IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1572
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
-kommunikativ ünsiyyətdən çəkinmə;
-yüksək idraki potensial və yaxşı hafizə.
L. Kannerin kliniki müşahidələrinə əsasən göstərdiyi bu əlamətlərə sonrakı illərdə xeyli
düzəlişlər olundu. Tədqiqatçılar (B.Bettelheim, L.Binq, E.Ritva, M.Rutter və b) L.Kannerin autist
uşaqların hökmən yüksək intellektual potensiala malik olmaları fikrini qəbul etmədilər.
M.Rutter autizmin əsas əlamətlərinə aşağıdakıları daxil edirdi:
-uşağın 30 aylığınadək özünəməxsus çətinlikləri;
-intellektual inkişafın səviyyəsindən asılı olmayaraq sosial inkişafın dərindən pozulması;
-uşağın intellektual inkişafından asılı olmayaraq nitq inkişafının ləngiməsi və pozulması;
-heç nəyin dəyişməməsinə cəhd etmə, mühitin və ətrafdakı obyektlərin dəyişməsinə qorxu ilə
yanaşmaq.
B.Bettelheym isə göstərirdi ki, autist uşaqlar heç də həmişə ətraf aləmin dəyişməz qalmasına,
reallıqda olanlarla əlaqədən qaçmağa cəhd etmirlər. E.Ornitz və E.Ritvo uşaq autizminin əsas
əlamətləri kimi motor hərəkətləri və qavrayışın özünəməxsus xüsusiyyətlərini aid edirdi. E.Ornitzə
görə autist uşaqlar yüksək dərəcədə sensor qıcıqlara və reaksiyaya malik olurlar. L.Binq isə autizmin
əsas əlamətləri kimi baş verənlərin birmənalı şəkildə dərk olunmasını, bacarıq və vərdişlərin fəaliyyətə
tətbiq oluna bilməməsini, simvollaşdırmanın son dərəcə məhdudluğunu göstərirdi.
Əksər tədqiqarçılar autizmin bir əlamətinin olmasında vahid mövqe bildirirdilər. Bu, autist
uşaqların birmənalı şəkildə dalğın olmasıdır. Beləliklə, autizmin klinik təsvirində mütəxəssislərin
mövqeyi ziddiyyətlidir. Bu ziddiyyətlərin başlıca səbəbi isə autizmin spesifik xüsusiyyətlərindən irəli
gəlir.
Autist uşaqlar hətta ən yaxın adamlarla, valideynlərlə adekvat ünsiyyətdən qaçırlar. Ətrafdakılara
qarşı belə biganəlik, laqeydlik “ekstremal tənhalıq” hissi yaradırlar. Belə uşaqlar emosional əlaqədən
çəkinir, başqa adamların hisslərini başa düşmürlər. Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki,
autizmin yüngül formasında olan uşaqlar özlərindən böyük və kiçik uşaqlarla ünsiyyətə girə bildikləri
halda, yaşıdları ilə ünsiyyətə girə bilmirlər.
Autizm geniş mənada yalnız insanlarla əlaqəyə girməkdən çəkinmək deyil, həm də ümumən
reallıqdan ayrı düşməkdir. Autist uşaqların davranışı bir qayda olaraq ziddiyətlidir. Onlar gah süst
olur, ətrafda baş verənlərə maraq göstərmirlər. Bununla belə bəzən çox aktiv, aqressiv olur, istədikləri
şeyə yüksək maraq göstərirlər.
Autizmin ilkin, sadə əlamətləri belə çağalıq dövründən özünü göstərir. Lakin ola bilsin ki,
ətrafdakılar, hətta valideynlər bu əlamətləri görməsinlər. Autizm özünü 3-5 yaşlardan başlayaraq
təzahür etdirir. Sonrakı dövrlərdə tədricən affektiv potologiya azalır, lakin koqnitiv qüsurlar artır.
Bir sıra tədqiqatçılar (L.Kanner, B.M.Başina və b.) göstərirlər ki, autist uşaqların yaşlaşdıqdan
sonra yalnız 5 %-ində sosial adaptasiya mümkün olur. Onlar yaxşı sosial əlaqə qura bilir, müstəqil
fəaliyyət göstərir və s. 73 % -i başqalarının köməyi olmadan müstəqil yaşaya bilmirlər.
M.Rutterin tədqiqatları göstərir ki, beş yaşınadək nitqə malik olmayan, intellektual göstəricisi
aşağı olan uşaqların sonralar sosial adaptasiyasına ümid çox azdır.
L.Letter apardığı epidemioloji tədqiqatlara əsaslanaraq göstərirdi ki, autist uşaqların İQ
göstəriciləri 70 % dən aşağıdır. L.Binqə görə əqli geriliyi olan uşaqların 20 % -də autizm əlamətləri
olmuşdur.
L.Binqə görə uşaq autizminin klassik əlamətləri ilə yanaşı “ periferik variantı” da vardır. Ehtimal
edilir ki, uşaq autizminin kliniki mənzərəsi onun müxtəlif etiologiya bağlı olmasından irəli gəlir.
Uşaq autizminin etioloji əlamətləri ilə bağlı mütəxəssislər arasında fikir ayrılığı mövcuddur.
L.Kanner uşaq autizminin yaranması səbəblərini valideynlərlə bağlayır. Göstərir ki, belə uşaqların
valideynləri adətən yüksək intellektə və soyuq emosional sferaya malik olurlar. Onun bu yanaşmasını
B.Bettelheym, L.Despert, B.Rank və başqaları da qəbul edir və digər amillərin də olduğunu qeyd
edirlər. Bildirirlər ki, valideynlər bioloji cəhətdən sağlam alsalar da onların uşaqların tərbiyəsi və
qarşılıqlı münasibətlərində problemlər vardır. Adətən belə valideynlər uşaqlarına qarşı dözülməz
dərəcədə tələbkar olur, onların müstəqilliyinə qarşı çıxır, ətraf aləmdə baş verənlər haqqında
informasiya toplamalarına şərait yaratmırlar. Uşağın ətraf mühitlə tam əlaqəsinin yaranmaması, qorxu
hissi onların inkişafın sonrakı mərhələsinə keçmələrinə mane olur.
Digər alimlərin (M.Rutter, M.Mjer, L.Baker və b.) tədqiqatları isə yuxarıda deyilənləri aşkar
etməsə də, təsdiq də etmir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1573
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Son onilliklərdə aparılan tədqiqatlar sübut edir ki, uşaq autizmi istənilən mühitdə, istənilən
ailədə baş verə bilər. Yəni valideynlərin statusu, təhsili, mədəni səviyyəsi, iqtisadi vəziyyəti heç bir
əhəmiyyət kəsb etmir.
Hər iki yanaşma arasında orta mövqe tutan tədqiqatlar da vardır. E.Tinberqen uşaq autizminin
yaranmasında anadangəlmə psixogen amillərin, həm də mühitin təsiri olmasını qəbul edir. Onu da
qeyd etmək lazımdır ki, son dövrlərdə uşaq autizmini öyrənən mütəxəssislər daha çox bioloji amillərin
rolunun olduğunu bildirirlər.
Uşaq autizminin, xüsusilə şizofreniya əlamətləri olanların daha çox irsi amillərlə bağlılığını əsas
götürənlər də vardır.
Bir sıra psixiatrlar (K.S.Lebedinskaya, O.S.Nikolskaya, M.J.Bedenina, D.N.İsayev və b.) uşaq
autizminin başlıca səbəbi kimi beynin müəyyən sahəsinin zədələnməsini qeyd edirlər. L.Kanner,
B.Letter, B.E.Kaqan və başqalarına görə, autist yeniyetmələrdə epileptik ürəkkeçmələri baş verir.
Tədqiqatçılardan bir qrupu yalnız uşaq autizminin müxtəlif əlamətlərini ifadə edən
ümumiləşdirilmiş “autizm” anlayışını qəbul edir, digərləri isə kəskin diferensasiya aparılmasını
məqbul sayırlar.
Psixolojo-pedoqoji tədqiqatlarda autizm daha çox psixi inkişafda ləngimə kimi göstərilir, bu
uşaqların təlim-tərbiyəsinə geniş diqqət yetirilir. Bunun üçün ilk növbədə xüsusi məktəblərdə inkluziv
təhsilə ayrıca yer verilir. Onlar burada başlıca məsələ kimi kadr hazırlığını önə çəkirlər. Göstərirlər ki,
inkluziv təhsillə xüsusi hazırlığı olan müəllimlər məşğul olmalıdılar.
AİLƏDƏ UTANCAQ UŞAQLARLA PSİXOLOJİ İŞİN TƏŞKİLİ
Zeynəb QULİYEVA
Azərbaycan Dövlət Pedaqoji Univerisiteti
quliyev.ali@rambler.ru
AZƏRBAYCAN
Uşaqlarda utancaqlıq, özünü ifadə edə bilməmək, əksər hallarda özünə qapanma digər uşaqlarla
müqayisədə ortaya çıxan bir psixi vəziyyətdir. Uşaqlarda utancaqlıq problemi 2 yaşından sonra
meydana çıxan və müdaxilə edilmədiyi təqdirdə uzun illər davam edən ciddi bir problemdir. Məktəb
dövründə valideynlər övladlarını digər uşaqlarla müqayisə etdikdə onlarda utancaqlıq, əsəbilik,
başladıqları işi bitirə bilməmək kimi əlamətlər ortaya çıxır. Uşağın qorxaq, ürkək, utancaq olması,
həmyaşıdları ilə ünsiyyət qura bilməməsi, habelə yaşıdları tərəfindən vaxtaşırı gülüş obyektinə
çevrilməsi uşağın psixi inkişafında ata-ananın onlara olan yalnış münasibətindən qaynaqlanır.
Müşahidə etdiyimiz valideyn səhvlərindən biri onların öz uşaqlarını həddindən artıq mühafizə
edib ətraf aləmdən təcrid etmələridir. Bütün qərarların valideynlər tərəfindən verildiyi ailə mühitində
böyüyən uşaqlar sonralar ailədən kənara çıxdıqları anlarda özlərini köməksiz hiss etməyə başlayırlar.
Bəzən isə psixopedaqoji təcrübədə bunun əksinin də şahidi oluruq. Belə ki, ailədə hər istəyini
həyata keçirən, valideynlərlə heç bir sərhəd tanımadan rəftar edən uşaqlar evdən kənardakı mühitdə
özlərinə dost əlaqələri qura bilmirlər. Uşaqın inamının formalaşmasına və utancaq olmasına mənfi
təsir edən amillərdən biri də uşaqların özlərinin edə biləcəklərini valideynlərin onların əvəzinə
etmələridir.
Pedaqoqikada belə bir maraqlı söz var ki, “uşaqlar üçün qol vurmaq əvəzinə onlara topu ataraq
özlərinin qol vurmasına şərait yaratmaq lazımdır”. Öz qabiliyyətini nümayiş etdirən uşaq inamının
formalaşması istiqamətində mühüm addımlardan birini atmış hesab olunur. Ailədə atanın və ananın öz
övladlarına örnək olması bu baxımdan çox mühüm və vacib məsələdir.
Özünə inamı olan valideyn onu öz övladına asanlıqla ötürə bilir. Valideynlər özlərinə
güvəndikləri mövzuları və qabiliyyətlərini övladları qarşısında qabartmalıdırlar. Valideyn səhvi olsa
belə bunu övladına etiraf etməyi bacarmalıdır. Pozitiv yanaşma da inamın formalaşması baxımdan
mühüm əhəmiyyət kəsb edir. Maraqlıdır ki, valideynlər öz uşaqlara inananda uşaq bunu hiss edərək
öyrənməyə daha meyilli və cəsarətli olur. Onları daha çox qıcıqlandıran isə başqaları ilə müqayisə
edilmələridir. Hər uşağı öz bacarıq səviyyəsinə, şəxsi keyfiyyətlərinə görə qiymətləndirmək
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1574
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
lazımdır.Psixoloqlar uşaqlarda özünə inam və utancaqlıq probleminin olmamısı üçün bəzi tövsiyələr
söyləyirlər. İlkin olaraq valideynlər övladlarının psixi vəziyyətindəki həyəcanını anlamalı, onların öz
duygularını ifadə etmələrinə dəstək olmalıdirlar. Valideynlər psixoloji situatsiya ilə bağlı problemi
uşaqla birlikdə həll etməyə çalışmalıdırlar. Valideynlər hər zaman övladlarına güvəndiyini biruzə
verməli, onları hər hansı işi görmək üçün cəsarətləndirməlidirlər. Məsələn, özünə inamı inkişaf
etdirmək üçün hər hansı musiqi alətində uşağın ifa etməsinə dəstək olmalıdırlar.
Daha çox 6-7 yaşdan sonra evin tək uşaqlarında ünsiyyət problemi qabarıq şəkildə özünü
göstərir. Ona görə ki, 6-7 yaşadək valideynlər övladına hədsiz dərəcədə diqqət göstərirlər. Onlar digər
yaşıdları ilə müqayisədə sərbəstliyə daha çox can atır, istədiklərini etməyə çalışırlar. Evin tək uşağı
olduğundan valideynlər onlara diqqətlərini daha da artırırlar. Müəyyən yaş dövründən sonra həmin
uşaqlarda ünsiyyət problemi yaranır. Lakin çoxuşaqlı ailələrdə bu problem daha az yaşanılır. Uşağın
daha ünsiyyətcil olması üçün valideynlərin onlarla daha çox məşğul olmaları vacib və zəruridir. Hətta
valideyn övladı ilə ünsiyyətə girmədikdə belə uşaq özündən yaşca böyük və ya kiçik bacı-qardaşı ilə
ünsiyyətdə olur. Çox yaxşı olardı ki, valideynlər övladlarının daha ünsiyyətcil olmasına çalışsınlar.
Uşaqlarla ünsiyyətdə olarkən biz hər hansı sözü başqa dildə ifadə edirik. Bu əslində dilimizin zəif
olması demək deyil. Sadəcə olaraq yerli, müasir ədəbiyyatların az olması, müxtəlif türk dilli
telekanalların daha çox izlənilməsi belə bir şərait yaradır. Düzdür, son dövrlərdə yerli serialların
çəkilməsi üçün maddi vəsait ayrılıb, yeni seriallar çəkilib. Cizgi film sahəsində isə hələ də problemlər
qalmaqdadır. Bu gün uşaqlar Kayuya, Şirin Babaya baxırlar. İnanırıq ki, bu problem yaxın gələcəkdə
həll olunar, uşaqlar üçün Azərbaycan dilində yeni, milli dəyərlərimizə uyğun cizgi filmləri çəkilər.
Uşağın fikrini ifadə edə bilməməsində söz ehtiyatının zəif olması və onun ünsiyyət qura
bilməməsinin də mühüm rolu var. Bu problemləri aradan qaldırmaq üçün valideyn övladı ilə çox vaxt
keçirtməli, onunla cizgi filmini və ya hansısa nağılı müzakirə eləməlidir. Odur ki, valideyn övladı ilə
birgə cizgi filmini izləməli, "bax, dovşan gördün, neylədi?" və s. deyib onunla ünsiyyət yaratmalı,
fikirlərini onunla bölüşməlidir.
Təəssüflər olsun ki, bu gün televizor validyenlərimiz üçün daha çox uşağa dayə rolu oynayır.
Valideyn ev işlərini görür, uşaq isə ekranda yayımlanan zərərli ya zərərsiz kadrları izləyir. Beləcə,
uşaqların ətrafdakılarla ünsiyyəti zəifləyir. Məsələn, həyətdə yaşıdları ilə oynadıqdan sonra ana
övladından dostları ilə necə vaxt keçirdiyini, nə ilə məşğul olduğunu öyrənməlidir. Saymağı, hərflər
yazmağı uşağa öyrətməkdənsə valideynlər öz övladlarına suallar verərək onda analizetmə qabliyyətini
formalaşdıra bilərlər. Qeyd etməliyik ki, uşaqlar fikirlərini qarşı tərəfə çatdıra bilmirlər. Bu ünsiyyət
ödənilərsə uşaqlar ünsiyyətcil olaraq fikirlərini daha sərbəst ifadə edə bilər və utancaqlıq hissi də
aradan qaldırılmış olar.
Valideynlərin övladları ilə ünsiyyətlərindəki çatışmazlıqlar kompleks hal almışdır. Burada
müxtəlif psixogenetik faktorların rolu olsa da daha çox maddi sıxıntısı olan ailələrdə ünsiyyət
çatışmaqzlıqların yüksək olduğunu deyə bilərik. İstər-istəməz valideynlər çörək pulu qazanmaq
haqqında düşünərək işə gedirlər. Belə hallarda valideynlər övladlarını nənə-babanın himayəsində
qoymalı olurlur. Digər uşaqlarla müqayisədə nənə-baba yanında böyüyən azyaşlılar daha çoxbilmiş
olurlar. Yaşlılar daha səbrli olur, körpələrə nağıllar oxuyur, şeirlər öyrədirlər.
Bir çox valideynlər yanlış olaraq utancaqlığı uşağın yaxşı tərbiyə olunmasının əlaməti hesab
edir, onun daxili həyəcanını və qorxusunu anlamırlar. Psixoloqların fikrincə, utancaq uşaqlara daha
çox avtoritar valideynləri olan ailələrdə rast gəlinir. Qadağanlar, danlaq və cəza lap kiçik yaşlarından
uşaqlarda uğursuzluq kompleksinin inkişafına zəmin yaradır. Nəticədə uşaq hər addımda müstəqil
hərəkət etməkdən qorxur, onda təşəbbüskarlıq inkişafdan qalır.
Utancaq uşaqlarla iş zamanı ailədə valideynlər aşağıdakı istiqamətlərə diqqət yetirməlidirlər:
* pozitiv özünüdərketmənin inkişaf etdirilməsi;
* uşaqda özünə və öz qüvvəsinə inamın yüksəldilməsi;
* başqalarına qarşı inam hissinin inkişaf etdirilməsi;
* qorxunun korreksiya edilməsi;
* öz emosiyalarının ifadə etmək bacarıqlarının inkişafı;
* özünənəzarət vərdişlərinin formalaşdırılması və s.
Ailədə valideynlər çalışmalıdırlar ki, uşaqla sakit tonda, yumşaq səslə danışıb onunla nəzakətli
rəftar etsinlər. Burada əsas şərt valideynlərin səbrliliyi və taktiki məharətə malik olmalarıdır. Bir sözlə,
valideynlər uşaqlarının təşəbbüskarlıqlarını, özlərinə inamlarını artırmalı və onlarda özünüqiymətlən-
dirmənin yüksək səviyyəsinə nail olmaq üçün uşaqlarla daha çox ünsiyyət qurmağa cəhd göstərməlidirlər.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1575
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
UŞAQ PSİXOLOGİYASI VƏ NƏĞMƏLƏR
İlqar XANLAROV
Asəf Zeynallı adına Musiqi Kolleci
İlqar-xan@mail.ru
AZƏRBAYCAN
Uşaq psixologiyası fərqli olur. Buna görə də uşaqlar üçün yazılacaq bədii nümunələr və nəğmə-
lərdə pedoqoji-psixoloji amillər nəzərə alınır. Uşaqlar beşikdə ikən onlara ən vacib mənəvi qidanın
laylalar olduğunu düşünmədən deyə bilərik. Laylaların sözləri ilə bərabər, onların musiqisinin də
özünəməxsus psixoloji təsiri var. Sözsüz ki, uşaqların rahat və tez yuxuya getməsi üçün lirik növün bu
janrı həzin, sakit musiqi ladı tələb edir.
Laylay beşiyim, laylay,
Evim-eşiyim, laylay.
Sən get şirin yuxuya,
Çəkim keşiyin, laylay.
Bildiyimiz kimi, uşaq ədəbiyyatı şifahi və yazılı olmaqla iki yerə bölünür. Laylalar, oxşamalar,
uşaq nəğmələri şifahi uşaq ədəbiyyatının lirik növdəki janrlarına; nağıllar, dastanlar isə epik janrlarına
daxildir.
Lirik növə daxil edilən uşaq ədəbiyyatı nümunələri – laylalar, oxşamalar, uşaq nəğmələri və
mövsüm nəğmələrində məzmunla yanaşı, sözün ahəngdarlığı, vəznin oynaqlığı diqqəti cəlb edir.
Məsələn, laylaların sözlərinin mənasını hələ dərk etməyən uşaqlar səsin xoş ahənginə görə yuxuya
gedir. Və ya oxşamaları eşidərkən səsdəki surətli, oynaq tembr uşaqların əhvalını xoş edir. Sözsüz ki,
bu musiqinin mətni də uşaq psixologiyasına təsirsiz ötüşmür. Məsələn:
Balama qurban inəklər,
Balam nə vaxt iməklər?
Oxşamalarda istifadə edilən “əl çalmaq – dil açmaq”, “inəklər – iməklər”, “xalçalar - əl çalar”,
“ilanlar – dil anlar” və s. kimi ifadələrin ahəngdarlığı musiqi ahəngi və ritmi yaradır ki, bu da uşaq
emosiyasına, beyninin inkişafına, psixologiyasına müsbət təsir göstərir.
Bununla yanaşı, uşaq ədəbiyyatının epik janrlarına aid edilən nağıllar və ya dastanlar əsasında
tamaşalar qurularkən ssenaristlər musiqiyə yer ayırırlar. “Məlikməmməd”, “Ağ atlı oğlan”, “Uçan
xalça”, “Paslı qılınc”, “Padşah oğlu”, “Dostluğun sirri”, “Oqtayın nağılı”, “Qızıl şamdan” və s.
nağılların tamaşası zamanı obrazların dilindən oxunulan mahnılar uşaq tamaşaçılarını yorulmaqdan
xilas edir və onlıarı sövq edir ki, bu tamaşaları zövqlə izləsinlər.
Uşaq mahnılarında kiçik həcmli şeirlərə musiqi bəstələnir ki, bu cür nəğmələrin məzmunu aydın,
sözləri sadə, anlaşıqlı, misralardakı hecaların sayı az, qafiyələri oynaq olur. Buna görə də uşaq
mahnıları daha tez uşaqların yaddaşına həkk olunur. Azərbaycanda M.Ə.Sabir (“Yaz günləri”, “Uşaq
və buz”), A.Səhhət (“Cücələr”, “Köç”), A.Şaiq (“Xoruz”, “Uşaq və dovşan”, “Keçi”) və s. uşaq
ədəbiyyatının ən yaxşı nümunələrini yaradan sənətkarlardandır.
Yuxarıda qeyd etdiyimiz uşaq ədəbiyyatının şifahi janrlarının tarixi qədimdir. Yazılı ədəbiyyatda
isə əsasən XII əsrdən başlayaraq Nizami Gəncəvi (“Xeyir və Şər”, “Bişr və Məlixa”, “Kərpickəsən
kişinin dastanı” və s), daha sonrakı əsrlərdə Məhəmməd Füzuli (“Söhbətül əsmar” - “Meyvələrin
söhbəti”), A.Bakıxanov (“Təhzibül-əxlaq”, “Kitabi-nəsihət” əsərləri; “Qarı və Harun”, “Uşaq və
günəş” mənzum hekayələri; “Tülkü və qoyun”, “Qurd və ibliz”, “Yersiz iftixar” təmsilləri), Q.Zakir
(“Xain yoldaşlar haqqında”, “Sədaqətli dostlar haqqında” təmsilləri), C.Məmmədquluzadə (“Poçt
qutusu”, “Saqqallı uşaq”, “Pirverdinin xoruzu” və s.), M.Ə.Sabir (“Yalançı çoban” mənzum hekayəsi;
“Uşaq və buz” şeiri və s.), S.S.Axundov (“Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”,
“Qaraca qız” və s.), A.Səhhət (“İki uşaq”, “Ana və bala” və s.), A.Şaiq (“Tıq-tıq xanım”, “Tülkü həccə
gedir”, “Keçi”, Uşaq və dovşan” və s), S.Vurğun (“İki körpə” və s.), Mir Cəlal (“Gülgəz”, “Qocaların
uşaq söhbəti və s.), M.Dilbazi (“Günəş”, “Yaz yağışı” və s.) və s. sənətkarların yaradıcılığında uşaq
ədəbiyyatının maraqlı nümunələrini görmək olur. Bu sənətkarların siyahısını daha da artırmaq olar.
Bu nümunələr uşaqların tərbiyəsində böyük rol oynayır. Belə ki, bu əsərlər uşaqları əməyə və
zəhmətə alışdırır, zülm və haqsızlığa qarşı üsyankar yetişdirir, elmə, sənətə yiyələnmə vərdişlərini
aşılayır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1576
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bu poetik nümunələrin əksəriyyətinə görkəmli bəstəkarlar musiqilər bəstələməklə onları daha
yadda qalan etmişlər. Belə ki, A.Səhhətin “Cücələrim” şeiri uşaqlar üçün yazılmış çox gözəl bədii
nümunələrdən olsa da, ona bəstələnmiş musiqi “Cücələrim”i dünyanın bir çox ölkələrində məşhur
etmişdir. “Cücələrim” şeirinin mətni musiqi üçün şair Tofiq Mütəllibov tərəfindən işlənmişdir. Bu
mahnı dünyanın 100-dən çox dilinə tərcümə edilmişdir. Hətta “Dünyanın ən yaxşı uşaq mahnıları”
albomuna daxil edilir. Bəstəkar Qəmbər Hüseynlinin uşaq zövqünə, uşaq psixologiyasına bələdliyi ilə
sözlər və musiqi bir-birinə tam uyğun seçilməklə nəinki uşaqların, hamının könlünü oxşayır. Mahnının
nəqəratındakı “cip, cip” vokativ sözləri ilə cücələrin çıxardığı səslər verilir ki, bu da mahnını daha
oynaq və yaddaqalan edir. Burada həmçinin azyaşlı uşaqlara cücələri tanıtmaq məqsədi də var. Bu
məzmunlu şeirlərə yazılmış xeyli uşaq mahnıları mövcuddur. O.Zülfüqarovun “Sərçə” mahnısının
nəqəratındakı “cik, cik”, R.Mirişlinin “Tık tık xanım” mahnısındakı “tık, tık, tık, tık” vokativ sözləri
uşaqların diqqətini birbaşa mahnıya, musiqiyə yönəldir, sözlərlə musiqinin ahəngi mahnını daha asan
yaddaqalan edir və o cümlədən uşaqları həssas olmağa istiqamətləndirir. A.Şaiqin “Tık tık xanım
mənzum nağılı əsasında çəkilmiş cizgi filmindəki mahnının sözləri Ramiz Rövşənə məxsusdur.
Mahnının musiqisi Ramiz Mirişlinindir. Musiqidə bütün bu amillər uşaq psixologiyasında nəzərə
alınan şərtlərə daxildir.
Oqtay Zülfüqarov, Əfsər Cavanşirov, Səid Rüstəmov, Ağabacı Rzayeva, Soltan Hacıbəyov,
Oqtay Rəcəbov, Qəmbər Hüseynli, Tofiq Quliyev, Vasif Adıgözəlov, Ramiz Mirişli, Aygün
Səmədzadə və s. uşaq mahnılarının ən yaxşı nümunələrini yaratmış bəstəkarlardandır.
Uşaqlar dünyanın sevincidirlər. Elə buna görə də onlar qəmdən, kədərdən uzaq olmalı, sülh,
əmin-amanlıq şəraitində yaşamalıdırlar. Hər bir hadisə uşaq yaddaşına tez nüfuz edir. Onların
psixologiyasını düzgün istiqamətləndirmək hər bir vətəndaşın borcudur. Buna görədir ki, onlar üçün
yazılmış bədii nümunələr qəmdən uzaq, ümid doğuran, mahnılar isə şən, oynaq olmaqla birbaşa
onların psixologiyasına müsbət təsir edir.
MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCAN PSİXOLOQLARININ
Dostları ilə paylaş: |