Geoloji quruluşu və inkişafın əsas mərhələləri Cənubi Amerikanın geoloji və tektonik quruluşu və inkişaf tarixi çox mürəkkəbdir. Ərazinin ümumi oroqrafik sxemi materikin struktur xususiyyətlərinə, yəni Anddan kənar şərqin platforma və And silsiləsinin geosinklinal xarakterinə əsasən uyğundur.
Kembridən əvvəlki mərhələdə Cənubi Amerika platformasının qırışıq əsası yaranmışdır. Anddan kənar şərqin çox hissəsini qədim Cənubi Amerika (Braziliya-Qviana) platforması tutur. Burada arxey qırışıqlığı nəticəsində kristallik suxurlardan yaranmış Qərbi Braziliya, Şərqi Braziliya və Qviana qalxanları əmələ gəlmişdir. Platformanın qərb və cənubunda Pampa syerraları şəklində arxey strukturu qaymalı-faylı dağlar da yerləşir. Pataqoniya platformasının inkişafında arxey qırışıqlığı ilə bərabər paleozoyun hertsin qırışıqlığı da böyük rol oynamışdır.
Cənubi Amerika platformasının ən qədim nüvəsi hələ arxey erasında əmələ gəlmişdir. Proterozoy qırışıqlığı nəticəsində yaranmış Serra du Espinyasu və Diamantina strukturları ən qədim dağlar sayılır və “brazilidlər” adlanır. Proterozoyun axırında yaranmış qırışıqlıq cənub qalxanlarını, yəni Braziliya, Afrika , Hindistan, Avstraliya platformalarını birləşdirib vahid qitənin-Qondvananı yaradır. Bu da Cənubi Amerika platformasının kristallik əsasını təşkil edir.
Paleozoydan başlayaraq Cənubi Amerika platforması qırışıqlığa məruz qalmamışdır. Lakin hələ kembridə geniş sineklizlər və anteklizlər əmələ gəlirdi: qərbə doğru genişlənən nəhəng Amazoniya sineklizi Qviana və Braziliya qalxanlarını ayırıb, qərbdə And geosinklinalına yaxınlaşırdı. Bunun nəticəsində Amazoniyada dəniz transqressiyası baş verdi. Paleozoyun hertsin qırışıqlığı mərhələsində Pataqoniya geosinklinalında orogenik proseslər nəticəsində Pataqoniya massivi əmələ gəlir.
Hertsin qırışıqlığı mərhələsi permin axırlarında öz fəaliyyətini itirir və mezozoy dövründə yeni, Alp qırışıqlığı baş verir.
Mezozoy erasında Cənubi Amerika platforması əsasən denudasiya və kontinental materialların toplandığı sahəyə çevrilmişdir. Mezozoyda Pataqoniya platformasında Pataqonida adlanan qaymalar yarandı. Pataqonidlər 40-44 c e-ləri arasında And silsiləsinə şərq tərəfdən birləşir. Mezozoyda Cənubi Amerika platforması qərb tərəfdən geosinklinal ilə əhatə olunurdu. Hazırkı And silsiləsinin yerində Şimali Amerika Kordilyerləri geosinklinal hövzəsinin davamı olan nəhəng And geosinklinal hövzəsi yaranırdı. Həmin hövzədə Kolumbiyanın Şərqi və Mərkəzi Kordilyerləri, Ekvador Andları, Peru və Pataqoniya Andlarının antiklinorilərinin nüvələri hələ paleozoyda yaranmağa başlayırdı.
Alp qırışığı mərhələsinin birinci tabaşir dövrü fazasında Andların Qərb Kordilyerləri yarandı. And dağlarının qərb silsilələrində nəhəng batolitlərin “And qranitlərinin” vulkan püskürmələri nəticəsində suxurların içərisinə yayılması hadisəsi baş verdi.
Pliosen inkişaf mərhələsində Kolumbiyanın və Ekvadorun sahil silsilələrinin və Panama bərzəxinin formalaşması başa çatmış və beləliklə Şimali və Cənubi Amerika materikləri bir-biri ilə birləşmişdir. Neogenin axırında tektonik hərəkətlər nəticəsində And silsiləsinin qərb kənarlarının çox hissəsi dəniz dibinə çökmüşdür. Cənubi Amerikanın qərb sahillərində Sakit okean dibinin çökməsi hazırda da davam edir.
Üçüncü və dördüncü dövrlərdə əmələ gəlmiş tektonik çatlar nəticəsində vulkanik proseslərin fəaliyyəti artmışdır. Andların qərb orogenik qurşağında aşağıdakı 3 sahədə:
1. Cənubi Andlarda 53 ilə 33 c e-ləri arasında
2. Mərkəzi Andlarda 13-29 c e-ləri arasında
3. Şimali Andlarda 4 c e ilə 6 şm e arasında təzahür etməkdədir.
And dağlarında vulkanizm fəaliyyəti ilə əlaqədar olaraq nəhəng vulkan konusları yaranmış və bir sıra dağ vadiləri vulkan məhsulları örtülmüşdür.
Üçüncü dövrdə And dağlarında vulkanizm, aşınma və materialların yığılması prosesləri nəticəsində düzəlmə səthləri əmələ gəlirdi.
Dördüncü dövrün əvvəlində And silsiləsi buzlaşmaya məruz qalmışdır. Hazırda ən böyük buzlaqlar Cənubi Andların cənub hissəsindədir.