Ənənəvi təlim metodlarının səciyyəvi xüsusiyyətləri: Şərh. Müəllimin sözü əsasında tədris materialının şagirdlər tərəfindən qavranılması və anlaşılması şərhdir. Şərh, adətən, üç mərhələdən ibarət olur: yeni mövzunun qavranılmasına uşaqların hazırlanması, mövzunun bilavasitə qavranılması və qavranılan bilik və məlumatların qismən ümumiləşdirilməsi. Şərh üsulunun səmərəliliyini təmin edən bir sıra tələblər vardır: 1) danışılan məzmunun etibarlılığı-faktların dəqiqliyi; 2) fikirlərin inandırıcı olması; 3) şərhin obrazlılığı və emosionallığı; 4) nitqin aydınlığı və düzgünlüyü.
Problemli şərh. Müasir didaktikada problemlə əlaqədar üç anlayış mövcuddur: problemli təlim, problemli vəziyyət (situasiya), problemli şərh. Bunları təəssüf ki, həm pedaqoji ədəbiyyatda, həm də məktəb praktikasında çox zaman qarışdırır, eyniləşdirirlər. Halbuki bunların hər birinin özünəməxsus spesifik didaktik vəzifəsi vardır. Problemli təlim anlayışında mükəmməl təlim sisteminin altsistemlərindən biri nəzərə alınır, problemli şərh axtarış metodları sırasına daxil olan metoddur; problemli vəziyyət dedikdə, təlim prosesində şagirdlərin bildirdikləri həqiqətlə, öyrənmək istədikləri yeni həqiqətlər arasında əmələ gələn ziddiyyətlər, şagirdləri öyrənməyə sövq edən, yeni yaranan vəziyyət, yaranan tələbat nəzərdə tutulur.Son zamanlar didaktikada və məktəb təcrübəsində özünə geniş meydan açan bu metodun mahiyyəti, qismən də olsa, müəllimin oxuduğu mühazirə metodunun spesifik bir növünü andırır. Müəllim mühazirəsində nəqletmədən, sadəcə təsviretmədən istifadə etdiyi kimi, onu problemli şərh kimi də qurur. Lakin bu mühazirənin başqa növlərinə nisbətən şagirdləri daha çox düşünməyə vadar edir.Problemli şərhin mahiyyəti ondan ibarətdir ki, burada müəllim problem qoyur, onu özü də həll edir, lakin ziddiyyətlərin həll edilməsi yolunu şagirdlərin başa düşəcəkləri dərəcədə açır, həll yoluna uyğun təfəkkürün gedişini aşkara çıxarır. Bu metodun vasitəsilə müəllim elmi idrakın nümunələrini, problemin elmi yolla həll edilməsini, “biliyin embriologiyasını” göstərir şagirdlər isə bu hərəkətin-problemin həlli istiqamətində fikrin inkişafını izləmiş olurlar (bu prosesi şagird fikrən həyata keçirir).