Gölləri: Cənubi Amerikada göllər nisbətən azdır. Burada əsasən tektonik, buzlaq, vulkanik və laqun mənşəli göllərə təsadüf edilir. Materikin ən böyük tektonik gölü And yaylasında 3812 m yüksəklikdə yerləşən Titikaka gölüdür. Titikakanın yaxınlığında bir qədər kiçik və dayaz Poopo (qalıq-relikt) gölü yerləşir. Desaquadero çayı Titikakanı Poopo (sahəsi 2530 kv.km dərinliyi 3m) ilə birləşdirir. And dağlarında və Qran-Çako düzənliyində müxtəlif dərəcədə şorlaşmış tektonik və relikt göllər (Uyuni, Salinas Qrandes və s) vardır. Yerli əhalinin Salares adlandırdığı ən böyük şor göl Mar Çikitadır. Ən böyük buzlaq və buzlaq-tektonik gölləri (Nauel Uapi, San Martin, Fanyano) Cənubi Andların qərbində yerləşir. Karib dənizi və Atlantik okeanının sahillərində laqun göllərinə təsadüf edilir. Onlardan ən böyüyü şimalda Karib dənizi sahilində yerləşən Marakaibo laqun gölüdür. Atlantik okeanı ilə əlaqəsi olan ən böyük laqun gölləri materikin cənub-şərq sahilində yerləşən Patus və Mirin gölləridir. Patusun (ördək gölü) uzunluğu 250 km, eni 70km, dərinliyi 10m-dir.
Cənubi Amerikanın torpaq-bitki örtüyü və heyvanları Cənubi Amerikanın torpaq-bitki örtüyü olduqca zəngin və rəngarəngdir. Dünyanın heç bir yerində tropik flora buradakı qədər geniş əraziyə malik deyildir. Tropik bitkilərin üstünlüyü və zənginliyi materikin coğrafi mövqeyindən əlavə onun qədim quru sahəsi olan Qondvana ilə əlaqəsi və uzun müddət tropik şəraitdə fasiləsiz inkişafı ilə əlaqədardır. Materikin bitki örtüyü neotropik və Antarktika flora əyalətlərinə bölünür. Bu 2 flora əyalətində bitkilərin inkişafı müxtəlif yollarla getmişdir.
Cənubi Amerikanın 40 c e dairəsinə qədərki ərazisi neotektonik flora əyalətinə daxildir. Neotektonik flora əyaləti zəngin bitkilərə və endemik növlərə malikdir. Ən mühüm endemik bitkilərə bromeliya, kaktus, kani, nastursiya və başqaları daxildir. Kaktusların qədim formalaşma mərkəzinin Braziliya yaylasında olduğu ehtimal olunur, buradan onlar bütün materikə, Panama bərzəxi yaranandan sonra isə Şimali Amerikaya keçmiş beləliklə Meksika yaylasında 2-ci yayılma mərkəzi yaranmışdır. Materikin şərq hissəsinin florası And silsiləsinə nisbətən çox qədimdir. And dağlarının bitkiləri dağ sistemi tədricən qalxdıqca şərqdən və cənubdan (Antarktika bitki əyalətindən) keçib gələn bitkilərdən formalaşmışdır. Buna görə bu 2 flora əyalətinin bitkiləri arasında növ etibarı ilə böyük fərqlər vardır.
Antarktika flora əyalətinə materikin 40 c e dairəsindən cənubda qalan əraziləri daxildir. Burada növ etibarı ilə yoxsul, lakin endemik floraya təsadüf edilir. Həmin flora buzlaşmadan əvvəl qədim Antarktida qurusunda yaranmış, sonradan iqlimin soyuması ilə əlaqədar olaraq materikin cənub hissəsinə də köçmüşdür.
Cənubi Amerika bir sıra bitkilərin (kartof, kinə ağacı, maniok, şokolad ağacı, lobya, balqabaq və s) vətəni sayılır. Kartofun qədim vətəni Peru, Boliviya Andları və həmçinin Çilidə Çiloe adasındadır. Lobya və balqabaq dünyanın başqa yerlərinə And dağlarından keçmişdir. Qiymətli kauçuk ağacı-qeveyanın da vətəni Cənubi Amerikadır.
Torpaq zonalarının yayılmasına görə Cənubi Amerika 3 hissəyə bölünür.
1. Qitənin şimal, ekvatorial qurşaqda yerləşən hissəsi. Burada torpaq zonaları əsasən üfüqi istiqamətdə yerləşmişdir.
2. Qitənin ensiz cənub hissəsi. Burada torpaq zonaları zəif nəzərə çarpır və bir-birini meridional istiqamətdə əvəz edir.
3. And dağlıq hissəsidir ki, burada torpaq zonaları şaquli istiqamətdə yayılmışdır.
Ekvator qurşağının şimal hissəsində ekvatorial-tropik torpaq tipləri üstünlük təşkil edir. Amazon ovalığı, Qviana və Braziliya yaylasının şərq və cənub-şərq hissəsində laterit, podzollaşmış-laterit və qırmızı torpaqlar, podzollaşmış-qırmızı torpaqlar yayılmışdır: göstərilən yerlərdə bataqlıq torpaqlarına da rast gəlinir. Orinoko ovalığının çox hissəsi və Braziliya yaylası yağıntıların nisbətən az olması və onların fəsillər üzrə qeyri-bərabər paylanması ilə əlaqədar olaraq qəhvəyi, qonur-qəhvəyi, savanna torpaqları ilə örtülüdür. Daha cənubda Paraqvay çayı hövzəsində onlar rütubətli subtropiklərin qırmızı və sarı torpaqları ilə əvəz olunur. La-Plata ovalığında pampaların qırmızı torpaqları qərbə doğru getdikcə quraqlığın artması ilə əlaqədar olaraq şabalıdı, açıq və ya qonur-qəhvəyi torpaqlarla əvəz olunur. Pataqoniya yaylasında boz, qonur yarımsəhra torpaqları yayılmışdır. Səhraların tipik torpaqları sayılan boz-qonur torpaqlara Sakit okean sahilinin quraq iqlimə malik olan hissəsində rast gəlinir.
Qiley adlanan rütubətli tropik meşələr Amazon ovalığının çox hissəsini, Orinoko ovalığını, Braziliya və Qviana yaylalarının yamaclarını örtür. Bu meşələr Kolumbiya və Ekvadorun Sakit okean sahilləri üçün də səciyyəvidir. Braziliyada həmin meşələrə selvas deyilir.
Ekvatordan uzaqlaşdıqca selvas meşələri tədricən seyrəkləşir. Orinoko çayının deltası, Qviana yaylasının şimal yamacları və 15-30 c e dairələri arasındakı Atlantik okean sahili də tropik meşələrlə örtülüdür.
Cənubi Amerikanın 5 ilə 27 c e dairələri arasındakı Sakit okean sahilində və Atakama çökəyində səhra torpaqları və formasiyası yayılmışdır.
La-Plata ovalığının 30 c e dairəsindən cənub-şərqdə yerləşən rütubətli hissəsi subtropik çöl və ya Pampa ilə örtülüdür. Pampada yalnız çöl vadilərində ağaclara təsadüf edilir.
Materikin mülayim en dairəsində yerləşən hissəsinin bitki örtüyünün özünəməxsus xususiyyətləri vardır. Pataqoniyanın ucqar cənub-şərq hissəsi üçün quruçöl və ya yarımsəhra bitkiləri səciyyəvidir.
Sakit okean sahilində Çilinin orta hissəsində enliyarpaqlı subtropik meşələr yayılmışdır.
Mədəni bitkilərdən Cənubi Amerika ölkələrində qəhvə, kakao, qənd qamışı, çəltik, pambıq, arpa, buğda, qarğıdalı, tropik və subtropik meşələr yayılmışdır. Dünyada ən çox qəhvə Braziliyada istehsal edilir.
Heyvanları: Cənubi Amerikanın bitki örtüyü kimi heyvanlar aləmi də çox zəngin və müxtəlifdir. Fauna qədimliyi və endemik növlərin çoxluğu ilə səciyyələnir. Endemiklərdən qarışqayeyən, tənbəl, zirehli, vampir, aquti, şinşılla: endemik quşlardan nandu, tinamu, kolibri (milçək quşu), bəzi tutuquşular, endemik sürünənlərdən kayman, iquan kərtənkələsi, boz ilan və s qeyd etmək olar. Kisəli heyvanlar yalnız Avstraliyada və Cənubi Amerikada vardır.
Cənubi Amerikanın heyvanları neotropik zoocoğrafi əyalətinə daxildir. Bu əyalət 2:
1. Braziliya
2. Çili-Pataqoniya
Yarıməyalətlərinə bölünür. Materikin şimal rayonları: Amazoniya, Qviana və Braziliya yaylaları Braziliya yarıməyalətinə, cənub rayonları: La-Plata ovalığı və Pataqoniya yaylası isə Çili-Pataqoniya yarıməyalətinə daxildir.
Cənubi Amerikanın meşələrində saysız-hesabsız quşlar xususilə tutuquşular və kolibri yayılmışdır: onların ən tipik nümayəndələri ara tutuquşudur. Böyük vəhşi qarpiya quşu kiçik maralları, meymunları və tənbəlləri ovlayır.
Materikin savannalarının, tropik meşələrlə savannaların sərhədlərindəki rayonların və subtropik çöllərin özünəməxsus heyvanları vardır. Bu ərazilərdə yaquar, maral, puma, termitlər, qarışqalar, oselot, pampa pişiyi, Amerika strausu-nandu və s heyvanlar yaşayır.
And dağlarının ən səciyyəvi heyvanları lama, gözlüklü ayı, pampa tülküsü, quşlardan kondor və s-dir. Vəhşi lamaların viqon və quanako adlı 2 növü vardır. Quanako And dağlarında, Pataqoniya yaylasında və Pampada yaşayır. Keçmişdə hindular onları əti və yunu üçün ovlayıb demək olar ki tamamilə məhv etmişlər. Hazırda vəhşi lamalara nadir hallarda təsadüf edilir.