İTALİYA
İtaliya Birinci dünya müharibəsinin başlanmasına qədər Üçlər ittifaqının tərkibində idi. 1881-ci ildə Tunisi öz himayəsinə keçirdiyinə görə Fransadan hədsiz dərəcədə inciyən İtaliya 1882-ci ildə Üçlər İttifaqına daxil olmuşdu. Lakin tezliklə başa düşdü ki, Avstriya-Macarıstanla onun ittifaqı qeyri-mümkündür. Çünki Dunay hövzəsində və Balkanlarda onların mövqeyi toqquşurdu. Ona görə də Birinci dünya müharibəsi başlanarkən İtaliya Üçlər ittifaqının tərəfində müharibəyə girmədi və gözləmə mövqeyi tutdu. Hər iki tərəf İtaliyanı müharibəyə cəlb etmək üçün ona çoxlu vədlər verirdilər. Lakin Antantanın verdiyi vədlər (Misir mülklərindən pay, Albaniya üzərində protektoratlıq, Cənubi Tirol, İstriya yarımadası, Terentino) İtaliya üçün daha əlverişli olduğuna görə 1915-ci ilin may ayında o, Avstriya-Macarıstana müharibə elan etməklə Antantanın tərəfində müharibəyə başladı. 1916-cı ilin avqustunda isə İtaliya Almaniyaya müharibə elan etdi. Alman qoşunları 1917-ci ilin oktyabrında olmuş Koperetto döyüşündə italyanları məğlub etdi. İtalyanları ancaq ingilis- fransız qoşunlarının köməyə gəlməsi xilas etdi. İtaliya daha döyüş əməliyyatlarında iştirak etmədi.
Antantanın üzvü olduğuna görə İtaliya Birinci dünya müharibəsindən qalib dövlət kimi çıxdı. Lakin o qaliblər içində məğlub, məğlublar içində qalib vəziyyətində idi. Bunun səbəbi isə italyan burjuaziyasının iqtisadi cəhətdən kifayət qədər qüdrətli olmaması idi. Müharibə qurtardıqdan sonra Antantanın hakim dövlətləri olan İngiltərə və Fransa İtaliyaya verdikləri vədləri yerinə yetirməkdən imtina etdilər. Konfransda həmin ərazilərin İngiltərə Balkan yarımadasında öz siyasi təsir və nüfuzunu gücləndirmək məqsədilə Yunanıstana və yeni yaranmış Serb-Xorvat Sloven Krallığına verilməsinə nail oldu.
İtaliyanın baş naziri Orlando Paris sülh konfransında «Dördlər şurası»nın üzvü kimi iştirak etsə də, nəticəni öz xeyrinə dəyişdirə bilmədi. İtaliyaya ancaq bir sıra ərazilər – Cənubi Tirol, Terentino vilayəti, Triyestlə birlikdə İstriya yarımadası verildi.
İtaliya üçün Birinci dünya müharibəsinin nəticəsi maddi və insan itkisi baxımından da xoşagələn deyildi. Belə ki, İtaliya müharibədə 700 min adam itirdi. 450 min nəfər şikəst oldu, 1 milyona qədər adam isə yaralandı. İtaliya öz milli sərvətinin 1/3 hissəsini itirdi. Müharibə dövründə İtaliyanın maddi və hərbi xərcləri 65 mlrd qızıl lirə bərabər oldu. Birbaşa hərbi xərclər isə 12 milyard lir idi.
İtaliya üçün Birinci dünya müharibəsinin nəticələrindən biri də onun xarici, ilk növbədə, ABŞ və ingilis kapitalından asılılığının güclənməsi idi. Müharibədən sonrakı dövrdə İtaliya ABŞ-a 1,5 mlrd, İngiltərəyə isə 2,5 mld dollar borclu qaldı.
Müharibə İtaliyada istehsalın və kapiatlın təmərküzləşmə- si və mərkəzləşməsini gücləndirdi. Dövlət inhisarçı kapitalizmi inkişaf etməyə başladı. Müharibə dövründə İtaliyada bir sıra iri inhisar birlikləri yarandı. Bunlardan ən mühümləri metallurgiya və maşınqayırma sahələrində «Ansaldo» və «İlva», avtomobil istehsalında «Fiat», hərbi sənayedə «Breda» inhisar birliyi idi.
İtaliya müharibə nəticəsində aqrar ölkədən aqrar-sənaye ölkəyə çevrildi və müharibə dövründə də belə qaldı.
Müharibə qurtardıqdan sonra sifarişlərin azalması və ordunun tərxisi nəticəsində ölkədə işsizlik artdı. İtaliyanın cənubunda latifundiyalar qalmaqda idi. İqtisadi cəhətdən güclü inkişaf etmiş şimalla feodal qalıqlarının hökm sürdüyü cənub arasında olan fərqlər kəskin idi və İtaliyada təsadüfi deyildir ki, cənubu şimalın «müstəmləkəsi» hesab edirdilər.
Rusiyadakı Oktyabr çevrilişindən sonra İtaliyada fəhlə hərəkatı geniş vüsət aldı. İtaliya hökuməti də öz müttəfiqləri kimi Qara dənizə donanma göndərdi və xarici hərbi müdaxilədə
iştirak etmək istədi. Lakin İtaliya fəhlə sinfinin kəskin mövqeyi bu müdaxilədə axıra qədər iştirak etməyə imkan vermədi.
Birinci dünya müharibəsi qurtardıqdan sonra İtaliya hökuməti 1918-ci ildə zəhmətkeşlərin təzyiqi altında bir sıra islahatlar keçirməyə məcbur oldu. Fəhlələr üçün səkkiz saatlıq iş günü rəsmiləşdirildi. Seçki qanunu qəbul edildi. Həmçinin seçki sistemində proporsional seçki qaydası tətbiq olundu. Ərzaq məhsullarının satışında qiymət maksimumu qoyuldu.
İtaliya fəhlə hərəkatında sosialist partiyasının böyük nüfuzu var idi. Müharibənin sonunda onun üzvlərinin sayı 216 min nəfərə yaxın idi. İtaliya sosialist partiyası müharibə dövründə üç qanada parçalanmışdı. Onun sağ qanadına İtaliya parlamentinin dəfələrlə üzvü olmuş Filippe Turati başçılıq edirdi. O, belə güman edirdi ki, İtaliyada inqilab yolu ilə deyil, evolyusiya (təkamül yolu) ilə sosializm qurula bilər. O, Rusiyada Fevral burjua-demokratik inqilabını alqışlasa da, Oktyabr çevrilişini tanımaq istəmirdi. O, Rusiyanın təcrübəsi- nin əleyhinə idi və göstərirdi ki, bu təcrübə qabaqcıl Avropa üçün yararsızdır. İtaliya sosialist partiyasında ikinci qanad Djaçinto Serratinin başçılıq etdiyi «mərkəzçilər» idi. Onun tərəfdarları daha çox idi. Bu qanad sağlarla sollar arasında barışdırıcı mövqe tuturdu. Üçüncülər «sollar» adlanırdı ki, bu qanadda həm Neapoldan, həm də Turindən olan sosialist nümayəndələr birləşmişdilər. Neopoldan olan sosialistlərin başında Amadeo Bordiqa, Turindən olan sosialistlərin başında isə A.Qramşı və P.Tolyatti dururdu.
1919-cu ilin yanvarında italyan burjuaziyası Sosialist partiyasına qarşı dura biləcək bir partiya yaratmaq qərarına gəldi və bu partiya keşiş Sturso tərəfindən yaradılmış Xalq partiyası oldu. 1919-cu ilin noyabrında keçirilən seçkilərdə Liberal və Sosialist partiyası ilə bərabər bu partiya da parlamentə xeyli deputat keçirə bildi.
1919-cu ilin iyununda Orlandonun istefasından sonra, 1920-ci ilin iyunun 6-dək baş nazir Françesko Nitti olşdu. O, siyasi amnistiya verdi. 8 saatlıq iş günü tətbiq etdi, kəndlilərin tutduqları torpaqları geri qaytarmadı.
1920-1922-ci illərdə İtaliya hökumətinə əvvəl C.Ciolitti, sonra İvanos Bakomi və Luici Fakta başılıq edirdi.
1919-1920-ci illər İtaliya tarixinə «qırmızı ikillik» kimi daxil oldu. Bu dövrdə oktyabr çevrilişinin təsiri altında İtali- yada fabrik-zavod komitələri və sovetlər yaradıldı və onlar yeni mübarizə formaları olan fabrik-zavodların ələ keçirilməsi üsullarından istifadə etdilər. İtaliyada inqilabı təşkilatlar yara- dıldı. Kütlələr üzərində heç bir zorakılıq yox idi. İtaliyada liberallar hökumətinə başçılıq edən Ciolliti kütlələrə qarşı silah işlədilməsinin əleyhinə idi.
Fəhlə hərəkatının parçalanması inqilaba gətirib çıxarmadı. 1921-ci ilin yanvarında İtaliyanın Livorno şəhərində Sosialist partiyasının xüsusi qurultayı oldu. Qurultayda irəli sürülən əsas məsələ Kommunist partiyasının yaradılması idi.
«Sollar» Kominternin 21 şərtini qəbul etdilər və İtaliya kommunist partiyası yaradıldı. Onun ilk sədri Bordiqo oldu.
Dostları ilə paylaş: |