Giriş dərsdə müxtəlif fiziki hərəkətlər haqqında, ayrı-ayrı idman növünün respublikamızda
inkişafı və vəziyyəti haqqında, habelə görkəmli idmançılar barədə qısa məlumatlar verilməlidir. Eyni
zamanda bu dərsdə fiziki hərəkətlərin əhəmiyyəti, onların sağlamlığa təsiri, əməyə Vətənin müdafiəsinə
hazırlıq işində oynadığı rolla əlaqədar sadə məlumatların verilməsi də faydalıdır.
Xüsisi giriş dərsinin yeni proqram materiallarının tədrisinə başlandıqda keçirilməsi məsləhətdir.
Bu dərsi rübün əvvəlində və ortalarında aparmaq olar. Burada müəllim öz işinə yaradıcı yanaşmalı və
lazımi təşəbbüs göstərməlidir. Müəllimin söhbəti qısa, aydın və inandırıcı olmalı, şagirdlərin fikri
fəallığının yüksədilməsi şəraitində keçməlidir. Həmin dərs tipinə aid bir nümunə verək:
Giriş dərsin təxmini planı
I sinif, I rüb
1
. Dərs №1
Dərsin vəzifələri: 1) şagirdləri bədən tərbiyəsi dərsinin təşkili və keçirilməsi ilə və ona hazırlıqla
tanış etmək; 2) idman geyimi haqqında şagirdlərə məsləhət vermək; 3) məşğələyəqədər səhər
gimnastikası kompleksini öyrətmək.
Dərsin keçirildiyi yer : sinif və ya idman meydançası (zal).
Dərsin məzmunu
Hazırlıq hissə – 10 dəq.
1.
Bədən tərbiyəsi dərsləri, idman geyimi, dərsəqədər gimnastika haqqında qısa məlumat – 8
dəq.
2.
Sıraya düzülmək və nizamla meydançaya çıxmaq –2 dəq.
Əsas hissə – 30 dəq.
Qeyd: I-II rüb 1-ci III-IV rüb isə 2-ci yarım il kimi nəzərdə tutulur.
109
1.
Əl-ələ tutaraq dairə düzəltmək -2 dəq.
2.
Salamlaşmanı öyrənmək – 2 dəq.
3.
Dərsəqədər gimnastika kompleksini öyrənmək – 10 dəq.
4.
Uşaqlara tanış oyunlar keçmək – 16 dəq.
Tamamlayıcı hissə – 5 dəq.
Yeni bacarıq və vərdişlər yaradan, mənimsədən
dərs
Belə dərslər proqram materialının öyrədilməsi ilə əlaqədar keçirilir. Lakin o tədris prosesinin
sıxlığının az, şagirdlərin boşdayanma hallarının çox olması ilə digər dərs tiplərindən fərqlənir. Çünki yeni
bilik öyrədən dərsdə vaxtın çoxu yeni hərəkət texnikasının öyrədilməsinə, kobud səhvlərin
düzəldilməsinə və zədələnmələrdən qorunmanın izahına sərf olunur. Belə dərsdə ayrı-ayrı mərhələlər olur
ki, bunlar da yeni biliyin öyrədilməsindən ibarətdir.
Yeni bilik öyrədən dərsdə əvvəl öyrədilmişlərin təkrarına həsr olunmuş kiçik bir mərhələ,
keçilmişlərin yeni biliklə əlaqələndirilməsi mərhələsi və s. ola bilər. Belə dərsdə əvvəllər qazanılmış
biliklə yeni biliyi əlaqələndirib yoxlama aparılması və ev tapşırıqları verilməsi mərhələsi də mövcuddur.
Məlumdur ki, ana dili, riyaziyyat, təbiətşünaslıq və s. dərslərdə dərs mərhələləri əsasən
müəllimin yaradıcılığı və ymumi qəbul edilmiş müəyyən ardıcıllıqla həyata keçirilir. Yeni dərs,
tapşırıqların qısa müddətdə yoxlanılması ilə, yoxlama yazı işi ilə, yaxud yeni məzmunun öyrədilməsi ilə
başlanır. Sonra yeni bilik köhnə biliklə əlaqələndirilir, təkrarlanır və ev tapşırıqları verilir.
Bədən tərbiyəsi dərsləri isə ümumi pedaqoji baxımdan əsasən həmin şəkildə qurulsa da, onun
özünəməxsus spesifik quruluşu və mərhələləri vardır. Bədən tərbiyəsi dərsləri tədris materialının
xarakterinə və şagirdlərin fiziki hazırlığına, fiziki inkişaf xüsusiyyətlərinə uyğun olaraq qurulur. Əgər
digər fənlərdə nisbətən sabit, dəyişməz quruluş müəyyən mənada fayda verirsə, bədən tərbiyəsində dərs
üç mərhələdə (hazırlıq, əsas və tamamlayıcı mərhələlər) qurulmalı, hər bir mərhələ onun qarşısında
qoyulmuş əsas vəzifəni yerinə yetirməli və ümumi məqsədə yönəldilməlidir. Lakin qurulmasından asılı
olaraq, ola bilər ki, hazırlıq hissədə keçirilməli hər hansı bir element həmin hissədə yox, əsas və
tamamlayıcı hissədə keçirilsin. Yeni materialın tədrisi zamanı dərsin kiçik mərhələlərinin yerini dəyişmək
də mümkündür. Məsələn, müəllimin yaradıcılığından, vaxtın mərhələlər üzrə bölüşdürülməsindən asılı
olaraq dərsə qədər səhər gimnastikası hərəkətlərini dərsin hazırlıq, əsas və istərsə də tamamlayıcı
hissəsində öyrədə bilər. Bütün bunlardan aydın olur ki, bədən tərbiyəsi dərsinin əsas mərhələlərindən dərs
tipinə uyğun vəzifələr yerinə yetirilməlidir. Qeyri-əsas təhsil məqsədi ilə keçirilən kiçik mərhələlər isə öz
yerini dəyişə bilər. Yeni tədris materialı öyrədən dərsə aid belə bir misal göstərək. Dərsin qarşısında
hündürlüyə tullanmaq və «Çağırış» oyunu ilə tanış olmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdu.
Müəllim bu zaman dərsin hazırlıq hissəsində yeni dərsin vəzifələri haqqında izahat səciyyəli məlumat
verməli, sıraya və cərgəyə düzmələrin bəzi elementlərini təkrar etməli (məsələn, seyrəlmələr, sıxlaşmalar,
bir cərgədən iki cərgəyə və əksinə düzülmələr və s.) əsas hissədə hündürlüyə tullanma elementləri ilə
zəngin olan hərəkət kompleksini və «Çağırış» oyununu öyrətməlidir. Tamamlayıcı hissədə isə, musiqinin
müşayiəti ilə zalətrafı yerişi, sağa, sola dönmələri təkrar etməli, müxtəlif növ tənəffüs hərəkətlərini yerinə
yetirməli, dərsi yekunlaşdırmalı, ev tapşırığı (məsələn, evdə raport verməni təkrar etmək) verməlidir.
Yeni bacarıq və vərdiş yaradan, öyrədən dərsin
təxmini planı
II sinif. II rüb. Dərs № 2.
Dərsin vəzifələri: iki cərgədə üz-üzə duraraq (məsafə 4-5 m), əlavə hərəkətlərdən sonra kiçik
topu bir-birinə atıb-tutma, 30
o
bucaq altında maili qoyulmuş gimnastika skamyasının üzərilə əl və
ayaqların köməyi ilə dırmaşma və hündürlüyə tullanma, «Ləkə vurmaqla xilasetmə» oyunu.
Dərsin keçirildiyi yer: idman meydançası.
Təchizat: kiçik top, gimnastika skamyası.
Dərsin məzmunu
110
Hazırlıq hissə – 10 dəq.
Cərgəyə düzülmə, raport. Şagirdlərə dərsin vəzifələri haqqında məlumat vermək. Meydança
ətrafı yeriş, qaçış, düzülmələr. Ümuminkişaf hərəkətləri kompleksi.
Əsas hissə – 30 dəq.
Qaçaraq hündürlüyə tullanma. «Ləkə vurmaqla xilasetmə» oyununu öyrətmək.
Tamamlayıcı hissə – 5 dəq.
Sıraya düzülüb meydança ətrafı yerimək. Tənəffüs hərəkətləri. Diqqəti cəlbedici hərəkətlər.
Dərsə yekun vurulması.
Qazanılmış bacarıq və vərdişləri möhkəmləndirən dərslər
İri həcmli bəhsləri, rüb və dərs ili ərzində qazanılmış bacarıq və vərdişləri daha da
dərinləşdirmək, keçilənləri sistemə salmaq və ümumiləşdirmək üçün möhkəmləndirici dərs tipindən
istifadə olunur. Bəzən belə dərs tipinə pedaqoji ədəbiyyatda təkrar dərslər deyilir. Təkrar dərslərin
səmərəli olmasında müəllimin xüsusi hazırlığı mühüm rol oynayır. Belə dərslər gündəlik planda öz əksini
tapmaqla yanaşı, müəllimdən şagirdlərin fiziki hazırlığını, fiziki inkişafını, habelə onların psixoloji
məlumatlarını da nəzərə almağı tələb edir.
Möhkəmləndirici və təkmilləşdirmə dərsinin əsas məqsədi fiziki tərbiyə üzrə öyrənilmiş bilik,
bacarıq və vərdişləri bir daha təkrar edib möhkəmləndirməkdən ibarətdir. Bədən tərbiyəsi dərsində təkrar
edilən mövzuların rüblər üzrə, ayrı-ayrı fiziki hazırlıq bölmələri və illik proqram materialları üzrə
aparılması məqsədəuyğundur.
Mövzular üzrə aparılan təkrarın əsas məqsədi təxminən yeni bilik öyrədən dərsin məqsədinə
yaxın olur, şagirdlərə öyrədilmiş hərəkətlər (mövzular) üzrə meydana çıxan səhvlərin adət və vərdiş
halına keçməsinin təkrar yolu ilə qarşısını alır. Məsələn, şagird qaçaraq uzununa tullanma zamanı hər
hansı bir səhvə (qaçış, təkan, uçuş və yerədüşmə fazalarında) yol verirsə, belə dərsin əsas məqsədi həmin
nöqsanları aşkara çıxarmaq və aradan qaldırmaqdır. Hərəkətin icrası ilə əlaqədar belə dərslər iki yolla –
hərəkət icra olunarkən səhvlərin yerindəcə düzəldilməsi və hərəkətin düzgün yerinə yetirilməsi
texnikasının bütün şagirdlər qarşısında bir daha nümayiş etdirilməsi yolu ilə düzəldilə bilər.
Hərəkətin müəllim və yaxud daha yaxşı icra edən fəal şagirdlər göstərə bilər. Əgər hərəkəti
əksəriyyət şagirdlər düzgün yerinə yetirə bilmirsə, onda həmin tədris materialını müəllim yenidən
öyrətməlidir. Mövzular üzrə təkrarın əsas məqsədi də, həmin mövzunu yenidən təkrar edib
möhkəmlətmək və təkmilləşdirməkdən ibarətdir.
Müşahidələr göstərir ki, bəzi sinif müəllimləri dərsdə mütəhərrik oyunlara daha geniş yer verir,
gimnastika, yüngül atletika hərəkətlərinə isə lazımınca əhəmiyyət vermirlər. Nəticədə şagirdlərin ibtidai
sinif yaşlarında düzgün yeriş, səlis qaçış və gözəl qamət vərdişləri istənilən səviyyədə aşılanmır. Bu
baxımdan ibtidai siniflərdə ayrı-ayrı fiziki hazırlıq bölmələrinin təkrarına müəyyən vaxt ayrılması
vacibdir. İşin belə təşkili həm oyunların, həm də gimnastika, yüngül atletika hərəkətlərinin lazımınca
təkrarına kömək edir. Odur ki, onun hansı rübdə həlledici rol oynaması ilə əlaqədar aparılması faydalıdır.
Məsələn, I-IV rüblərdə yüngül atletika və mütəhərrik oyunlar (yüngül atletika xarakterli mürəkkəb və
oynanılması geniş sahə tələb edən oyunlar və s.), II və III rüblərdə isə gimnastika hərəkətləri üzrə
təkrarların təşkili məsləhətdir.
İllik proqram materialını təkrar edən dərsin əsas məqsədi isə dərs ilinin sonunda bütün rüb
ərzində öyrənilənlərin təkrarıdır. Bu təkrar tədris mahiyyətinə görə başqalarından fərqlənir. Çünki bu
zaman öyrənilmiş materialllar təkrar edilməklə dərinləşdirilir və təkmilləşdirilir. Belə təkrar dərsdə
şagirdlərin fiziki tərbiyə üzrə bilik, bacarıq və vərdişlərinin yoxlanılıb qiymətləndirilməlidir.
Qarışıq dərs
Qarışıq dərsdə şagirdlərə yeni tədris materialı öyrədilir və eyni zamanda keçilmiş dərslər
təkrarlanır. İbtidai siniflərin bədən tərbiyəsi dərslərində qarışıq dərsə geniş yer verilir. Bu, əsasən
şagirdlərin yaş xüsusiyyətləri ilə əlaqədardır. Ona görə ki , həmin yaşda şagirdlərin bütöv bir dərsdə yeni
bilik öyrənməyə və ya əvvəlkilərin təkrarına (təkmilləşdirilməsinə) o qədər də marağı olmur. Təcrübədən
məlum olur ki, kiçik məktəbyaşlı şagirdlər hər dərsdə yeni hərəkət və yaxud bir mütəhərrik oyun
öyrənməyə səy göstərdikləri kimi, daha intensiv iş görməyə də (hərəkət etməyə) var qüvvələri ilə
111
çalışırlar. Çünki, dərsdə yalnız yeni hərəkət öyrənilməsi məşğul olanların normal fiziki yüklə təmin
edilməsinə mane olur, onlar diqqətlərini lazımi səviyyədə təlim prosesinə cəmləşdirə bilmirlər. Buna görə
də qarışıq dərsdən istifadə etmək bədən tərbiyəsinin tədrisində özünəməxsus yer tutur.
Yeni hərəkətlər dərsin əsas hissəsində öyrədilir və buna daha çox vaxt ayrılır. Qalan vaxt ərzində
isə keçilmiş dərslər möhkəmləndirilir. Bəzən əksinə olur, yəni əsas hissənin yarımmərhələsində təkrarlar
aparılır, ikinci yarımmərhələsində isə yeni tədris materialı öyrədilir. Bunlar hər şeydən əvvəl, dərsin ayrı-
ayrı hissələrinə ayrılmış vaxtdan və bölüşdürülmüş fiziki yükdən asılıdır. Yeni hərəkətin və yaxud
keçilmiş dərslərin təkrarı dərsin əsas hissəsinin birinci yarımmərhələsində dərsin gedişi prosesində
müəyyənləşdirilməsi məqsədəuyğundur. Çünki, dərs, bəzən qabaqcadan planlaşdırıldığı kimi aparılır,
bəzən də əksinə, müəllim onu yaradıcı surətdə keçirir yəni nəzərdə tutulmayan maraqlı oyun və ya
hərəkət keçirilir). Bəzən də əksinə, müəllim müəyyən səbəblərə görə dərsi plan üzrə keçə bilmir, bir qədər
plandan kənara çıxır; hərəkətlər şagirdlər üçün cansıxıcı və ağır olur, onların yorulması müşahidə edilir.
Elə buna görə də, yaxşı olar ki, birinci vəziyyətdə, dərsin əsas hissəsinin birinci yarısında keçirilmiş
dərslər təkrar olunsun, ikinci hissəsində isə, bir yeni hərəkət öyrədilsin. İkinci vəziyyətdə isə (şagirdlərin
yorulması hiss olunduqda, əhval-ruhiyyəsi aşağı olduqda və s.) əvvəl yeni hərəkət öyrədilsin, sonra isə
təkrar aparılsın. Bütün deyilənlərdən belə nəticə çıxır ki, yeni hərəkət texnikası şagirdlərin güclü enerjiyə
malik olduqları dövrdə öyrədilməli, qalan müddətdə isə, möhkəmləndirici işlər görülməlidir.
Qarışıq dərslərin təxmini planı
III sinif. III rüb. Dərs № 14.
Dərsin vəzifələri: 1) dayaqlı oturub, geriyə mayallaq aşmaqla kürəklər üzərində mil dayanmağı
təkmilləşdirmə; 2) gimnastika skamyası və gimnastika divarı üzrə müxtəlif üsullarla dırmaşaraq
maneələri dəf etməklə tanış olmaq; 3) «Üzəngi» oyunu.
Təchizat: 1) gimnastika döşəkləri; 2) gimnastika skamyası; 3) gimnastika divarı.
Dərsin keçirildiyi yer: idman zalı.
Dərsin məzmunu
Hazırlıq hissə – 10 dəq.
Cərgəyə düzülmə. Salamlaşma. Dərsin vəzifələri haqqında məlumat vermək. Dönmələr. Zalətrafı
və diaqonal üzrə zalın mərkəzinə doğru yeriş və asta qaçışlar. Gimnastika kompleksi hərəkətləri.
Əsas hissə – 30 dəq.
Bir cərgəyə düzülmək.
Geriyə mayallaq aşmaqla kürəklər üzərində mil dayanma.
Gimnastika skamyası üzərində əl və ayaqların köməyi ilə sürünmə.
Gimnastika skamyası üzərində yalnız əllərin köməyi ilə sürünmə.
Müxtəlif üsullarla gimnastika divarına dırmaşma.
«Üzəngi» oyunu (əvvəllər öyrənilmiş).
Tamamlayıcı hissə – 5 dəq.
Bir cərgəyə düzülmə. Bir sıraya düzülmə. Siqnallar üzrə zalətrafı ritmik və pəncə-daban üzərində
yeriş. Dərsin yekunlaşdırılması (qiymətləndirmə, keçilmiş dərslər üzrə sual-cavab aparmaq, ev tapşırıqları
vermək).
Yoxlama dərs
Bu dərs tipii digərlərindən o qədər də fərqlənmir. Lakin bunun əsas xüsusiyyəti ondan ibarətdir
ki, həmin prosesdə şagirdlərin yoxlanılıb qiymətləndirilməsi diqqət mərkəzində olur, ona çox vaxt ayrılır.
Digər fənlərdə olduğu kimi, bədən tərbiyəsi üzrə də yoxlama dərsi üç hissədə aparılır. Yoxlama dərsinin
rübün ortasında və axırında aparılması məsləhətdir. Yoxlama dərsi müntəzəm aparılmalı, hansı hərəkətlər
üzrə aparılacağı qabaqcadan şagirdlərin nəzərinə çatdırılmalıdır. Bundan əlavə, həmin hərəkətin qiymət
meyarları elan olunmalıdır. Eyni zamanda, hərəkət yerinə yetirilən vaxt nə kimi kobud və yaxud hiss
ediləcək səhvlərin ola biləcəyi ehtimalı şagirdlərə bildirilməlidir.
112
Müşahidə olunmuşdur ki, yoxlama dərslərinə şagirdlərin marağını, hərəkət və idrak fəallığını
artırmaqdan ötrü yoxlama hərəkətlərinin adalrını və tədris normalarının şagirdlər tərəfindən dəftərə qeyd
olunması olduqca vacibdir. Hərəkət növləri üzrə keçirilən yoxlama dərsində şagirdlər əvvəl məşq edir,
sonra isə üç cəhdlə öz qüvvələrini sınayırlar. Qiymətləndirmədə belə bir qayda var ki, cəhddə göstərilən
ən yaxşı nəticə şagirdin qiymətləndirilməsinin əsasını təşkil edir.
Yoxlama dərsin yalnız fiziki hərəkətlər üzrə deyil, proqramdakı mütəhərrik oyunlar üzrə də
keçirilir. Müəllimin burada diqqətlə müşahidə aparması başlıca şərtdir. Mütəhərrik oyunlar üzrə
qiymətləndirmə zamanı ən yaxşı və ən səliqəli oyun nümayiş etdirmə, oyun fəndlərinə (qaydalarına) yaxşı
yiyələnmə əsas götürülür.
Yoxlama dərslərində, müəllim şagirdlərin mühafizəsinə və onlara kömək göstərilməsinə
çalışmalıdır.
Yoxlama dərsinin təxmini planı
II sinif. III rüb. Dərs № 3.
Dərsin vəzifələri: 1) qaçaraq «Qıçı bükmə» üsulu ilə uzununa tullanma üzrə yoxlama keçirmək;
2) «Durma, qaç» oyunu.
Dərsin keçirildiyi yer: idman meydançası.
Təchizat: ruletka.
Dərsin məzmunu
Hazırlıq hissə – 10 dəq.
Bir cərgəyə düzülmək. Raport. Dərsin vəzifələrinə aid məlumat vermək. Yerişin qaçışla
növbələşdirilməsi. Meydançada diaqonal üzrə yeriş. Bir sıradan iki və ya üç sıraya düzülmək.
Ümuminkişafetdirici hərəkət kompleksi.
Əsas hissə – 30 dəq.
Qaçaraq «Qıçı bükmə» üsulu ilə uzununa tullanma:
1)
sınaq tullanmaları – 2 dəfə
2)
qiymət: qaçaraq «Qıçı bükmə» üsulu ilə uzununa tullanma.
«Durma, qaç» oyunu (əvvəllər keçilmiş)
Tamamlayıcı hissə – 5 dəq.
Cərgəyə düzülmə. Adi yeriş və tənəffüs hərəkətləri.
Dərsin yekunlaşdırılması.
IV.2. Bədən tərbiyəsi dərsinin təşkili
Sovet hakimiyyətinin ilk illərindən başlayaraq məktəb qarşısında qoyulmuş ən ümdə vəzifələrdən
biri, gələcək qurucuları olan gənc nəslin sağlam, gümrah, şən və iradəcə möhkəm böyüməsini təmin
etməkdən ibarət olmuşdur. Həmin məqsədlə də şagirdlərin fiziki inkişafına, hazırlığına və yaşına müvafiq
bədən tərbiyəsi proqramları tərtib edilmiş və 1927-ci ildən tətbiq olunmağa başlanmışdır.
İctimai-iqtisadi quruluşun inkişafı, tərbiyənin məzmunu, forma və üsullarının daha da
təkmilləşdirilib müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda, məktəblilərin maddi həyat tərzinin
yaxşılaşdırılması və daha da möhkəmləndirilməsi nəticəsində bədən tərbiyəsi üzrə tədris proqramları 10
dəfədən çox dəyişdirilərək şəraitlə əlaqələndirilmiş, yeni məzmun və məna kəsb etmişdir.
Proqramın təkmilləşdirilməsi heç də o demək deyildir ki, məktəbin fiziki tərbiyə sahəsində
qarşısında duran vəzifələri artıq həll edilmişdir. Qeyd etmək lazımdır ki, ümumtəhsil məktəblərində fiziki
tərbiyə üzrə işlərin müvəffəqiyyətlə başa çatdırılması, hər şeydən əvvəl, onun hansı mütərəqqi forma,
üsul, vasitə və tədris proqramları ilə həyata keçirilməsindən çox asılıdır. Bədən tərbiyəsi dərslərinin
səmərəliliyinin yüksədilməsi, dərsin və onun ayrı-ayrı hissələrinin xüsusiyyətlərinin nəzərə alınması,
qarşıya qoyulmuş konkret tələb və vəzifələri, onların düzgün təşkili və keçirilməsi ilə sıx bağlıdır. Dərsin
ayrı-ayrı xüsusiyyətləri, tələb və vəzifələri hər bir dərsə verilən ümumi tələb, vəzifə və xüsusiyyətlərdən
irəli gəlir, onunla mütənasiblik təşkil edir. Buna görə də təkmilləşdirilmiş proqram materialları və müasir
dərsə verilən tələblər baxımından, dərsə hazırlıq işlərini, onun qarşısında qoyulan tələb və vəzifələri,
bunların həyavta keçirilməsini, habelə mühüm pedaqoji amil olan dərs hissələri arasında əlaqəni və s. şərh
etməyi lazım bilirik.
113
2.1. Bədən tərbiyəsi dərslərinin optimal təşkilinin
başlıca şərtləri
Bədən tərbiyəsi məşğələlərinin səmərəliliyinin yüksədilməsində onun optimal şəkildə təşkili
mühüm rol oynayır.
Məşğələnin səmərəliliyini yüksəltmək, onu optimallaşdırmaq bir sıra pedaqoji-psixoloji amillərlə
sıx surətdə əlaqədardır. Bunları nəzərə almadan təlim-məşqin keyfiyyətinin artırılmasından danışmağa
dəyməz. Digər fənlərdə olduğu kimi, şagirdlərlə aparılan bədən tərbiyəsi məşğələlərində də
optimallaşdırma təhsilin məzmununun elmli olması, müasir şəraitlə sıx əlaqələndirilməsi, sistematiklik və
ardıcıllıqla həyata keçirilməsi ilə şərtlənir. Məşğələnin optimal təşkili, eyni zamanda bədən tərbiyəsi üzrə
nəzəri və praktik materialların şagirdlər tərəfindən fəal, mütəşəkkil və yaradıcılıqla, şüurlu surətdə
öyrənilməsi ilə səciyyələnir. Bu o deməkdir ki, hər hansı bir fiziki hərəkət öyrədilirsə, bu hərəkətin nə
məqsədlə yerinə yetirilməsi, sosial-iqtisadi əhəmiyyəti şagirdlərə çatdırılmalıdır. Bundan əlavə,
hərəkətlərin yüksək fəallıq və şüurlu olaraq öyrədilməsində şifahi, əyani və praktik, həmçinin reproduktiv
və tədqiqatçılıq metodlarının optimallıqla uzlaşdırılması məşğələnin optimal surətdə təşkilində başlıca
şərtdir.
Bədən tərbiyəsi məşğələlərinin optimallaşdırılmasının ümumi cəhətləri ilə yanaşı, həm də
özünəməxsus xüsusiyyətləri vardır. Fiziki tərbiyə üzrə təlim-tərbiyə tapşırıqlarının verilməsinə kompleks
yanaşmaq onun optimallaşdırılmasının əsas vasitələrindəndir, həmin baxımdan şagirdlərlə keçirilən bədən
tərbiyəsi məşğələlərinə kompleks yanaşma müəllimin daima diqqət mərkəzində olmalıdır.
Sual olunur: Burada əsasən hansı pedaqoji-psixoloji və tərbiyəvi şərtlər nəzərdə tutulmalıdır?
Həmin məsələdən dərs ilinin əvvəlində şagirdlərin bilik, bacarıq və vərdişlərini formalaşdıran, ideya-
siyasi səviyyəsini yüksəldən, mənəvi emosional hissləri və qabiliyyətləri inkişaf etdirən fiziki
tapşırıqların kompleks planlaşdırılması mühüm yer tutur.
Müşahidələr göstərir ki, bədən tərbiyəsi məşğələlərinin təşkilində kompleks yanaşma qarşıya
qoyulmuş vəzifələrin həyata keçirilməsində xüsusi rol oynayır. Əvvəla, bu zaman şagirdlər fiziki yüklə
normal şəkildə təmin olunur. İkincisi, şagirdlər əməyə və müdafiəyə hazırlaşırlar. Bundan əlavə, bədən
tərbiyəsi üzrə işlərə kompleks yanaşma şagirdlərin həddən artıq yüklənməsinin qarşısını almaqla bərabər,
həm də onların böyük əksəriyyətinin idman dərəcəsi normalarını ödəmələrinə də zəmin yaradır.
Bədən tərbiyəsi məşğələlərinin qarşısında konkret və aydın vəzifələrin qoyulması, bu vəzifələrin
bir-birini tamamlaması və ümumi məqsədin həyata keçirilməsinə yönəldilməsi optimallaşdırmanın başlıca
şərtlərindəndir. Müasir məşğələlərin qarşısında duran vəzifələr müəyyən edilərkən 3 məsələyə xüsusi
diqqət yetirmək lazımdır. Bu hər bir məşğələnin təhsilverici, tərbiyəedici və inkişafetdirici vəzifələrin
olması ilə səciyyələnir. Buna görə də müəllim məşğələnin qarşısında duran vəzifələri düzgün
müəyyənləşdirməklə onun optimallaşdırılmasına ilkin zəmin yaratmış olur.
Bakı şəhərindəki qabaqcıl bədən tərbiyəsi müəllimləri ilə söhbətdən, dərslərin müşahidəsindən,
habelə tədris sənədlərinin öyrənilib təhlil olunmasından aydın olur ki, optimallaşdırma qabaqcıl və
təcrübəli müəllimlərin pedaqoji fəaliyyətində öz əksini tapmışdır. İcmal tutularkən məşğələlərin ümumi
məqsədi və vəzifələri daha da konkretləşdirilir. Tədris-məşğələ prosesində əvvəldən axıradək həmin
məsələlərin həlli diqqət mərkəzində saxlanılır. Bədən tərbiyəsi fənninin sosial-iqtisadi əhəmiyyətini, nə
üçün keçirilməsini həyatdan götürülmüş faktik materiallar əsasında şifahi və əyani metodlarla izah edir və
öyrədirlər. Bu prosesdə şagirdlərə hərəkətləri düzgün icra etmək texnikası öyrədilməklə, tərbiyəedici
izahat işi də aparılır. Nəticədə də şagirdlər dərsə fəal və şüurlu olaraq yanaşır, verilən tapşırıqları yüksək
fəallıqla, yaradıcılıqla və böyük həvəs və maraqla yerinə yetirirlər. Bəzi hallarda isə həmin vəzifələrin
həllində müəyyən nöqsanlara yol verilir. Fiziki tərbiyə prosesində ayrı-ayrı idman növləri üzrə müvafiq
bacarıq və vərdişləri şagirdlərə aşılamaqla kifayətlənirlər. Xüsusi ilə məşğələ vaxtı şagirdlərin əqli,
psixoloji hisslərini və qabiliyyətlərini inkişaf etdirən fiziki tapşırıqlara az yer verilir.
Buna görə də həmin məşğələ cansıxıcı və şagirdlərin qeyri-fəallığı əsasında həyata keçirilir.
Məşğələyə maraq azalır, davamiyyətin tam təmini işi çətinləşdirir. Əlbəttə, dərsdə fəallıq və şüurluluq
prinsipi və bunların vəhdətinin təmin edilməsinə ciddi səy göstərilməlidir. Bunun üçün də hər bir
məşğələdə, ilk növbədə, təhsilverici, tərbiyəverici və inkişafetdirici vəzifələr qoyulmalıdır. Həmin
114
vəzifələr kortəbii deyil, mövzunun spesifikasından, məzmunun imkanlarından və şagirdlərin maraq və
meylindən asılı olaraq həyata keçirilməlidir.
Təlimin optimallaşdırılması yalnız vəzifələrin kompleks şəkildə müəyyənləşdirilməsi ilə
tamamlanmır. Burada məşğələ zamanı şagirdlərin xüsusiyyətlərinin nəzərə alınması da təlimin optimal
yolla təşkilində xüsusi əhəmiyyət kəsb edir. Həmin baxımdan bədən tərbiyəsinin tədrisi səmərəliliyinin
yüksədilməsi məqsədilə şagirdlərin yaş və cinsi xüsusiyyətlərini dərindən öyrənməli və pedaqoji prosesdə
nəzərə alınmalıdır.
Şagirdlərin fiziki hazırlığı, fiziki inkişafı nəzərə alındıqdan sonra müəllim məşğələnin
məzmununu müəyyənləşdirməyə yönələn, yeni mövzunu izah etmək üçün material seçməyə başlayır və
fiziki tapşırıqlar seçir, bunların icra tempini hansı ardıcıllıqla keçməsini bu prosesdə şagirdlərin
müstəqillik dərəcəsini müəyyən edir.
Pedaqoji elmlər doktoru, keçmiş SSRİ –nin Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvü
Y.K.Babanski məşğələnin məzmununun düzgün planlaşdırılmasını yüksək qiymətləndirir və onun
əhəmiyyəti haqqında deyir ki, Dostları ilə paylaş: |