Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3.72 Mb.
səhifə2/47
tarix28.11.2016
ölçüsü3.72 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   47

1.3. Pedaqogika nəyi öyrənir:

Pedaqogika elminin obyekti və predmeti
Pedaqoji tədqiqatlarda ən mürəkkəb məsələlərdən biri təd­qi­qatın obyekti və predmeti problemidir. Uzun illər obyektlə predmeti ayırmağa, onlar arasındakı sərhədləri müəyyənləşdirməyə cəhdlər göstərilmişdir. Bu günədək “Pedaqogika elminin tədqiqat obyekti və predmeti nədir?” – sualına birmənalı cavab veril­mə­miş­dir.

“Obyekt” və “predmet” anlayışları bir-biri ilə sıx bağlı və bunların arasında oxşar cəhətlər çox olsa da, bunları eynilışdirmək olmaz. Bunların başlıca fərqi ondan ibarətdir ki, əvvəla “obyekt” anlayışı “predmet” anlayışından ge­niş­dir; məsələn, fizikanın da, kimyanın da obyekti təbiətdir, lakin həmin elmlər təbiəti müxtəlif aspektdə öyrənir – biri maddələri və onların çevrilmələrini, digəri isə fiziki hadisələri tədqiq edir. İkincisi obyekt orijinalla, predmet isə həmin orijinalın modeli ilə, hissəsi ilə əlaqədardır. Eyni orijinalın müxtəlif modeli ola bilər, lakin bu modellər əsla bir-birini təkrar etmir. Məsələn, həm mühəndisin çəkdiyi çertyoj, həm də evin fotoqraf tərəfindən çəkilmiş şəkli “ev” orijinalı üçün model yerində çıxış edir. Çertyoj və fotoqrafiya müxtəlif elmlərin mövzularına daxil olan modellərdir: çertyoj həndəsə, fotoqrafiya isə fizika elmi ilə əlaqədardır. Pedaqogika da, psixologiya da insan haqqında elmdir, lakin psixoloqun əldə etdiyi modellə pedaqoqun əldə etdiyi model bir-birini əsla təkrar etmir.

Pedaqogika elminin obyekti pedaqoji təcrübənin verilməsi prosesidir, predmet isə obyektin pedaqoji aspektdə öyrənilməsi, yəni orijinalın pedaqoji modeli və ya hissəsidir.

Pedaqogikanın obyekti pedaqoji gerçəklikdən ibarətdir. Peda­qoji gerçəklik dedikdə insanın həyata hazırlanmasını, onun hər­tə­­rəfli və ahəngdar inkişafına rəhbərlik prosesini, həyata hazır­la­yan­la həyata hazırlanan arasındakı qarşılıqlı əlaqəni nəzərdə tuturuq. Nəzərə almalıyıq ki, bu proses öz-özlüyündə deyil, yalnız tədqiqata cəlb olunduqda, onun üzərində elmi araşdırmalar aparıldıqda obyekt yerində çıxış edir. Pedaqogikanın predmeti isə pedaqoji gerçəkliyin pedaqoji modelindən ibarətdir.

Pedaqogikada “təcrübənin verilməsi”, “pedaqoji gerçəklik”, “pedaqoji proses” kimi anlayışlar tez-tez işlədilir və bəzən bunları ey­niləşdirmə halları da müşahidə olunur. Əslində isə bunları eyni mənada işlətmək doğru deyildir. Harada ki, təcrübənin verilməsi vardır, orada pedaqoji gerçəklik mövcuddur; pedaqoji proses isə pedaqoji gerçəklikdən dar anlayışdır. Yəni, o, ümu­miy­yətlə təcrü­bənin verilməsi deyil, yalnız müəyyən tip müəssisələrdə, yəni təlim-tərbiyə müəssisələrində özünü göstərən pedaqoji ger­çəkliyi əhatə edir. Təcrübənin verilməsində məqsəd yeni nəsilləri həyata hazırla­maqdan ibarətdir. Bu mənada pedaqogikanı insanın həyata hazır­lanması haqqında elm adlandırmaq olar.

“Təcrübə” anlayışına aşağıdakılar daxildir: biliklər sistemi; mü­nasibətlər sistemi; bacarıq və vərdişlər sistemi; yaradıcılıq təc­rübəsi. Biliklərin yeni nəsillərə verilməsi sayəsində təbiət, cəmiy­yət və təfəkkürün ümumi sirləri öyrədilir; münasibətlərin öyrə­dil­mə­si geniş mənada davranış qaydaları sistemini, davranış normalarını mənimsəməyə gətirib çıxarır; bacarıq və vərdişlər yeni nəsilləri maddi və mənəvi mədəniyyətin mühafizəsinə, bərpasına yönəldir; yaradıcılıq təcrübəsi isə mədəniyyəti daha da inkişaf etdirməyə, zənginləşdirməyə şərait yaradır.



Pedaqoji prosesdə əlaqənin ikitərəfli olması mühüm şərt­dir ki, bunu belə formulə edə bilərik: təcrübəni verən, istiqa­mət­ləndirən əlaqə yaradan vasitələr sistemi təcrübəni qəbul edən, araşdıran, tədqiq edən.

Nəhayət, söylənilənlərə yekun vuraq: pedaqoji tədqiqatın yö­nəl­diyi sistem təlim, tərbiyə, təhsil və inkişafı vahidin tərəfləri kimi özündə birləşdirir. Pedaqogika bu təbiətə malik prosesin­ ­– sistemin variantlarını öyrənir, onun mahiyyətinə adekvat nəzəriy­yə­lərin və texno­logiyaların işlənilməsinə yönəlir.



1.4. Pedaqogikanın anlayışlar sistemi
Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra elmlərin qarşılıqlı təsiri və üzvi əlaqəsi nəticəsində təşəkkül tapmış, inkişaf edərək zənginləşmişdir. Pedaqogika varlığı anlayışlar for­masında mə­nim­­səyən elmlərdən biri olduğu üçün özünün anlayış sisteminin təkmilləşməsinə həmişə ehtiyac duymuşdur. Bu sistemə çoxsaylı anlayışlar, terminlər daxildir. Pedaqogika onların köməyi ilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir və izah edir, elmi ümumiləşdirmələr aparır.

Son dövrlərdə pedaqogikanın əsas anlayışları xeyli artmışdır. Şərti olaraq təlim, tər­biyə, təhsil, inkişaf, pedaqoji proses peda­qo­gi­kanın əsas analayışları hesab oluna bilər.



Təlim anlayışı. Təlim ərəb sözüdür. ﻋﻠﻢ “aləmə” kökündən olan ﺘﻌﻠﻴﻢ “təlim, öyrətmə, elmi nəzəriyyə” mənalarında işlədilir. Təlim - öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan pedaqoji proses olaraq, öyrədən şəxsin öyrənənlərdə şüurun, intel­lektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət verir, əlverişli şərait və imkan yaradır.

Azərbaycan dilində ﺘﻌﻠﻴﻤﺎﺕ “təlimat, ﻠﻮﻤﺎﺖ (ər. ﻤﻌﻠﻮﻤﺔ “məlumə” sözünün cəm formasıdır) “məlumat, informasiya” mənalarında işlədilən sözlər də eyni (ﻋﻠﻢ “aləmə”) kökdəndir.

Təlim ikitərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər ara­sında qarşılıqlı, məqsədyönlü, planlı pedaqoji fəaliyyətdir. Öyrə­dən şəхs təlim zama­nı üç istiqamətdə fəaliyyət göstərir:


  1. Bilik, bacarıq və vərdişlərin mənimsənil­mə­si­­­ni təşkil еdir, bu məqsədlə məsləhət və istiqamətlər verir;

  2. Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхs­lərdə şüurun, psiхikanın, intellektual səviyyənin inkişafına diqqət yеtirir;

  3. Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşı­lan­ması qayğısına qalır.

Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişaf­etdirici vəzifələri kompleks həyata keçirir.

Diferensial təlim - Təhsilalanın şəxsiyyətinə yönəlmiş təli­mdir. Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan ve­rir.

Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:



  1. Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qa­­bi­liyyətlər xüsusi qabiliyyətlər və s. ).

  2. Təhsilalanların maraqlarına görə.

  3. Təhsilalanların ixtisasına görə.

Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-tər­­­biyə prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təh­silalanın tədris mate­rialını öz qabiliyyətinə və öz im­kan­larına uyğun şəkildə mə­nim­səmək imkanı əldə etsin

Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mə­nim­­sənilmiş olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiy­mət­ləndirilərkən, onun səyi və yaradıcılığı nəzərə alınır.

Orta ümum­təhsil məktəblərində təlim prosesi müəllimin rəhbərliyi altında şagirdlərin həyata hazırlanmasını sürətləndirmək məqsədilə onların təhsil, tərbiyə və inkişaflarını daha səmərəli təmin etməyə istiqamət­ləndirilən elə pedaqoji prosesdir ki, burada şagird­lərin imkanlarına uyğun inkişaf dərəcəsində əqli və əməli fəaliyyətə cəlb olunma aktları qanunauyğun şəkildə biri digərini əvəz edir. Təlim qarşıya qoyulmuş məqsədə müvafiq olaraq şagird­lərin bilik, bacarıq, vər­dişləri mənimsəməsinə, əqli qabiliyyətləri və potensial imkanlarının inkişafına, özünütəhsil bacarıqlarının möh­kəm­­lən­­diril­məsinə, on­lar­da dünyagörüşün formalaşdırılmasına xidmət edir. Tə­lim təhsilalma prosesi kimi anlaşıla bilər. Təlim prosesində şa­gird­lər elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər.

Tərbiyə anlayışı. Tərbiyə - davranışla əlaqədar olan mənəvi keyfiyyətlərin məqsədyönlü, planlı və mütəşəkkil şəkildə formalaşdı­rıl­ması prosesidir.

Yaşlı nəslin əldə etdiyi bilk, bacarıq və təcrübənin yetişən nəslə məqsədyönlü, planlı, mütəşəkkil şəkildə verilməsi, öyrədilmə­sidir. Demək, tərbiyə etmək həm də öyrətmək deməkdir. Tərbiyə prosesində həm təlim prosesi, təlim prosesində də tərbiyə prosesi mövcuddur.

Tərbiyə - təlim, məlumat verməklə hər hansı bir adət, ədəb və davranış qaydalarını aşılamaqla yetişdirib böyütmə, ərsəyə çatdırma deməkdir. İnsanın ümumi mədəni inkişafı, sistematik təsir və təlim nəticəsində biliyə, əxlaqi vərdişlərə yiyələnməsi həm də gözəl əxlaqa sahib olması deməkdir.

Tərbiyə ( ər. ﺗﺭﺑﻴﺔ ) rəbb kökündən əmələ gəlmiş və aşağı­dakı mənaları ifadə edir: 1) rəba ﺮﺑﺎ artmaq, çoxalmaq; 2) rabbə ﺭﺑﯽ bö­yüt­mək, ərsəyə çatdırmaq ; 3) rəbb ﺮﺏﱠ tərbiyə etmək, doğru yol göstərmək, islah etmək. Göstərilən hər üç məna “tərbiyə” sözünün etimologiyasına aiddir. Müqəddəs Qurani-Kərimdə ən çox xatır­lanan "Rəbb" sözü Allahın 99 adından biri olub “tərbiyə edən, ne­mət verən, insanları mənəvi yüksəlişə aparan” deməkdir. Mürəbbiyə (ər. ﻤﺭﺑﱢﻴﺔ ) sözü də “rəbb” kəlməsindən əmələ gəlib “tərbiyəçi” mənasını verir.

Dilimizdə tərbiyə anlayışı ədəb, əxlaq sözü ilə də yaxın mə­nalarda işlənir. Ədəb sözü ərəb dilində “nəzakətli, tərbiyəli, ədəbli olmaq” mənalarını verən ﺃﺪﺏ “ədəbə” kökündən əmələ gəlmişdir.

Əxlaq ﺃﺨﻻﻖ sözü isə ərəbcə ﺨﻟﻖ “xəlq” (mənası “yaratma, sə­ciy­yə, xarakter”) sözünün cəmi olub, insanın təbiətində olan xasiy­yətləri və davranışları, eləcə də həyatı boyu qazandığı keyfiyyətləri və xasiyyətləri yaratmaq, səciyyələndir­mək tərbiyə etmək deməkdir.

“Məxluq” sözü də “xəlq” sözündən əmələ gəlmişdir. Azər­bay­can xalqının mil­­li xüsusiyyətləri, özünəməxsus səciyyəsi, adət və ənə­nələri vardır. Məsələn, qonaqpərvərlik, böyüyə hörmət, qa­dına hörmət, ağsaqqal, ağbirçək sözünün eşidilməsi, xalqın səciyyəvi, xarakterik xüsusiyyəti ol­maq­la, həm də əxlaqi keyfiyyətdir. Xalq misalında de­yilir: “Qonağın ruzusunu Allah yetirir”. M. Kaşqarlı hələ XI əsrdə deyirdi: “Paltarın yaxşısını özünə götür, yemə­yin yaxşısını qonağa ötür. ”

Pedaqogika öyrədir ki, insan yaşadığı cəmiyyətin üzvləri ilə rəftarında əxalqi normalara, etik prinsiplərə əməl etməlidir.

Demək, tərbiyə məqsədyönlü, planlı təsir nəricəsində şəxsiy­yətin formalaşması prosesidir. Hazırda bəzi tədris ədəbiyyatında tər­biyə hələ də həm geniş və dar sosial mənada, həm də geniş və dar pedaqoji mənada işlədilir. Bəzi tədqiqatçılar haqlı olaraq belə çox­mə­nalılığın əleyhinə çıxır, elmi anlayışların, bir məna kəsb etməsi fikrini müdafiə edirlər. Tərbiyə anlayışının ən azı dörd mənada işlədilməsi uzun illər tərbiyənin pedaqogika elminin predmeti hesab edilməsi ilə bağlı olmuşdur.

Tərbiyə şəxsiyyətə mütəşəkkil, məqsədyönlü, planlı təsirlərin bütün növlərini, o cümlədən təlimin tərbiyələndirici cəhətini özündə ehtiva edir.

Yenidəntərbiyə. Yenidəntərbiyə tərbiyəyə nisbətən çətin və mürəkkəb pedaqoji prosesdir. Bu pis tərbiyənin nəticəsidir. Çünki yenidəntərbiyə zamanı tərbiyəçi iki əsas istiqamətdə iş aparmalı olur. O, bir tərəfdən uşağın şüurunda həkk olunmuş arzuo­lunmaz, zə­rərli əxlaqi və ya digər mənəvi keyfiyyətin yanlışlığını isbat et­mə­li, onu inandırmalı və aradan qaldırmalıdır. Digər tərəfdən də tər­bi­yə­çi cə­miyyət üçün faydalı olan yeni keyfiyyətləri uşağa aşıla­ma­lı­dır. Yanlış və ya zərərli mənəvi keyfiyyətlər uşağın şüurundan dav­ra­nışına süzüldükdə tərbiyəçinin işi daha da çətinləşir. O, nəinki uşağın mə­nəvi aləminə, həm də əməlinə, davranış tərzinə təsir gös­tər­məli olur. Odur ki, uşağın tərbiyəsini lap balacalıqdan düzgün qur­maq zəruridir. Ona görə deyirlər: “Ağac yaş ikən, uşaq beşikdə ikən”.

Uşağın şüurunda və ya davranışında kök salmış zərərli əlamətlərin ləğvi, onların əvəzində ictimai əhəmiyyət kəsb edən keyfiyyətlərin uşaqlara aşılanması yenidəntərbiyədir.

Özünütərbiyə. Tərbiyə də, yenidəntərbiyə də özünütərbiyə ilə nəticələnməlidir. Özünütərbiyə yaxşı tərbiyənin nəticəsidr. Tərbiyə və yenidəntərbiyə zamanı uşağa özünütərbiyə bacarığı verilməlidir. Bəzi uşaqlar və yeniyetmələr valideynlərin, müəllimlərin və digər tərbiyəçilərin bilavasitə nəza­rəti olmayan şəraitdə düzgün düşünə və düzgün hərəkət edə bilmirlər. Belə uşaqları öz tərbiyəçilərinin tələb­lə­rinə uyğun şəkildə fikirləşməyə və davranmağa alışdırmaq lazım­dır. Tərbiyəçilərin bilavasitə nəzarəti olmadan, lakin onların məs­lə­hət­lərinə uyğun şəkildə uşaqlar nə qədər tez fəaliyyət gös­tərsələr, bir o qədər ailə üçün, cəmiyyət üçün yaxşıdır. Bu tər­bi­yə işinin müvəf­fəqiyyətli getdiyini göstərən əsas meyarlardan biridir.

Valideynlərin, müəllimlərin, digər tərbiyəçilərin nəzarəti ol­ma­dığı şəraitdə onların verdiyi istiqamətə uyğun düşünməyə və davranmağa uşaqların alışması prosesi özünütərbiyədir.

Təhsil anlayışı. Pedaqogika elminin başlıca analyışlarından olan ﺘﺤﺼﻴﻞ “təhsil” sözü ərəb dilində “hasil”, “məhsul” mənalarını ve­rən ﺤﺼﻞ “həsələ” kökündən əmələ gəlmişdir. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunda yazılmış­dır: “Təhsil – sis­tem­ləşdirilmiş bilik, bacarıq, təcrübə və vərdişlərin mənimsə­nil­mə­si prosesi və onun nəticəsidir”. Hər bir dövlətin və millətin inki­şafında onun təhsilinin müstəsna rolu var. Təsadüfi deyil ki, Ulu Öndərimiz Heydər Əliyev təhsili “Millətin gələcəyi, müstəqil döv­lətin təməli” adlandırmış və demişdir ki, cəmiyyət təhsilsiz yaşaya bilməz.

Təhsilin məqsədi: hərtərəfli inkişaf etmiş şəxsiy­yə­tin forma­laş­dırılması; özünün maraqlarına və cəmiy­yətin tələbinə uyğun olaraq yaradıcı poten­sia­lından istifadə et­mək bacarığının inkişaf et­di­rilməsi; mütərəqqi adət və ənənələrin davam etdirilməsi; elmin, texnikanın, mədə­niy­­yətin inkişaf etdirilməsi, tarixi varisliyin təmin edil­mə­si; dünyanın elmi surətdə anlaşılması; millətlə­r a­ra­sı mə­də­niy­yətlərin inkişaf etdirilməsi; təhsilin bütün is­ti­qa­mət­­lərinin yeni­ləş­dirilməsi; insanın bütün həyatı boyu fa­siləsiz təhsili; təhsilin müyəssərliyi; distant təlimin in­ki­şaf etdirilməsi; informasiya texno­lo­gi­yalarından geniş su­rət­də istifadə olunması; təhsilalanların aka­de­mik mobil­liyi; vətəndaş tərbiyəsi; pedaqoji kadrların elmi təd­qi­qat­çılıqda fəal iştirakı; yüksək ixtisaslı mütəxəssis kadrla­rı­nın hazırlığının təmin edilməsi; peşə mobilliyi və s.

Təhsil müəyyən tədris müəssisələrində və ya müs­tə­qil yolla həyata kеçirilir.

Təhsil gеniş anlayışdır. Оnun bütün növləri və fоr­ma­­ları bu anlayışda cəmləşir. Məktəbəqədər təhsil, ibti­dai təhsil, natamam оr­ta təhsil, ümumi orta təhsil, оrta iх­ti­sas təhsili, ali təhsil, tехniki pе­şə təhsili, pedaqoji təh­sil, tib­bi təhsil, hərbi təhsil, bakalavr təhsili, magistr təhsili, doktorantura təhsili, fasiləsiz təhsil, əlavə təhsil, dini təhsil, özünütəhsil və s. təhsil an­­layışına aiddir.

Təhsil intellektual potensialın reallaşdırılmasına, mütəxəssis­lərin, peşəkar kadrların yetişdirilməsinə xidmət edir. Bu kadrlar ilk növbədə çağdaş sosial-iqtisadi həyatın tələblərini ödəmək üçündür. Bu barədə Heydər Əliyev belə demişdir: “Həyat böyük bir proses­dir. Bu prosesdə uğurla inkişaf etmək üçün insan müasir tələblərə uyğun olan təhsilə malik olmalıdır.”

Həm elmin inkişafında iştirak edən, həm müasir texno­lo­gi­yalara yiyələnə bilən, istehsalı günbəgün modernləşdirə bilən kadr­ların yetişdirilməsi isə təhsilin inkişafından asılıdır. Ona görə də, təhsil bir tərəfdən dövlətin, digər tərəfdən ictimai-iqtisadi prosesin diqqət mərkəzində olmalıdır.

Fikrimizcə, təhsil anlayışının aşağıdakı kimi interpretasiya olun­ma­sı daha məqbuldur:

Təhsil cəmiyyətin və dövlətin mənafeyi naminə şəxsiyyətin intellektual və emosional sferalarını inkişaf etdirmək, onun həyata hazırlanması məqsədi ilə sistemləşdirilmiş bilik, bacarıq və vər­dişlə­rin mənimsənilməsi prosesi və onun nəticəsidir.

İnkişaf - insanın orqanizmində kəmiyyət və keyfiyyət dəyi­şiklikləri prosesi və onun nəticəsidir. Şəxsiyyətin inkişafı ob­yektiv aləmin mürəkkəb prosesidir. Müasir elm bu prosesi dərin­dən öyrən­mək üçün şəxsiyyətin inkişafının fiziki, psixi, mənəvi, sosial və digər komponentlərini (tərəflərini) göstərmişdir. Ona görə də elmdə insanın bioloji, psixoloji və sosial inkişafı an­layışları işlədilir. Pedaqogika şəxsiyyətin inkişafının həmin kom­po­nentləri ilə qarşı­lıq­lı əlaqədə onun mənəvi inkişaf problemlərini də öyrənir.

Pеdaqоgika elmində şəхsiyyətin inkişafı dedikdə оnun daha çox psixi, mənəvi inkişafı başa düşülür. Yəni, ira­di keyfiyyətlər, yaddaş, hafizə, təsəvvür, təxəyyül, tə­fək­kür, diqqət, məsuliyyət və s. psiхоlоji keyfiyyətlər tə­lim və tərbiyə prosesində inkişaf edir. Şəхsin malik оl­du­ğu psiхоlоji хüsusiyyətlər pеdaqоji prоsеsdə istər-is­tə­məz, оbyеktiv şəkildə müəyyən dərəcədə inkişaf еdir.

Pеdaqоji prоsеsin bu imkanını bilən və оnu öz işin­də nəzərə alan müəllimlər və digər tərbiyəçilər həmin in­ki­şafın səviyyəsini хеyli yüksəldə bilirlər. Bu mənada inkişaf pеdaqоji prоsеsin həm zəmini оlur, həm də nəti­cə­sinə çеvrilir.

Pedaqoji proses. Pedaqoji proses deyərkən təlim, tərbiyə və təhsilin, habelə bunlarla əlaqədar olan inkişafın vəhdəti nəzərdə tutulur. Pedaqoji proses cəmiyyətin yaranması və inkişafı ilə bir­lik­də yaranmış və inkişaf etmişdir. Cəmiyyətin ehtiyaclarına uyğun ola­raq pedaqoji prosesin məzmunu, təşkili formaları, metod və prinsipləri dəyişmiş və təkmilləşdirilmişdir. İctimai-iqtisadi forma­siyanın, yəni istehsal üsulunun və istehsal münasibətlərinin dəyiş­məsi ilə pedaqoji prosesin təşkili formalarının, metodlarının dəyiş­məsi və inkişaf etməsi onun tarixi səciyyə daşıdığını göstərir. Peda­qoji proses bəşər cəmiyyətinin bütün mərhələlərinin zəruri funk­si­yalarından biri olmuşdur.

Pedaqoji anlayışların mənşəyini onların özündə yox, həyatın tələ­batlarında, məktəb praktikasında axtarmaq lazımdır. Anla­yış­la­rın təşəkkülü və inkişafı mexanizmi insanların praktik fəaliyyəti ilə bağ­lı­dır. Anlayışların dialektikası onların ifadə etdikləri hadisənin, pro­se­sin inkişafından asılıdır. Elmin terminin dəqiqliyi, bir­mə­na­lı­lığı onun əsas keyfiyyətlərindəndir. Bu reallıq pedaqogika elminə də aiddir.



1.5. Pedaqoji cərəyanlar
Ayrı-ayrı ölkələrdə ictimai, iqtisadi və siyasi quruluşun müx­tə­lifliyi ilə əlaqədar müxtəlif pedaqoji cərəyanlar yaranmışdır. Azər­bay­can pedaqoqları təhsil sistemlərini və pedaqoji fikirləri öyrən­məyə və oradakı mütərəqqi cəhətlərdən istifadə etməyə çalışırlar. Bu, təqdirəlayiq bir ənənədir. Daha geniş yayılmış bəzi pedaqoji cərəyanlara diqqət yetirək.

Praqmatizm pedaqogikası. Praqmatizm, yunan mənşəli “prag­matos” sözünə uyğundur, iş və ya əməl deməkdir. Praq­matizm fəlsəfi cərəyan kimi cəmiyyətdə bütün fəaliyyətin əsasını subyektiv mənada anlaşılan əməldə, təcrübədə görür. Belə bir metodoloji müddəaya əsaslanan Con Duyi, Vilyam Kilpatrik (ABŞ) və bir çox başqaları praqmatizm pedaqogikasının əsasını qoymuşlar. Həyatda məktəblilərin iştirakını təmin etmək, uşaqların marağına diqqət yetirmək və fərdi xüsusiyyətlərini nəzərə almaq, məktəbin ictimai həyatla əlaqəsini təmin etmək, tərbiyələndirici təlimə üstün­lük vermək, təlimdə şagirdlərin fəallığına nail olmaq praqmatizm peda­qogikasının başlıca xüsusiyyətləridir. Vurğulayaq ki, praq­matizm pedaqogikası təcrübəni geniş ictimai, istehsalat təcrübəsi kimi deyil, ətraf mühitlə şəxsin təması mənasında başa düşür. Məsələn, praq­matizm pedaqogikası təlimin məzmununu və ya əxlaq tər­biyəsinin məzmununu uşaq təcrübəsinə, uşaq müşahidəsinə əsasən müəy­yənləşdirir .

C.Duyinin fikrincə, anlayışlar, ideyalar, nəzəriyyələr yalnız gündəlik praktik fəaliyyət üçün yaradıldıqda faydalı hesab oluna bilər (onun dayandığı fəlsəfi təlimə – praqmatizmə görə, həqiqət – obyektiv aləmin insan şüurunda inikasından ibarət deyildir, həqiqət odur ki, bu və ya digər konkret situasiyada insanın qolundan tutur, ona fayda verir); bütün bunlar praktika üçün “alət” rolunu oyna­malıdır. Praqmatizmin məşhur nümayəndələrindən olan Vilyam Kilpatrik (“layihələr metodu”nun nəzəriyyəçilərindən biridir) qeyd edir ki, həqiqət ob­yek­tiv ola bilməz, çünki dəyişkəndir. O, tədqi­qatda yalnız eks­pe­ri­men­ti qəbul edir.

Praqmatizm pedaqogikası cəmiyyəti yeniləşdirmək üçün tərbi­yəni əsas sayır. Bu pedaqogikanın ideoloqları hesab edirlər ki, tər­biyə cəmiyyəti istənilən şəkildə düzəldə bilər, məktəb cəmiy­yət­dən asılı deyil, əksinə cəmiyyət məktəbdən asılıdır. Onlar tərbiyədə son məqsədi, perspektivləri qəbul etmir. Onların fikrincə, məqsəd odur ki, konkret situasiyada uşağın gözlənilmədən meydana çıxan maraq və tələbi ödənilsin, uşaq özünü mövcud ictimai quruluşun tələb­lərinə uyğunlaşdıra bilsin. Praqmatik pedaqoqlar sü­but etməyə çalışırlar ki, elmlərin əsaslarının sistematik öy­rə­nil­mə­sinə ehtiyac yox­dur, müəl­li­min borcu odur ki, konkret fəaliyyət za­ma­nı lazım gələn bilikləri öyrətsin (“kompleks proq­ram­­lar” bu ide­ya­­dan doğmuşdur).

Praqmatizm pedaqogikası özünün nedosentrizm prinsipini irəli sürmüşdür. Bunun mahiyyəti belədir: təlim-tərbiyə prosesinin əsa­­sında məktəblinin maraq və tələbatları durmalıdır. Bu ya­naş­ma­da uşağa o qədər hüquq verilir ki, o öz vəzifələrini tamam unutmaq ha­lı­na gəlir, müəllimin rolu demək olar ki, heçə endirilir .

ABŞ-da neopraqmatistlər (T.Brameld, H.Raqq, E.Kelli və b.) C.Duyinin cəmiyyəti tərbiyə vasitəsilə ilə dəyişmək ideyalarını daha da dərinləşdirməklə yeni pedaqoji istiqamət yaratmağa nail ola bilmişlər.

Ekzistensializm pedaqogikası. Ekzistensializm əslində fəlsəfi cərəyandır, latın sözündən (eksistentia) əmələ gəlmişdir. Möv­cud­luq deməkdir. Ekzistensializm fəlsəfəsinə görə ölüm adamda qayğı, qor­xu, qətilik, vicdan kimi həyat təzahürləri əmələ gətirir. Bu fəl­sə­fə hər kəsin özünə gün ağlamasını, heç kimdən imdad göz­lə­mə­məsini tələb edir. Ekzistensializm Fransada, Almaniyada, ABŞ-da daha geniş yayılmışdır. Təlim və tərbiyə işini mövcudluq fəlsəfəsi əsa­­sında qurmağa çalışan pedaqoqlardan A.Fallinko (ABŞ), J.P.Sartr (Fransa), E.Qrizebax (Almaniya) və başqalarını gös­tər­mək olar. Onlar isbat etməyə çalışmışlar ki, adamın xarakterini for­malaşdıran təlim, tərbiyə deyil, şəxsin özüdür. Nə müəllim, nə də valideyn uşağın daxili aləminə nüfuz edə bilməz.

Müəllim və ya tərbiyəçinin əsas vəzifəsi uşağa əqli və əxlaqi cəhətdən hələ kamil olmadığını hiss etdirməkdən və özünütər­bi­yədən ibarət olmalıdır. Ekzistensializm pedaqogikasına görə, mə­sə­lən, tarix dərslərində sosial-iqtisadi münasibətləri, siyasi quruluşları öyrən­mək­lə yanaşı, insan aqibətinə diqqət yetirmək, hissləri oyatmaq lazımdır. Ekzistensializm pedaqogikası özünü­tər­bi­yəni ailə və məktəb tərbi­yəsinə, sosial mühitin təsirinə qarşı qoyur, tərbiyədə məqsəd­yön­lü­lüyü və planlılığı əhəmiyyətsiz iş sayır. Bu peda­qo­gi­ka­nın son məqsədi uşaqlarda işgüzarlıq xüsusiy­yəti forma­laş­dırmaqdır. Praq­ma­tizmə möhkəm tellərlə bağlı olan cərəyan­lar­dan biri neopoziti­vizm­dir. Bu cərəyanın pedaqoji aləm­dəki nüma­yən­də­ləri (V.Brets­nika (Almaniya), R.Pitres və P.Xeret (İngiltərə), L.Leqran (Fransa)) sistematik biliklərin verilməsinə qarşı çıxır, şa­girdlərin “təd­qi­qat­çılıq” bacarığını inkişaf etdirməyi ön plana çə­kir­lər. Əxlaq tərbiyəsi məsələlərində neopozivistlər belə bir fikir irəli sürürlər ki, guya etik problemlərin ictimai həyatla heç bir əlaqəsi yoxdur.



Neotomizm pedaqogikası. Neotomizm də fəlsəfi cərəyandır. Neotomizm yunan sözündən (neo və tomizm) əmələ gəlmişdir. Neo – yeni deməkdir. Tomizm orta əsr sxolastı Foma Akvinskinin dini nəzəriyyəsidir. Neotomistlər Foma Akvinskinin ilahiyyat nəzəriy­yəsini inkişaf etdirməyə çalışmışlar. Jak Mariten (Fransa), U.Kan­nin­ham, U.Mahogen (ABŞ), M.Kazotti, M.Stefanini (İtaliya) neo­to­miz­min aparıcı ideoloqları olmuşlar.

Neotomistlər insanın və onun ictimai həyat tərzi formalarının ilahi qüvvə tərəfindən yarandığını iddia edirlər: insan onu yaradanı daim yadda saxlamalı, ondan həya etməli, ona itaət göstərməlidir. Neotomistlərin fikrincə, dini görüş real bilikdən üstündür. Onlar döv­lət məktəblərində də dinin tədris olunmasını, bütün fənlərin tədrisinə dinin sirayət etməsini istəyirlər. Onların fikrincə, xarici aləmi dərk etmək üçün elm kifayət deyil, bundan ötrü ilahiyyat, ila­hi qüvvəyə qovuşmağı bacarmaq lazımdır: sonuncunu isə uşağa kil­sə, ruhanilər verir; elm şüura, din isə şüuraltı hissiyyata istinad edir. Neotomistlərə görə, İsus Xristosa oxşamaq tərbiyənin məqsədi ol­ma­lıdır. Bundan ötrü hər kəs dini cəhətdən təkmilləşməli, dini adət­lə­rə əməl etməlidir. Neotomistlər məktəbin tədris planına huma­nitar fən­lərlə yanaşı təbiət fənlərinin daxil edilməsini də məsləhət görürlər.



Bixeviorizm ingilis sözü olub “davranış” deməkdir. XX əsrin əvvəllərində Amerikada meydana gəlmiş cərəyandır. Cərəyanın müəlliflərindən biri olan Edvard Torndayka görə, psixologiya şüuru de­yil, davranışı özü üçün tədqiqat predmeti seçilməlidir. E.Torn­day­ka görə, həm heyvanlarda, həm də insanlarda psixi proseslər assimilyasiyanın qanunları zəminində baş verir. Hər iki halda xarici proseslər situasiya və cavab reaksiyası ilə bağlı olaraq təzahür edir. E.Torndayk ideyalarını pedaqoji proseslərə tətbiq edərək “stimul – reaksiya” nəzəriyyəsini irəli sürür. Bu nəzəriyyəyə görə, müəllim təlim prosesində elə situasiya yaratmalıdır ki, şagird məqsədəuyğun cavab reaksiyası ilə çıxış edə bilsin. Yeni təlim texnologiyaları əsasında keçirilən dərslərdə motiv məhz buna xidmət edir. Motiv şagirdi cavab reaksiyası üçün hazırlayır, onu problem ətrafında fikirləşməyə, tədqiqat aparmağa sövq edir.

Pedaqoji futurologiya. Futurologiya latın sözü “futurum” (gələcək) və yunan sözü “logiya” (nəzəriyyə) birləşməsi olub gələ­cək haq­qında nəzəriyyə mənasını verir. Pedaqoji futurologiya təh­si­lin gələ­cək inkişaf yollarını, məktəbin necə olacağını müəy­yən­ləş­dirməyə çalışır. Pedaqoji futurologiyanın ABŞ-da ən görkəmli nü­ma­yən­dələri Q.Broudi, A.Dyajt, D.Qolberq, U.Ziqler və baş­qa­la­rı­dır. On­ların pedaqoji fikirlərində müxtəlif fərqlər olsa da, ümumi cəhətlər də vardır. Onlar isbat etməyə çalışırlar ki, gələcəkdə “cəmiyyət mək­təbsiz” olacaq, məktəblər “tədris mərkəzləri” nə, “evdə mək­təb­lə­rə” çevriləcək, müxtəlif texniki vasitələrdən, xüsu­sən elektron vasi­­tələrindən geniş istifadə olunacaq, fərdi təlim üstün­lük təşkil edəcəkdir; məktəbin funksiyaları qismən kitab­xa­naların, mu­zey­lərin, parkların, digər mədəni-maarif və istehsalat müəssisələrinin üzərinə düşəcəkdir.

Futuroloqların fikrincə, məktəbdə verilən biliklər tez köhnəlir, mədəni-maarif və istehsalat müəssisələrində məlumatlar isə gənclik üçün daha maraqlı olur. Futuroloqların təsəvvüründə gələcəyin təh­sili fərdi təlim əsasında qurulmalıdır.

Konstruktivizm XX əsrin ikinci yarısında amerikalı peda­qoq­lar Kappan, Əbdəl-Həqq, Skarf-Siter, Makkenin və başqaları tə­rə­findən irəli sürülmüşdür. Konstruktivizm mahiyyətcə, əsas prinsipi yeni biliklərin, ideyaların əvvəlcədən bildiyimiz ideyaların sintezi yolu ilə əldə edilməsi haqqında nəzəriyyədir. Bu, o deməkdir ki, bilik passiv olaraq alınmır. Bu, insanların necə öyrənməsi haqqında tədqiqata əsaslanan təlimə bir yanaşmadır. Bir çox tədqiqatçılar deyirlər ki, hər bir fərd biliyi başqalarından almaqdan daha çox onu özü “qurur, yaradır”. Konstruktiv öyrənməyə necə nail olmaq haq­qın­da bir sıra fikirlər vardır, lakin əksər təhsil işçiləri inanırlar ki, şagirdlər mücərrəd anlayışları araşdırmalar, mühakimələr və müza­ki­rələr vasitəsilə daha yaxşı dərk edirlər. Yəni, öyrənənlərin beyni müəl­limin üzərində yazdığı daş, yazı taxtası deyildir.

Bəzi pedaqoji ədəbiyyatda konstruktivizmə biliyin təbiətin və insanların necə öyrəndiklərinin izahını verən epistomologiya kimi yanaşılır.

Pedaqoji ədəbiyyatda konstruktivizmin növlərinə aşağıdakı yer verilir: 1) Pyajenin psixoloji konstruktivizmi; 2) L.Vıqotskinin sosial konstruktivizmi.

Pyajenin psixoloji konstruktivizminin mahiyyətində təlimin məqsədinə uyğun şagirdin maraq və ehtiyaclarının dəstəklənməsi durur. Bu yolla tədqiqat obyektinə çevrilən şagirdin fərdi idraki inki­şa­fı təmin olunur. L.Vıqotskinin sosial konstruktivizmi sosial trans­for­­masiya üçün təhsilə əsaslanır, sosial-mədəni kontekstdə fərdin yer­ləş­diyi (əhatə olunduğu) mühitin onun inkişafındakı rolunu əks etdirir. Etibarlı inkişaf zonası kimi xarakterizə olunan mühit şagird­lərin formalaşmasının bazisi kimi göstərilir. Fərdi inkişaf mədəni qay­da­la­rın qrup tərəfindən paylaşdırıldığı və nəticədə fərd tərəfindən özü­nün­küləşdirilən sosial qarşılıqlı əlaqələr nəticəsində yaranır. Şagird­lər bilikləri mühitlə qarşılıqlı əlaqədə əldə edirlər. Bu zaman həm fərd, həm də mühit dəyişir. Tədqiqatın obyekti fərdlə sosial və mədəni mühit arasındakı dialektik münasibətlərdir.

1950-ci illərdən başlayaraq qərb ölkələrində, o cümlədən İta­li­ya, Fransa, ABŞ və bir sıra digər ölkələrdə müxtəlif pedaqoqlar bir­lə­şərək pedaqoji dərgilər, toplular, jurnallar çap etdirməyə baş­lamışlar. Onlar təlim, tərbiyə və təhsil sahəsində apardıqları tədqiqat işlərinin nəticələrini həmin informasiya vasitələri ilə təşviq edir­dilər. ABŞ-da U.Adler, U.Foster, P.Krosser, İngiltərədə B.Saymon, M.Morris, Fran­sa­da R.Harodi, İ.Konyo planlı və məqsədyönlü təsir göstərməyin zə­ruriliyini əsaslandırır, demokratik məktəb sistemi uğrunda mübarizə aparır, icbari təhsilin müddətini uzatmağı tələb edirlər. Onların fikrinə görə, uşağın imkanlarını, qabiliyyətlərini tərbiyə şəraitindən ayırmaq və ayrılıqda nəzərdən keçirmək qeyri-elmi yoldur.

1   2   3   4   5   6   7   8   9   ...   47


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə