BÜRÜYÜCÜ MADDƏLƏR
Bürüyücü maddələr selikli qişalara sürtüldükdə onların üzərində qoruyucu pərdə əmələ gətirir. Bu pərdə selikli qişada olan reseptorların üzərini örtərək onları mexaniki, kimyəvi və digər bu kimi qıcıqlandırıcıların təsirindən qoruyur. Bürüyücü maddələr orqanizmə rezorbitiv təsir göstərmir. Bürüyücü maddələrə nişasta seliyi, zəyərək toxumlarının seliyi və s. aiddir.
Bürüyücü maddələrdən mədə-bağırsaq sisteminin iltihabi xəstəliklərində istifadə edilir.
Nişasta seliyi (Mucillago Amyli).
Nişastanı qaynar su ilə qarışdırdıqda əmələ gələn kolloid məhluldur. Daxilə və imalə şəklində istifadə edilir.
YERLİ QICIQLANDIRICI MADDƏLƏR
Bu qrupa dəridə və selikli qişada olan hissi sinir uclarına qıcıqlandırıcı təsir göstərən dərman maddələri - naşatır spirti, mentol, xardal yaxması, skipidar və s. aiddir.
«Qıcıqlandırıcı maddələr, əsasən daxili orqanların, əzələ, sinir və oynaqların iltihabi xəstəliklərində «yayındırıcı müalicə» məqsədilə istifadə olunur.
Qıcıqlandırıcı maddələr «yayındırıcı» reflektor təsirlə yanaşı yerli təsir də göstərirlər. Onlar tətbiq edildiyi nahiyədə yerli qan dövranını yaxşılaşdırır və maddələr mübadiləsini bərpa edirlər. Bu onların qıcıqlandırıcı təsirindən toxumalarda histamin, bradikinin və digər bioloji fəal maddələrin sərbəst şəkildə ayrılması ilə (bioloji fəal maddələr orqanizmdə birləşmələr şəklində olur) əlaqədardır.
Mentol (Mentholum). Poroşok halında, 1 və 2%-li mentol yağı, spirtili məhlul və mentol karandaşı (Stilus Mentholi) șəklində buraxılır. Mentolun reflektor təsiri nəticəsində daxili orqanların və ürəyin səthi damarları genişlənir.
Yerli ağrıkəsici və zəif antiseptik təsir göstərir. Yerli ağrıkəsici («yayındırıcı») maddə kimi nevralgiyada, oynaq ağrılarında 2%-li spirtli məhlulundan və 10%-li yağlı suspenziyasından istifadə edilir.
Miqrendə (beyin qişası arteriyalarının pulsasiyası nəticəsində əmələ gələn kəskin baş ağrısı) mentol karandaşı gicgah nahiyəsinə sürtülür
Yuxarı tənəffüs yollarının iltihabi xəstəliklərində (zökəm, faringit, traxeit və s.) sürtmə və burun damcısı şəklində istifadə edilir.
Stenokardiyanın yüngül formalarında ürəyin tac damarlarını genişləndirmək məqsədilə (ağızın selikli qişasında olan reseptorları qıcıqlandırmaqla, mentol, reflektor yolla tac damarlarını genişləndirir) mentolun 5%-li spirtli məhlulundan (70%-li spirtdə hazırlanır), 2-3 damcı 1 parça şəkər, yaxud çörək üzərinə damızdırılaraq dil altına qoyulur. Mentol stenokardiya tutmalarını aradan qaldırmaq üçün istifadə olunan validolun tərkibinə daxildir.
Dostları ilə paylaş: |