2.Çoxmənalılığa görə normalar. Dildə bir çox sözlər uzun tarixi inkişaf dövründən
sonra öz əsas mənalarından başqa bir sıra əlavə mənalarda da işlənə bilir. Çoxmənalılıq dilin
təbii inkişaf qanunauyğunluğudur və onun tarixi qədimdir. Ədəbi dildə sözlərin çoxmənalılığı
dilin lüğət tərkibini zənginləşdirir və norma hesab edilir.
3.Sözün yeni mənada işlənməsinə aid normalar. Cəmiyyətdə baş verən
dəyişikliklər insanların həyat tərzinə, məişətinə də öz təsirini göstərir. Bu təsir sözlərdə,
onların mənasında da əks olunur. Bu zaman sözlər həm formaca, həm də mənaca tarixi
dəyişikliklərə uğrayır. Sözlərdə dəyişiklik daha çox məna ilə bağlı olur. Sözlərin yeni məna
kəsb etməsi mənanın genişlənməsi, mənanın daralması nəticəsində baş verir. Ədəbi dil
normalarına uyğun bu dil hadisəsi məqbul norma sayılır.
Qrammatik norma. Müasir Azərbaycan ədəbi dilinin qrammatik norması ümumxalq
dilinin iltisaqilik prinsipinə əsaslanan qrammatik quruluşunu əks etdirir.
Qrammatik norma sözlər və cümlələr arasındakı əlaqələrin nitqdə düzgün qurulmasını
tələb edir, onu normaya salır.
Müasir ədəbi dilimizin qrammatik normalarını əsasən aşağıdakı kimi qruplaşdırmaq
olar:
1)İsimlərə əvvəl cəm, sonra mənsubiyyət, hal şəkilçiləri və s. artırılır: kənd-lər-imiz-in.
2)Təyini müəyyən miqdar sayı olan isim təkdə işlənməlidir: on uşaq, üç dəftər.
3)Fel köklərinə əvvəl təsirlik, sonra növ, şəkil, daha sonra isə şəxs (xəbərlik) şəkilçiləri
artırılır: qal-dı-rıl-ma-lı-dır; döy-üş-çü-lər-imiz-in-dir.
4)Mübtəda ilə xəbər arasında şəxsə, qismən də kəmiyyətə görə uzlaşma gözlənilir: Mən
azərbaycanlıyam. Onlar türkdülər.
ƏDƏBİYYAT 1. Axundov A.A. Ümumi dilçilik. Bakı, 1979.
2. Hüseynzadə Ç. Rəhmanov C. Dil norması və kriminalistika. Bakı, Nurlan, 2005.