The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---70---
Ədibin nisbətən iri həcmli əsərlərində daha geniş təbiət mənzərələri göz önündə canlanır. Ənvər
Məmmədxanlı yaradıcılığında rast gəldiyimiz canlı, həyati təsvirlər oxucunu özgə bir aləmə aparır. Həmin
əsərlərdə yaradılan bədii lövhələr, Azərbaycan təbiətinin əsrarəngiz gözəllikləri ədibin vətənsevərliyindən
xəbər verir. Oxucu bu səmimi duyğulara məftun olmaya bilmir. O, yaratdığı obrazları o qədər canlı və həyati
yaradıb ki, oxucu özünü hadisələrin içində hiss edir, sanki hadisələrin iştirakçısı olur.
Ənvər Məmmədxanlı Azərbaycan ədəbiyyatında, ədəbi fikir tarixində bənzərsiz yaradıcılığa malik
sənətkardır. Yaradıcılığına təkrar-təkrar bələd olduqca, əsərlərini oxuduqca onların sehrindən, cazibəsindən
çıxa bilməyən oxucu özünü hadisələrin içində hiss edir. Müəllif sevərək yaratdığı səhnələri oxucuya sevdirir.
Romantik, səmimi bəşəri duyğularla çulğaşan oxucu özünü əlçatmaz ucalıqda hiss edir.
Ölməz sənətkar əsərlərindəki insan talelərini bir yazıçı kimi elə yaradıb ki, oxucu, tamaşaçı onlara
biganə qalmır. Ədib həmin taleləri sanki özü yaşayır. Obrazların daxili düşüncələri, taleləri sanki ədibin öz
taleyi, öz düşüncələridir.
Həyatsevərlik, lirizm, vətənpərvərlik kimi bəşəri duyğular müxtəlif insan talelərini daima müşayiət
edir. Yazıçının ədəbi qəhrəmanlarında həyat eşqi güclüdür. Lirik hekayələrində kədərli taleli insanların da
həyata nikbin baxışlarının tükənməzliyini görürük. Onun qəhrəmanları son nəfəsə qədər mübarizə əzmindədir.
Həyatın dəhşətləri onları sarsıtmır. Bütün bunlar oxucuda müsbət hislər qalereyası yaradır.
Onun romantizmi realist köklərə, duyğulara bağlıdır. Yaradıcılıq yolunda həmişə onun idealı sadə
insan həyatı, bəşəri hislərin təcəssümüdür. İNSAN
obrazlarının rəngarəngliyi çoxtərəfli müsbət düşüncələrin
təzahürü kimi oxucunu müqəddəs bəşəri duyğulara kökləyir. Təbiət təsvirləri insanı emosional duyğulara,
gözəlliklərdən zövq almağa yönləndirir, vətənə bağlılığı, qəhrəmanlığı və digər humanist hisləri gücləndirir.
Yaradıcılığındakı romantik pafos, realist-həyati duyğular onun ssenarisi əsasında həyat qazanan
filmlərdə də müşahidə olunur.
Ölməz sənətkarın kino sahəsində xidmətləri əvəzsizdir. O, 40-cı illərdən başlayaraq ədib qələmini
dramaturgiya sahəsində də sınamağa başlayır. Ədibin yüksək sənətkarlıqla qələmə aldığı “Şərqin səhəri” pyesi
XX əsr ədəbiyyatının aktual mövzularından idi. Bu əsər uzun müddət repertuardan düşməyərək neçə-neçə
sənətkarların formalaşmasında mühüm rol oynamışdır.
Əsərdə 20-ci illərin əvvəllərində Bakıda gedən ictimai-tarixi hadisələr real cizgilərlə verilmiş,
müxtəlif tarixi şəxsiyyətlərin portreti canlandırılmış, dünya imperializminin, xüsusən ingilislərin “Bakı” —
“neft” marağı əks olunmuşdur. Obrazların dilində verilən müxtəlif mühakimələr onların ziddiyyətli
mövqelərini açaraq oxucunu hadisələrdən düzgün nəticə çıxarmağa sövq edir. Əsərdə Tomson və Ağalarov
obrazlarının müqayisəsi buna sübutdur. Yazıçının dövrün tələbilə “mənfi” planda yaratdığı obraza belə əsl
məhəbbətini Bakı milyonçusu Ağalarov obrazının simasında görürük.
Ədibin ictimai və yaradıcılıq fəaliyyəti tarixində Cənub mövzusunun xüsusi yeri var. “Od içində”
pyesində isə 1945-46-cı illərdə Cənubi Azərbaycanda gedən milli azadlıq hərəkatı və onun faciəli sonluğundan
bəhs edilir.
Yazıçının “Şirvan gözəli” əsəri öz lirizmi ilə seçilir. Əsərdə ədibin lirik duyğularla bərabər incə
komizminin də şahidi oluruq. Televiziya ekranlarında da müqtədir aktyor ansamblının təqdimatında
canlandırılan “Şirvan gözəli” əsəri oxucuya, tamaşaçıya bədii zövq verməklə yanaşı , onun nəzərlərini həyati
problemlərə yönəldir, nikbin yumoru ilə diqqəti cəlb edir.
Böyük yazıçının ssenarisi əsasında çəkilmiş “Babək” filmi də çoxmilyonlu tamaşaçının baxdıqca
baxmaq istədiyi incəsənət əsəridir. “Leyli və Məcnun” filminin ssenarisi, “Bəxtiyar” filmi, M.Hüseynlə birgə
işlədiyi “Fətəli xan” filminin ssenarisi və digər qiymətli sənət inciləri ədibə əbədi şöhrət, möhtəşəm abidədir.
Ədibin “Ay işığında” hekayəsində qocaman el sənətkarının obrazı canlandırılıb. Bütün həyat
hekayələri, başına gələnlərlə birlikdə reallıq nümunəsi olan müdrik sənətkar obrazı Aşıq Valeh əsərdə təbii
boyalarla təsvir edilib. Üzunömürlü, qəlbi daim yaratmaq, yaşayıb-yaşatmaq eşqilə vuran qoca aşıq gəncliyini
şagirdi Cəlalda görür. İnsanın maddi dünyasını onun mənəvi dünyası ilə birgə təsvir edən Ənvər Məmmədxanlı
Aşıq Valehin cavanlığa meydan oxuyan həyat eşqi, nəsihətləri ilə oxucunu heyran edir. Əməyə məhəbbəti
nəvə-nəticələrinə də tövsiyə edən qoca aşıq sənətdə mahir olduğu kimi, əməkdə də yorulmazdır. Əməklə, iş-
güclə başını qatan aşıq tükənməz sənət yanğısını sinəsində daşıyırdı. “O yanğı ki, hər dəfə söz ilə musiqini bir-
birindən ayrılmaz iki əkiz bacı kimi dünyaya gətirmişdi və qəlpə-qəlpə ürəkdən qopan hər sözü cürə sazının
sədası ilə gümüşləndirmişdi, səsinin uçarı ilə pərvazlandırmışdı, sonra ağ bir quş kimi qaranlığı yaran bu
nəğmələr getmişdi, eli-obanı gəzmişdi, ürəklərdə işıqlı iz salmışdı və naxışlanmışdı, xalq yaddaşında həkk
olunmuşdu”. (Məmmədxanlı, 2005: s.90)
“Ay işığında” əsərində qocaman sənətkarın həyat eşqi, münasibətləri, sənətə və əməyə, övladlarına
məhəbbəti öz parlaq əksini tapıb. Əsərdə söz ilə musiqinin əkiz olduğu bir sənətdən, bu sənəti qəlbində yaşadan