Çayları və gölləri Çayları: Cənubi Amerikada iqlim şəraiti və relyefin parçalanması burada çay şəbəkəsinin inkişafına əlverişli təsir göstərir. Atlantik okeanına axan çaylar uzun və həmçinin böyük hövzəyə malik olduğu halda, Sakit okeana axan çaylar çox kiçikdir. Burada axmaz hövzələr kiçikdir, onlara Qran-Çakonun cənub rayonları, And silsilələri arasındakı daxili yaylalar, Atakama səhrası və Sakit okean sahilinin mərkəzi hissələri daxildir.
Qitə çaylarının əksəriyyəti yağış sularından qidalanır, Qərbi və Cənubi Pataqoniya çaylarının qidalanmasında qar suları, And silsiləsinin ucqar cənub-qərb hissəsi çaylarının qidalanmasında isə buzlaq suları üstünlük təşkil edir. Çaylarında çoxlu şəlalələr və astanalar vardır, onlardan ən məhşurları Parana çayındakı Seti Gedas, İquasu çayındakı İquasu, San Fransisku çayındakı Paulu Afonsu və Çurun çayındakı San Anxel (hündürlüyü 1054m) şəlalələridir.
Amazon Cənubi Amerikanın ən uzun və böyük çayıdır onun uzunluğu 6400km, sutoplayıcı hövzəsinin sahəsi isə 7 milyon kv.km-dən artıqdır. Çayın mənbəyi Ukayali qolundan başlanır. Olduqca geniş ovalıqdan axan Amazon çayı həmin ovalığı qərbdən, şimaldan və cənubdan əhatə edən And silsiləsi, Braziliya və Qviana yaylalarından saysız-hesabsız qolları qəbul edir. Bunlara Madeyra, Riu-Neqru, Tokantik, Tapajos, Kaketa, Şinqu, Araquayya və s çaylar daxildir, onların çoxunun uzunluğu 1000 km-dən artıqdır, 17 qolun uzunluğu isə 1500-dən 3200 km-ə qədərdir. Amazon çayı And silsiləsinin şərq yamaclarından axan Maranyon və Ukayali çaylarının birləşməsindən əmələ gəlir. Çayın ən uzun və çoxsulu qolları onun sağ tərəfindədir. Ən böyük sol qolu Riu Neqru (2300km), ən böyük sağ qolu isə Madeyra (3230km) çayıdır. Amazon dünyanın ən çoxsulu çayıdır, çayın mənsəbində suyun orta sərfi saniyədə 120 min kubmetr (minimal sərfi 63 min kubmetr, maksimal sərfi 200 min kubmetr): illik axımı isə 3160 kubkm-dir.
La-Plata Cənubi Amerikanın ikinci böyük çay sistemidir. La-Platanın Parana, Paraqvay və Uruqvay qolları ilə birlikdə hövzəsi 3 milyon kv.km-dən artıqdır. Parananın uzunluğu 4700 km-ə qədərdir: Parana ilə Uruqvay çaylarının estuarisinin uzunluğu 320 km, eni isə 220 km-ə çatır. Parana çayı Braziliya yaylasından başlanan Riu-Qrandi və Paranaiba çaylarının birləşməsindən əmələ gəlir. La-Plata çay sisteminin nəqliyyat əhəmiyyəti olduqca böyükdür.
Orinoko Cənubi Amerikanın Atlantik okeanına tökülən üçüncü böyük çayıdır, onun uzunluğu 2574 km, hövzəsinin sahəsi 1 milyon kv.km-ə qədərdir. Okeana töküldüyü yerdə uzunluğu 200 km-dən artıq olan delta əmələ gətirir. Qviana yaylasından başlanan bu çay yuxarı axarındakı qolu Kasikyare çayı vasitəsilə Amazonun Riu-Neqru qolu ilə birləşir. Orinokonun rejimi qeyri-bərabərdir, çayda suyun səviyyəsi hövzənin şimal hissəsinə yayda (may-sentyabr) yağan yağışlardan asılıdır.
Maqdalena çayı Kauka qolu ilə birlikdə Karib dənizinə tökülür. And dağlarındakı buzlaq göllərindən başlandıqlarına görə, Atlantik okeanına qədər kedib çata bilir. Bu çayların ən mühümləri Kolorado, Cubut və s-dir. Sakit okeana axan çayların əksəriyyəti kiçik dağ çaylarıdır. Onların ən mühümləri Quayas, Loa, Maule, Bio-Bio, Kalye-Kalye və s-dir.