IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
903
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
formalaşmış bu cür məsəllər, atalar sözləri iri satirik və yumoristik əsərlər üçün təbii dil materialına
çevrilir.Komik keyfiyyətdə formalaşmış atalar sözləri və məsəllərin təsir gücü danışanın ahəng və
intonasiyasından, vəziyyətindən, təhkiyəçinin və ya obrazın əhvali-ruhiyyəsindən asılı olaraq artıb-
azala bilir.Atalar sözü və məsəllərin komizm vasitəsi kimi çıxış etdiyi bir neçə Qarabağ lətifəsinə
nəzər yetirək:
1.Bir rus mühəndisi ilə Məşədi Abbasın mübahisəsi düşür. Axırda mühəndis üzr istəyib
Məşədi Abbasdan xahiş edir ki, onun çəkdiyi layihəyə qol çəksin. Məşədi Abbas onun xahişini rədd
edib deyir: -Net, maya qlaza, tvaya qlaza vada ne piyot.
2.Vaqifi Qarabağda gözü götürməyənlər, onun paxıllığını çəkənlər də az deyildi. Çünki o, əsil-
nəsəbi,malı,mülkü olmaya-olmaya vəzirlik mərtəbəsinə qalxmış, həm də nadan və bacarıqsız
nücəbaların saraya ayaq açmasına yol verməmişdi. Buna görə də düşmənləri onun hər addımını
izləyib, el arasında nüfuzunu qırmağa çalışmışdılar.
Bir dəfə xanlıq nəslinə mənsub olan bir şəxs
böyük məsciddə Vaqif üçün ayrılmış hücrəyə soxulub namaz qılmağa təşəbbüs göstərəndə, xidmətçi
onu saxlayıb, bu yerin vəzirə məxsus olduğunu söyləyir. Lakin bu adam xidmətçinin etirazına
əhəmiyyət verməyib özünü içəri salmağa çalışır. Xidmətçi: - Ay ağa, başa düşün, bu yerin sahibi var, -
deyə onu içəri buraxmır. Şəxs sual edir: - Söylə, o, vəzir olduğu üçünmü belə canfəşanlıq göstərirsən?
Xidmətçi: - İndi nə etmək olar? Hər kəsə bir şey nəsib olanda,onun payına da vəzirlik düşüb,-deyə
cavab verir. Şəxs: - O vəzirdirsə, mən də xanam, -deyib lovğalandıqda, xidmətçi saymazyana söyləyir:
-Ağa, ad insanı ucaltmaz, insan adı ucaldar. Şəxs: - Sən onun elminə işarə vurursansa, bəlkə də mən
ondan çox oxumuşam, -deyir. Xidmətçi səbr edə bilməyərək, sözün cavabını aşağıdakı məntiqlə
tamamlayır:
-Üzr istəyirəm,ağa,axı hər oxuyan da Molla Pənah olmaz!
BƏKİR ÇOBANZADƏNİN “TÜRK DİLİ SƏRFLƏRİNİN ÜMUMİ
QÜSURLARI” MƏQALƏSİNDƏ AZƏRBAYCAN DİLİNİN
TƏDRİSİ MƏSƏLƏLƏRİ
Mərziyə QASIMOVA
Bakı Dövlət Universiteti
merziyeibrahim@gmail.com
AZƏRBAYCAN
Türk dünyasının görkəmli alimi, Azərbaycan dilçiliyi akademik məktəbinin banisi professor Bəkir
Çobanzadənin elmi yaradıcılığı türk xalqlarının dil və ədəbiyyatlarının müxtəlif problemlərinə həsr
olunmuşdur.
Alimin yaradıcılığında əsas yerlərdən birini ana dili və ədəbiyyatın tədrisi məsələləri tutur.
Xüsusilə onun Azərbaycan dilinin tədrisinə həsr olunmuş araşdırmaları diqqətə layiqdir. Bu mənada,
tədqiqatçının “Türk dili sərflərinin ümumi qüsurları” məqaləsi böyük maraq doğurur. Bu əsərində
müəllif Azərbaycan dilinin tədrisi ilə bağlı müxtəlif problemlərə toxunur, onların həlli ilə bağlı öz
fikirlərini irəli sürür. Məqalənin başlığındakı “sərf” terminini isə dilçi alim geniş mənada işlədir. Belə
ki, sərf dedikdə, buraya dilçiliyin bütün şöbələri daxil edilir: dilin səs sistemindən mürəkkəb cümləyə
qədər bütün məsələlər araşdırılır, problemlərin həlli üçün çıxış yolları təklif edilir.
“Türk dili sərflərinin ümumi qüsurları” məqaləsində B.Çobanzadə dilin tədrisi ilə bağlı aşağıdakı
məsələlərə toxunmuşdur:
Dilin varlığının dərki və sevdirilməsi;
Dilin öyrədilməsi üsulları. Bunun da iki mərhələdə baş verdiyi göstərilir: a) dilin öyrədilməsində
ailə mühitinin əhəmiyyəti; b) dilin öyrədilməsində məktəblərin rolu;
Türk sərfçilərinin əsas məqsəd və vəzifələri;
Türk dilinə həsr olunmuş sərf kitablarının ümumi vəziyyəti;
Sərf kitablarının nöqsanlı cəhətləri;
Türk sərflərinin yazılmasında diqqətə alınacaq əsas elmi-metodiki məsələlər;
Sərf terminlərinin mövcud vəziyyəti.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
904
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məqalənin əvvəlində dilçi alim qeyd edir ki, hər hansı təşkilatda, müəssisədə yazılan, nəşr olunan
kitablar, jurnallar gözdən keçirilsə, bütün məsələlərin mərkəzində ana dili və onun sərfi məsələsinin
dayandığını görərik. Bunun iki səbəbi vardır: 1) Əvvəllər yalnız şairlərə lazım olan dilin artıq bütün
pedaqoqlara və ixtisas sahiblərinə vacib, zəruri vasitəyə çevrilməsi; 2) Bu dili öyrədən sərf kitablarının
ehtiyacları qarşılamaması.
B.Çobanzadə qeyd edir ki, günü-gündən artmaqda olan elmi kəşflərdən, elmi-texniki nailiyyətlər-
dən xəbərdar olmaq üçün bizə zəngin və mükəmməl dil lazımdır. Eyni zamanda, inkişaf etmiş
xalqlardan biri olmaq üçün mükəmməl dillə yanaşı, dilin sərfinə, yəni qrammatikasına ehtiyac vardır.
Bu isə yalnız dilimizin akademik səviyyədə tədqiq və təhlili nəticəsində əldə ediləcək uğurlar
sayəsində baş tutacaqdır. Müəllifə görə, sərfin tərtibində əsas amillərdən biri olan üsul, yəni metod
məsələsini aydınlaşdırmaq lazımdır. Dili iki üsulla öyrənmək olar: 1) Təcrübə yolu ilə. Bu növ
öyrənmənin əsası etiyad, yəni adət etmə, alışma, vərdiş etmədir. Buna ana dili deyilir. 2) Elmi yolla.
Bu növ öyrənmə insanın öz dilini şüurlu surətdə bilməsi, öyrənməsidir ki, bu, “sərf dili” adlanır. Hər
hansı bir dilin sərfini yazanlar üçün yalnız o dili “əzbərdən bilmək”, oxumaq, anlamaq deyil, eyni
zamanda o dili tədqiq etmək lazımdır. Buradan isə belə bir sual ortaya çıxır: “Türk sərfçilərinə nəyi
bilmək lazımdır?” Müəllif bu suala belə cavab verir:
Psixologiya, fiziologiya, tarix, ictimaiyyət, iqtisadiyyat və statistika kimi elmləri dərindən
bilmək;
Dilin tarixinə bələd olmaq, yaxud tarixi sərfi bilmək;
Təsviri sərfi bilmək;
Təkamül qanununun dil sahəsindəki cilvələrinə aşina olmaq;
Dili digər dillərlə müqayisəli şəkildə araşdırmaq.
Həm nəhv (sintaksis), həm də bu beş bənddə qeyd edilən məsələləri həll etmək üçün sərfçilər
müqayisəli və nəzəri dilçilik elmləri ilə məşğul olmalıdırlar.
Sərf kitablarının çatışmazlıqlarından biri də səs və hərfin, yazılı nitqlə şifahi nitqin
qarışdırılmasıdır. Tədqiqatçının fikrincə, dilçilər bu xüsusda aşağıdakıları bilməlidir:
1. Ağızdan, boğazdan, digər səs üzvlərindən heç bir zaman hərf yaranmaz, səs meydana gələr.
Hərf səsin yazıdakı şərti işarəsindən başqa bir şey deyildir.
Dilin səsləri durmadan dəyişir, hərflər isə olduğu kimi qalır.
Yazı və dil məsələsində yeganə mənbə canlı dil olmalıdır.
Sərf kitablarında sərfçilər söz şəkillərinə (morfologiya) əhəmiyyət vermirlər. Müəllif bunu
nöqsan hesab edir, sərfçilərin şəkliyyat (morfologiya) sahəsində görməli olduqları işlərə aydınlıq
gətirir. Məktəb sərflərində rast gəlinən uzun cədvəllər şagirdləri yalnız hafizə ilə çalışmağa, dili şüur
və mühakimə ilə deyil, təqlid və etiyad ilə öyrətməyə xidmət edir. Tədqiqatçı bunu da sərf kitablarının
naqisliyi hesab edir.
Bəkir Çobanzadənin fikrincə, dilin öyrədilməsi hər şeydən əvvəl damar (kök) və şəkilçini
ayırmaqla, onları tədqiq etməklə başlanmalıdır. Bu yolla uşaqlar dili daha tez anlayar və sevərlər. Türk
dili sərfinin başlıca çərçivəsi belə olmalıdır: 1) səs; 2) damar: sadə və mürəkkəb; 3) şəkilçi: canlı,
cansız. Hər hansı sərf kitabını təsvir etsək, onda belə bir model yaranar: 1) istilah (ərəbcə, farsca); 2)
qayda; 3) misallar. Alim bu məsələyə də belə bir təklif verir ki, sərf kitabları əslində belə qurulmalıdır:
1) misallar, lövhələr, materiallar; 2) təsniflər, nəticələr, qaydalar, təriflər. Qayda və nəticələri də uşaq
özü tapmalı, tərifləri isə qurmaqda müəllim ona kömək etməlidir.
Sərf kitablarında problemli məsələlərdən biri də istilah, yəni termin məsələsidir. Şagirdlər
izafətlərin, zərflərin, feil şəkillərinin, halların, hətta hərflərin adlarını bilmək üçün əlifbaya, səslərin
tədqiqinə başladığı zaman yüzlərcə ərəb mənşəli terminləri əzbərləməli olur. Belə sözlər hətta öz
yurdları olan ərəb-fars xalq dillərində belə arxaizm halına gəlmiş, “kiflənmiş” sözlərdir. Adlar, sözlər
bir şeyi anlamaq, yadda saxlamaq üçündür. Buna görə də sadə, anlaşıqlı və qısa olmalıdır.Yəni
istilahları tamamilə ortadan qaldırarar bunların yerinə tədqiq, təsnif, tərif işlərini qoymaq daha
doğrudur. Müəllif problemdən çıxış yolunu məhz bunda görür və belə bir sitat gətirərək fikrini
yekunlaşdırır: “Əsasən məşhur lisançılardan birisi: “Hər şeyə ad taxmaq həvəsi düşüncə tənbəlliyidir”,
-deyir”. Bu sitat isə Bəkir Çobanzadənin termin haqqında fikirlərinin ümumi qayəsini təşkil edir.
Beləliklə, Bəkir Çobanzadə ana dili dərsliyini hazırlayan mütəxəssislərə olan tövsiyələrini belə
sistemləşdirir:
- Sərfçi lisaniyyat üsullarına bələd olmalıdır.
- Sərfçi canlı dili bilməlidir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
905
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- Türk sərfi Aristotel və İbn-Mühənna zamanından qalma fikirlərdən təmizlənməlidir.
- Türk sərfləri əcnəbi sərfləri təqlid edilərək yazılmamalıdır.
- Dilimizdə olan əcnəbi sözlər bəsit damar (sadə kök) kimi götürülməli, onların qaydaları aradan
qaldırılmalıdır.
- Türk sərfi bu məsələlərdən bəhs etməlidir: a) səs; b) damar: bəsit, müürəkkəb; c) şəkilçi: canlı,
cansız, sözyapan, sözdəyişdirən; ç) söz: ayrı söz, mürəkkəb söz, yarımsöz, şəkilsiz söz; d) cümlə, onun
növləri, vəzifələri.
- Şəkillərdə məna bəhsi olmalıdır.
- Sərf kitablarının sonuna xalqın əcnəbi sözləri necə dəyişdirib mənimsədiyini göstərmək üçün
xalq etimologiyası bəhsi də əlavə olunmalıdır.
Bəkir Çobanzadənin “Türk dili sərflərinin ümumi qüsurları” məqaləsi üzərində apardığımız
araşdırma onu göstərir ki, alim dilin tədrisi ilə bağlı ciddi problemlərə toxunmuş və həmin məsələlər
bu gün öz aktuallığını saxlamaqdadır.
ORTA MƏKTƏB DƏRSLİKLƏRİNİN DİLİ: 7-Cİ SİNİF
“İNFORMATİKA” DƏRSLİYİNDƏ ƏDƏBİ DİL
NORMALARININ POZULMA HALLARI
Nuranə HÜSEYNLİ
Bakı Dövlət Universiteti
nurana.huseynli@mail.ru
AZƏRBAYCAN
Ana dilimiz - Azərbaycan dili mükəmməl qrammatik quruluşa və zəngin lüğət ehtiyatına
malikdir. Ədəbi dilimizin normaları çoxəsrlik inkişaf yolu keçmiş və bu gün sabitləşərək mükəmməl
forma almışdır. Bu normalar dialekt və şivələrdəki, xalq danışıq dilindəki qeyri-mükəmməl və qeyri-
sabit normalardan, yəni makronormadan fərqlənir. Dilin daxili quruluşunu onun fonetikası, leksikası
və qrammatikası təşkil edir. Buna uyğun olaraq ədəbi dilin fonetik (orfoqrafik və orfoepik), leksik
(leksik-semantik), qrammatik (morfoloji və sintaktik) normaları var və onlar dilimizin saflığının
qorunmasına xidmət edir. Şifahi dildən fərqli olaraq, yazılı ədəbi dildə bu normalara daha ciddi şəkildə
əməl olunmalıdır. Bu mənada, orta məktəb dərsliklərinin hazırlanmasında dövlət dilinin normalarına
ciddi şəkildə riayət olunmalı, dərsliklərin dilinin formalaşmasından ötrü milli dilin bütün
imkanlarından maksimum şəkildə istifadə edilməlidir. Təəssüf ki, bu gün dərsliklərin dilində ədəbi dil
normalarının pozulması hallarına rast gəlməmək mümkün deyil. Xüsusilə son dövlər elmi-texniki
tərəqqinin nailiyyətləri əsasında yaranan yeni sahələr üzrə hazırlanmış dərsliklərdə bu cür məqamlarla
rastlaşmaq olur. Belə dərsliklərdən biri də 7-ci sinif şagirdlərinin “İnformatika” (Bakı: Yaznəşr, 2014)
kitabıdır. Dərsliyin dilində ədəbi dilin fonetik, leksik, qrammatik normalarına riayət olunmaması ilə
bağlı xeyli sayda faktlar vardır.
Fonetik normanın pozulma halları:
a) Noutbuklarda siçan qurğusu əvəzinə taçpad qurğusundan istifadə olunur (s.13). Orfoqrafiya
lüğətində söz noutbuk deyil, notbuk şəklində göstərilmişdir.
b) Siyahıdakı hansı proqramlar sizə tanışdır, hansı – yox? (s. 17). Hansı sözündən sonra tire
qoyulması orfoqrafik qaydalara ziddir.
c) Fayllar və qovluqlar üzərində müxtəlif əməliyyatlar aparmaq – onları yaratmaq, saxlamaq,
açmaq, adını dəyişdirmək, üzünü köçürmək, yerini dəyişdirmək, uzaqlaşdırmaq, qapatmaq olar (s. 24).
Burada işlənən sözlər sadalama xarakterli olduğundan qoşa nöqtə qoyulması daha düzgündür. Çünki
tire, əsasən, aydınlaşdırma, izah xarakterli cümələrdə işlənir.
ç) Bu cədvəldən hər hansı kitabın sizdə olubolmamasını, yaxud axtardığınız kitabın hansı rəfdə
olmasını asanlıqla bilmək olar (s. 29). Olub-olmaması sözü defislə yazılmalı idi.
d) OpenOffice.org Writer mətn reda.ktorunu başladın (s.35) Redaktoru sözündə əlavə durğu
işarəsi qoyulmuşdur.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
906
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
e) Əsas proqramda bu altproqramı hər dəfə çağıranda uyğun rəngi də göstərin məsələn, kvadrat
(s. 73) Məsələn sözündən əvvəl vergül işarəsi olmalı idi.
f) Onlara İnternet xidməti təminatçıları, yaxud, qısaca, provayderlər deyilir (s. 80). Yaxud
bağlayıcısından sonra vergül işarəsinin qoyulması yanlışdır.
g) Məktub göndərilən zaman adresatın kompüteri İnternetə bağlı olmasada, sonradan poçt
qutusunu yoxladığı zaman həmin məktubu alacaq (83). Da bağlayıcı olduğundan ayrı yazılmalı idi.
Leksik normanın pozulma halları:
a) Mouse simgəsini tapıb çıqqıldadın (s. 13). Simgə türk sözüdür, qarşılığı simvoldur. Həmçinin
çıqqıldatmaq termini, fikrimizcə uğurlu deyil.
b) Ona görə də fotoqrafiyalar, adətən, bu formatda saxlanılır, ondan İnternet saytlarında da geniş
istifadə olunur (s. 38). Fotoqrafiya rus sözüdür, varvarizmdir, qarşılığı fotoşəkil və ya şəkildir.
c) Başqa sözlə, hər kəsin öz subyektiv fikri olur (s. 47). Subyektiv sözünün mənası şəxsi, fərdi,
özünəməxsus, özünə aid deməkdir. Öz və subyektiv sözləri cümlədəki məzmununa görə yaxın
olduğundan yanaşı işlənməsi üslubi artıqlıq yaratmışdır.
ç) Son vaxtlaradək xəstəxanalarda kompüterlərdən uçot və qeydiyyat məqsədilə istifadə
olunurdu (s. 90). Uçot rus sözüdur, qarşılığı mühasibatdır, həmçinin cümlədə məzmunca qeydiyyat
sözü ilə eynidir.
d) Qanlı döyüş səhnələri olan oyunlar insanları bir-birinə qarşı daha da dözümsüz edir (s. 93).
Qrammatik baxımdan cümlə düzgün olsa da, dözümsüz sözü yerinə düşməmişdir. Amansız, qəddar
sözlərini işlətmək münasib olardı.
Qrammatik normanın pozulma halları:
a) İstifadəçiyə isə “ən yaxın” olan tətbiqi proqramlardır. Bu proqramların aparat hissəsinin
işinə təsiri azdır və onun əsas işi informasiyanı emal edərək nəticələri istifadəçiyə çatdırmaqdır (s.19)
Cümlədəki “aparat hissəsinin işinə təsiri” ifadəsindəki sözlər arasındakı dolaşıqlıq nəticəsində fikir
dəqiqliyi məlum olmur, oxucuda çaşqınlıq yaradır.
b) Proqramlaşdırma alətləri dedikdə nə nəzərdə tutulur? (s. 19). Cümlədə kəmiyyətə görə
uzlaşma əlaqəsi pozulub. Belə ki, nə deyil, nələr nəzərdə tutlub və ya proqramlaşdırma aləti
formasında işlədilməli idi.
c) Faylın adı ən çoxu 255 simvoldan ibarət ola bilər, ancaq çalışın ki, o, yetərincə qısa olsun (s.
20) Danışıq dilində ən çoxu ifadəni işlədə bilirik, yazılı dildə isə bu söz şəkilçisiz işlənir.
ç) Proqram pəncərəsinin sol hissəsində (Slayd panelində) hər hansı slaydı seçdirin (s.43).
Seçdirin sözünə şəkilçi düzgün artırılmayıb, “slaydıseçin” olmalı idi. Çünki hərəkət istifadəçinin özü
tərəfindən icra olunur.
d) Beləliklə, kompüterdə məsələ həlli aşağıdakı əsas mərhələlərdən. Beləliklə, kompüterdə
məsələ həlli aşağıdakı əsas mərhələlərdən keçir (s. 64). Göründüyü kimi, cümlə diqqətsizlik
ucbatından təkrar yazılıb.
e) “Texnologiya” fənnində müxtəlif sahələrə aid bir sıra texnologiyalarla tanış olmuşsunuz (s.
89). Olmuşsunuz sözü, eləcə də bu tip digər sözlərdə artıq keçmiş zaman şəkilçisinin ş səsi düşür.
Analogiya kimi “xoş gəlmişsiniz” ifadəsini göstərə bilərik. Dil həm də sadələşməyə meyilli olduğu
üçün bu cür sözlər olmusunuz, gəlmisiniz, yazmısınız şəklində yazılır.
f) Bu işləri kompüterlərlə idarə olunan robotlar insanlar kimi, hətta onlardan da yaxşı görə bilir
(s. 90) Cümlə konstruksiyası düzgün qurulmayıb. Tamamlıq mübtədadan sonra gəlməli idi. Bu halda
cümlə daha anlaşıqlı olar.
Bütün bu nümunələrdən belə nəticəyə gəlmək olar ki , dərsliyin dilində kifayət qədər norma
pozuntuları var. Təbii ki, bu da müxtəlif səbəblərlə bağlıdır:
- Fonetik normanın pozulması redaktorların diqqətsizliyindən və tələskənliyindən irəli gəlir. Eyni
zamanda çoxsaylı əcnəbi sözlərin – terminlərin orfoqrafiyasında da ciddi qüsurlar var. Doğrudur, kiçik
çap səhvləri o qədər də mühüm olmasa da, bəzi hallarda böyük problemlər yaradır. Nəzərə alsaq ki,
oxucular orta məktəb şagirdləridir, bu, həmin səhvlərin düzəldilməsini kifayət qədər zəruri edir.
- Leksik normanın pozulmasının başlıca səbəbi tərcümə texnologiyasının düzgün qurulmaması ilə
bağlıdır. Məlumdur ki, texniki sahələrə aid elmi ədəbiyyatlar, əsasən, digər dillərdən (ingilis, rus, türk)
tərcümə olunur. Və bu proses zamanı yaranan diqqətsizlik üslubi normanın pozulmasına gətirib
çıxarır. Ona görə də tərcümə zamanı daha ciddi və məsuliyyətli olmaq əsas şərtdir. Bir faktı da
xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan dilində leksik normanın keyfiyyətini milli leksika
müəyyən edir. Deməli, leksik normanın pozulması milli leksikaya xələl gətirir.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
907
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
- Qrammatik normanın pozulması isə Azərbaycan dilinin qrammatikasında nəzəriyyə ilə praktik
materiallar arasında ziddiyətdən irəli gəlir. Hal-hazırda bir çox mübahisəli məsələlərin öz həllini tapa
bilməməsi buna misaldır. Bu səhvlərin aradan qaldırılmaması gələcəkdə daha ciddi fəsadlar doğura
bilər. İnformatika dərsliyi şagirdlərə 1-ci sinifdən tədris olunduğundan bu çox vacib bir məsələ kimi
qəbul olunmalır.
- Kitabın daha bir çatışmayan cəhəti isə termin və abreviaturaların çoxunun izahının
verilməməsidir ki, bu isə dərs zamanı bəzi məsələlərin qaranlıq qalmasına yol açır.
NİTQ HİSSƏLƏRİNDƏ TRANSFORMASİYANIN TƏZAHÜRÜ
Ceyhunə HÜSEYNOVA, Leyla ƏLƏSGƏROVA
Sumqayıt Dövlət Universiteti
ceyhune.huseyn@mail.ru
AZƏRBAYCAN
“Konversiya” termini latın mənşəli söz olub “dəyişmə” mənasını ifadə edir. Linqvistik terminlər
lüğətində “konversiya” termininin ingiliscə “conversion” sözündən törəndiyi və yeni söz yaradıcılığı
üsulu olduğu qeyd olunmuşdur. Dilçilikdə bəzən “konversiya” termini əvəzinə “transportasiya” və ya
“transformasiya” terminindən də istifadə olunur. Dilimizdə konversiya bir nitq hissəsinin digər nitq
hissəsinə keçmə hadisəsi kimi öyrənilir. Nitq hissələri arasında konversiya zamanı bir nitq hissəssi öz
xüsusiyyətlərini saxlayaraq digər nitq hissəsinin də vəzifə və xüsusiyyətlərini qəbul edir. Məsələn, “O,
gözəl nitq söyləyir.”, “Səadət kəndin gözəllərindən biri idi. ” Birinci cümlədə “gözəl” sözü sifət olub
təyin vəzifəsində çıxış etmişdir və qeyd edək ki, bəzən dilimizdə nitqin kamilliyini daha çox
göstərmək və “nitqin” emosionallığının yüksək keyfiyyətini göstərmək üçün “yaxşı” sözü yox “gözəl”
sözü işlənir. İkinci cümlədə “gözəl” sözü öz xüsusiyyətlərini saxlayıb ismə xas olan xüsusiyyətləri də
qəbul etməklə konversiyaya uğramışdı. Substantivləşmiş bu söz ismin yerində işləndiyi üçün tamamlıq
vəzifəsində çıxış edir. Buradan belə bir nəticəyə gələ bilərik ki, hər bir əsas nitq hissəsi sintaktik
vəzifəsinə görə bir cümlə üzvü ilə daha çox sıx bağlı olur ( isim-mübtəda ilə, fel- xəbər ilə, zərf –
zərflik ilə və s.) , lakin bu o demək deyil ki, bir əsas nitq hissəsi yalnız bir cümlə üzvü vəzifəsində
çıxış edir. Nitq hissələrində konversiya hadisəsinin müxtəlif prosesləri sayəsində hər bir nitq hissəsi
digər nitq hissəsinin xüsusiyyətlərini qəbul edərək çox asanlıqla digər cümlə üzvü vəzifələrində də
çıxış edə bilərlər. Bir sıra dillərdə olduğu kimi Azərbaycan dilində də əsas və köməkçi nitq hissələri
arasında bir nitq hissəsinin digər nitq hissəsinə keçmə prosesi hadisəsi müşahidə edilir. Konversiya
hadisəsini dilçilər iki prinsip, leksik və sintaktik prinsip əsasında öyrənmişlər. Sintaktik prinsipi əsas
götürən dilçilər sözlərin müxtəlif məna və vəzifələrdə işləndikdə omonimlik yaratdıqlarını bildirirlər.
Leksik prinsipə əsaslanan dilçilər isə bir nitq hissəsindən digər nitq hissəsinə keçmə hadisəsini sadəcə
bir kateqoriya adlandıraraq onların heç bir omonimlik yaratmadıqlarını və bele sözlərin yalnız mətni
xarakter daşıdığını qeyd edirlər. Konversiyanın sadəcə keçid prosesi olduğunu nəzərə alsaq və sözün
yalnız cümlə daxilində digər nitq hissəsinin formal əlamətlərini qəbul etməklə sintaktik vəzifəsini
dəyişdiyini nəzərə alsaq bu cür sözlər üçün leksik prinsipi daha doqru hesab etmek olar. Məsələn, Biz
gənclərin , gələcək nəsillərimizin firavanlığı üçün hələ görüləcək işlərimiz çoxdur. Birinci
substantivləşmiş sifət (gənclərin) cümlə daxilində isimləşsə də yenədə sifətin əlamətini itirmir, ikinci
adyektivləşmiş fel də ( görüləcək) yalnız cümlədə sifətləşmişdir. Lakin bunu da qeyd etməliyik ki,
dilimizdə bir sıra sözlər var ki, onlar tarixən daşlaşmış formada iki və daha çox nitq hissəsi kimi çıxış
edə bilirlər. Məsələn, düz ( sifət, isim, fel, zərf), igid, qəhrəman, qoca, cavan və s.( isim, səfət).
Substantivləşmə - ən geniş yayılmış konversiya prosesidir. Substantivləşmə dedikdə yəni, hər
hansı bir nitq hissəsi öz xüsusiyyətləri ilə yanaşı ismə aid müəyyən formal əlamətlərini,
xüsusiyyətlərini və cümlədəki sintaktik vəzifəsini qəbul edərək isimləşməsi, əşyaviləşməsidir.
Məsələn, “Sənin aləmində ən yaxşıyam mən, Bəlkə də yaxşılar naxışıyam mən...” Göründüyü kimi bu
zaman substantivləşmiş söz (yaxşılar) cümlə daxilində isim kimi çıxış etsə də nəticədə özlüyünü
itirmir yəni bu söz formal cəhətdən isimləşmiş olur. Bəzi dilçilər substantivləşməni tam və müvəqqəti
keçmə prosesi olaraq iki qrupa ayırırlar, lakin bəzi dilçilər isə əksinə başqa nitq hissəsinin
|