The XXXVI International Scientific Symposium "Multidisciplinary Studies of the Turkish World" The 25 th of March 2023 ISBN: 978-605-72481-0-7 Eskishehir / Türkiye ---72---
səsidir. Çimnaz da bu səsə biganə deyildir. Dəstəsi ilə ovdan qayıdan Əlyar xanın bu səsi eşitməsi ilə hər şey
dəyişir. Kəndin, Çimnazın, odunçu oğlunun sakit həyatını acı günlər əvəz edir. Ədib xalqın həyatını, məişətini
təbii lövhələrlə əks etdirir. Əlyar xanın niyyətini duyan Çimnaz odunçu oğlunu xəbərdar etmək üçün hövlnak
meşəyə qaçır. Oğlan da, Çimnaz da xanın əsirinə çevrilir. Müəllif Əlyar xanın simasında harınlığın, təkəbbürün
ən qabarıq xüsusiyyətini təsvir edib. Təbiətin azad qoynunda səsi ilə hamını heyran edən gənc sarayda, bər-
bəzək içində oxumur. Onu oxumağa məcbur edə bilmirlər. Köləlikdən xilas olan oğlan azadlıqda yenə də gözəl
səslə oxuyur. Bu dəfə artıq xanın hərəmi olan Çimnaz özü onun dalınca adam göndərir. Odunçu oğlu əvvəl
buna sevinir. Sonra isə Çimnazın əvvəlki Çimnaz olmadığını bilərkən fikirləri alt-üst olur.
Diyar-diyar dolaşan odunçu oğlu nəğmələri ilə dünyanı heyran qoyur. Əsərdə təbiət obrazı sevgi ilə
yaradılıb. Ümumiyyətlə, Ənvər Məmmədxanlı yaradıcılığında təbiət təsvirlərinə geniş yer verilib. Təbiət
lövhələrinin təsviri, təbiətə məhəbbət bütün əsərlərində olduğu kimi, bu əsərdə də ön plandadır.
Diyar-diyar gəzib dolaşan nəğməkar odunçu oğlunun bəstələdiyi mahnılar dildən-dilə düşür. Səsi ilə
karvanı dayandıran odunçu oğlu əhvalatı sanki xalq mahnılarının necə yarandığını isbat edən bir tarixdir.
Əsərdə “bir hovur”, “artırma”, “təkliyin qara quyusu”, “qara əl”, “gəncliyimin səsi”, “şələ” kimi xalq
ifadələri işlənmişdir. Zınqrov səsi, karvan, yollar yorğunu, dayanmayan karvan, qayıdan karvan, ulduzlara
çatan musiqi, ürəyi daşa dəyən nakam sevgi, ülvi məhəbbət — bütün bunlar gözəl bədii dillə canlandırılıb.
Ənvər Məmmədxanlı yaradıcılığında “Bakı gecələri” əsərinin özünəməxsus yeri var: “Anam heybəmi
ayın-oyunla doldururdu, atam doqqaz qabağında, qoşulu öküz arabasının yanında məni gözləyirdi”.
(Məmmədxanlı, 2005: s.15)
Bu sətirlər dialekt sözlərinin ədəbi dilə gətirilməsinin nümunəsidir. Zəngin həyat müşahidələri olan
böyük sənətkar əsərlərində gördüyü reallıqları inandırıcı detallarla təsvir edir. Müəllif nəyi, haranı təsvir edirsə,
oxucunu oraya aparır. Ədibin xəyal, təxəyyül dünyası gerçəklərə söykənir. Yazıçının yaradıcılığında zaman
və məkan anlayışı mücərrədlikdən uzaqdır. Odur ki, oxucu məhz Ənvər Məmmədxanlı yaradıcılığı ilə həyatın
gerçək üzünü görür və dərk edir. “Bakı gecələri” hekayəsində zaman və məkan təsviri uyğun detallarla verilib.
Uzaq dağ kəndi, yeddilik çıraq, qatar, yolasalma səhnəsi, atanın tapşırığı, ceyran sürüsü, yovşanlı-sirkanlı
düzlər — bütün bu təsvirlər oxucunu yormur. Əksinə, oxucunun maraq dairəsini əsərə tuşlayır. Fayton, ucqar
dağ kəndinin təsviri, Bakının təsviri — İçərişəhər, Ağşəhər, Qaraşəhər, Bayıl və s. ilə əvəz olunur. Əsərdə
kənd həyatı və şəhər həyatının müqayisəsi uyğun ştrixlərlə, təbii verilibdir.
Küləkli, izdihamlı, bəzən qorxulu, vahiməli Bakının — Abşeronun təsviri canlı boyalarla verilmişdir.
Kənd həyatından ayrılıb şəhərə təhsil dalınca gələn Yunis, Tutu xala, şəhərli qız Yaqut və anası, Tutu xalanın
əri — neftçi Əlimürsəl dayı ədibin sevərək yaratdığı obrazlardır. Müəllifin şəhərli, neftçi Əlimürsəl dayını
kənd ağsaqqalı Diyar kişi ilə müqayisə etməyi çox maraqlıdır. Bu əmək adamının hər biri torpağın dilini bilən
müdriklərdir.
“Bakı gecələri” povestində hadisələrin təsviri nə qədər geniş olsa da, əsərin əslində Cəfər Cabbarlı
dramaturgiyasında əvəzsiz yeri olan “Sevil” əsəri ilə məzmun bağlılığı var: çadra, kəlağayı, köhnə Bakı və
təyyarəçi qadın. Bütün bunlar “Bakı gecələri” əsərində Yaqut obrazının inkişafının Sevilə bənzərliyinin
sübutudur.
“Ayrıldılar” əsərində İlyas və Adilənin məhəbbəti, onların dünyaya baxışları, təzadlı fikirləri əks
edilib. Əsərdə Muxtar kişi, Xasayoğlu, Murad obrazları da maraqlı obrazlardır. Ancaq bu əsərdə təbiət də
bütün gözəllikləri ilə, bütün əzəməti ilə canlandırılmış xüsusi bir obrazdır. Əsərdəki at — Tərlan da məhəbbətlə
yaradılmış maraqlı surətdir. Muxtar kişinin dediyi “Köhlən atları köhnə kişilər minib o dünyaya getdilər” —
fikri çox böyük məna ifadə edir. Əsərdə İlyasla Adilənin ayrılığı Adilənin şəhərə gəlmək qərarına səbəb olur.
Lakin milislərə köməyə qoşulan İlyasın ölümündən xəbər tutan Adilə valideynlərinin etirazına baxmayaraq,
İlyasın arzuladığı kimi qayıtmağa qərar verir. Adilənin sonrakı taleyi əslində İlyasın yarımçıq arzularının
davamıdır. Ümumiyyətlə, ülvi hislərin tərənnümü Ənvər Məmmədxanlı yaradıcılığında bənzərsizdir.
Ənvər Məmmədxanlı yaradıcılığında mayası əfsanələrdən yoğrulmuş “Əfsanəli dağlar” əsəri də
mühüm yer tutur. Hekayədəki Ovçu və Pəri obrazları həyati obrazlar olsa da, onların yaşayışında, davranışında
əfsanə motivləri üstünlük təşkil edir. Ovçunun real düşüncələri, həyata baxışı ilə Pərinin xəyal dünyası xəfif
bir təzad təşkil edir.
Əsərdə təsvir olunan hadisələr, təbiət lövhələri, obrazların keçirdiyi hislər metaforik dillə təşbehlərlə,
məcazlarla, müxtəlif bədii təsvir və ifadə vasitələrilə ifadə edilib. Əsər boyu izlənilən obrazlılıq olduqca
maraqlı lövhələrlə təsvir edilib. Hekayənin dili ana dilinin bütün incəliklərini özündə əks etdirir:
“ Bir qədər uzaqlaşıb yolunu kəsən pöhrənliyi döşü ilə yardı, sonra dayandı, boynunu büküb yenə
geriyə baxdı”. (Məmmədxanlı, 2013: s.56)
Ədibin dili və üslubu canlı xalq dilimizin bütün çalarlarını qabarıq ifadə edir. Əsərdəki dil faktları,
müəllif və obrazların dilindəki ifadələr xalq dilinin incəliklərinin təcəssümüdür.