünü, sürəkliliyini müəyyənləşdirin və ifanızda
nəzərə alın.
Amansız müharibənin sərt qışı... Şaxtalı bir gecə. Sanki canlı-cansız, ətrafda
nə varsa, donub buz bağlamışdır. Hava cingildəyir, daş çatlayır, torpaq çatırdayır,
nəfəs tıxanır, damarlarda qan donur.
Ucsuz-bucaqsız qarlı çöllərdə bir kölgə hərəkət edir. O, gənc bir anadır.
Körpəsini bağrına basıb yurdunu tapdalayan yırtıcı düşmən əlindən baş götürüb
qaçır. Qarşıda sahilləri meşəli böyük çay var. Cəbhə xətti o çay yaxasından keçir.
Orada toplar atılır. Onların gurultusu şaxtalı gecəni titrədib lərzəyə salır...
Ana tələsir. Hava işıqlanmamış o özünü cəbhə xəttinə yetirməlidir, körpəsini
çayın o tayına – azad torpağa keçirməlidir.
Ana nəfəsini dərmədən gedir, hündür qar topalarına toxunub yıxıla-yıxıla,
dizdən yuxarı qalxan, izsiz-cığırsız qarın içi ilə durmadan irəliləyir. Sazaqlı
külək qar dənələrini düz gözlərinin içinə vurur, irəli baxmağa qoymur, buna görə
də tez-tez yıxılır, yıxıldıqca da əlindəki bükülünü – körpəsini yuxarı qaldırır, yerə
toxunmasına imkan vermir. Dözülməz şaxta ananı çaşdırır. Lakin o, sevimli
övladını sinəsinə sıxaraq qorxuya, təhlükəyə, çovğuna, keçilməz qar təpələrinə
qarşı çıxır... Dayanmadan irəliləyir... Lakin qarlı çöllər qurtarmaq bilmir... Ana
taqətdən düşür...
Birdən anaya elə gəlir ki, qucağındakı körpə donur. Ananın alacalanmış
gözləri daldalanmaq üçün bir bucaq, pənah gətirmək üçün bir sığınacaq axtarır.
Bir az irəlidə qoşa bitmiş bir cüt qayın ağacı iki ağ sütun kimi ucalmışdır. Ana o
ağaclara doğru gedir. Qucağındakı körpəsiylə ağaca söykənib dayanır...
66. Mətnin oxusunu hazırlayın. Həmqafiyə sözlərin oxusuna xüsusi diqqət
yetirin. Birinci bəndin üzərinə şərti işarələr qoyun.
Bu, həyatdır, enişi var, yoxuşu var,
Bu, həyatdır, buludu var, yağışı var.
Bu, həyatdır, aerodrom yollarıtək hamar deyil,
Bu, həyatdır, məclis deyil, bayram deyil, şüar deyil.
Bu, həyatdır, orda bir cür baş girləmək mümkün deyil,
274
Baş girləyə-girləyə də ömr eyləmək bir gün deyil.
Bu, həyatdır, imtahanı çoxdur onun,
Bu, həyatdır, orta yolu yoxdur onun.
Adam gərək oynamaya, neçə insan yaşamaya
bir insanda,
Ən dəhşətli faciədir insan
durub insan rolu oynayanda.
67. Məntiqi vurğulu sözləri müəyyənləşdirin. Bunun üçün hansı qaydanı əsas
götürdüyünüzü izah edin.
Elə ki, balalar gəlir dünyaya,
O gündən hey ölçüb-biçir analar.
Mahnı da oxuyur, şeir də deyir
Bəstəkar analar, şair analar.
68. Aşağıdakı mətni oxuyarkən hansı niyyəti (ifaçının vəzifəsi) ifadə edərsiniz?
Vuruşdular:
son gülləyə,
son süngüyə,
son qundağa qədər.
Vuruşdular:
Hər şey qırmızı geydi,
Daşdan, torpağa qədər…
Yaralılır ufuldamadı.
Can verənlər inləmədi.
Susuzlar- yandım!- demədi.
Öpdü qurumuş dodaqları
Qan rəngli bayrağı.
69. Mətndaxili fasilədən asılı olaraq cümlənin mənasındakı dəyişikliyi müəyyən-
ləşdirin.
Oğul yazıq anaya bunu necə desin?
70. Durğu işarələrinin tələbini və mətnin məzmununu (ifadə etdiyi mənanı) diqqət
mərkəzində saxlamaqla səsin hansı məqamlarda yüksəlib alçaldığını müəy-
yənləşdirin.
Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini
bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda
gördü. Buralar Bahara tamam yad və vahiməli görünürdü. Dayanıb baxmaqdan
da, qayıtmaqdan da qorxurdu. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb
yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:
275
– Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana
gələrsən... Razısanmı?
71. Mətni müxtəlif tempdə (aramla, orta, sürətlə) oxuyun. Mətnə hansı tempin
daha çox uyğun gəldiyini müəyyənləşdirin.
Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz,
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.
72. Mətnin üzərində şərti işarələr qoyun. Fasilələri, səsin ton dəyişilmələrini,
məntiqi vurğulu sözləri nəzərə almaqla oxu qaydasını izah edin.
Birdən çinar dilə gəldi,dedi: bax!
Bu torpaqda dərindən kök salaraq,
Hər tərəfə uzatmışam qolumu,
Övladlarım bürüyüb sağ-solumu.
Belə məğrur dayanmağba haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam.
73. Mətndə fasilələrin yerini və davamlılığını, ifaçılıq vəzifəsini müəyyənləşdirin,
ifadəli oxuyun.
Yalnız o balaca və adamsız uşaq yox idi. Yenicə çiçəklənən Bahar, qışın
çəngəlində məhv olmuş Bahar daha yox idi. Ondan acı bir xəyal qalmışdı.
Baharın cırıq, köhnə papağı yolda, qar üstündə qaralırdı. O da sahibi kimi kim-
səyə lazım deyildi...
O, dünyaya ağlaya-ağlaya gəldi. Gözləyərək intizarla yaşadı... Qorxu ilə do-
ğuldu, qüssə ilə öldü. Yumruğunu düyərək döyüşmək üçün gəldi, əllərini açaraq
hər şeydən məhrum və məyus getdi. Heç vaxt görmədiyi mərhəmət və şəfqətin
intizarı ilə getdi.
74. Tənəffüs məqamlarını göstərməklə cümlənin oxu xüsusiyyətlərini aydın-
laşdırın.
Yüz ölç, bir biç.
75. Mətni oxuyarkən intonasiyanın almalı olduğu çalarları müəyyənləşdirin,
fasilələrin yerini və məntiqi vurğulu sözləri şərti işarələrlə göstərin.
Yay günü… Yol üstü… Ağac kölgəsi…
Kölgədə bir gəlin oturmuş yalqız;
Od tökür başına göyün nəfəsi,
Yatır qucağında südəmər bir qız.
276
Duyub körpəsinin hər bir halını,
Ana sığınmışdır bu kölgəliyə.
Uşağın üzünə çəkir şalını,
Günəş gözlərinə düşməsin deyə.
76. Mətnin oxusu üçün hansı tempin uyğun olduğunu müəyyənləşdirin.
Dağlarının başı qarlı,
Sinəsi yaşıl ormanlı,
Dərələrin şirin barlı,
Azərbaycan! Azərbaycan!
77. Mətndəki məntiqi fasilələri şərti işarələrlə göstərin.
Ormanında maral gəzər,
Çöllərində ceyran süzər,
Göllərində qazlar üzər,
Azərbaycan! Azərbaycan!
78. Mətndəki məntiqi vurğulu sözləri müəyyənləşdirin. İfada onları hansı
vasitələrlə nəzərə çarpdırmağın lazım olduğunu izah edin.
Mete qocalmışdı,
Amma damarında
Qeyrət qalmışdı.
Dişini dişinə sıxdı,
Qan apardı dodağını.
…Dedi:
«Ölü çölü» verə bilmərəm.
Torpağı verməzlər,
Torpağı alarlar.
Torpağın qəbzəsi yoxdur,
tutasan, oğul!
Torpağın yüyəni yoxdur,
Çəkəsən, oğul!
Torpağı almaq üçün,
Gərək üstündə qan tökəsən, oğul!
Anasını tapdaya düşmən atları
Gözü tökülməzmi oğulun.
Vətənin ölü çölü də güllü çəmənimdir.
Əl boyda daş da vətənimdir.
Vermərəm bir kəsə!
Qılınc iti - söz kəsə!
277
79. Heca vəzninin xüsusiyyətlərini nəzərə almaqla aşağıdakı mətnlərin oxu
qaydasını (şərti işarələrdən istifadə etməklə) izah edin və ifadəli oxuyun.
I
Gəl, ana yurdumun qızı, gəlini
İndi hünər vaxtı, qeyrət dəmidir.
Sən də əsirgəmə kömək əlini
Hər sözün, söhbətin can məlhəmidir.
Adın şərəflidir sənin, ey qadın!
Dahilər anası çağrılır adın.
II
Anamızın saf südünə and olsun!
Alqışına, öyüdünə and olsun!
Zəfər adlı böyük günə and olsun!
Azadlığın bayrağını hər zaman
Azərbaycan qoruyacaq yağıdan!
80. İfaçılıq təhlilinin tələblərini tətbiq etməklə aşağıdakı mətnin ifadəli oxusunu
hazırlayın.
Kərəm öz dəstəsi ilə bərabər dağlarda, dərələrdə yuva salmışdı. Onun qan
düşməni İsrafil ağa da özü kimi qüvvətli, cəsur bir adam idi. Yalnız bir fərqləri
vardı: Kərəm çar divanından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində
yaşayırdı.
Günlərin birində, hələ obalar yaylaqda ikən, Kərəm dəstəsini çəkib, arvad-
uşağını görməyə gəlmişdi. Dostları dəyələrə dağılışıb, paltarlarını çıxarmadan,
aynalı tüfənglərini yanlarına qoyub yatmışdılar. Kərəm özü isə alaçıqda yorğan-
döşək saldırıb uzanmışdı. Ağır və məşəqqətli yorğunluğunu unutmaq istəyirdi.
Amma onun gözlərinə yuxu getmirdi. Düşmənini unuda bilmirdi.
Kərəm gecədən xeyli keçmiş qalxıb alaçıqdan eşiyə baxdı. Gəzindi. Ətrafı
yoxladı. Bütün oba sanki əbədi yuxuya getmişdi. Adətən, sayıq yatan qapı itlərin-
dən də səs-səmir gəlmirdi. Kərəm isə düşməninin hər dəqiqə qəfildən hücum edə
biləcəyini düşünürdü. O, gəzinə-gəzinə obadan bir az kənarda hündür qayanın da-
lına girib keşik çəkən dostuna yanaşdı, qəsdən pıçıltı ilə soruşdu:
-
Yatmısanmı, Mərdan?
- Cavan qaçaq da yorğun idi, amma yatmamışdı:
-
Xeyir, Kərəm dayı, dedi. – Əgər yuxu məni üstələsə, barmağımı kəsib düz
basaram!..
-
Duzun varmı?
-
Var, Kərəm dayı, – deyə Mərdan çuxasının vəznəsini göstərdi. Yaralı bar-
mağa duz basmaq vəfalı dost nəzərində o qədər də fədakarlıq deyildi.
Kərəm Mərdana bir söz demədən yenə gəzindi, yenə ətrafı dinlədi. Bu sakit,
səssiz aləmdə hər şey rahat idi, yalnız Kərəmin ürəyi rahat ola bilmirdi. Oba
üzərini çən bürümüşdü, axşamüstü mavi göyün boşluğunda gözəl bir gəlin ədası
278
ilə süzən ay indi hardasa gizlənmişdi.
Kərəm çox gəzib dolandı, tez-tez çəndən siyrilib çıxan yollara çox nəzər
saldı, amma heç bir ins-cins gözünə dəymədi. Kərəm yenə də sakit ola bilmədi.
“Görünür İsrafil ağa bizim gəlişimizdən xəbər tutmayıb, yoxsa, indiyəcən harda
olsaydı, dəstəsini çəkib üstümüzə gələrdi,” – deyə düşündü və alaçığına qayıtdı.
Qaranlıqdan arvadının səsini eşitdi:
-
Kərəm, gözümün nuru, gəl uzan, mən qalxıb keşiyini çəkərəm!
Vəfalı qadın köksünü ötürəndə kədər dolu bir ah çəkdi. O, yaşarmış
gözlərini göyə dikib Allaha yalvardı:
-
Ey böyük Tanrı, mənim balalarıma rəhmin gəlsin!
Kərəmin ürəyi poladdan möhkəm, ipəkdən yumşaq idi. Arvadının xeyir-
duası onu da qəhərləndirdi:
-
Qəm yemə, Gülsabah, – dedi, – yaman günün ömrü az olar.
Qadin dinmədi. Ərinin səsindəki qəm nidaları onun qüssəsini daha da ar-
tırdı. Kərəm uzandı. Tüfəngini yorğanının üstünə qoydu. Azca yatmaq və
dünyanın dərdini, kədərini unutmaq istədi.
Gecə o qədər uzun, saatlar, dəqiqələr o qədər ağırdı ki...
81. Aşağıdakı mətnin üzərində şərti işarələr qoyun, ifadəli oxuyun.
Tarixi var hər qayanın, hər daşın,
Onlar bilir çöldə nə var, iç nədir.
Bu dünyanın tarixinə nəzər sal,
Tarix yoxsa dünya özü heç nədir.
Hansı günə işarədi bu daşlar,
Qaya nədi, qayadakı qoç nədir?
At belində, üzəngidə, yəhərdə,
Yurddan yurda, eldən elə köç nədir?
Həsrətdimi, hicrətdimi, qəmdimi?
Çiynimizə aldığımız yük nədir?
Dərd içində şaxələnən ağacda,
Gövdə nədir, budaq nədir, kök nədir?
82. İfaçılıq vəzifələrini müəyyənləşdirin, şərti işarələri qoyun, ifadəli oxuyuin.
Oxu zamanı səsin tonundakı dəyişiklikləri şərti işarələrlə göstərin.
I
Bəsdir fəraq odlarında kül ələndi başımıza,
Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan!
II
Qalx ayağa, Azərbaycan, alovlardan vurub keç,
Daha bəsdir, aç gözünü, düşmənini yaxşı seç.
Qeyrətini bayraq elə, silahını uca tut,
Qoy məhv olsun qarı düşmən, nəfəs alsın ana yurd.
279
Qalx ayağa, Azərbaycan,
Sənin üçün verək can!
Biz səninik, sən də bizim,
Anacan!
83. Mətnin üzərində şərti işarələr qoymaqla oxu xüsusiyyətlərini aydınlaşdırın.
Qürbətə bağlama bel, tərk eləmə tez vətəni,
Hər quşa öz yuvası, hər kişiyə öz vətəni.
84. Bədii parçadakı fasilələrin yerini müəyyənləşdirin, onun tələblərini nəzərə
almaqla mətni ifadəli oxuyun.
Hamam-hamam içində, xəlbir saman içində, dəvə dəlləklik elər, köhnə
hamam içində. Qarışqa şıllaq atdı, dəvənin budu batdı, milçək mindik, çay
keçdik, yabaynan dovğa içdik...
Sizə kimdən xəbər verim, şah oğlu Şah Abbasdan.
Günlərin bir günündə Şah Abbas vəzir Allahverdi xana dedi:
– Çoxdandı sənnən səyahətə çıxmırıq, gəl bir dərviş-libas olub çıxaq
mahala, görək, nə var, nə yox.
Hər ikisi libaslarını çıxardıb bir dəst dərviş libası geydilər, hərəsi əlinə bir
ağac, bir kəşkül alıb, “Ya Əli, səndən mədəd!” deyib çıxdılar İsfahan şəhərinə.
Burda da meydan qurub başladılar oxumağa. Deyirlər ki, Şah Abbasın çox gözəl
avazı varmış. Bir dərzi şagirdini çağırıb dedi:
– Get o dərvişlərə söylə ki, ustam deyir, məclislərini qurtarandan sonra
mənə qonaqdılar.
Şagird o saat baş üstə deyib özünü dərvişlərə yetirdi, ədəbnən salam verib
dedi:
– Baba dərviş, ustam deyir ki, bu gecəni mənə qonaqdılar, başqasına dil
verməsinlər...
Dərvişlər gəldilər. Salam edib, içəri daxil oldular. Sonra başladılar söhbətə.
Bunlar söhbət eləyirdilər, şagird də əlində iş görürdü. Birdən ağası gördü ki,
şagird yuxulayıb. Şagirdin adı Əhməd idi. Usta Əhmədi dürtmələyib durğuzdu,
dedi:
– Ədə, zalım oğlu, nə yatırsan, gecə qurtarmadı ki?
85. Mətndəki məntiqi vurğulu sözləri müəyyənləşdirin, şərti işarələrlə göstərin,
ifadəli oxuyun.
Yenə zəng çalındı
Çölə, içəri...
Ərit saatları, dəqiqələri;
Bir səsli,bir rəngli, bir vərdişlidir,
Saat əqrəbitək bir vərdişlidir
müəllim ömrü.
280
Bir sinif dünyadır öz aləmi də,
O, oxşar ayları, illəri sayıb.
Bəzən on beş ilin müəllimi də,
Sanır ki, dərsinə dünən başlayıb.
Demə ki,
keçdiyi cığırlar kəsə,
Otaqdan başlayıb,
Otaqda bitər.
Otuz il sinifdə var-gəl edibsə,
Bəlkə də yol gedib Magellan qədər.
Adam var,
əl çəksə öz stolundan
Heç yeri bilinməz,
deməzlər hanı?
Müəllim stolu boş qalsa bir an
Bir sinif uşağın başlar üsyanı...
Atadır, anadır,
böyük bir nəsil
Nurunu müəllim gözündən içər.
Onu biganəlik soyudanda, bil,
Bu soyuq bir nəslin canından keçər.
Adam var,
bulanıb elə daşıb ki,
Görməz bu zəhməti onun dar gözü.
Nadan adamların dodaqlarında
O qədər,
o qədər ucuzlaşıb ki,
Tökülüb yollara müəllim sözü,
Tökülüb izlərə müəllim sözü.
Bir nankor tələbə dönüklüyündə,
Gah itər,
yadlanar müəllim ömrü.
Birinin şanında, böyüklüyündə,
Uçar, qanadlanar müəllim ömrü.
İnsanla həmyaşdır,
Ölməz, yorulmaz,
Bizimlə yol gedir
müəllim ömrü.
Hamıya pay verib ömründən bir az-
281
Məndədir,
səndədir
müəllim ömrü.
Dostları ilə paylaş: |