Funksiyanın elanı
Proqramda funksiyadan istifadə edə bilmək üçün əvvəlcə onu "elan" etmək tələb olunur. Funksiyanın elanı sətrində funksiyanın adı, qəbul etdiyi parametrlərin tipi və qaytardığı nəticənin tipi göstərilir.
Funksiyanın elanı sintaksisi aşağıdakı kimidir:
Funksiyanın_tipi Funksiyanın_adı (Parametrlər) ;
Funksiyanın_tipi
Funksiyanın_tipi funksiyanın qaytardığı nəticənin tipini bildirir. Hər-bir funksiya icra olunduqda müəyyən nəticə qaytara bilər, misal üçün ədəd, simvol, sətir. Bu zaman funksiyanın tipi olaraq ədəd, simvol, sətir v.s. tip göstərilir. Əgər funksiya heç bir nəticə qaytarmırsa bu zaman Funksiyanın_tipinin yerinə void yazılmalıdır.
Funksiyanın_adı
Funksiyanın_adı funksiyaya müraciət etmək üçün istifadə olunur. Parametrlər
Parametrlər funksiyaya ötürülən başlanğıc məlumatların tipini bildirir. Bu zaman parametrlərin tipi və adı vergüllə ayrılmaqla sıralanır, aşağıdakı kimi:
tip1 par1, tip2 par2, v.s.
Qeyd edək ki, parametrlər sətrində əsas tiplər önəmlidir, adlar buraxıla bilər.
tip1, tip2, v.s.
Əgər funksiya heç bir parametr qəbul etmirsə bu zaman parametrlərin yerinə void yazılmalıdır.
Çalışma 1. int tipli nəticə qaytaran, adı f olan və bir dənə char tipli parametr qəbul edən funksiya elan edin.
Həlli. Funksiyanın adı f, nəticəsinin tipi int -dir. Funksiya tipi char olan bir parametr qəbul edir. Onun elanı aşağıdakı kimi olar:
int f ( char );
Çalışma 2. Aşağıdakı funksiyaların qaytardığı nəticənin tipini, adını və arqumentlərinin tipini müəyyən edin.
int cemle (int x, int y ); void cap_et(void);
long en_boyuk(int , long , float );
Həlli.
int cemle (int x, int y );
Funksiyanın tipi int, adı cemle -dir. Funksiya int tipli x və y adlı 2 arqument qəbul edir.
void cap_et(void);
Funksiya heç bir nəticə qaytarmır və heç bir arqument qəbul eləmir. Funksiyanın adı cap_et -dir.
long en_boyuk(int x, long y, float z);
Funksiyanın tipi long, arqumentlərinin tipi müvafiq olaraq int, long və float -dır. Funksiyanın adı en_boyuk -dür.
Dostları ilə paylaş: |