Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


Prekordilyerlər və Pampa syerraları



Yüklə 38,44 Kb.
səhifə13/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   ...   9   10   11   12   13   14   15   16   17
Cənubi Amerika tam

Prekordilyerlər və Pampa syerraları
Prekordilyerlər (Dağətəyi silsilələr) və Pampa syerraları coğrafi vilayəti cənub tropiki ilə 38° cənub paraleli arasında, Cənubi Qran Çako və Pampa düzənliklərinin qərbində yerləşir. Vilayətin ərazisindəki hündür yüksəkliklər üzərində orta hündürlüyü 2500-4000 m-ə çatan sıldırım yamaclı massivlər uzanır; And silsiləsinin yaxınlığında isə onların (Serra del Akonkixa Kordelyera de Famatina) hündürlüyü 5000-6000 m-ə çatır. Silsilələr bir-birindən valyes adlanan uzunsov və dar depressiyalarla ayrılır. Depressiyalarda yığılan aşınma materialları onların səthini 1000-2500 m-ə qədər qaldırmışdır. Şərqdə yerləşən Salinas Qrandes (böyük şorakət) çökəyi və Mar Çikita (kiçik dəniz) gölü dəniz səviyyəsindən 70 m-ə qədər hündürdədir.
Materikin orta hissəsində yerləşdiyi üçün ərazinin quru kontinental iqlimi vardır. Yağıntılar qeyri-bərabər düşür, şərqdən qərbə doğru onların miqdarı azalır. Ona görə ərazi quru pampa adlanır. İlıq keçən qışda orta temperatur 8-12° olur; bəzən -5°-yə qədər şaxtalar müşahidə edilir. Orta yay temperaturu 23-29°-dir. Qonur qəhvəyi torpaqları olan Mendosa subtropik vahəsi mühüm üzümçülük rayonudur. Dağ yamaclarının aşağı hissələri və çökəklər kserofit monte kolluqları ilə, dağların şərq yamacları (400-1600m) şimalda tropik-subtropik meşələrlə örtülüdür. 2500 m hündürlükdən yuxarıda isə otlu çöllər yayılmışdır. Cənub rayonlarında yerləşən silsilələrin şərq yamaclarında alqarrobo, kebraço, çanyar və s. ağaclardan ibarət kiçik meşələr, qərb yamaclarında və ətəklərində isə tikanlı kollar və kaktuslar bitir.


Pataqoniya yaylası
Cənubi Amerika materikinin Argentina daxilində yerləşən cənub-şərq hissəsi Pataqoniya adlanır. Atlantik okeanına tərəf pilləvarı şəkildə alçalan Pataqoniya dağlıq yaylası yarımsəhra landşaftı, fiziki aşınma proseslərinin üstünlüyü, çay şəbəkəsinin tranzit xarakteri və faunasının bir qədər endemik olması ilə səciyyələnir. Pataqoniya dünyada 40° cənub paralelindən cənubda yerləşən yeganə yarımsəhradır. Dağlıq yayla bir sıra stolvarı plato və massivlərə parçalanmışdır. And silsiləsinin ətəklərində yaylanın hündürlüyü 1000 m-ə çatır. Onun üzərində yüksələn ayrı-ayrı silsilələr 1500 m-ə qədər qalxır. Pliosenin axırından başlayaraq yayla ümumi qalxmaya məruz qaldığı üçün ərazinin ümumi hündürlüyü artmış və kanyonabənzər dərin çay dərələri yaranmışdır. Deflyasiya və korroziya hadisələri depressiya sahələrində eol çuxurlarını əmələ gətirmişdir.
Pataqoniya yaylası kontinentallıq əlaməti olan mülayim quru iqlimə malikdir. Yağıntılar yaylaya qərb küləkləri vasitəsilə gətirilir, lakin And silsiləsi qərb küləklərinin qarşısını kəsdiyi üçün ərazidə yağıntı az düşür. Materikin cənub-şərq sahilindən keçən soyuq Folklend cərəyanı da iqlimin quru olmasına xeyli təsir göstərir. Folklend soyuq cərəyanı nəinki yağıntıların az olmasına təsir edir, o həmçinin yay temperaturunu da mülayimləşdirir. Qışda cənubdan dağlıq yaylaya tərəf soyuq küləklər əsir. Yağıntıların illik miqdarı Atlantik okeanı sahilində 150-200 mm, And silsiləsinin ətəklərində isə 400-500 mm-dir. Atlantik okeanı sahilində tez-tez dumanlı havalar olur. And silsiləsinin ətəkləri üçün sondas adlanan fyon küləkləri səciyyəvidir. Bu küləklər zamanı havalar isti keçir, qarlar əriyir.
Ən böyük çayları Rio Neqro (uzunluğu 1000 km), Çubut, Deseado və s.-dir. Çayların çoxu dərin (300 m-ə qədər) kanyonvarı dərələr və geniş (20 km-ə qədər) vadilər əmələ gətirmişdir.
Quru hava və şiddətli küləklər ağac bitkilərinin inkişafına maneçilik törədir. Kiçik meşə sahələrinə yalnız And silsiləsinin ətəklərində təsadüf edilir. Yayla üzərində zəif skletli boz və qonur səhra torpaqları formalaşır. Pataqoniyanın cənubunda mamır və yosunlar bitir, quru çöl və yarımsəhra bitkiləri tundra bitkiləri ilə əvəz olunur. Dağlıq yaylanın əhalisi seyrək olduğundan burada vəhşi heyvanlar yaxşı mühafizə olunmuşdur. Pampada olduğu kimi, burada da gəmiricilər (mara, tuko-tuko), pampas pişiyi, zirehli, quanako laması və qoyunçuluğa böyük ziyan vuran puma; quşlardan kolibri və böyük vəhşi kondor quşu yayılmışdır.

Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin