Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14. 12. 2011- ci il tarixli, 2062 №-li əmri ilə təsdiq edilmişdir



Yüklə 3,72 Mb.
səhifə43/47
tarix28.11.2016
ölçüsü3,72 Mb.
#313
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   47

İnteraktiv təlim bilik, bacarıq, təcrübə və vərdişlərə yiyələn­məyə, cə­miy­yə­tin vətəndaşları üçün zəruri sosial və intellektual tə­fək­kürün, müstəqil çalışma, müstəqil düşünmə ba­ca­rıq­la­rının in­ki­şa­fına kömək edən demokratik üsullarla aparılan təlim prosesidir.

İnteraktiv təlim prosesində dərsdə yaranan, meydana çıxan şagirdlərarası öyrənmə-öyrətmə ünsiyyəti və əməkdaşlığı, müəllim-şagird birliyi və əməkdaşlığı nəzərdə tutulursa, interaktiv metodlar isə təlim prosesində öyrənmə və anlaşmaya, bacarıq və keyfiy­yət­lərə şagirdlərin yiyələnməsini həyata keçirən üsullar, tərzlər, işlər, yanaşmalar, vasitələr nəzərdə tutulur.

Ən son tədqiqatların nəticəsi göstərir ki, interaktiv təlim me­todları effektiv nəticəni konstruktivizm nəzəriyyəsinə istinad edərək təlimə İKT-nin yaxından tətbiqi ilə verir və öz işləkliliyini daha da səmərəli edir. Psixoloqlar qeyd edirlər ki, informasiya in­sa­nın eşit­dik­lə­rinin 10%-i, gördüklərinin 50%-i, özü etdiklə­rinin isə 90%-i həc­mində yaddaşında qalır. İKT-nin bu sahədə böyük dəs­təyi öyrənənin şəxsi araşdırması zamanı güclü informasiya bankı ilə təmin olunmasındadır (internet, elektron kitablar, test və tapşırıq­lar və s.).

İnteraktiv təlim prosesində ilk baxışdan elə görünə bilər ki, müəllim sinifdə fəal rol oyna­mır. Əslində isə müəllim şagirdi ruh­lan­dıran, ona özünü tapmaqda kö­mək edən “yaradıcıya” çevrilir.

İnteraktiv metodlar müəllimin təkcə başqalarını öyrətməsinə de­yil, onun özünün də öyrənməsinə, daha yaradıcı və enerjili peda­qoq olmasına imkan verir.

İnteraktiv təlim metodları həmçinin sinif otağının həmişəki tərti­ba­tından, məşğələlərin təşkilinin adət etdiyimiz qaydasından imtina olun­masını tələb edir. Şagird masalarının sinif otağında yerləşdiril­mə­sinin dörd əsas forması vardır:



  1. “Sinif” forması – ənənəvi qayda .

  2. “Kafe” forması (“diskussiya klubu”).

  3. “Ü” hərfi formasında sinif.

  4. “Dairə” formasında sinif.

“Kafe” forması qruplarda iş üçün əlverişlidir.

“U” hərfi forması rollu oyunlar zamanı, tanışlıq vaxtı, dis­kus­siyaların gedişində daha səmərəlidir.

“Dairə” forması müxtəlif diskussiyaların, dairəvi masaların ke­­çirilməsi üçün daha rahatdır.

İstifadə olunan bütün üsullar aşağıda verilmiş kompo­nent­lər­dən ibarət olan təlim prosesinin qanunauyğunluqlarından irəli gəlir:



  1. təlimin məqsədi,

  2. təlimin məzmunu,

  3. şagirdlərin dərketmə imkanları,

ç) müəllimin öyrətmə fəaliyyəti və şagirdlərin öyrənmə işi, tə­li­min təşkilati forması və s.

d) təlimin nəticəsi.

Bütün bu komponentlər qarşılıqlı surətdə əlaqəlidir və təlim pro­sesində vəhdətdə çıxış edirlər. Onlar sabit və təkrarlanandır. Bu­ra­dan belə bir vacib tələb ortaya çıxır-hər hansı təlim üsulları, va­si­tələri və formalarının müəyyənləşdirilməsi və tətbiqi zamanı bu kom­po­nent­lərin qarşılıqlı əlaqəsini nəzərə almaq zəruridir. Müəllim bu əla­qə­lərin bütün dərs prosesi boyu mövcud olduğunu yaddan çı­xar­­­ma­ma­lıdır. Bunu nəzərə almadan istənilən nəticəni əldə etmək qey­­ri-mümkündür.

Kiçik qruplarda iş.

Kiçik qruplarda iş təlim əməkdaşlığı kimi mühüm bir prinsipə əsas­lanır.

Kiçik qruplarda iş üsulu üzrə keçirilən dərs ənənəvi qaydada apa­rılan dərsdən nə ilə fərqlənir?

Bu cür dərsdə şagirdlər fəal iştirak edir, birlikdə çalışırlar; qru­­pun üzvü kimi onlarda bir-birinin müddəa və rəylərini müzakirə et­məyə motiv yaranır. Qruplarda iş tolerantlığa (dözümlülüyə) və nə­­za­kətliliyə alışdırır.

Qruplarda işin şagirdlər üçün faydası aşağıdakılardır:


  • istedadlı şagirdlər bütün sinfin diqqətini cəlb etmədən öz qa­bi­liyyətlərini göstərə bilərlər (yeniyetmələr çox vaxt öz qa­biliy­yət­lə­ri­ni nümayiş etdirməyə çəkinirlər, yaşıdlarının onları “müəllimin gül­məşəkəri” adlandıracaqlarından ehtiyatlanırlar);

  • passiv şagirdlər öz bacarıqlarını açıqlamağa məcbur olurlar (qrup­da iş onlarda məsuliyyət hissi doğurur);

  • şagirdlər az vaxt ərzində müəyyən ideyalar söyləməyi, bu və ya başqa mücərrəd ideyaya öz şəxsi təcrübəsi baxımından yanaş­ma­ğı öyrənirlər.

Qruplara necə bölməli?

  • Hər birində 4-6 nəfərdən çox olmamaqla 4-6 qrup yaradıla bi­lər. Qrupların çoxluğu işin nəticələrinin təqdimatı üçün zəruri olan vax­tı uzadır, qrupda şagirdlərin sayının çoxluğu isə onlardan hər bi­ri­nin qrupun işində fəal idrakını məhdudlaşdırır.

  • Qrupun tərkibi çox vaxt müəllim tərəfindən müəyyən­ləş­di­ri­lir. Şagirdlərin bölgüsünü əvvəlcədən planlaşdırmaq lazımdır.

  • Qrupun tərkibi hər cəhətdən müxtəlif ola bilər. Dostları ayır­maq yaxşı olar. “Yaxşı” və “pis” qrupların yaranmasına yol vermək ol­maz.

  • Qrupun tərkibi tez-tez dəyişir. Şagirdlərin daim eyni tər­kib­də işləməsi arzuolunmazdır.

  • Qruplara bölgü üsulları maraqlı və cəlbedici olmalıdır.

Kiçik qruplarda iş üsulu üzrə dərsi necə planlaşdırmalı?

Dərsə hazırlaşarkən aşağıdakı sual-məsələlər üzərində fikir­ləş­mək lazımdır:



  • Məqsədlər nədən ibarətdir? Şagirdlər hansı biliklərə, bacarıq və dəyərlərə yiyələnməlidirlər?

  • Uşaqların bunu öyrənməsi nə üçün vacibdir?

Planlaşdırma:

  • Paylama materialının hazırlanması.

  • Sinif otağının əvvəlcədən lazımi vəziyyətə gətirilməsi.

  • Dəqiq tapşırığın (təlimatın) verilməsi.

  • Diqqətin, işləmək üçün ayrılmış vaxtın cəlb edilməsi.

  • Qrupun gördüyü işə dair hasabat formasının (təqdimatın) şərt­ləşdirilməsi.

Bir qayda olaraq, görülmüş iş qrupun iştirakçılarından biri tə­rə­­findən təqdim edilir (ya şagirdlərdən birinin istəyi, ya da qrupun se­çimi üzrə).

İşin davam etdiyi müddətdə müəllim hər bir qrupun necə ça­lış­masını müşahidə edir: bütün qruplara bərabər diqqət yetirir; əgər qrup özü xahiş edərsə, müzakirə prosesinə müdaxilə edir. İş başa çat­dıqdan sonra müəllim qrupların hər birinin əldə olunmuş nəti­cə­lə­ri təqdim etməsini xahiş edir. Təqdimetmələr bitdikdən sonra mü­əl­lim görülmüş işlərə yekun vurur.


Sinif otağının təşkili formaları
Sinif” “Kafe”

Şəkil 1. Şəkil 2.

U” forması “Dairə”





Şəkil 3. Şəkil 4.
Yeni təlim texnologiyaları ilə keçirilən dərslərin üstün cəhət­lə­rindən biri şagirdləri sosial cəhətdən inkişaf etdirməkdir. Belə dərs­lərdə təşkil edilən kooperativlər (qruplar) şagirdlərin sosial for­ma­laşmasında mühüm rol oynayırlar. Qrupu təşkil edən şagirdlər ara­­sında yaranan münasibət, ünsiyyət, qrupdaxili davranış qaydaları ilə tənzimlənir. Belə qaydalar şagirdlərin əxlaqi-mənəvi cəhətdən for­malaşmalarında gərəkli rol oynayır. Qrup davranış qaydaları aşa­ğı­dakı kimidir:

  • Qrupu təşkil edən üzvlərin vəzifələrini düzgün müəy­yən­ləş­dir­mək;

  • Qrup liderini seçmək;

  • Qrupun hər bir üzvünün fikirlərinə hörmətlə yanaşmaq və din­ləmək;

  • Hər kəsin öz şəxsi fikrini söyləməsi üçün imkan yaratmaq;

  • Problemin həlli üçün birgə yollar axtarmaq;

  • Qrup işində fəallıq göstərmək;

  • Artıq hərəkətlərə yol vermədən müəllimin verdiyi mövzu ət­ra­fında müzakirələrdə iştirak etmək;

  • Söylənilən fərdi fikrin elmiliyinə diqqət yetirmək;

  • Digər şagirdlərlə ünsiyyətdə yüksək mədəniyyət göstərmək.



15.5. İnteraktiv təlim metodu ilə keçilən dərslərin

mərhələləri və səciyyəvi xüsusisiyyətləri
İnteraktiv təlim metodu ilə keçilən dərs bir neçə bir-birilə üzvi şəkildə bağlı olan mərhələlərdən ibarətdir. Həmin mərhələləri aşağ­ı­dakı kimi qruplaşdırmaq olar:

Dərsin I mərhələsi - “Motivasiya, probleminin qoyulması” adlanır.

Hər bir dərsin əvvəlində tədqiqatı başlamaq üçün problem müəy­yənləşdirmək lazımdır. Yəni mövzu ətrafında problem qo­yul­malıdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar do­ğu­rur və bunları da yoxlamaq üçün ilk növbədə tədqiqat sualları for­ma­laşdırılmalıdır. Məhz tədqiqat sualı yeni biliklərin kəşfinə aparan bələdçi, “yolgöstərən ulduz” rolunu oynayır. İnteraktiv təlimin ilk me­xanizminə əsasən məhz problemin olması şagirdlərin idrak fəal­lı­ğının yaranmasının başlıca addımı olur.

Bəs nə üçün biz dərsin bu mərhələsini motivasiya adlandı­rı­rıq? Psixoloji amil kimi motivasiya hər hansı fəaliyyətin mexa­niz­mini işə salan sövqedici, təhrikedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir.

Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir: Uşaq öz fikrini "Zənnimcə…", "Mənə belə gəlir ki,…", "Mən belə hesab edirəm ki,…" sözlərindən istifadə etməklə ifadə edir.

Dərsin II mərhələsi – “Tədqiqatın aparılması” adlanır.

Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Buna – şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özün­də yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kö­mək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu suallara cavabların tapılması gedişində düşünmək və yeni bilgiləri kəşf etmək üçün münasib şərait yaranır.

Bunun üçün problem fərziyyələrlə həll edilməyə başlayır.


Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qrup­lar­da, cütlük şəklində və ya fərdi şəkildə aparıla bilər. Lakin, inte­rak­tiv təlim anlayışının özü ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi formalarla müqayisədə daha fəal iş formalarının mövcud­lu­ğu­nu özündə ehtiva edir. Təlimin interaktiv xarakteri kiçik qrup­lar­da və ya cütlük şəklində aparılan işlərdə daha qabarıq formada təzahür edir.

Dərsin III mərhələsi: “İnformasiya mübadiləsi” adlanır. Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştrakçılarını bir-birinin təqdima­tını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter da­şı­yır. Məhz bu mərhələdə yeni bir tələbat - həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün təd­qi­qat sualına cavab tapmaq zərurəti yaranır.

Dərsin IV mərhələsi –“ İnformasiyanın müzakirəsi və təşkili” adlanır.

Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdiş­lərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilmiş faktların məqsəd­yönlü müzakirəsinə və onların təşkilinə kömək edir. İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır.

Dərsin V mərhələsi –“ Nəticə, ümumiləşdirmə” adlnır.

Beləliklə, şagirdlərə yeni bilginin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird nəinki əldə olunan bilgiləri ümumiləş­dir­mə­li, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu nəticə həmin sua­la cavab verirmi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında düzgün olanı varmı?) müstəqil olaraq tutuşdurma­lıdır. Bu çox mü­hüm məqamdır. Dərsin kuliminasiyasını bilikləri məhz uşaqların öz­lə­ri axtarıb tapdıqları, kəşf etdikləri üçün onların duyduqları bən­zər­siz sevinc və məmnuniyyət hissi təşkil edir.

Dərsin VI mərhələsi – “Yaradıcı tətbiqetmə” adlanır.

Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktiki əhəmiyyətini uşağa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suallara cavab tapmaq üçün, qaza­nıl­mış bilikləri tətbiq etməyə çalışsınlar. Əgər yaradıcı tətbiqetmə dər­hal mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu so­na qədər (model üzrə tətbiqdən başlamış yeni şəraitdə tətbiqə qə­dər), keçmək tələb olunursa, deməli, bu yolu keçmək lazımdır. La­kin son nəticədə yaxşı olar ki, şagirdlərə, onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin, bu halda həmin bilgi həmişəlik onların şüurunda həkk olunar. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bi­lər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də müm­kündür.

Dərsin VII mərhələsi- “Qiymətləndirmə” və ya “Refleksiya” adlanır.

Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətini qiymətləndirmə və refleksiya proses­ləri məhz bu məqsədə xidmət etməlidir.

Refleksiya artıq başa çatmış prosesin şüurda inikasıdır. Təlim prosesinin refleksiyası biliklərin mənimsənilməsinin bütün mərhələlərini təhlil etməyə və dərindən başa düşməyə imkan verən başlıca mexanizmlərdən biridir. Refleksiyanı həyata keçirmək üçün şagirdlərə onları yeni bilginin kəşfinə gətirib çıxarmış təlim hərəkətlərinin alqoritmini (addımları) izləməyə kömək edə biləcək bir neçə sual vermək kifayətdir (məsələn: Biz kəşfə necə gəlib çıx­dıq? Biz nə edirdik? Qarşıya qoyulmuş problemin həllində Sizə nə kömək etdi? və s). Nəticədə şagird öz tədqiqat fəaliyyətinin əsas mər­hələlərini və komponentlərini, nailiyyət qazanmaq üçün amilləri dərk etmiş olur.

Yuxarıda göstərildiyi kimi, interaktiv təlimin mühüm xüsusiy­yət­­lərindən biri şagirdlərin müstəqil təlim (öyrənməyi öyrənmək), müstəqil özünüinkişaf, müstəqil düşünmə bacarıq və vərdişlərinə yiyələnməsinə imkan yaratmaqdır. Dərs başa çatdıqdan sonra gös­tə­ril­miş fəaliyyətlərdən birini - qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərinin nəzərdən keçiril­məsi və bunun nəticəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdiril­məsi məqsədəuyğun olardı. Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.

Şagirdlərin işi effektivlik dərəcəsinə görə həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər və bu müxtəlif metodlarla və müxtəlif formalarla həyata keçirilə bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiy­mət­ləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır.

Özünüqiymətləndirmə vərdişlərini formalaşdırmaq məqsədilə bütün sinfin və müəllimin qarşısında şagirdlərin özlərinə qiymət verməsi təcrübəsindən, habelə qarşılıqlı qiymətləndirmədən istifadə etmək olar. Bundan əlavə, qiymətləndirmə meyarlar üzrə aparıl­malıdır, yəni konkret meyarlara əsaslanmalıdır. Müəllim şagirdləri öncədən bu meyarlarla tanış edə və ya qiymət verməklə onu əsas­landıra bilər.

İnteraktiv dərsin mərhələlərinə müvafiq nəticələrin dəyərlən­diril­məsi:

İnteraktiv metodla aparılan dərsin quruluşunu ümumi, sistemli şəkildə qavramaq üçün və dərsi apararkən onun məqsədə uyğun olub-olmadığını müəyyən etmək üçün müəyyən pedaqoji meyarlar da lazımdır. «Hər mərhələdə əsas hadisələr hansılardır?» və «Hər mərhələnin nəticəsində nə alınmalıdır?» sualları məhz bu meyarlar kimi çıxış edə bilər.

Təlim prosesində fasilitasiya qaydalarına əməl olunmalıdır ki, o qaydaları ümumi şəkildə aşağıdakı kimi ümumiləşdirmək olar:



Fikri təhriketmə qaydaları:

  • Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəy­yənləşdirilməsinə cəlb etməli.

  • Dərsə məntiqi, tənqidi və yaradıcı təfəkkürü və elmi-təd­qi­qat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil etməli.

  • Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edil­mə­lidir.

  • İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalış­maq və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirmək olmaz.

  • Fasilitasiya zamanı konkret misallardan, müqayisə və qarşı­laş­dırma, analogiya üsullarından istifadə etmək, istiqamət verməyən “kar” sualları az sayda verməyə çalışmaq lazımdır.

  • Mənaca yaxın olan yönəldici suallardan istifadə etməli, lakin bilavasitə yönəldici suallardan istifadə edilməməlidir.

  • İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməməli, mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadəsi, ümumiləşdirmə, öz fikrini ifadə və yenidənifadəetmə baca­rı­ğı üzərində işlənməlidir. Öz fikirlərini daha dəqiq ifadə etməyə iştirakçıları təhrik etmək və onlara köməklik göstərmək lazımdır. Bunun üçün sərf edilən vaxta təəssüflənmək lazım deyil! Bu prosesi nümayiş etdirmək və iştirakçıların diqqətini buna cəlb etmək lazımdır.

  • İştirakçıların əvəzinə onların məhsulunu izah etməməli, digər iştirakçıların işinə öz fikir və münasibətlərini ifadə etməyə hər bir iştirakçıya imkan yaradılmalıdır.

  • İştirakçıların cavablarının formal dinlənilməsinə yol veril­mə­məli, iştirakçıların əsas fikirlərini ümumiləşdirib, digərlərini on­ların şüuruna çatdırmaq lazımdır.

  • Fasilitasiya zamanı iştirakçıların cavablarını dəqiqləşdirib şərh etməli (qiymətsiz, məzmununa görə), problemli hallarda onla­rın həllinə iştirakçılar cəlb edilməlidir.

Fasilitasiya zamanı psixoloji dəstəkləmənin qaydaları:

  • Müsbət dil ifadələrindən istifadə etmək, müzakirədə və qrup işində iştirak etmələrinə görə iştirakçılara minnətdarlıq bildirmək lazımdır (pozitiv münasibət və hörmət).

  • Danışanları diqqətlə dinləmək, hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaratmaq lazımdır. Qrupun yalnız yüksəkdən da­nı­şan iştirakçılarını deyil, bütün qrupun iştirakçılarını diqqətlə din­lə­məyə hazır olmağı nümayiş etdirmək lazımdır (fəal dinləmə vərdişi).

  • İştirakçılarla birlikdə işləyib hazırlanan qaydalara riayət etmək lazımdır. Unutmaq olmaz ki, treninq zamanı məşqçi davranış nümunəsi kimi çıxış edir.

  • İştirakçılara adları kimi müraciət etmək və onların gözlə­rinə baxmaq lazımdır (fərdi yönəlmə).

  • Konstruktivliyi dəstəkləyib qarşıdurmaya şərait yaradılma­lıdır.

  • İştirakçıların fikirləri ilə səmimi maraqlanmaq lazımdır.

  • Yalnız liderlərin və ən fəalların yox, bütün iştirakçıların nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşılmalıdır.

  • Hər hansı bir fikirlərin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verilməməlidir.

  • Lazımsız olaraq qrupun işi qiymətləndirilməməlidir. Fasi­li­la­torun qiyməti onun şəxsi fikrini əks etdirməli və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, iştirakçıların fikirləri ilə razı olmadıqda bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin fasililator işi mütləq qiymətləndir­məli olduqda, o bunu meyarlar əsasında etməlidir.

Təşkilati dəstəkləmənin qaydaları:

1. Müzakirəni təşkil etdikdə yeni biliyi əldə etmək üçün hər kəsin fikrinin vacib ola bilməsini bütün şagirdlərə çatdırmaq lazım­dır. Bunu həyata keçirmək üçün iştirakçıları aşağıdakı suallar vasi­tə­silə müzakirəyə cəlb etmək olar: “”Bu haqda siz nə fikirlə­şir­siniz?”, “Kim razıdır, kim razı deyil?, “Başqa cür bunu demək (və ya etmək) olardımı?” və s.

2. Dərsdə öz fəaliyyətlərini planlaşdırmağı və təşkil etmək bacarığını formalaşdırmaq lazımdır.

3. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmaq olmaz ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi üçün lazımdır (“körpülərin”quraşdırılması).

4. Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edilməli (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik etmək lazımdır.

5. Disskusiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısı alınmalıdır. Bunun üçün iştirakçını mədəni surətdə dayandırıb ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydası xatırlanmalıdır. Diskussiyanın lideri olmaq lazımdır.





    1. İnteraktiv təlim metodlarının

təsnifatı və məzmunu
İnteraktiv təlim üsulları o zaman müsbət nəticə verə bilər ki, şa­girdlər üçün müasir tələblərə cavab verən öyrədici mühit ya­ra­dıl­sın. Öyrədici mühit üç komponentdən ibarətdir: 1) sosial-psixoloji; 2) informasiya mühiti; 3) əşyavi mühit.

Sosial-psixoloji mühit: Sosial-psixoloji mühit nə deməkdir? – Bu şagirdin digər insanlarla və öz daxili aləmi ilə qarşılıqlı mü­na­si­bətidir. Əməkdaşlıq, açıqlıq, bir-birini başa düşmə və köməklik mü­hiti təlimin effektivliyini artırır, təlim prosesinə emosianallıq ve­rir, şagirdləri sözün əsil mənasında məktəbə doğru çevirir.

İnformasiya mühiti: İnformasiya mühiti məlumat mənbələri­nin bütün kompleksini öz tərkibinə daxil edir. Adətən məlumat mən­bələrinin çox dar dairəsindən istifadə edilir. Təəssüf ki, bir çox hal­larda müəllim və dərs vəsaiti yeganə məlumat mənbəyi kimi çı­xış edir. Bir çox məlumat mənbələrindən istifadə edilməməsi (bədii, en­siklopedik, elmi-populyar ədəbiyyat, müşahidə, televiziya, kino, mət­buat və s.) təlim prosesini kasıblaşdırır, onu bir çox boyalardan məh­rum edir, müəllim və şagird arasında sərbəstliyin itməsinə sə­bəb olur.

Əşyavi mühit: Əşyavi mühitin tərkibinə maddi-texniki re­surs­ların tam kompleksi daxildir. Bunlar aşağıdakılardır:

  • məktəb əşyavi mühiti: dərsliklər, didaktik vəsaitlər, texniki ava­danlıq, stendlər və s.;

  • təbii mühit: canlı və cansız təbiət;

  • yaşayış mühiti: ev, məişət, maddi mədəniyyət və s.

Məktəb əşyavi mühiti daha geniş istifadə olunur. Məktəb bi­na­sının divarlarında uşaqların öyrənmə motivasiyasını stimullaşdı­ran stendlər (əyani və məlumatverici), uşaq işlərinin sərgisi, qəzetlər və s. asılır. Təəssüflər olsun ki, təbiət mühitinin imkanlarından təlim pro­sesində çox az istifadə olunur. Açıq havada dərslər və eks­kur­si­ya­lar sisteminin işlənib hazırlanması, təbii mühitin öyrənilməsi ilə bağ­lı müxtəlif tapşırıq və məşğələlərin tədris proqramına daxil edil­mə­si vacibdir.

İnteraktiv təlim metodları ilə keçirilən dərslərdə şagirdlərin in­ki­şafını (və ya inkişaf səviyyələrini) B.Blumun tansonomiyası ilə mü­­əyyən etmək olar:



  1. Biliklərin mənimsənilməsi bacarığı: bura öyrəniləcək mate­ria­lın konkret faktlardan bütöv nəzəriyyələrə qədər yadda saxla­ması, ifa­də edə bilməsi daxildir.

  2. Dərketmə bacarığı: öyrəndiyi materialı şərh etməsi, hadi­sə­lə­rin gələcək inkişafı ilə bağlı məntiqli fikirlər söyləməsi.

  3. Tətbiqetmə bacarığı: öyrəndiyi materialın məzmununu kon­k­ret şərait və vəziyyətdə tətbiq edə bilməsi.

  4. Təhliletmə bacarığı: öyrəndiyi materialı tərkib hissələrinə ayır­maqla strukturunu müəyyən etməsi.

  5. Sintez etmə bacarığı: elementləri kombinə etməklə tamı al­ma­sı.

  6. Qiymətləndirmə bacarığı: öyrəndiyi materialın əhə­miy­yə­tini müəyyən edə bilməsi.

Yeni təlim texnologiyalarını ayrı-ayrı mövzulara, fənlərə tət­biq edərkən tədris ediləcək mövzunun məzmunu ilə tam tanış olmaq lazımdır. Yeni təlim texnologiyalarının məzmunu, təd­ris­də tətbiq edil­mə imkanlarını nəzərə aldıqdan sonra mövzunun han­sı inte­rak­tiv təlim metodundan istifadə edilərək tədris edilə­cə­yi­ni müəyyən­ləş­dirmək lazımdır. Təcrübə göstərir ki, mövzunun təd­risi zamanı bir və ya iki təlim texnologiyasından istifadə edildikdə sə­mərə yük­sək olur.

İnteraktiv təlim metod və texnikalarına diqqət yetirək. İnte­rak­tiv təlim metod və texnikaları mahiyyətinə görə bir neçə yerə qrup­laş­dırıla bilər. Bu qrupları aşağıdakı kimi təsnif etmək olar:

1. “Beyin həmləsi” metodları: hücum, BİBÖ, auksion, klaster, su­al­lar, anlayışların çıxarılışı, söz assosiasiyaları, insert.

2. Müzakirə metodları: müzakirə, diskussiya, debatlar, mü­za­ki­rə xəritələri, Sokrat üsulu, akvarium.

3. Rollu oyunlar metodları: rollu oyun, modelləşdirmə, səhnə­ləş­­dirmə.

4. Prezentasiya metodları: təqdimatlar, esse.

5. Tədqiqatın aparılması metodları: problemin həlli, kub­laş­dır­ma, konkret hadisənin araşdırılması, Venn diaqramı, lahiyələrin ha­zırlanması, sorğu vərəqləri və müsahibələr, qərarlar ağacı, ide­ya­lar xalısı, refleksiya.

6. Təşkilati metodlar: ziqzaq, karusel.



İnteraktiv təlim metodlarının təsnifatı və məzmunu
Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin