5. Namiq Abdullayev (1928-1996) - Xızı rayonunun Darzarat kəndində anadan olmuşdur. Orta məktəbi 1947-ci ildə Dəvəçi rayonunun Xişkədar kəndində bitirmişdir. 1948-1952- ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici dillər İnstitutunun ingilis dili fakültəsində təhsil almışdır. Bir müddət Siyəzən şəhərində ingilis dili müəllimi kimi fəaliyyət göstərmiş, sonralar Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor, Azərbaycan Dövlət Televiziya və Gənclər nəşriyyatında redaktor, Azərbaycan Dövlət Televiziya və Radio verilişləri Komitəsində baş redaktor vəzifələrində çalışmışdır. Ədəbi illərə 50-ci illərdən başlamışdır. Onun fantastik hekayələri, povest və nağılları, əsasən uşaq mətbuatında çap edilmişdir. “Tərs gün” və “Kiberlandiya”pyesləri respublikamızın bir sıra teatrlarında tamaşaya qoyulmuşdur. Müxtəlif adda hekayələri daxil edilmiş “Sehirli oğlan” (1960), “Balaca Kiberin macəraları” (1966), “İtirilmiş dünya” (1962), “Gecələr uzanaydı” (1980), “Piyada vəzirə çevrilir” (1987) adlı kitabları kütləvi tirajla nəşr olunmuş, çoxsaylı oxucuların rəğbətini qazanmışdır. “Sehirli oğlan” əsərindəki qəhrəman sürətli qaçışa malikdir, bir futbol oyununda 17 qol vurur. O qədər sürətlidir ki, maşınlar da onun qarşısında acizdir. “Tom Vilyam gözə görünmür” hekayəsində təsvir olunur ki, Vilyam insanı gözəgörünməz edən paltar ixtira edir. Bu ixtira bütün Amerikanı heyrətə gətirir. Onunla maraqlananlar tapılır. Kəşfiyyat idarəsindən bu paltarı ələ keçirmək istəyirlər. Lakin Vilyam çalışır ki, bu paltar onların əlinə keçməsin,çünki bu paltar onlara casusluq etmək üçün lazımdır. Ona görə də Vilyam özünün ixtira etdiyi paltarı məhv edir, özü isə xalq azadlıq hərəkatına qoşulur. Elmi-fantastik janr Azərbaycan ədəbiyyatında geniş yayılmasa da, bu tipli əsərlərin yaranmasında Anar (“Əlaqə”), İ.Hüseynov (“Pangeyanın övladları”) kimi yazıçıların ədəbi fəaliyyəti də diqqəti cəlb edir.
6. Mirzə İbrahimovun (1911-1993) bədii yaradıcılığı –XX əsr Azərbaycan ədəbiyyatının inkişafında əvəzsiz xidmətləri olan nasir və dramaturqdur. Cənubi Azərbaycanın Sərab mahalının Evə kəndində yoxsul bir ailədə anadan olmuşdur. Hələ fəhlə işlədiyi illərdə o, bədii ədəbiyyata böyük maraq göstərir, ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edir, şeirlər yazırdı. O, əvvəlcə şeir yazmağa meyl etsə də, sonra nəsrə, hekayəyə üstünlük vermişdir.1930-cu ildə M.İbrahimovun “Zəhra” adlı hekayəsi “Şərq qadını” jurnalında çap olunur. Ədibin bədii nəsrində əsas yeri hekayə və roman janrlarında yazdığı əsərlər tutur. Onun “Zəhra”, “Mələk”, “Qaçaq”, “Qorxulu səs”, “İran qızı”, “Həyat yolu” hekayələrinin ideya-məzmunu yeni ictimai münasibətlərin, yeniliyin özünə mübarizə ilə yol açması, yaranması, həyatda, məişətdə vaxtı keçmiş adətlərdən imtina edilməsi təşkil edirdi. M.İbrahimov – öz-özünü yaradan, formalaşdıran nadir şəxsiyyətlərdəndir. O, 8 yaşında İrandan Bakıya gəlib, çörək pulu qazanmaq üçün muzdurluq etməyə məcbur olub. Sonra neft mədənlərində işləyib. M.İbrahimov xalqa bağlı, xalq mənafeyini hər şeydən üstün tutan sənətkardır. M.İbrahimovun “Göyərçinlərim”,_“Bağban_Rövşən”,_“Fəridə_və_yoldaşları”,_“Murov_dağın_ətəyində”,_“Pələng_və_insan”_hekayələri'>“Çobanın məsləhəti”, “Şairin yadigarı”, “Göyərçinlərim”, “Bağban Rövşən”, “Fəridə və yoldaşları”, “Murov dağın ətəyində”, “Pələng və insan” hekayələri gənc nəslin mənəvi-tərbiyəsi ilə bağlı mühüm mətləblərdən bəhs edir. Bu uşaq hekayələri yazıçının məktəbli psixologiyasına, gənc nəslin arzu və istəklərinə dərindən bələd olduğunu göstərir. Ədibin bəzi hekayələrinin mövzusu şifahi xalq ədəbiyyatından – nağıl və əfsanələrdən götürülsə də, həmin əsərlərdə müasirliklə bağlılıq güclüdür. Ədibin uşaq hekayələrində məktəb həyatının təsviri geniş yer tutur. “Birinci dərs” hekayəsində balaca Səmədin ilk məktəb təəssüratları real həyatı lövhələrlə təsvir edilib. Əsərdə uşağın müəllim haqqında düşündükləri təbiiliyi, həyatiliyi ilə seçilir, müəllifin kiçik yaşlı oxucunun daxili aləminə dərindən bələd olduğunu göstərir. Yazıçının fədakar, cəfakeş müəllim əməyinə verdiyi yüksək qiymət oxucunun mənəvi dünyasını nurlu fikirlərlə işıqlandırır, bu şərəfli peşə adamlarına dərin rəğbət hissi aşılayır. “Göyərçinlərim” hekayəsinin də mövzusu real həyatdan götürülmüşdür. Əsərin qəhrəmanı Seyran məktəblidir. Onun sərçələrə, göyərçinlərə qayğıkeş münasibətini görən valideynləri narazı qalır, övladlarının dərslərinə soyuq yanaşacağını düşünüb narahat olurlar. Lakin Seyranın quşlar haqqında oxuduğu kitablar, zoologiya dərslərindən öyrəndiklərini həvəslə danışması bu fikrin yanlış olduğunu göstərir. Məktəbə gələn ata müəllimin dediklərindən- təbiət guşəsini yaratmağı Seyrana tapşırmalarından dərin məmnunluq duyur. Əsərin sonluğu Seyranın gələcəyinə inam hissi oyadır.
M.İbrahimov hekayələrinin bir qismini Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın həyatının, azadlıq mübarizəsinin təsvirinə həsr etmişdir. Yazıçı həmin hekayələri “Cənub hekayələri” adlandırmışdır. Bu əsərlərdə həm yazıçının uşaqlarının illərinin acı təəssüratları, həm də 1941-1945 – ci illərdə Sovet Ordusunun tərkibində “Vətən yolunda” adlı qəzetin redaktoru kimi İranda olarkən şahidi olduğu hadisələr, real, canlı müşahidələri öz əksini tapmışdır. Silsiləyə daxil olan “Azad”, “Tonqal başında”, “On iki dekabr”, “İztirabın sonu” hekayələrində Cənubi Azərbaycanda 1941-1946-cı illərdə baş verən demokratik hərəkat, vətənpərvər soydaşlarımızın arzu və istəkləri, mübarizəsi təsvir olunur. “Azad” hekayəsində milli-azadlıq hərəkatına qoşulan, öz həyatının mənasını xalqının gələcəyi naminə mübarizədə görən Azad və Fərdanın yaddaqalan obrazları yaradılmışdır.
Azad boğucu İran mühitində ehtiyac ve səfalət içində yaşamaq istəmir. O, böyük ümidlərlə yaşayır, düşdüyü ağır vəziyyətlə barışmaq istəmir. Vətəninə xidmət etmək üçün yollar axtarır. Bu fikirlər, xəyallar içində yaşayan Azad daim düşünür, susur. Dinməzliyinə görə ona Sükuti deyirlər. “Həyatın qayəsi nədir? İnsan necə yaşamalı və fəaliyyət göstərməlidir? Ana yurda, doğma diyara xeyrin nədir? İnsan hansı ictimai-siyasi quruluşunda bacarıq və işgüzarlığını, yüksək əxlaqi-mənəvi keyfiyyətlərini daha yaxşı üzə çıxara bilər? Bu və buna bənzər sualların fəlsəfi mahiyyətini, praktik həlli Fərda ilə Azadı düşündürür, narahat edir. Lakin onlar, xüsusən Azad arzulayır, fəaliyyət üçün imkan və şərait tapmır. Sükut onun varlığını şəxsiyyətini bürüyür. Ölkədə Azad Sükuti kimi tanınır. İranın boğucu mühiti, işsizlik və ehtiyac, məktəbi buraxması, anasının ağır vəziyyəti Azada zahirən adi, həyati bir şey kimi görünür, onu hərəkətə gətirmir. Bunlar Fərdanı da ümidsizləşdirir. M.İbrahimovun “Pervizin həyatı” povesti məktəb mövzusundadır. Bu povestdə yazıçı oxucuya fəal həyat mövqeyi, humanist duyğular aşılayır, onu öz müasiri olan qəhrəmanların arzu və istəkləri ilə tanış edir.