Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 38,44 Kb.
səhifə3/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   2   3   4   5   6   7   8   9   ...   17
Cənubi Amerika tam

Faydalı qazıntıları
Cənubi Amerika faydalı qazıntılarla çox zəngindir. Mis, dəmir, manqan, molibden, qalay, polimetal və platin filizlərinin və boksit yataqlarının ehtiyatı olduqca çoxdur. And silsilələrinin ətəklərindəki çökəklərdə və platformanın kənarlarında böyük neft yataqları vardır. Daş kömür yataqları isə nisbətən azdır.
Ən zəngin filiz yataqları ehtiyatı And silsiləsində, xususən onun mərkəzi hissələrindədir. Boliviyada qalay, volfram, qurğuşun, gümüş, sink, sürmə yataqları vardır, burada “qalay qurşağı” şimaldan cənuba doğru 940 km məsafədə uzanır. Peruda 4500 m yüksəklikdə yerləşən məhşur Syerra de Pasko yataqlarında mis ilə bərabər gümüş, sink, qızıl filizlərinə də təsadüf edilir. Bu yataqlar Syerra de Pasko ətrafında radiusu 175 km olan sahədə yerləşir. Cənubi Amerikada mis yataqları ilə ən zəngin ölkə Çilidir. Çilinin mis yataqları (ehtiyatı təxminən 37 milyon tondur) ölkənin Sakit okean sahili boyunca Arika şəhərindən Konsepsion şəhərinə qədər uzanır və sənaye əhəmiyyəti olan 450-dən artıq mis mədənlərini əhatə edir. Mühüm qızıl yataqları Kolumbiyada, Ekvadorda, Vinesuelada, Çilidə, Braziliyada və Argentinadadır.
Braziliya və Qviana dağlıq yaylalarında dəmir filizi, qızıl, manqan, nikel, polimetal və almaz yataqları yayılmışdır. Cənubi Amerika ölkələrində daş kömür yataqları Orta Çilinin Sakit okean sahilində Kolumbiyada, Argentinada və Braziliyanın cənub-şərqindədir.
And silsiləsi ilə Braziliya yaylası arasındakı ərazidə, Venesuelada, Kolumbiyada, Boliviyada, Ekvadorda, Argentinada, Trinidad adasında neft yataqları çoxdur. Neft istehsalına görə qərb yarımkürəsində ABŞ-dan sonra Venesuela 2-ci yeri tutur. Pataqoniyada, Amazon ovalığında və Braziliya yaylasında da neft yataqları kəşf edilmişdir. And dağlarının mərkəzi qərb hissəsinin səhra iqlimi burada dünyada yeganə olan təbii şoranın-Çili şorasının əmələ gəlməsi üçün əlverişli şərait yaratmışdır.

Relyefi
Qitə sahəsinin 45%-ni ovalıqlar, 55%-ni isə dağlıq sahələr təşkil edir. Ərazinin orta hündürlüyü 580m, ən hündür zirvəsi 6960m (Akonkaqua), ən alçaq hissəsi isə dəniz səviyyəsindən 35m aşağıda yerləşən Salinas Çikas gölüdür. Materik relyefinə görə sxematik şəkildə bir-birindən aydın fərqlənən 3 oroqrafik sahəyə bölünür.
1. Qərbdə And silsiləsi
2. Şərqdə Braziliya, Qviana və Pataqoniya yaylaları
3. And silsiləsi ilə yaylalar arasındakı Amazon, Orinoko və La Plata ovalıqları
1)Materikin qərb, Sakit okean sahilində nəhəng And və ya Cənubi Amerika Kordilyerləri silsiləsi yerləşir. And silsiləsi dünyanın ən uzun və hündür dağ sistemlərindən biridir. 9000 km məsafədə (orta hündürlüyü 3000-3500 m) uzanır. Andların ən hündür zirvəsi Akonkaqua (6960m) dağıdır. And silsiləsinin oroqrafiyası Şimali Amerika Kordilyerlərinə nisbətən daha mürəkkəbdir. Odlu Torpaq adasında yerləşən Darvin dağının hündürlüyü 2100 m olduğu halda, şimala tərəf irəlilədikcə Andların hündürlüyü artaraq Santyaqo şəhəri yanında Akonkaqua massivində yüksəkliyi 6960m-ə çatır.
Cənubi Amerika Kordilyerlərinin qərb silsiləsi Odlu Torpaq adasından Karib dənizinə qədər əsasən fasiləsiz uzandığı halda, Andların şərq silsiləsi çökəklərlə növbələşən bir sıra qollardan ibarətdir. And dağlarında çoxlu püskürən və sönmüş vulkanlar vardır. Bunlardan ən mühümləri Kotopaxi (5890m), Sanqay (5410m), Misti (5842m) və s-dir.
2)Materikin şərqində orta hündürlüyə malik olan Braziliya, Qviana və cənub-şərqində Pataqoniya dağlıq yaylaları yerləşir. Orta yüksəkliyi 400-800m-ə çatan və səthi dalğavari düzənliyə oxşar Braziliya yaylasının üzərində 2600-2800 m hündürlüyü olan bir sıra silsilələr və dağ massivləri ucalır. Bu silsilələrə misal olaraq Serra du Mar, Serra da Mantikeyra, Serra du Espinyasu və s göstərmək olar. Braziliya dağlıq yaylasının ən hündür zirvəsi Bandeyra (2890m) dağıdır. Dağlıq yayla şərqə və cənub-şərqə tərəf sıldırım, qərbə tərəf isə maili şəkildə enir. Onun qərb hissəsi Matu Qrossu platosu adlanır. Şimalda yerləşən Qviana yaylasında Rorayma zirvəsinin hündürlüyü 2810 m-ə çatır. Materikin ucqar cənub-şərq hissəsini Pataqoniya yaylası təşkil edir. Braziliya, Qviana və Pataqoniya yaylaları çaylar vasitəsilə çox parçalanmışdır.
3)And silsiləsi ilə Braziliya və Qviana yaylaları arasında geniş ovalıqlar sahəsi yerləşir. Bunlar Orinoko, Amazon və La-Plata ovalıqlarıdır. Braziliya, Qviana yaylaları və And silsiləsi arasında olan Amazon ovalığı dünyanın ən böyük (sahəsi 5 mln kv km) ovalığıdır.
Cənubi Amerikanın paleocoğrafi inkişafı ilə əlaqədar olaraq materikin relyefində And qırışıq struktur sahəsi və Anddan kənar platforma düzənlik yayla sahəsi ayrılır.
And qırışıq struktur sahəsinə And geosinklinal qurşağının mürəkkəb və müxtəlif qırışıq strukturları daxildir. Burada sahənin morfogenezində böyük rol oynamış vulkanizm ( Ekvador Andları), çay və yaxud buzlaq eroziyası (Peru və Pataqoniya Andları) ilə bərabər relyefdə tektonik quruluşun bilavasitə təzahürü olan (Karib və Şimal-qərb Andları) və yaxud mürəkkəb müxtəlif yaşlı poligenetik struktur morfoloji (Mərkəzi Andlar) kompleksləri də vardır.
And silsiləsinin ən cavan hissələrindən biri Karib Andlarıdır. Karib Andları cənub-qərbdə Şimali Andlara keçir. Bu dağlar yelpikvari şəkildə uzanan və bir-birindən dağarası çökəklərlə ayrılan antiklinal silsilələrdən ibarətdir. Bunların ən mühüm silsilələri Şərqi Kordilyer, Mərkəzi Kordilyer və Qərbi Kordilyerlərdir. Şərqi Kordilyer ilə Qərbi Kordilyer arasında Mərkəzi Kordilyer silsiləsi uzanır, bu 2 silsiləni bir-birindən Maqdalena çayı ayırır.
Ekvador Andlarında vulkanizm prosesləri yayılmışdır. Burada Şərqi və Qərbi Kordilyerlərdə püskürən Kotopaxi (5890m), Antisana (5704m), Sanqay (5410m) və sönmüş Çimboraso (6262m) vulkanları ucalır. Dağarası çökəklər vulkan məhsulu ilə örtülüdür.
Mərkəzi Andların cənubunda Qərbi Kordilyerlərdə püskürən vulkanlar və lava örtükləri yayılmışdır. Onların ən mühümləri Misti (5842m) və San Pedro (5970m) vulkanlarıdır. Iqlimi quraq olduğu üçün Boliviya punasının çökək hissələrində qalıq göllərə və şoranlıqlara təsadüf edilir. Qərb tərəfdə hündürlüyü 3200 m-ə çatan Sahil Kordilyerləri uzanır.
Baş Kordilyerlərin ən yüksək hissəsi Akonkaqua (6960m) zirvəsidir. Bu silsilədə vulkanlar çoxdur. And dağlarının ən cənub və rütubətli hissəsi-Pataqoniya Andları çox hündür olmasa da (ən hündür zirvə San Valentin 4058m), burada buzlaq relyefi yayılmışdır.
Anddan kənar şərqə sineklizlərlə-çökəklərlə növbələşən Cənubi Amerika platformasının yer səthinə çıxmış hissələri-anteklizləri daxildir. Platformanın əyilmiş kənarı qərbdə Andların qarşısındakı çökəkliyə keçir. Platformanın yer səthinə çıxmış hissələri isə müasir relyefdə Braziliya və Qviana dağlıq yaylalarının mürəkkəb morfostruktur komplekslərinə uyğun gəlir. Onların arasındakı sineklizdə Amazon ovalığı çökəklərin kənar qurşağında isə Orinoko düzənliyi və Daxili düzənliklər yerləşir.
Amazon ovalığı əsasən neogenin göl-çay çöküntülərindən əmələ gəlmişdir. Qərbdə o çox geniş və yastı səthə malikdir, şərqə tərəf getdikcə ensizləşir.
Orinoko düzənliyinə Orinoko Lyanosları da deyilir. Çökəkliyin orta hissəsi Alçaq Lyanos adlanan yastı alluvial ovalıqdan ibarətdir.
Daxili düzənliklər And silsiləsi ilə Braziliya dağlıq yaylası və Pataqoniya arasındakı çökəklikdə yerləşir. Daxili düzənliklərdə Parana çayı boyunca bataqlıqlaşmış La-Plata ovalığı uzanır. Bu ovalıq şimalda yuxarı Paraqvay çayının cavan və çox dərin tektonik çökəkliyindən başlayıb cənubda Pampada qurtarır.
Braziliya yaylası Cənubi Amerika platformasının qalxmaya məruz qalmış ən geniş hissəsidir. Yaylada relyefin əmələ gəlməsində uzun zaman davam etmiş denudasiya prosesləri ilə bərabər akkumulyasiya prosesləri də iştirak etmişdir. Dağlıq yaylanın əsas relyef tipi denudasiya səthləri 400-800 m hündürlüyə malik peneplenlərdir.
Qviana dağlıq yaylasında çökmə qumdaşı örtüyünün aşınması və yuyulub aparılması prosesləri və kristallik suxurlar üzərində qalın aşınma qabığının formalaşması səciyyəvidir. Qviana yaylasının şimal hissəsinin relyefi dalğavari peneplendən ibarətdir.
Materikin ucqar cənub-şərqində Pataqoniya yaylası yerləşir. Pataqoniya platforması üzərində formalaşmış və And silsiləsi ilə birləşmiş bu yayla şərqə tərəf pilləvari şəkildə enən və maksimal hündürlüyü 2000 m-ə çatan platodan ibarətdir. Pataqoniya yaylasının Atlantik okeanı sahilində aydın nəzərə çarpan terrasları burada yeni tektonik qalxmaların indi də davam etdiyini göstərir.

Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin