heyvanlar aləmi olduqca zəngindir. Lakin sıx tropik meşələrdə iri vəhşi heyvanlar azdır, onlara meşələrin kənarlarında və çay vadilərində təsadüf edilir. Selvas meşələrində kapusin və qışqırıqçı meymunlar yaşayır, onlar yerdə az görünüb çox zaman ağaclarda gəzirlər. Uzunluğu 1 m-ə çatan qarışqayeyən uzun xortumu və yapışqanlı dili vasitəsilə qarışqaları sorub yeyir. Vəhşilərdən Amazoniyada yaquar yaşayır, kiçik heyvanlarla, dəniz və çay bağaları ilə qidalanır. Bataqlıq çayların sahilində iri heyvanlardan tapir yaşayır. Meşələrdə saysız-hesabsız quşlar, xüsusən tutuquşuları, kəpənəklər, bağalar, qurbağalar, zəhərli ilanlar, kərtənkələlər, qarışqalar və s. yaşayır. Amazon çayı və onun qollarında kayman adlanan timsah, alliqator, piranxa adlanan vəhşi balıq, uzunluğu 5 m-ə çatan arapaim balığı və s. balıqlar çoxdur.
Amazoniya saysız-hesabsız təbii vəsaitlərə malikdir. Buranın zəngin meşələrində inşaat materialları, dərman bitkiləri, kauçuk verən heveya ağacları və s. qiymətli bitkilər çoxdur. Amazoniya dünyanın ən böyük canlı təbiət muzeyidir. Amazoniyanın təbii landşaftlarına insanların təsiri çox az olmuşdur. Yalnız Şərqi Amazoniyada mədəni landşafta – çəltik, qarğıdalı, maniok, banan, pambıq və s. əkin sahələrinə təsadüf edilir. Karib dənizi karib adlı yerli hindu tayfasının adı ilə adlandırılmışdır.
Braziliya dağlıq yaylası Braziliya dağlıq yaylası sahəsinə görə Cənubi Amerikanın ikinci böyük coğrafi vilayətidir. Yayla cənubda La-Plata ovalığı, şimalda və şimal-qərbdə Amazoniya, şərqdə isə Atlantik okeanı sahili ilə əhatə olunur. Dağlıq yayla uzun zaman kontinental inkişaf rejimi keçirdiyi üçün burada denudasiya proseslərinin üstünlüyü şəraitində düzəlmə səthləri, qalın aşınma qabığı yaranmış və nisbətən qədim bitki tipləri yayılmışdır. Eroziya prosesləri və tektonik hərəkətlər nəticəsində stolvarı yüksəkliklərə malik olan qədim kristallik peneplen səthləri, vulkanik platolar, şahid dağlar və faylı-qaymalı dağlar yaranmışdır.
Braziliya yaylasının ən hündür hissələri onun şərq kənarındadır, burada dağlıq relyef okeandan ensiz sahil zolağı ilə ayrılır. Neogendə dağlıq yaylanın kənar hissəsinin parçalanması və həmçinin qalxması nəticəsində bir sıra silsilələr əmələ gəlmişdir. Serra adlanan bu silsilələr sahilə paralel və ya kiçik bucaq altında uzanır. Onların ən mühümləri Serra do Mar, Serra de Mantikeyra, Serra Jeraldu və s. silsilələridir. Serra Jeraldu silsiləsində bütün yaylanın ən hündür zirvəsi olan Bandeyra (2890) dağı yerləşir. Braziliya yaylasının içərilərinə doğru getdikcə serraslar tədricən alçalır və səthi düzənlikdən ibarət olan hündür platolara çevrilir. Yayladan axan çaylar onları sıldırım yamacları olan stolvarı yüksəkliklərə (şapad) parçalamışdır. Şapadlar Matu-Qrossu platosu üçün səciyyəvi relyef formaları sayılır.
Braziliya yaylasının çox hissəsində ilin rütubətli və quraq dövrləri aydın nəzərə çarpır. Yaylanın şimala tərəf meylli olması Amazoniyadan rütubətli hava kütlələrinin ərazinin içərilərinə daxil olması üçün əlverişli şərait yaradır.
Braziliya yaylasının mərkəzi hissəsi xalis subekvatorial iqlimə malikdir. Yanvarın orta temperaturu 25-27°, iyulun orta temperaturu isə 24°-yə qədərdir. Dağlıq yaylanın şimal-şərq hissəsində rütubətli fəsil cəmi üç ay davam edir və yağıntıların miqdarı 100-400 mm-ə qədər azalır. Ekvatorial hava kütlələrinə gəldikdə isə buraya onlar həmişə dəyişikliyə uğramamış halda daxil ola bilmir. Bununla əlaqədar olaraq bu rayonda yağıntıların miqdarı az, rejimi isə qeyri-bərabər olur. Braziliya yaylasının Atlantik okeanına çevrilmiş silsilələrinin yamaclarında və yaylanı şimal-şərqdən əhatə edən sahil ovalığında yağıntıların miqdarı kəskin surətdə artır və bütün il boyu düşür.
Braziliya yaylasının çay şəbəkəsi sıx, lakin onların rejimi qeyri-bərabərdir; çayları əsasən yağış və qismən də qrunt sularından qidalanır. Ona görə çayların rejimində qışda su sərfinin azalması, yayda isə daşqın müşahidə edilir. Bu cəhətdən yaylanın üzərindən axan və uzunluğu etibarilə Cənubi Amerikanın üçüncü böyük çayı (2800 km) sayılan San-Fransisku səciyyəvidir.
Braziliya dağlıq yaylasında iqlimin və relyefin xüsusiyyətləri ərazinin ayrı-ayrı hissələrində torpaq-bitki örtüyünün müxtəlif olmasına böyük təsir göstərmişdir. Ərazinin ekoloji şəraiti ilə əlaqədar olaraq puma, yaquar, yallı canavar, tayra, qırmızı maral, zirehli, açıq-qırmızı rəngli nandu strausu, tuko-tuko və s. heyvanlar yaşayır.