Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


Daxili düzənliklər (Mamore, Qran Çako)



Yüklə 38,44 Kb.
səhifə12/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   ...   9   10   11   12   13   14   15   16   17
Cənubi Amerika tam

Daxili düzənliklər (Mamore, Qran Çako)
Daxili düzənliklər coğrafi vilayəti şimalda Amazoniya ilə birləşir, cənubda onun sərhədi təxminən 39° cənub paraleli üzrə keçir, şərqdən Braziliya yaylası, qərbdən isə And silsiləsi ilə əhatə olunur. Bu coğrafi vilayət qədim Braziliya və Pataqoniya yaylaları ilə And silsiləsi arasında meridional istiqamətdə yerləşmiş və kontinental çöküntülərlə dolmuş tektonik çökəkdə əmələ gəlmişdir. Ərazinin mərkəzi hissəsində platformanın kristallik özülünün əsası yer səthinə çıxır və hündürlüyü 1425 m-ə çatan Çoçi yüksəkliyini əmələ gətirir. Çoçi yüksəkliyi Amazon ilə Paraqvay çaylarının suayrıcısını təşkil edir.
Daxili düzənliklər rütubətli və quru fəsilləri kəskin surətdə növbələnən tropik iqlimə malikdir. Daxili düzənliklərin ən şimal, Boliviya hissəsi (10-17° cənub paraleli) Mamore düzənliyi adlanır. Amazoniyadan buraya oktyabrdan maya qədər daxil olan və çoxlu yağıntı (2000 mm) gətirən ekvatorial hava kütlələri düzənlik çaylarının şiddətli daşmasına səbəb olur, bunun nəticəsində Beni-Mamore və Mamore-Quapore çayları arasında sahəsi 100 min km2-dən artıq olan “daxili dənizlər” əmələ gəlir. Mamore düzənliyinin qırmızı laterit torpaqları üzərində hündürotlu savanna və meşəli savannalar yayılmışdır. Mamore düzənliyinin cənub-şərqində hündürlüyü 500-600 m-ə çatan massivlər mərkəzi yüksəkliklər (ən hündür zirvəsi Çoçi dağı 1425 m) adlanır. Mərkəzi yüksəklikdən şərqdə, yuxarı Paraqvayın Pantanal (ispan dilində bataqlıq yer) adlanan depressiyası yerləşir. Pantanal depressiyası çox cavan və dərindir, onun mütləq hündürlüyü 50-70 m-dir. Materikin ortasında 18° ilə 30° cənub paralelləri arasında Qran Çako düzənliyi yerləşir. Qran Çakonun iqlimi kəskin kontinentallığı ilə seçilir. Qran Çako Cənubi Amerikada ən isti yerlərdən biri sayılır, burada orta yay temperaturu 27-30°, mütləq maksimum 47°-yə çatır. Ən soyuq ayın orta temperaturu 15-20° arasında tərəddüd edir. Qran Çakonun çox hissəsi üçün mənfi rütubət balansı səciyyəvidir. Ərazidə düşən yağıntıların miqdarı 500 mm-dən azdır, yalnız şərqdə onun miqdarı 1000 mm-ə çatır. And dağlarından və Çoçi yüksəkliyindən başlanan çaylar yağışlar zamanı şiddətli gur axınlara çevrilir və ovalığı qum və lil materialları ilə örtərək çuxurlarda Salinas adlanan geniş bataqlıqlar və şor göllər əmələ gətirir. Qran Çakonun ən hündür və quru sahələrində “Monte” adlanan kollar bitir. Qran Çakoda şirin suyun çatışmaması ərazinin mənimsənilməsini çox çətinləşdirir.
Parana ilə Uruqvay çayları arasında (27-34° cənub paraleli) çayarası düzənlik yerləşir. Həmin düzənliyin şimal hissəsi Paraqvay çayı boyu uzanan bataqlıq ovalığın davamıdır. Cənub hissələri isə qumdaşı və mergellərdən əmələ gəlmiş təpəli düzənlikdən ibarətdir. Yağıntılarının miqdarı 1000 mm-dən artıqdır; yay isti (24-27°), qış yumşaq (10-16°) keçir.
Əsil subtropik prerilər Daxili düzənliklərin ucqar cənub-qərbində Pampada (Rio Salado ilə Rio Kolorado çayları arasında) yerləşir. Pampada təbii bitki örtüyü qalmamışdır, onun demək olar ki, hər yeri şumlanıb mədəni bitki əkinləri ilə örtülmüşdür. Pampada iyulun orta temperaturu 7-9°, yanvarınkı isə 22-24°-dir, il boyunca bərabər düşən yağıntıların ümumi miqdarı 1000-1200 mm-ə qədərdir. Bəzən iki-üç il dalbadal quraqlıq keçir və ya şiddətli yağışlar yağır. Pampanın iqlimi qərbə tərəf getdikcə kontinentallaşır, yağıntıların miqdarı azalır (400-600 mm), qışda 10°-yə çatan şaxtalar müşahidə edilir.



Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin