Key words: Kishvari, Nasimi, folk language, figurative idioms, idiomatic compositions, poetic plates,
phraseological combinations, vocabulary of the folk language, Turkish words, simplicity, clarity of the
language.
Kişvəri XV əsr Azərbaycan ədəbiyyatının görkəmli və ən çox diqqətə layiq olan sənətkarlarından
biridir. Onun əsərlərində hər şeydən əvvəl canlı xalq dilindən ustalıqla istifadə olunur. Şair Həsənoğlu-Nəsimi
ənənələrinə sadiq qalaraq ana dilində yazıb yaratmağa üstünlük vermiş, xalqının dilində yazıb-yaratmağı özünə
borc bilmişdir. Fars dilində də yazmağı bacaran və bu dildə də gözəl əsərlər yazan şair zəmanəsinin
keşməkeşlərini daha çox ana dilində yazdığı şeirlərdə əks etdirmişdir.
Kişvərinin şeirlərində dil sadəliyi və aydınlığı ilə yanaşı ərəb və fars dillərindən gələn ifadə və tərkiblər
də vardır. Bəzən şair bunlarsız keçinə bilmir. Onun “Divan”ındakı ilk üç qəzəldə 21 izafət tərkibi vardır. Bu
tərkiblər aşağıdakılardır: pərtövi-sübhi-kəramət, şami-qiyamət, əngüşti-nədamət, səngi-məlamət, guşeyi-
meyxanə, cayi-iqamət, çeşmey-heyvan, şəkli-dəhan, kargahi-afəriniş, rişteyi-can, peyvəndi-miyan, çeşmeyi-
xurşid, behişti-cavidan, türreyi-şümşad, rəngi-ərğəvan, eyni-ədalət, mülki-həsti, bazari-gərm, kuyi-ədəm,
eybi-cəlalət, nişani-istiqamət. Bu cür tərkiblər şeiri müəyyən qədər ağırlaşdırsa da, bu tərkiblərsiz Kişvəri də
keçinə bilmir. Onu da qeyd etmək vacibdir ki, Kişvəri bu tərkiblərə çox vaxt vəzn və qafiyənin tələbi ilə üz
tutur. Kişvərinin elə şeirləri vardır ki, onlarda bu cür mürəkkəb izafət tərkibləri yox kimidir. Kişvərinin
əsərlərinin 1984-cü il nəşrinin 62-ci səhifəsində iki qəzəl vardır. Buqəzəllərdən birində ancaq bir izafət tərkibi
vardırsa, ikinci qəzəldə on bir izafət tərkibi vardır. Həm də ikinci qəzəldəki izafət tərkibləri daha çox şeirin
rədifdən əvvəl gələn qafiyələrindədir. Fikrimizi təsdiq üçün ikinci qəzəli eynən örnək gətiririk:
Ey əzəldən eşqün ilən əhdü peymanım mənim,
Ta əbəd sevdayi-zülfin munisi-canım mənim.
Şərhi-halimi bilur hər kim görür səndən irağ,
Ruyi-gərdalüd ilən çaki-giribanım mənim.
Dustlar qan ağlağay mən piri-hicrin halinə,
Lalə tək gər zahir olsa daği-pünhanım mənim.
Qılmaya badi-səba zülfin pərişan hər səhər,
Şami-hicran gər görə hali-pərişanım mənim.
Ağzıma süd əmzirən göz mərdümidür dəmbədəm,
Şərmsar etdi məni bu çeşmi-giryanım mənim.
Nola gər qul Kişvərinin halına qılsan nəzər,
Çünki səndən özgə yox heç kimsə sultanım mənim. (Kişvəri, 1984: s. 62)
Bu qəzəldəki izafət tərkibləri daha çox mövzu ilə, onun ifadə tərzi ilə bağlıdır. Eyni zamanda burada
canlı və obrazlı xalq dilindən gələn aforizm səviyyəsində olan ifadələr vardır. Səndən irağ halımı görən bilir,
dostlar qan ağlağay, ağzıma süd əmzirənkimi tərkiblər buna misal ola bilər.
Kişvərinin şeirlərində müəyyən qədər izafət tərkibləri olsa da, onun əsərlərini səciyyələndirən mühüm
keyfiyyətlərdən biri xalq dilinin obrazlı deyimlərindən məharətlə istifadə edilməsidir. Aşağıdakı qəzəldə də
bunun gözəl nümunələri ilə qarşılaşırıq:
Vəh ki, boldum sənsizin avarə, bilmən neyləyim,
Qalmışam bicarəvü bir carə bilmən neyləyim.