Orinoko düzənliyi (Orinoko lyanosu) Orinoko düzənliyi Orinoko çayının sol sahilində Venesuela Kordilyerləri, Qviana yaylası və Quavyare çayı arasında yerləşir. Coğrafi ədəbiyyatda bu əraziyə Orinoko lyanosu (lyanos düzənlik deməkdir) da deyilir. Orinoko düzənliyi Qviana qalxanının çökmüş platforma hissəsi ilə And dağları arasında əmələ gəlmiş və qumdaşı, konqlomerat, gil və bu kimi çöküntü süxurlarından əmələ gəlmiş yastı ovalıqdan ibarətdir. Lyanosun Venesueladakı mərkəzi hissəsi mütləq hündürlüyü 40-70 m-ə çatan yastı allüvial ovalıqdır; ərazinin bu hissəsi Alçaq Lyanos adlanır. 67° q.u.-dan şərqdə yerləşən hissəsi yuxarı pliosendə bir qədər qalxmış və şərqə meyllidir. Qalxma nəticəsində dərinlik eroziyası qüvvətlənmiş və ərazi hündürlüyü 300 m-ə çatan və dar çay dərələri ilə ayrılan stolvarı (mesas) yüksəkliklərə parçalanmışdır. Bu stolvarı yüksəkliklər hündür Lyanos adlanır. Kolumbiyada Meta çayından cənubda, dəniz səthindən 200 m-dən bir qədər yüksəkdə Meta lyanosu yerləşir. Mesaslar eroziya nəticəsində yaranmış qalıq dağlardır. Lyanosun And dağları ətəyindəki platoya bənzər hissələri “pyemont” adlanır.
Orinoko ovalığı yayı rütubətli, qışı isə nisbətən quru keçən ekvatorial iqlimə malikdir. İqlimin bu xüsusiyyəti landşafta da böyük təsir göstərir. Yağıntılı dövr apreldən oktyabra qədər uzanır, quru fəsil isə noyabrdan marta qədər davam edir. Yağıntıların ümumi illik miqdarı şimalda 800 mm, cənubda isə 1000 mm-ə qədərdir. Yağıntılı dövrdə çaylar daşır, ərazinin nisbətən çökək qərb hissəsində - Alçaq lyanosda isə bu zaman bir neçə kilometrlərlə yeri su basır. Daşqın suları çəkildikdən sonra geniş ərazidə bataqlıqlar yaranır. Ovalığın ən böyük çayı Orinoko (2574km) uzunluğuna görə Cənubi Amerikanın dördüncü çayıdır. Subekvatorial rejimə aid edilən Orinokonun yağıntılı dövründə səviyyəsi 8-10 m qalxır. Çayın ən böyük qolları eta (1100 km) və Apure (1500 km) çaylarıdır. Aşağı axarında 400 km məsafədə Orinoko gəmiçilik üçün yararlıdır.
Orinoko ovalığı hündür otlu savanna ilə örtülüdür. Cənuba doğru getdikcə ağac bitkilərinin miqdarı artır. Çayların vadilərində palmalardan ibarət qalın qalereya meşələri uzanır. Heyvanlar aləmi müxtəlifdir; vəhşi heyvanlardan puma, yaquar, çayların bataqlıq vadilərində tapir, savannalarda qarışqayeyən və zirehli, moskitlər və s. yaşayır. Orinoko lyanosunun əhalisi seyrəkdir. Əhali qarğıdalı, maniok, pambıq, banan və s. mədəni bitkilər yetişdirir və heyvandarlıqla məşğul olur. Faydalı qazıntılardan neft çıxarılır.