Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 38,44 Kb.
səhifə4/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   2   3   4   5   6   7   8   9   ...   17
Cənubi Amerika tam

Cənubi Amerikanın iqlimi
Cənubi Amerikanın iqlimi bir sıra amillərin təsiri altında formalaşır. Cənubi Amerika əsasən ekvatorial və tropik iqlim qurşaqlarında yerləşir. Cənubi Amerikanın demək olar ki bütün ərazisində günəş radiasiyasının cəmi böyükdür (materikin çox hissəsində günəş radiasiyasının cəmi ildə 140-160 kkal\kv.sm-ə qədərdir). Radiasiya balansı materikin çox hissəsində bütün il müddətində müsbət kəmiyyətə malik olduğu halda yalnız 45 c e-dən cənubda qalan hissəsində qış vaxtı o mənfi kəmiyyətə malik olur.
Cənubi Amerikanın iqliminə şimal və cənub yarımkürələrinin passat küləkləri böyük təsir göstərir. Bu küləklər Atlantik okeanından qitə üzərinə dəniz tropik hava kütlələrini gətirir. Şimal-şərq passatları (şimal yarımkürəsinin passatları) Orinoko çayı mənsəbindən Amazon çayının mənsəbinə qədər Cənubi Amerikanın şimal-şərq sahilinə: cənub-şərq passatları (cənub yarımkürəsinin passatları) isə 15-20 c e-ə qədər Braziliya sahillərinə təsir edir.
Amazon ovalığının qərb hissəsində ekvatorial hava kütlələri üstünlük təşkil etdiyi üçün burada intensiv kütlədaxili konveksiya hər gün günortadan sonra leysan yağışları əmələ gəlməsinə səbəb olur. Şərqi Amazoniyaya Braziliya yaylasından quru cənub-şərq passatları daxil olduğu üçün orada ilin isti yarısında yağıntıların azalması müşahidə edilir. Materikin ucqar cənubuna qərb tərəfdən Sakit okeandan rütubətli okean havası daxil olur. Buna görə Sakit okeanın sahilləri xususən Çilinin cənub hissəsi və And silsiləsinin ucqar cənub-qərb yamaclarına çoxlu yağıntı düşür. Qərbdən And silsiləsi, şərqdən soyuq Folklend cərəyanının təsiri altında qalan Pataqoniya yağıntı ilə az təmin olunur.
Cənubi Amerikada temperaturun fəsillər üzrə kəskin dəyişilməsi subtropik və mülayim en dairəsində və həmçinin qurşağın dağlıq ərazilərində müşahidə edilir. Yayda Pataqoniyanın orta hissəsində temperatur 20, materikin ucqar cənub hissəsində isə 10 dərəcədir. Yayda materikin qərb sahillərinin orta temperaturu 15 ilə 20 arasında tərəddüd edir. Qışda Amazoniyanı 25-lik izoterm əhatə edir. Bu zaman Braziliya yaylasında orta temperatur 20-15, Pataqoniya yaylasında isə 0-5 arasında dəyişilir. Qışda materikin qərb sahillərində temperatur 15-10 arasında tərəddüd edir. Materikin şərqində ən çox kontinental iqlimə malik olan ərazi Qran-Cako düzənliyidir. Burada mütləq yüksək temperatur +47-ə, mütləq alçaq temperatur isə -19-ə çatır.
Cənubi Amerika ərazisi 3 termik zonaya bölünür:
1. Tropik zona- bütün il boyu temperatur 20-dən yuxarı olur
2. Subtropik zona- yayda temperatur 20-dən yuxarı, qışda 20 ilə 10 arasında tərəddüd edir
3. Mülayim qurşaq- yayda temperatur 20-dən aşağı, qışda 10-dən 0-ə qədər dəyişilir.
Materikdə yağıntılar qeyri-bərabər paylanmışdır. Ən çox yağıntı 1500-8000 mm Qərbi Kolumbiyada və Cənubi Çilidə düşür. Qran-Cakonun qərbində və Pampada 300-400mm, Orta Çilidə 1000-3000 mm, Pataqoniyada 150-250 mm yağıntı düşür.
Cənubi Amerikada aşağıdakı iqlim tipləri ayrılır:
1. Bütün il boyu rütubətli və isti ekvatorial iqlim. Qərbi Amazoniya və Kolumbiyanın qərb hissəsinin daxil olduğu bu iqlim tipinin yayıldığı yerlərdə yağıntıların miqdarı 2000 mm-dən artıq, orta aylıq temperatur isə 24-26, 26-28-dir. Burada həmçinin ekvatorial iqlimin yüksək dağ tipinə malik olan Kolumbiya və Şimali Ekvatorun And dağları da aiddir.
2. Fəsillər üzrə rütubətlənən subekvatorial iqlim tipi. Bu iqlim tipi Orinoko Lyanosunda, Braziliya yaylasının orta hissələrində və Ekvadorun qərbində daha aydın nəzərə çarpır.
3. Rütubətli tropik iqlim qurşağına Cənubi Amerikanın yalnız ekvatordan cənubda yerləşən hissəsi daxildir. Braziliya yaylasının şərqi və cənub-şərqi rütubətli passat iqliminə malikdir, buraya bütün il boyu Atlantik okeanından dəniz tropik hava kütlələri yağıntı gətirir. Yağıntıların miqdarı 1000-2500 mm-ə qədərdir, ən isti ayın orta temperaturu 20, ən soyuq ayınkı 15-dir.
4. Quru tropik iqlim materikin daxilində Qran-Çako düzənliyi üçün səciyyəvidir. Burada qış uzun və quraq, yay fəsli isə yağıntılı keçir. Illik yağıntıların miqdarı 150-300 mm-dir.
5. Bütün il boyu rütubətlənən subtropik iqlim tipi. Braziliya yaylasının cənub ucqarında, Uruqvat çayı hövzəsinin cənubunda, Parana və Uruqvay çayları arasında və Pampanın şərq hissəsində yayılmışdır. Yay ayları bu rayonlarda çox isti, qış yumşaq (orta aylıq temperatur +10) keçir. Subtropik qurşağın daxili rayonları (Qərbi Pampada) quru subtropik iqlimə malikdir.
6. Yayı quraq keçən Aralıq dənizi tipli subtropik iqlim Sakit okean sahilində 30-37 c e dairələri arasında yayılmışdır. Qış yumşaq və yağıntılı olur. Fəsillər üzrə temperatur fərqi az nəzərə çarpır.
7. Tropik passat səhra iqlim tipi Sakit okean sahilində 5 ilə 30 c e dairələri arasındakı rayonlarda yayılmışdır. Bu iqlim tipi Atakama səhrasında daha aydın müşahidə edilir. Illik yağıntıların miqdarı 50-100 mm, bəzi rayonlarda isə bir neçə mm-ə qədərdir. Yağıntısız illər də olur.
8. Mülayim iqlim qurşağına Cənubi Amerikanın 40 c e dairəsindən cənubda qalan ensiz hissəsi daxildir. Bu hissənin qərbi ilə şərqi arasında iqlim fərqləri aydın nəzərə çarpır. Şərq tərəfdə yerləşən Pataqoniya yaylası üzərində mülayim en dairələrinin kontinental hava kütlələri formalaşır. Buraya yağıntılar qərb küləkləri vasitəsilə gətirilir. Pataqoniyada yağıntıların miqdarı 250-300 mm-dən artıq olmur.
9. Ekvatorun hər iki tərəfində yerləşən And dağlarının daxili yaylaları üçün ekvatorial yüksək dağ iqlim tipi səciyyəvidir. Burada 2660 m hündürlükdə yerləşən Boqota şəhərində orta aylıq temperatur 14-15, yağıntının miqdarı 1000-1200 m-dir.
10. Mərkəzi And yaylaları tropik yüksək dağ-səhra və yarımsəhra iqlim tipinə malikdir. Burada puna adlanan yarımsəhralarda ilin çox vaxtı quru tropik hava hakimdir. Yağıntının miqdarı 150-300 mm-dir.
Cənubi Amerikada dünyanın ən hündür dağ sistemlərindən birinin yerləşməsinə baxmayaraq, materikdə müasir buzlaqlar nisbətən zəif inkişaf etmişdir. Kolumbiya, Ekvador və Şimali Peru Andlarında daimi qar xətti 4700-4800m, Mərkəzi Andlarda 6000-6300 m, Pataqoniya Andlarında isə 1000-1200 m hündürlükdən keçir. Hazırda ən çox böyük buzlaqlar Pataqoniya Andlarındadır.


Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin