Dərslik Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Tətbiqi kulturologiya"



Yüklə 270,31 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix05.05.2017
ölçüsü270,31 Kb.
#16910
növüDərslik
1   ...   11   12   13   14   15   16   17   18   ...   23
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
124
müəyyən edilirmiş. Onların hər  şeydən çox istehsal bacarıqları qiymətləndirilirmiş. Bu göstərir ki, daş 
dövrünün rəssamları yaşadıqları dövrün dünya görüşünə uyğun olaraq mühüm əlamətləri seçib təsvir etməyi 
bacarmışlar. Əlbəttə, bu rəsmlərin nöqsanları - şərtiliyi, sxematikliyi, səthiliyi və s. dövrün iqtisadi-mədəni 
geriliyindən irəli gəlirdi. 
İnsan rəsmlərində siluet formasından geniş istifadə edilmişdir. Tək dayanmış ovçuların rəsmi, 
adamların əl-ələ verərək qrup şəklində rəqs etməsini göstərən təsvirlər siluet (kölgə) formasındadır. Bu rəsm 
üsulu da dövrün məhsulu idi. Burada ibtidai insanların müvəffəqiyyətli ovdan sonra şadlanaraq rəqs etmələri, 
yaxud təbiət qüvvələri ilə mübarizədə qalib çıxmış adamların sevinci və məşəl ətrafında hərlənmələri təsvir 
edilmişdir. Belə rəsmlərdə insanlar bir-birindən fərqlənmir. 
«Yallı» tipli qrup rəqsləri daş dövründə heç bir dini səciyyə daşımırdı. Lakin sonrakı dövrlərdə qəbilə 
dini ayinlərində bu rəqslərdən geniş surətdə istifadə edilmişdir. 
Bəzi alimlər daş dövrünün petroqliflərini incəsənətlə heç bir əlaqəsi olmayan dini səciyyəli sehrkar 
magiya rəsmləri kimi qələmə verməyə çalışırlar. Onlar bu təsvirlərdə incəsənət üçün mühüm xüsusiyyət olan 
hissi emosional keyfiyyətlərin olmamağını əsas dəlil kimi irəli sürürlər ki, bu da tamamilə yanlış fikirdir. 
Bu qaya təsvirlərinə  əsasən biz daş dövrün adamlarının idrak proseslərini öyrənir, cəmiyyətin 
məhsuldar qüvvələri ilə tanış olur, insanların geyimləri, silahları və s. haqqında məlumat toplayırıq. Demək, 
bu rəsmlər obyektiv varlığı müəyyən dərəcədə  əks etdirir və beləliklə  də, incəsənətin ictimai vəzifələrini 
yerinə yetirir. İbtidai insanların rəsmlərində emosional xüsusiyyətlər axtarmaq yersizdir. Çünki kontur xətli 
təsvirlərdən hissi keyfiyyətlər tələb etmək olmaz. Belə  təsvirlərdə biz insanların sevincini, kədərini və s. 
emosional keyfiyyətlərini görməsək də, təsəvvür edirik. 
İbtidai sənət əsərlərində konkretlikdən uzaq, ümumi və mücərrəd xüsusiyyətlərə malik insan surətləri 
yaradılırdı. Burada kişi rəsmləri təxminən bir-birini təkrar edirdi. Bu cəhət heyvan təsvirlərində də öz əksini 
tapır. Daş dövrünün rəssamından təsvirlərdə surətin konkret xüsusiyyətlərini ifadə etmək bacarığını 
gözləmək olmazdı. Yuxarıdakıları nöqsan hesab edərək qədim təsvirlərin incəsənətdən uzaq olduğunu iddia 
etmək düzgün deyil. Nəzərə almaq lazımdır ki, qaya təsvirləri keçmişdəki konkret varlıqların xətti obrazı 
kimi müasirlərimizin diqqətini cəlb edir. Həcmlərin konturlu xətlərlə ifadə edilməsi, heyvanların dinamik 
vəziyyətdə verilməsi və s. xüsusiyyətlər, söz yox ki, ibtidai insanlarda bədii təfəkkürün fəaliyyəti ilə əlaqədar 
olmuşdur. Bütün bunlar petroqliflərin incəsənət əsərləri olduğunu iddia etməyə haqq qazandırır. 
Eneolit (mis-daş) dövründə öküz rəsmlərində ağız, göz kimi xırda detallar və dinamika, hərəkət kimi 
yeni xüsusiyyətlər də ortaya çıxır. Bu mərhələdə keçi təsvirləri də  cızılmağa başlayır. Çox vaxt onların 
rəsmləri düz xətlərlə kəsilmiş halda verilir. Belə əlavə xətlər magik təsəvvürün ifadəsi idi. Belə ki, ovçu bu 
sehrkar xətləri çəkməklə gələcək ovu tilsimə saldığına və onu mütləq ovlayacağına inanırdı. Bu sehrkarlıq 
ayinini icra edərkən ovçu, yəqin ki, niyyət edir, heyvanın neçə  və hansı  şəraitdə vurulacağı haqqında öz 
arzusunu bildirir, ya da ürəyində təkrar edirdi. 
Keçilərin rəsmləri bütünlüklə  əyri xətlərin birləşməsindən ibarətdir. Bunun nəticəsində  təsvirlərin 
bədii-estetik keyfiyyəti xeyli yüksəlmişdir. Qobustanda qaya təsvirlərinin tənəzzül etdiyi orta əsrlərdə isə 
əksinə, petroqliflər düz xətlərlə cızıldığından daha az cazibədar olmuşdur. 
Qaya təsvirlərinin müxtəlif dövrlərdə müxtəlif məqsədlərə xidmət etdiyi şübhəsizdir. Lakin təsvirlər 
hansı ideallara əsasən yaranırsa yaransın, həmişə  qədim rəssamın bacarığından, bədii təfəkkürünün, 
yaradıcılıq fantaziyasının qüvvətli və ya zəif olmasından asılı olaraq, müasirlərimizə incəsənət əsəri kimi çox 
və ya az təsir göstərə bilir. 
Qaya təsvirlərindən ibtidai cəmiyyətdə yazı vasitəsi kimi də istifadə edilmişdir. Yəni qaya rəsmləri 
təsvirli yazılar-piktoqramlar kimi çox mühüm bir rol oynamışdır. 
Qobustan piktoqramları üç qrupa bölünür. Birinci qrup təsvirli yazıların məzmunu xronika xarakteri 
daşıyır. Belə piktoqramlarda qədim «rəssam» qəbilənin gündəlik həyatında baş vermiş hadisələrdən xəbər 
verir. Bu yazılarda qəbilə üzvlərinin vəzifələrindən, qurban vermək ayinlərindən və s. bəhs edilir. Bu qrupa 
daxil olan tunc dövrünün piktoqramında iki süvarinin bir maralı ovlaması  təsvir edilmişdir. Onların 
arxasında, hərənin özünə aid olan düzbucaqlının içində üfqi xətlər çəkilmişdir. Bu göstərir ki, hər ovçu sol 
tərəfdə silindrik şəkildə,  şərti surətdə göstərilmiş  qəbilə ocağına doqquz heyvan verməlidir. Sol tərəfdəki 
süvari ovçu 8 heyvan vermişdir (bunu aşağıda olan düzbucaqlıdakı  xətlərin sayından bilirik). Sağ  tərəfdə 
nizə atan süvari isə öz borcunu ödədiyi üçün rəssam bu haqda heç bir şey göstərmir. 
Qobustan piktoqramlarının ikinci qrupuna yaddaş vəzifəsini görən dini xarakterli yazılar daxildir. Bu 
tip təsvirlər gündəlik dini ayinləri yerinə yetirmək üçün əyani vəsait kimi təcrübi  əhəmiyyətə malik 
olmuşdur. Tunc dövrünün belə bir piktoqramında heyvanların qurban kəsilməsi ayininin icrası göstərilir. 
Üçüncü qrup yazılara qəbilənin gündəlik təsərrüfat həyatı ilə bağlı olan piktoqramlar daxildir. 
Ovçuluq, maldarlıq və ov məşqləri ilə  əlaqədar süjetli təsvirlər bu qrupa mənsubdur. Ov məşqlərinin necə 
keçirilməsini nəql edən, daş dövrünə aid bir təsviri nəzərdən keçirək. Dağda cızılmış böyük öküz rəsminə ox 
atmaqla ov məşqi keçmək üçün ovçular bir cərgədə düzülmüşlər. Onların üzü öküz təsvirinə və arxaları bizə 
tərəf olduğundan qolları və əlləri görünmür, kürəklərindəki kaman və geydikləri enli dəri şalvarları isə aydın 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
125
görünür. Qədim rəssam icma üzvlərinin ovdan əvvəl necə  məşq etdiklərini bu əsərində  nəql edir. Bu 
piktoqram göstərir ki, ən qədim qaya təsvirlərimiz daş dövründə  əcdadlarımızın ov təsərrüfatlarına, ovdan 
əvvəl məşq keçmələrinə və s. həsr edilmişdir. 
O dövrün ox və kamanları ibtidai olduğu üçün uzaq məsafədən vəhşi öküzləri ovlamaq olduqca çətin 
idi. Odur ki, qədim əcdadlarımız daş dövründə çox mühüm bir kəşf etmiş və onun nəticəsində də heyvanlara 
yaxınlaşmaq üçün müvəffəqiyyətli bir hiylə  işlədə bilmişlər. Onlar uzun müşahidələrin nəticəsində  kəşf 
etmişdilər ki, vəhşi heyvanlar özlərinin qüvvətli iybilmə qabiliyyətlərinə yox, çox zəif görən gözlərinə 
inanırlar. Odur ki, heyvanların bu zəif cəhətindən istifadə edən  əcdadlarımız heyvan cəmdəklərindən 
düzəltdikləri gizləncəklərin arxasında gizlənərək, vəhşi öküzlərə asanlıqla yaxınlaşır və onları yaxından vura 
bilirdilər. Vəhşi heyvanlar isə bu gizləncəkləri özlərinə oxşadığı üçün heyvan bilib yaxına buraxırdılar. 
Qobustan qayalarında bu gizləncəklərə həsr edilmiş petroqliflər çoxdur. 
Qobustanın qaya təsvirləri daş dövründən başlamış XIX əsrə qədər olan bütün dövrlərin təsviri sənət 
və yazı mədəniyyətini əhatə edir. Odur ki, Azərbaycan təsviri sənətinin mənşəyini öyrənmək üçün bu qədim 
rəsmlər qalereyası  tədqiqatçılara zəngin material verir. Ölkəmizdə incəsənət, din, estetika kimi mühüm 
ictimai elm sahələrinin tarixini araşdırmaqda Qobustan petroqliflərinin əvəzedilməz əhəmiyyəti vardır. 
Dulusçuluq. Qədim Azərbaycan ərazisində iki tip bədii dulusçuluq məmulatı istehsal edilirdi. Birinci 
tip-qırmızı gil keramikadır ki, bu, ölkənin cənub rayonları (xüsusilə, Naxçıvan zonası) üçün səciyyəvidir. 
Cilalanmış qara rəngli qablardan ibarət olan ikinci tip keramika isə Qafqaz Albaniyasına xas idi. 
Birinci tip keramika polixrom, əlvan rəngli olduğu üçün ona boyalı keramika adı verilmişdir. Bu tipli 
qabların saxsısı dulusçuluq kürəsində bişəndən sonra qırmızı və sarı rəng alır. Belə gil məmulatın üzərində 
bir qayda olaraq sarı, göy, qara, çox zaman qəhvəyi boyalarla çəkilmiş quş, heyvan və insanların stilizə 
edilmiş təsvirlərinə rast gəlirik. 
Boyalı keramika nümunələri Naxçıvan, Qarabağ, Mil düzü, Xanlar və Qazax rayonlarında olan qədim 
yaşayış yerlərindən və qəbirlərdən tapılmışdır. 
Azərbaycanda boyalı qablar istehsalı tunc dövründə (e. ə. II minillikdə) inkişaf tapmışdır. 
Azərbaycanda boyalı keramika sənətinin inkişafı  qədim  İran qəbilələri ilə iqtisadi-mədəni  əlaqələrin 
qurulması nəticəsində meydana çıxmışdır. 
Azərbaycanda tunc dövrünün boyalı keramikası iki üsulla-əl ilə və dulusçuluq dəzgahında hazırlanırdı. 
Bu qabların üzərində təsvirlərdən əlavə dalğavarı sınıq və mürəkkəb şəkilli düz xətlərdən ibarət naxışlar da 
çəkilirdi. 
Boyalı keramika mədəniyyəti orta tunc dövründən dəmir dövrünə  qədər dörd inkişaf mərhələsi 
keçmişdir. Birinci mərhələ qabların üzərində monoxrom (birrəngli) rəsmlərin çəkilməsi ilə səciyyələnir. Belə 
məmulatın üstü qırmızı anqob ilə (xüsusi gil məhlulu ilə) örtüldüyündən parıltılı səthə malik olurdu. Onların 
üzərindəki həndəsi naxışlar (üçbucaq, romb), quşların rəsmi qara boya ilə  çəkilirdi. Hündür formalı belə 
qablar Kültəpədə (Naxçıvan), Culfada, Zurnabadda (Xanlar rayonu) və Mil-Qarabağ düzlərində tapılmışdır. 
İkinci mərhələnin qabları daha kiçik, həm də girdə şəkildə hazırlanırdı. Naxçıvan rayonundan tapılmış 
belə qabların üzərindəki insan, heyvan və quş rəsmləri qara, qırmızı, ağ, qəhvəyi, sarı və s. boyalarla çəkilir, 
üstü qırmızı, sarı və ağ anqobla örtülürdü. Dolça və dövrə şəklində olan bu qab-ların ornamentləri qara və 
qırmızı boyalarla çəkilirdi. Naxışlar isə düzbucaqlı, üçbucaqlı  və romb kimi motivlərdən tərtib edilirdi. 
Qobustan petroqliflərində gördüyümüz «yallı» tipli rəqs təsvirlərinə bu keramikada da rast gəlirik. 
Şahtaxtıdan tapılmış polixrom rəsmli böyük qab (e. ə. XVIII-XVII əsrlər) da bu mərhələyə aiddir. Tovuz, 
keçi, at, vəhşi heyvan və quşların rəsmləri ilə  bəzənmiş kürəvi qabın üstü qırmızı anqobla örtülmüşdür. 
Qabın çiynindəki tovuzlar sırası sarı rəngli zolağın üstündə təsvir edilmişdir. Təsvirlərdə realist əlamətlərlə 
yanaşı dekorativliyə də geniş yer verilmişdir. 
Üçüncü mərhələnin qabları (Culfa-da, Kültəpədən tapılan nümunələr) çaydan, nimçə, kasa 
formasındadır. Onların üzərində qırmızı, qəhvəyi boyalarla çəkilmiş insan, heyvan və quş rəsmləri həndəsi 
naxışlarla haşiyələnmiş və qablar qırmızı, ağ anqobla örtülmüşdür. 
Dördüncü mərhələ  dəmir dövrünün başlanğıcına təsadüf edir. Bu vaxt boyalı  təsvirli keramika 
tənəzzülə  uğrayaraq ortadan çıxır. Dördüncü mərhələnin boyalı qabları dolça, çaydan və kasa formasında 
olub, dalğavarı  cızma üsullu ornamentlərlə  bəzədilir, naxışlar isə tünd-qırmızı boyalarla da çəkilirdi. Bu 
dövrün kürədə bişən-dən sonra qırmızı  rəng alan nimçələri günəşi andıran qabarıq ornamentlərlə 
bəzədilmişdir. Onların içərisi qırmızı, çölü isə sarı anqobla örtülmüşdür. Çaydanlar bu dövrdə  də 
hazırlanırdı. Onların üçbucaq, yanakı xətlər tipli naxışları cızma üsulu ilə hazırlanırdı. Boz rəngli silindrik 
piyalələr də bu dövrün bədii məhsulu idi. 
Boyalı keramika mədəniyyəti qədim qəbilələrdə estetik zövqün tərbiyəsində  əvəzedilməz, mütərəqqi 
bir rol oynamışdır.  Əslində bu mədəniyyət orta əsrlərdə Azərbaycanda  şirli keramika sənətinin yaranması 
üçün maddi və mənəvi əsas olmuşdur. 
Qədim Azərbaycanın ikinci növ keramikası - cilalanmış qara rəngli keramika, əsasən, eneolit 
dövründən yaranmağa başlamış, tunc dövründə isə inkişaf zirvəsinə çatmışdır. 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
126
İlk qara rəngli gil qablar eneolit dövründə hazırlanmışdır. Lakin dulusçular bu dövrdə kürələrdə 
yüksək istilik əldə edə bilmədiklərindən və qara keramikanın texnologiyası  hələ lazımınca məlum 
olmadığından ilk nümunələr olduqca nöqsanlı idi. Onların plastik forması yöndəmsiz, qara rəngləri ala-tala, 
dekorativ motivləri isə son dərəcə ibtidai şəkildə alınırdı. Bununla belə eneolit dövrünə aid qablarda qabarıq 
şəkildə olan qəribə naxışlar diqqəti daha çox cəlb edir. Belə naxışlı qablardan Qazax rayonunun Babadərviş 
adlı qədim yaşayış məskənində də tapılmışdır. E. ə. IV minilliyin eneolit qabları üzərindəki qabarıq işarələr 
həm bəzək məqsədi ilə vurulan naxış, həm də  təsvirli yazılar-piktoqramlar olduğu haqda fərziyyələr 
mövcuddur. Piktoqrafiya eneolit dövrünü əhatə edən Kür-Araz mədəniyyətinin mühüm əlamətlərindəndir. 
Bu dövrə aid piktoqrafik dulusçuluq nümunələri Naxçıvan ətrafında və Gürcüstanda da tapılmışdır. 
Piktoqrafiya - təsvirli yazı başqa xalqlarda olduğu kimi, Azərbaycanda da yazı  mədəniyyətinin ilk 
mərhələsini təşkil edir. 
İki Babadərviş piktoqramını  nə-zərdən keçirək. Birinci nümunədə iki qabarıq rəsm verilmişdir. 
Soldakı təsvir iki heyvan buynuzunun düz xətlərdə birləşməsindən əmələ gəlmişdir. 
Alban dövrünün fiqurlu keramikasında da belə  rəsmlərə rast gəlirik. Onlar tam plastik heyvan 
fiqurlarının tənəzzülə  uğraması, konkret mahiyyət-dən uzaqlaşması  nəticəsində ortaya çıxmışdır. Biz bu 
nəticəyə  əsaslanaraq piktoqramda təhrif edilmiş iki buynuzlu heyvan surəti görürük. Əkər dövr nəzərə 
alınarsa, güman etmək olar ki, piktoqramda iki keçi təsvir edilmişdir. Lakin sağ  tərəfdəki rəsmin sağ 
qurtaracağında ucu iti, yuxarısı isə əyri şəkildə olan əlavə bir rəsm də diqqəti cəlb edir. Bu, oxu, yuxarıdakı 
əyri xətt isə kamanı ifadə edir. Ox şəkli, ox sözü qədim zamanlarda ovçunu, döyüşçünü təmsil edər, onun 
şərti rəmzi kimi işlənərdi. Təsadüfi deyil ki, qədim türklərdə bir çox qəbilələrin adları ox ilə əlaqədar olaraq 
«Üç ox», «On ox» və s. qoyulmuşdu. O vaxt ox istehsal aləti kimi fetişləşmiş-ilahiləşdirilmişdi. 
Piktoqramda ox rəsminin ovçunu bildirdiyini qəbul etsək, onda məzmun anlaşılar: bu təsvirli yazıda 
bir ovçu iki keçi öldürmüşdür. Belə bir məzmun bizə qəribə gəlsə də, mis-daş dövrünün adamları üçün bu 
fövqəladə bir hadisənin xəbər verilməsi kimi zəruri və lazım idi. Piktoqramın yazılmasından məqsəd 
ovçunun igidliyini qəbilə üzvlərinə bildirmək idi. 
Babadərvişdən tapılmış ikinci piktoqram nümunəsi «M» şəklində  və onun üstündə üçbucaq 
formasında olan iki təsvir elementindən ibarətdir. Üçbucağın yuxarı uzadılmış yan xəttinə əlavə üç üfqi xətt 
uzadılmışdır. Belə əlavə xətlər rəsmin yanlarına da çəkilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, 
piktoqramın bu iki rəsmi də mücərrəd təfəkkürün, konkret varlıqların rəsmlərinin mücərrədləşdirilməsi 
əsasında yaradılmışdır. Aşağıdakı rəsm quşu, yuxarıdakı isə keçini təmsil edir. Sağ tərəfdəki dairəvi girinti 
günəşin simvoludur. Buradan anlaşılır ki, piktoqrafik yazı kosmoqonik (səma cisimlərinə  əsaslanan) 
təsəvvürün təsiri altında cızılmışdır. Nəzərə almaq lazımdır ki, qədim rəssamlar, səma cisimlərini simvolik 
mənalı  rəsmlərlə göstərirdilər. Buna əsasən deyə bilərik ki, piktoqramdakı quş təsviri göyü, keçi rəsmi isə 
yeri, torpağı  təmsil edir. Bizə elə  gəlir ki, bu yazıda təbiətin iki hissəsi, iki qüvvəsi (yer və göy) 
qarşılaşdırılmış, onların bir-birindən asılılığı əyani surətdə göstərilmişdir. Burada qədim «rəssam» torpağın 
göyə qarşı olan sitayişindən, yağışa olan təmənnasından danışır, sehrkarlıq işinə xidmət edir.  
Sonrakı tunc və alban dövrlərində yazılmış Qobustan və dulusçuluq piktoqramları isə konkret 
təfəkkürə əsaslandığından insan və heyvanların real təsvirlərindən yaradılmışdır. 
Tunc dövründə  İran Azərbaycanında olduğu kimi, Şimali Azərbaycanda da, xüsusilə Qafqaz 
Albaniyası ərazisində qara keramika mədəniyyətinin inkişafı yüksək səviyyəyə çatır. 
Cilalı qara keramika Azərbaycanın Xocalı, Mingəçevir, Çovdar, Xanlar kimi yerlərində yayılmış 
qədim məişətlə və dəfn ayinləri ilə əlaqədar inkişaf etmişdir. Belə məmulatın yaradılmasında əksər hallarda 
dulusçuluq dəzgahından istifadə edildiyindən, qabların plastik quruluşu yüksək estetik keyfiyyətə malikdir. 
Misal üçün, Çovdardan (Daşkəsən yaxınlığında) tapılmış qabda gövdənin yuxarıya və aşağıya doğru daralan 
bikonik şəkildə həll edilməsi onun plastik gözəlliyi üçün əsas yaratmışdır. Gövdənin dairəvi və zərif dayaq 
üzərində qurulması, çiyinlərin ritmik şəkildə olan üç qulp ilə tamamlanması gözəl siluetli qabın hündür 
görünməsinə səbəb olmuşdur. Bu qabın gövdəsi üzərində təkrar edilən ritmik şaquli xətlər və boğazı bəzəyən 
cızma üçbucaqlar dulusçunun məharətinə dəlalət edir. 
Ustalar məmulata dekorativ forma vermək üçün dulusçu dəzgahından bacarıqla istifadə etmişlər. Bunu 
Xanlar rayonundan tapılmış şaquli kompozisiyalı qabda aydın görürük. Burada oturacaq konus şəklində həll 
edildikdən sonra, gövdə  dəzgahın köməyi ilə qabarıq çevrələrə bölünmüşdür. Yuxarıya doğru daralan 
gövdənin plastik formasını həmin dekorativ ünsürlər kəskin surətdə nəzərə çarpdırır. Demək, asan bir üsulla 
çox mürəkkəb estetik keyfiyyət əldə edilir. 
Belə qabların qara rəngli və cilalanmış olması onların bədii keyfiyyətinə müsbət təsir göstərmişdir. 
Odur ki, tədqiqatçılar uzun zaman bu tip keramikanın texnologiyasını öyrənmək üzərində çalışmışlar. Bu 
haqda keçən  əsrin 30-cu illərində Türkiyə keramisti Nuru paşa ilk müvəffəqiyyətli nəticələr  əldə etmişdir. 
Dulusçular qədim keramik məmulatı qara rəngə boyamaq üçün adi hisdən bacarıqla istifadə etmişlər. Bu 
məqsədlə onlar açıq havada qurudulmuş gil qabları  əvvəlcə hamar sümük və yaxud başqa bərk çisimlə 
yaxşıca sürtərək onun üzərindəki məsamələri doldurub bərkidirdilər, bunu ona görə edirdilər ki, qab kürədə 

İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ. 
 
127
bişəndən və qara rəng alandan sonra, həm də cilalanmış  və parıltılı olsun. Bu qayda ilə hazırlanan qablar 
tamamilə qara rəngli və cilalanmış olur. Lakin elə qablara da rast gəlirik ki, onların gövdəsi boz, üzərindəki 
həndəsi naxışlar isə tünd-qara rəngli və parıltılıdır. Belə hallarda həmin qablar bişirilməmişdən qabaq 
yuxarıdakı üsul ilə hazırlanır. Fərq ancaq orasındadır ki, bu tip məmulatın bütün səthi deyil, ancaq naxışları 
sürtülüb bərkidilir. Nəticədə qab bişəndən sonra onun sürtülmüş naxışları tünd-qara və cilalı, ornamentin 
yerliyi isə boz rəngdə olur. 
Qablar germetik şəkildə bağlanmış kürələrdə 800-900 dərəcə istilikdə bişirilirdi. Onlar yaxşı bişəndən 
sonra kürənin bacası açılaraq istilik 400 dərəcəyə endirilir, kürə yenidən möhkəm bağlanır, ocağında yaş 
odun yandırmaqla onun qablar bişən yuxarı mərtəbəsinə istilik deşikləri vasitəsi ilə his verilirdi. Həmin his 
qabların daxili və xarici səthinə, gilə hopurdu. Tüstülənmə prosesində istidən genişlənmiş gil qabların səthi 
doyunca his qəbul edərək qara rəng alırdı. Bundan sonra kürənin ocağı tamamilə söndürülür, istilik getdikcə 
azalırdı.  İstilik azaldıqca qablar soyuyur və xarici səthi yığılır, nəticədə, qara his (duda) qabların divar-
larında həmişəlik olaraq qalırdı. Qablar soyuyandan sonra təmizlənir, üzəri mumla örtülərək yumşaq parça 
ilə sürtülüb cilalanırdı. Bu prosesdən sonra qablar qara və parıltılı olurdu. Kürədə 800-900 dərəcə istilik 
olanda ona tüstü verilmirdi. Əks təqdirdə, duda yanar və qaralama prosesi baş tutmazdı. 
Bu dövrdə İran Azərbaycanında da qara cilalı keramika həmin üsulla hazırlanırdı. 
Qaralama texnologiyasını biləndən sonra kürə şəkilli Xocalı qabının mürəkkəb naxış kompozisiyasının 
necə hazırlanması aydın olur. Burada qabın çiyinlərini bəzəyən günəş  təsvirinin qara sivri ucları qab 
bişməmişdən qabaq bərkidilib cilalanmış olduğundan qabın ümumi boz rəngindən fərqlənir. 
Gil məmulatları hisə verirkən müxtəlif səbəblər üzündən, məsələn, kürədə (sobada) istiliyin azlığından 
qabların divarları zəruri qədər genişlənmir, nəticədə kifayət qədər his qəbul etmədiyindən qablar qara deyil
boz rəng alır. Gillərin tərkibində olan dəmir duzlarının bu və ya digər dərəcədə olması ilə  əlaqədar olaraq 
qaralama prosesindən keçirilməmiş qablar bişəndən sonra sarı, açıq-qırmızı, tünd-qırmızı, qırmızı-kərpici 
rəngi və s. rənglər alır. Buna səbəb, qablar bişərkən həmin dəmir duzlarının dəmir oksidinə çevrilməsidir. 
Dəmir oksidi isə qırmızı boyaq maddəsi kimi məşhurdur. 
Qara keramikanın bədii şəklə düşməsi üçün tunc dövrünün dulusçuları başqa vasitələrdən də istifadə 
etmişlər. Onlar qabların cızma təsvirlə  bəzədilməsinə, cızma rəsm və naxışların ağ maddə ilə inkrustasiya 
edilməsinə və nəhayət, fiqurlu keramikanın yaradılmasına da əhəmiyyət vermişlər. 
Ağzı gen olan qabların üzərində heyvan, insan və ov səhnələrinin rəsmləri cızma üsulu ilə çəkilmişdir. 
Bu tip keramika Xanlar rayonu üçün səciyyəvidir. Belə qabların üzərindəki təsvirlər bir qayda olaraq ağ 
maddə ilə doldurulur. Rəsmlərin çəkilməsi və onların inkrustasiya edilməsi prosesi, adətən, qara rəngli 
qablar bişəndən sonra yerinə yetirilirdi, əks təqdirdə, ağ maddə kürədə yanıb külə dönərdi. Belə qablara 
misal olaraq Xanlar rayonundan tapılmış bir nümunəni göstərmək olar. Burada ritmik olaraq yerləşdirilmiş 
iki ovçu və iki keçi təsviri ağ maddə ilə doldurulmuşdur. Ağ rəngli rəsmlər qara cilalı qabın üstündə daha 
yaxşı görünür. Keçi rəsmləri Qobustan petroqliflərini xatırladır.  İnsan surəti sxematik şəkildə olub, iki 
üçbucağın birləşməsindən düzəldilmişdir. Fiqur qarşı  tərəfdən göstərilir.  İnsanın sağ  əlinin üstündə başı-
aşağı üçbucaq formasında olan on bir nöqtə onun qələbələrinin sayını göstərir. Bu, ya düşmən qəbilə, yaxud 
da heyvanlar üzərində qazanılan qələbədir. Həmin nöqtələr onun neçə övlad arzu etdiyini də göstərə bilər. 
İnsan və heyvan fiqurları çoxlu nöqtələrlə doldurulmuşdur. Bu onların sayca çoxalmasını, artmasını, günəş 
allahından təmənna etməsini göstərir. Fiqurlar yuxarıda, qoşa  əyri xətlər arasında verilmiş, günəş  təsviri 
altında yerləşdirilmişdir. Heyvan və insan təsvirləri ilə günəş  şəkli nöqtələrlə  əlaqələndirilmişdir. Burada 
ovçu da, keçi də günəş allahının himayəsində verilmişdir. 
Biz bu nümunədə xronika səciyyəli piktoqramla rastlaşırıq. O, ya ovçunun qələbəsi, ya ölümü, ya da 
məhsuldarlıq, artım, çoxalma bayramı  və ayini münasibəti ilə konkret bir şəxsə  həsr edilərək yazılmışdır. 
Həmin şəxs öləndə piktoqram da onu qəbirdə müşayiət etmişdir. 
Piktoqram özünün bütün təsvir vasitələri ilə artma, çoxalma ideyasına həsr edildiyini göstərir və 
konkret bir ovçunun nailiyyətlərindən danışır. 
Piktoqramın hər tərəfdən oxunması üçün qabın xarici səthində insan və keçi fiquru iki dəfə  təkrar 
edilmişdir. Bu prinsipi alban dövrünün keramik piktoqramlarında da görürük. 
Qeyd etmək lazımdır ki, qara cilalı keramikanın ağ maddə ilə bəzədilməsi qədim Zaqafqaziyada ancaq 
Azərbaycan dulusçularına xas olan bir xüsusiyyət idi. 
Fiqurlu keramika bu dövrdə özünün ən nadir nümunələrini yaratmışdı. Fiqurlu qablar məlum 
texnologiyaya əsasən cilalanmış qara və boz rənglərdə olurdu. 
Tunc dövrünə aid fiqurlu qabların çoxu quş şəklindədir. Bu, o dövrün dini əqidələri ilə bağlıdır. Həmin 
dövrdə hazırlanmış tunc quş fiqurları Xanlar, Çovdar və başqa yerlərdən tapılmışdır. Bu içi boş quşlar 
ölülərin ruhunun simvolik ifadəsi olub, onların saxlanması üçün ən etibarlı yer idi. Ola bilsin ki, bu fiqurlar 
hami ruhlara da aid olmuşdur. Ruhların yerləşməsindən başqa, onların qidalanmasını da nəzərə alaraq 
qəbirlərə quş formalı gil su qabları qoyulurdu. Belə qablar ənənəvi olaraq Alban dövründə də düzəldilirdi. 
Onların  ən yaxşı nümunəsi Füzuli rayonunun Molla Məhərrəmli kəndindən tapılmışdır. Həmin 


Yüklə 270,31 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin